Mədəniyyətimizin görkəmli nümayəndəsi



Yüklə 110,57 Kb.
tarix25.06.2018
ölçüsü110,57 Kb.
#51748


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş

Kitabxana sisteminin Metodika şöbəsi



Musiqimizin sönməz günəşi.

Dünya şöhrətli dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi.




GƏNCƏ 2010


Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, vətənpərvərliyi, ictimaisiyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.

Ümummilli lider Heydər Əliyev.
Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir.

İlham Əliyev.

Azərbaycan Respublikasının prezidenti.

Üzeyir Hacıbəylinin125 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ilin sentyabr ayındadahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anasdan olmasının 125 illiyi tamam olur.

Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə



qərara alıram:

  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 fevral 2010-cu il.


Mədəniyyətimizin görkəmli nümayəndəsi.
Xalqımızın mədəniyyətinin, maarifinin inkişafı tarixində elə şəxsiyyətlər var ki, onların xidmətlərinin miqyası ölçüyə dəlmir. Belə şəxsiyyətlərin əvvəlincilərindən idi Üzeyir bəy Hacıbəyli.

Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev Ü. Hacıbəyli yaradıcılığını, şəxsiyyətini həmişə yüksək qiymətləndirmişdir. “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”

Dünyanın bütün ölkələrində, hər bir millətin içində elə adamlar, alim, şair və incəsənət xadimləri yetişir ki, onlar elə bil “özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqda, hətta, ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdılar.İnsanlar indi də onlardan mənfəət görməkdədir.Bu cürə adamlar nəinki sağlığında,öləndən sonra da xalqa mənfəət verirlər...”

Sağlığında varlığı, öləndən sonra şərəfli adı ilə doğma xalqımızın adını ucaldan nadir istedadlardan biri də həmin mənalı kəlamın sahibi dünya şöhrətli bəstəkar, milli operamızın banisi, görkəmli yazıçı və dramaturq Uzeyir Hacıbəyovdur.

İlk operamızı o yaratmış, Azərbaycan kəndinə maarif işığını aparan fədailərdən, uşaqlarımız üçün ilk dərsliklər müəlliflərindən biri olmuş, ilk notlu orkestrin, çoxşahəli xorun, musiqi məktəbinin, konservatoriyanın təşkilatçısı olmuşdur. Başqa sözlə, Uzeyir Hacıbəyovun özü Azərbaycanın ilk konservatoriyası olmuşdur.Böyük bəstəkar Azərbaycan musiqisinin ən yaxşı ənənələrini davam və inkişaf etdirməklə bərabər, bu musiqini dünya səhnəsinə çıxarmış yeni formalı və yeni məzmunlu musiqi əsərləri yaratmışdır.

Uzeyir Hacıbəyovun bütün ruhu, qəlbi ilə həm tarix, həm xalq yaşayışı, həm də təbiət gözəllikləri ilə maraqlanırdı. Lakin dahi bəstəkarın diqqət mərkəzində həmişə insan və onun qəlbi, düşüncələri, nəcib arzuları dururdu. İnsan, onun keçmişi, bu günü və gələcəyi barədə öz ideyalarını o, aydın, səmimi, romantik və emosianal musiqi dili ilə ifadə edirdi. Ana laylası qədər həzin olan bu musiqini dinləyən hər kəs özünü, mənsub olduğu xalqı daha dərindən dərk etməyə başlayır, mənəvi estetik cəhətdən daha da zənginləşir. “Uzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq. Bəzən ürəyimiz ümman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açırıq, özümüzdə dağlarda külünglər çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik” (S.Vurğun).

Üzeyir Hacıbəyov 1885-ci il sentyabr ayının 18-də Azərbaycanın dilbər guşələrindən olan Şuşada dünyaya gəlmişdi. Doğma Şuşanın gözəllikləri elə uşaqlıq çağından Üzeyirin gözlərinə çökmüş bu təranəli aləm qəlbinə hakim kəsilmiş, onu özünə cəlb etmişdi. Nəğmələrə, xalq mahnılarına tapınmışdır. “İlk musiqi təhsilim uşaqlıqda Şuşada mahir xanəndə və tarzənlərin arasında olmuşdur. Mənim səsim onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri ifa etmək sənəti öyrətmişlər”.

Dahi bəstəkar, pedaqoq, ictimai xadim, musiqişünas-alim və publisist Üzeyir Hacıbəyov milli musiqimizdə köklü dönüş yaratmışdır. O, 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə ölkəmizdə bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. “Leyli və Məcnun”dan sonra Üzeyir bəy “muğam operası”janrına daha bir neçə dəfə müracıət etmiş, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operasını bəstələmişdir. Nəhayər, 1937-ci ildə Ü. Hacıbəyov Avropa operasının prinsiplərini milli musiqimizin üslubu ilə mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı əsasında özünün şah əsəri “Koroğlu operasını yazır. Ü. Hacıbəyovun musiqi səhnə əsərləri içərisində məhəbbət və xeyirxahlığı tərənnüm edən, cəhalətə qarşı çıxan “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları xüsusi qeyd olunmalıdır. Bəstəkarın “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, türk, fars, polyak, ukrayna, rus, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, Moskvada, Nyu Yorkda, Parisdə, Londonda, Tehranda, İstanbulda, Qahirədə, Berlində, Varşavada, Pekində, Sofiyada, Budapeştdə, Buxarestdə və s. şəhərlərdə tamaşaya qoyulmuşdur. Əsər dəfələrlə ekranlaşdırılmışdır.

Üzeyir Hacıbəyov həmçinin bir neçə kantatatanın xalq çalğı alətləri orkestri üçün “Cahargah” və “Şur” fantaziyalarının, “Aşıqsayağı” tiosunun, “Şəfqət bacısı”, “Yaxşı yol” və digər mahnıların, Nizaminin sözlərinə məşhur “Sənsiz” və “Sevgili canan” romanslarının müəllifidir. Azərbaycan Respublikasının hazırki, eləcə də keçmiş himnini məhz U. Hacıbəyov bəstələmişdir.

Üzeyir bəy bir pedaqoq publisist, ədib və dramaturq kimi də böyük istedad sahibi olmuşdur. Belə ki, musiqili komediyalarının liberettolarını özü yazmış , mətbuatda musiqi mədəniyyətinin ən aktual problemlərinə həsr olunmuş, dərin məzmunlu, gözəl üslublu məqalərlə çıxış etmişdir.

Ü. Hacıbəyov mədəni quruculuğun ön sıralarında yorulmadan çalışmışdır. Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk musiqi təhsil ocağı konservatoriya (hazırki Bakı Musiqi Akademiyası) 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır. Üzeyir bəy özü də konservatoriyada dərs demiş, orada rektor vəzifəsində çalışmışdır. Azərbaycan musiqisinin görkəmli xadimləri Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Şəfiqə Axundova və başqaları Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Ölkəmizdə ilk çoxşaxəli xoru, notla çalan ilk çalğı orkestrini də Üzeyir bəy yaratmışdır.

Milli musiqimizin tədqiqinə son dərəcə böyük əhəmiyyət verən dahi bəstəkar 1927-ci ildə Müslüm Maqomayevlə birgə Azərbaycanda ilk dəfə el nəğmələrinin not yazılarını dərc etdirmişdir.

Nəhayət o, “Azərbaycan xalq musiqisinin əsasları” adlı sanballı elmi əsərin müəllifidir.

Ü. Hacıbəyov təmiz qəlbli, yüksək mənəviyyatlı, təvazökar və xeyirxah bir insan kimi də xüsusi məhəbbətlə xatırlanır.

Üzeyir Hacıbəyov 1948-ci il noyabr ayının 23-də vəfat etmişdir. Onun dəfni günü on minlərlə adam bəstəkarı son mənzilə yola salmaq üçün Bakının küçələrinə çıxmışdı. “Sənsiz” romansının melodiyaları insanların qəlbindəki kədər hissini çox gözəl ifadə edirdi. Unudulmaz şairimiz Səməd Vurğunun misraları ilə desək:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...


Bəli, 65 ilə yaxındır ki, Azərbaycan Üzeyir bəysiz yaşayır. Lakin onun qoyduğu bədii ənənələr bəstəkarlarımız tərəfindən layiqincə davam etdirilir. Dahi sənətkarın əsərləri dəfələrlə nəşr edilib, həyat və yaradıcılığı barədə kitablar yazılıb, elmi əsərlər meydana çıxıb. Üzeyir Hacıbəyovun anadan olduğu gün 18 sentyabr isə Azərbaycanda Musiqi günü kimi qeyd olunur.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun ədəbi və musiqi irsinin kitabxanalarda təbliği.

Bu il dünya şöhrətli dahi bəstəkarın anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə respublika prezidentinin xüsusi sərəncamı var.

Bu yubiley respublikamızın bütün mədəniyyət ocaqlarında, eləcə də kitabxanalarında qeyd olunacaq. Uşaq kitabxanalarında da bəstəkarın ədəbi və musiqi irsinin təbliği üçün geniş tədbirlər planı həyata keçirilməlidir. Bu məqsədlə bəstəkar və ədib Üzeyir Hacıbəyovun müxtəlif illərdə nəşr olunmuş kitablarından, musiqi əsərlərindən (not, qrammafon valları, kassetlər, video materiallar və s.), həm də onun yubileyi ilə əlaqədar nəşr olunan materiallardan geniş istifadə etməlidirlər.

Hər bir tədbirin başlanğıcı üçün sərgilərin təşkili vacibdir. Bu yubiley münasibətilə təşkil olunacaq sərgiləri “Üzeyir Hacıbəyov -125”, “Bəstəkarın xatirəsinə”, “Dünya şöhrətli bəstəkar”, “Azərbaycan operasının banisi” və s. adlarla tərtib etmək olar.

Üzeyir Hacıbəyovun həyatı və yaradıcılğı haqqında görkəmli hadimlər, sənət və ədəbiyyatla məşğul olan insanlar bir sıra qiymətli fikirlər söyləyiblər. Bu fikirlərdən təşkil olunacaq sərgilərdə istifadə etmək lazımdır.

Sərgidə Üzeyir Hacıbəyovun müxtəlif illərdə nəşr olunmuş kitabları, musiqi əsərlərinin not kitabları, onun haqqında yazılmış tədqiqat əsərləri, teatr tamaşalarının afişaları, müxtəlif şəkillər də nümayiş etdirilməlidir.



1

___________

2 3 4

________ ________ _________


5 6 7

_________ _________ _________

8 9 10

________ __________ _________




Başlıq – Üzeyir Hacıbəyov-125


1 - Üzeyir Hacıbəyovun şəkli.

2 – Üzeyir Hacıbəyov.Əsərləri III-cild

3 –. Sitat

4 – Üzeyir Hacıbəyov. Əsərləri IV-cild.

5 – Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. I-cild.

6 –. Üzeyir Hacıbəyov ensiklopediyası.

7 – Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. II-cild

8 – Leyli və Məcnun.

9 – Leyli və Məcnun 100 il səhnədə.

10 – O olmasın, bu olsun.


Üzeyir Hacıbəyovun yubileyilə bağlı təşkil olunacaq tədbirlərdən biri də oxucularla aparılan söhbətlərdir. Təşkil olunacaq sərgi qarşısında məktəbli oxucularla Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında söhbət aparmaq olar. Çalışmaq lazımdır ki, söhbət oxucuların başa düşdüyü sadə dildə aparılsın. “Professional musiqi mədəniyyətimizin banisi” adlı söhbət üçün qısa mövzunu veririk.

Azərbaycan xalqı dünya mədəniyyəti tarixinə bir sıra qüdrətli sənətkarlar vermişdir. Onların cərgəsində sevimli bəstəkarımız Üzeyir Hacıbəyovun xüsusi yeri vardır.

Bu böyük şəxsiyyətin həyat və yaradıcılıq salnaməsi mənalı ömür dəqiqələri, ecazkar ilhamının böyük uğurları, maarif və mədəniyyətimizin tərəqqisi yolunda yorulmadan apardığı gərgin mübarizə anları, xalqına və doğma yurduna sonsuz məhəbbəti ilə zəngindir. Bütün bu müsbət keyfiyyətlər onu sənət korifeylərindən biri və Azərbaycan professional musiqisinin banisi kimi şöhrətləndirmişdir.

Üzeyir Hacıbəyov əmək fəaliyyətinə müəllimlikdən başlmışdır. O yalnız dərs deməklə kifayətlənməmiş, müxtəlif tədris vasitələrinin yaradılması və onların nəşri ilə ciddi məşğul olmuşdur. Azərbaycanda musiqi təhsili ocaqlarının yaradılması da məhz dahi bəstəkarın adı ilə bağlıdır.

Üzeyir Hacıbəyov mahir bir musiqi nəzəriyyəçisi və tədqiqatçısıdır. “Azərbaycan xalq musiqisinin əsasları” kitabı onun xalqımıza bəxş etdiyi çox qiymətli töhfələrdən biridir.

Üzeyir Hacıbəyov çoxlu məqalə, satirik-yumoristik felyetonlar, hekayələr müəllifidir. Fitri istedadı və qabiliyyəti ilə mədəniyyətimizin bir neçə sahəsində çalışmış və yaradıcılıq uğurları qazanmışdır.

Üzeyir Hacıbəyova ədəbilik qazandıran isə onun musiqi yaradıcılığıdır. Onun musiqi yaradıcılığı xalqın milli qaynaqlarından qidalanmışdır. Böyük sənətkar yaxşı bilirdi ki, xalq yaradıcılığı illər, əsrlər, hətta min illər boyu inkişaf edib gələn, həmişə saflaşan, billurlaşan ilham mənbəyidir.

Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında opera janrı xüsusi mərhələ təşkil edir və başlıca yer tutur. Bu onunla səciyyələnir ki, ilk opera olan “Leyli və Məcnun”u, həmişə müasirliyini saxlayan “Əsli və Kərəm”i musiqi və opera sənətinin mükəmməl bir abidəsi olan “Koroğlu”nu və başqa əsərləri həmin janrda yaratmışdır.

Üzeyir Hacıbəyovun yaradıcılığını onun operaları daha da zənginləşdirmişdir. Bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri musiqili teatrımızın ilk qaranquşları sayılır.

Üzeyir Hacıbəyovun musiqi aləmi olduqca zəngin və çoxcəhətlidir. Buna sinfoniya və kantatalar, mahnılar və romanslar, fantaziyalar və marşlar kimi müxtəlif janrda və orijinal üslublarda bəstələnmiş əsərlər daxildir. Xalq mahnılarımızı ilk dəfə nota köçürən də Ü. Hacıbəyov olmuşdur. O, ilk xalq çalğı alətləri orkestrini də təşkil etmişdir.

Azərbaycan mədəniyyətinin çox geniş bir sahəsini əhatə edən bu musiqi yaradıcılığını xalqımız böyük iftixar hissi ilə Üzeyir məktəbi adlandırır. “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq” deyən məşhur bəstəkarımız Fikrət Əmirov öz fikrində tamamilə haqlı idi.

Üzeyir Hacıbəyov musiqisi ümumbəşəri məhəbbət qazanmışdır. Onun xatirəsi həmişə bizimlədir.

Belə söhbətlər müxtəlif yaş qrupları üçün ayrıca keçirilməlidir. Söhbətlər zamanı Ü. Hacıbəyovun həyat və yaradıcılığından maraqlı fakt və hadisələrdən istifadə etmək olar.

Ü.Hacıbəyovun yaradıcılığının təbliği zamanı musiqili tədbirlərin təşkili vacibdir. “Üzeyir Hacıbəyovun operaları”, “Üzeyir Hacıbəyovun musiqi dünyası”, “Üzeyir Hacıbəyov və mənəvi tərbiyə” və s. tədbirlərdə bəstəkarın əsərlərinin videoyazılarından, əsərlərindən parçalar, müğənnilərimizin ifasında mahnılardan və s. Istifadə etmək olar. Yaxşı olardı ki, bütün tədbirlər Azərbaycan Respublikasının Himni və ya “Koroğlu” operasından qəhrəmanlıq sinfoniyası ilə açılsın. “Üzeyir Hacıbəyov” televiziya filmi, “Uzun ömrün akkordları” bədii filminin nümayişi də oxucuları Üzeyir Hacıbəyov həyat və yaradıcılığı ilə yaxından tanışlığa xidmət edəcək.

Müasir oxucuları maraqlandıran tədbirlərdən biri də intellektual oyunlardır. Bəstəkarın yubiley münasibətilə ədəbi-bədii gecələrin, sual-cavab, ədəbi viktorinaların təşkilində əsas məqsəd onun yaradıcılığının təbliğinə yönəldilməlidir.

Yubiley ilə əlaqədar il ərzində “Üzeyir Hacıbəyov-125” adı altında mühazirələr təşkil edə bilərlər. Tədbirin keçirilməsi üçün məruzəçilər, musiqiçilər, ədəbiyyat müəllimləri, kitabxanaçılar, yuxarı yaşlı oxucular və s. cəlb oluna bilər. “Xalqın layiqli övladı”,

“Üzeyir Hacıbəyov professional Azərbaycan musiqisinin banisidir”, “Üzeyir Hacıbəyov məktəbi”, “Üzeyir Hacıbəyovun ədəbi yaradıcılığı”, “Böyük bəstəkar musiqi təlim-tərbiyəsi haqqında”, “Üzeyir Hacıbəyov və Azərbaycan dili” və s. mövzularda məruzələr təşkil etmək olar. Məruzələr toplanılıb saxlanılmalıdır.

Yubiley tədbirlərinin yekunu və Üzeyir Hacıbəyovun ədəbi və musiqi irsinin geniş təbliği üçün ədəbi-bədii gecənin keçirilməsi daha vacibdir.

“Musiqimizin sönməz günəşi” adlı ədəbi-bədii gecənin ssenarisini veririk.

Səhnədə Üzeyyir Hacıbəyovun portreti asılıb. Böyük bir plakatda S.Vurğunun şeri verilib.

Qartal kimi qanadlanıb fəzaları aşarsan

Bir ülviyyət aləminin qucağında yaşarsan.

Sən ki, həyat aşiqisən... qoy bu eşqin var olsun...

Nəsillərdən-nəsillərə adın yadigar olsun!



Səməd Vurğun.

(Azərbaycan Respublikasının himni səslənir).

I-aparıcı: Azərbaycan musiqi sənətinin sönməz bir günəşi. Öz gözəlliyi, öz şöləsi, öz hüsnü var bu günəşin. İllər, on illər keçmiş, bu günəş daha da parlamış, şölələnmiş, musiqimizə yol göstərən olmuşdur. Əsrlər adlayacaq, onun şöləsi sənətkarlıq zirvəsinə doğru gedən yollara daim işıq saçacaqdır.

II-aparıcı: Hər il sentyabrın 18-i Milli musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar 1885-ci il sentyabrın 18-də dünyaya gəlmişdi. Onun bütün amalı doğma xalqına xidmət etmək olmuşdur. O, xalq üçün yaşamışdır, bu səbəbdən də xalq onu əsrlərlə yaşadacaqdır!

I-aparıcı: Qədirbilən Azərbaycan xalqı böyük bəstəkar, dramaturq, publisist oğlu Üzeyir Hacıbəyli ilə haqlı olaraq fəxr edir. Ona görə ki, Üzeyir bəy əsrinin yaradıcılıq sınaqlarından qalib çıxmaqla dünya şöhrəti qazanmış və beləliklə də doğma xalqının başını ucaltmış əbədi-yaşar sənətkardır.

Oxucu:

Yurdumun, Millətimin oğlu Üzeyirin adı da

Qəhrəmanlar kimi xoş nəğməli dillərdə gəzir.

Vətənə, millətə bəxş etdiyi hər canl əsər

Sənətə vurğun ürəklərdəki tellərdə gəzir.

Nə yazıbsa, bilir aləm ki, məhəbbətlə yazıb.

Güvənib eşqinə, amalına cürətlə yazıb.

Gələcək nəslə ümid bəsləyib hörmətlə yazıb

Birləşibdir əbədiyyətlə könüllərdə gəzir.

Başqa aləmdir onun yadda qalan mahnıları,

Şanlı yollarda bizə yoldaş olan mahnıları.

Öz elindən, Vətənindən güc alan mahnıları

Tək bizim ölkədə yox, çox uzaq ellərdə gəzir.

Birləşibdir əbədiyyətlə könüllərdə gəzir.



(mahnılarından biri səslənir).
II-aparıcı: Üzeyir Hacıbəyov musiqisini dinlədiyimiz zaman, biz bəzən qaşlarımızı çatıb loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq. Bəzən ürəyimiz ümman kimi təlatümə gəlir...

I-aparıcı: Bəzən elə sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə bir güc hiss edirik, xəyalımız göylərə uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik.

(“Cəngi” səslənir. 1 oxucu şer söyləyir).

Oxucu:-

Neçə cığır açdı, neçə yol açdı,

Ömür yollarında “Cəngi” yarandı,

Xəyalı göləri gəzdi, dolaşdı,

İlhamı torpaqdan aldı Üzeyir.

Xeyirdi, sənəti boğdu şəri də

Qızılgüllər açdı alın təri də,

Təkcə royalı yox, ürəkləri də,

Mahir əlləriylə çaldı Üzeyir.

Musiqidən tutdu gül dəstəsini,

Dinlədi hər zaman xalqın səsini,

Qurtara bilmədi “Firuzə”sini,

Dərin xəyallara daldı Üzeyir.

Şəlalətək axır ürəyimizdən,

Qəlbi ayrılmadı heç zaman bizdən,

Boylandı “Koroğlu” zirvəsi üstdən,

Köçüb ürəklərdə qaldı Üzeyir.
II-aparıcı: Ü. Hacıbəyovun musiqi sənətinin ölməzliyi, təravəti onun xalq musiqisinə, xalq yaradıcılığına istinad etməsindədir. Onun əsas yaradıcılıq mənbəyi əsrlər, hətta min illər boyu inkişaf edib gələn, həmişə saflaşan, billurlaşan xalq yaradıcılığıdır. Buna görə də

Ü. Hacıbəyov xalqın ruhundan doğan, onun daxili aləmini, mənəviyyatını ifadə edən musiqi əsərləri yaratmışdır.



I-aparıcı: İstər onun ilk əsəri olan “Leyli və Məcnun” operası, istərsə dərinlik və əzəmətilə insanı heyran edən, musiqi xəzinəmizin incisi sayılan “Koroğlu” operası, istərsə də “Sənsiz”, “Sevgili canan” kimi romansları dinlədikcə sevilən gözəl sənət əsərləridir.

(“Sənsiz” romansı səsləndirilir).
II-aparıcı: Hər xalqın musiqisinin öz zirvələri var. Azərbaycan musiqisi fəxr etməlidir ki, onun “Koroğlu” zirvəsi var. Bu elə bir zirvədir ki, dünyanın hər yerindən görünür. “Koroğlu” çox ölkələri dolaşıb, hər yerdə də hərarətlə, məhəbbətlə qarşılanıb.

I-aparıcı: Bu, səbəbsiz deyil. Məşhur bəstəkar R. Quliyev yazırdı:

“Koroğlu”suz Azərbaycanın musiqi sənəti qaşsız üzük kimidir”. Bu, doğrudan da belədir. Bunu dünyanın bir çox görkəmli musiqi xadimləri də təsdiq edirlər.



(“Koroğlu” operasından musiqi).
II-aparıcı: Üzeyir Hacıbəyovun musiqili komediya janrındakı əsərləri də tamaşaçıların rəğbətini qazanmış, dünyanın bir çox ölkələrini dolaşmış və dolaçmaqdadır. “O olmasın, bu olsun”, “Arşın mal alan”ın şirin melodiyaları dünya mədəniyyəti xəzinəsinin qızıl fondunda özünə yer tutmaqdadır.

I-aparıcı: Ü. Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”ı səhnədə oynanılır. Canlı ehtiraslarla qaynayan, nikbin, ağıllı, oynaq, komik duyğular musiqi nəvalarında dilə gəlib danışır. Sinədə sevinc, şadlıq dalğaları baş qaldırır.

(“Arşın mal alan”dan kiçik bir səhnə).
II-aparıcı: Ü. Hacıbəyovun yubileyi xalqımızın əsl bayramıdır. Bu bayramda bir nisgil də var. Şuşa nisgili. Ü. Hacıbəyovun candan əziz sevdiyi Şuşa şəhəri düşmən tapdağındadır. Ancaq inanırıq ki, doğma Qarabağımız azad olunacaq, bu yubileylər Şuşada da qeyd olunacaq.

(“Qarabağ Şikəstəsi” səsləndirilir).
I-aparıcı: Üzeyir Hacıbəyov! Artıq yüz ildir ki, Bu ad əmrsiz, fərmansız hər gün anılır, yad olunur. Yüz ildir ki, onun milli ruhumuzdan, varlığımızdan yoğrulmuş bənzərsiz musiqisi, opera və operattaları, sərrast ifadələri, deyimləri dilimizin əzbəridir. Nəsil-nəsil insanlarımız Üzeyir bəyin musiqisilə tərbiyələnmişdir.

II-aparıcı: Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Üzeyir Hacıbəyov Azərbaycan tarixində ilk bəstəkardır. Azərbaycanın ondan sonrakı bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar.

Oxucu:

Üzeyiri dinləyəndə,

Könüllər səsə gəlir.

Duyğular aşıbdaşır,

İnsan həvəsə gəlir.

Yuxusuz gecələri

Duyulur hər səhərdə.

Susmayıb qəlbi onun,

Döyünür nəğmələrdə.

Coşqun musiqisində

Şəlalə sevinci var.

Köksündə el ürəyi

El nəfəsi, cəngi var.

Arzularla yaşadı,

Diləklərə köçdü o,

Duyğuları oxşayıb,

Ürəklərə köçdü o.

I-aparıcı: ...Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatın Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların maarif-lənməsinə həsr etmişdir. O, həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir.

II-aparıcı: Ü. Hacıbəyov xalqın ölməz sənətkarı, müdrik, təmiz ruhlu, təmiz niyyətli, nəcib, insanpərvər övladı idi. O, yalnız Azərbaycan xalqının deyil, dünya mədəniyyətinin nadir, əzəmətli, tükənməz ilhamlı yaradıcılarından idi ki, buna görə də xalqlar onu həmişəminnətdarlıqla yad edəcəklər.

I-aparıcı:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...


Görkəmli şəxsiyyətlərin Üzeyir Hacıbəyov haqqında fikirləri.


  1. “Üzeyir Hacıbəyovun öz xalqı üçün elədiklərini bir sözlə ifadə etmək çox çətindir. Əgər onun musiqimiz sahəsindəki xidmətlərini bir sözlə ifadə etməli olsaq, deməliyik ki,

Ü. Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin atasıdır”

Qara Qarayev (bəstəkar).


  1. “Üzeyir Hacıbəyov haqqında, onun ürəklərimizdə məhəbbət, səadət və şadlığın son dərəcə gözəl nəğməsi kimi səslənən qeyri adi musiqisi barədə çox danışmaq, səmimi şəkildə söhbət açmaq olar”.

Fikrət Əmirov(bəstəkar).


  1. “Biz fəxr etməliyik ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”undan “Koroğlu”suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir”

Niyazi (bəstəkardirijor).


  1. “Müasir Azərbaycan musiqisinin bir sıra janrlarının təşəkkülü Ü.Hacıbəyovun adı ilə sıx bağlıdır. Onun ölməz yaradıcılığına, xüsusən “Koroğlu” operasına bizim bəstəkarlar nəsli dönə-dönə müraciət edəcəkdir”

Əfrasiyab Bədəlbəyli (bəstəkar).


  1. “Koroğlu” operası dünya musiqi mədəniyyətinin yüksək naliyyətlərini özündə təcəssüm etdirən, bütün mədəni ölkələrin mənəvi tələbinə cavab verən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi oldu.

Səməd Vurğun (xalq şairi).



  1. “...Üzeyir Hacıbəyov o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə çarpmaqdadır”.

Mirzə İbrahimov (xalq yazıçısı).


  1. “Onun sənət abidəsi Qafqaz dağları qədər əzəmətli və əbədidir. Bu möhtəşəm abidəni hələ çox nəsillər gül çiçəklə bəzəyəcəklər. Üzeyir Hacıbəyov musiqisi hələ çox ürəklərə rövnəq verəcəkdir”.

Şalva Mşavelidze (gürcü bəstəkarı).

“Azərbaycan xalqı bütün dünyada məşhur olan Üzeyir Hacıbəyov kimi sənətkarları ilə fəxr edə bilər. O, əsl sənət fədaisidir”.



D.Stoyanov (bolqar bəstəkarı).


  1. Yurdumun, millətimin oğlu Üzeyirin adı da qəhrəmanlar kimi xoş nəğməli dillərdə gəzir. Vətənə, millətə bəxş etdiyi hər canlı əsər sənətə vurğun ürəklərdəki tellərdə gəzər.

Süleyman Rüstəm (xalq şairi).


  1. Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsinin yuxarıda duran bir simasıdır.

Rəsul Rza (xalq şairi).


İstifadə olunan ədəbiyyat.


  1. Üzeyir Hacıbəyov. Musiqili komediyalar.Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı Bakı-1959.

  2. Üzeyir Hacıbəyov. Əsərləri on cilddə. Üçüncü cild.Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı Bakı-1968.

  3. Üzeyir Hacıbəyov. Əsərləri on cilddə. Dördüncü cild. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı Bakı-1968.

  4. Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri iki cilddə. 1 cild.Bakı, “Şərq-Qərb”,2005, 408 səh.

  5. Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 456 səh.

  6. Üzeyir Hacıbəyov. Komediyalar və yumoristik miniatürlər. “Əbilov, Zeynalov və oğulları”. –Bakı-2005-125 səh.

  7. Üzeyir Hacıbəyov ensiklopediyası. “Şərq-Qərb” Bakı-2007.

  8. Çəmənli M. “Leyli və Məcnun” 100 il səhnədə. Bakı-2008.


Dövri mətbuat.
1.Əhmədov Hümeyir.

Karifey bəstəkar Üzeyir Hacıbəyov Şərqdə milli opera

sənətinin əsasını qoymuş unudulmaz

şəxsiyyətdir.//Respublika//.-2007.-18 sentyabr.-№209.-s.6.



2. Səadət Qarabağlı.

Üzeyir bəy Hacıbəyovun yaşadığı ünvanlar.//Azərbaycan//.-

2007.-18 sentyabr.- № 209.-s.7.

4. Əmirov Fikrət.

Üzeyir məktəbi.//Ədəbiyyat qəzeti//.-2007.-17 sentyabr.-№37.-

s.1-2.

5. Hafizova Səbinə.



Üzeyir Hacıbəyovun Azərbaycan mətbuatında rolu.//Kaspi//.-

2009.-24 fevral.-№35.-s.11.



5. İbişova Ruzə.

Çağdaş musiqi mədəniyyətimizin banisi.//Paritet//.-2009.-16-17

aprel.-№39.-s.14.

6. Hacıyeva Arzu.

Üzeyir Hacıbəyov və muğam.//Xalq qəzeti//.-2009.-21 aprel.-

№84.-s.7.

7. Mirməmməd Gülcahan.

Yüz bir ilin qovuşuğunda.//Mədəniyyət//.-2009.-18 sentyabr.-

№68.-s.3.

8. Xəlilzadə Flora.

Şuşalı Hacıbəylinin səcərəsi.//Azərbaycan//2009.-18 sentyabr.-

№208.-s.7.

9. Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında:

Aərbaycan Respublikas Prezidentinin Sərəncamı

//Azərbaycan//.-2010.-24 fevral.-№43.-s.2.

10. Hüseynoğlu S.

Üzeyir əmi.//Ədəbiyyat//.-2010.-2 aprel.-№13.-s.1-2.

11. Üzeyir Hacıbəyli-publisist.//Ədəbiyyat//.-2010.-2 iyul.- №26.-s.1-

3.

12. T. Qarayev.

Dahiliyin sədası.//Mədəni-Maarif//.-2010.Sentyabr.-№8.s.27.

13. Mükərrəmoğlu M.

Üzeyir sənəti sönməz məşəldir.//Xalq qəzeti//.-2010.-15

sentyabr.-№200.s.8.

14. Qarabağlı Səadət.

Milli mətbuatımızın güclü qələm sahibi Üzeyir bəy

Hacıbəyli.//Azərbaycan//.-2010.-15 sentyabr.-№200.-s.6.

15. Üzeyir ömrü.//Mədəniyyət//.-2010.-17 sentyabr.-№3,6,11,15.

16. Qulamova Jalə.

Milli pianoçuluq məktəbinin təşəkkülündə Üzeyir Hacıbəylinin rolu.//Mədəniyyət//.-2010.-17 sentyabt.-№64.-s.7.



17. Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin simasıdır.//Yeni

Azərbaycan.-2010.-18 sentyabr.-№170.-s.10.



18. Xəlilzadə Flora.

Milli Mədəniyyətimizin şərəfli salnaməsi.//Azərbaycan//.-2010.-18 sentyabr.-№203.-s.4.



19. Əliyeva Nurlana.

O, bu gün də yaşayır.//Azərbaycan//.-2010.-18 sentyabr.-№203.-s.5.


İnternet saytı:
www.qoogle.az.

Tərtib edən: Rüstəmova Rəqibə.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki İşlərin Təşkili Şöbəsinin metodisti.



Rəy verən:



  1. Qədimova Fəridə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini.



  1. Abbasova İradə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki İşlərin Təşkili Şöbəsinin müdiri.

Kompyuterdə yığan:
Rüstəmova Rəqibə - Metodist.

Kompyuter dizayneri:
Abbasova Leyla – biblioqraf.
Yüklə 110,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə