Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq


Mütənasiblik sisteminin seçilməsi



Yüklə 1,1 Mb.
səhifə5/6
tarix25.11.2017
ölçüsü1,1 Mb.
#12388
1   2   3   4   5   6

2.Mütənasiblik sisteminin seçilməsi

Əcəmi türbələrinin memarlıq formalarının quruluşunu aça bilsək orta əsr intibah dövrü memarları, onların yaratdıqları memarlıq formalarında məharətli həndəsi əməliyyatlar, ümumiyyətlə intibah mərhələsində memarlıq məktəbi haqqında fikir yürüdə bilərik. Həlli o qədər də asan olmayan bu fundamental məsələ, türbələrin özlərinin təşəkkül tapdığı vahid harmoniya ideya təlimi ilə açıla bilər.Türbələrin xarici forması, onların harmonik quruluşunun açılması üçün hansı mütənasiblik prinsipinin tətbiqini aydınlaşdırır. Yusif Küseyir oğlu türbəsinin planda səkkizbucaqlı və Möminə xatun türbəsinin planda düzgün onbucaqlı formaya malik forması araşdırma yolunu- abidələrin ən kiçik elementindən başlayaraq özünə kimi memarlıq formalarının təşəkkül qanununu müəyyən edir ki, bu da Yusif Küseyir oğlu türbəsinin quruluşunun kvadrat və bu mənbədən yaranan mütənsiblik sistemi ilə, Möminə xatun türbəsinin quruluşunun isə ilahi mütənasiblik qanunu olan Qızıl bölgü mütənasiblik prinsipi ilə müəyyən olunmasını göstərir. Dövrün məlum texniki əməliyyatları: - «Əlverişli həndəsi əməliyyatlar nəzəriyyəsi» isə həndəsi qurma üsulunu göstərir (Türbələrin kəsikləri, yeraltı və yerüstü hissələrin planları).



3. Əcəmi türbələrinin memarlıq bəzəyində harmoniya prinsipləri

Əcəmi türbələri üzərində son dərəcə mürəkkəb quruluşlu, müxtəlif növlü həndəsi ornamentlər vahid harmoniya qanununa tabe olmaqla tam bir sistemdir. Hər hansı bir tam bir neçə qrup birləşməsindən əmələ gəldiyi üçün həndəsi ornamentlərin quruluşu da müxtəlif mütənasibliyə malik sistemlər ilə müəyyən olunur. Son nəticədə xətlərin harmonik birləşmələrinin məhsulu olan bu bəzək 1sistemlərinin qurulmasında riyazi qanunauyğunluğu Nizami Gəncəvi belə ifadə etmişdir:

On naxış vursa da bir nəqqaş əgər,

Əsas bir cizgidən sanma əl çəkər.

Bir cizgi naxışdan çıxarsa kənar.

Başqa cizgilərdə bütün pozular.

Kimsə bir xətt üzrə doğru getməmiş,

Ancaq ki, doğruluq hələ itməmiş.

Mən ki, incə xəttlər ölçən rəssamam,

Kənara çıxmaram sanmayın tamam(21.s. 31)


Həndəsi ornamentlər sonsuz strukturlar sinifinə aiddir. Bu səbəbdən də onların analizi haqqında çoxlu fikirlər mövcuddur. Bütün hallarda olduğu kimi ornamentlərin analizində biz ümumi harmoniya qanunlarına, simmetriya və həndəsi mütənasiblik prinsiplərinə əsaslanacağıq.

Ta qədimdən günümüzə qədər gəlib çatmış həndəsi ornamentlərin qeyri adi zənginliyini ilk dəfə Y. S. Fyodorov tərəfindən irəli sürülən 17 mümkün qəfəs qrupu aşkar etməyə imkan verir. [39. s. 81]

Müstəvi elementlərinin simmetrikliyini isə dörd mümkün əməliyyat tamamilə müəyyən edir:

1. Köçürmə simmetriyası. Ox simmetriyası xassəsinə malik olan bu əməliyyat ornamental müstəvi üzərindəki ox istiqamətində yerinə yetirilir.

2. Güzgü simmetriyası. Burada simmetriyanı güzgü həyata keçirir. Qeyd etmək lazımdır ki, güzgü anlayışı nisbidir. "İstər təbiətdə şəffaf göl olsun, istər adi güzgü, fərqi yoxdur, ümumiyyətlə bu anlayış altında təsvirləri inikas edən nə varsa başa düşülür". [3. s. 48]

3. Fırlanma simmetriyası. Bu halda simmetriya elementi qeyd olunan hər hansı bucaq qədər dönür.

4. Sürüşmə simmetriyası. Belə simmetriya müstəvisi iki simmetriya elementinin- simmetriya müstəvisi və köçürmə oxunun birlikdə təsiridir.

Göstərilən simmetriya əməliyyatları assioassivlik qanununa tabe olan cəbri struktur əmələ gətirir. Əməliyyatların hər birini ardıcıl olaraq A B C D ilə işarə etsək o halda

(A+ B) + C=B +(A + C),

şərti ödənir.

Bu o deməkdir ki, həndəsi ornamentlərin simmetriya əməliyyatları bir-birinə qaynayıb-qarışan vahid sistem əmələ gətirir. Biz həndəsi ornamentlərin qurulması üçün artıq aydınlaşdırdığımız üç növ mütənasiblik sisteminin- kvadrat, düzgün altıbucaqlı və qızıl bölgü mütənasiblik sistemlərinin həndəsi olaraq əmələ gəirdikləri ornamental qəfəsin qurulması ilə başlayırıq. Uyğun olaraq ornamentləri aşağıdakı kimi qruplaşdıraq:

1. Kvadrat və bu kökdən yaranan mütənasiblik sisteminə daxil olan həndəsi ornamentlər.

2. Düzgün altıbucaqlı və bu kökdən yaranan mütənasiblik sisteminə daxil olan həndəsi ornamentlər.

3. Kvadrat və düzgün altıbucaqlı sistemlərin birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə daxil olan həndəsi ornamentlər.

4. Qızıl bölgü - İlahi mütənasiblik sisteminə daxil olan həndəsi ornamentlər.

Qeyd etmək lazımdır ki, həndəsi naxışların əmələ gəldiyi düzgün çoxbucaqlılar sistemi ilə ilin günləri arasında müəyyən qanunauyğunluqlar var. Biz ilin günlərinin bəzi sayları ilə göy cisimlərinin fırlanması arasında əlaqəni araşdırmanın prinsipal ideyası kimi qəbul edəcəyik.

6 ədədi. Başqa təkallahlı dinlərdə olduğu kimi islamda da dünyanın yaranması günlərinin sayını göstərir.

7 ədədi. Nöqtə fikri - heksaqon (düzgün altıbucaqlı) və onun mərkəzidir, 7 göy cisimi və onların simvolik formaları arasında əlaqəni göstərir [95.s. 58].

3 ədədi. Qədim və orta Şərqdə dünyanın mifoloci quruluşu formalaşmış, 3 ədədinin xüsusi məna kəsb etmişdir: Dünyanın quruluşu haqqında təsəvvür, yerüstü dünya - torpaq (insanlar dünyası), yeraltı dünya ( axirət dünyası), göy aləmi (allahlar dünyası). [96. s. 259] Bu üç istiqamətlə müəyyən olunur: yuxarı, aşağı, orta. Zaman aspektində: Keçmiş, indiki, gələcək zaman .

Çevrə. Əgər biz ilin günlərinin dövretməsini çevrə şəklində təsəvvür etsək, o zaman ilin başlanıb qurtarma dövrü olmaq etibarı ilə martın 21-dən 21-nə olan bir dövrü əhatə edir, ən uzun və ən qısa gecə də iyunun 21-dən, 21-nə olan dövrü əhatə edir.

Beləliklə, bütün kainatın quruluşunu müəyyən edən fundamental dualizm qanunu burada da həlledici rol oynayır [94 .s.246].

Kvadrat. Yaz, yay, payız, qış simvolik olaraq kompasın nöqtələri ilə əlaqələnir. Bundan başqa dörd ədədi dörd ünsürü də ifadə edir :- torpaq, od, su, hava. Bu elementlər əsasında dünyanın modelini təyin edən semantik əksliklər sistemi formalaşır [97. s. 143]. Başqa dinlərdə olduğu kimi İslamda da kvadrat yerin simvoludur.

12 ədədinə iki skalyar ədədin hasili kimi baxmaq olar- 3x4. Bu mənada 12 ədədi 3 və 4 ədədlərinə aid olan bütün xüsusiyyətləri özündə əks etdirməklə onlar arasında əlaqəni göstərən və kainatı ifadə edən ümumi prinsipdir. [98 s. 153]

Beləliklə biz 3, 4, 6, 12 olan və bir-biri ilə əlaqələnən ədədlər sırası alırıq. Ornamentlərin əmələ gəldiyi düzgün həndəsi fiqurlar kainatın fəza - zaman varlığının arxaik ideyalarının ifadəsidir. Həndəsi formalarda fəza-zaman ritmi düz xətlər və intervallar şəklində verilir.

Beləliklə, Əcəmi türbələri və Gülüstan türbəsinin memarlıq formaları və naxışlarının quruluşlarının qarşılıqlı müqaisəli təhlilindən aşağıdakı nəticələrə gəlmək olar:

1.Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşu kvadrat və bu mənbədən yaranan həndəsi mütənasiblik sisteminə, naxışlarının quruluşu isə kvadrat, düzgün altıbucaqlı və onların birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə əsaslanır.

2. Gülüstan türbəsinin memarlıq quruluşu kvadrat, düzgün altıbucaqlı və bu mənbədən yaranan həndəsi mütənasiblik sistemlərinin birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə, naxışlarının quruluşu isə kvadrat, düzgün altıbucaqlı və onların birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə və qızıl bölgü mütənasiblik sisteminə əsaslanır.

3. Möminə xatun türbəsinin memarlıq quruluşu «qızıl bölgü» mütənasiblik sisteminə, naxışlarının quruluşu isə kvadrat, düzgün altıbucaqlı və onların birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə və qızıl bölgü mütənasiblik sisteminə əsaslanır.

Beləliklə, Möminə xatun və Gülüstan türbəsinin memarlıq formalarının alınmasında mütənasiblik sistemlərinin hamısı, Yusif Küseyir oğlu türbəsinin memarlıq formasının alınmasında isə yalnız kvadrat, düzgün altıbucaqlı mütənasiblik sistemləri iştirak edir.

MÖMİNƏ XATUN TÜRBƏSİNİN MEDALYONLARI HAQQINDA

Möminə xatun türbəsinin interyerində, daxili ğünbəzin səthində diametrləri təxminən 1,5 m olan dörd medalyon qalmışdır. 1939-40-cı illərdə medalyonların tədqiqi məqsədi ilə onlardan birinin fotoşəkli çəkilmiş, Naxçıvan abidələrinə həsr olunmuş oçerkdə dərc olunmuşdur. Müəlliflər yazırlar: «Türbənin interyerinin yeganə bəzəyi kitabələr və ornamentlə örtülmüş dörd böyük medalyondur. Planın qarşılıqlı perpendiqulyar oxları üzərində yerləşən bu medalyonların hərtərəfli öyrənilməsi, onların üzərindəki kitabələrin oxunması və eləcə də ornamentlərin təhlili, şübhəsiz abidənin tarixini aydınlaşdıran əlavə materiallar verməlidir [100. s. 238].

Bu medalyonların kitabələrini oxumağa cəhd göstərmiş qocaman epiqrafçı Ə. Ələsgərzadə yazır: «Girdə günbəzin daxili səthində dörd iri medalyon var. Bu medalyonlar günbəzin şimal-şərq, cənub-qərb, və şimal-qərb tərəflərində yerləşdirilmiş və daxili ornamentlə doldurulmuşdur. Medalyonların daxilində hər hansı bir kitabənin varlığını çəkilmiş fotolara əsasən müəyyənləşdirmək mumkun deyildir» [101. s. 319].

1956-cı ildə müəyyən olunmuşdur ki, medalyonların birində xəlifələrin adları şifrələnmişdir. Bu medalyonlardan birinin quruluş sxemi memar T. Bağırzadə tərəfindən qrafiki surətdə təhlil olunmuşdur [102. s. 63-64].

128 il keçdikdən sonra Möminə xatun türbəsinin medalyonlarının quruluş prinsiplərini təkrar edən Sultaniyyə medalyonları beşguşəli ulduz formasında Məhəmməd peyğəmbərin adı təsvir olunmuşdur. Olcutay türbəsinin medalyonlarının oxunması kitabələri kufi xətlərlə şaxələnən nabati ornamentlər olan Möminə xatun türbəsinin medalyonlarının dördünün də oxunması üçün bir vasıtə olmuşdur.

1. Bitgisəl ornamenti xatırladan birinci medalyon spiralvari şəkildə cevrıə daxilinə çəkilən düzgün səkkizbucaqlı formada qapanaraq Məhəmməd peyğəmbərin(s.ə.s) sözünü 16 dəfə təkrar edir.

2. Birinci medalyondan fərqli olaraq ikinci medalyon cevrə daxilinə çəkilən bir ədəd düzgün beşbücüqlıdan və bir ədəd beşguşəli ylduzdan təşkil olunmuşdur. Çox maraqlıdır ki, cevrə daxilinə çəkilən düzgün çoxbucaqlının tərəfləri Məhəmməd peyğəmbər (s.ə.s) sözünü, beşguşəli ulduzun tərəfləri isə ardıcıl olaraq dörd xılifinin - Əbubəkr, Ömər, Osman, Əli sözünü ifadə edir. Burada «Ömər» sözü altı dəfə təkrar olunmuşdur.

3. Hər iki medalyondvn fərqli olaraq ücüncü medalyon həndəsi xarakterini özündə daha çox əks etdirir. Kompozisiya çevrə daxilinə çəkilə düzgün səkkizguşəli ulduz formasındadır. Aydınlaşdırılmışdır ki, Məhəmməd peyğəmbər (s.ə.s) və dörd xəlifədən əlavə olaraq ikinci və üçüncü imam olan Həsən və Hüseyinin də adları yazılmışdır. Səkkizinci adı müəyyənləşdirmək hələlik mümkün olmamışdır.

3. Kompozisiyasına görə medalyona daha yaxın olan dördüncü medalyon cevrə daxilinə cəkilən düzgün altıguşəli ulduzdan ibarətdir. Burada Məhəmməd peyğəmbərin (s.ə.s) adı dörd dəfə təkrar olunmuşdur. Dörd xəlifənin hər birinin adı isə iki dəfə təkpar olunur

Medalyonların koipozisiyalarının hamısının mərkəzində «Allah» sözü yerləşdirilmişdr.

Günəş və planetlərin rəmzi olan bu darəvi xonçalar «əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir» [22.s.97]

Medalyonların quruluşunun, bütün mürəkkəbliyini dərk etməyə imkan verən kitabələrin daha mükəmməl tədqiqi, sirri hələ tam açılmayan Əcəmi Naxcıvaninin memarlıq formalarının araşdırılmasına mühüm tövhə ola bilər.


ƏCƏMİ YARADICILIĞININ ELMİ FƏLSƏFİ MAHİYYƏTİ
1. Əcəmi yaradıcılığında təsəvvüf
Əcmi Naxçıvaninin yaradıcılığı, həm yaratdığı yeni memarlıq canrı, həm bu canr ilə ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünə məxsus memarlıq üslubu, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş, qüdrətli təsvir, həm təsadüfə yer verməyən, dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrvyışlı fəlsəfə: - vəhdəti vücud (tək varlıq) nəzəriyyəsi ilə, eni boyu ölçülməyən, ucalan bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Əcəmidir.

Əcəmi sənətində Şərqin bəlkə də heç bir filosofuna nəsib olmayan bir fikir nizamı var. Bu nizam, başqa bir ifadə ilə desək bu sistem incəliklərinə varılsa ahəngdar bir ideologiya bir dünyagörüş sistemindən ibirətdir. Elə bir sistem ki, səkkiz yüz il əvvəl düşünülmüş olmasına baxmayaraq yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir. Tədqiqatımızın bir hissəsi bu sistemin ana xətlərini aydınlaşdırmığı yönəlir.

Araşdırmanı iki istiqamətdə: Şərq və Qərb fəlsəfəsi fikri baxımından aparlımasını məqsədəuyğun hesab etmişik.Məlumdur ki, Şərqdə fəlsəfənin təməl prinsiplərini təşkil edən qədim Hind, Misir, Asur, Babil, İran, İbrani, Çin fəlsəfələrini mənimsəmədən ilahi sənəti dərk etmək olmaz. Şərq fəlsəfəsinə görə təfəkküpün hərəkət nöqtəsimaddə və qüvvə olmaqla bərabər bunların elmi və fənni mahiyyətinə girişmədən əzəli və əbədi keyfiyyətinə təmasla vacib və vəhdət nöqtəsində qərar qılır. O zaman Təsəvvüfün əsasları qurulmuş olur.

«Nə sirridi qeyibdən olubdu peyda?1

Onu dərk edən kəs tez oldu şeyda.

O necə məclisdi vəhdət meyindən

Mühit qətrə oldu, qətrəsə dərya?!» [ 81.s. 436]
Qərb fəlsəfəsi bu suala cavab verməyə aciz qalır. Şərq fəlsəfəsinin əsası olan Təsəvvüf düşüncəsi bu suala çox aydın cavab verir. Burada «Mühitin qətrə, qətrəninsə dərya» olması kainatın elementar A rombunun həndəsi təsvirinin özəyində (mərkəz nöqtəsində) kodlaşmasından başqa bir şeü deyildir.

Orta əsr mədəniyyətinin və incəsənətinin fikir və ilham qaynaqlarının başında İslam dini və Təsəvvüf gəlməkdədir. İslamiyyətin zuhurundan iki əsr sonra Ərəbistan, İran və Xorasanda təşəkkül tapmış, sonra İslam dünyasını sarmış bir uca inanc, fikir sistemi və yaşayış tərzidir.

Geniş fəlsəfi anlamda Təsəvvüf islaim mistizmidir, «tək varlıq» (vəhdəti vücud) gorüşüdür. Təsəvvüf birdən-birə doğan və ya tək bir filosofun ortaya çıxardvğı fikir sistemi deyil. Təpədən dırnağa islami olan bu bu düşüncə bir inanışa bağlanıb qalmayan bu zehniyyət eyni millətin, eyni çağların verimi olan bu budaqlar bir gövdədən çıxanları bəlli edən ortaq vəsflərə dayanır.

İslamdan öncəki bir çox əski mədəniyyətlərdən bəhrələnən, uzun zaman içində ağbır-ağır şəkillənmiş minlərlə mütəfəkkirin, şair və dəvrişin ortaq çalışmaları ilə təşəkkül tapmışdır. Buddaçılı və Brəhmançılıq kimi çox qədim Hind dinlərində. Əski Yunan və İsgəndəriyyə fəlsəfəsində Təsəvvüfün qaynaqlarına, görüş və inkişafına rast gəlirik. Bunlardan başqa Türk qaynaqlarında, İran əsatirində, əski Hind hikmətlərində, əski Anadolu düşüncə və simvollarında mənimsənilmiş və artıq «klassikləşmiş» biçimlərlə qaynaqlıq etməkdədir. Ta Orta Asiyadan gətirilən və ya Anadoluda olan hikmətlər və Türk soyunun malı olan dünyagörüşlar Təsəvvüf düşüncəsində izlər buraxmışdır.

Məhəmməd peyğəmbərdən (s.ə.s) təqribən iki əsr sonra müsəlman elm adamları Yunan fəlsəfəsi və qədim dinlərin təsiri ilə yoğrulan bəzi aydınlar ayə və hədislərə yeni bir diqqətlə – Təsəvvüfi məqsədlə bmxmağa başlamış, cəhənnəm qorxusundan çox Allah sevgisi təlqin təlqin surəti ili İslamın əsl mənası üstündə durmuşlar. Nəticədə Təsəvvüf fəlsəfəsi ilə yoğrulan islami görüş çox dərin və hər cür insani yönləri qavranılaraq ələ alınmışdır.

Beləcə kökü yenə də Qurana və peyğəmbərə (s.ə.s) dayanan «zahiri» və «batini» elmlər meydana çıxmışdır. «batini» yolu seçən Mütəsəvvüflər müqəddəs Quranı «sözü» ilə deyil, «özü» ilə anlatmalarını söylədilər. Ayə və hədisləri çox geniş yorumlara bağladılar.

Məlumdur ki, Təsəvvüf düşüncəsi başlıca olaraq altı nəzəriyyə üzərində qurulmuşdur. Tək varlıq, Təcəlli, Əyani sabitə, Eşq, İnsan və Əxlaq.

Əcəmi Naxçıvaninin yaradıcılığının fəlsəfi mahiyyətini Tək varlıq və Təcəlli nəzəriyyələri ilə aydınlaşdırmağa çalışacağıq.


1. Tək varlıq (Vəhdəti vücud).

Çox qədim tarixə malik Təsəvvüfün təməli olan bu nəzəriyyənin doğuş yeri Hindistandır. Elmi ədəbiyyatlarda başlıca mahiyyəti şüur və idrak olan bu nəzəriyyənin «Son şəkli məşhur sufi mütəfəkkiri Mühiddin Ərəbi (1165-1240) tərəfindən qurulmuşdurfikri formalaşmışdır . Əslində isə bu təməlli nəzəriyyənin Orta əsr Müsəlman Şərqində son quruluşu ondan 66 il əvvəl anadan olmuş, 32 yaşında Həmədanda edam edilən məşhur Azərbaycan sufi mutəffəkkiri Eynəlqüzat Miyanəciyə (1099-1231) məxsusdur. Bu nəzəriyyəyə görə varlıq təkdir, birdir. Bu Tək varlıq, mütləq varlıq- Vücudi mütləq olan Tanrının varlığından ibarətdir. Ondan başqa bir valığın olması mümkün deyil. «Mytləq (təsirsiz, qatqısız) varlıq olan Tanrı eyni zamanda «mütləq xeyir», «mütləq gözəllik» dir. Hər şey ziddi ilə bilinir. Bu halda ən üstün və gözəllikdə olan Allahın ziddi də zəruri olaraq «yoxluq» və «çirkinlik»dir. Fəqət bu «yoxluq» və «çirkinlik» əsla müstəqil deyil. Bunlar mütləq varlıq olan tanrının Tanrının yoxluq surətində ifadəsidir.

«Mütləq varlıq» nəzəriyyəsinin üç tərkib hissəsindən (Dalğa, Kölğə, Ayna təşbihləri) birinin:- Kölğə təşbihinin qurucusu İşraqilik (işıq) fəlsəfəsinin banisi məşhur Azərbaycan sufi mütəfəkkiri Şihabəddin Yəhya Sührəvərdidir (1154-1194). Bu təlimə görə işıqlardan və kölgələrdən təşəkkül tapmış bütün mövcüdatın zirvəsində işıqlar işığı (nur əl-ənvar) durur. Bu dünya və kainatda görülən bütün şeylər Allaha nisbət edilərsə var, həqiqərdə isə həyat və kölgə oyunlarıdır. Tək və səbəbsiz olan həmin işıqdan digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlir. Bununla böyük mütəsəvvüf İşraqilik fəlsəfəsində üçlük sistemi (əql, nəfs, cisim) aradan qaldıraraq ikilik sistemin (işıq və qaranlıq) əsəsını qoyur.

Hər nə varsa Tanrıdır. Yoxluq Mütləq varlığın aynasıdır. Yoxluqda görülən Tanrı nurunun əksinə baxaraq onları müstəqil sayırıq.


2. Təcəlli.
İlahi sənəti anlamaq üçün verilmiş elm də hər an dəyişir, hər an yeni bir halda təcəlli edən sirlərində ayrıca bir hikmət gizdədir. Kainatın hər nöqtəsində, hər dəyişən fərqli hissələrində ayrı-ayrı təcəlli edən bir sirli aləm İlahi qanunla idarə olunur. İki cahanı dolduran bu varlıqlar «Kun! Ol!» əmri verilməsindən, təcəlli etməsindən öncə Tanrının əzəli bilgisində məlum və sabitdir.

Yəni təcəlli anında nə kimi biçim və rənglərə girəcəkləri Tanrı elmində

(Elmi-İlahi) bəlli idi. Bunlar əşyanın özləri və həqiqətləri idi. Əyani-sabitə də bu əlamətlərdən meydana gəlir. Yəni hər şey özlərinə əzəldən bəri verildiyi keyfiyyət qabiliyyəti ilə təzahür edir (şəkil alır). Allah bütün sifətləri ilə insanda təcəlli etmişdir. İnsan həm varlıq, həm də yoxluq ünsürlərini özündə toplamışdır. İnsanın sabit olduğu İlahi ünsür dolayısı ilə bilinərək, bilinməyərək varlığımızın əsli və qaynağı olan Tanrıya çatmağa çalışır. İnsanın könlündə bir sirr (işarə, nöqtə) var ki, İlahi nurunun təcəllisidir.

İslam Təsəvvüfünün «Tək varlıq» və «Təcəlləi» nəzəriyyələrinin həndəsi təsviri Elementar A rombudur. Onun diaqonallarının kəsişmə nöqtəsi həmin o sirli nöqtədir ki, bu «Mütləq varlıq», «Mütləq xeyir», «Mütləq gözəllik»dir. Əcəmi Naxçıvani sənətinin harmonik quruluşu da bu təməlli nəzəriyəyə əsaslanır, onun həndəsi təsviridir. Əcəmi yaradıcılığı bir həyat nizamıdır. Bu nizam həm elmdir, eyni zamanda həm qüdrətdir, hikmətdir. Orta əsr Müsəlman Şərqi İslam təsəvvüfünün memarlıq formaları şəklindəki təcəllisidir.

Bunlar aydınlaşdırıldıqdan sonra Möminə xatun türbəsi üzərində kufi xətlərlə işlənmiş yazıların izahına keçmək olar.

Türbənin on üzünü çevrələyən xət üzrə kfi xətlə kitabələr işlənmişdir. Bu kitabələri oxumuş məşhur epiqrafçı Ə. Ələsgərzadə belə bir nəticəyə gəlmişdir ki, onüzlü türbənin bütün üzləri kənardan «Yasin» surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə bir dəfə birinci üzdən beşinciyə, o biri dəfə beşinci üzdən onuncu üzədək davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxarıya qalxır, sonra yuxarıda üfqi davam edərək aşağı yenir. Bu məsələ üzərində xüsasi dayanaq.

Məlumdur ki, Quran 114 surədir. Buradan belə bir sual ortaya çıxır; Nə səbəbə böyük memar 114 surə içərisindən ancaq «Yasin» surəsini seçmişdir?

Mütəsəvvüflərin nəzərində iki növ elm var. Bunlardan biri zahiri və ya şəriət elmi, digəri batin və ya həqiqət elmidir. Məsələnin «Batin»i yolla izahına çalışacağıq. Fikrimizcə bunun üç səbəbi ola bilər:

1.Möminə xatun türbəsinin qəbirüstü abidə olması.

Bir Hədisi-Şərifdə Peyğəmbər (s.ə.s) buyurur: «Yasin» Quranın qəlbidir. Bir şeyin qəlbi onun özü və əslidir. Digərləri hazırlıqlardan və tamamlayıcılardan sayılır. Qəlb həyati həyəcanın bir qaynağıdır.Bu surə də öldükdən sonra dirilmə sirri ilə dini bir həycanı ifadə etdiyi üçün «Quranın qəlbi» deyə adlandırılmışdır. Peyğəmbər (s.ə.s) buyurur: «Bir kimsə Allah rmzası və axirət səvabı umaraq bu surəni oxuca günahları bağışlanar. Onu ölülərinin yzərində oxuyun».

2. Biz ölürük, əsər qalır yadigar...

Möminə xatun türbəsinin kitabələrinin birində yazılmış bu sözlər insan öldükdən sonura onun ancaq qalacaq faydalı əməllərinə bir işarədir. «Yasin» surəsinin 12-ci ayəsində buyurulur: «Ölüləri biz ihya edirik (dirildirik, yenidən həyata qovuşdururuq). Onların əməllərini və özlərindən sonra buraxdıqları əsərlərini biz yazırıq. Biz hər şeyi açıq kitabda sayıb yazmışıq»

Həqiqətəq biz Bizik. Bilinməlidir ki, Allah-Təalanın «Biz» buyurması böyüklük və ucalıq üçündür. Yəni böyük şanımız olan Biz, güc və qüvvət bilən Allahıq. Ölüləri həyata qovuşduran «Biz»ik. Biz onların əməllərini və özlərindən sonra burvxdıqları əməlləri yazırıq. Həyatda etdikləri yaxşı – pis bütün əməlləri və əsərləri, yəni öldükdən sonra qalan faydalı və zərərli əsərləri, istər oxuduqları elmlər olsun, yazdıqları kitablar olsun, mədrəsə, məktəb, yollar, çeşmələr, körrülər, xəstəxanalar və s. olsun və ya zülm və düşmənlik qanunlarını, günah və üsyanlarını, fəsad ocaqları kimi uğursuz şər və pisliklərini və hətta bütün iz və kölgələrini yazıb adlarına, hesablarına keçiririk [54. c. 6].

Bir hədisdə deyilir: «İnsan öldüyü zaman üç şeydən başqa bütün əməlləri kəsilir: Davam edən sədəqə, özündən frydalanan elm və ona dua edən yaxşı övlad». Bu üç şeyin birinci ikisini böyük memar çox böyük dahiliklə qoyub gedib. Fəqət biz «ona dua edən yaxşı övlad» ola bilirikmi?

3. Möminə xatun türbəsinin quruluş nəzəriyyəsi.

Bunu «Yasin» surəsinin iki ayəsi ilə izah etməyə çalışacağıq.

1. Ayə 33. «Ölü torpaq onlara bir dəlildir. Biz ona həyat verdik ondan dirilər çıxardıq ki, ondan yeyib dururlar».

Yəni Allah-təalanın böyüklüyünə, ölüləri dirildə biləcəyinə açıq bir dəlil və əlamətdir. Əgər təbiətə qalsaydı o, ölü torpaqdan bir ot belə bitirə bilməzdi. Fəqət, «Biz ona bir həyat verdik». Onda ğir həyat yaratdıq. Bitki və heyvanat orqanlarına bir dirilik verdik.

Həyatın ancaq bir başlangıc nöqtədən yarandığını göstərərək buyurulur ki, «ondan, yəni yerdən bir dənə çıxardıq». Burada «bir dənə» həyatın başlanğıcı olan bir hüceyrə deməkdir. Fənn elmlərinə görə toxumsuz bir həyat hüceyrəsm təşəkkül etməz. Bu məna doğrudan-doğruya təbiət üzərində hakim olan uca yaradıcının ölülərə həyat verən ilahi qüdrətini göstərir [54. c. 6].

Ayə 36. «Heç şeyə möhtac olmayan Allah bütün cütləri Yerin bitkilərini (hər növ ağas nəbatat) özlərinin daha bilmədikləri xəbərləri olmadıqları hər şeyi O xəlq etmişdir».

Dünyadakı şeylərin hamısı bir ziddi və ya bənzəri, yaxud da hər hansı bir birləşməsi və ya qarşılıqlı olması ilə cütlənir. Məslən, cisim və ruh, maddə və qüvvə, iç və dış, yer və göy, qaranlıq və işıq, dünya və axirət, mənfi və müsbət, sağ və sol, yuxarı və aşağı və s. O halda «cütləri yaratdı» demək «bütün növ və əlamətləri ilə aləm yaratdı» deməkdir. Ancaq buradakı əsl məqsəd bütün Aləmin yaradılışını anlatmaq deyil, bir oriaq və bənzəri olan bütün növlərin, bütün cütlərin yaradılmış olduğuna və birliyinə işarə etməkdədir.

Yaşadığımız yüzillikdə bunu daha aydın görürük ki, elm nə qədər irəliləyirsə irəliləsi, nə qədərp kəşflər edilirsə edilsin, bunların heç biri Quran ayələrindən ayrı düşmür, üstəlik fənnin yeni kəşfləri Quran həqiqətlərini gücləndirərək bəzi ayələrin daha asan və açıqtəfsir edilməsini saxlayır.

XX yüzilin ən ünlü elm adamlarından olan A. Eyişteyn müəsəvvüflərin mövqeyində dayanaraq yazır: «Məncə ən gözəl şey həyatın iç üzündəki mənanı anlamaqdır. Bu dinin qanağıdır. Həqiqi elm və sənətin qaynağı budur! Bu həyəcanı yaşamayan insan ölü sayılır. Bu mənada və yalnız bu mənada mən ən sadiq və zahid dindar adamlar arasındayam» [ 104.s.96]

Türklər arasında bütün gözəl sənətlərin qaynagı əski millətlərin hamısında görülən eyni din qaynağıdır. Dini-bədii həyəcanı dilə dilə gətinrən Əcəmi sənəti insan vücudunu ən təbii ifadə vasitələri ilə birləşrir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə