MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   ...   49

ki, yazının olmaması dilin sıradan çıxmasının yeganə səbəbi deyil (burada belə bir bayağı nü-
munəni yada salmaq olar ki, latın dilində çoxlu sayda yazılı mətnlər qaldığı halda, latın dili özü
ölü dilə çevrilmişdir və s.), ancaq əsas səbəblərindən biridir. Heç kim bu faktı təkzib etməz ki, 
hər halda yazının olmaması külli miqdarda (şifahi) mətnlərin məhv olub unudulmasına gətirib
çıxarmışdır.        
Amadu Ampate Ba “Kuryer YUNESKO”  curnalında yazır:  “Afrikada qoca adamın ölümü
böyük bir kitabxananın yanması ilə müqayisə edilə bilər”  [87,  s.34].  Bu obrazlı ifadəni yazı
mədəniyyəti olmayan xalqların hər biri haqqında işlətmək olar. Yazısı olmayan xalqların ədəbi-
linqvistik mədəniyyəti yalnız şifahi nitqdə yaşadığından məhv olub sıradan çıxmaq təhlükəsi ilə
daha çox üzləşir: bu ümumbəşəri prosesdir və tarix dəfələrlə bunun şahidi olmuşdur. Məsələn, 
islam tarixindən məlumdur ki,  Qur’ani-Kərimin bütöv mətnini əvvəllər əsasən məşhur hafizlər
şifahi şəkildə əzbərləyərək yadda saxlamışdılar və müəyyən müddətdən sonra hafizlərin vəfat
etməsi Allah kəlamını yazıya köçürməyi və kanonikləşdirməyi tələb etmişdir. 
Məhz yazının olmaması səbəbindən bütöv-bütöv mətnlər itmiş,  onları yaradan tayfaların, 
qəbilələrin,  xalqların tarix səhnəsindən çıxması ilə həmin mətnlər də yox olmuşdur.  Düzdür, 
tarixin gedişində, müxtəlif qəzalar nəticəsində çoxlu sayda yazılı mənbələr də məhv edilmiş və
ya itirilmişdir. Lakin elmin müasir səviyyəsində bəzən belə mətnlərin vaxtilə yazıya köçürülmüş
variantlarını axtarıb tapmaq və onları bərpa etmək mümkün olduğu halda, bütün tarixi ərzində
yalnız şifahi şəkildə mövcud olmuş və unudulmuş mətnlərin izinə düşmək heç kimə nəsib
olmamışdır. 
Dil və təfəkkür münasibətlərinin ilkin bəsit formasından doğan nitq sayəsində ibtidai
mətnlər yaranmışdır. Sonralar dil və bədiiləşdirilmiş, dil və ideolociləşdirilmiş, dil və mücərrəd-
ləşdirilmiş təfəkkür münasibətlərinin nəticəsi kimi daha zəngin mətnlər yaranmışdır. Əgər ibti-
dai mətnlərin yalnız şifahi dildə işlənməsi ilə kifayətlənmək mümkün idisə, bəşər cəmiyyəti inki-
şaf etdikcə artıq mürəkkəbləşmiş mətnlərin,  özündə getdikcə çoxalan informasiya daşıyan
mətnlərin yalnız şifahi variantda qalması mümkünsüz idi və bu halda onların struktur və söz
tərkibi baxımından dəyişməsi,  deməli,  əslinin təhrif olunması,  nəhayət,  pozulması və sıradan
çıxması təhlükəsi gerçək amilə çevrilirdi.       
Beləliklə, tarixən ilk mətnlər insanın şifahi nitq fəaliyyətinin nəticəsi kimi yaranmış, onların
qorunması və daha geniş yayılması istəyi insanın yeni linqvistik fəaliyyət növünün axtarılıb
tapılması ilə nəticələnmişdir. 
İnformasiya nəzəriyyəsinə görə, obyektin təşkili səviyyəsi baxımından elementar, bioloci və
semantik informasiya növləri qeyd edilir. Semantik informasiya öz əksini bilavasitə dildə tapır, 
həm də kodlaşdırılmış formada təzahür edə bilir.  Semantik informasiyanın kodlaşdırılması
üçün hər hansı bir işarədən, nəzarət oluna bilən hər hansı hadisədən istifadə etmək olar. Buna
görə də onun şifahi və yazılı formaları insanın ətraf aləmə münasibətinin düşünülmüş nəticəsi
kimi qiymətləndirilir [168, s.272]. 
Təbii ki, şifahi informasiya daha əzəldir, daha ilkindir, ancaq onun saxlanılması və uzağa
ötürülməsi yazılı formanın meydana gəlməsini şərtləndirmişdir.  Bu cür münasibət şifahi infor-
masiya daşıyıcısı qarşısında semantik informasiyanın yazılı formasının yaradılması imkanlarını
açmış,  informasiya daşıyıcısının bu imkandan nə dərəcədə istifadə etməsi isə bir sıra başqa
amillərlə bağlı olmuşdur.  Yazılı semantik informasiya formasını yaratmayan informasiya da-
şıyıcısı semantik informasiyanı uzun müddət,  uzun tarix boyu qoruyub saxlaya bilmir,  onu
dəyişdirməyə məcbur və meylli olur,  yaxud uzaq məsafələrə göndərə bilmir.  Dilin işarə
funksiyası da semantik informasiyanın yazılı forması ilə birbaşa bağlıdır,  daha dəqiqi,  bunlar
eyni şeydir.


Məlum olduğu kimi,  işarə funksiyası tamamilə şərti vasitələrin köməyi ilə informasiya
verilməsidir. Belə şərti vasitələrdən biri də yazıdır. 
Dil və yazı münasibətləri haqqında dilçilər arasında bir-birinə zidd fikirlər yayılmışdır. 
Boduen de Kurtene hesab edirdi ki, dil və yazı bir-birinə yad, bir-biri ilə ölçüyə gəlməyən
səviyyələrdir. 
L.Blumfild göstərirdi ki,  “yazı dil deyildir,  həmişə dilin müşahidə edilə bilən işarələrin
köməyi ilə təsbit edilmə vasitəsidir” [92, s.35].
F.de Sössür yazırdı:  “Dil və yazı iki müxtəlif işarələr sistemidir ki,  onlardan ikincisinin
yeganə mənası birincisinin təsvirinə xidmət etməkdir;  dilçiliyin predmeti səslənən sözlə qrafik
sözün vəhdəti deyil, istisnasız olaraq səslənən sözdür. Lakin qrafik söz təsvir etdiyi səslənən
sözlə o qədər sıx qovuşur ki, nəticədə başlıca rolu mənimsəmiş olur. Nəticə etibarilə, səslənən
işarənin təsvirinə həmin işarənin ya özü qədər,  ya da ondan çox əhəmiyyət verilir.  Bu ona
oxşayır,  sənə desinlər ki,  bir insanla tanış olmaq üçün onun fotoqrafiyasını görmək özünü
görməkdən daha yaxşıdır” [19, s.87].
Katib Ç ələbi qeyd edirdi ki, yazı elmi sözün hərflərlə verilmiş şəklinin necə olduğunu bilmək
deməkdir [205, s.707].
Osman Nuri yazırdı:  “Həddi-zatında kitabət əfkari-insaniyyəyi xaricə əks və qeyriyə
bildirmək məqsədi ilə təsvir olunan bir taqım əşkaldan ibarətdir” [61, s.2]. 
Prof. A.M.Qurbanovun fikrincə, “yazı şifahi nitqə köməkçi bir ünsiyyət vasitəsi kimi yaran-
mışdır. Ona görə, yazını heç vaxt dildən ayrı təsəvvür etmək mümkün deyildir” [50, s.454].
Bir sıra dilçilər yazını insan ünsiyyətinin xüsusi bir tipi sayır,  onu dilin qrafik modeli
adlandırırlar [bax: 181, s.45-46].     
Alimlərin dil və yazı münasibətlərinə kəsgin hədd qoyması heç də əsassız deyildir. Belə ki, 
həqiqətən də dildə “ifadə olunan məfhumla və ya verilən informasiyanın real (fiziki) təbiəti ilə
bu şərti vasitələrin maddi təbiəti (cəhəti) arasında heç bir təbii əlaqə yoxdur” [2, s.316]. 
Bununla belə, nəzəri baxımdan bu münasibətlərə qarşı dilçilikdə ümumi razılıq əldə edilmiş
məqamlar da çoxdur.  Məsələn,  heç kim inkar etmir ki,  “yazı səsli dilin köməkçi ünsiyyət
vasitəsidir, onun “canlandırılması”, dildə “möhkəmləndirilməsi” üsuludur” [122, s. 9]. Belə bir fi-
kir də gerçəkliyi əks etdirir ki,  “yazı səsli nitqə dil bazası əsasında meydana çıxan, əsasən
nitqin uzaq məsafələrə ötürülməsinə və onun zaman hüdudlarında təsbitinə xidmət edən,  bir
qayda olaraq,  bu və ya digər nitq elementlərini – ayrı-ayrı ən sadə xəbərləri,  sözləri,  mor-
femləri, hecaları və ya səsləri əks etdirmək üçün çəkilmiş işarələrin və ya təsvirlərin köməkliyi
ilə həyata keçirilən əlavə ünsiyyət vasitəsidir” [122, s.13]. 
Yazı tarixinin ən məşhur tədqiqatçılarından biri V.A.İstrin yazır: “Yazı nitqin bu və ya digər
elementlərinin – bütöv xəbərləri, ayrı-ayrı sözləri, hecaları və ya səsləri qrafik işarələrin və ya
təsvirlərin köməkliyi ilə uzaq məsafələrə çatdırılmasının və ya onun müəyyən bir dövrdə təsbit
edilməsinin ən vacib vasitəsidir” [123, s.94-95].
Eyni zamanda yazı dilin özünün inkişaf etdirilməsində də mühüm rol oynayır.  “Yazı hər
hansı bir ədəbi dilin formalaşması və təsir qüvvəsinin artmasında,  ifadə tərzi və üslubi
cəhətdən zənginləşməsində,  inkişaf etməsində çox mühüm rol oynayır.  Hər bir ədəbi dil öz
yüksək inkişaf mərhələsinə ancaq yazı vasitəsi ilə ucala bilir” [50, s.456].
Yazı,  “yazılı nitq kağızda,  daş,  metal,  ağac,  dəri,  parça və b.  materiallar üzərində gözlə
daim qəbul edilən işarələrlə təsbit olunmuş nitqdir” [120, s.5]. 
Bundan    başqa,    ayrı-ayrı    alimlər    yazının meydana gəlməsində təbii amillərin də
özünəxas rol oynadığını qeyd edirlər.  Prof.  A.M.Qurbanovun belə bir qənaəti ilə razılaşmaq
lazımdır ki, “isti ölkələrdə iqlim yumşaq olduğu üçün orada yazı yayıla bilmiş və inkişaf etmiş-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə