Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq



Yüklə 1,1 Mb.
səhifə1/6
tarix25.11.2017
ölçüsü1,1 Mb.
#12388
  1   2   3   4   5   6




MEMAR ƏCƏMİ NAXÇIVANİ

YARADICILIĞINDA

AHƏNGDARLIQ

QADİR ƏLİYEV




MEMAR ƏCƏMİ NAXÇIVANİ

YARADICILIĞINDA

AHƏNGDARLIQ

Elmi redaktor və ön sözün müəllifi memarlıq doktoru,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Cəfər Qiyasidir.

MÜƏLLİFDƏN


Sonsuz bir ümmana bənzəyən zəngin mədəniyyət tariximiz insan zəkasının məhsulu olan nadir elm, fəlsəfə və sənət inciləri ilə doludur. Xalqımız üçün daimi qüvvət və qürur duyma qaynağı təşkil edən bu tarixi incilərin qeyrətlə araşdırılması, dəyərləndirilməsi və mühafizə edilməsi yaşadığımız bu böhranlı günlərdə son dərəcə vacib olan müqəddəs vəzifələrimizdən biridir.

Mədəniyyət tariximizi bu gün də dönə-dönə diqqət və hörmətlə arayanlar min illik tariximizin içindən süzülüb gələn və bizi «biz» edən mədəniyyətimizdə «guşədaşı» vəzifəsini görən bu əsərləri tarixin qaranlıqlarından qurtarıb nəsillərə çatdırmağa çalışmalıdırlar. Hər nə olursa olsun bunların deformasiyası nəticə etibarı ilə cəmiyyəti çökməyə sürüklər. Tarixin əngin dərinliklərinə daldıqca dövrünün maddi mədəniyyətlərinin yüksəlməsinə baxmayaraq əski mənəvi dəyərləri heçə yendiyindən çökmüş neçə millət və xalqlardan ibrət dərsi almalıyıq.

Zaman-zaman bu əsərlərin mənasını, onların quruluşundakı fövqəladə incəliyi, zəngin və əngin əhatəni qavramayan bir zümrə öz dünyagörüşlərinə və ictimai-siyasi quruluşun mahiyyətinə uyğun görmədiklərini rədd və inkar etmişlər.

Bir çox fikir sahiblərimiz də bunu ilahi bir qaynaqdan gələn həqiqət və hidayət işığı kimi salamlamış, onların forma və quruluşundkı dərinlik və incəlikləri haqqı ilə olduğu kimi dərk etməyə çalışmış, bu incəlikləri yaradanların «dilini» anlamağa cəhd etmişlər.

Biz Əcəmi yaradıcılığını idrakımızın və biliyimizin yetdiyi qədər dərk etməyə çalışmış, bunun nə qədər dərin, müxtəlif elm sahələri ilə əlaqəli olduğunu qətiyyətlə anlamışıq. Bəşəriyyətin bilgi və idrak dairəsinə girən bütün elm və fənlərin bu şəkillənmə ilə əlaqəli olduğunu təsvir etdikdən sonra hələ kəşf edilməmiş, adları bəlli olmayan neçə gizli elmin bununla əlaqəli olduğunu etiraf edirik. Hələ sirri açılmamış, dərk edə bilmədiklərimizin tamamlanmasını gələcək nəsillərin öhdəsinə buraxmışıq.

Araşdırma işi illərin məhsulu olsa da şübhəsiz nöqsansız deyil. Oxuculardan dilədiyimiz ən səmimi arzu bu nöqsanların müəllifə bildirilməsidir. Bu yolla onlar Böyük Əcəminin yaradıcılığı haqqında olan düşüncələrimizin tamamlanmasına xidmət etmiş olarlar.

Sözümün sonunda bu əsərin hazırlanmasında böyük xidməti olan Azərbaycan MEA-nın müxbir üzvü Cəfər Qiyasiyə öz dərin təşəkkürümü bildirir, əsərin yazılmasının səbəbkarı olan, haqqa qovuşan Azərbaycan MEA-nın mərhum əməkdaşları Əbülfəzl Hüseyninin və Tağı Qasımoğlunun unudulmaz xatirəsini hörmətlə yad edir, Allahdan (c.c) rəhmət diləyirəm.
ƏCƏMI SƏNƏTINƏ YENI ELMI YANAŞMA
Memarlıq namizədi Qadir Əliyevin “Memar Əcəmi Naxçıvani yaradıcılıbında ahəngdarlıq” adlı elmi əsəri dahi memar, klassik Azəraycan memarlq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat fəaliyyəti və sənətinə həsr olunmuş ilk və dəyərli monoqrafik tədqiqat kimi mühüm əhəmiyyətə malikdir. Bu əsərlə Qadir Əliyev görkəmli sənət xadimi Əcəmi Naxçıvani haqqında memarlıqda mövcud olan boşluğu doldurmağa xidmət edir. Oxuculara təqdim olunan kitab memar Əcəminin dövri, həyatı, sənəti və fəlsəfəsinə həsr olunmuş, dərin elmi-nəzəri qənaətlərdən yoğrulmuş dəyərli elmi mənbədir. Xüsusən Əcəmi sənətinin özünəməxsusluğunu müəyyən edən bənzərsiz naxışların sirlərinin açılması sahəsində Qadir Əliyevin apardığı araşdırmalar həm əcəmişünaslıqda, həm də memarlıq elmində yeni hadisədir. Qadir müəllimin dünyanı heyran qoyan Əcəmi naxışlarının sirrini mühitin, müxtəlif elmlərin və dini düşüncələrin vəhdətində axtarması mövcud problemə yeni yanaşmanın ifadəsi kimi ciddi maraq doğurur. Bütün bunlar həm Mömünə xatun türbəsi kimi möhtəşəm sənət abidəsinin mahiyyətini düzgün müəyyən etməyə, həm də geniş mənada Əcəmi Naxçıvaninin sənətkar kimi özünəməxsusluğunu, onun fəlsəfəsini daha tam və aydın şəkildə təqdim etməyə imkan yaradır.

Əsərdə Qadir Əliyevin Əcəmi sənəti ilə Nizami Gəncəvinin yaradıcılığı arasında apardığı paralellər də dövrün sənət düşüncəsinin tamlığını, bütövlüyünü, əzəmətini bütün genişliyi və mükəmməlliyi ilə təsəvvür etməyə meydan açır. Bundan başqa Nizaminin müxtəlif əsərlərindən nümunə kimi gətirilən şer parçaları sanki dahi şairin müasiri Əcəmi Naxçıvanini yaxından tanıdığına, onun sənətinə bələd olduğuna şahidlik edir. Nizami Gəncəvinin universal biliyə malik olan ustad memar haqqındakı poetik qənaətləri də elə bil ki, tam mənası ilə Əcəmi Naxçıvaniyə aiddir. Bütün bunlar isə nizamişünaslıqda müəyyən yer tutan bu iki nəhəng sənətkarın bir-birlərini tanımaları, görüşləri barədəki mülahizələrin həqiqətə yaxınlığını bir daha təsdiqləməkdədir. Fikrimizcə, məsələnin bu cəhəti də elmimiz üçün heç də az əhəmiyyət kəsb etmir.

Memarlıq namizədi Qadir Əliyevin “Memar əcəmi yaradıcılığında ahəngdarlıq” adlı monoqrafiyasının Naxçıvanda, Əcəmi Naxçıvaninin vətənində yazılması müəllifin yerli materialları daha dərindən, əhatəli şəkildə öyrənməsinə şərait yaratmışdır. Təqdim olunan kitab həm də Qadir Əliyevin Əcəmi Naxçıvaninin sənətinə və şəxsiyyətinə böyük sevginin elmi ifadəsidir.

“Memar Əcəmi Naxçıvaninin yaradıcılığında ahəngdalıq” monoqrafiyası sənətşünaslar, memarlar, inşaatçılar, filosoflar, ömürlərini bu sahəyə həsr etmiş müəllimlər və tələbələr üçün qiymətli töhvədir.


İSA HƏBİBBƏYLI

Naxçıvan Dövlət Universitetinin rektoru,

akademik

ÖN SÖZ
Üzlük materialının təbii özümlülükləri və onun memara hansı imkanları verməsindən çox şey asılıdır. Bu baxımdan Səlcuqlar dövrü bişmiş kərpicin tikinti və bəzək materialı kimi memarlıqda təntənəsi dövrü oldu. Böyük Səlcuqlar ərazisinin çox yerində olduğu kimi, Azərbaycanın da Gəncədən Qəzvinəcən əsas hissəsində kərpicdən yığılan «səlcuq üslubu» bəzək aparıcı memarlıq dekoru idi.

Böyük konstruktiv-texniki, iqtisadi, eləcə də dekorativ imkanları olan bişmiş kərpic XI-XIII yüzillərdə Azərbayanın çox yerində başlıca tikinti materialı olmuşdur. Bişmiş kərpic xoş rənginə, gözəl fakturasına, biçim rəngarəngliyinə, atmosfer təsirlərinə dözümünə görə bu çağda yaxşı üzlük materialı olaraq işlədilmiş, sənətkara zəngin bəzək çeşidləri yaratmaq imkanı vermişdi.

Kərpic dekoru Azərbaycan memarlığında özünün inkişaf zirvəsinə XII yüzildə relyefli şəkildə çatdı. Bu bəzək texnikası dekorda işlədilən kərpiclərdən biçim rəngarəngliyini artırır və nəticədə naxış quruluşlarının olduqca mürəkkəbləşməsinə səbəb olur, zəngin komrozisiya imkanları yaradır. Burada sənətkar təxəyyülünə geniş meydan açılır. Relyefli kərpic dekoru üzlükdə üçüncü ölçü yaratmaqla parlaq günəşli ölkə memarlığı üçün zəruri olan dürlü işıq-kölgə effekti törədirdi.

Relyefli bəzəklərdə kərpiclərarası səthlər batıq olub, çox vaxt gəc məhlulu ilə doldurulur və onun üzərində bitgisəl naxışlar cızılırdı. Beləliklə, iri olçülü kəpric naxış kölgəli incə yerlikdə daha qapanıq və təsirli görünürdü.

Kərpicin hazırdanma texnikası sınıq xətli həndəsi naxışlara daha uyğun idi. Ona görə bütün Səlcuq memarlıq bəzəyində olduğu kimi Azərbaycanın XI-XIII əsrlər dövrü memarlığında da relyefli kərpic dekoru ilə yalnız düzxətli həndəsi naxışlar qurulmuşdur. Bu naxış quruluşlarında sadədən murəkkəbə yüksələn böyük təkamül müşahidə edilir.

Səlcuq memarlığında kərpic dekorun ən mürəkkəb, ən zəngin örnəkləri «girih» (düyün) adlanan xüsusi həndəsi ornamentlərlə yaradılmışdır. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlılar, yaxud ulduzlardan, ya da onların hissələrindən) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır. Girih quruluşları XI-XIII yüzillərin Azərbaycan memarlıq bəzəyində aparıcı yer tutmuşdur.

Azərbaycan memarlığında hələlik əldə olan materiallara əsasən «girih» naxışların dəqiq evolyusiyasını, xüsusilə onun ilkin mərhələsini izləmək çətindir. IX-X əsrlərin memarlıq abidələri qalmadığından bu naxışların Azərbaycan memarlığında ibtidai örnəkləri əlimizdə yoxdur. Buna görə də Azərbaycanın memarlıq bəzəyində kərpic girih naxışları birdən-birə XI yüzildə Savə minarəsi və Xərrəqan türbələrində bitkin quruluşda dayanır. Xərrəqan türbələrinin üzlərində həm sadə, həm də mürəkkəb quruluşlu kərpic girihlər vardır.

Girih naxışlarının memarlıq dekorunda aparıcı olması və memarlıq obrazına güclü təsiri baxımından Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlığında yeni mərhələdir. Səkkizüzlü gövdəsi olan bu incə nisbətli abidənin üz tağçalarının düzbucaqlı səthləri mürəkkəb quruluşlu, iri elementli kərpic girih naxışları ilə örtülmüşdür.

Memar Əcəmi Naxçıvani öz şah əsərində – Möminə xatun türbəsinin memarlıq dekorunda Yusif Küseyir oğlu türbəsində qoyduğu konsepsiyanı inkişaf etdirərək kərpic girih yaradıcılığını tam zirvəyə qaldırmış, sanki onu yekunlaşdırmışdır. Bu abidədə türbənin nəhəng özülü-gövdəsi başdan-başa kərpic naxış üzlüyünə tutulmuşdur. Onun üzərindəki tağçaların iç səthində ən mürəkkəb quruluşlu və sıx elementli girih kompozisiyaları işlədilmişdir. Tağçaların timpanlarındakı girihlər nisbətən sadə və aydın quruluşludur. Türbənin kərpic bəzəyində dürlü və bənzərsiz çeşidli lentvari həndəsi naxış örnəkləri də vardır.

Memar Əcəmi yaradıcılığı keçən əsrin ortalarında geniş tədqiqat obyekti olmuş, tarixi və nəzəri baxımdan araşdırılmışdır. Bu dahi memarın əsərlərinin memarlıq bəzəyinə, özəlliklə düzxətli həndəsi naxışları haqqında da müxtəlif müxtəlif az – ya çox dərəcədə öz münasibətlərini bildirmişlər. Ancaq bu naxışları ayrıca və önəmli bir mövzu obyektinə ilk dəfə Qadir Əliyev çevirmişdir.

Qadir Əliyevin tədqiqat mövzusu Agərbaycan memarlığı üçün yeni olub nəzəri xarakter daşıyır və Azərbaycan orta əsr memarlığının korifeylərindən biri olan, əsərləri daha çox tarixi aspektdə araşdırılmış Əcəmi Naxçıvaninin yaradıcılıq konsepsiyasının təməl problemlərinin açılmasına həsr edilmişdir. Bu səbəbdən araşdırılan mövzu aktual olduğu qədər də mürəkkəb və çətindir.

Yaxın və Orta Şərq memarlıq ornamentlərinin araşdırılması və xarakteristikasına, o sıradan düzxətli həndəsi naxışların qurulma prinsiplərinə keçən əsrin otuzuncu illərindən başlayaraq dünyanın müxtəlif ölkələrinin alimləri çoxlu əsərlər həsr etmişdir. Qadir Əliyev bu böyük təcrübəyə arxalanaraq ilk dəfə Naxçıvanın nadir abidələrinin harmoniya və mütənasiblik probleminin açılmasını qarşısına məqsəd qoymuş və buna müəyyən qədər nail olmuşdur. Müəllif Əcəminin yaşadığı dövrəcən memarlıqda harmoniya və bütövlük məsələlərinin təhlilini vermiş, təbiətdə formayaranma və «qızıl bölgü» mütənasiblik qanununun mahiyyətini açıqlamış, Müsəlman Şərqinin harmoniya ideya təliminin formalaşma prosesi və bu təlimin görkəmli nümayəndələrini bəlliləşdirmişdir. Kitabda həndəsi mütənasiblik prinsiplərinin izahına geniş yer verilmiş, ön Asiyanın orta əsr memarlığının, o sıradan Əcəmi Naxçıvaninin yaradıcılığının əsasında yatan həndəsi mütənasiblik konsepsiyasını açıqlamışdır.

Azərbaycan Səlcuq dövrü memarlıq bəzəyində həlledici yer tutan və bədii mədəniyyətimizin parlaq hadisəsi sayılan həndəsi ornamentlərin qurulması məsələsi üzərində işlərkən Qadir Əliyev tədqiqata çoxlu materiallar cəlb etməklə yanaşı yeni, sanballı nəticələr də əldə etmişdir. Məsələn o, onbir və onüç bucaqlı fiqurların kombinasiyasından yaranan həndəsi ornamentin qurulması yolunu aça bilmişdir.

Əcəminin yaratdığı memarlıq-məkan quruluşları ilə canlı varlıqların quruluşları arasında struktur eyniliyi olmasını qrafiki yolla açıqlayan müəllif dahi memarın yaradıcılığının elmi-fəlsəfi mahiyyətini və yaşarlılıq səbəbini izah edir, onun hikmətini düzgün olaraq elm ilə sənətin, dərin ensiklopedik biliklə incə duyğunun birliyində görür.

Uzun zaman bizim sənət araşdırmalarında yasaq edilən, dövrün hakim ideologiyasının – İslam dininin bədii yaradıcılığa, o sıradan memarlığa da yönəldici təsir göstərməsi faktı da Qadir Əliyevin kitabında öz gerçək həllini tapmışdır.

Bütün araşdırmalarda olduğu kimi Qadir Əli oğlu Əliyevin kitabanda da bir sıra mübahisəli, elmi dəqiqləşməyə ehtiyacı olan fikirlərin olması təbiidir. Bütövlükdə orta əsr memarlığımızın memarlıq formalarının və həndəsi ornament növlərinin araşdırılmasına həsr olunmuş kitab şəksiz maraq doğurur.
Cəfər Qiyasi

Memarlıq doktoru,

AMEA-nın müxbir üzvü

GİRİŞ


Genetik kökləri tarixin dərin qatlarına gedib çıxan yeraltı sərdabə və uca yerüstü tutumdan qurulan yığcam planı, vertikal kompozisiyası, dinamik bayır quruluşu ilə seçilən qülləvari türbələr XI - XII yüzillikdə Azərbaycan memarlığında üstün yer tuturdu. Təxminən 850 il bundan əvvəl Orta əsr Müsəlman Şərqinin böyük memarı, Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı memarlıq abidələri həmin dövr müsəlman memarlığının inkişafının zirvəsi səviyyəsinə yüksəlmiş, özündən sonrakı memarlığın formalaşmasına həlledici təsir göstərmişdir. Quruluş və formaları harmoniyanın əbədi canlı qanunlarına əsaslanan Əcəmi memarlıq nümunələri öz ilahi gözəlliyinin cazibədar qüvvəsini áu göí äÿ áèçÿ íöìàéèø åòäèrèr.

Yaddan çıxarmaq lazım deyil ki, Əcəmi kimi dühaların yetişməsi zəminsiz ola bilməz. X əsrin sonu XI əsrin əvvəllərində Məlikşah zamanında Azərbaycan Səlcuqların qurduqları qüdrətli bir imperatorluğun tərkibində idi. XII əsrdə isə həmin soydan olan Eldənizlər Azərbaycanda qüdrətli bir dövlət yaratdılar.

Bu dövrdə mədəniyyət və elmin bütün sahələrinin inkişafı üçün əlverişli şərait yaranır, şəhərsalma, memarlıq və eləcə də tətbiqi və təsviri incəsənət xeyli inkişaf edir. Yabançı dil və mədəniyyətlərə məğlub olmayan türklər uzun müddət davam edən iman savaşları ilə böyük ölçüdə yüksək bir mədəniyyət qurmuşdular.

Klassik dönəm dediyimiz bu dövrdə İslam aləmi çox canlı elm və düşüncə həyatının parlaq olduğu bir dünya idi. İlahi sənəti, bu sənətdəki bəlli gözəllikləri anlamaq, varlığımızın əsasını təşkil edən maddi və mənəvi dəyərlərdəki harmonikliyin, gözəlliyin kamalla, kamalın da gözəlliklə qucaqlaşdığı bir sehr dünyası idi. Bu dövrdə mənbəyini iki ana qaynaqdan:- maddi qaynaq olan elmdən və mənəvi qaynaq olmaqla islamın fəzilət və əxlaq ölçülərindən alan islam mədəniyyəti, əski mədəniyyətlərin yüksək yönlərinin inkişafına səbəb olan ən böyük elm və kəşf üfüqünü açmışdır.

Həyatın hər sahəsini içinə alan bir həyat nizamı olmaqla özündən əvvəlki mədəniyyətlərin əksinə olaraq insanların yaşadıqları hər dövrdə yüksək səviyyədə rahatlıq və xoşbəxtlik bəxş etmiş ilahi vəhyin gerçəkləşdirdiyi elmi araşdırmalar yeni bir mədəniyyət dünyası ortaya çıxarmışdır. «Tarixi hadisələrin təsiri ilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan» [66. s.5] Azərbaycan bir Şərq İslam məmləkəti olmaq yzrə bu işdə çox mühüm rol oynamışdır. Türk olmaları etibarı ilə azərbaycanlılar orta əsr Müsəlman Şərq intibahı mədəniyyətinə qaynağını türk-islam sintezindən alan əvəzsiz incilər bəxş etmişlər.

Əcəmi memarlığının təşəkkülü dövründə bu inciləri bəxş edənlərin içərisində Orta əsr Müsəlman Şərqi bədii-estetik, elmi, fəlsəfi fikirlərin dahi nümayəndələri Xəqani Şirvani, Əbülhəsən Bəhmənyar, Şihabəddin Mərağai, Nizami Gəncəvi, Şihabəddin Yəhya Sührəvərdi, Eynəlqüzat Miynəci və b. müstəsina yer tuturdular. Canlılığını və parlaqlılığını beş əsr qoruyan bu dünya müasir dövrə əvəzsiz miraslar qoyub getmişdir.

Belə bir şəraitdə özünü arayan türk millətləri XII əsr Azərbaycan intibahının böyük insanını dünyaya bəxş etdi. Əcəmi deyə anılan bu insan istedadını öz dövründə mərkəzi yer tutan harmoniya ideya təliminin əzəli və əbədi qanununa yönəldərək şəkilləndirib, orta əsr Müsəlman Şərqində bir ulduz kimi parlamışdır. Həyat, varlıq və ilahiyyatın bir çox məsələləri haqqında dövrünün fəlsəfi görüşlərinin ifadəçisi olan bu dahi sənətkarın sənətinin mayası əbədiyyətdir.

Gedişatın gerçəklərini düşünən, yaradıcı olan Allahu - təalanın sənətinin incəliklərinə və qüdrət əlamətlərinə görə bilən bu mütəfəkkir bütün hallarda tükənməz bir sevgi ilə Allahı anmışdır. Antik və orta əsr müsəlman Şərq filosoflarının zəngin irsindən bəhrələnib öz sələflərinin təlimlərini inkişaf etdirərək yeni bir sistem yaradan dahi memar, orta əsr Azərbaycan intibahının bu dahi nümayəndəsi Fərabi, İbn Sina, Biruni, Bəhmənyar kimi zamanının ən böyük ensiklopedisti olmuşdur.

Əcəmi özündən əvvəlki antik və müsəlman filosoflarının mülahizələrini yenidən işləyib memarlıq formaları şəklində şəkilləndirmiş, keyfiyətcə yeni bir zirvəyə qaldırmışdır.

Əcəmi dövründə zamanın ən böyük enisklopedisti olan dahi filosofların bilik dairəsinə rəngarəng və bir-birindən fərqli fənlər daxil idi. Cəbr və dialektika, həndəsə və sofistika, kimya və ritorika, məntiq və təbiət, astronomiya və stilistika, coğrafiya və astrologiya, tarix və mifologiya və s. Sənətkarın yaradıcılığında bir - birinin içərisinə hopmuş bu müxtəlif ünsürlər bütöv bir şəkildə təzahür etmiş, bu isə orta əsr müsəlman Şərq intibahının nadir incilərinin - memarlıq əsərlərinin meydana çıxması ilə nəticələnmişdir.

Bu şəkillənmə, quruluş, bu var oluş məsələsinin özünü yaxşı düşünüb , idrakımızın və biliyimizin yetdiyi qədər dərk etməyə çalışsaq, bunun nə qədər dərin, müxtəlif elm sahələri ilə əlaqəli olduğunu qətiyyətlə anlarıq. Bəşəriyyətin bilgi və idrak dairəsinə girən elm və fənlərin bu şəkillənmə ilə əlaqəli olduğunu təsvir etdikdən sonra hələ kəşf edilməmiş adları bəlli olmayan neçə gizli elmin bununla əlaqəli olduğunu etiraf edərik. Halbuki "Bu həqiqi ağıl nəzəri düşüncə ilə bilinməz. Bəlkə bu fənn ilahi kəşf yolu ilə anlaşıla bilər və ruhlarına takılan aləm surətlərinin əsli bundan bəlli olar"[80. s. 23].

“İnsanlar üçün bilik hansı səviyyədə olursa olsun, yenə də açılmayan və Allah bilgisinə həvalə edilməsi gərəkən gerçəklərin heç bir zaman tükənməyəcəyini, məhsulların var olacağını bilmək və etiraf etmək bəşər elmi üçün böyük bir olğunluq və insanlığın qayəsi üçün böyük bir xeyir demək olduğu anlaşılır. İlahi elm bütün varlığın üzərində bərqərar olduğu əzəli bir elmdir. Elmin rütbəsi bütün rütbələrin üstündədir. "Çünki, elm məluma tabedir... Mümkün varlıqlar yoxluqdakı əsilləri üzərində sabitdirlər" [80. s. 109].

Araşdırma obyekti seçdiyimiz Əcəmi sənətində göstərdiyimiz kimi elə işarələr var ki, onları uzun-uzadı araşdırdıqdan sonra mənaları sezilməyə, sonra da onların inkişafı ilə gerçək mənaları anlaşılmağa başlayar.

Bu nəhəng simanın yaradıcılığının həqiqi önəmini və mənasını yaxşı düşünsək görərik ki, əsərlərinin mənası haqdır. Haqq olan hər hansı bir şey özünü birbaşa və dolayı yolla göstərir.

İstər dış, istər iç dünyaya dərindən vaqif olmaq yolu ilə əldə olunan bilik bir sıra dəlillərə əsaslanan nəzəri bilikdən üstündür. Həqiqi elm sahibi olanlar, bütün peyğəmbərlər, böyük alimlər onun birliyinə inanan məşhur filosoflar şahidlik edirlər.

Bu çağda yaşı bilinməyən Eldənizlərin paytaxt şəhərlərindən biri olan Naxçıvan öz tarixinin ən zəngin mərhələsini yaşamış, təkcə Azərbaycanın deyil, yaxın Şərqin məşhur mədəniyyət və memarlıq mərkəzlərindən birinə çevrilmşdir. Orta əsr harmoniya ideya təliminin görkəmli nümayəndələri, enisklopedik bilikli Naxçıvan memarları müxtəlif üsullar yaratmış və tətbiq etmişlər. Həmin dövr elmi və memari biliklərin nəticəsi olan özlərinin təkrarsız biçimi və gözəlliyi ilə elm və incəsənət nümayəndələrinin diqqətini zaman-zaman özünə cəlb edən Əcəmi memarlıq nümunələri haqqında müxtəlif fikirlər bir çox elmi mənbələrdə öz əksini tapmış, müxtəlif elmi baxışların meydana gəlməsinə səbəb olmuşdur. Hələ XIX əsrin əvvələrində Naxçıvanda olan fransız səyyahı Düba de-Monpere Möminə xatun türbəsinin kitabələrini Peterburqa göndərmiş, N. Xanıkov, M. Delafua və başqa alim, şərqşünas və səyyahlar abidələr haqqında maraqlı fikirlər söyləmişlər.

Şərq memarlıq sənətinin şah əsəri olan Möminə xatun türbəsinin ilk ətraflı elmi tədqiqi XIX əsrin sonuna aiddir. 1897-ci ildə Naxçıvana gələn Alman memarı E. Yakobstal abidəni hərtərəfli tədqiq etmişdir. Öz tədqiqatını 1897-ci ildə Almaniyada kitabça şəklində nəşr etdirən Yakobstal bu əsərində Yusif Küseyir oğlu türbəsi haqqında da məlumat vermişdir. Naxçıvan abidələri haqqında hələ o zaman qərb mənbələrində məlumat verilməsi bu abidələri məşhurlaşdırmış, bir çox Şərqşünas və alimlərin diqqətini özünə cəlb etmişdir. 1939-1940-sı illərdə Əcəmi əsərləri bir qrup memar tərəfindən tədqiq edilmişdir. Əcəmi sənətinin öyrənilməsi sahəsində materiallar içərisində L.Bretanitskinin, K. Məmmədzadənin, Ə.V. Salamzadənin,C. Qiyasinin əsərlərini qeyd etmək olar. Uzun illərdən bəri tədqiq edilən qədim və orta əsr harmoniya ideya təlimi materiallarına əsaslanan araşdırma nəticəsində aydın olur ki, Əcəmi memarlıq abidələrinin quruluşları kainat və onun hissələrinin- cansız və canlı təbii varlıqlırın quruluşları ilə eynilik təşkil edir. Biz də kainatın harmonik quruluşu olan, harmoniya nəzəriyyəsinin memarlıq formaları şəklində maddiləşən Əcəmi yaradıcılığının araşdırılmasında bu prinsipə əsaslanmışıq.

Antik dövrdən başlayaraq harmorniya ideya təliminin böyük nümayəndələri Aristotel, Platon, Evklid, M. Vitruviy, Əl Qəzali, İbn Sina, Əl Fərabi, Əl Xarəzm, Ə. Bəhmənyar, N. Gəncəvi, Y. Sührəvərdi, İbn Haldun, İbn Ərəbi irsindən faydalanmış, son dövrlərdə harmoniyanın müxtəlif problemlərinə həsr edilən çoxsaylı elmi ədəbiyyatlardan geniş istifadə etmişik:

1. Avropa; G. Veyl, Violle-le-Dyuk , M. Qik , L.Y. Lauer, Massel, L. Karbuzye.

2. Orta Asiya; N. B. Baklanov, M.S. Bulatov, E. İ. Qaqanov, P. Ş. Zahidov, L. İ. Rempl

3. Rusiya; İ. Ş. Şevelyev, A. B. Şubnikov, A. K, Konçik.

4. Türkiyə; D. Tuna, Erol Güngör, Doğan, M. Ərsoy, O. Aslanapa, S. Aydın, E. H. Yazar, M. Xəlil.

4. Azərbaycan. L. Bretanitski, S. Dadaşov, C. Qiyasi, X. S. Məmmədov, Q. M. Əlizadə, K.M. Məmmədzadə, N. Rzayev. Ə.V, Salamzadə, M. Ə. Rəsulzadə.

3. İran; Bəxtiyar, Ərdalan. S. H. Nəsir, H. Zəmərşidi.


TƏBİƏTDƏ VƏ MEMARLIQDA HARMONİYA



1. Harmoniya və bütövlük

Varlıqlar içərisində ən şərəfli, ən gözəl və üstün canlı olan, müşahidəsi, iradəsi, dərin zəkası və mükəmməl fiziki quruluşu ilə seçilən insan oğlu minilliklər boyu başdan - başa möcüzəli aləmin dərkinə çalışmış, araşdırmalar aparmış, çoxsaylı fərziyyələr, nəzəriyyələr ortaya çıxarmış, durğun və hərəkətsiz qəbul etdiyi kainatın dinamik və hərəkətli olduğunu anlamış, əlaqəsiz görünən bütün varlıqların əslində bir harmonik qanuna tabe olması nəticəsinə gəlmişdir. Müasir struktur nəzəriyyəsinin əsasını qoymaqla riyaziyyata bir yenilik gətirən M. F. Ramsey kainatda qeyri - mütəşəkkilliyin mümkün olmadığını göstərmiş, sonsuz müxtəlif ədədlər və nöqtələr çoxluğunun yüksək nizamlılıq prinsipinə malik olduğunu riyazi cəhətdən əsaslandırmış, beləliklə müəyyən etmişdir ki, istənilən struktur çox böyük dəqiqliklə yüksək nizamlılığa- harmonik qanunauğunluğa malikdir [56 s. 71].

Bu dünyanın harmoniya adlı əzəli və əbədi bir qanunu mövcuddur. Bütün canlı və cansız, şüurlu və şüursuz varlıqlar bu qanuna - harmoniyanın vahid qanununa tabedir.

Bəşər mədəniyyətinin antik nümunələrinin yaranması ilə başlanan orta əsr Müsəlman Şərqində mərkəzi yer tutan harmoniya ideya təlimi son dövrlər araşdırıcıların diqqətini daha çox cəlb edir. Orta əsrlərdə yaradılan mədəniyyət və incəsənət əsərlərinin harmonik quruluşu bütün dövrlərdə olduğu kimi müasir dövrdə də insanı heyran edir, düşündürür.

Heraklit göstərir ki, "harmoniya əkslikdir". Harmoniya bu ucsuz-bucaqsız kainatın hər yerində hökm sürür, təbiətdə hər şey harmoniya qanunu ilə idarə olunur. Kökü antik şumerlərə və qədim Misirə dayanan harmonik ideya təlimi bəşəriyyətin bütün tarixi ərzində görkəmli mütəfəkkirlərin diqqət mərkəzində olmuş, onlar daim bu mürəkkəb və sirli aləmin harmoniyasının dərkinə çalışmışlar. Qədim Yunan fəlsəfəsinin böyük mütəfəkkirləri Pifaqor, Aristotel, Poliklit fəlsəfəsi bu qanun üzərində qurulmuşdur. Orta əsr Müsəlman Şərqində harmoniya ideya təlimi mərkəzi yer tutmuş, İbn Sina, Əl Biruni, Əl Bağdadi, Əl Xarəzm, o cümlədən Nizami, Bəhmənyar, Nəsirəddin Tusi, Füzuli və b. kimi dahi Şərq ensiklopedistləri tərəfindən inkişaf etdirilərək ən yüksək zirvəyə çatdırılmışdır. "Göyün və yerin yaradılmısında, gecə ilə gündüzün ardıcıl gəlməsində ağıl sahiblərinə şübhəsiz dəlillər vardır. Onlar ayaq üstə duranda da, oturanda da, yatanda da Allahı anarlar. Göylərin və yerin yaradılmısını düşünərlər" [63. s. 74].

Harmoniya üçün ayrı bir elm sahəsi yoxdur. Təbii canlı və cansız varlıqlar, ta qədimdən günümüzə qədər yaradılan mükəmməl memarlıq və incəsənət əsərləri harmoniyanın əbədi canlı qanununa tabedir. Elmi qanunlar həmişə müxtəliflikdə vahidlik axtarıb tapan harmonik prinsiplərdir, tamın harmoniyası- kainatın harmoniyasıdır. Beləliklə, ümumilikdən xüsusiliyə, makroaləmdən mikroaləmə, tamdan onun hissələrinə keçməklə, harmoniyanın təyini və dərki, hissələr arasında əlaqənin təyinindən və dərkindən asılı olur. Deməli biz harmoniyanın dərki üçün əksiliklər cütünün- ümumiliklə xüsusiliyin, mütləqlə nisbiliyin, eyniliklə müxtəlifliyin, müsbətlə mənfinin və s. vahidliyinin anlamına gəlirik: Zira Allah varlıqları və həyatı dəyişim- dönüşüm, gəlişmə-təkamül qanunlarına (gedərək bir nöqtəyə ulaşma) bağlamışdır. Allah hər şeyi cütlər halında yaratmış, dəyişim və dönüşümü, dolayısı ilə təkamülü kainatın işləyişində təməl bir prinsip qılmışdır. "Kainatın xamuru içində bu zitlərin birliyi ilə sürəkli ətkiləşməsi nəticəsində dəyişimə bağlı təkamül və dinamiki dəngə saxlanılır. Kainatdakı nizam və intizam, ekolocik dəngə, zitlərin birliyi ilə qarşılaşması nəticəsində ortaya çıxır" [51.s .400].

Müasir şəraitdə praktiki məsələlərin həlli ilə əlaqədar olaraq elmi fikirlərin diferensiallanması başlamış, təbiətin vahid dərki ayrı-ayrı elm sahələri arasında paylanmış, nəticədə elm məlum uğurlar qazanmışdır.

Qədim yunanlara görə harmoniya vahid tamı təşkil edən müxtəlif hissələrin mürəkkəb, incə, çoxsahəli əlaqəsidir. Tam və onun hissələri arasında əlaqələr müəyyən olduqdan sonra harmoniya dərk oluna bilər. Bu da təbiətin fundamental məsələsi olan əksiliklər cütünün dərkidir ki, bunlar ümumi -xüsusi, mütləq-nisbi, eynilik-müxtəliflik və s. olmaqla üç növə ayrılır. Fiziki kateqoriyalar olan hərəkət və sükunəti də buraya daxil etmək olar. Sükunət- hərəkətin xüsusi halıdır.

Əksiliklər cütü tərkibinə daxil olan tam və hissələri arasında əlaqə hərəkət və sükunət arasında olan əlaqə kimidir. Bu mənada tam və onun hissələri arasındakı əlaqə mürəkkəb problemdir. Əksiliklərin dərki başlanğıcların, başlanğıcların dərki isə harmoniyanın dərkidir. Fundamental məsələlərin həlli üçün mütləq bu başlanğıca qayıdılır. Bu başlanğıca söykənmədən harmoniya problemi həll edilə bilməz. İstənilən sistemin bütövlüyü və daxili tamlığı konstruktiv olaraq hissələrin dayanıqlığı və tarazlığından asılıdır. Harmoniyanın kateqoriyaları arasındakı əlaqələrin təyini sistemin dayanıqlığının və tarazlığının müəyyən olunması ilə nəticələnir.

Bütövlüyün mahiyyətini açmaq, onun harmoniyasını araşdırmaq üçün araşdırıcının əlində hər şeydən əvvəl təbii silah olmalıdır. İnsan təbiətin hissəsidir. Onun həyat və fəaliyyəti təbiətin idarə olunduğu əbədi və əzəli harmoniya qanunudur, insanın təbii silahı onun özüdür, özünü dərkidir. Harmoniyanın (gözəllik) qanunlarının mənimsənilməsi yaradıcının universal proqramı ilə bu qanunlar əsasında yaranan və özü mikrokosmos olan insanın özünün dərkinə gətirib çıxarır. Dərketmənin də yeganə yolu kainatı idarə edən vahid harmoniya qanunlarının - mütənasiblik, simmetriya, ortaq ölçülülük, həndəsi oxşarlıq qanunlarının mənimsənilməsidir. Bu prinsiplər harmoniyanın riyazi anlayışlarıdır.

Müasir dövrdə keçmişin ənənəsinə söykənən G. Veyl nəzəriyyəsi araşdırmanın müasir ideya isitqamətini təyin edir. "Bu istiqamət əsatir yaradıcılığını, dili, musiqini, riyaziləşdirir. Buradan bəşəriyyətin ən dərin və canlı şüur formasının yaranması ilə ifadə edilən harmoniya coşur" [79. s.340].

Təbiətşünaslıq və fəlsəfənin tarixi ərzində əksiliklər cütü arasında əlaqələrin izahı problemi daim araşdırıcıların diqqət mərkəzində olmuş, onlar göstərdiyimiz başlanğıca söykənən harmoniya problemini elmi üsullarla izah etməyə çalışmışlar.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə