Mənəviyyat və müasirlik



Yüklə 145,78 Kb.
tarix07.11.2017
ölçüsü145,78 Kb.
#8757



3-3. ŞƏRQ VƏ QƏRB MƏNƏVİYYATI

Mənəviyyat və müasirlik

Azərbaycan yeni iqtisadi münasibətlərə keçərkən təbii ki, bu sahədə böyük təcrü­bəsi olan Qərb dünyasından çox şey öyrən­məlidir. Həm elm və texnikanın yüksək inki­şaf sə­viyyəsinə görə, həm də neçə yüzilliklər ərzində bazar iqtisa­diyyatının qərar­laşma dərəcəsinə və sosial yönümünə görə Qərb dünyası, heç şübhəsiz, öncül mövqe tu­tur.

Lakin müasirlik ancaq texnologiya və iqtisadiyyat gös­tərici­lə­ri ilə müəyyən edilə bilməz. Müasir insanın for­malaşma­sın­da bə­şə­­riy­yətin min illərlə ölçülən mənəvi təkamül yolu bəlkə də elmi-tex­ni­ki tərəqqidən daha çox rol oynamışdır.

Bəziləri Şərq dünyasını təmsil edən ölkələrin, o cümlədən, Azər­­­baycanın müa­sir texnikaya əsaslanan iqtisadi yarışda qabaq­cıl Qərb ölkələrindən geri qalmasının sə­bəblərini islam di­nin­də və ənənəvi düşüncə tərzində axta­rırlar. Halbuki iqtisadi inki­şafın hə­rəkətverici qüvvəsi din yox, elmdir. Din iqtisadi meyarlarla deyil, an­caq mənəvi meyarlarla dəyərləndirilə bilər. Söhbət hansı dinə qulluq edilməsindən yox, ümumiyyətlə din və elmin münasi­bətin­dən getməlidir. Din öz yerində, elm də öz ye­rində olduqda cə­miy­yə­tin iqtisadi inkişafına heç bir xələl gəlməz.

Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məh­dudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatın­dan ayrıla­raq özünə qapıldığından, insan daha çox öz dünya­sında yaşa­dı­ğın­dan onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki for­ma­da həyata keçir:

1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açı­lır və xa­ri­ci mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şə­raitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qa­lır. Fərdi aləm unudu­lur və insan dünyaya ancaq mühitlə inten­siv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tap­­­şırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış kon­septual dü­­şüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır.

İmpulsiv emosional reaksiyalardan xilas olmağa çalı­şan, Qər­bin soyuqqanlı düşüncəsinə həsəd aparan Şərq ada­mının istə­yi­ni şair belə ifadə edir:


Hikmət sirdaş olub qala biləydi,

Zəngli saat kimi çala biləydi,

Gen gündə Gün kimi aydın olanı

Məqamda yadıma sala biləydi.
Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə ancaq qiy­mət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, sonra isə bu mü­nasibət ya poetik yolla vəsf edi­lir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində biruzə verilir.

İnformasiyanın xaricdən fərdi mənəvi dünyaya qəbul olun­ması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.

2. Fərdi mən prizmasından dünya ancaq ağ və qara rəng­lərdə görünə bildiyindən çox vaxt təsadüfi amillər nəticə­sində ya ağların, ya da qaraların siyahısına düşən hadisə­lər uyğun olaraq ya tərif­lə­nir, ya da pislÿnir. Eyni hadisə­nin müxtəlif yönümlərdə müxtəlif rəngləri üzə çıxarıl­mır, məsələyə dialektik baxımdan, sistemli şəkil­də yana­şılmır. Təhlil olmadığından bir münasibətdə “yaxşı” kimi qə­bul olunan hadisənin pis cəhətləri üzə çıxarılmır və əksinə.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim be­lə hesab edirsə ki, müasir dövrdə xalqımızın tərəq­qisinə mane olan Şərq təfəkkür tərzidir – səhv edir. Şərq təfəkkürünün müəyyən ça­tış­mazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda bax­maq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir. Yağış­dan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöq­sanlı cəhətlərini qəbul etməyə daha çox meylliyik.

Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta in­ter­net klublarında keç­diyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.

Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədəniyyət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər. Lakin bu zaman nə­dən­sə Avropanın elmi, texnikası, maddi isteh­sal və xidmət mədə­niy­yə­ti yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə va­dar edən əsl cəhətlər unu­dulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mədəniyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tə­nəzzülünə, süqutuna, mənəvi deqradasiyasına aparıb çı­xara bilən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsaslan­mayan, yandançıxma (çox vaxt Afrikasayağı) “mədəniyyət” nümunələri, o cümlədən, bayağı rok, varyete, por­noqrafik musiqi lövhələri, gecə klubları, kazino, striptiz və s. “Avropa mədəniyyəti” kimi qəbul edi­­­lir. Məhdud sə­viyyəli gənclərdə belə bir meyl təbiidir, lakin təəc­­­cüb­lü burasıdır ki, bəzən mətbuat və televiziya da onların “mü­­­da­fiə­sinə” qalxır, məktəblərimizdə diskotekaların az­lığından, Ame­­ri­ka və Qərb cazmenlərinin həyat və fəaliyyə­tini öyrənmək zə­ru­rə­tin­dən, rok musiqisinin şəhərimizin kandarında qalmasın­dan bö­­yük qayğı və təlaşla danışılır, darvazaları gen açmaq tövsiyə edi­lir. Qər­bin tərəqqisinin əsil hərəkətverici qüvvələri, böyük elm ko­ri­fey­lə­ri, maa­rifçilər və filosoflar isə heç yada da düşmür. Nyu­ton­la­rın, Vol­terlərin, Bethovenlərin həyat və yaradıcılığından söh­bət açmaq unudulur, onlar mətbuat və televiziyaéà éàõûí buraxıl­mır. Məgər müasir gəncliyin onlara mənəvi ehtiyacı yoxdurmu? Acına­caq­lı haldır ki, gənclə­rimizin əksəriyyəti Maykl Cekson və Şvarts­negeri Rassel və Bordan daha yaxşı tanıyırlar. Bu, bizim kütləvi in­for­masiya vasitələrinin Avropaya, Qərb mədəniyyətinə birtə­rəfli münasibətinin nəticəsidir.

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Ba­kıda ka­pi­talizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Av­ro­paya seçkili münasibətin zəruri­liyini dərk edən H. Cavid yazırdı:
Avropada işıq da var, zülmət də.

Orda səfalət də var, fəzilət də.

O bir əngin dəniz ki, çox qorxuncdur.

İnsan gah inci bulur, gah boğulur...
Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və ra­sio­nal düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalı­şır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarı­şıq salır, Qərbin xilas olmaq istədiyi və məm­nuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapı­şa­raq “müasir” olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüs­tüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtərəfliyin­dən azad olmaq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşı­laş­dı­rıl­ması, onların fikir tərzində olan özünə­məxsusluğun mütləq­ləş­dirilməsi və yalnız bu və ya digər tə­rəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif si­vi­lizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərz­lərini “barışdırmağı”, onların mütərəqqi cəhətlərini birləş­dir­mə­yi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən “Yaponi­ya müəmmasının” açarını da məhz Şərq və Qərb tə­fəkkür tərzləri­nin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənəvi potensialın Qərbə məxsus rasional düşüncə mədəniyyəti ilə birləş­di­ril­məsində axtarmaq la­zımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlə­ri­nin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi plan­da xüsusi tədqiqat tələb edir. Müasir cəmiy­yət­şü­naslığın vəzi­fə­lə­rindən biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb mə­dəniyyətləri kontekstində araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdir­mək­dən ibarətdir. Ciddi elmi tədqiqata əaslanmayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt qüsurlu olur.

Məsələn, bəziləri belə hesab edirlər ki, düşüncəmizin ətalətli­li­yi, məsuliyyətsizlik, biganəlik, “əşi, nə olsun ki...” münasibəti, utan­­caqlıq və s. Şərq təfəkkürünün tər­kib hissəsidir. Əlbəttə, mə­su­liyyətsizlik, biganəlik pis keyfiyyətdir. Lakin o yalnız Şərqin ənə­nə­vi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə so­sial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır.

Utancaqlıq və ətalətli düşüncə kimi keyfiyyətləri an­caq qara rənglə çəkmək düzgün olmazdı. Utancaqlıq nədə isə bizə mane olur deyə, əsrlər boyu formalaşmış bu yüksək mənəvi keyfiyyətdən azadmı olmağa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə birincidən azad olmaq əvə­zinə ikincini inkişaf etdirmək barədə düşünməli deyi­likmi? Elə yüksək intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafiə etmək işində abır, utan­caqlıq, təvazökarlıq hüdudu daha mane ola bilməsin?

Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altın­dan sürünüb keçmək, bəndi dağıdıb keçmək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol – alçalmaq, axırıncı – yüksəlmək tə­ləb edir. Bəndin dağıdılması isə min illər ərzində yaradılmış bir abi­dənin, mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman öl­çü itir, yüksəkliklə alçaqlıq eyniləşir.

Vaxtilə, burjua inqlabı aristokratiyanın böyük səylə əməl et­di­yi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtə­rəfli qələbəsini təmin etdi. Rasional düşüncə və işkü­zarlıq təşəbbüslərinin qarşısını ala biləcək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir is­tiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozul­muş oldu. Qərb inti­ba­hı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müva­zi­nət mərhələsi oldu. Lakin bu mər­hələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi. Mə­nə­vi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qayda­la­rı ilə məhdud­laş­dı­rıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşimançılığını çək­mə­yə başladı. Bioloji və sosial ekologiyaya mənəvi ekologiya prob­lem­ləri də əlavə olundu.

Müvazinət pozulanda, insanın mənəvi həyatı daxili çarpışma və ziddiyyətlərdən məh­rum olanda o, inkişaf im­pulsunu itirir, durğunluq vəziyyətinə düşür. Əksinə, mənəvi qadağan­lar­la rasio­nal düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə in­sanın birtərəfli inkişafına, mənəvi deformasi­ya­sına yol ve­rilmir.

İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – öz­başınalıq, anarxiya yaranır.

Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şər­tsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafi­zik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir (“ağır otur, batman gəl”). Əl­bəttə, fizikadan məlum olan “ətalət – kütlə öl­çü­südür” fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da in­kar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik “yüngüllük” kimi – mənfi mənada; sa­bitlik, ətalətlilik isə “ağırlıq” kimi – müsbət mənada qiymətləndirilir.

Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağan­lar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keç­mə­li, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.

Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkət­ve­rici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, in­tel­lek­tual cəhdlərin zəifliyidir.

Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.

Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?

Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvət­lərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin asta­nasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.




Milli mədəniyyətə münasibət haqqında

İnsanın mənəvi ehtiyacları onun boya-başa çatdığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrən­mədən ye­ni nəslin nə kimi hisslərlə yaşa­dığını, onun mədəni tələbat meyl­lə­rini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin təəssüf ki, əvvəlcə proletkultçuluğun təsiri ilə, sonra isə repres­­siya və yetkin sosializm illərində bizi öz mənəvi kökləri­mizlə bağla­yan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmış­dı. Sosialist gerçəkliyinin milli özünüdərk və mədəni tərəqqi üçün yaratdığı şəraitdən tam şəkildə is­tifadə etmək imkanına biz yalnız müstəqilləşmə mərhələ­sində nail olmuşuq. Bu imkanı reallaşdır­maq isə hər xal­qın özündən asılıdır.

Xüsusən Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə bölünən zəngin və çoxsahəli keçmişinin öyrənilməsi ciddi çətinlik­lərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının birgə səyi nəticəsində nailiyyət əldə etmək mümkündür.

Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivili­za­siyaların nailiyyətlərindən bəh­rələnmiş və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanmış elə mürəkkəb və zən­gin bir fe­no­mendir ki, onu bəsit, stan­dart təfəkkürlə dərk etmək, mənimsə­mək mümkün deyil.



Tarixi keçmişə etinasız və bəsit münasibətin nəticəsidir ki, müasir Azərbaycan bədii tə­fək­kürünün qaynaqla­rını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsa­tir­lər, şifahi xalq yaradıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də ya­şamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin da­şıyıcısı, qoru­yucusu və ötürücüsü rolunu oynamış əvəzsiz ozan sənəti, Zər­düş­tilik fəl­sə­fə­sin­dən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə for­malaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış olan arxitektura abi­­dələri və sə­nət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xris­tian­­lığın və əcdadlarımızın etiqad bəslədiyi di­gər dinlərin öz yerini təd­ricən islama verdiyi keçid mərhələsində incəsə­nətdə baş verən tə­­bəd­dü­latlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qo­yan orta əsr sintetik Azərbaycan mə­dəniyyəti – bütün bunlar uzun müd­dət xüsusi tədqiqat obyek­tinə çevrilməmiş, müasir milli mə­də­niy­yətimizin struktu­runda hələ də nəzərə çarpacaq yer tutan qədim ün­sürlərin mənşəyi və tə­kamül yolu layiqincə araşdırılma­mış­dır. Ça­rizm və daha sonra sovet dövründə heç bir əsas ol­ma­dan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsu­siyyətlə­rinin an­caq islamla bağ­lan­ması və islama bəsləni­lən qeyd-şərtsiz mən­fi mü­nasibətin az qala bütün mədəni keçmişimizə şa­mil edil­məsi müa­sir milli mədəniyyətimizi öz tarixi kökləri ilə əlaqəni itir­mək təh­lükəsi qarşı­sın­da qoymuşdur. Min illər boyu milli mədə­niy­yə­ti­mi­zin inkişafına təsir göstərmiş Zərdüşt tə­li­mi­nə biganə­lik o həddə çat­mışdır ki, başqa xalqların çoxdan fayda­landığı “Aves­ta”nın bu gü­­nə qədər gəlib çatmış hissələ­rinin öz dilimizdə çap olunması və müa­sir mədəni həyatı­mızda bu tə­limin izlərinin aşkar edilməsi sa­hə­sində ciddi addımlar atılmamışdır. Zərdüştün təli­min­dən xə­­bər­siz halda onun adı ilə fəxr etsək də, heç olmazsa bu adın konkret bir xatirə ilə yad olun­ma­sı sahəsində də de­mək olar ki, heç bir tədbir görülməmişdir. Gec də olsa vaxtilə könüllü su­rət­də imtina etdiyimiz və başqalarının sərəncamına verdiyimiz alban mədə­niy­yətinin sələflik hü­qu­­qunu şifahi şəkildə bərpa etsək də, alban mən­bə­lərindən öz dilimizdə istifadə etmək im­ka­nın­dan hələ də məhru­muq və bu, milli mədəniyyət tariximizin öyrənilməsi işində böyük çətinliklər törədir.


Yüklə 145,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə