MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə159/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   155   156   157   158   159   160   161   162   ...   228

 

298


Qovaq çilinglərindən keyfiyyətli  əkin materialı almaq üçün ən vacib xidmət onun vaxtında su il təmin 

olunmasından ibarətdir. Adətən, çiling əkilmiş sahələri əkindən sonrakı 2 ay ərzində 10-15 gündən bir suvarmaq 

tələb olunur.  

Qrunt suyu dərində olan boz-gillicəli və boz-çəmən torpaqlarda vegetasiya dövrü ərzində çiling əkilən 

sahədə 10-12 dəfə, qrunt suyu səthə yaxın olan yerlərdə isə 7-8 dəfə suvarma aparmaq məsləhət görülür.  

Qarabağ düzənliyində çilinglər  əkilən dövrdən iki ay keçənədək (15 iyuna qədər) sahənin 15 gündən, 

sonralar isə 1-2 aydan bir dəfə suvarılması lazımdır. 

Alaq işləri həmişə suvarmadan bir neçə gün sonra və 2-3 suvarmadan bir aparılmalıdır. Vegetasiya dövrü 

ərzində tinglikdə 3-4 dəfə alaqvurma və tinglərin dibini boşaltma kifayət edir. Vegetasiya dövrünün əvvəllərində 

və ümumiyyətlə,  əkinin birinci ilində alaqvurmanı kultivatorla görmək olar. Bunun üçün pambıq becərən 

kultivatordan istifadə etmək mümkündür.  

Standarta uyğun olan əkin materialı yetişdirmək üçün qida maddələri ilə zəngin olmayan sahələrdə bitkiyə 

üzvi və ya mineral gübrə (azot, fosfor) verilməlidir.  

Əkin materiallarının çıxarılması, saxlanması və daşınması  

Əkin materiallarını payızda (vegetasiya dövrü qurtardıqdan sonra) və yazda (bitkilərdə şirə axını başlayana 

qədər) çıxarmaq olar.  

Əkin materiallarını  əl alətləri və mexanizmlər vasitəsilə  çıxarmaq olar. Əkin materiallarını mexanizmlər 

vasitəsilə çıxarmaq əlverişli olur və iqtisadi cəhətcə ucuz başa gəlir. Bu məqsəd üçün adətən VP-2 kotanından 

istifadə edilir. Çıxarılmış materiallar təcili olaraq çeşidlərə ayrılır, hər birində 100 ədəd olmaqla qomlar 

bağlanır. Yaz və ya payız  əkini aparılacağından asılı olmayaraq, əkin materialını açdıqda saxlamaq məsləhət 

görülmür. Bunun üçün əvvəlcədən dərinliyi 40-60 sm olan xəndək qazılmalı, bağlı qomlar azca maili olmaqla 

həmin xəndəyə qoyulmalı və kök sistemi torpaqlanmalıdır. Əgər əkin materialı torpaqdan payızda çıxarılarsa və 

onun yazda əkilməsi nəzərdə tutularsa, onda kök sisteminin şaxtadan və ya quraqlıqdan ziyan çəkməməsi üçün 

onları daha dərin basdırmaq, üstünə çox torpaq tökmək və tapdamaq tələb olunur.  

Əkin materiallarının qurumaması üçün onları başqa sahələrə daşıyarkən qablamaq lazımdır. Əkin sahəsinə 

çatdırılmış material əkinə qədər müvəqqəti basdırılmalıdır.  

Tinglikdə olan birillik əkin materialını çıxartdıqda həmin sahədə külli miqdarda kök sistemi qırılıb qalmış 

olur. Yaxşı qulluq etmək nəticəsində həmin köklərdən yeni pöhrələr əmələ gəlir. Bu kök pöhrələrinin miqdarı, 

təxminən sahəyə  əkilmiş çilinglərdən alınan materialların miqdarına bərabər və ya ona yaxın olur. Beləliklə, 

qovaq tingliyi salınmış sahəni müntəzəm olaraq suvarmaq və alaq otlarından təmizləmək yolu ilə həmin sahədən 

bir neçə il keyfiyyətli əkin materialı almaq olur.  



 

Çiling tədarükü üçün plantasiya salmaq  

Plantasiyanın salınmasında  əsas məqsəd,  əkin materialı (çiling) hazırlamaq üçün pöhrə yetişdirməkdir. 

Plantasiya salmaq üçün təsərrüfatda yalnız əkilməsi təklif olunan qovaq növləri və sortlarından istifadə etmək 

lazımdır. Bu məqsədlə seçilmiş torpaq sahəsi düzən, su ilə təmin olunmuş və əlverişli fiziki-mexaniki xassələrə 

malik olmalıdır. Əkin üçün torpağı 30-35 sm dərinlikdə şumlamaq və yuxarıda göstərilən qayda üzrə hazırlamaq 

lazımdır.  

Plantasiya salmaq üçün birillik pöhrələrdən hazırlanan çilinglərdən və ya 1-2 illik tinglərdən istifadə etmək 

olar. Bu məqsədlə birillik tinglərdən istifalə etmək daha əlverişli hesab edilir.  

Sahədə torpağın münbitliyindən və aparılacaq qulluq işlərinin növündən asılı olaraq, plantasiyada bitkilərin 

arası 0,4-1 m, cərgələrin arası isə 0,8-2,0 m olmalıdır.  

Plantasiyanı 2 üsulla – kolşəkilli və ştamb saxlamaqla salmaq olar: 

K o l ş ə k i l l i  p l a n t a s i y a l a r saldıqda əkilmiş bitkilər kök boğazından və ya ona yaxın yerdən 

kəsilir.  

Ş t a m b l ı  p l a n t a s i y a l a r d a əkilmiş bitkilər 0,5-1 m qədər hündürlükdən kəsilir.  

Xarici ölkələrdə əsasən kolşəkilli plantasiyalardan istifadə edilir və əkilmiş bitkilər yer səthindən 10-20 sm 

hündürlükdən kəsilir.  

Respublikanın Qarabağ, Mil-Muğan,  Şirvan, Gəncə-Qazax düzənliklərində  və  Şəki-Şirvan zonasında 

aparılan təcrübə  işlərinin nəticələri göstərmişdir ki, plantasiyada bitkiləri 0,5 m hündürlükdən kəsdikdə sayca 

çox və keyfiyyətcə yaxşı  əkin materialı (çiling) əldə edilir (Cəlilov, 1972). Bu üsulun tətbiq edilməsinin 

əhəmiyyətli cəhətlərindən biri də odur ki, qulluq işləri aparmaq və pöhrələri kəsmək asan olur.  

Adətən əkinin 2-ci ilində etibarən plantasiyadan istifadə edilməyə başlanılır. Plantasiyadan maksimum əkin 

materialı 3-5 yaşlarında alınır. Plantasiyanın istismar müddəti orta hesabla 10-12 il hesab olunur.  

Təcrübələr göstərir ki, Qarabağ, Mil-Muğan və  Şirvan zonası düzənliklərində plantasiya birillik köklü 

tinglərlə salındıqda,  əkinin birinci ilindən etibarən orada çiling hazırlamaq üçün xeyli pöhrə  əmələ  gəlir. Bir 

hektar plantasiya sahəsindən əkinin 1-ci ilində 50-60 min, 2-ci ilində 500-600 min və 3-cü ilində isə 1 milyona 

yaxın  əkin üçün yararlı çiling tədarükü etmək olar. Çiling üçün yararlı pöhrələri  əsas gövdədən 2-4 sm 

hündürlükdən (aralı), xırda pöhrələri isə gövdəyə birləşən yerdən kəsmək lazımdır.  



 

299


Plantasiyaya qulluq işləri sahəni vaxtaşırı suvarmaqdan və  gətmənləməkdən ibarətdir.  Əkinin 1-ci ilində 

sahənin 7-8 dəfə suvarılması  və 3-4 dəfə alaq edilməsi tələb olunur. Sonrakı illərdə suvarma və alaqvurma 

işlərini tədricən azaltmaq olar. 

Qovaq meşəliklərinin salınması və onlara qulluq edilməsi 

Cərgəvari  əkinlər.  Bu üsulda qovaq ağacları başlıca olaraq yolların, böyük və kiçik su arxlarının, su 

anbarlarının kənarında, habelə bağların və taxıl zəmiləri sərhədlərinin ayrılması üçün əkilir. Müəyyən dövr 

keçdikdən sonra həmin sahələrdə  əmələ  gəlmiş  ağacların oduncağından istifadə edilir. Belə  əkinlər təsərrüfat 

üçün çox əhəmiyyətli hesab olunur. Çünki belə əkinlər üçün xüsusi torpaq sahəsi ayırmaq, onu əkinə hazırlamaq 

və bitkilərə xüsusi qulluq göstərmək tələb olunmur. Bu cür əkinlər 3-4 ildən sonra birillik kənd təsərrüfatı 

bitkilərini küləkdən qoruma və meliorasiya əhəmiyyətinə malik olur, ilin isti vaxtlarında tarlada çalışanların 

istirahət etmələri üçün kölgəlik yaradır.  

Piramidaşəkilli çətrə və şaquli istiqamətdə inkişaf edən kök sisteminə malik olan qovaq növləri və sortları 

üçün bitkilərin bir-birindən 1-1,5 m aralı əkilməsi kifayətdir. Geniş çətrə və üfiqi istiqamətdə inkişaf edən kök 

sisteminə malik olan qovaq növləri və sortlarını əkdikdə isə bitkilərin arası 1,5-4 m götürülə bilər.  

Bağ və əkin zəmilərinin sərhədlərində bir və ya bir neçə cərgədən ibarət qovaq əkmək olar. Belə olduqda, 

əkilmiş ağaclar yaşıllıq və tarlaqoruyucu rolunu oynayır.  

Daimi su kanallarının və ya arxlarının  ətrafında qovaq əkilərkən gələcəkdə  həmin kanal və su arxlarını 

əkilmiş ağacların kökləri korlamasın deyə, bitkiləri arxdan 1-2 m aralı əkmək lazımdır. Qovaq əkilən çalaların 

səviyyəsi yer səthindən 5-10 sm qədər aşağıda olduqda yaxşı  nəticə verir. Belə olduqda, bitkilər atmosfer 

çöküntülərindən daha yaxşı istifadə edə bilir. Bir neçə ildən sonra cərgəvi əkilmiş ağaclardan kənd təsərrüfatının 

müxtəlif sahələrində istifadə etmək olar. İstifadə üçün cərgədəki ağacların ikisindən biri kəsilir və seyrəldilir, 20 

ildən sonra isə cərgədə olan ağaclar başdan-başa qırılır və bir neçə il ərzində həmin ağaclıq təbii olaraq bərpa 

olunur.  

Meşə əkinləri. Mədəni qovaq meşəliyini birillik pöhrələrdən hazırlanan çilinglər və tinglikdə yetişdirilmiş 

bir və ya bir neçə illik əkin materialı ilə salmaq olar. Qovaq meşəliyini kök vermiş birillik tinglərlə saldıqda 

yaxşı  nəticə alınır. Lakin, Azərbaycanın Mil-Muğan düzündə, Balakən, Zaqatala, Yalama və s. meşə 

təsərrüfatlarında aparılan  əkin işlərinin nəticəsi göstərmişdir ki, yaxşı qulluq etmək və  əkini vaxtaşırı su ilə 

təmin etməklə mədəni qovaq meşəliyini çilinglərlə də salmaq olur və bu, iqtisadi cəhətcə ucuz başa gəlir. Bu 

halda, 1-ci və 2-ci illər ərzində sahənin te-tez (vegetasiya dövrü ərzində 7-8 dəfə) suvarılması və çilinglərin sıx 

əkilməsi tələb olunur.  

Azərbaycanın düzənlik rayonları şəraitində (Ağstafa, Gəncə, Yevlax, Bərdə, Ağdaş, Göyçay, Beyləqan, Sa-

birabad və s.) aqrotexniki qaydalara riayət edildikdə 1x2 m məsafədə  əkilmiş çilinglər bir vegetasiya dövrü 

ərzində 1,5-3 m qədər hündürlüyə (növ və sortlardan asılı olaraq) və 1-3 sm qədər diametrə (kök boğazında) 

çatırlar.  

Müxtəlif ölkələr üzrə  mədəni qovaq meşəlikləri sıxlığına görə iki kateqoriyaya bölünür: 1) Bir hektar 

sahədə 500 ədədə qədər (bəzən 1000 ədədə qədər) qovaq olan əkinlər; 2) Bir hektar sahədə 1000 ədəddən artıq 

qovaq olan əkinlər.  

Fransa, İsveçrə, İtaliya, Belçika və Almaniyada birinci kateqoriyalı, Mərkəzi və Şərqi Avropa ölkələrində 

(Polşa, Macarıstan, Rumıniya və Bolqarıstanda) isə ikinci kateqoriyalı mədəni qovaq meşəsi əkini üsulu tətbiq 

olunur. Suriya, İraq, İspaniya, Yuqoslaviya və s. ölkələrdə ikinci kateqoriyalı əkin sistemi tətbiq edilir. Bu cür 

əkin sistemi tətbiq edildikdə ağacların çətri birləşənədək həmin sahədə cərgələrarası məsafədə kənd təsərrüfatı 

bitkiləri becərilir.  

Meşə materiallarından istifadə edən təşkilatların mütəxəssisləri 8x8 və 9x9 m məsafədə yetişdirilmiş 

meşəlikləri daha əlverişli hesab edirlər. İsveçrədə 7x7 m, İtaliyada 10x10 m, Fransa və Belçikada 6x6 və 7x7 m, 

Almaniyada isə 5x5 və 7x7 m məsafədə əkilmiş mədəni qovaq meşələri daha gəlirli hesab olunur.  

Kür-Araz düzənliyi şəraitində suyun kasad olmasını, sahənin alaq otlarından tez-tez təmizlənməsinin lazım 

gəldiyini və əhalinin hər cür oduncaq materialına ehtiyacı olduğunu nəzərə alaraq mədəni qovaq meşəliyini qoşa 

cərgələrlə (arxın hər iki tərəfindən) 1x2,5; 1,5x2,5; 2x2,5; 2x3; 3x3 m məsafələrdə əkmək olar. Əkin çilinglərlə 

aparıldıqda, cərgədə bitkilərin arasının az götürülməsi, çilinglərin kotan cızına düzülməsi və kotanla da dibinin 

doldurulmasını məqsədəuyğun hesab etmək olar. Bu halda suvarma üçün xüsusi arxların çəkilməsi lazım gəlmir. 

Çilinglərin kök atması yaxşı olarsa və gələcəkdə onun meşəliyinin çox sıx olacağı müəyyən edilərsə, onda qoşa 

əkilmiş cərgələrin birində olan bitkiləri tamamilə çıxarmaq və ya sahəni seyrəltmək lazımdır. Çıxarılmış əkin 

materiallarını isə yeni meşə əkinləri salmaq üçün istifadə etmək olar.  

Qovağın tez böyüməsi, az bir zamanda məhsuldar meşəlik yaratması və ondan qiymətli oduncaq alınmasına 

əsaslanaraq dünyanın bir çox ölkələrində geniş plantasiyaları və meşəlikləri salınır. Hazırda dünyada becərilən 

qovaq əkinlərinin ümumi sahəsi 1 368500 ha olub onun 940000 ha Avropada və 150000 ha (10%) Türkiyədədir 

(Metin Sarıbaş, 1999). 



Cədvəl 14.2.        

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə