Məlihə Əzizpur



Yüklə 29,3 Kb.
tarix03.10.2017
ölçüsü29,3 Kb.
#3044

Güntay Gəncalp

Məlihə Əzizpur

Modernizmin beşiyi, doğub və evrim (təkamül) evrələrini (mərhələlərini) yaşadığı, daha sonra öz antitezi olaraq bilinen postmodernizmi ortaya qoyduğu yer Batıdır. Batı ulusları həm sənətin çeşidli dallarında, həm də gerçək yaşamda modernizasion sürəcini denemişlər. Sənət dünyasının genəl dayanağı düşdür. Düşsüz sənət olamaz. Gerçək yaşamın da bir ucu əslində düşlərin giz dolu dünyalarında saxlı. Düşlərin qatqısı yoxdursa yaşantı bəlkə bir ağacın yaşamına bənzər. Deyil, ağacın yaşamına bənzəməz, çünkü ağaclar da dalğın yaratılış. Ağaclar da düşlərə dalarlar. Bəlkə kökündən qoparılmış ağacın yaşamına bənzər. Düşlərindən ayrı düşmüş ağac. Ya soyundan ayrılmış və qovuşma özləmi ilə inləyən ney kimi:

“Dinləyin! Ney çün hikayət eyləyir

Ayrılıqlardan şikayət eyləyir

Ta neyistandan qoparıldım o gün

Məndə ağlar oldu insanlar bütün

Kim ki əslindən uzaq oldu uzaq

Əslə vəsl için edər daim soraq...”

Sonsuz düşlərin dərinliyindən yoğrulan gözəllik əngin duyğularla iç içə girib insan bilincində halə bağladığında şeir yazmaq, daha doğrusu varlığa axış əyilimi (təmayülü) ortaya çıxar. Ussalığın (rasionalitənin) ürünləri ilə düşlərin giz dolu iç-içə girməsinin musiki biçimində yoğruluşu olaraq adlandıralım bu tinsəl (ruhi) çalışmalar bütününü. Əskilərdə insan tinindəki oluşumların biçimsəl ifadəsi söz konusu idi. Örnəyin heca və ya əruz vəznində ifadə olunurdu. Yalnız dış dünyanın bir biçimsizlik, sonrasızlıq (əbədiyət) içində olduğu kimi iç dünyanın da biçimsiz sonsuzluğu söz konusudur. Modern şeir isə biçimsiz bir gerçəkləşim istər. İnsanın iç dürtüləri (təhrikləri) də buna zorlamaqdır sanki. Evrim bir doğruluqdur. Evrim olmasaydı insan bezərdi, kəndinə qıyar, intihar edərdi. Evrim, sonsuzluğun zamansallıq içərisində gerçəkləşən görüntüləridir. Biçimsizliyin biçimlənmə sürəcidir evrim. Yalnız biçimsizlik də biçimə sığmadığı üçün evrim sürüb gedər. Bəzən gözlərinlə dinlər, qulaqlarınla görərsen. İştə Batıda ortaya çıxan bu gərəksinimin zamanla Doğuya axışını gördük. Modern şeir haqqında bir çox insan bilgi birikdirdi. Yalnız bu modernizmin bilgi olaraq deyil, sənət olaraq gerçəkləşiminə kəndi dilimizdə tanıq olamadıq, ya da daha az tanıq olduq. Gerçəkləşim isə sənətsəl ifadəsini bulmayınca estetik bir olqu deyildir. Sənətsəl olqu, qavrayıcılıq olanaqlarını dərinləşdirmiş, duyumsal özümsəyiş yetənəklərini genişlətmiş özgür tinlərin (ruhların) özgünlük uğruna çabalarının ürünüdür. Son zamanlar bu eyləmlərə sənət dalında tanıq olmaqdayıq. İştə törələrin, dinlərin kuşatmasında bulunan bu gərəksinimin(zərurətin) biçimsiz dışa vuruşu bir sorun. Yalnız bu sorunu aşan bir özgür qadın tini var: Məlihə Əzizpur.



***

Var olanın arxasında, içində olan başqa bir “oluş”u da görmək, ya da görüntünün qabığını soyub, söküb “saxlı”nı (gizlin olanı) görmək və göstərmək bəlkə bir şərqi, bir rəqslə mümkün ola bilər. Biçimsizlik iştə bu. Modern şeir biçimsəlləşmişliyi, görüntülüyü sevməz. Ölümlü olanlar biçimsəldir. Olumlu olanlar sonrasızdır. Qısqanclıq ölümlüdür, gözəllik olumlu. Bu üzdən də olmulu olan ölümlü olanı “deyilləyir” (inkar edir).

Ey...məni qısqanan qadınlar!                                                                       

O qədər gözəldir ki gözləriniz

                                  Günəş güzgüsüdür sankı

                  Gözlərinizi gördükcə

                                                gözəlləşirəm

                                                                 günbəgün”

“Deyilləmə” evrim (təkamül) yasası. Dar iç evrənin (dünyanın) öz yapısı üzərində genişləməsidir. “...gözəlləşirəm günbəgün” isə, bu evrim evrələri (mərhələləri). Bu evrələrdə “deyillənən” əngəllərdir. Qısqanclığı qadınların yanağından sil və orda özünü bul.

Ən gözəl varlıq belə, qullanışdan yoxsun (məhrum) buraxılarsa, kötülüyə sövq edər. İnsan isə, yüksək bir yaratılış olaraq, içinə və dışına uzanan yollar tıkandığında daha tez özünə zərər verər. Çünkü insan kainat kimi, yalnız bir doğrultuda devinimdə (hərəkətdə) deyildir. İnsanın içindəki devinimə nədən olan gücə əngəlləmə yarandığı zaman o sonrasızlık içərən olanaq (imkan) kötülüyə əyilimlənər. Kötü duyğular qullanışsızlığın ürünləri. İnsan ən dəyərli varlıqdır. Bu dəyərli varlıq Tanrıya aid olmur. Tanrı ilə eşit (bərabər) olaraq evrəni bölüşür. Ancaq ən sonunda bütün evrəni Tanrıya buraxib və “sən”i seçir. “Sen” çox önəmli. Çünkü “sən”də “mən” də var, evrən də, Tanrı da.

Dünən, Tanrıyla bölüşürdük varlığı.

              Yeri, o götürdü

                                      göyü isə mən.

               Sən, ortada görününcə

                                             göyü bağışlayıb

                                                                səni götürdüm.. “

“Sən” “mən”in  varlıq nədəni. “Mən” mənliyini bütünü ilə öz içində barındırmaz. “Mən”in uzantısı “sən”dədir. “Mən”i toparlayan, toplayan da “sən” olur. “Sən”siz “öz”ə dönüş olanaqsızdır:

Səndən dönürəm

                       özümə vara bilməmişəm hələ...

                                                       Məni topla içimə!”

Tinsəl (ruhi) yaşamın dayanaqları var. Bu dayanaqlar soyutdur (mücərrəddir), somut (konkret) deyildir.  Düşüncənin anlada bilməyəcəyi dayanaqlar. Bu dayanaqlar itirildiyi zaman içimizdə və dışımızda bir şeylərin devrildiyini görürük, duyuruq. Sarsılış bizi boşluğa sürükler. “Varlıq” içimizdən, dışımızdan itmiş, itirilmiş olur. Bu sarsılış heçliyi ifşa edər. Sasılışın ifşa etdiyi boşluğa sürükleniş bir sürec olarak gerçeəkləşər, ancaq bu sürəc hiss edilməz. Bir anın içində tinin dayanaqlarının uçurulduğunu duyarıq. Dərin bir iç sıxıntı içərisində içimizin və dışımızın boşluq qatından işğal edildiyinə tanıq oluruq. Özümüzü savunacaq bütün dayanaqlar da bu ortamda uçurulmuşdur. Sarsılışın içində qıvrılıb duran, itən varlığımız. İnsanın öz içində burxulması, yıxılması tinin dayanaqlarının uçurulması ilə gerçəkləşer. Tin(ruh) öz dayanaqlarını yenidən özü onarar (təmir edər). Biz sarsılışın yaratdığı boşluqdan geri dönürük. “İtkin mən” geri dönür. Heçlikdən varlığa doğru bir axışa yavaş- yavaş tanıq oluruq. Heçlikdən varlığa axış görünsə də, heçliyə uğrayış, heçliyə yuvarlanış görünməz bir sürətlə olur. “Dünya mənə dar gəlir” dediyimizdə boşluq bizi sarmış, sarsılmışıq deməkdir. 

Bütövlüklə şaşırmışam boşluğuma

yenə sən, dəlirtən bir duyğu kimi

Dol-boşala başlayıbsan ürəyimdə

.... ən anlamsız kabuslara yeyilirəm

      və hep sayıqlayıram:

                                        “Hardasan ay itgin mənim

                                         səni hansı oğru çaldı mənliyimdən

-         məni hansı...?!”

*****

Məlihə Əzizpurun yaradıcılığında önəmli yer tutan konu həm də onun Türkcəni yetərincə özümsəməsidir. Nər qədər dil o qədər düşüncə, o qədər duyğu, o qədər düş (xəyal). Dil yalnızca, yaradılmış yapıtın (əsərin) nitəliyini sərgiləməz, həm də yaradanın kişiliyi ilə ilgili ip ucları verər. Çünkü, özəlliklə ana dili öyrənilən bir yöntəm deyildir, yaşanılan bir yöntəmdir (sistemdir). Ana dilimizi yabancı dil kimi öncə zamanlarını öyrənib, öncə qaramatıkasını öyrənib sonra dərinliyini öyrənmirik. Ana dilimizi yaşayırıq. Yaşadığımız üçün necə öyrəndiyimizi bilmirik. İnsanları dilinə görə, dilinin biçəminə görə dəyərləndirmək mümkün. Yazınsal (ədəbi) yapıtın (əsərin) estetik özəlliyini, gözəlliyini sağlayan dildir. Məlihə Əzizpurun yazınsal yapıtında dilin görünən sorunsallığı (gramatolojik problemi) söz konusu deyildir. Həm də görünməyən sorunsallıq, yəni duyğu, düş, düşücə ənginliyi Türkçənin geniş olanaqlarına dayanaraq gerçəkləşmə çabası içində kimi görünməkdədir. Adını unutduğum bir Batı yazarından bir sözü yadıma düşür: “Yapıtlarımda qullandığım bəzi sözcüklərin anlamını bilmirəm, onlarla ilişki qura bilmirəm”- deyir. Anlaşılan bu ki, insan düşü və düşüncəsi dilin sınırlarını zorlaya bilir. Martin Heideger “Alman dili fikirlərimi ifadə edə bilmir, bir şeylər əksikdir” – demişdi. Sonra da yeni sözlər ürətir. Bu sözlər daha sonra Heideger fəlsəfəsinin şifrələrinə dönüşdü. Düş, duyğu dilin sınırlarını zorladığında dil də özünü doğmaq, doğurmaq zorunda qalar. Dilin sınırları genişler. Dildəki biçəm (üslub) yazarın içgözləmlərinə (müşahidələrinə) dayanmaqda. İç gözləm bireyə (fərdə) özəl bir olqu və oluşumdur. Dili bireysəl (fərdi) anlamda alqılama, özümsəmə də burdan qaynaqlanmaqda. Var olanın yaradıcı bireyin tinsəl (ruhi) yapısına görə özümsənişi olaraq adlandıralım bunu. Çünkü dil həm də yaradıcı üçün estetik bir nəsnədir. Dillə yalnız dış dünyanı alqılamarıq, həm də iç dünyanın sınırlarını bəlirləyirik. Dilimizdə bir deyim var: “Bu söz mənə bətər yer elədi”. Çox doğru bir deyim. Sözlər öncə söyləyənin iç dünyasında özünə “yer” edər, daha sonra da dinləyənin iç dünyasında “yer”ləşər. Söz söyləyənin harasından çıxarsa, dinləyənin orasına gedər. Bu “hara” və “ora” çox önəmli. “Hara” və “ora” bir məkandır. Hər kəsdə eyni məkanlar olmaz. Anlaşılmazlıqlar da burdan başlar. Dərin bir iç məkandan gizli şəkildə çıxan bir söz eyni məkanı tapa bilməzsə, yerləşə də bilməz. Çağdaş şeir türünün əsrarəngizliyini geniş şəkildə mənimsəmiş Məlihə Əzizpur iç dünyasının aydınlıqlarından yoğrulan şeirləri ilə oxucularda da aydın bir “ora” oluşdurmağı başarır.



19.10.2005




Yüklə 29,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə