Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

Mən rahatlıq bilmirəm. Uzaqlarda olan şeylərin həsrətindəyəm. 

Könlüm tutqun uzaqların kənarına toxunmaq arzusu ilə çırpınır. 

Ah, ey o aləm, sənin neyinin o füsunkar çağırışı! 

Mən unuduram, həmişə unuduram ki, qanadlarım yoxdur, bura əbədilik bağlanmışam. 

Mən yanıram, gözlərimi yuma bilmirəm, mən yad bir ölkədə qəribəm. 

Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır. 

Sənin dilin öz dilim kimi mənə yaxındır. 

Ah, ey irişilməz uzaq, ah, sənin neyinin o füsunkar çağırışı! 

Mən unuduram, daim unuduram ki, yola bələd deyiləm, yelqanadlı atım da yoxdur. 

Mən hər şeyə laqeyd, sənin xəyalınla diyar-diyar gəzirəm. 

Yorucu saatların günəşli dumanlıqlarında lacivərd səmada sən nə əzəmətli bir xəyal kimi zahir 

olursan! 

Ah, ey Son hədd, ah, sənin neyinin o füsunkar çağırışı!.. 

Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır. 



 

* * * 

 

Otaqda bəslənmiş quş qəfəsdə idi; azad quş meşədə uçurdu. 



Vaxtı çatanda onlar bir-birinə rast gəldilər, – taleyin hökmü belə idi. 

Azad quş çığırdı: «Ah, ey sevgilim, gəl mənimlə uçub meşəyə gedək!» 

Otaqda bəslənmiş quş civildədi: «Uç, gəl mənim yanıma, ikimiz də qəfəsdə yaşayaq!» 

Azad quş dedi: «Harada, qəfəsdəmi? Axı orada heç qanad çalmaq da olmaz!» 

Otaqda bəslənmiş quş çığırdı: «Əfsus! Axı səmada mənim üçün qonmağa bir çöp də yoxdur». 

Azad quş çığırdı: «Ey mənim fərəhim, bir meşə nəğməsi oxu!» 

Otaqda bəslənmiş quş dedi: «Mənim yanıma qon, sənə gözəl nəğmə oxumağı öyrədim». 

Meşə quşu çığırdı: «Yox, bu ola bilməz! Nəğmə oxumağı öyrənmək olmaz». 

Otaqda bəslənmiş quş dedi: «Əfsus, mən meşələrin nəğməsini bilmirəm». 

Onların  məhəbbətləri  coşub  daşırdı,  amma  onlar  heç  bir  vaxt  birlikdə,  qanad-qanada  uça 

bilməyəcəkdilər. 

Quşlar qəfəsin milləri ardından bir-birinə baxırlar, amma bir-birini tanıyıb başa düşmək cəhdləri 

əbəsdir. 

Onlar taqətsiz bir halda qanadlarını tərpədib nəğmə oxuyurlar: «Gəl yanıma, ey sevgilim!» 

Azad quş çığırır: «Bu mümkün deyil, qəfəsin bağlı qapıları məni qorxudur». 



Otaqda bəslənmiş quş civildəyir: «Əfsus, mənim qanadlarım acizdir, cansızdır». 

 

* * * 

 

Ah, ey ana, gənc şahzadə bizim qapının önündən keçib gedəcəkdir, – bu səhər mən iş barəsində 



necə düşünə bilərəm? 

Göstər görüm saçlarımı necə hörüm; söylə görüm, hansı paltarımı geyim? 

Mənə niyə belə heyran-heyran baxırsan, ana can? 

Bilirəm  ki,  o,  bir  dəfə  də  mənim  pəncərəmə  baxmayaraq;  bilirəm  ki,  bir  göz  qırpımında 

uzaqlaşacaq; yalnız neyin batan səsi hıçqıra-hıçqıra uzaqlardan gələcəkdir. 

Amma gənc şahzadə bizim qapıdan keçəcəkdir, heç olmasa bir anlığa ən yaxşı paltarımı geyim. 

Ah, ey ana, gənc şahzadə bizim qapıdan ötüb gedir, onun gərdunəsi səhər günəşi kimi işıq saçıb 

keçdi. 


Mən  örtüyü  üzümdən  açdım.  Döşümdən  yaqut  həmailimi  qoparıb  yola,  onun  ayaqları  altına 

atdım. 


Mənə niyə belə heyrətlə baxırsan, ana can? 

Bilirəm  ki,  o,  mənim  həmailimi  yerdən  götürmədi;  bilirəm  ki,  tozun  içində  yalnız  qırmızı  bir 

ləkə qaldı və heç kəs bilmir ki, mənim hədiyyəm nə idi, kimə qismət olmalı idi. 

Amma gənc şahzadə bizim qapıdan ötüb keçdi və mən köksümdən gövhərimi qoparıb yola, onun 

ayaqları altına atdım. 

 

* * * 

 

Yatağımın yanındakı çıraq söndükdə, mən ilk quşla bir vaxtda yuxudan ayıldım. 



Pərişan saçlarıma təravətli bir çələng taxıb, açıq pəncərənin qabağında oturdum. 

Sübhün pənbə toranlığında gənc bir yolçu yol ilə gedirdi. 

Sinəsini mirvari boyunbağı bəzəyir, günəşin şüaları çələnginə qonmuşdu. 

Qapımın ağzında durub ehtirasla səsləndi: «O qız hanı?» 

Utandığımdan deyə bilmədim ki: «O qız mənəm, ey gənc yolçu, o qız mənəm!» 

Axşam toranlığı idi, çırağım hələ yanmamışdı. 

Dalğın-dalğın saçlarımı hörürdüm. 

Gənc yolçu batan günəşin işıqlarında parıldayan gərdunəsində gəldi. 

Atlarının ağzı köpüklənmiş, üst-başına toz qonmuşdu. 



Qapımın ağzında gərdunəsindən düşdü, yorğun bir səslə soruşdu: «O qız hanı?» 

Utandığımdan deyə bilmədim ki: «O qız mənəm, ey yorğun yolçu, o qız mənəm!» 

Aprel gecəsi. Otağımda çıraq yanır. 

Cənub nəsiminin incə nəfəsi duyulur. Çığıran tutuquşu qəfəsində uyumuşdur. 

Əynimdə tovuz boğazı rəngində korsaj, plaşım təravətli ot kimi yamyaşıl... 

Pəncərənin qabağında oturub bomboş küçəyə baxıram. 

Gecənin qaranlığında durmadan pıçıldayıram: «O qız mənəm, ey ümidsiz yolçu, o qız mənəm!» 

 

* * * 

 

Mən tək-tənha görüşə gedəndə, quşlar ötüşmür, meh əsmir, küçə boyunca bütün evlər səssiz... 



Hər addım atdıqda, ayaqlarımdakı xalxallar cingidləyir, mən utanıram. 

Eyvanımda  oturub  diqqət  yetirirəm:  görəsən,  o  gəlir,  ağaclardakı  yarpaqlar  xışıldamır  ki,  çay 

yuxuya getmiş keşikçinin dizləri üstündəki qılınc kimi hərəkətsiz. 

Köksümdə ürəyim çırpınır, – bilmirəm onu necə sakitləşdirim. 

Sevgilim  gəlib  yanımda  oturanda,  bütün  bədənim  əsir,  göz  qapaqlarım  yumulanda  gecə 

qaranlıqlaşır, külək çırağı söndürür, buludlar ulduzların üstünü örtür. 

Sinəmdəki gövhər parlayır, işıq saçır. Bilmirəm onu necə gizlədim... 

 

* * * 

 

İşlərini burax, ey gəlin. Dinlə, qonağın gəlib. 



Eşidirsənmi, o, ehtiyatla qapının zəncirini tərpədir. 

Gözlə  ki,  onu  qarşılamağa  gedəndə,  ayaqlarındakı  xalxallar  ucadan  cingildəməsin. Addımlarını 

çox tələsik atma. 

Burax işlərini, ey gəlin, axşamçağı qonağın gəlmişdir. 

Yox, bu, uğursuz külək deyil, ey gəlin, – qorxma. 

Aprel gecəsində dolğun ay göy üzündən baxır; həyətdə kölgələr zəif, göy üzü tərtəmizdir. 

Lazım bilsən, örtüyünü üzünə sal, qorxursansa, çırağı qapıya apar. 

Yox, bu, uğursuz külək deyil, ey gəlin, – qorxma. 

Utancaqsansa,  onunla  bircə  kəlmə  də  danışma;  onu  qarşılayanda,  qapının  ağzında  bir  kənarda 

dur. 


O, sənə sual versə, gözlərini yerə dikib susa bilərsən. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə