MəKTƏb kimya güNÜNÜn təŞKİLİ TƏCRÜBƏSİNDƏn m. Fərəcov pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent H. Əsgərov



Yüklə 111,66 Kb.
tarix05.03.2018
ölçüsü111,66 Kb.
#30087

Kimya məktəbdə




MƏKTƏB KİMYA GÜNÜNÜN TƏŞKİLİ TƏCRÜBƏSİNDƏN
M. Fərəcov

pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

H. Əsgərov

AzDNA-nın dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru;

S. Axundova

Bakı ş.,Səbail rayonu, 49 saylı məktəbin kimya müəllimi

Azərbaycan Respublikası təhsil nazirinin "Beynəlxalq Kimya İli”nə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında" əmrinə əsasən aprelin 15-də Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə akademik Yusif Məmmədəliyevin anadan olmasının 105 illik yubileyi çərçivəsində elmi-praktik konfrans keçirildi. Tədbirin keçirilməsində məqsəd ensiklopedik biliyə malik olan Y.Məmmədəliyevin elmi-ictimai fəaliyyəti və kimya sahəsindəki uğurları haqqında şagirdlərə məlumat vermək, praktik təcrübələr aparmaq idi.

Tədbirdə məktəb-liseyin müəllim və şagird kollektivi ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, BDU-nun Kimyanın tədrisi metodikası kafedrasının müdiri, kimya elmləri namizədi, professor Əyyub Əzizov, TPİ-nin Kurikulum Mərkəzinin Ümumi orta və tam orta təhsil şöbəsinin müdiri,p.e.n.Akif Əliyev, təbiət-riyaziyyat fənlərinin təlimi bölməsinin böyük elmi işçisi, p.e.n. Mürşüd Fərəcov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Əfqan İsgəndərov, Səbail rayonunda yerləşən məktəblərin direktorları və kimya müəllimləri iştirak edirdilər..

Tədbirin açılışında giriş söhbətindən sonra ilk söz professor Vaqif Abbasova verildi. O, XXI əsrin texnologiyalar və texnika əsri olduğunu və belə şəraitdə kimya və biologiya elminin nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, kimya elmi müasir dövrdə istər ekoloji problemlərin həllində, istərsə də torpaqda, suda, havada monitorinq aparılması üçün ən vacib amildir. Dövrümüzün ən aktual problemlərindən biri də qida məhsulları ilə bağlıdır ki, bu da müəyyən mənada kimya elminə olan ehtiyacı artırır. Mövcud problemlərin aradan qaldırılmasında kimya elminin əhəmiyyətli rolunu nəzərə alaraq 2011-ci il BMT tərəfindən "Kimya ili" kimi elan olunmuşdur. "Kimya ili"nin elan olunmasında məqsəd insanlar arasında, xüsusilə gənclərdə kimya elminə marağı artırmaqdan ibarətdir. Düşünürəm ki, görülən tədbirlər öz faydasını verəcək.

V.Abbasov Yusif Məmmədəliyevin elm sahəsində əldə etdiyi uğurlardan söz açdı. Qeyd etdi ki, alimin neftin və neft qazlarının katalitik emalı sahəsində əldə olunmuş nəticələri bəşər tarixinin böyük kəşfidir. Böyük alimin xidmətlərindən danışan professor Y.Məmmədəliyevin respublikamızda kimya elminin qurucusu olduğunu və bu sahədə bir çox mütəxəssis yetişdirdiyini vurğuladı. Bildirdi ki, Azərbaycan təkcə neft ölkəsi kimi deyil, həm də nefti yüksək səviyyədə emal edən ölkələrin önündə durur. V.Abbasov belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək ölkəmizdə gələcəkdə də Y.Məmmədəliyev kimi alimlərin yetişəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra, məktəbdə təşkil olunan “Kimya günü”ndə aparılan təcrübə və çıxışlar iştirakçılarda böyük maraq doğurdu. Bunu nəzərə alaraq kimya gecəsinin məzmunu kimya müəllimlərinə çatdırmağı lazım bildik.

Təlim-tərbiyə sistemində sinifdənxaric işlərin formalarından asılı olmayaraq onlardan istifadənin çox böyük əhəmiyyəti vardır. Etiraf etmək lazımdır ki, kimya fənninin tədrisi prosesində şagirdlərdə fənni sevməyə olan həvəsi və marağı yaratmaq bir o qədər də asan deyildir. Şübhəsiz ki, bunun üçün dərsdənkənar işlər daha yaxşı imkanlara malikdir. Dərsdənkənar işlərdə tədris prosesində şagirdlərin əldə etdikləri bilik və bacarıqlar bir daha möhkəmləndirilir, dərinləşir və tətbiq olunur. Bu işlər eyni zamanda, şagirdlərdə elmə olan maraq və həvəsi artırır, onların kimya istehsalatı sahələrində işləmək maraqlarını gücləndirir.

Dərsdənkənar işlərin təşkili kimya fənninin proqramına əsaslanmalıdır. Deyilənləri nəzərə alaraq kimyadan dərsdənkənar işlərin qarşısında duran vəzifələri aşağıdakılardan ibarət hesab etmək olar:


  • fənnə olan marağı artırmaq, şagirdlərin bilik və bacarıqlarını təkimləşdirmək və dərinləşdirmək;

  • şagirdlərin praktik və yaradıcılıq qabiliyyətlərini, kimya elminə olan həvəsi inkişaf etdirmək.

Dərsdənkənar işlərin təşkilində aşağıdakı prinsiplərə əsaslanmaq lazımdır:

1) könüllülük, 2) maraqları nəzərə almaq, 3) proqram materialını daha dərindən öyrənmək, 4) şagirdlərin dərsdə öyrəndikləri nəzəri biliklərini təcrübədə tətbiq etmək.

Məlumdur ki, dərsdənkənar tədbirlər kimya dərnəyində hazırlanır.

Kimya proqramının əhatə etdiyi materialların məzmunundan asılı olaraq kimya dərnəyinin planını aşağıdakı istiqamətlərdə hazırlamaq olar:

- kimya fənninin ayrı-ayrı bölmələrini və ya nəzəri sahələrini daha dərindən öyrənənlər,

- konustruksiya, cihaz, kimya kabineti üçün əyani vəsait hazırlayanlar,

- kimya tarixini və yerli kimya sənayesini öyrənənlər,

məktəb kimya muzeyni hazırlayanlar.

- kimyadan kütləvi tədbirləri (kimya günü, konfraslar, olimpiada və s.) hazırlayanlar.

Metodik ədəbiyyatdan və qabaqçıl müəllimlərin iş təcrübəsindən məlumdur ki, kimyadan dərsdənkənar işlərin əsas formaları aşağıdakılar hesab olunur:

- kütləvi işlər (gənc kimyaçılar, kimya günləri və axşamlar, konfrans, olimpiada, ekskursiya),

- qrup işlər (kimya dərnəyi, kimya cəmiyyəti, mühazirəçilər və tədqiqatçılar qrupu),

- fərdi işlər (mühazirə və refarat hazırlayan, kimyadan cihaz quraşdıran, qəzet və bülleten hazırlayan, stend və divar qəzeti hazırlayan).

Respublikamızın təcrübəli və qabaqçıl kimya müəllimləri ilə söhbətlərimiz, Azərbaycan Müəllimlər İnstitutunda və Bakı Müəllimlərinin İxtisasartırma və Yenidən hazırlanma instutunda təşkil olunan kurs tədbirlərndə iştirak edən kimya müəllimləri ilə keçirdiyimiz söhbət və anket sorğularında kimyadan sinifdəxaric işlərin aparılması ilə bağlı araşdırmalar edilmişdir. Əgər belə bir sorğu 20-30 il bundan əvvəl aparılsaydı cavablar sevindirici olardı. Lakin qeyd etdiyimiz kimi son illərdə apardığımız söhbət və sorğularımızdan alınan cavablardan məlum oldu ki, hazırda məktəblərimizin əksəriyyətində kimya kabineti ləğv edilmiş, kimya dərsləri ayrı-ayrı siniflərdə keçirilir, kimyadan təcrübələrin aparılması üçün reaktiv və lazımı təchizatın olmaması ucbatından təbaşirdən daha çox istifadə olunur. Respublikamızın kimya müəllimləri yuxarıda adını çəkdiyimiz institutlarda kursdan keçirlər. Acınacaqlı hal odur ki, bir çox təhsil müəssisələrində ən sadə bir təcrübə göstərmək üçün heç bir kimyəvi maddə və təchizat yoxdur.Bunun üçün düşünməyə dəyər. Bununla yanaşı, bəzi məktəblərimizdə az da olsa kabinet sistemi qalıb, kimya dərsləri təcrübələrin nümayişi ilə aparılır. Bəzi məktəblərdə isə kimya kabinetləri bərpa olunur. Bunlara baxmayaraq hələlik kimyadan sinifdənxaric işlərin aparılmasına diqqət verilmir. Bu məqaləni yazmaqda da məqsədimiz kimya müəllimlərinin diqqətini sinifdənxaric işlərin təşkilinə və keçirilməsinə cəlb etməkdir.

Kimya gününün gedişində şagirdlərin çıxışına məktəbin kimya müəllimi Sevda Axundova rəhbərlik edirdi. O, tədbirdə nəzərdə tutulan nəzəri məlumatların verilməsi və əyləncəli təcrübələrin aparılması üçün şagirdləri komandalara bölmüşdü:

Komanda-I. Təcrübə 1. Kəsilmiş əlin sağalması

Hazırlanmalı: 1) 5% -li dəmir-3 xlorid məhlulu, 2) 5% ammonium xlorid məhlulu, 3)ağ dəsmal, 4) küt bıçaq, 5) pambıq

Təcrübə göstərən şagird deyir: siz sirkdə adamın barmağını kəsib, sonra da sağaldılmasını görmüsünüzmü? Mənə etibar edirsinizsə, bir adam gəlsin, əlini kəsim və sonra da bu “şəfa yaylığı” ilə dərhal sağaldım.

Əvvəlcədən təcrübəni onunla birlikdə hazırlayan şagird gəlib əlini ona uzadır. O isə belə deyir: biz hər hansı infeksiya törədicisinin yaraya düşməsinə yol verməmək üçün əvvəlcə əlin kəsiləcək yerini dezinfeksiya edirik.(kəsilmiş yerə pambıqla ammonium-rodanid məhlulu sürtür). Bıçağı dəmir-3 xlorid məhluluna batırıb kəsilmiş yerə sürtür. Bu zaman kəsilmiş yerdən qan axır. Qanın çox axmaması üçün “şəfa dəsmalı” ilə kəsilmiş qol silinir.Qol tamamilə salamatdır. Bu sirri kim aça billər? Yuxarı sinif şagirdləri bu sirri aça bilmədikdə qolu kəsilənən şagird yazı taxtasında reaksiyanının tənliyini yazıb dəmir 3-rodanidin qırmızı qan rəngli məhlul olduğunu aydınlaşdırır

FeCl3+3NH4SCN=Fe(SCN)3+3NH4Cl

Təcrübə- 2. Kimya stəkanında tüstünün əmələ gəlməsi

Hazırlanmalı:1)kimya stəkanı, 2)saat şüşəsi, 3)qatı xlorid turşusu, 4)qatı ammonium xlorid məhlulu.

Kimya stəkanının daxili divarı qatı HCl-la isladılaraq, dibinə 1-2 damla turşudan əlavə edilir Sonra saat şüşəsinin qabarıq tərəfi ammonium hidroksidlə isladılır və stəkanının ağzına qoyulur. Bir neçə dəqiqədən sonra stəkanının içində tüstü əmələ gəlməyə başlayır.Təcrübəni göstərən şagird bunun səbəbini izah edir və yazı taxtasında reaksiyanının tənliyini yazır.

HCl+NH4OH=NH4Cl+H2O



Təcrübə- 3. Su ilə ocaq qalamaq.

Hazırlanmalı: 1) Bertole duzu, 2) kaliumpermanqanat, 3) sulfat turşusu, 4) spirt, 5)qlükoza, 6)dəmir lövhə, 7) quru çöplər, 8) pipet.

Təcrübə göstərən şagird deyir: siz bilirsiniz ki, tonqalı odla yandırarlar. Mən isə bu tonqalları (əvvəlcədən hazırladığı iki tonqalı göstərir) su ilə yandıra bilərəm. Sonra hər iki tonqalın üzərinə iki müxtəlif qabdan bir neçə damla maye tökür. Tonqallar alışıb yanır. Bu hadisəni kim aydınlaşdıra bilər?- sualı ilə dinləyicilərə müraciət edir.Yuxarı sinif şagirdləri cavab verə bilmədikdə təcrübə göstərən şagird belə izahat verir. Tonqalların birində kalium-permanqanat qatı sulfat turşusunda yoğrulub çöplərin altına qoyulmuşdur.Buraya 1-2 damla etil spirti əlavə etdikdə ocaq yanmağa başlayır. İkinci tonqalda isə çöplərin altında Bertole duzu və qlükoza qarışığı qoyulmuşdur.Belə qarışığa qatı sulfat turşusu ilə təsir etdikdə yüksək istilik alınır ki bu da yanmaya səbəb olur.Təcrübələrin nümayişi bitdikdən sonra müəllim qrupdakı şagirdlərdən birini çağırıb əvvəlcədən hazırladığı kimyadan maraqlı hekayəni danışmağı tapşırır və elan edir: indi də maraqlı bir hekayəni dinləyək.

Şagird: Arsen insanlara çox qədimdən (X-XI əsr) məlumdur. Onun kəşf olunmasını alman əlkimyaçısı Albert Maqnusla (böyük Albert) bağlayırlar və onu çox vaxt “arsenikum”adlandırmışlar.Arsenin adı rus ədəbiyyatlarında “мыший яд”-siçan zəhəri mənasını verən “mışyak” sözündən götürülmüşdür, belə ki, arsenin şirintəhər dada malik, una oxşar, ağ toz halında birləşməsindən (bunu ağ arsen də adlandırırlar-A2O3) siçanları, siçovulları və digər gəmiriciləri qırmaq üçün istifadə edirdilər. Arsen birləşmələrindən istifadə etməyin tarixçəsi hətta eramızın birinci əsrinə gedib çıxır.Qədim Yunan həkimi Dioskorid eramızın birinci əsrində arsenin birləşməsi olan Auripiqmentin (As4S4) yandırılmasından yuxarıda adını çəkdiyimiz ağ arsenin alınmasını təsvir edir.

Əvvəllər adamlar bir-birini arsen birləşmələri ilə zəhərləyirmişlər. Xüsusilə, Şah saraylarında padşahın kimdən xoşu gəlmirmişsə, xüsusi göstərişlə onun xörəyinə mütəmadı olaraq kiçik dozada arsen birləşməsi qatırmışlar ki,bu da nəticədə həmən şəxsin ölümünə səbəb olarmış və bunu hər kəs təbii ölüm kimi qəbul edərmiş.

Lakin 1836-cı ildə ingilis alimi Marş arsenin təyini reaksiyasını kəşf etdikdən sonra heç kəs heç kəsi arsenlə zəhərləməyə cürət etmədi.. Marş reaksiyası olduqca dəqiq və həssas analiz hesab olunurdu. Hətta 20 il əvvəl ölmüş insanın qəbrinin torpağından götürülmüş analizlə də o şəxsin arsenlə zəhərləndiyini müəyyən etmək mümkündür.Bunun isə tibbi-məhkəmə ekspertizası işlərində nə qədər böyük rol oynadığı aydındır.

Marş reaksiyasının mahiyyəti ondan ibarətdir ki, tədqiq olunan əşya (tük,sümük parçası və ya bədənin başqa orqanın hissəsi) sınaq şüşəsinə və ya kolbaya salınır, üzərinə sink parçası əlavə edilir, sonra xlorid turşusu tökülür və qarışıq qızdırılır.Əgər bədəndə arsen birləşməsi olubmuşsa, sınaq şüşəsinin üzərinə tutulmuş şüşə parçası qaralır (buna arsen güzgüsü də deyirlər). Marş reaksiyası aşağıdakı tənliyə əsaslanır:

Zn + 2HCl = ZnCl2 + H2

As2O3 + 6H2 = 2AsH3 + 2H2O

2AsH3 2As + 3H2

Yəni nəticədə alınan arsin qazı (AsH3) arsenə parçalanır ki, o da şüşəni qaraldır



Bilirsinizmi?

Bu bölmədə qrupdakı şagirdlər kimya elmi barədə lakonik məlumatlar verirlər.

-Kimya adı ilk dəfə Misirdə ortaya çıxmış və dəqiq mənası məlum deyildir.E.ə Çində,Hindistanda,Misirdə məlum olan kimya “müqəddəs sənət ” hesab olunurdu.

-İlk kimyaçı həkim 16-ci əsrin əvvəllərində yaşamış Parasels olmuşdur.O deyirdi, kimyanın məqsədi qızıl və gümüş hazırlamaq deyil,dərmanlar hazırlamaqdır.

-1 mln adamın 1qr suda olan molekullrı sayması üçün 3 mln il lazımdır.

-100 mln atomu bir sıraya düzsək, 1 sm-dən çox olmaz.

-Atomu nöqtə boyda böyütsək, bu nisbətdə böyüdülən milçəyin uzunluğu 8 km-ə, insanın boyu isə 1700 km-ə çatar.

-13-cü əsrə qədər cəmi 11 element məlum idi.18-ci əsrdə isə elementlərin

sayı 31-ə,19-cu əsrin ortalarında isə 58-ə çatmış,hazırda öyrənilmiş 113 element məlumdur.

-İnsan orqanizminin tərkibində 70-ə yaxın kimyəvi element vardır.Bunların 93%-i onlardan üçünün payına düşür:oksigen 65%, karbon 18% və hidrogen 10%.


Komanda-II: Təcrübə: 1. Boş həvəngdə patlayış:

Hazırlanmalı: 1) Bertole duzu, 2) kükürd tozu, 3) çini həvəngdəstə.

Təcrübə göstərən şagird həvəngə az miqdarda Bertole duzu və kükürd tozu töküb onları qarışdırıb, dəstəklə ehmal sürtərək qarışığı həvəngin içinə yayıb yapışdırır. Həvəng tamamilə boş kimi görünür.Təcrübə göstərən şagird deyir:- Siz kükürdün bəzi xassələrini keçilən dərslərdə öyrənmisiniz, lakin bir xassəsi ilə tanış deyilsiniz. Bu xassəni öyrənmək üçün maraqlı bir təcrübə edək. Mən “boş”həvəngdəstəni sürtürəm, partlayışlara fikir verin, kimin gücü çox isə daha güclü partlayışlar ala bilər.

Şagirdlər partlayışların səbəbini xəbər alır. Başqa şagirdlər cavab verə bilmədikləri halda təcrübə göstərən şagird Bertole duzu qarışığının partlayıcı qarışığ olduğunu söyləyir.


Təcrübə-2. Atəş mirzəlik edir: 1) Çox zəif sulfat turşusu ilə yazımış məktub, 2) dəmir tənəkə.

Təcrübə göstərən şagird deyir: “sulfat turşusunun alınmasını və xassələrini dərsdə öyrənmisiniz? Sulfat turşusunun maraqlı bir xassəsi də onunla gizli məktublar yazmağın mümkün olmasıdır. Budur, burada müxtəlif məzmunlu məktublar yazılmışdır. Siz heç bir şey görmürsünüz. Bunları qızdıraq (bir-bir qızdırılır və yazıları oxumaq üçün yoldaşlarına verir)

Bu təcrübəni yanma mövzusu ilə də əlaqədar göstərmək olar. Onda təcrübə göstərən şagird odun bir maraqlı xassəsi olduğunu-məktub yaza bildiyini söyləyir. Burda odla qızdırılmış isti tənəkə məktub “yaza” bilir. Mən “adi” kağızı bu tənəkə üzərinə qoyuram. Kazıda qara yazılar alınır (oxumaq üçün yolaşlarına verir). Şagirdlər təcrübənin sirrini izah edirlər.

Təcrübə-3.Bir stəkanda suyun iki rəng alması:

Hazırlanmalı: 1) Kimya stəkanı, 2) sulfat turşusu, 3) spirt məhlulu, 4) fenol-ftalein, 5) qələvi, 6) şüşə çubuq.

Təcrübə göstərən şagird götürdüyü kimya stəkanına 150 ml etil spirti, bir damla natrium qələvisi və fenolftalein (bir damla qatı məhlul) tökür. Stəkandakı məhlul tünd qırmızı rəng alır. Alınan bu qırmızı məhlula stəkanın divarı ilə sulfat turşusu əlavə edir. Bu zaman məhlulun alt hissəsi rəngsizləşməyə başlayır və stəkandakı məhlul yuxarı hissədə tünd qırmızı, aşağı hissəsində isə şəffaf rəngli olur. Şüşə çubuqla məhlulu qarışdırdıqda qırmızı rəng tədricən itir. Bu hala səbəb nədir? Sulfat turşusu qələvini neytrallaşdırır və qələvi olmadığı üçün rəng də yox olur.

H2SO4+ 2 NaOH= Na2SO4+ 2 H2O


Şagird: Padşah səhvini anladı –deyib maraqlı əhvalatı nəql etməyə başlayır. Xlor elementinin tarixçəsində qara səhifələr az olmamışdır. Belə ki, 1915-ci ildə almanların ingilis və fransız qoşunları ilə müharibəsində müttəfiq qoşunları Flandriyanın qərbində yerləşən və kiçik bir şəhər olan İprdən alman qoşunlarının mövqeyinə zərbələr endirməyə hazırlaşarkən özləri əks tərəfin hücumuna (qaz hücumuna) məruz qaldılar. Bu, aprelin 22-də səhər tezdən baş vermişdir.Müharibələr tarixində dünyada ilk dəfə cəbhənin İpr sahəsində müttəfiq qoşunlarına tərəf əsən küləyin istiqamətində almanlar xlorla dolu olan 6000 balonun ağzını açdılar. 5 dəqiqə müddətində 180 ton sarı-yaşıl rəngli xlor dumanı hucuma hazırlaşan müttəfiq qoşunlarının səngərlərinə tərəf irəliləməyə başladı. Havadan 2,5 dəfəyə qədər ağır olan qaz ingilis və fransızların gizləndiyi hər yerdə onları haqladı. Qısa bir müddətdə ingilis-fransız qoşunlarının 15000 nəfər əsgəri sıradan çıxdı (5000 nəfər dərhal həlak oldu, 10000 nəfər isə müxtəlif əzablara düçar oldu).

Müharibə vaxtı zəhərli maddələrdən istifadə etməmək haqqında 1907-ci il Haaqa Konversiyasını pozan almanlar 2 ildən sonra rəqib qoşunlarını yenə də xlor hucumuna məruz qoydular. 1917-ci ilin 12 iyulunda isə almanlar xlordan da zəhərli olan və sonralar İprit adlandırılan dixlordietilsulfiddən istifadə etdilər. Bu qədər zəhərli olan xlorun özündən fərqli olaraq onun birləşməsi sayılan natrium xloridsiz isə həyatımız mümkün deyildir. Belə bir hekayə var: padşahın üç qızı olur, qızlarına baş çəkməyə gedən şah böyük və ortancıl qızından soruşur ki,məni nə qədər istəyirsiz? Təbii ki, qızlar atalalarına olan istəklərini müxtəlif cür bildirirlər (dünya qədər, həyatım qədər və s.). Lakin kiçik qızın atasına cavabı belə olur: mən səni duz qədər istəyirəm. Cavab atasının xoşuna gəlmir və qızının evindən acıq edərək çıxıb gedən padşah bir müddətdən sonra qızlarına yenə qonaq olur. Bu dəfə kiçik qız atası üçün hazırladığı xörəyə qəsdən duz tökmür, padşah duzsuz xörəyi yeyə bilmir, duz gətirilməsini tələb edir, qızının onu doğrudanda bu qiymətli nemət qədər istədini başa düşür və bundan əvvəlki hərəkətlərinə ğörə peşman olur.

Düzdür, xlor haqqında söhbətə onun dəhşətli, boğucu qaz olmasından başladıq, lakin xlor əsasında alınan xalq təsərrüfatı əhəmiyyətli birləşmələrini saydıqca qurtarmaq olmaz. Üzvi kimya sənayesi xlor əsasında təşəkkül tapıb desək yanılmarıq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən bizim ölkəmizdə elmi-tədqiqat xlor-üzvi birləşmələri institutları fəaliyyət göstərir. Bu institutlarda tərkibində xlor olan minlərcə yeni maddələr sintez olunur ki, bunların da əsasında müxtəlif dərman maddələri, plastik kütlələr, kauçuklar, boyayıcı maddələr alınır. Xlor və onun birləşmələri haqqında kitablarda da xeyli məlumatlar verilmişdir.
Bilirsinizmi?

Kibrit 1805-ci ildə kəşf edilmiş və ilk kibrit sulfat turşusu ilə yandırılırdı. Yalnız 20 il sonra 1826-cı ildə sürtünmədən yanan kibritlər meydana çıxmışdı. 1885-ci ildə isə İsveçdə fabriklər fosforlu kibritlər buraxmağa başlamışdır.

Kainatda ən çox yayılmış element hidrogendir. Günəşin və ulduzların 50 %-i hidrogendən təşkil olunub. İnsan orqanizmində 7 kq-a yaxın hidrogen var. Hidrogen oksigenlə yandıqda 2500º temperatur alınır.

Hippokrat demişdir: su - bütün başlanğıcların başlanğıcıdır. Su həyatdır.

Yer kürəsindəki bütün su damcı halına salınsa o damcının diametri 1500 km olar, əgər bütün yer kürəsinə bərabər təbəqə şəklində yayılmış olsa, dünya okeanının dərinliyi 1 km olar.

Dəniz suyunda 50-yə yaxın müxtəlif duz var. O cümlədən qızıl, gümüş, radium, sezium kimi metalların duzları da çoxdur. Volqa çayı hər il Xəzər dənizinə 69 milyon ton duz gətirir. Duzun bu qədər çox olmasına baxmayaraq, qədim zamanlarda 1 ovuc duz üçün 2 qul və müəyyən qədər qızıl verirdilər.

1 nəfər 1 ildə 7 kq-a yaxın duz sərf edir.
Komanda-III Təcrübə 1. Misin “gümüşə”çevrilməsi.

Hazırlanmalı: 1) Pambıq, 2) su, 3) civə-2 nitrat, 4) xlorid turşusu, 5)mis pul, 6) gümüş nitrat məhlulu (civə-2 nitrat olmasa, qatı nitrat turşusunda civəni həll edərək durulaşdırmaq lazımdır).

Təcrübəni göstərən şagird deyir: indi misi gümüşə çevirək və Molla İbrahim Xəlil kimyagər kimilərininin fırıldaqlarını yaxşıca ifşa edək. Mən bu mis pulu həmən maye (xlorid turşusuna) içinə salıb çıxarır və ikinci mayeyə (civə-2 nitrat məhluluna) batırıram. Gördüyünüz kimi biz bu qədər asanlıqla misi gümüşə çevirə bilərik. Reaksiya aşağıdakı tənlik üzrə gedir:

Bu təcrübəni gümüş- nitrat məhlulu ilə də aparmaq olar.

Hg(NO3)2+Cu= Cu(NO3)2+ Hg
Təcrübə-2.”Suyun qana” çevrilməsi

Hazırlanmalı: 1) Kiçik mum parçasının bir tərəfində gizlədilmiş ammoniumrodanid kristalı, 2) stəkanda bir neçə damcı FeCl3 məhlulu, 3)şüşə çubuq. Təcrübə göstərən şagird deyir: “Suyun qana çevrilməsi haqqında bir çox əfsanə vardır. Hətta kənd təsərrüfatına ziyan verən və qanlı bit adlandırılan adi bir zərərvericinin artmasını, ruhanilər göydən yerə qanlı yağış yağması kimi qələmə verib, avam camaatı qorxudur və ruhanilərə çoxlu hədiyyə və qurban gətirməklə günahlarının bağışlanmasına çağırırdılar. Biz burada sadəcə bir təcrübə ilə suyun necə qana çevrilməsini göstərəcəyik. Mən kimya laboratoriyamızda hər gün işlədilən adi bir şüşə çubuq götürürəm, onun ucuna kiçik bir mum parçası yapışdırıram ( ammonium-rodanid kristalı gizlədilmiş hissəni qoparıb şüşənin ucuna yapışdırır, qalan mumu isə tamaşıçılara verir.). Mən indi mumlu şüşə ilə stəkandakı suyu qarışdırıram. Suyun qana çevrilməsi üçün 10-a qədər saysanız kifayət edər. ( On dedikdə çubuğun ucunu stəkanın dibinə basır) Stəkandakı maye dərhal qırmızı olur. Ammonium rodanid dəmir-3 xloridlə reaksiyaya girərək dəmir -3 rodanid verir ki, o da qırmızı qan rəngli maddədir.

Şagird reaksiyanın tənliyini lövhəyə yazır:

FeCl3+NH4SCN= 3 NH4Cl+Fe(SCN)3


Təcrübə- 3. Sehirli partlayışlar.

Hazırlanmalı: 1) Quru qırmızı fosfor, 2) Bertole duzu, 3) uzun hamar ağ daş, 4)çəkic, 5) yapışqan, 6) kağız.

Əvvəlcədən ağ kağıza bükməklə kiçik pistonlar hazırlamalı.Bunun üçün ekvivalent miqdarda fosfor və Bertole duzu qaışığı kağız dairəyə töküb, üstünü eyni böyüklükdə kağızla örtməli və kənarlarını yapışqanla yapışdırmalı.

Qabaqcadan ağ kağızdakı pistonlar hamar daşın üzərinə yapışdırılır. Pistonlar kimya gecəsində, təcrübə stoluna yaxınlaşmaq üçün qoyulan yola səpilir.

Təcrübə göstərən şagird deyir: “ Mən sizə maraqlı bir “möcüzə” göstərəcəm. Baxın bu hər birimizin işlətdiyi adi çəkicdir. Lakin bunun maraqlı bir xassəsi vardır. Əhəng daşına vurulduqda partlayışa səbəb olur. Ağ əhəng daşını bu çəkiclə vururam. Bu zaman dalbadal partlayış alınır.

Kimya gecəsinin sonunda təcrübə göstərən şagirdlərdən biri stolun üstünə müxtəlif meyvə qoyub deyir: hörmətli valideinlər zəhmət çəkib gəldiyiniz və gecəmizdə iştirak etdiyiniz üçün sizə dərnək üzvləri adından təşəkkür edirik. Dərnəyimizin üzviləri bu meyvələri valideinlərinin ən cəsarətlisinə bağışlamaq istıyirlər. Kim gəlib bunu götürsə və heç nədən qorxmasa ona meyvələr hədiyyə olur. Onu da bilin ki, burada baş verə biləcək hadisələr təhlükəsizdir.Hədiyyəni götürməyə gələndə ayaqlarınızın altındakı pistonların dalbadal partlayışından diksinib geri qayıdırlar və bu da gecənin axırında bir əyləncə olur.


Şagird: Helium barədə nə bilirik və nələri bilmirik?

1868-ci ildə məşhur Günəş tədqiqatçısı, Fransız alimi Jül Yansen Hindistana gələrək Günəşin tutulması ilə əlaqədar müşahidə aparmaq fikrinə düşür.Göstərilən tarixdə Hindistanda Ay Günəş diskinin üzərini tam örtdükdə Günəşdən gələn şüaları spektroskopla öyrənən J. Yansen spektrdə o vaxtki elementlərin heç biri üçün xarakterik olmayan sarı xətlər qeydə aldı. Eyni hadisəni İngiltərədə astronom Norman Lokuyer də müşahidə etdi.

1868-ci ilin oktyabrində Fransa Elmlər akademiyası iki məktub alır: birini Günəşin tutulmasından bir gün sonra yazılmış və Hindistandan göndərilmiş J. Yansendən, o birini isə İngiltərədən- Norman Lokuyerdən. Hər iki məktub müəllifi bir birindən asılı olmayaraq Günəşdə yeni bir elementin olması barədə məlumat verirdi. Günəşdə tapılan yeni elementi helium adlandırdılar. (Helios-yunanca günəş deməkdir).

Kimyəvi elementlərin dövri sistemi cədvəlində ikinci yerdə yerləşən heliumun texnikada və tibb sahəsində çox böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq onun müxtəlif üsullarla alınması yollarını alimlər öyrənmişlər. Heliumdan suyun 100 metrlərlə dərinliklərində iş aparan dalğıcların hava doldurulmuş balonlarına qatmaq üçün, tibb sahəsində astma və tənəfüs aktı ilə bağlı xəstəlikləri müalicə edirlər.


Bilirsinizmi?

-Orta çəkili adamın orqanizmində 45kq (65%) oksigen var.

-İnsan gündə 750 l saf oksigen sərf edir və 657 l karbon qazı buraxır.

-Oksigeni mənfi 1830 C –yə qədər soyutduqda göy rəngli mayeyə çevrilir və maqnit tərəfindən cəzb olunur.

-Ən soyuq maye Heliumdir.Onun qaynama t= -269oC, oksigenin qaynama

t= -183oC.

-Bütün canlıların orqanizmində tənəffüs nəticəsində yanma (oksidləşmə) prosesi gedir və istilik xaric olunur.Canlılar məhz bu enerji hesabına işləyir və hərəkət edirlər.

-Su molekulundakı hidrogen deyteriumla əvəz edildikdə əmələ gələn su “ağır su” adlanır.Ağır suyun 1m3 -i xarici ölkələrdə 300.000 dollardan artıq qiymətə malikdir.

-Adi suda hər 6500 molekula 1 molekul “ağır su” düşür, buna görə də böyük şəhərlərin əhalisi, özləri bilmədən, 10 tonlarla “ağır su” sərf edirlər.

-50 sm yüksəklikdən başa 60 damcı su düşərsə adamı öldürər. Qədimdə “su damcıları ilə” ölüm cəzası kəsirdilər.

- Ən asan əriyən metal civə (-39oC) və seziumdur (280C),çətin əriyən metal isə volframdır(3387oC)
Komanda-IV Təcrübə 1.Sirli məktublar

Hazırlanmalı: 1) Fenolfitalein, 2)spirt, 3) adi pero, 4) ağ kağız, 5) qələvi məhlulu, 6) kobalt (II) nitrat, 7) toyuq lələyi,8) spirt lampası.

Təcrübə göstərən şagird deyir: Burada “gizli məktubların” nümunələri vardır . Sizin hər biriniz bu məktubları oxuya bilər.Məktubları iki qrupa bölmüşük. Birinci qrup məktubları zəif qələvi məhluluna saldıqda yazılar aydın oxunur, ikinci qrup yazıları isə isti dəmir üstünə qoymaqla oxumaq olar. Təcrübə göstərən şagird təcrübəni belə izah edir: Birinci qrup yazılar fenolfitaleinin spirtli məhlulu ilə yazılmışdır, Spirt quruduqda kağızda heç bir iz qalmır. Kağızı zəif qələvi məhluluna saldıqda yazı aydın oxunur.

“2-ci qrup yazılar isə kobalt (II) nitrat və nikel (II) xlorid məhlulu ilə yazılmışdır.Bu duzların kristalhidratları çəhrayı və ya yaşıl rəngdədir. Susuz olduqda isə göy və qırmızı-sarı olur.


Təcrübə-2. Sirli qəlyanlar.

Hazırlanmalı: 1) İki qəlyan, 2) HCl turşusu, 3) naşatır spirti, 4)pambıq.

Təcrübə göstərən şagird deyir:” Siz babalarımız qəlyan çəkəndə görmüsünüz. Lakin bir qəlyandan çıxan tüstünün başqa qəlyana keçməsini görməmisiniz. Mənim babamdan bir qəlyan qalmışdır. Bir gün atam öz qəlyanını çəkərkən babamın qəlyanını əlinə götürmüş və bu zaman atam çəkdiyi qəlyanın tüstüsü babamın qəlyanına keçmişdir.Bu maraqlı qəlyanları sizə də göstərmək və onun sirrini öyrənmək üçün buraya gətirmişəm. Mən bu qəlyanları sizə göstərəcəyəm.Qəlyanların hər ikisini birdən ağzına alır, sonra burnu ilə nəfəs alaraq ağzından havanı yavaş-yavaş qəlyanlara buraxır. Əmələ gələn ağ tüstü sanki bir qəlyandan çıxıb o birinə keçir. “Bu sirri kim aydınlaşdıra bilər?”Təcrübə göstərən şagird təcrübənin aydınlaşdırır:” Əvvəlcədən qəlyanlardan birinin içinə naşatır spirtində isladılmış pambıq, o birinə isə HCl turşusunda isladılmış pambıq qoyub, üstlərinə azca tənbəki və ya tütün tökülmüşdür. Əmələ gələn ağ tüstü ammonium xlorid duzundan ibarətdir.

HCl+NH4OH= NH4Cl+H2O


Təcrübə-3.Firon ilanı

Hazırlanmalı: 1) ağac çöp, 2) kibrit, 3) bir çini kasa, 4) civə-rodanid, 5) qurğuşun vərəq.

Təcrübə göstərən şagird deyir: “Sizə göstərəcəyim təcrübədən keçmiş zamanlarda Misir fironları adamları qorxutmaq üçün bir möcüzə kimi istifadə etmişlər. Rəvayətə görə Musa peyğəmbər də öz peyğəmbərliyini isbat etmək üçün əlindəki kiçik əsanı yandırıb düşmən ordusunun qabağına atmış, əsa dərhal çevrilib müdhiş bir ilan olmuş və ordu nəfərləri bundan qorxuya düşərək Musaya iman gətirmişlər. Biz bu möcüzəni çox sadəcə şəkildə göstərə bilərik. Budur, mən adi çay bükülən qurğuşundan qayrılmış bu kiçik çubuğu yandırıram”

O çubuğu tənəkə parçası üzərinə qoyub bir ucunu yandırır. Qurğuşun kağızına əvvəlcədən bir neçə parça civə-rodanid bükülmüşdür. Çubuq fışıltı ilə “ilana” çevrilir.

İkinci şagird irəli çıxıb deyir: “ yoldaşım çubuğu “firon” ilanına çevirdi.Mən bu boş butanın içinə od toxunduran kimi ondan ilanlar çıxacaqdır. O, əvvəlcədən civə-rodanid parçasını putanın dibinə qoyub üstünə kağız yapışdırır. Butanın içi boş kimi görünür. Od kağızı və onun altındakı civə-rodanidi yandırır. Fışıltı ilə butanın içindən “ilanlar” qalxır.
Kimya elminin tarixi nə ilə səciyyəvidir?

Kimya elmi qədim dövrlərdən sirrli elm sayılıb,kimyagərlik isə ən nüfuzlu peşə hesab edilib. Min illərlərlə insanların nəyi nəyəsə qataraq həyat eliksiri-fəlsıfə daşı almaq arzusu çox şeyləri üzə çıxarıb yeni-yeni maddələrin alınması ilə nəticələnsə də, bütün metalları qızıla çevirə bilən “fəlsəfə daşı”almaq arzusu insanları rahat buraxmırdı, intellekt səviyyəsindən asılı olaraq yenə də təcrübələr aparılırdı. Məlum faktdır ki, heç bir maddə birdən-birə alınmayıb, hər bir yeni kəşf, maddənin alınması, xassələrinin öyrənilməsi uzun bir təkamül yolu keçmişdir.Belə olmasaydı, Hamburqlu əlkimyaçı fosforu ala bilməzdi, alman alimi Haber ammonyakın sintezi üsulunu tapa bilməzdi, amerikalı tələbə Ç. Martin Holl alüminiumun müasir alınma üsulunu kəşf edə bilməzdi və s. Bu misalların sayını çox artırmaq olar

Bəşəriyyətin ən böyük kəşflərindən biri, sabun istehsalıdır. Sabunu alarkən onun tərkibinin natriumstearatdan ibarət olmasını heç kim bilmirdi. Lakin, yavaş-yavaş müəyyən edildi ki, sabun almaq üçün yağı və ya piyi qələvi ilə və ya soda ilə birgə qaynatmaq (bişirmək) lazımdır. Daha sonralar aydın oldu ki, yağ üç atomlu spirt olan qliserinin (propandiol-1,2,3) stearin turşusu ilə əmələ gətirdiyi mürəkkəb efirdir.Mürəkkəb efirlərin ən önəmli xassələrindən biri onların hidroliz etməsidir.Hidroliz su ilə aparılsa, yenidən qliserin və stearin turşusu alınar.

Yaxud, ammoniyakın sintez üsulu ilə alınmasını işləyib hazırlayan və bunun üçün Nobel mükafatına layiq görülən alman alimi Haber 3 həcm hidrogendən və bir həcm azotdan 2 həcm ammonyak alınana qədər neçə yüz təcrübələr qoymuş,reaksiyanı hansı təzyiqdə, hansı temperaturda, hansı katalizatorun iştirakı ilə aparmaq lazım gəldiyini müəyyən etmək üçün nə qədər baş sındırmışdır.Göründüyü kimi ammoniyakın sintezinin arxasında nə qədər yeni-yeni maddələr, yeni-yeni tətbiq sahələri dayanır. Ona görə də biz hər hansı mövzunu öyrənərkən onun neçə-neçə başqa mövzulara başlanğıc olduğunu bilməliyik. Fikir verin, ammonyak bir başa ammonium duzları, azotlu kübrələr, dolayısı yolla nitrat turşusu, partlayıcı maddə-dinitroetilenqlikol, trinitroqliserin, trinitrotoluol, trinitrofenol, trinitroselliloza və s. kimi maddələr deyilmi?

Qədim dövrün, orta əsrin insanları müəyyən peşələrə yiyələnərkən-parça boyama, sirkə qoyma, çaxır hazırlama, dəri aşılama və s. kimi proseslərin arxasında nə kimi kimyəvi hadisələrin dayandığını fikirləşə bilməzdilər, kaucuk,spirt,parça,şüşə,boya maddələri,partlayıcı maddələr almaq isə onların heç ağıllarına belə gəlməzdi.

Əlbəttə, daşdan və başqa nədənsə sadaladığımız maddələri elə belə (əlkimyaçılıq üsulu ilə) almaq mümkün olmayan şeydir və bunun üçün güclü kimyəvi biliklərə yiyələnmək, həmdə müxtəlif variantlarda çoxlu təcrübələr qoymaq lazımdır.

Burada çinlilərin zərb-məsəli yada düşür: şübhələnmək elmin başlanğıcı deməkdir. Kim heç bir şeyə şübhə ilə yanaşmırsa, o, heç nəyi yoxlamırsa, o, heç nəyi kəşf edə bilməz Odur ki, yeni maddələr sintez etmək üçün kimyaçının daim axtarışda olması gərəkdir, çünki axtaran tapar demişlər.
Bilirsinizmi?

Blirsinizmi, muəyyən şəraitdə almaz qrafitə , qrafit isə. almaza çevrilir.Belə ki almaz hava daxil olmadan 1000C-dən yuxari qizdirilarsa tədricən qrafitə çevrilir.Əksinə qrafit katalizatorlarinin iştirakı ilə 10 MPa təzyiqdə 1200C-dən 1600C-ə qədər qizdirilarsa,almaza çevrilir.Bu suni almazın alınma üsuludur.

Dünyada ən böyük almazın kütləsi 621qr,ölçüləri 10x6,5x5sm-dir.Bu 1905-ci ildə Afrikada tapılmış ,,Kulian,, almazıdır.Ən qədim zamanlardan bu günə qədər Yer kürəsində istehsal olunan almazın miqdarı 60 tondan artıqdır.

Bilirsinizmi adi pəncərə şüşəsinin hazırlanmasında xammal kimi qum, soda və əhəngdən istifadə olunur və bu proses eramızdan 3 əsr əvvəl məlum idi.

Bilirsinizmi sabun adi karbon turşularının soda ilə qarşılıqlı təsiri nəticəsində alınan Na və K duzlarıdir. Na duzları bərk, K duzları isə maye sabun əmələ gətirir.

Adi kərə yağı yağ turşusu ilə 3 atomlu spirt olan qliserinin mürəkkəb efiridir. Yəni ləzzətlə yediyimiz yağlar əslində mürəkkeb efirlərə aid olan kimyəvi maddələrdir.

Maye halda olan bitku yağlarını hidrogenləşdirdikdə onlar marqarinə çevrilir.

1 ton kauçuk almaq üçün 3 ton buğda və ya 22 ton kartof, yaxud 30 ton şəkər çuğunduru lazımdır. Sintetik yolla kauçuk almaq üçün isə 5 ton təbii qaz lazımdır.

Insan orqanizmini kimya laboratoriyaları toplusuna bənzətmək olar. Çünki bədənımizdə arasıkəsilmədən kimyəvi proseslər gedir. Tənəffüs prosesi nəticəsində qan oksigenlə birləşir və həmin oksigen orqanizmin daxilində hərəkət ədərək qəbul etdiyimiz üzvi maddələri oksidləşdirir, nəticədə CO2 və H2O əmələ gəlır. Bu proseslər nəticəsində ayrilan istilik orqanizmin temperaturunun sabit qalmasına və əzələlərimizin hərəkət etməsinə səbəb olur Beləliklə, bədənımiz tamamilə kimyəvı məhsullardan ibarətdir desək səhv etmərik.

Sinir xəstəliyi zamanı verilən sakitləşdirici damcının tərkibində, saf halda bir damcısı böyük bir öküzü öldürə bilən sianid turşusu vardır. Revmatizm xəstəliyini ilan zəhərindən hazırlanan yaxı ilə, dəhşətli xərçəng xəstəliyini isə kobalt izotopundan ayrılan şüalarnan müalicə edirlər.


Tədbirin sonunda şagirdlər bəzi elementlər haqqında şeirlər söyləyirlər və şeirdə hansı maddənini təsvir edildiyini soruşurlar:
Düz əsryarm əvvəl Aktivlik sırasında

.Salam, əziz dostlar, İlk ocaq yandırmışam Keçirəm mən lap başa.

Sizi deyib gəlmişəm. Qüvvət qazandırmışam, Söz versəniz əyər,

Hər an sizi özümə Zəhərli sayılsam da, Gələrəm mən də cuşa.

Yaxın bir dost bilmişəm, Nurluyam səhər-axşam. Bol məhsul səbəbkarı

Üzvi birləşmələrdə ( P) Çoxlu kübrələrim var.

Karbonla mən həmdəməm. Düşünün deyin görək,

Cədvələ nəzər salsanız, Rəng,boya mənasını Hansı fəal metalam.

Bilərsiniz mən kiməm. Daşıyır adım mənim. ( K )

( H2) Əla keyfiyyətlidir

Məni də unutmayın, Növ-növ poladım mənim. . Gözəllərə bəzəyəm,

Elementlərin sizə ( Cr) Həmişə mən təzəyəm.

Çoxlu salamları var. Oksidləşib solmuram,

Bütün elementlərlə Təmiz buxarlarımdan Səadət üzüyündə.

Birləşmələrim var. Canlılar zəhər dadır. Alışıram,yanıram.

Ən əsası odur ki, Amma duzum həmişə Soruşursuz kiməm mən?

Mənsiz tənəffüs yoxdur. Əsəb xəstəliyinin Qızılam mən, pulam mən.

Getmək vaxtı çatıbdır, Qiymətli dərmanıdır. (Ag )

Çox öyünmək nə gərək, ( Br2) Siz susuz qalmamaq üçün, Sərt almaza çevrilib,

Hidrogenlə birləşək Qranit kimi möhkəm

( O2) Suxurları qazıram

Bəzən qrafit olub

Kağızı da yazıram

( C )
Məqalədə ümumtəhsil məktəblərində kimya gecələrinin təşkilinə aid lazımı metodik istiqamətlər və materiallar verilmişdir. Şagirdlərin fəallığı ilə təşkil olunan dörd qrupun hər birində maraqlı təcrübələr, kimyaçı alimlərin həyatından maraqlı məlumatlar və müxtəlif kimyəvi maddələr haqqında söhbətlər verilmişdir. Məqalə respublikanın kimya müəllimlərinin dərsdənkənar işlərinin təşkil edilməsində müəyyən qədər istiqamət hesab edilə bilər.


İstifadə edilmiş ədəbiyyat:


1. Ə.Əbdürrəhimov,R.Əbdürrəhimova, Kimyadan əyləncəli təcrübələr,”maarif”nəşriyyatı,Bakı-1979

2. M.Salamov, kimyanın tədrisində dərsdənkənar işlər,maarif-1971

3. Байкова В.М.Химия после уроков.И помощ школе, Петрозаводск, изд. «Карелия»,1974

4. Баталин А.Х.,, Олифсон Л.Е.Занимателъные опыты по химии. Челябинское книжное издателъство,1970

5. Борисов И.Н. Внеклассные занятия по химии в советской школе, «Химия в школе», 1967, №5

6. Власов Л.Г. И Трифонов Д.Н. Занимателъно о химии. Изд.» Молодая гвардия»,1968

7. Гаврусейко.Н.П.,Дебалтовская В.И. Химические викторины. Минск,»Народная асвета»,1972

8. Ротина Е.С. Творчество школъников в системе внеклассной работы по химии, журнал ВХО им. Д.И.Менделеева,1975, №5

9. Колосова К.Г., Школъное химисеское обшество-«Химия в школе»,1966, №1

10. Ротина Е.С., Творчество школъников в системе внеклассной работы по химии.»Журнал ВХО им. Д.И.Менделеева, Т.ХХ,1975, №5

11. Колосова К.Г.Школъное хмическое обшество. Химия в школе, 1966, №1.





Организация химического дня в школе
РЕЗЮМЕ
В системе обучения организация и проведение внеклассных работ помогает развитию знаний и навыков учащихся. При помощи удачно проведенных внеклассных мероприятий ученики усваивают новые знания и развивают умения самостоятельной работы.

В данной статье даётся пример проведения мероприятия – «День химии» в школе.



Evening of Chemistry
SUMMARY
In the education system orqanizing and conductingof extra curricular aktivities helps to develop.

Know ledge and skills of students.



Successfully carried out extra curricular activities (such as “Evening of Chemistry”) help students learn new know ledge and develop skills independently. This article shows an example of the event “An Evening of Chemistry”

Açar sözlər: Təlim, sinifdənxaric işlər, kimya günü, təcrübələr, kimya tarixindən, ammonium rodanit, firon ilan, partlayış, su, qan, kimya vulkanı, atəş mirzəlik edir.
Ключевые слова: Обучение, внеклассные работы, день химии, опыты, из истории химии, роданит аммония, змея фараона, взрыв, вода, кровь, химический вулкан, пламя пишет.
Key words: Learning-rearninq, extra curricular activities, Evening of the the chemistry, do you know, from the historу of the chemistrу, ammonia thiocyanate, pharaoh snake, explosion, water, blood, chemistry, volcano,fire serves as clerk.




Yüklə 111,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə