Mənim Elektron Hökumətim



Yüklə 57,88 Kb.
tarix29.10.2017
ölçüsü57,88 Kb.

Mənim Elektron Hökumətim










 




...

Dünya inkişaf etdikcə, yeni-yeni texnologiyalar yarandıqca bəşəriyyətin tələbləri də dəyişir və hər bir ölkədə İnformasiya Kommunikasiya Texnologiyalarının vəziyyəti həmin dövlətin inkişaf səviyyəsinin əsas göstəricilərindən sayılır. Bütün ölkələr kimi odlar yurdu olan ölkəmiz Azərbaycan  üçün də bu sahənin inkişafı önəmlidir. Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunmağa başlayıb. İnformasiya texnologiyalarının ayrı-ayrı komponentləri var ki, bunların hamısı hər bir təşkilatda, hər bir dövlət qurumunda, eləcə də biznes sektorunda yeni mühit, yeni imkanlar yaradır. Ona görə də ölkənin internetləşməsi, şəbəkələşməsi, təşkilatların bir-biri ilə artıq elektron ünvan vasitəsi ilə münasibətlər yaratması, hətta sosial şəbəkələr üzərində əlaqələr qurması, bundan başqa elektron imza texnologiyasının ölkədə tətbiq olunması, informasiyanı bir yerdən başqa yerə göndərərkən artıq onun hüquqi əsası mövcudluğu və s. kimi hüquqi məsələlərin həllində önəmli rol oynayan elektron imza texnologiyası artıq yeni reallıq tələb edir: "Bu reallıq artıq hakimiyyət orqanlarının fəaliyyətinin informasiya texnologiyalarından geniş istifadə etməsi, işlərini həyata keçirmək üçün zəmin yaradır. Ona görə də ölkəmizdə elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və s. bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. Elektron dövlətin yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir.  “Elektron hökumət” və ya “e-hökumət” - hər hansı bir ölkənin dövlət strukturlarını haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir və müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Başqa sözlə, Elektron hökumət ölkəni gələcəyə aparan, davamlı inkişafı təmin edən bir mexanizmdir ki, ölkələr də bunu tətbiq etmək və təkmilləşdirməkdə maraqlıdırlar. “Elektron hökumət” portalının yaradılması (www.e-gov.az) Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük bir töhfə olmaqla yanaşı, cəmiyyətimiz üçün də yenilikdir. Bundan başqa, “E-hökumət” vәtәndaş vә dövlәt qurumları münasibәtlәrindә yeni sәhifәdir. Hər bir dövlət qurumu elektron xidmətlərini “bir pəncərə” prinsipi əsasında istifadəçilərə Portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə qurumlar cavabdehdirlər. Qeyd etmək lazımdır ki, vətəndaşlara bu cür xidmətlərin göstərilməsi dünya təcrübəsində dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir.

     “Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:



  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

  • İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;

  • İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;

  • Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü

     Yuxarıda qeyd edilən prinsiplər kontekstindən məsələyə yanaşmağa çalışacağam.

     Kompyuterlərdən, kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi də 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Belə ki, hər bir sahənin yaradılması və inkişaf etdirilməsi üçün ilk növbədə  qanunvericilik bazasının yaradılması vacibdir. Çünki hər bir yeniliyin fəaliyyət göstərməsi üçün hüquqi əsas olmalıdır.  Heydər Əliyev dünyada gedən prosesləri diqqətlə izləyərək və uzaqgörənliklə qiymətləndirərək 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etməklə ölkəmizdə informasiya cəmiyyəti və onun mühüm tərkib hissəsi olan “elektron hökumət” quruculuğuna start verdi və İKT sahəsində yeni dövr başlandı. “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Həmin proqram qəbul olunan zaman Azərbaycan üçün yeni olan, amma dünyanın əksər inkişaf etmiş ölkələrində uğurla sınaqdan çıxmış “elektron hökumət” anlayışı bu proqramda öz əksini tapmışdı. Bu proqramın davamı kimi “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nı qeyd etmək lazımdır.  Əsası ümummilli lider tərəfindən qoyulan bu strateji istiqamət onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və etdiriləcəkdir. Bunu söyləməyə əsasən verən amil Prezidentin İKT sektorunu neft strategiyasından sonra prioritet sahə kimi bəyan etməsidir. İlham Əliyev tərəfindən 5 fevral 2013-cü il “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərmanı imzalanmışdır.

     Lakin bu anlayış 2004-cü il 20 fevral tarixində yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (hal-hazırda Rabitə və Yüksək Texnologiyaları Nazirliyi) həmin ilin 10 avqust tarixində Prezident tərəfindən təsdiq edilən Əsasnaməsində qeyd olunmuşdu. “Elektron hökumət”-i insanların bir növ tələbatı adlandırmaq olar. Çünki bu məcburiyyətdən yaradılmayıb, zərurətdən irəli gəldiyi üçün bu mütərəqqi addım atılıb. Həmçinin başqa ölkələrdə gördüklərimizi ölkəmizdə də tətbiq olunması üçün müxtəlif layihələrin keçirilməsində pay sahibi olmaq, ideyalar ortaya qoymaq məhz bundan irəli gəlir. Xarici ölkələrin təcrübəsindən istifadə etmək, Azərbaycanlı gənclərin xaricdə təhsilini təşkil etmək üçün də dövlət proqramı qəbul olunmuşdur. Bu proqramın müddəti 2015-ci ildə bitsə də, 29 dekabr 2012-ci ildə qəbul olunmuş Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasında proqramın davamı olaraq 2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqram qəbul ediləcəkdir. Bundan başqa təhsilin informasiyalaşdırılması, bilik iqtisadiyyatının təkmilləşdirilməsi də İKT sahəsində uğurlara çatmanın alətləridir. Təkcə bu portal deyil, eləcə də Azərbaycan ərazisində bu sahədə ixtisaslı kadrların hazırlanması Azərbaycanın rabitə və informasiya texnologiyalarının inkişafına öz təsirini göstərəcək. Bununla əlaqədar olaraq, yeni ali məktəblərin yaradılması, əksər ali məktəblərdə bu sahəyə aid ixtisasların olması, dərslərin keçirilməsi, yalnız ali məktəblər deyil, eləcə də orta ixtisas məktəblərində də informatika dərslərinin keçirilməsi ölkəmizin bu sahədə gələcək nailiyyətlərindən xəbər verir.

     Orta məktəblərdə keçilən dəqiq və təbiət elmlərinə diqqətin daha çox ayrılması, saatların artırılması, dərnəklərin yaradılması və bu sahə üzrə mütəmadi olimpiadaların keçirilməsini təklif edirəm. Bunun üçün də əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bundan başqa, xarici ölkə təcrübəsini həmişə əsas götürməliyik. Məhz bu metod effektiv “Azərbaycan modeli”-nin qurulmasına köməklik göstərəcək.

     "Elektron Azərbaycan" Dövlət Proqramı iqtisadi baxımdan da ölkənin gücünə güc qatacaq. Belə ki, Prezident İlham Əliyev tərəfindən imzalanan "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 6 mart 2007-ci il tarixli Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkəmizdə texnoparklar, texnopolislər, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərimizin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına böyük təkan verəcəkdir. "Elektron Azərbaycan" Dövlət Proqramının beynəlxalq və xarici iqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyəti də çox böyükdür. BMT-nin İnkişaf Proqramında, YUNESKO-da, Beynəlxalq Telekommunikasiya İttifaqında, İKT və İnkişaf Naminə Qlobal Alyansda (GAİD) və digər nüfuzlu beynəlxalq qurumlarda Azərbaycan çox böyük nüfuza malik ölkə kimi qiymətləndirilir. Bunun nəticəsi kimi bu il Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının şurasına üzv seçilmişdir.

     Bundan başqa, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Naminə İnsan Resursları Fondu" təsis edilmişdir. Fondun məqsədi xarici ölkələrin elm və tədris mərkəzləri ilə əlaqə yaratmaqla İKT sahəsində kadrların hazırlanması, onların biliklərinin artırılması və ixtisaslaşması istiqaməti üzrə fəaliyyət göstərməkdir. İKT sahəsində Azərbaycan modelini də ortaya qoymalıyıq. Bunu müəyyən qədər bacarsaq da, operativliyin, çevikliyin və səmərəliliyin artırılması üçün daha çox işlər görülməlidir və görülür də.

     Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub. Əksər dövlətlərdə bu unikal və səmərəli imkandan 100% bəhrələnə bilməsələr də, bu istiqamətdə geniş işlər görülür. Dünya, o cümlədən Azərbaycan yaxşı idarəetməni prioritet olaraq seçib. Məhz “Elektron-hökumət” bunun təcəssümüdür. Vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.

     Postsovet ölkələrində, o cümlədən Azərbaycanda “elektron hökumət”in əsasını təşkil edən layihələr reallaşdırılır: telekommunikasiya infrastrukturu təkmilləşdirilir; gömrük, maliyyə, vergi sahələrində korporativ sistemlər geniş istifadə edilməyə başlayır; əhalinin reyestri formalaşdırılır; digər kadastr və reyestrlər yaradılır. Bu gün qürurla demək olar ki, Azərbaycan MDB məkanında "Elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Təkcə region və MDB məkanı ilə kifayətlənmək olmaz. Dünya göstəricilərini həmişə diqqət mərkəzində saxlamalıyıq. Bundan başqa, dünyada “pəncərə” sxemindən istifadə olunur ki, bu da “hökumət-vətəndaş (G2C), “hökumət-hökumət (G2G)”, “hökumət-biznes (G2B)” əlaqələrinin yaradılmasına təkan verir. Azərbaycanda da artıq bəzi sahələrdə bu sxemdən istifadə olunur. “Elektron hökumət” portalının yaradılması Azərbaycan cəmiyyətində kompyuter və informasiyadan istifadə mədəniyyətinin inkişafına da təsiri əsirgəməyəcək. Bunlarla yanaşı 2013 – cü ilin Prezident tərəfindən “İKT ili (İKT sahəsində böyük layihələrin başlanğıc ili)” elan olunması bu sahəyə olan diqqətdən xəbər verir. Lakin bu ildə əldə edilən uğurlar ölkəmizi sevindirsə də, bu hələ yekun deyil, görülən işlərin başlanğıcıdır. 2013-cü ilin “İKT ili” elan olunması ilə yanaşı Azərbaycanın tarixində böyük uğurlar sırasına biri də daxil olmuşdur və 8 fevral 2013-cü ildə Azərbaycanın süni peyki fəzaya buraxılmışdır. Milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verəcək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır. 



     “Elektron hökumət”in qurulması təkcə şəffalıqla yanaşı, korrupsiya hallarının da aradan qaldırılmasında əhəmiyyəti çox böyükdür. Yuxarıda “Yaxşı idarəetmə (Good Governance)”-ni prioritet olaraq  ölkə prioritetləri içərisində yer almasını qeyd etmişdim. Məhz korrupsiyaya qarşı mübarizə Dünya Bankı tərəfindən müəyyən olunan GRİCS inteqral göstəricisində ən əhəmiyyətli faktorlar sırasında olması ona olan mübarizəni bir qədər də artırır. Bu göstərici dövlət idarəetməsinin effektivliyini artırmaq üçün tətbiq olunur. Dünya ölkələrinin təcrübəsi göstərir ki, “Elektron hökumət”in formalaşdırılması mərhələli, pilot layihələr və tipik həllər vasitəsilə reallaşdırılmalı, cəmiyyəti buna hazırlamaq məqsədilə müvafiq yanaşmalar tətbiq olunmalıdır. Pilot layihə kimi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun nəzdində fəaliyyət göstərən, “Azərbaycan brendi” və inqilabi yenilik olan “ASAN Xidmət” mərkəzlərini misal göstərmək olar. Xidmət mərkəzlərinin yaradılması ölkəmizdə vətəndaşlara gülərüz, şəffaf və rahat xidmət göstərilməsinə yardım edir. 2013-ci ildə fəaliyyəti gerçəkləşdirilən “ASAN Xidmət” mərkəzləri təkcə paytaxt Bakıda deyil, eləcə də Sumqayıt, Gəncə şəhərlərində də fəaliyyət göstərir və gələcəkdə bir sıra yeni mərkəzlərin açılması gözlənilir. Buna Masallı “ASAN Xidmət” mərkəzini misal göstərmək olar. Bu yeni layihə bir çox dövlətlərin Azərbaycana olan marağını artırır. Bir çox dövlətlərin nümayəndələri birbaşa olaraq “ASAN Xidmət” mərkəzlərinə gələrək iş prinsipi ilə yaxından tanış olurlar. Bu da Azərbaycan təcrübəsinin nə qədər effektiv olduğunu bir daha sübut edir. Həmçinin prezident öz çıxışında “e-hökumət” sahəsində “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Yalnız açılan mərkəzlərdə deyil, eləcə də “ASAN” səyyar xidmətin təşkili ölkənin bütün vətəndaşlarına xidmət göstərilməsinə yardımçı olur. Təkcə KİV-də öyrəndiyim məlumatlarla yanaşı, özümün də Bakı şəhər 1 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərməyim buradakı iş prinsipini öyrənməyimə köməklik göstərmişdir. Bu kimi diqqətəlayiq işlərin görülməsi bir çox ölkələrin bu modelə (yəni Azərbaycan modelinə) olan marağı artırır. Misal kimi Albaniya ölkəsini göstərə bilərəm.

     Dövlət orqanları tərəfindən vətəndaşlara keyfiyyətli elektron xidmətlərin çatdırılması, onlardan rahat, anlaşıqlı və tam şəkildə istifadənin geniş tətbiqi, vətəndaşların məmnunluğunun yüksəldilməsi bu məqsədlərə çatmağın vasitələridir.

     Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portal tətbiq edilir. Yəni vətəndaş hökumətin fəaliyyəti, ayrı-ayrı dövlət strukturlarının xidmətləri barədə məlumatları evindən çıxmadan, məmurların qəbuluna düşmədən əldə edə bilməlidir. Başqa sözlə, hər bir dövlət strukturunun internet səhifəsi olmalı və vətəndaş həmin quruma aidiyyəti olan bilgiləri oradan almalıdır. “Elektron hökumət” portalı buna misaldır.

     Bu məsələ “Informasiya əldə etmək haqqında” qanunda da öz əksini tapıb. Qanunun keçid müddəalarına əsasən, dövlət qurumları sahibi olduqları ictimai məlumatları açıqlamaq üçün ən qısa zamanda, lakin Qanun dərc olunduğu tarixdən bir ildən gec olmayaraq özlərinin internet resurslarını yaratmalıydılar. Sözügedən qanunun 2005-ci ilin dekabrında qəbul olunduğunu nəzərə alsaq, deməli, “dərc olunduğu tarixdən bir ildən gec olmayaraq” dedikdə ən uzağı 2006-cı ilin sonu nəzərdə tutulurdu. Bələdiyyələr də mümkün qədər qısa zamanda, lakin qanunun dərcindən sonra 3 ildən gec olmayaraq – 2008-ci ilin sonunadək özlərinin internet saytlarını hazırlamalı idilər. Qanunun qəbulundan dörd ildən artıq müddət keçdiyini nəzərə alaraq, dövlət strukturları və bələdiyyələrin internet saytlarının durumuyla bağlı aparılan araşdırmanı diqqətinizə çatdırmaq istərdim. Məlum oldu ki, əvvəlki illərlə müqayisədə vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Əksər dövlət qurumları tənqidlərdən nəticə çıxararaq, özlərinin internet resursları üzərində ciddi işlər aparıblar. Təbii ki, belə bir durum sevindiricidir və istənilən halda bu sahədə inkişafın olmasından xəbər verir. Bu həm də o deməkdir ki, internet və bütövlükdə veb texnologiyaların əhəmiyyəti getdikcə daha doğru və düzgün anlaşılmaqdadır. Bu sırada Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və s. dövlət strukturlarının saytlarının adlarını çəkmək olar. Bu qurumların saytlarındakı bilgilər kifayət qədər çoxşaxəli və zəngindir. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin internet səhifəsi onlayn rejimində fəaliyyət göstərir və sayt istifadəçilərini maraqlandıran suallar operativ şəkildə cavablandırılır. Belə olan halda, rabitə və telekommunikasiya sahəsində hansısa xidmətlə maraqlanan vətəndaş bunun üçün qapı döymək, növbə gözləmək məcburiyyətində qalmır.



     “Elektron hökumət”in əhəmiyyəti:

  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;

  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;

  • Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;

  • İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;

  • İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.

  • “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

     Elektron hökumətdən birbaşa olaraq ölkə əhalisi yararlanır: "Hökumət orqanlarının qarşısında məsələ qoyulub ki, vətəndaşlarla təmas interaktiv, yəni onlayn qurulsun. Vətəndaşlar hakimiyyət orqanlarına müraciət edərkən veb-saytlardan istifadə etsin. Şikayətlərini, təkliflərini elektron formada rəsmi orqanlara çatdırsın. Azərbaycanda informasiya texnologiyalarının inkişafı getdikcə yeni mərhələyə qədəm qoyduğu üçün belə bir reallıq ortaya çıxır. Bunun özü də sonu görünməyən prosesdir. Çünki bunun elə bir nöqtəsi yoxdur ki, deyəsən ki, bura çatdıqdan sonra elektron hökumətin qurulması işi başa çatacaq. Çünki insanların tələbatlarını ödəmək üçün informasiya resurslarının sayı get-gedə artır, dərinləşir, yeni xidmətlər ortaya çıxır. Yeni texnologiyalar gəldikcə, bu reallıq bir qədər də dəyişir, yaxşılaşır. Artıq cəmiyyətin idarə olunması onlayn mühit vasitəsi ilə həyata keçirilir. Bunun da həyata keçirilməsində hazır texnologiyalar yoxdur ki, gətirib onu tətbiq edəsən. Dünyada nə qədər dövlət var, o qədər də elektron dövlətin növləri var. Lakin ümumi prinsiplər hamı üçündür. Elektron hökumət sərbəst bazar iqtisadiyyatı və hakimiyyət orqanlarının bölünməsi şəraitində, bütün orqanların seçilməsi, şəffaf olması, vətəndaşlara açıq münasibətin göstərilməsi, cəmiyyətdə informasiya azadlığının təmin olunması, insanların informasiya əldə etmək imkanlarının böyük olması, eyni zamanda insanların şəxsi və ailə həyatına aid olan məlumatların qorunması kimi prinsipləri özündə əks etdirməlidir. Əks halda qurulan elektron dövlət vətəndaşların, cəmiyyətin maraqlarına uyğun gəlməyə bilər. Ona görə də Azərbaycanda qurulan elektron dövlət məhz həmin təməl prinsiplər üzərində qurulur. Bunun üçün parlament tərəfindən müvafiq qanunlar qəbul olunur. Bizim də institutun qarşısında məsələ qoyulub ki, elektron dövlətin qurulmasının elmi nəzəri əsasları işlənilsin, beynəlxalq təcrübə öyrənilsin, bu istiqamətdə Avropa Şurası, müxtəlif beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşaraq, bəzi hallarda isə həmin sənədlərə qoşularaq ölkədə doğrudan da bəşəri dəyərlərə söykənən elektron hökuməti sintez etsin. Çünki bu iş elmə, nəzəri əsaslara söykənməlidir, xaotik, sistemsiz olaraq həyata keçirilə bilməz.

     Vətəndaşlar üçün layihənin üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar:



  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi;

  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi;

  • İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq;

  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi.

     Sadalananlar nəticədə informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü kimi özünü göstərir.

     Azərbaycanda informasiya texnologiyalarının inkişafı get-gedə yeni mərhələyə qədəm qoyduğu üçün “E-hökumət” adlı reallıq ortaya çıxır. Bunun özü də sonu görünməyən prosesdir. Çünki, insanların tələbatlarını ödəmək üçün informasiya resurslarının sayı get-gedə artır, dərinləşir, yeni xidmətlər ortaya çıxır. Başqa sözlə, A.Maslounun fikrinə əsasən qeyd etmək olar ki, insan bir tələbatını ödədikdə başqa biri yaranır. Yeni texnologiyalar gəldikcə, bu reallıq bir qədər də dəyişir, yaxşılaşır. Texnologiya, informasiya daima yenilənir, daima təzələnir. Bir yerdə durmaq olmaz, daima gələcəyi düşünmək fikri ilə irəli getməyi planlarımıza əlavə etməliyik.

     Bu il 4-5 dekabr tarixlərdə 20-ci "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfrans"ı ("BakuTel 2014") çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək. Bu kimi çoxlu konfransların keçirilməsi, təkliflərin alınması ölkəmizin ideya bankının və icra işlərinin genişlənməsinə köməklik göstərəcək.

     Yuxarıda da bir neçə ideya qeyd etsəm də, artırmaq qərarına gəldim. Misal olaraq, Bakı Metropoliteninin elektron xidmət göstərdiyini xatırlamıram və rast gəlməmişəm. Gediş haqlarının doldurulması onlayn formada olsa, vaxta qənaət və tələsdiyimiz vaxtlarda növbə gözləməkdən azad ola bilərik. Bundan başqa, nəqliyyat avtobusları daxilində naviqasiya sisteminin quraşdırılması insanların rahatlığına kömək edə bilər. Günümüzdə bir çox insanların getmək istədiyi yeri sürücüdən soruşurlar və sürücülər çox vaxt onlara düşəcəkləri yeri deməyi unudurlar. Naviqasiya sisteminin quraşdırılması bu problemi aradan qaldıra bilər. ASAN Xidmət mərkəzinin sənədlərinin elektron formada doldurmaq mümkündür, amma bu bütün “e-gov.az” portalında xidmətlərini təqdim etmiş orqanlar tərəfindən də həyata keçirilsin. “E-gov.az” portalına da bu ideyamı göndərsəm də, qəbul olunub olunmadığını bilmirəm. Ideya ondan ibarətdir ki, istifadəçi adı və şifrənin elektron formada alınsın. Əvvəldə də qeyd etdiyim kimi, “e-hökumət” insanların tələbatıdır. Hansı sahədə insanlar problemlə, süründürməçiliklə və vaxt itkisi ilə üzləşsələr, o zaman yeni-yeni ideyalar ortaya qoyulacaq. Məhz təklif etdiyim ideyalar bu baxımdan özünü büruzə verir. Yaxınlardan da bu barədə təklif aldım, onları da qeyd etmək istərdim. E-hökumətin tam qurulması tıxacların aradan qaldırılmasına kömək olacağını bir tanış qeyd etdi. Dostlardan birinin verdiyi ideya çox diqqətimi cəlb etdi və bunu qeyd etmək vacib olduğunu düşündüm. İdeyanın mahiyyəti bundan ibarətdir ki, hər sahəyə aid istənilən sual verildiyi zaman operativ və düzgün şəkildə istifadəçilərə cavab verilməsi məqsədi daşıyır. Həmçinin hüquqi faktların online qeydiyyat üsulunun yaradılması və s. kimi ideyaları göstərmək olar.

 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək “e-hökumət”ə 100 faizlik keçidin təmini qarşıya məqsəd qoyulmuşdur.Sadalanan bütün məlumatlar bir daha sübut edir ki, müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi İKT sahəsindəki uğurları ilə dünyadakı münasib yerini tutacaq və bir sıra ölkələrə örnək mənbəyi olacaqdır. Bunun üçün də hamımız bu amal uğrunda digər sahələrdə olduğu kimi səfərbər olmalıyıq və ölkəmizi layiqli yerlərə daşımalıyıq.

Bu yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin «Mənim Elektron Hökumətim» mövzusunda elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Reşad Əbilzadə    



- See more at: http://proses.az/?m=xeber&id=15573#sthash.o6FQbEUJ.dpuf
: Upload -> MeqaleFiles2014
MeqaleFiles2014 -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles2014 -> Elektron Hökumət – vətəndaşların ümid yeri
MeqaleFiles2014 -> Yüksək texnologiyaların dərin humanist izləri Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?
MeqaleFiles2014 -> Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq
MeqaleFiles2014 -> Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı
MeqaleFiles2014 -> Elektron hökumət
MeqaleFiles2014 -> Bir toxunuşla döVLƏt eviNİZDƏ Giriş
MeqaleFiles2014 -> Mənim elektron hökumətim
MeqaleFiles2014 -> Elektron hökumət
MeqaleFiles2014 -> Mənim elektron hökumətim


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə