Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

Mən yuxumu qovub, sənin səsinə gəlməyə tələsirəm. 

 

* * * 

 

Ölüm  qədər  arıq,  kilkə  saçlarını  toz  basmış,  dodaqları  tutqun  qəlbi  kimi  möhkəm  qısılmış, 



gözləri öz dişisini axtaran işıldaquşsayağı yanan azğın bir sərsəri iksir daşı axtarırdı. 

Qarşısında ucu-bucağı görünməyən dəniz uğuldayırdı. 

Gurultulu dalğalar ara vermədən gizlin xəzinələrdən danışıb, onların dilini anlamayan bu nadana 

gülürdü. 

Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış 

onun həyatının yeganə qayəsi olmuşdu. 

Okean ağuşunu daim əlçatmaz səmaya açan kimi. 

Ulduzlar əlçatmaz həddə çatmaq üçün daim dövr etdikləri kimi, – 

O  da,  kilkə  saçlarını  toz  basmış  o  divanə  də  tənha  sahillərdə  veyllənə-veyllənə,  iksir  daşı 

axtarırdı. 

Bir dəfə bir kəndli uşaq ona yaxınlaşıb soruşdu: 

– Söylə görüm belindəki bu qızıl zənciri haradan tapıbsan? 

Divanə  diksindi,  –  bir  zaman  dəmirdən  olan  həmin  zəncir,  doğrudan  da,  dönüb  qızıl  olmuşdu; 

bu, yuxu deyildi, amma o divanə bu dəyişikliyin nə vaxt baş verdiyini duymamışdı. 

O,  vəhşi  bir  hərəkətlə  əllərini  başına  apardı,  –  of,  necə  olmuşdu,  necə  olmuşdu  ki,  özü  də 

bilmədən belə bir müvəffəqiyyətə nail olmuşdu? 

O,  artıq  vərdiş  etmişdi,  –  yerdən  daşları  qaldırıb  zəncirə  toxundurur  və  bir  dəyişiklik  olub-

olmadığına heç baxmadan daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm tapmış, həm də itirmişdi. 

Günəş qüruba enir, göy üzünü başdan-başa zər bürümüşdü. 

Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən qoparılmış bir ağac kimi puç olmuş bir 

halda itirdiyi xəzinəni yenidən axtarmağa başladı. 

 

* * * 

 

Nə qədər ki, axşam ağır addımlarla gəlib, bütün nəğmələrin susması üçün işarə edirsə də; 



Nə qədər ki, yol yoldaşların yuxuya getmiş və sən yorulmusansa da; 

Nə qədər ki, qaranlıqda qorxu baş qaldırır və göy üzünü zülmət bürüyürsə də,–  

Yenə də, ey quşcuğaz, məni dinlə, – qanadlarını yumma, ey quşcuğazım! 



Bu zülmət sıx yarpaqlı meşənin zülməti deyil, tutqun qara ilana bənzər coşmuş dənizdir. 

Bu, yasəmən çiçəyinin oynaq rəngi deyil, – dalğaların ağartısıdır. 

Of, hanı o günəşli sahil, hanı sənin yuvacığın? 

Ey quşcuğaz, məni dinlə, – qanadlarını yumma, ey quşcuğazım! 

Yolunu qaranlıq gecə kəsmiş, səhər şəfəqi qara pərdələrin ardındadır. 

Ulduzlar nəfəslərini qısıb saatları sayır, solğun ay gecənin dərinliklərində üzür. 

Ey quşcuğaz, məni dinlə, – qanadlarını yumma, ey quşcuğazım. 

Sənin üçün nə ümid var, nə qorxu. 

Nə söz var, nə çığırtı, nə pıçıltı. 

Nə yuva var, nə yatacaq-məskən. 

Yalnız iki qanadın var, bir də yolsuz-rizsiz səma. 

Ey quşcuğaz, məni dinlə, – qanadlarını yumma, ey quşcuğazım! 



 

* * * 

 

Heç kəs əbədi deyil, heç nə əbədi qalmır, a qardaş. Bunu yadında saxla və sevin. 



Həyatımız yalnız köhnə bir yük, yolumuz da yalnız uzun bir keçid deyil. 

Şair eyni bir əbədi nəğmə oxumur. 

Çiçək solur və ölür; amma onun sevindirdiyi adam çiçəyə əbədi yas saxlamır. 

Qardaş, bunu yadında saxla və sevin. 

Musiqiyə mükəmməllik vermək üçün arada tam fasilə vacibdir. 

Həyat zərli kölgələrdə qərq olmaq üçün qüruba meyl edir. 

Məhəbbət  cəfa  camını  içmək  və  göz  yaşları  cənnətində  təkrar  dirilmək  üçün  oyundan  ayırd 

edilməlidir. 

Bunu yadında saxla və sevin, a qardaş. 

Biz çiçəkləri dərməyə tələsirik ki, külək onları vurub dağıtmasın. 

Biz busələri aldıqda qanımız coşur, gözlərimiz alışıb yanır, çünki ləngisək, onlar yox olar. 

Həyatımız ehtiraslı, arzularımız hərarətlidir, çünki zaman vidalaşma zəngini çalır. 

A qardaş, bunu yadında saxla və sevin. 

Bizim bir şeyi almağa, qırıb yerə atmağa macalımız yoxdur. 

Saatlar röyalarını ətəkləri altında gizlədib, sürətlə qaçaraq gedir. 

Ömür qısadır; məhəbbət üçün yalnız azacıq günlər var. 

Əgər bu, zəhmət və ya köləlik olsaydı, sonsuz olardı. 



Bunu yadında saxla və sevin, a qardaş. 

Gözəllik bizə xoş gəlir, çünki o da həyat kimi eyni ötəri, yeyin ahənglə rəqs edir. 

Bilik bizim üçün qiymətlidir, çünki onu başa çatdırmağa vaxtımız yoxdur. 

Əbədi Səmada hər şey tamamlanmış, başa çatdırılmışdır. 

Dünyada aldanış çiçəyi daim təravətli olur, – o da ölümdür. 

A qardaş, bunu yadında saxla və sevin. 



 

* * * 

 

Mən qızıl maral ardınca düşmüşəm. 



Gülün mənə, a dostlar, amma mən qaçan xəyalatın ardınca düşüb gedirəm. 

Mən  dərələrdən,  təpələrdən  aşıram,  naməlum  ölkələri  gəzirəm,  çünki  qızıl  maral  ardınca 

düşmüşəm. 

Siz  bazara  gedib,  oradan  azuqə  ilə  yüklənmiş  qayıdırsınız.  Məni  isə  yurdsuz-yuvasız  küləklər 

sehrləmişlər; bilmirəm harada, nə zaman. 

Ürəyimdə heç bir qayğı yoxdur; nəyim vardısa, uzaqlarda qalmışdır. 

Mən  dərələrdən,  təpələrdən  aşıram,  naməlum  ölkələrdə  gəzirəm,  –  mən  qızıl  maral  ardınca 

düşmüşəm. 



 

* * * 

 

Yadımdadır ki, uşaqlıqda bir gün axar suya kağız gəmi buraxmışdım. 



Yağışlı bir iyul günü idi, mən təkdim, öz oyunumdan sevinir, özümü xoşbəxt sanırdım. 

Axar suya kağız gəmi buraxmışdım. 

Birdən qara buludlar sıxlaşdı, külək əsdi, bərk yağmur başladı. 

Bulanıq sular sel kimi axdı, çay daşdı, mənim gəmimi batırdı. 

Mən  qəm-qüssə  içində  düşündüm  ki,  fırtına  elə  mənim  xoşbəxtliyimi  əlimdən  almaq  üçün 

qopmuşdu. Onun bütün qəzəbi mənə qarşı idi. 

İndi  tutqun  iyul  günü  uzanıb  gedir,  həyatımda  oynadığım  bütün  oyunları,  bütün  uduzduğum 

oyunları xatırlayıram. 

Mənimlə belə acı-acı əylənmiş taleyimə lənətlər yağdırarkən, birdən, çayda batmış kağız gəmimi 

xatırladım. 



 


* * * 

 

Gün hələ batmamış, çay sahilindəki bazarda alver hələ qurtarmamışdır. 



Mən qorxurdum ki, fürsəti fövtə verib,  son quruşumu da itirəm. 

Amma yox, qardaşım, əlimdə nəsə qalmışdır. Tale hələ bütün var-yoxumu almamışdır. 

Alış-veriş qurtarmışdır. 

Bütün haqq-hesab ödənmiş və mənim evə getmək vaxtım çatmışdır. 

Amma, ay qapıçı, sən keşikpulu istəyirsən, eləmi? 

Qorxma, hələ əlimdə bir şey var. Tale var-yoxumu almamışdır. 

Havadakı  sakitlik  qorxunc  fırtına  olacağını  xəbər  verir.  Qərbdəki  alçaq  buludlar  xeyir  əlaməti 

deyil. 


Sakit sular külək gözləyir. 

Gecə başımın üstünü almamış çayın o tayına keçməyə tələsirəm. 

Ey bərəçi, sən haqq istəyirsən, eləmi? 

Bəli, qardaşım, hələ əlimdə bir şey qalmışdır. Tale var-yoxumu almamışdır. 

Gecə qaranlıqlaşır, yol tənhadır, yarpaqların üstündə işıldaquşlar parıldaşır. 

Ardımca ehtiyatlı, sakit addımlarla gələn kimdir? 

Bəli, bildim, sən bütün qazancımı əlimdən almaq istəyirsən. Sən səhv etmirsən. 

Çünki əlimdə hələ bir şey qalmışdır, – tale var-yoxumu almamışdır. 

Gecə yarısı evə yaxınlaşıram. Əlim bomboşdur. 

Sən yatmayıbsan, qapının ağzında sakit-sakit durub nigaran baxışlarla məni gözləyirsən. 

Sən hürkək bir quş kimi coşqun məhəbbətlə uçub sinəmə qondun. 

Bəli, bəli, ilahi, mənə çox şey qalmışdır. 

Tale var-yoxumu almamışdır. 

 

* * * 



 

Günlər uzunu yorulmadan zəhmət çəkib bir məbəd tikdim. 

Məbədin nə qapıları var, nə pəncərələri; onun qalın divarları iri sal daşlardan hörülmüşdür. 

Mən hər şeyi unudub dünyadan qaçaraq, mehrabda ucaltdığım heykəli həyəcanla seyr edirdim. 

Məbədin içində əbədi gecə hökmran idi, orada ətirli yağlarla dolu qəndillər işıq saçırdı. 

Buxurlardan ucalan əbədi tüstülərin ağır burumları qəlbimi bürümüşdü. 

Gözümə  yuxu  getmədən,  divarlarda  qəribə  və  qeyri-adi  fiqurlar:  –  qanadlı  atlar,  insan  surətli 



çiçəklər, ilan şəkilli qadınlar nəqş etmişdim. 

Divarlarda  elə  bir  dəlik  yox  idi  ki,  quşların  nəğməsi,  yarpaqların  xışıltısı  və  ya  kənddə  gedən 

işlərin səs-küyü içəri gələ bilsin. 

Qaranlıq günbəzin altında yalnız bir səs öz əks-sədasını tapırdı, – o da mənim şükranlığımın səsi 

idi. 

Fikrim sakit və alov dili kimi iti idi, ruhum coşqun bir həyəcan içində donub qalmışdı. 



Mən zamanı unutmuşdum, birdən, məbədimi ildırım oxu vurdu və kədər nəştəri qəlbimi dəldi. 

Qəndil,  sanki,  solğunlaşıb  həya  pərdəsinə  büründü;  divarlardakı  surətlər  donub  qalmış  xəyallar 

kimi küt-küt və çaşqın-çaşqın baxırdı. 

Mən mehraba və heykələ baxdım. Gördüm ki, heykəl ilahənin həyat verən təması ilə canlanır və 

gülümsünür. Mənim bənd edib saxladığım gecə, qanadlanıb uçdu və yox oldu. 

 

* * * 

Ey dözümlü, ey qaranlıq Ana Torpaq, sənin sərvətlərin saysız-hesabsızdır. 

Sən alın təri ilə öz balalarını yedirib doydurursan, amma verdiyin qida çox cüzidir. 

Sənin bizə bəxş etdiyin sevinclər heç bir vaxt mükəmməl deyil. 

Uşaqlarını əyləndirdiyin oyuncaqlar davamsızdır. 

Sən  bizim  doymaq  bilməyən  ümidlərimizi  cin  etmək  qüdrətinə  malik  deyilsən,  amma  bütün 

bunlara görə məgər mən səni tərk edərəmmi? 

Sənin həzin təbəssümün mənim gözlərimə xoş gəlir. 

Sənin mükəmməl olmayan məhəbbətin qəlbimə munisdir. 

Sən  öz  döşlərindən  bizə  həyat  qidası  verirsən,  amma  ölümsüzlük  vermirsən,  bax  buna  görə  də 

sən əbədi gümrahsan. 

Sən  əsrlər  boyu  uca  rənglər  və  ahənglər  yaradırsan,  amma  hər  halda  cənnətin  hələ 

yaranmamışdır, onun yalnız solğun bir bənzəri var. 

Sənin yaratdığın bütün gözəlliklər göz yaşları dumanına bürünmüşdür. 

Mən öz nəğmələrimi sənin sağır qəlbinə və öz məhəbbətimi sənin məhəbbətinə qatıram. 

Mən əzablar, iztirablar içində sənə səcdə edəcəyəm. 

Mən sənin zərif çöhrəni görmüşəm və sənin kədərli torpağını sevirəm, ey Ana Torpaq! 

 

* * * 

 

Kainatın  qəbul  sarayında  cılız  bir  ota  da  günəşin  şüaları  və  gecənin  ulduzları  ilə  bir  xalçanın 




üstündə yer verilmişdir. 

Mənim  nəğmələrim  də  belədir,  –  onların  yeri  meşələrin  və  buludların  musiqisi  ilə  yan-yana, 

dünyanın qəlbindədir. 

Amma,  ey  xəzinələr  sahibi  olan  aləm,  sənin  sərvətlərinə  şən-şən  zərrin  şüalar  saçan  günəşin 

əzəməti və dalğın ayın mülayim parıltısı yanında yer verilməmişdir. 

Aləmşümul

 səmanın xeyir-duası o sərvətlərin üzərinə saçılmayacaqdır. 

Ölüm zamanı gəldikdə, o sərvətlər qaralacaq, solacaq və toza-torpağa dönəcəkdir. 



 

* * * 

 

Kahin olmaq arzusuyla alışıb-yanan bir nəfər gecəyarısı səsləndi: «Mənim üçün evimi tərk edib



Allahı axtarmaq vaxtı gəlib çatmışdır? 

Ah,  məni  uzun  müddət  nadanlıq  içində  kim  saxlamışdır. Allah  ona  pıçıldadı:  «Mən!»,  –  amma 

adam bunu eşitmədi. Arvadı, quçağında körpəsi sakit-sakit öz yatağında yatmışdı. 

Adam dedi: «Mənim şüurumu uzun müddət qaranlıqda saxlayan kimlər olmuşdur?» 

Həmin səs yenə dedi: «Allahlar!» – amma o eşitmədi. 

Körpə yuxuda ağlayıb anasına bərk-bərk sığındı. 

Allah əmr etdi: «Dayan, ey səfeh, öz evini tərk etmə!» – amma o eşitmədi. 

Allah  köks  ötürüb  deyindi:  «Ey  mənim  qulum,  sən  niyə  məni  axtarmaq  üçün  məni  tərk  edib, 

sərgərdan olmaq istəyirsən?» 

 

* * * 

 

İbadətgahın qabağında alver davam edirdi. Səhər tezdən yağış yağmaqda idi, axşam yaxınlaşırdı. 



Bir  quruş  verib  özünə  palma  yarpağından  tütək  almış  bir  qızcığazın  üzündəki  təbəssüm  bütün 

təbəssümlərdən şən idi. 

Tütəyin şən cır səsi hay-küy və gülüşlər üzərində ucalıb yayılmışdı. 

Adamlar  bir-birini  itələyə-itələyə  sonsuz  bir  izdihamla  getməkdə  idilər.  Yolu  palçıq  basmışdı, 

çay daşmışdı, fasiləsiz yağan yağışın suları çölləri bürümüşdü. 

Dəyirmançının  dərdi  hamının  dərdindən  böyükdü,  –  onun  bircə  quruşu  da  yox  idi  ki,  özünə 

rəngbərəng bir əl ağacı alsın. 

Onun dükana zillənmiş gözləri bütün bu izdihamı çox miskin göstərirdi... 



 


* * * 

 

Bu hadisə may ayında baş vermişdi. Bürkülü günortanın, sanki, sonu olmayacaqdı. Quru torpaq 



susuzluqdan üzgün idi. 

Birdən çay tərəfdən bir cığırtı eşitdim: «Tez ol, əzizim!» 

Kitabı örtüb pəncərədən baxdım. 

Çayın kənarında palçığa bulaşmış yekə bir kəl gördüm, onun mülayim və dözümlü gözləri vardı, 

yanında bir oğlan dizə qədər suyun içində durub kəli suya girməyə səsləyirdi. 

Mən sevinclə gülümsünüb, qəlbimin kövrəldiyini hiss etdim. 



 

* * * 

 

Mən  tez-tez  fikirləşirəm  ki,  insanla  insan  dilini  bilməyən  heyvan  arasında  bir-birini  anlamaq 



hüdudu haradadır? 

İbtidai cənnətdə, xilqətin sübh çağında elə bir cığır var idi ki, burada onların qəlbləri bir-birinə 

yaxın gəlirdi. 

Onların qohumluğu çoxdan unudulmuşsa da, amma izləri silinməmişdir. 

Bəzən, sözsüz ahənglər içərisində birdən-birə  qaranlıq keçmiş  canlanır və  heyvan mehriban bir 

inamla insanın gözlərinin içinə, insan da dostluq hissi ilə heyvanın gözlərinin içinə baxır. 

Sanki, müxtəlif qiyafəli iki dost bir-birinə rast gəlib, bu qiyafələr altında bir-birini tutqun halda 

tanıyırlar. 



 

* * * 

 

Ey  gözəl  qız,  sən  bircə  baxışınla  şairlərin  rübablarından  qopmuş  bütün  nəğmələr  xəzinəsinə 



malik ola bilərdin! 

Amma sən onların nəğmələrinə biganəsən, indi, budur, mən səni tərənnüm edirəm. 

Sən dünyanın bütün məğrur başlarını ayaqların altında pərəstiş etdirə bilərdin. 

Amma sən yalnız şöhrətə biganə olanları xoşlayırsan, indi, budur, mən sənə pərəstiş edirəm. 

Sənin əllərinin mükəmməlliyi bircə təması ilə şahların şöhrətinə rövnəq verə bilərdi. 

Amma  sən  bu  əllərdən  toz  süpürmək  və  sadə  mənzilini  səliqəyə  salmaq  üçün  istifadə  edirsən, 

odur ki mənim qəlbim sənə sitayiş hissləri ilə doludur. 

 



* * *  

 

Niyə mənə belə astadan pıçıldayırsan, ey Ölüm, ey mənim Ölümüm? 



Axşamlar  çiçəklər  başlarını  əyib,  sürülər  axurlarına  qayıtdıqda,  sən  gizlincə  mənim  yanıma 

gəlib, başa düşə bilməyəcəyim sözlər söyləyirsən. 

Beləliklə,  sən  məni  əfsunlamaq,  yuxulu  pıçıltılar  içirtmək  və  soyuq  busələrlə  əsir  etmək 

istəyirsən, ey Ölüm, ey mənim Ölümüm. 

Məgər bizim dəbdəbəli toy mərasimimiz olmayacaqmı? 

Məgər sən öz tünd rəngli saçlarını çələnglə bəzəməyəcəksənmi? 

Məgər  sənin  qarşında  bayraq  aparacaq  bir  adam  yoxdurmu,  məgər  gecə  səmasına  sənin 

məşəllərinin qızıl alovları işıq saçmayacaqmı, ey Ölüm, ey mənim Ölümüm? 

Gəl, gur şeypurlarla gəl, yuxusuz bir gecədə gəl. Mənə al-qırmızı şahanə paltar geyindir, əlimdən 

tut və özünlə apar. 

Qoy miniyin qapımın ağzında gözləsin, atlar darıxıb kişnəsin. 

Örtüyümü qaldır, üzümə şax bax, ey Ölüm, ey mənim Ölümüm! 

 

* * *  


 

Bu  gecə  biz  ölüm  oyunu  oynamalıyıq,  –  sevgilim,  bir  də  mən.  Gecə  qaranlıq,  göydə  buludlar 

əcaib, dənizdə dalğalar coşqun... 

Biz arzular yatağını tərk edib, qapıları taybatay açmış və kənara çıxmışıq – sevgilim, bir də mən. 

Biz yelləncəyə oturmuşuq, coşqun külək bizi dəlicəsinə yelləndirir. 

Gəlinim həyəcan və qorxu içində havalanıb titrəyir və köksümə qısılır. 

Mən ona uzun müddət mehribanlıqla xidmət etmişəm. 

Mən ona çiçəklərdən yataq hazırlamışam və qapıları örtmüşəm ki, gözlərinə işıq düşməsin. 

Mən  onun  dodaqlarından  incə-incə  öpüb,  qulağına  asta-asta  o  qədər  pıçıldamışam  ki,  bihuş 

olmuşdur. 

O, tutqun işvənazın sonsuz dumanları içində boğulmuşdur. 

O, mənim təmaslarıma cavab verməyib; nəğmələrim onu oyada bilməmişdir. 

Bu gecə səhradan fırtınanın çağırışı bizə gəlib çatırdı. 

Sevgilim diksindi, ayağa qalxdı, əlimdən tutub yeridi.  

Külək onun saçlarını yelləndirir, örtüyünü dalğalandırır, boynundakı çiçəklər xışıldayırdı. 

Ölüm sarsıntısı onu həyata qaytardı.  




Biz üz-üzə və qəlb-qəlbə durmuşuq, – sevgilim, bir də mən. 

 

* * * 

 

O qız təpənin döşündə, qarğıdalı tarlasının kənarında, qoca ağacların əzəmətli kölgəliklərindən 



gülə-gülə  axan  bulağın  yaxınlığında  yaşayırdı.  Qadınlar  ora  sənəklərini  doldurmaq  üçün  gəlirdilər, 

yolçular  orada  dincəlib  söhbət  edirdilər.  O,  şırıldayan  bulağın  zümzüməsi  altında  işləyir  və  xəyala 

dalırdı. 

Bir axşam, zirvəsini buludlar çulğamış dağdan yadelli bir adam enib gəldi: onun saçları yuxulu 

ilanlar  kimi  bir-birinə  sarmaşmışdı.  Biz  təəccüblə  soruşduq:  «Sən  kimsən?»  O  cavab  verməyib 

şırıldayan  bulağın  kənarında  oturdu  və  dinməz-söyləməz,  gözlərini  həmin  qızın  yaşadığı  daxmaya 

zillədi. Qorxudan bizim ürəyimiz qopdu və artıq gecə olduqda, hərəmiz öz evimizə getdik. 

Səhər  qadınlar  deodar  ağaclarının  dibindəki  bulağa  gəldikdə,  o  qızın  daxmasının  qapıları  açıq 

idi,  amma  qızın  nə  səsi  gəlir,  nə  də  gülümsünən  üzü  görünürdü.  Boş  sənəyi  yerə  düşüb  qalmış, 

küncdəki çırağı yanıb qurtarmışdı. Sübh açılana qədər o qızın hara getdiyini heç kəs bilmirdi, – yadelli 

adam da yox olmuşdu. 

May ayında günəş yeri bərk qızdırır, qar əriyirdi, biz də bulaq başında oturub ağlaşırdıq. Biz belə 

düşünürdük:  «Görəsən,  həmin  qızın  getdiyi  ölkədə  elə  bir  bulaq  varmı  ki,  belə  bürkülü  günlərdə  qız 

həmin  bulaqdan  öz  sənəyini  doldura  bilsin?»  Biz  çaşqın-çaşqın  bir-birimizdən  soruşurduq:  «Görəsən, 

bizim yaşadığımız bu yerin ətrafındakı dağların o tayında da yer varmı?» 

Bir yay gecəsi idi. Cənubdan meh əsirdi. Mən həmin qızın boş qalmış daxmasında oturmuşdum, 

onun sönmüş çırağı hələ də ordaydı. Birdən dağlar gözlərimdən itdi, sanki, pərdə açıldı. 

«Ah,  gələn həmin qız idi! Necəsən, bala can? Xoşbəxtsənmi? Bəs  bu açıq  səmanın  altında sən 

hara sığınmışdın? Əfsus, burada bizim bulağımız yoxdur, susayanda içməyə su tapılmaz». 

Qız  dedi:  «Səma  burada  da  həmin  səmadır,  yalnız  onu  dağlar  örtməmişdir,  burada  da  həmin 

bulaq  var,  amma  artıb  çaya  dönmüşdür,  burada  da  həmin  torpaq  var,  amma  geniş  düzənliyə 

çevrilmişdir». 

Mən ah çəkib dedim: «Burada hər şey var, amma biz yoxuq». 

Qız gülümsünüb həzin-həzin dedi: «Siz mənim qəlbimdəsiniz». 

Mən yuxudan ayıldım və bulağın şırıltısı ilə deodar ağaclarının gecə pıçıltısını eşitdim. 

 

* * * 

 



İti  gedən  ovçu  –  günəşin  qovaladığı  payız  buludlarının  kölgələri  sarımtıl-yaşıl  çəltik  tarlaları 

üzərində axışır. 

Arılar daha bal yığmır, işıqdan məst olub ora-bura vurnuxub vızıldaşır. 

 

Çaylardakı adalarda ördəklər səbəbsiz sevincdən çığırışır. 



Heç birimiz evə getməyəcəyik, qardaşlar, bu səhər heç birimiz işə getməyəcəyik. 

Hücumla mavi səmanı fəth edəcəyik; qaça-qaça fəzanı alıb qaçıracağıq. 

Dalğaların üzərindəki köpük kimi gülüş havada üzür. 

Qardaşlar, bu səhəri şən nəğmələrə həsr edəcəyik. 



 

* * * 

 

Ey yüz il sonra nəğmələrimi oxuyacaq oxucum, sən kimsən? 



Mən baharın bu sərvətlərindən sənə bircə çiçək də, bu buludların zərrin rənglərindən bircə zərrə 

də göndərə bilməyəcəyəm. 

Qapını aç və ətrafına göz gəzdir. 

Öz çiçəkli bağçanda yüz il bundan əvvəl solmuş çiçəklərin xoş ətrini sinənə çək. 

Öz qəlbinin sevincində sən yüz il bundan əvvəl bir bahar səhərini tərənnüm edərkən, öz şaqraq 

səsinin sənə göndərən həmin canlının sevincini duyarsan! 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə