Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

165 
 
*** 
 
Gör haçandı mənim könlüm boylanır 
Bir müqəddəs günə doğru, əzizim. 
Güman varmı boynu bükük sevgiyə? 
Nə baxarsan oğrun-oğrun, əzizim. 
 
Gənclik enə inadının atından, 
Dan qızara odlu sinə altından. 
Xəyallarım göyün yeddi qatından 
Geri dönə, yorğun-arğın, əzizim. 
 
Sən doğmasan, sənə necə yadlaşım? 
Sevsən yarın, sevəmməsən, at, daşın! 
Məndən sonra yön çevirər başdaşım, 
Sənə doğru, sənə doğru, əzizim.  


166 
 
*** 
 
Hardan varlığına köçdü bu sevgi, 
Hardan ürəyinə düşdü bu sevgi? 
Ağrı-acıların böhran çağında, 
Bir qəmli ürəyə yol tapdın haçan? 
 
Çoxu nəfdi deyir, - beş gün, ömrünə, 
Qurban eyləyən var eşqin ömrünə. 
Qıymaz sənin kimi heç kim ömrünə, 
Bu qəmli ürəyə yol tapdın haçan. 
 
Nə könlüm gözünün  sehrinə düşdü, 
Nə də ilk görüşdən sevib, vuruldum, 
Bir qaya döşündən axan bulaqtək. 
İllərnən sinəmdən axdın, duruldun. 
 
Dünya min nağılmış sevgidən ayrı, 
Mən bu nağıllarda uyuyurmuşam. 
Ucalıb fövqünə bu nağılların, 
Özümü tapmışam, səni duymuşam. 
 
Hardan varlığına köçdü bu sevgi, 
Hardan ürəyinə  düşdü bu sevgi? 
Mənim dərdlərimin böhran çağında 
Sirli ürəyimə yol tapdın haçan? 


167 
 
MƏHƏBBƏT 
 
 
Gəlsə ürəyini alar, dindirər, 
Dincliyi daşlara çalar məhəbbət. 
Sevən könülləri muma döndərər, 
Görünməz bir körpü salar məhəbbət. 
 
Ürəyə gül əkər, gözə nur tutar, 
Səndən vaxtlı durar, səndən gec yatar. 
Arzuna, ruhuna şirinlik qatar, 
Həzin mahnısını çalar məhəbbət. 
 
Əyməz bu varlığı nə böhtan, nə şər, 
Könlünə düşən od gözündən düşər. 
Onsuz bütün dünya gözündən düşər, 
Səni alovlara qalar məhəbbət. 
 
Bəzən gələr ömrün gənclik çağıqına, 
Bəzən dönər qəlbdə hicran dağına. 
Hərdən meyil salar saçın ağına, 
Ömrünün inamı olar məhəbbət. 
 
Daşdan od çıxarar, daşa düşəndə, 
Dərd verər, qəm verər qışa düşəndə. 
Sevənlərə bir-birini başa düşəndə, 
Günləri sevincə calar məhəbbət. 
Evləri evlərə calar məhəbbət 
Elləri ellərə calar məhəbbət
 
 


168 
 
                      TƏCNİS - 2 
 
Həsrəti qürbətdə yar, qandı könlüm, 
Beləcə gün keçdi, yar, qandı könlüm. 
Ağlama, qəmlərdən yarğandı könlüm, 
Vüsaldı, deyil ki, bu gün ah günü. 
 
Çəhlimim yoluna bir gün çıxıbdı, 
O gün dağ günlərdən bir gün çıxıbdı. 
Ömrün quzeyinə bir Gün çıxıbdı, 
Kül eylər oduna bu Gün, ah günü. 
 
Yağmurum ötüşdü haray, ayazım! 
Görən dönəcəkmi haraya Yazım? 
Ay Mehdi, bilmirəm haraya yazım, 
Bu qiymətli günü, bu günah günü. 
 
 


169 
 
İLK EŞQİN YOLU 
 
 
 
Dumanlar içində bir yol uzanar, 
İlk eşqim nə vaxtdı gedər qayıtmaz. 
Xəyalım bu yolun köhnə yolçusu, 
Nə qədər getsə də mənzilə çatmaz. 
 
 
Gedər şaxtasında, gedər qarında, 
Bu yol gəncliyimin iztirab yolu. 
Ömrün yoxuşunda, dolaylarında, 
Eşqim qara günlü, başı alovlu. 
 
 
Düşər həsrətimin izi bu yola, 
Dinər könül tarım yar fərağında. 
Sinəmdi bu eşqin közü qoyulan, 
O vaxtdan ürəyim qar sorağında. 
 
 
Könlüm sıxıntılı, varlığım sisdə, 
Sevinc gilə-gilə gözümdən gedər. 
Kədər qoşun çəkər səbrimin üstə, 
Hicran döyüşünü dözüm səngidər. 
 


170 
 
Yolçusu qüssəli yanıq ürəkdi, 
Üstündə heç güllər bitməz bu yolun. 
Enişli, yoxuşlu, daşlı,kəsəkli, 
Heç izi-irizi itməz bu yolun. 
 
Bu yol sevgi yolu, məhəbbət yolu, 
Bu yol ürəyimdən başlanıb gedər. 
Bu yol hicran yolu, qəm-kədər yolu, 
Bu yol arzulara tuşlanıb gedər. 
 


171 
 
*** 
 
Çöküb ürəyimə qaranlıq axşam, 
Həsrətin əlində arzular-əsir, 
Xəyala dönürsən gözümdə hər an, 
Səbrimi aramsız küləklər kəsir. 
 
Hicran küləyindən əsir ürəyim, 
Xəzridən titrəyən tellərin kimi. 
Səni arzularam, səni, əzizim, 
Bölüm sevincimi və kədərimi. 
 
Qəmli sədası var könül tarımın, 
Sənsiz kimsə onu çətin kiridə. 
Mənim sevgi adlı arzularımın 
Qönçəsi də sənsən, çiçəkləri də. 


172 
 
KİMİN VAR 
 
 
Gizli, aşkar gözü yolda qalarsan, 
Düşünərsən nə kəsirin, kəmin var. 
Mən dərdlərnən həşəm oldum, - elə bil
Dəryalarda bir yelkənsiz gəmin var. 
 
Qəfil eşqin mən yurdsuza kümədi, 
Sirr sözümüz bircəşirin kəlmədi. 
Dünyam rəngli baxışların demədi; 
Saçlarında birər - birər dənin var. 
 
Öz ömrünə yasaq bildin xoş günü, 
Könlüm yığmaz dağdan - daşdan eşqini. 
Boylansan da gözlərimdən yaş kimi, 
Bilirəm ki, imanın var, dinin var. 
 
Sən bu dağın lalasına dönürsən, 
Qala - qala qalasına dönürsən. 
Qərib ömrün laylasına dönürsən, 
İnnən belə görəcəkli günün var. 
 
Doğmalartək gün bağışlar kim sənə? 
Mən ki, sənin öz kiminəm, kimsənəm. 
Ömür deyib, üz qoyduğum kimsənəm, 
Axı sənin məndən başqa kimin var. 


173 
 
*** 
 
 
İllərdən sinəmdə yurd salan həsrət, 
Al yanaqlarında alışıb yanır. 
Sənin gözlərinin dərinliyindən 
Mənim taleyimin yazı boylanır. 
 
Sən məni, sən məni, elə sevirsən, 
Sevirsən saçımın ağlarını da. 
Eşqini qıymayıb dilə, sevirsən, 
Sevirsən sinəmin dağlarını da. 
 
Gəlmisən ömrümə nur yağışı tək, 
Arzular sinəmdə çiçək-çiçəkdi. 
Dumanlı bir dağdan-tutqun könlümdən 
Kədər duman kimi çəkiləcəkdi. 


174 
 
 
GÖZƏLDİ 
 
«Qəsdin öldürməkmi məni, ay zalım?!» 
Öldür! Bax beləcə ölüm, - gözəldi! 
Dinsəm sənə layiq söz taparammı? 
Nə yaxşı lal olur dilim, - gözəldi! 
 
İlk dəfə qarşına çıxan yolun mən
Gərək boşalım mən, gərək dolum mən. 
Qönçə təmizliyə heyran olum mən, 
«Qara baxtım» olan elin gözəldi. 
 
Qaşlarım çatılır, - üzün danışır, 
Dodağın səyriyir, gözün danışır, 
Hər gün gözlərimiz məzhun danışır, 
Tale yolçusuna zülüm gözəldi. 
 
Qoyma dəniz kimi ləpələnim mən, 
Qıyma şimşəklərdə qəlpələnim mən. 
Yandır yollarına səpələnim mən, 
Hər gün misra-misra, - külüm, - gözəldi! 
 
Umudsuz sabahla tən, yaşamaqmı? 
Ömur, - yaşamaqmı? gün,- yaşamaqmı? 
Ulu dərgahından gen, - yaşamaqmı? 
Baş qoyum dizinə, Ölüm gözəldi!  


175 
 
 
TƏCNİS - 3 
 
 
Sirli gözlərinin sehri bir yana, 
Buxağın, yanağın, telindi gözəl. 
Minbir dara çəkir, bir of demirəm, 
Ruhumtək titrəyən tel indi, gözəl! 
 
Həsrət ürəyimdə dinən sim - sarı, 
Yox ömrüm həyanı, günüm simsarı. 
Eşqimin tarıdı sinəm, - sim sarı, 
Bu tarda dil açsın telin di, gözəl! 
 
Daşa ürək açdım, daş dandı belə, 
Arzular ömrümdən daşdandı belə. 
Sənindəmi könlün daşdandı belə? 
Mehdi ki, eşqinə telindi, gözəl! 


176 
 
İLLƏR ÖTÜR 
 
 
İllər il dalınca ötür, tələsir, 
Olub keçənləri yada sal, gülüm. 
Mənim ürəyimdə neçə tel əsir, 
Həm ayrılıq günü, həm vüsal günü. 
 
Taleyin əlçatmaz zirvələri var, 
İnsan ömrü boyu can atar, çata. 
Havalar bir kökdə tutmayır qərar, 
Hər hava könlündə bir ocaq çatar. 
 
Günlər də oxşamır biri-birinə, 
Bəzən xeyirlə, şər yanaşı gəlir. 
Elə ki, üzülür gənclikdən əlin, 
Ömrün qocalıqla savaşı gəlir. 
 
Dünənin işləri bu günə bəlli
Bu günün qərarı hələ yarıda. 
Xeyirxah işlərdən tutaq bərk əllə, 
Sualdı dünyanın sabahları da. 
 
Mən hələ ölümdən qorxuram bir az, 
Hələ həyatdan  kam almadım axı. 
Könlümü saz kimi sıxıb sinəmə, 
Hələ istəyimcə çalmadım axı. 


177 
 
 
Çiynimdə böyükdür haqqı elimin, 
Sevdim taleyimin yamaclarını. 
Düz baxım gözünə vaxtsız ölümün, 
Qaraltsam anamın ağ saçlarını. 
 
Məni qorxutmayır qasırğa, tufan, 
Ömrümün yelkəni öz əlimdədir. 
Mənim məhəbbətim, mənim nifrətim, 
Gözümdə, könlümdə, əməlimdədir. 
 
Sinəm oylağıdır sevincin, qəmin, 
Qayğsız günlərim könlümə yatmır. 
Fikirdən, xəyaldan yorğun həmdəmin, 
Sevgilim, çoxunun hayına çatmır. 
 
Ay gülüm, illərin axarı iti, 
Ömrümüz çaylara axan bulaqdı. 
Saxlaya biləydik bu səadəti. 
Gedən bir də çətin qayıdacaqdı. 
 
Olub-keçənləri yada sal, gülüm, 
Könlüm susan sazdı, onu çal, gülüm. 
Mənim ürəyimdə neçə tel əsir, 
Həm ayrılıq günü, həm vüsal günü. 


178 
 
BU SEVGİ 
 
 
Göydən yağa, yerdən bitə ömrümə, 
Gözlərimdə yaşıllaşa bu Sevgi. 
Bu günümdə gəlib yetə ömrümə, 
Nağıllaşa, uyğulaşa bu Sevgi. 
 
Elə billəm yaşdaşıdı ömrümün, 
Bəlkə elə daşqaşıdı ömrümün. 
Söykəyidi, yaddaşıdı ömrümün, 
Dünyam qədər ululaşa bu Sevgi. 
 
Çətən ola yamacımda, yalımda, 
Bitən ola boşalanda, dolanda. 
Vətən ola, - gedib öləm yolunda, 
Qəbrim üstə buludlaşa bu Sevgi. 


179 
 
*** 
 
Təzə yaylıq almışdım, 
Göz yaşını silməyə. 
Görüşünə gəlirdim, 
Kədərini bilməyə. 
 
Gördüm yurdlar ağlayır, 
Göy buludlar ağlayır. 
Ta umudlar ağlayır, 
Üzüm olmaz gülməyə. 
 
Küməsiz elimiz var, 
Ətəksiz əlimiz var. 
Qadalı ilimiz var, 
Ömrümüzü bilməyə. 
 
Mən dünyaynan heşanam, 
Anam, sonam, a laylam! 
Gülüm, elə peşmanam, 
Bu dünyaya gəlməyə. 
 
Havalar sərindisə, 
Yaralar dərindisə, 
Ölüm çox şirindisə, 
Qoşa gedək ölməyə.  
 


180 
 
AĞLA EŞQİMİZƏ 
 
 
Könlüm misra-misra ağlayan kimi, 
Ağla eşqimizə ağla, əzizim! 
Oxu gözlərimdən qəlbimdəkini, 
Məni bu həyata bağla, əzizim! 
 
Çılpaq budaqlarda qar ətək-ətək, 
Eşqimiz saralan yarpağa dönüb. 
Ələ göz yaşını nur yağışıtək, 
Sinəm çadarlanmış torpağa dönüb. 
 
Ağla eşqimizə, sirli gözlərin, 
Daha gözəl olur ağlayan vaxtı. 
İlıq göz yaşından göyərə bəlkə 
Ağlayan istəyim, ağlayan baxtım. 


181 
 
SEVGİ 
 
 
Mənnən bir doğulmadın, 
Mənnən ölə bilərsən. 
Görünüb keçməyin var, 
Qəfil gələ bilərsən. 
Qərib yaşayan sevgi! 
 
Mən səni yer üzündə 
Çiçək-çiçək gəzmişəm. 
Kövrək-kövrək arayıb, 
Ürək-ürək gəzmişəm, 
Görüb daş olan Sevgi! 
 
Qönçə-qönçə sirrim var, 
Yarpaq-yarpaq kədərim 
Axşamlar - Gündoğanım, 
Səhərlər - Qürub yerim 
İlğım daşıyan Sevgi! 
 
Yol çəkən gözlərimə 
Yol olmağın yoxdumu, 
Təzadlar dünyasında 
Sıyrılmağın yoxdumu, 
Mənə oxşayan Sevgi! 
 


182 
 
*** 
 
Görmüsənmi? gözlərindən qan daman adam, 
Görmüsənmi? sevgisindən utanan adam, 
Görmüsənmi? ürəyinə boylanan adam, 
Şirin - şirin arzuların ocaq yerindən. 
 
Bu nə sevgi? bu nə həsrət? bu nə vüsaldı? 
Bu sevgiyə ağ saçların kölgəsi düşər, 
Bəlkə sənə dəli dünya şirin xəyaldı, 
Hər gününə yüz “niyə”si “bəlkə”si düşər. 
 
Xəzəllərdən baş qaldırsa yaşıl arzular, 
O baharı, bu payıza qatıb ağlama! 
Bahar nağıl, payız nağıl, nağıldı dünya, 
Nağılların ətəyindən tutub ağlama. 
 
Mənim sənə deyiləsi sözüm - nə bilim 
Ocaq qala, tonqal çatım qarda yağışda, 
Bu arzumun qəfəsiyəm özüm, nə bilim! 
Dar günümdü, şerə görə, darda bağışla!. 
 
 
 
 
 
 


183 
 
LAL MƏHƏBBƏT 
 
 
Uğursuz illərin toranlığında 
Bir arzu düşübdü yaralı, qında… 
Hər şeydən üstünmüş bir anlığın da, 
Ay dilsiz məhəbbət, ay lal məhəbbət. 
 
İllər həsrətini günlərə böldü, 
Günlər sırasında inam döyüldü. 
Nə o duya bildi, nə mən əyildım, 
Ömrümə tufanmış bu hal, məhəbbət! 
 
Keçəni səsləyər bir gün, gələcək… 
Bəlkə də vüsallı bir gün gələcək, 
Mən hardan biləydim bir gün gələcək 
Dönüb olacaqsan xəyal, məhəbbət. 
 


184 
 
YUXUMA GƏL 
 
 
Ömrüm- günüm, fikrim, duyğum, diləyim, 
Səma gözlüm, qibləm, yönüm, ürəyim. 
Sinəm dözmür, varım-yoxum, neyləyim, 
Varıma gəl, yoxuma gəl, əzizim. 
 
Uzaqdasan, bir vaxt yaxın olmusan, 
Aylı gecəm, şirin yuxum olmusan. 
Sən ki mənim azım-çoxum olmusan, 
Azıma gəl, çoxuma gəl, əzizim. 
 
Həsrətin - qış, çovğun vurdu könlmü, 
Soyuqluğun qovun qırdı könlümün. 
Bəlkə bir az ovundurdun könlümü, 
Heç olmasa, yuxuma gəl, əzizim. 
 
 


185 
 
ÇOXDU
 
 
 
Mən elə doğulan gündən, 
Ağlaram, göz yaşım çoxdu. 
Taxtı dönmüş ömür-günnən, 
Varınca savaşım çoxdu. 
 
 
Xəbərim olmadı yazdan, 
Nanədən, gülü-yarpızdan. 
Ötüşdüm barsız payızdan, 
Qışam, qar-yağışım çoxdu. 
 
 
Dedin: «Neylərəm gəlməsən». 
İməklədim əsə-əsə. 
Qələmim əlimdə əsa, 
Yollardayam yaşım çoxdu. 
 
 
«Yox»du dünya, «Var»dı dünya. 
Bir az da hamardı dünya. 
Onsuz da bazardı dünya; 
Kədərdən daş-başım çoxdu. 
 
 
 
 
 


186 
 
Mən bu ömrü haqq bilmişəm, 
Doğru bir yola gəlmişəm. 
Heç sorma nədən dərvişəm; 
Ətəyimdə daşım çoxdu 
 
 
Yolçusan «Yol»luq eyləyim, 
Ömrü «Sağol»luq eyləyim. 
Sənə nə qulluq eyləyim? 
Qulun, qaravaşın çoxdu.. 


187 
 
YOXDU 
 
 
Bezdim gedib-gəlməkdən, 
Onsuz da yerim yoxdu. 
Dünyaynan dolanmadım; 
Çünki məhvərim yoxdu. 
 
Min ildi yol gəlirdim... 
Olan haqq olur mənə. 
Ömür yolu bilirdim; 
Düşdüm qorxduğum günə. 
 
Mən hamıdan küsmüşdüm, 
Səndən də küsüm gedim. 
Qəfil boğanaq olum, 
Yel kimi əsim gedim. 
 
Anla ki, həqiqətmiş 
Olub - qalanım, ağla! 
Ən uca  məhəbbətmiş 
Şirin yalanım ağla! 
 
Sonra yandır dünyanı, 
Dünya göz yaşı silməz! 
Allah saxlamayanı 
Bəndə saxlaya bilməz... 


188 
 
 
*** 
 
O axşam son dəfə çıxdım yoluna, 
Boğub çətinliklə məğrurluğumu. 
O axşam son dəfə çıxdım yoluna,- 
İstədim danışam kim olduğumu. 
 
İstədim  deyəm ki, kasıb oğluyam, 
Nə varım, dövlətim, nə vəzifəm var, 
Deyəm varlığımla sənə bağlıyam, 
Əgər dönük çıxsan qürurum sınar. 
 
İstədim könlümü danışam sənə, 
Deyəm gözlərimə göründüyünçün 
Həmişə duaçı olmuşam sənə. 
 
İstədim deyəm ki, şeir yazıram, 
Eşqinlə güclüdür təbim, ilhamım, 
Deyəm ki, ən çətin yola hazıram 
Sənin istəyinlə ay, yarı canım. 
 
İstədim deyəm ki, gözlərimə bax! 
Orda arzularım yaşa bələnib, 
Ötən günlərimin izlərinə bax! 
Saçıma, alnıma hey səpələnib. 
 


189 
 
 
 
İstədim danışam eh! daha nələr, 
İstədim deyəm ki… susdum dinmədim. 
Ancaq istəməyə-istəməyə mən, 
O axşam, o axşam əlvida dedim. 
 
O axşam son dəfə çıxdım yoluna, 
Boğdu məhəbbətim məğrurluğumu. 
Bir daha dərk etdim odlu könlümün, 
Duyğusuz bir qəlbə tuş olduğunu. 
 
O axşam torpaqlar yandı halıma, 
O axşam buludlar ağladı mənsiz. 
Əl atıb həsrətin çılpaq qoluna, 
O axşam son dəfə çıxdım yoluna, 
Son dəfə qayıtdım səssiz, səmirsiz… 
 


190 
 
DAHA DİL AÇMARAM… 
 
 
Adam danışanda özündən qaçır, 
Enir öz taxtından duyğu da, hiss də. 
Adam danışanda sözündən qaçır, 
Qaçır danışdığı, dindiyi səsnən. 
 
 
Ürəyindən qaçır, dilindən keçir, 
Müqəddəs yolları oyada bilmir. 
Günündən, ayından, ilindən keçir, 
Əzəli sevgiyə qayıda bilmir. 
 
 
Özündən qaçanlar - sözündən qaçır, 
Sözündən qaçanlar - üzündən qaçır. 
Beləcə, dözümdən qaçır, qaçanlar, 
Qaçanlar - elə öz gözündən qaçır. 
 
 
Qovrulan, qıvrılan arzularını, 
Sevincdən açırlar, dərdən açırlar, 
Sevincdən qaçanlar, dərdən qaçanlar. 
 
 
 


191 
 
 
Ömrümə «pay» kimi gələn dərdləri, 
Sinəmi «Yurd yeri» bilən dərdləri, 
Ağlar sevgiləri, gülən dərdləri, 
Üzümdə, gözümdə, izimdə axtar. 
 
 
Mənim ürkək-ürkək duyğularım var, 
Mənim boynu bükük uyğularım var, 
Mənim qiblə yönlü qayğılarım var,- 
Daha dil açmaram, könül açanda. 


192 
 
AĞLARAM 
 
 
İnana bilmirəm yad olmağına, 
Doğmasan, mən necə naşı ağlaram. 
Bir gün də bir təzə Ad almağına, 
Yanar gözlərimin yaşı, ağlaram. 
 
Ömür bütövlənər ağrılarıyla, 
Yanar, işıqlanar qəmli barıyla. 
Gürşaq yağışıyla, qırov qarıyla, 
Dil deyib payızı, qışı ağlaram. 
 
Halına dərələr, çöllər gülüşən 
Taleyə aldanan bəxtsiz dərvişəm 
Yazılmayan yazım, küskün bənövşəm! 
Mən səni hamıdan yaxşı ağlaram. 
 
Yolsuz yollarıma çıxan çən-qərib, 
Ömrümü bir ayrı dinə döndərib. 
Axır qibləmi də sənə döndərib. 
Bir cüt bayatılı daşı, ağlaram. 


193 
 
HEYİF O GÜNLƏRDƏN… 
 
 
Çıxmaz qarşımıza bir də o günlər, 
Kök salıb əlçatmaz yerdə o günlər, 
Tutardı möhnətə pərdə o günlər, 
Heyif o günlərdən, heyif, əzizim. 
 
O günlər sevincə boyalı idi, 
Ömrümüz nağıllı, röyalı idi, 
Başımda tək sənin xəyalın idi, 
Heyif o günlərdən, heyif, əzizim. 
 
Yanardı gözündə qəribə işıq, 
Alışan yanağın eşqə yaraşıq, 
Biz ki, o günlərdə yaxın olmuşuq, 
Heyif o günlərdən, heyif, əzizim. 
 
Onda ürəyimin ilhamı səndin, 
Sevincimə təndin, qəmimə təndin, 
Nə tez o xoş günlər bitib-tükəndi? 
Heyif o günlərdən, heyif, əzizim. 


194 
 
 
Sığışmır sinəmə sinəmin dərdi, 
Kim mənim yazımı qışa döndərdi? 
O vaxtlar könlümdə güllər bitərdi, 
Heyif o güllərdən, heyif, əzizim. 
 
Ömür yollarımız görüşə bilməz, 
Sevincim qəmimlə yarışa bilməz, 
Gözümdən, könlümdən kədər çəkilməz, 
Heyif ogünlərdən, heyif, əzizim. 
 


195 
 
AĞLARSAN 
 
 
Qəlbimə damır, bilirəm, 
Ağlarsan, gülüm, ağlarsan. 
Düşüb dərdin ayağına 
Hey zülüm-zülüm ağlarsan. 
 
Uçurumlu yollar bizim, 
Bu uzalı qollar bizim, 
O saralan eşqimizi 
Saxlarsan, gülüm, ağlarsan. 
 
Bu səmtə bir külək əsdi
Əsib bənd-bərəni kəsdi, 
Həsrət də bir sevgi qəsdi… 
Ağlarsan, gülüm, ağlarsan, 
Ağlarsan, könlüm, ağlarsan. 
 


196 
 
HARDASAN 
 
 
Daha mənim naşad könlüm açılmaz, 
Ay ömrümün bir dənəsi, hardasan! 
Bu həsrətdən perik düşmüş, didərgin 
Xəyalımın könəlgəsi hardasan! 
 
Sən ki yoxsan, kölgəsi yox adımın, 
Rəngi qaçar yaxınımın, yadımın. 
Aynan, ilnən səngiməyən odumun, 
Ocağımın pərvanəsi hardasan! 
 
Gen dünyada solum yoxdu, sağım var, 
Yad əllərdə bar verməyən bağım var, 
Ürəyimdəçalın - çarpaz dağım var, 
Dağlarımın şəlaləsi hardasan! 
 
Sənsiz nə var bu dünyada sevəsi, 
Mənim eşqim bir yanıqlı qu səsi. 
Ürəyimin ən kədərli nəğməsi, 
Ən əvəzsiz təranəsi hardasan! 
 
 
 


197 
 
KÖNLÜMDƏ 
 
 
Sən gedəndən bircə şer yazmadım, 
Elə bildim yerin yoxdu könlümdə. 
Payız gəldi, dəli yellər başladı, 
Tufan qopdu, şimşək çaxdı könlümdə. 
 
Dərd günahsa - gözün günah eylədi, 
Necə dözdük? Dözüm günah eylədi. 
Mən neylərdim, özün günah eylədin, 
Günahsızdım, nə günahdı könlümdə. 
 
Xoş uyğuydu, geri dönməz o günlər, 
Daş ürəklim, kiri! dönməz o günlər. 
Dərdin mənim, yeri! dönməz o günlər, 
Gizli-gizli yanacaqdı könlümdə... 

Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə