Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

Mən öz iztirabımla amansız rəftar edirəm, qorxuram ki, sən də belə edərsən. 

Mən  səndən  uzaqlaşmaq  həsrəti  ilə  yanıram,  amma  cürət  eləmirəm,  qorxuram  ki,  qorxaqlığımı 

başa düşərsən. 

Bax buna görə də mən başımı qürurla qaldırır və sənin yanına saymazyana gəlirəm. 

Sənin gözlərinin əbədi baxışları mənim iztirablarımı daim təzələyir. 

 

* * * 

 

Ey misilsiz sərxoş dəli! 



Onda ki, qapıları taybatay açıb, camaatın gözü qabağında əzilib-büzülürsən; 

Onda ki, gecənin ərzində heybən boşalır və ağla-zəkaya istehza edirsən; 

Onda ki, qəribə yollarda veyllənib, yaramaz şeylərlə əylənirsən; 

Hər cür sağlam düşüncəni saymırsan; 

Onda ki, fırtına qarşısında öz yelkənini açıb sükanını iki parça edirsən, – 

Bax onda mən sənə yoldaşam, – mən də doyunca içərəm, qoy bütün dünya batsın! 

Mən gecələrimi, gündüzlərimi daim ağıllı-düşüncəli qonşular arasında heçə-puça çıxarmışam. 

Çox-çox  elm  öyrənməkdən  saçlarım  ağarıb,  çox-çox  oyaq  qalmaqdan  gözlərim  qaranlıq 

gətiribdir. 

Mən illər uzunu qırıntılar, tör-töküntülər toplamışam. 

Gəl onları darmadağın edib üstündə atılıb düşək, oynayaq, onların külünü küləyə sovuraq. 

Çünki,  bilirəm,  mənim  bütün  biliklərimin  ən  yüksək  zirvəsi  budur  –  doyunca  iç,  qoy  dünya 

batsın. 

Qoy bütün məlun şübhələrim yox olsun, qoy mən tamamilə yoldan azım. 

Qoy yüngül xasiyyətliyin coşqun küləyi əsib mənim lövbərimi qoparsın. 

Dünya adlı-sanlı, işlək, faydalı və ağıllı adamlarla dopdoludur. 

Kimi asanlıqla irəlidə gedir, kimi təvazökarlıqla arxada gəlir. 

Qoy onlar xoşbəxt olsunlar, məsud yaşasınlar, mən isə ağılsızam, bir heçəm. 

Çünki bilirəm bütün zəhmətlərin nəticəsi budur – doyunca iç, qoy dünya batsın. 

And içirəm ki, bundan sonra ləyaqətli adamlarla bir cərgədə olmağa çalışmayacağam. 

Öz alimlik vüqarımı, doğruluq və əyrilik barəsindəki düşüncələrimi bir kənara atacağam. 

Xatirələr camını qırıb, göz yaşımın son damcısını qurudacağam. 

Qəhqəhələrimi şərab köpükləri ilə coşdurub alovlandıracağam. 

Ədəb-ərkan və ariflik şəhadətnaməsini parça-parça edib tullayacağam. 




Öz-özümə əhd edəcəyəm – doyunca iç, qoy dünya batsın. 

 

* * * 

 

Yox, dostlar, yox, mən heç bir zaman rahib ola bilməyəcəyəm, – nə istəyirsiniz deyiniz. 



Əgər o xanım da mənimlə birlikdə əhd-peyman etməzsə, mən heç bir zaman rahib olmayacağam. 

Qərarım  qətidir:  sadə  bir  sığınacaq  və  özümə  ah-zar  yoldaşı  tapmayınca,  heç  bir  zaman  rahib 

olmayacağam. 

Yox,  dostlar,  yox,  əgər  meşədə,  onun  cazibəli  kölgəliyində  cingiltili  gülüş  səsləri  yoxsa,  külək 

sarı  plaşın  ətəyini  yelləndirmirsə,  sakit  pıçıltı  sükutu  daha  da  dərinləşdirmirsə,  mən  heç  zaman  öz 

evimi-ocağımı atıb, meşənin dərinliklərinə gedən deyiləm. 

Yox, mən heç zaman rahib olmayacağam. 

 

* * * 

 

Ey  müqəddəs  ata,  bir  cüt  günahkar  insanı  əfv  elə.  Bu  gün  bahar  küləkləri  coşqun  həmlələrlə 



axışıb gəlir. Toz qaldırıb ölü yarpaqları və sənin bütün öyüd-nəsihətini süpürüb-aparır. 

Ey ata, demə ki, bu həyat boş-boşuna vurnuxmadır. 

Çünki  biz  ölümlə  qarşılıqlı  müqavilə  bağlamışıq,  bir  neçə  saatlığa  da  olsa,  ölümdən  möhlət 

almışıq. 

Əgər padşahın qoşunları bura gəlib dəhşətlə üzərimizə yerisə, biz təəssüflə başımızı  yırğalayıb 

deyərik ki: «Qardaşlar, bizə mane olursunuz. Əgər bu hay-küylü əyləncə sizə lazımsa, gedin, başqa bir 

yerdə silah oynadın. Çünki yalnız bir neçə an üçün biz ölümdən icazə almışıq. 

Əgər  dinc  və  mehriban  adamlar  bura  gəlib  dövrəmizə  yığışsalar,  biz  itaətlə  onlara  baş  əyib 

deyərik: «Belə hədsiz bir səadət bizi utandırır. Məskənimiz olan bu namütənahi səma da bizə dar gəlir. 

Çünki  baharda  bol-bol  çiçəklər  açır  və  arılar  uçuşduqca,  qanadları  bir-birinə  toxunur.  Yalnız 

ölümsüzlərin yaşadığı səma da bizə çox-çox dardır». 

 

* * * 

 

Yola düşməli olan qonaqlara yaxşı yol arzula və ləpirlərini süpürüb hamarla. 



Sənə yaxın, səmimi və sadə olan şeyi gülümsünə-gülümsünə bağrına bas. 

Bu gün ölümdən xəbərsiz olan xəyalatlar ziyafətidir. 




Qoy sənin gülüşün dalğalar üzərində işığın cilvələnməsi kimi ölçülüb-biçilmədən, şən olsun. 

Qoy sənin həyatın ağac yarpağındakı şeh damcısı kimi zaman həddində cilvələnsin. 

Öz rübabından iti, çoşqun ahənglər ucalt. 

 

* * * 

 

Sən məni tərk edib, öz yolunla getdin. 



Güman  edirdim  ki,  sənə  yas  saxlayacağam,  sənin  nəğmələr.  qızılından  hörülmüş  çərçivəyə 

salınmış yeganə surətini qəlbimdə saxlayacağam. 

Amma əfsus, ey mənim uğursuz taleyim, axı həyat bir an qədər qısadır. 

İllər ötdükcə: gənclik gəlib gedir, bahar günləri ötəri çiçəklərin ömrü qısadır, ağıl bizə söyləyir 

ki, ömür lotos üzərinə qonan şeh kimidir. 

Mən bütün bunlardan necə əl çəkim və məndən üz döndərib gedən o qızın ardınca baxım! 

Bu, kobudluq və düşüncəsizlik olardı, – axı ömür bir an qədər qısadır. 

Elə  isə,  ey  mənim  yağmurlu  gecələrim,  gurultulu  addımlarla  keçib  gedin.  Ey  mənim  qızılı 

payızım, gül, əylən. Ey bol-bol busələr bəxş edən qayğısız aprel, gəl yetiş. 

Siz də gəlin keçin, siz də. 

Ey sevgililər, bilirsiniz ki, biz öləcəyik. 

Artıq öz payını almış bir adamın xatirinə öz qəlbinizi parçalamaq ağıllı işdirmi? Axı ömür bir an 

qədər qısadır. 

Bir  guşədə  oturub  xəyala  getmək,  mənim  bütün  varlığımın  sənə  aid  olduğu  barəsində  şerlər 

qoşmaq çox xoşdur. 

Öz qəm-qüssə aləminə qərq olub, heç bir təsəlli ummamaq qəhrəmanlıqdır. 

Ancaq budur, gənc bir çöhrə qapımdan boylandı və gözləri gözlərimin içinə baxdı. 

Mənə yalnız bu qalır ki, göz yaşlarımı silim, nəğmələrimi yenidən kökləyim. 

Axı ömür bir an qədər qısadır. 

 

* * * 

 

İndi ki istəyirsən, nəğmələrimi kəsərəm. 



İndi ki ürəyin çırpınır, sənə sarı baxmaram. 

İndi ki gəzməyə çıxanda səni birdən-birə qorxu basır, dönüb başqa yol ilə gedərəm. 

İndi ki mənim yanımda çələng hörməyə utanırsan, sənin tənha bağçana baxmaram. 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə