Məmurluq şərəfi



Yüklə 38,89 Kb.
tarix10.05.2018
ölçüsü38,89 Kb.



Dövlət qulluğu – şərəfli işdir

Dövlət xalqın işi olmalıdır”



(Heydər Əliyev)



Akif ƏLİ,

Nazirlər Kabinetinin

Mətbuat Xidmətinin rəhbəri,

Dövlət qulluğunun baş müşaviri.

______________________________
Hər millətin bacarıqlı alimi, sərkərdəsi, həkimi, müəllimi, mühəndisi, siyasətçisi, iqtisadçısı, sənətkarı, biznesmeni, bankiri və s. olduğu kimi, milli dövlət aparatını, idarəetmə mexanizmini, qanunvericilik və icra strukturlarını qoruyub saxlamaq, hökumət modelini qurmaq və inkişaf etdirmək üçün mütləq savadlı, səriştəli, təcrübəli məmur kadrları, dövlət xadimləri də olmalıdır. Müstəqil dövlətçiliyin tərkib hissələrindən və əsas şərtlərindən biri məhz səriştəli dövlət qulluqçusu korpusunun olmasıdır. Dövlət anlayışını dayanıqlı və real görüntülü edənlər - bu zəhmətkeş insanlardır, “məmur” adlandırılan qulluqçulardan ibarət savadlı, mədəni, səbrli və ləyaqətli adamlardır.

Qədim tarixi olan bütün qüdrətli ölkələrdə məmur nüfuzu uca tutulur, vətəndaşlar dövlət qulluqçularına xüsusi hörmətlə yanaşırlar. Onlar ənənəvi olaraq əks hərəkətlərin həm hüquqi, həm mənəvi yasaq olduğunu bilirlər. Hətta bizim üçün örnək olan qardaş Türkiyədə dövlət qulluğu yerinə yetirən adama nəinki həqarət, adicə etiraz, etinasızlıq belə ən yasaq hərəkət, ən ağır qəbahət sayılır. Uca Atatürkün milli dövlətçilik prinsipləri əsasında qurulmuş müasir Türkiyə Cümhuriyyətində hökumət quruluşu və hökuməti idarə edənlər əleyhinə təbliğat kampaniyası aparanlarla hər zaman amansız olmuşlar.

Bu baxımdan bizim üçün öyrənməli və əxz etməli hələ çox şeylər var. Təəssüflə qeyd etməliyik ki, bəzən bizim gənc müstəqil respublikamızda bu həqiqətləri dərk etməyən, məmurluq institutunu az qala “artıq” adlandıranlar da olur. Bu isə ictimai, siyasi, humanitar, mədəni məkanlarda dövlətçilik amalına və dövlət atributlarına hörmətin vacibliyinə dair izahat, təbliğat, maarifçilik işlərinin lazımınca aparılmadığından, müstəqil dövlətçiliyimizin mənafeyinin qorunmasına, ictimai şüurda dövlət qulluğuna hörmətin, sevginin mütəmadi aşılanmadığından irəli gəlir.
Aşkarlıq və söz azadlığı kimi labüd demokratik dəyərlərin verdiyi geniş imkanlardan sui-istifadə edərək (hərçənd bu imkanlar da cəmiyyətə məhz dövlətin və hökumətin köməkliyi ilə gəlir), öz materiallarında mütəmadi hökumət adamları əleyhinə qərəzli, yanlış, yalan mülahizələr, dedi-qodular, şaiyələr yayan, dövlət qulluqçularına qarşı ictimai şüurda sayğısızlığa rəvac verən bəzi “ötkəm” kiv-lərin əməlləri narahatlıq doğurmaya bilməz. Məsələ bundadır ki, qalmaqal sevən həmin “ötkəmlər” demokratiya, azad söz, plyuralizm kimi terminoloji qlaflar altında bütün müqəddəs dəyərləri, milli mənəvi-mədəni norma və prinsipləri darmadağın edir, cəmiyyəti uca ideallardan məhrum qoyaraq deqradasiya üçün münbit zəmin yaradırlar. Üstəlik bəziləri hətta özlərinin kommersiya niyyətinə “örtük” qazanmaq naminə dövlətçilik amalına zidd siyasi proseslərə də qoşulur, mətbuat haqqında qanunlara belə məhəl qoymur...

Bu tip materiallarda hamı, o cümlədən məsul dövlət postunda çalışan yüksək vəzifəli, nüfuzlu, bacarıqlı, dövlətə, sədaqətli qulluqçulardan tutmuş sıravi məmurlaradək bir çoxları ağına-bozuna baxmadan qəzəblə damğalanır. Heç bir mədəni davranış, ünsiyyət, əxlaq, etika çərçivəsi gözləmədən, ən elementar hüquqi tələblərə məhəl qoymadan yalnız dövlət qulluğunda çalışaraq hökumətdən maaş aldığı üçün təqsirsiz adamların belə nadancasına aşağılanması - dövlətin özünə də, xalqa da, demokratiyaya da hörmətsizlikdir. Halbuki dövlət mənafeyini heç bir siyasi, iqtisadi, korporativ marağa qurban vermək olmaz. Dövlət qulluğunda çalışan adamların qiymətləndirilməsi gələcəyimiz üçün vacibdir. Çünki müdriklər demişkən, dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir...

Əlbəttə, demokratik quruluş heç kəsi tənqiddən kənar zonaya aid etmir və səhvi olan vəzifəli şəxs tənqid edilməlidir. Əgər idarəetmənin hansısa bəndində zəiflik, boşluq varsa, ünvanlı şəkildə məhz onun aradan qaldırılmasına çalışmaq lazımdır. Bu başa düşüləndir. Bütün idarəetmə sistemini tarana məruz qoyub darmadağın etmək isə yox. Kimsənin şəxsiyyətinə toxunmaq, şəxsi işlərinə, ailə məsələlərinə əl uzatmaq, təhqir etmək olmaz. Ümumiləşdirmə apararaq ürəyində kimisə nəzərdə tutub bütün məmurları çirkaba batırmaq olmaz. Ümumiyyətlə, hansı peşə sahibləri olur-olsun, total həqarət yolverilməzdir. Təəssüf ki, az qala casusluq missiyasını yerinə yetirən bəzi “qht-lər” və “hüquq müdafiəçiləri” hətta oğrunu, qulduru, qatili, vətən xainini, ermənini, təxribatçını, dələduzu qoruyur, cinayətkarın “insan haqları” olduğunu deyib müdafiəsinə qalxırlar, ancaq dövlətə qulluq edən namuslu, vicdanlı məmura onlardan yalnız həqarət, istehza, nifrət payı düşür.

Ümummilli liderimiz Heydər Əliyev məhz belə üzdəniraqları nəzərdə tutaraq deyirdi: “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.”

Ökəmizdə yüzlərlə icra strukturu, nazirlik, komitə, şirkət, konsern, agentlik, cəmiyyət, idarə və dövlət təşkilatları mövcuddur. Və onların hər birində rəhbər vəzifəlilərdən başqa yüzlərlə, minlərlə irili-xırdalı, müxtəlif ranqlı inzibati və yardımçı vəzifələr daşıyan personal çalışır. Ola bilsin ki, hardasa iş yarıtmaz, naqis cəhətli məmur da var. Amma idarəetmə aparatlarında belələri çox ola bilməz. Dövlət və hökumət qulluqçularının mütləq əksəriyyəti namusla, vicdanla vətəninə, dövlətinə, xalqına, hökumətinə, ölkəsinə qulluq edən adamlardır. Sifarişlə, ya sifarişsiz nişana alınıb “vurulan” hansısa “rüşvətxor, talançı, satqın, bacarıqsız” və s. əlahiddə keyfiyyətlərə malik məmur bir, beş, on, on beş, əlli, yüz nəfərdirsə, müstəqil Azərbaycan Respublikasının dövlət aparatlarında çalışan qulluqçular, irili-xırdalı “məmur” adı daşıyaraq maaşdan-maaşa öz halal zəhməti ilə yaşayıb vəzifə borcunu yerinə yetirən, xalqa və dövlətə sədaqətlə xidmət edən, evinə, ailəsinə halal çörək aparan işçilər - minlərlədir!

Və əgər həqiqətən müxaliflərin dediyi, yazdığı kimi, bütün məmurlar ucdantutma neqativ adamlar toplumudursa, o zaman bu dövlət necə ayaqda durur? Müstəqil respublika necə yaşayır, necə inkişaf edir? 8 milyonluq xalqa kim xidmət edir? Qanunlar, qərarlar, fərman və sərəncamlar necə hazırlanır, dövlət proqpamları, layihələr harda tərtib edilir, kimlər icra edir? Ölkənin iqtisadiyyatı, sənaye sahələri, rabitə, energetika, qaz, neft idarələri necə çalışır, emal harda gedir? Təyyarələr, gəmilər, qatarlar, avtobuslar necə olur ki, dəqiq cədvəl üzrə işləyir? Hər il dövlət büdcəsi necə artıb yüz min dollardan indiki iki milyard dollara çatır? Alimlərə, müəllimlərə, həkimlərə, mühəndislərə maaşları, əlillərə, qocalara pensiyaları, müavinətləri hardan verirlər? Dara düşən, evini sel aparan, zəlzələdən ziyan çəkən, ehtiyacı olan vətəndaşlara kim yardım edir? Bir milyon qaçqın və məcburi köçkünün əzab-əziyyətlərini kimlər çəkir, qayğısına qalır, onlar üçün evləri, qəsəbələri kim tikir? Nəhəng paytaxtın, yüzlərlə şəhər, rayon, qəsəbə və kəndlərin infrastrukturunu kim qurur, kim inkişaf etdirir, kommunal xidmətlərini, təmir işlərini kim təşkil edir? Nəhayət, dövlət qullquçularını, məmurları ardıcıl və mütəmadi təhqir edildikləri həmin “demokratik” mətbuat özü harda, necə, nəylə çap olunur, tele-radio verilişləri kimlərin sayəsində fasiləsiz efirə çıxır?

...Saymaqla bitib-tükənməyən yüzlərlə belə böyük, kiçik işləri kim təşkil edir, kim idarə edir, kim tənzimləyir, kim nəzarətdə saxlayır? Axı cəmiyyət həyatı öz-özünə axıb getmir? Respublika üzrə çoxsaylı qulluqçu ordusunun əməyi sayəsində başa gələn bütün bu gündəlik proseslərin məcmusuna dövlət idarəçiliyi deyilir. Dövləti və onun aparatını - dövlət başçısı, xalqın etimadı ilə seçilmiş hörmətli Prezident nəzarətdə saxlayır, idarə edir, müvafiq strukturlara icrası zəruri olan dövlət əhəmiyyətli tapşırıqlar, göstərişlər verir. Subordinasiya qaydasında dövlətin və hökumətin rəhbər şəxsləri tərəfindən nəzarətə götürülən həmin göstəriş və tapşırıqlar zəncirvari proseslə müvafiq strukturlara paylanır. Hər gün dövlət idarələrinin mərkəzi aparatlarında dövlət qulluğu keçən minlərlə adam öz iş yerində vəzifə bölgüsü qaydasında həmin tapşırıqların özünə aid olan hissəsini icra edir, “əmrə baxan” (yəni ərəbcə “məmur”) postu tutmaqla bu və ya digər dərəcədə dövlətin idarə olunmasında iştirak edir, işləri yönləndirir, ölkə həyatının davamlılığı və inkişafı naminə vicdanla çalışır.


Son illər Azərbaycanda dövlət qulluğu keçən şəxslərin hüquqi statusunun və sosial durumunun yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüş, bu sahədə qanunvericilik bazasına əhəmiyyətli əlavələr edilmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz möhtərəm Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə respublikamızda ilk dəfə olaraq "Dövlət qulluğu haqqında" Qanun hazırlanaraq qəbul edilmişdir. Qanunun əsas məqsədi - dövlət qulluğunun Vətənə və millətə xidmət vasitəsi olduğunu ön plana çəkmək, dövlət qulluqçusunun səciyyəvi xüsusiyyətlərini, dövlət qulluqçusunun əməyinin dəyərləndirildiyini, hüquqi müdafiəsinin təşkil edildiyini əyani göstərməkdir. "İnzibati və yardımçı vəzifələrin Təsnifat toplusu"nun təsdiq edilməsi isə dövlət qulluğunun təşkilində daha bir mühüm mərhələ olmuşdur. İndi müstəqil dövlətimizin möhkəmlənib inkişaf etməsi naminə dövlət qulluğunda çalışanlar üçün, özünü bu çətin və şərəfli işə həsr edənlər və yeni gələn gənc nəsillər üçün hər cür şərait yaradılıb.

Respublikamızda dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyən “Dövlət qulluğu haqqında” Qanunun əsas müddəalarına nəzər saldıqda şərəfli məmur fəaliyyətinin ölkə həyatı üçün nə qədər əhəmiyyət daşıdığı aydın görünür. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında çalışan qulluqçulara şamil edilir. Təbii ki, bütün digər sahələrdə olduğu kimi, dövlət qulluğunun da öz prinsipləri mövcuddur ki, bunlardan ən başlıcası qanunçuluğa riayətdir. Yəni öz hərəkətlərinin qanuniliyi üçün cavabdeh olan dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən yalnız Konstitusiyanı, qanunları və onlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar.

Bu kontekstdən çıxış edərək xatırladaq ki, vaxtilə bünövrəsini qoyduğu müasir dövlətçilik ənənələrinin davamlılığını və uzunömürlülüyünü təmin etmək məqsədilə müdrik dövlət xadimi Heydər Əliyev uzaqgörənliklə yeni Qanuna belə bir maddə də əlavə etmişdir ki, siyasi partiyaların və ictimai birliklərin qərarları dövlət qulluqçularına aid deyildir. Yəni yüksək vəzifə tutan rəhbər işçilərin dəyişməsi, əvvəllər olduğu kimi, avtomatik idarənin digər orta və aşağı vəzifəli məmur kadrlarının da dəyişilməsinə, bununla da idarəçilik mexanizminin işində pozuntuların yaranmasına, təcrübəli işçilərin qulluqdan kənarlaşdırılmasına, aparatdaxili sağlam ənənələrin itməsinə səbəb olmamalıdır. Siyasiləşən cəmiyyətdə dövlətin mənafeyi baxımından bu məqamın əhəmiyyəti böyükdür.

Azərbaycanda ilk dəfə dövlət qulluğuna daxil olan vətəndaş artıq bu Qanunda nəzərdə tutulmuş qaydada: “Azərbaycan Respublikasına sadiq olacağına, onun Konstitusiyasına dönmədən əməl edəcəyinə, dövlət sirrini və xidməti sirri qoruyacağına, dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə...” and içir!

Hər bir konkret situasiyada konkret məmurun bu anda nə dərəcədə sədaqətli olmasına ictimai nəzarət isə artıq normal bir demokratik prosedurdur.
Təbii ki, dövlət idarəçiliyi və dövlət qulluğu barədə danışarkən kadrlarla iş diqqət mərkəzinə çəkilir. Yaxın keçmişimizdən bizə tanış olan əski sovetlər dönəmində bu işin necə qurulduğu hamının yadındadır. Məşhur “partiyalılıq prinsipi” və “hər şeyi kadrlar həll edir” konsepsiyası üzərində qurulmuş idarəçilik aparatı bəlkə də həddini aşan sərt mexanizmə malik idi. Belə ki, rejimin tələblərinə uyğun şərtlər daxilində lazımi kadrların seçilib, yerləşdirilməsi və tərbiyə olunması dövlət quruculuğunun əsas şərtlərindən sayılırdı (hərçənd sonralar digərləri kimi məhz bu prinsip və şərtlərin də pozulması hakimiyyətin süqutuna səbəb oldu). Ancaq quruluşundan və ideolojisindən asılı olmayaraq, istənilən dövlət üçün kadrlarla iş, onların seçilib-yerləşdirilməsi, düzgün təyinatı hakimiyyətin saxlanması, möhkəmləndirilməsi və effektli fəaliyyəti üçün vacib mərhələdir. Hakimiyyət modelindən asılı olmayaraq bütün dövlət aparatlarında kadrların düzgün seçilib yerləşdirilməsi üçün obyektiv elmi təhlillərə əsaslanan ciddi mexanizm olmalıdır.

Bütün böyük hakimiyyət ustaları dövlət quruculuğu məsələlərində idarəetmə aparatının məmur kadrları ilə iş kimi incə məsələyə xüsusi həssaslıqla yanaşmışlar. Məsələn, öz dahi həmyerlisi yazıçı-filosof F.Volterin “Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədər” – fikrinin sanki davamı olaraq Fransa prezidenti Şarl de Qoll dövlət idarəçiliyində mədəniyyət amilini önə çəkirdi: “Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Məsələn, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli görürük.”

Bu məsələdə zəngin idarəçilik təcrübəsinə malik, möhtərəm Heydər Əliyevin də münasibəti ibrətamizdir. Klassik dövlət idarəçiliyi prinsiplərini gözəl bilən ümummilli liderimiz deyirdi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.” Bütün fəaliyyəti dövründə kadrlarla işə xüsusi diqqətlə yanaşan, “Kadr yetişdirmək böyük vaxt, böyük zəhmət tələb edir” – deyən Heydər Əliyevin idarəetmə məktəbini keçmiş bir çox yüksək vəzifəli vicdanlı məmur kadrlarının xidməti bioqrafiyasına, həyat yoluna nəzər saldıqda onların vətən və xalq naminə dövlət qulluğunda nə qədər gərgin və səmərəli yol keçdiklərinin, öz sahələri üzrə bacarıqlı, səriştəli mütəxəssis kimi yetişmək üçün ciddi çalışdıqlarının, zəngin təcrübə, bilik topladıqlarının şahidi oluruq. Açığı, bəzən belə yetkin dövlət məmurunu ömründə bir ağac əkməmiş, heç vaxt ictimai faydalı bir iş görməmiş hansısa kəmfürsətin istehzalı ədayla “məmur” deyə haqsız yerə tənqid etməsi, onun reputasiyasına ziyan gətirən təhqiramiz yollara əl atması, lağa qoyması - əlbəttə, təəssüf doğurur.

Müasir dövrdə kadrlarla işin yeni nəzəri-hüquqi bazasını yaratmaq məqsədilə respublikamızda bir sıra rəsmi sənədlər qəbul edilmişdir. Əlbəttə, müxtəlif ölkələrdə yerli şəraitdən asılı olaraq bu məsələnin müəyyən özəllikləri olsa da, demək olar ki hər yerdə dövlət qulluqçularına, məsul kadrlara yanaşmada əsas meyar - onların dövlətə sədaqəti, peşəkarlığı, səriştəliliyi, mənəvi-əxlaqi keyfiyyətləridir. Bütün dünyada qəbul olunmuş həqiqətdir ki, dövlət qulluğunda çalışmaq – bir çox parametrlər üzrə (mənəvi, mədəni, əxlaqi, hətta zahiri, vizual baxımdan) dövləti, xalqı təmsil etmək və cəmiyyətin, insanların qulluğunda durmaq deməkdir. Odur ki, belə yüksək missiya həvalə edilmiş insanlara hər yerdə böyük tələblərlə yanaşı, böyük hörmət də var.

Nəhayət, qeyd edək ki, vəzifələrə təyinatlar zamanı kadrların müasir idarəçilik texnologiyasını mənimsəməsini, müasir təfəkkürlə düşünməsini və işləməsini daim nəzərə alan ümummilli liderimizin idarəçilik məktəbinin yetirməsi və layiqli davamçısı Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, son vaxtlar cəmiyyətin, dövlətin və xalqın mənafeyi naminə onun atdığı hər bir addım, gördüyü hər bir iş geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır, ölkədə hakimiyyətin gücünə və respublikanın bacarıqlı əllər tərəfindən idarə olunduğuna inamı daha da artırır.
Bəli, kənardan cəlbedici təsir bağışlayan, hətta bəzi naşılarda “rahat” iş yeri kimi həsəd doğuran, çox vaxt da haqsız yerə tənqid atəşinə tutulan, ardıcıl təhqirlərə məruz qalan dövlət qulluqçusu peşəsi, - məmurluq işi mürəkkəb və spesifik fəaliyyət növüdür. Bu peşənin məsuliyyətini dərk etmək, çiyinlərində daşımaq, şərtlərinə tablaşmaq heç də asan deyil və daim ciddi, məsuliyyətli iş rejimində, yüksək gərginlik çərçivəsində vicdanla, səmərəli, vətən, dövlət, xalq naminə çalışmaq üçün fərdi keyfiyyətlər, səriştə, peşəkarlıq, xüsusi bacarıq, üstəlik xüsusi də dözüm tələb olunur.

Dövlətini sevən vətəndaş onun əmrində müntəzir dayanan məmurlara da hörmətlə yanaşmalıdır. Dövlət qulluğu həm şərəfli, həm də çətin peşədir. Xalq özünün güclü dövləti ilə, dövlət isə - özünün yetkin məmur kadrları ilə daha qürurludur.
-----------------------------

19 iyun 2006







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə