MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə1/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
  1   2   3   4   5   6   7   8   9   ...   20

MƏNTİQ ELMİ, Georq Vilhelm Fredrix Hegel,
LOGIKWISSENSCHAFT, Georg Wilhelm Friedrich Hegel,
FƏLSƏFƏ ELMLƏRİ ENSİKLOPEDİYASI 1-ci cild

Bakı - 2005


Çevirəni BDU dosenti, fəlsəfə elmləri namizədi ARİF TAĞIYEV

ELMİ REDAKTORU: akademik FUAD QASIMZADƏ


"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir.

Kitab varlıq haqqında, mahiyyət haqqında, anlayış haqqında təlim adlanan üç bölümdən ibarətdir. Kitabın bütün məzmunu bu üç bölümdə araşdırılan məsələlərin dialektik əlaqələrinin, məntiqi bağlarının tədqiqindən və onun nəticələrindən ibarətdir. Hegelin "Məntiq elmi" onun fəlsəfəyə və bütün bəşəriyyətə bəxş etdiyi təfəkkürün dialektik metodunun yetkin nümunəsidir. Kitab mənəvi-mədəni yaradıcılıqla məşğul olan bütün insanlar üçün masaüstü kitab və tələbələr üçün dərslik ola bilər.

İÇİNDƏKİLƏR
- Birinci nəşrə sözardı

- Giriş
BİRİNCİ BÖLÜM MƏNTİQ ELMİ

- İlkin anlayış

- Fikrin obyektivliyə birinci münasibəti

- Metafizika

- Fikrin obyektivliyə ikinci münasibəti

- I. Emprizm

- II. Tənqidi fəlsəfə

- Fikrin obyektivliyə üçüncü münasibəti

- Bilavasitə bilik

- Məntiqin və onun bölgüsünün müəyyənləşdirilməsinin davamı

- Birinci bölüm

- Varlıq haqqında təlim

- A. Keyfiyyət

- a. Varlıq

- b. Mövcud varlıq

- c. Özü-üçün varlıq

- B. Kəmiyyət

- a. Xalis kəmiyyət

- b. Müəyyən kəmiyyət

- c. Dərəcə

- C. Ölçü


İKİNCİ BÖLÜM

- Mahiyyət haqqında təlim

- A. Mahiyyət mövcudluğun əsasıdır

- a. Xalis reflektiv təriflər

- alfa) Eyniyyət

- beta) Fərq

- gamma) Əsas

- b. Mövcudluq

- c. Şey

- B. Hadisə

- a. Hadisələr dünyası

- b. Məzmun və forma

- c. Münasibət

- C. Gerçəklik

- a. Substansial münasibət

- b. Səbəbiyyat bağlantısı

- c. Qarşılıqlı təsir
ÜÇÜNCÜ BÖLÜM

- Anlayış haqqında təlim

- A. Subyektiv anlayış

- a. Anlayış necə varsa

- b. Mühakimə

- alfa) Keyfiyyət mühakiməsi

- beta) Refleksiya mühakiməsi

- gamma) Zərurət mühakiməsi

- delta) Anlayış mühakiməsi

- c. Əqlinəticə

- alfa) Keyfiyyət əqlinəticəsi

- beta)Refleksiya əqlinəticəsi

- gamma) Zərurət əqlinəticəsi

- B. Obyekt

- a. Mexanizm

- b. Ximizm

- c. Teleologiya

- C. İdeya

- a. Həyat

- b. İdrak

- alfa) İdrak

- beta) İradə

- c. Mütləq ideya

- Qeydlər və şərhlər


* * *
MƏNTİQ ELMİ, Georq Vilhelm Fredrix Hegel,

BİRİNCİ NƏŞRƏ SÖZARDI


Dinləyicilərimə mənim fəlsəfi mühazirələrimə dair dərslik hazırlamaq tələbatı bu əhatəli fəlsəfi icmalı zamanından öncə nəşr etdirməyimin əsas səbəbi oldu.

Xülasənin (Qrudrisses) təbiəti ideyanı məzmun baxımından yetərli şərh etməyi nəinki istisna edir, həm də (özəlliklə) ideyanın sistematik inkişafını məhdudlaşdırır. İdeyanın sistematik inkişafı isə digər elmlərdə sübut adı altında düşünülən anlamı əhatə etməlidir, heç elmi fəlsəfə də sübutsuz mümkün deyil. Bu kitabın adı həm onun bütün fəlsəfəni əhatə etdiyini. Həm də xırdalıqları şifahi icmallarda şərh etmək istəyimizi göstərməlidir.

Xülasədə məzmunun öncədən müəyyənləşdirildiyini, bəlli olduğunu və yığcam şərh olunmalı olduğunu nəzərə alaraq materialın düzülüşü və yerləşdirilməsinin zahiri məqsədəuyğunluğuna daha çox qayğı göstəririk. Lakin bu kitabda biz şərhin bu üsulu ilə hərəkət etmədik və fəlsəfəni onun metodu sarıdan yenidən işlədik və mən ümid edirəm ki, bu metodun məzmunla eyni olduğu qəbul ediləcək.

Hər halda bu xülasədə şərhi məzmunun təsəvvürə və elmi məlumatlara yaxınlaşması yönündən məhdudlaşdırmağı lazım bildim, amma yalnız vasitəli, anlayışla şərtlənən keçidlərə gəlincə onları yetərincə anlaşıqlı etmişəm ki, bu xülasədə işlədilən metodun yalnız digər elmlərin istifadə etdiyi zahiri qaydalardan və eləcə də fəlsəfi mühakimələrdə adət etdiyimiz materiallardan fərqini göstərə bilim; adət etdiyimiz fəlsəfi mühakimələrdə öncədən qəbul edilmiş bir sxemdən çıxış edirlər və onun köməyi ilə baxış materialını digər elmlərdə istifadə edilən üsuldan daha artıq dərəcədə ixtiyari və zahiri qaydalar üzrə paralel sıralara yerləşdirirlər və olduqca qəribə anlaşılmazlıqla anlayışın zəruri inkişafını təsadüfi və ixtiyari bağlantılarla əvəz etməyə çalışırlar.

Biz bu özbaşınalığın fəlsəfənin məzmununu necə mənimsədiyinin, ən riskli avantüraların fikirlərə hopduğunun və müəyyən bir müddət namuslu və xeyirxah insanları özünə çəkdiyinin şahidi olmuşuq, bu özbaşınalıqdakı həyasız kələkbazlığı görənlər də vardır. Ancaq bu özbaşınalığın məzmunu nə əzəmət, nə də ağılsızlıq deyildir, orada hamıya bəlli bayağı müddəalar görmək olar; eynilə bunun kimi onun forması da yalnız qəribə, əcaib ilişgilərin müəyyənləşdirilməsində və süni qəribəlikdə (bu formada ciddi maska altında özünü və kütləni aldatma gizlçnir) özünü göstərən niyyətli, metodik və ucuz hazırcavablığın dayaz manerasından ibarətdir. O biri tərəfdən, biz gördük ki, fikirlərin dayazlığı və yoxsulluğu iddiasız ağlın ağılsız skeptisizmi və tənqidi ilə özü-özünü necə məzəmmət etdi, gördük ki, boş ideyalarla birlikdə necə lovğalıq və mənasızlıq yarandı. Ruhun bu hər iki istiqaməti uzun zaman alman ciddiliyini tənqid etdi, daha dərin fəlsəfi fikri əzdi və bunun sonucu fəlsəfə elminə elə bir etinasızlıqdan və hətta nifrətdən ibarət oldu ki, hazırda saxta ciddilik də idrak forması nə zamansa sübut sayılmış dərin fəlsəfi məsələlərin ağıllı dərki imkanını rədd edərək onların haqqında rəy söyləməkdə özünü haqlı sayır. Burada sözü gedən lovğalığa yeni epoxanın həm elmi, həm də politika sahəsində özünü göstərən gənclik coşqunluğu kimi baxmaq olar. Bu coşqunluq yeniləşmiş ruhun şəfəqlərini alqış və fərəhlə qarşıladı, dərin araşdırmalar aparmadan yeni ideyadan məst oldu və bəlli bir zaman içində onun vəd etdiyi ümid və görüntülərdən həzz aldı və biz onun ifratçılığı ilə asanca barışırıq ona görə ki, onun özülündə sağlam özək, nüvə vardır, onun bu özülü bürüyən dumanı isə öz-özünə dağılmalıdır.

Yaranmış mənasızlıq isə böyük ədavət aşılayır, çünki o öz gücsüzlüyünü və zəifliyini büruzə verir və bunu şübhə və təfəkkürlə ört-basdır etməyə çalışır, bütün əsrlərin fəlsəfi dühalarına öyüd verərək tənqid edir və həm onları, həm də özəlliklə özü-özünü təhrif edilmiş halda anlayır.

Ancaq görmək və deyilənlərə əlavə etmək xoşdur ki, ruhun bu yönünün əksinə olaraq yalnız rəylərə və faniliyə inanmayan fəlsəfəyə maraq və ali idraka ciddi sevgi yaşamaqdadır. Əgər bu maraq bəzən bilavasitə bilik və hissi formadan daha çox yapışırsa da hər halda o, ağıllı anlayışa dərin iç tələbatını büruzə verir, çünki yalnız təfəkkürlə anlama insana öz ləyaqətini, bu maraq üçün bilavasitə bilik və hisslər nöqteyi-nəzərinin yalnız fəlsəfi biliyin sonucu kimi yaranmasında və deməli, onun görüntüdə rədd etdiyini (heç olmazsa şərt kimi) qəbul etməsində ifadə olunan tələbatı göstərir.

Bu kitabı giriş və vəsait kimi həqiqətin dərkinə olan marağı ödəməyə həsr edirəm; qoy bu məqsəd bizim xülasəmizə xeyirli yol olsun.

Heydelberq, may 1817-ci il.

GİRİŞ


§ 1

Fəlsəfə başqa elmlərin malik olduğu üstünlükdən məhrumdur. O öz predmetlərinin təsəvvürlə bilavasitə təsdiqlənməsi və öz idrak metodunun idrakın çıxış nöqtəsinə və sonrakı inkişafına münasibətdə öncədən müəyyən olunduğu müddəasından çıxış edə bilməz. Doğrudur, o da dinin öyrəndiyi predmeti öyrənir. Fəlsəfənin və dinin predmeti həqiqətdir və bu sözün uca anlamında – yalnız allahın tək, şəriksiz həqiqət olması anlamında – həqiqətdir. Onların hər ikisi sonlu ilə, təbiət və insan ruhu, bunların bir-birinə və özlərinin həqiqəti kimi allaha münasibətləri ilə məşğul olur. Deməli, fəlsəfə dinin predmeti ilə tanışlığı nəzərdə tuta bilər və hətta onunla maraqlana bilər; heç olmazsa, ona görə ki, şüur predmetlər barəsindəki təsəvvürləri onların barəsində anlayışlardan öncə hasil edir və yalnız təsəvvürdən keçərək və öz fəaliyyətini onlara yönəldərək düşünən ruh düşüncəli idraka və anlayışlı dərkə yüksələ bilir.

Amma predmetləri düşüncə ilə gözdən keçirməyə başlarkən aydın olur ki, bu iş öz məzmununun zəruriliyinin göstərilməsini və predmetin həm varlığının, həm də tərifinin sübutunu tələb edir. Beləliklə aydın olur ki, təsəvvürlərlə verilən predmetlər barəsində ilkin tanışlıq yetərli deyil və sübut olunmamış mülahizə və müddəalar yolverilməzdir. Lakin bununla yanaşı, belə bir çətinlik də üzə çıxır ki, fəlsəfə hər halda nədənsə başlamalıdır; həm də hər bir başlanğıc bilavasitəlik kimi özünün ilkin şərtidir, daha doğrusu, özü ilkin şərtdir.
§ 2

Fəlsəfəni öncədən, ümumiyyətlə, predmetlərin düşüncə ilə gözdən keçirilməsi kimi tərifləndirmək olar. Ancaq doğrudursa – əlbəttə doğrudur – ki, insan heyvandan düşüncəsinə görə fərqlənir, onda bütün bəşəriyyət ona görə bəşəridir ki, təfəkkürlə yaradılmışdır. Lakin fəlsəfə özünəməxsus təfəkkür üsulu, təfəkkürü dərk edən, həm də onu anlayışlarda idraka çevirən üsul olduğundan fəlsəfi təfəkkür bütünlüklə insanda fəal olan və insana insanilik verən və eyni zamanda onunla eyniyyətdə olan təfəkkürdən fərqlənir, belə ki, özündə yalnız bir təfəkkür mövcuddur. Bu fərq onunla bağlıdır ki, fəlsəfi təfəkkür özülü təfəkkürdən ibarət olan insan şüurundan məzmunu öncə fikir formasında deyil, hiss, seyr, təsəvvür formasında – təfəkkür formasından fərqli formalarda çıxış edir.

Qeyd. Çoxdan kök atıb çeynənmiş bir müddəaya görə insan heyvandan təfəkkürü ilə fərqlənir; bu müddəa bayağı və eyni zamanda çox əsgi bir inamı yada salmaq təccüblü görünə bilər. Bununla belə hissi və təfəkkürü bir-birindən son dərəcə ayıran və onların bir-birinə əks, hətta zidd olduğunu və buna görə də guya hissin, özəlliklə də dini hissin təhrif və təhqir olunduğunu, hətta təfəkkür tərəfindən məhv edildiyini, guya dinin və diniliyin təfəkkürdə heç də olmadığını qəbul edən xürafat zamanında o əski müddəanın yada salınması zəruridir. Hissi təfəkkürdən bu cür ayırarkən unudurlar ki, yalnız insan dini hissə malikdir və heyvanlar hüquq və əxlaq kimi dinə malik olmağa az qabildirlər.

Dini təfəkkürdən ayırarkən, adətən, düşüncə (Nachdenken) adlandırıla bilən – öz məzmununu hasil edən və fikirləri şüura çatdıran reflektiv təfəkkürü nəzərdə tuturlar. Təfəkkürün fərqinə aid olan bu diqqətsizlikdən doğan səliqəsizlik, fəlsəfənin dəqiq müəyyənləşdirdiyi bu fərqi bilməmək fəlsəfə haqqında ən qaba təsəvvürlər doğurur və onun ünvanına ən kobud iradlara təhrik edir. Belə ki, yalnız insan dinə, hüquqa və əxlaqa malik olduğundan, belə ki, düşünən varlıq olduğundan yalnız insan onlara malikdir, onda hüququn, dinin və əxlaqın bütün məzmunu – bu məzmun hiss, inam və təsəvvürlə verilsə də belə, təfəkkürün iştirakı olmadan baş vermir; təfəkürün fəaliyyəti və məhsulları onlara verilir və onlarda vardır. Amma təfəkkürlə müəyyənləşdirilən və dolan hisslər və təsəvvürlər bir şeydir, belə hisslər və təsəvürlər barəsində fikirlərə malik olmaq başqa şeydir. Şüurun bu üsulları barədə düşüncə ilə yaradılan fikirlər refleksiyanı, mühakiməni və i. a., həmçinin fəlsəfəni oluşdurur.

Bu tez-tez belə bir yanlış müddəanın hökmranlığına səbəb olur ki, guya belə düşüncə zəruri şərtdir və hətta bizi əbədi olan və həqiqət haqqında təsəvvürlərin əldə olunmasına aparan tək yoldur. Belə ki, məsələn, allahın varlığının metafizik (indi artıq keçmişdə qalan) sübutu allahın varlığına inam və əqidə yaradan tək bir yol kimi qələmə verilirdi. Bu müddəa belə bir müddəaya bənzəyir ki, biz qidanın kimyəvi, botaniki və zooloji təriflərini bilmədən yeyə bilmərik və biz həzmin anatomiya və fiziologiyasının öyrənilməsi başa çatanadək gözləməliyik. Belə görünə bilər ki, göstərilən elmlərin öz sahəsində və fəlsəfənin faydası çox artmış olar və hətta mütləq ən ümumi zərurət səviyyəsinə çatar. Lakin yəqin ki, o zaman bu elmlər zərurət olmaq deyil, heç mövcud olmazdılar.

§ 3


Bizim şüurumuzu dolduran məzmun hansı qəbildən olursa olsun, hisslərimizin, seyrlərimizin, obrazlarımızın, təsəvvürlərimizin, məqsədlərimizin, borclarımızın və i. a., eləcə də fikir və anlayışlarımızın müəyyənliyini oluşdurur, təşkil edir. Ona görə hiss, seyr, obraz və i. a. hiss edilməsindən, seyr edilməsindən, təsəvvür olunmasından, arzu edilməsindən asılı olmayaraq, eləcə də fikir qatışığı olmadan duyulmasından, yaxud fikirlə qatışmış halda duyulmasından, seyr edilməsindən və i. a. asılı olmayaraq dəyişməyən, özü olaraq qalan eyni bir məzmunun formalarıdır. Bu formaların və ya onlardan bir neçəsinin qarışığındakı məzmun şüurun predmetini oluşdurur. Lakin məzmun şüurun predmeti edildikdə bu formaların özəllikləri də şüura girmiş olur, belə ki, onların hər birinə uyğun gələn predmetlər yaranır və özü olaraq qalan məzmuna göstərilən dəyişik formalarda dəyişik məzmunlar kimi baxıla bilər.

Qeyd. Bir halda ki, biz hissin, seyrin, istəyin, iradənin və i. a. özəlliklərini dərk edirik və onlar təsəvvür adlanır, onda demək olar ki, fəlsəfə təsəvvürləri fikirlərlə, kateqoriyalarla, yaxud daha dəqiq deyilərsə, anlayışlarla əvəz edir. Təsəvvürlərə, ümumiyyətlə, fikirlərin və anlayışların metaforası kimi baxmaq olar. Lakin təsəvvürləri əldə etməklə biz hələ onların təfəkkür üçün anlamını, onların özülündə duran fikirlərin və anlayışların anlamını bilmirik. Və əksinə, fikirlərə və anlayışlara malik olmaq və hansı təsəvvürlərin, seyrlərin, hisslərin onlara uyğun gəldiyini bilmək eyni bir şey deyildir. Fəlsəfənin anlaşılmaz adlandırılması da qismən bununla bağlıdır. Çətinlik bir tərəfdən abstrakt düşünmək, yəni xalis fikirləri şəkilləndirib qeydə almaq və bu fikirlər üzrə hərəkət etmək qabiliyyətinin olmamasından ibarətdir və qabiliyyətsizlik əslində yalnız vərdişin olmamasıdır. Bizim adi şüurumuzda fikirlər vərdiş olunmuş hissi və mənəvi materialla birləşdirilir; düşüncədə, refleksiyada və mühakimədə biz fikirləri hisslərə, seyrlərə, təsəvvürlərə qatırıq (hər bir cümlə tamamilə hissi məzmun daşısa da belə, artıq özündə kateqoriyalara malikdir; belə ki, məsələn, "bu yarpaq yaşıldır" cümləsində varlıq, təkcə kateqoriyaları iştirak edir). Lakin fikirləri özünün başqa ünsürlərin qatışığından təmiz halda predmetə çevirmək başqa şeydir. Fəlsəfənin anlaşıqsız olmasının başqa bir səbəbi də şüurda fikir və anlayış kimi mövcud olanın təsəvvür biçimində olmasına qarşı dözümsüzlükdür. Tez-tez belə bir deyimlə qarşılaşırıq: anlayış dedikdə nəyin düşünülməsi bəlli deyil; ancaq bu zaman anlayışdan başqa heç nə düşünmək lazım deyil. Bu deyimin anlamı artıq tanış olan, vərdiş edilən təsəvvürə can atmaqdan başqa bir şey deyildir; şüurda belə bir duyğu baş qaldırır ki, guya təsəvvürün forması ilə birlikdə indiyədək üzərində möhkəm və inamla dayandığı zəminindən onu məhrum etmişlər; xalis anlayış sahəsinə keçirilmiş şüur hansı dünyada yaşadığını bilmir. Ona görə də öz oxucularına və ya dinləyicilərinə onların artıq əzbər bildiklərini, vərdiş etdiklərini və özlüyündə aydın olanları şərh edən yazıçıları, mədhçiləri, natiqləri daha anlaşılan sayırlar.

§ 4

Fəlsəfə bizim adi şüurumuza hər şeydən öncə onu sübut etməlidir ki, fəlsəfi idrak üsuluna tələbat vardır, yaxud o belə tələbatı oyatmalıdır. Lakin dinin predmetinə, ümumiyyətlə, həqiqətə münasibətdə fəlsəfə onları dərk etməyə qabil olduğunu göstərməlidir. Onun dini təsəvvürlərdən aşkar fərqinə gəlincə fəlsəfə özünün dini təriflərdən fərqli olan təriflərini doğrultmalıdır.


§ 5

Yuxarıda göstərilən fərqin və onunla bağlı olan müddəanın, yəni şüur fikir və anlayış biçiminə çevrilərkən özünün həqiqi məzmununu saxladığını və hətta özünün həqiqi işığında ilk olaraq göründüyünü aydınlatmaq üçün belə bir əski həqiqəti oxucunun yadına salmaq olar ki, predmet və olaylarda, eləcə də hisslərdə, seyrlərdə, rəylərdə, təsəvvürlərdə və i. a. həqiqi olanı dərk etmək üçün düşüncə tələb olunur. Ancaq düşüncə hər zaman hissləri, təsəvvürləri və i. a. fikrə çevirir.

Qeyd. Belə ki, yalnız düşüncə fəlsəfi fəaliyyət forması olduğundan, hər bir insan isə təbiətən düşünmək, təfəkkür qabiliyyətinə malik olduğundan anlayışlarla təsəvvürlər arasındakı (§3-də göstərilən) fərqi diqqətdən qaçırırlar ki, bu da fəlsəfənin yuxarıda xatırlatdığımız bulanıqlığından şikayətin predmetinə əksdir. Bu elm tez-tez özünə qarşı elə həqarətli münasibətə məruz qalır ki, hətta onunla məşğul olmayanlar özlərini elə göstərirlər ki, fəlsəfəni öyrənmədən də onlar onun nə olduğunu anlayırlar və adi təhsil almaqla və özəlliklə dini hissə söykənərək fəlsəfənin üzərindən keçə və onun haqqında fikir yürüdə bilərlər. Başqa elmlərə münasibətdə isə hesab edilir ki, onları bilmək üçün öyrənmək lazımdır və yalnız onları bilmək onların haqqında fikir yürütmək haqqı verir. Həmçinin razılaşırlar ki, başmaq tikmək üçün çəkməçilik işini bilmək və məşğul olmaq lazımdır, halbuki hər bir insanın ayağının ölçüsü, əlləri vardır və onların sayəsində bu iş üçün təbii bacarıq vardır. Yalnız filosofluq üçün filosofluğu öyrənmək və zəhmət tələb olunmur. Bu əlverişli rəy yeni dövrdə bilavasitə bilik – seyr vasitəsilə alınan bilik haqqında təlim sayəsində öz təsdiqini tapmışdır.
§ 6

Digər tərəfdən, oduqca vacibdir ki, fəlsəfə öz məzmununun canlı ruh sahəsində əzəldən yaradılmış və aləmi, şüurun dış və iç aləmini təşkil edən və indi də yaradılan məzmundan başqa bir şey olmadığını, başqa sözlə, öz məzmununun gerçək, ilk olduğunu anlasın. Bu məzmuna ən yaxın olan şüuru biz təcrübə adlandırırıq. Aləmə diqqətli baxış artıq intəhasız dış və iç varlıq səltənətində yalnız keçici, əhəmiyyətsiz olanla, hadisə ilə həqiqətən gerçəklik adına layiq olanı bir-birindən fərqləndirir. Belə ki, fəlsəfə bu məzmunun dərkinin digər növlərindən yalnız formaca fərqləndiyindən onun gerçəklik və təcrübə ilə razılaşması zəruridir. Bu razılaşmaya, uzlaşmaya heç olmasa fəlsəfi təlimin məhək daşı kimi baxmaq olar, elmin son ali məqsədi düşünən ağlın həqiqi ağılla, gerçəklikdə bu razılaşma, uzlaşma barədə biliklə yaradılan barışığından ibarətdir.

Qeyd. Mənim "Hüquq fəlsəfəmin" müqəddiməsində belə bir deyim vardır:

Ağıla sığan hər şey gerçəkdir,

Gerçək olan hər şey ağıla sığandır.16

Bu sadə deyim bir çoxlarına qəribə göründü və fəlsəfə, əlbəttə, həmçinin din sahəsində öz məlumatlarının heç bir şübhə doğurmadığına inananların hücumuna məruz qaldı. Bu münasibətlə dinə müraciət etmək artıqdır, belə ki, onun ilahi düzən haqqında təlimində bu deyim vardır. Bu deyimin fəlsəfi anlamına gəlincə biz onun tənqidçilərinin allahın nəinki gerçək, fövqəlgerçək, yalnız tək həqiqi gerçək olduğunu bildiklərinə, həm də bu deyimin formal tərəfilə ilgili mövcud varlığa hadisənin bir hissəsi, gerçəkliyin yalnız hissəsi kimi baxa bildiklərinə inanırıq. Gündəlik həyatda hər cür qəribəliyi, yanılmanı, şəri və bunlara bənzər başqa şeyləri, eləcə də səhv və keçici olan hər cür varlığı gerçəklik adlandırırlar. Amma heç olmasa, adi dil hissinə malik olan insan təsadüfi varlığın gerçəklik adlandırılmasına razı olmaz; təsadüf eyni dərəcədə ola və olmaya bilən imkandan başqa bir dəyərə malik olmayan varlıqdır, mövcudluqdur.

Mənim dediyim gerçəklik barədə tənqidçilər düşünməyə borclu idilər ki, mən bu deyimi hansı anlamda işlədirəm, belə ki, mən "Məntiq"də17 ətraflı yazılmış gerçəkliyi gözdən keçirməklə yanaşı, onu nəinki mövcudluğa malik təsadüfdən, həmçinin mövcud varlıqdan və başqa təriflərdən fərqləndirirəm.

Ağılasığan gerçəkiyə qarşı o təsəvvür çıxış edir ki, ideyaları, idealları yalnız boş xəyallar, fəlsəfəni isə bu boş xəyallar sistemi sayır; ona qarşı belə bir təsəvvür də çıxır ki, guya ideyalar və ideallar gerçəkikdən əlçatmaz ucalıqda olduqlarından, yaxud çox zəif olduqlarından gerçək ola bilməzlər. Ancaq belə təsəvvür sahibləri gerçəkliyi öz xəyali abstraksiyalarını həqiqət kimi qəbul edən və özəlliklə də siyasət sahəsində bunların önəmli olmasını, guya dünyanın özünün necə olacağını müəyyənləşdirmək üçün nə olursa olsun, yalnız onu gözlədiyini iddia edərək öyünən dərrakədən daha həvəslə ayırırlar; ancaq əgər dünya necə olmalıdırsa o cür olsaydı, idrakın irəli sürdüyü köhnəlmiş labüdlük fikri nə olardı? Empirik əqli idrak özünün labüdlüyü, zəruriliyilə yalnız bəlli zaman çərçivəsində və məlum dairə üçün böyük önəmi olan bayağı xarici və keçici problemlərə, müəssisələrə, vəziyyətlərə və i. a. qarşı yönəldikdə haqlı ola bilər və bu predmetlərdə ən ümumi təriflərlə uzlaşmayan bir məqamlar üzə çıxara bilər; öz ətrafında çox şeyin lazım olduğu kimi olmadığını kim görməyə bilər ki? Lakin bu müdriklik belə predmetlərlə və onların labüdlüyü ilə məşğul olmaqla özünün fəlsəfi elmin maraq dairəsində olduğunu iddia etməkdə haqlı deyil. Fəlsəfə yalnız labüd olub gerçək ola bilməyəcək ideyalarla məşğul olmur, deməli, fəlsəfə bu predmetlərin, müəssisə və durumların və i. a. yalnız əsasını oluşduran gerçəkliklə məşğul olur.


§ 7

Belə ki, düşüncə hər şeydən öncə, ümumiyyətlə, fəlsəfi prinsipə (bu sözü burada həm də başlanğıc anlamında işlədirik) malik olduğundan və yeni zamanda (lüter islahatından sonra) yenidən öz müstəqilliyində çiçəkləndiyindən, həm də nəzərə alınmalıdır ki, bir vaxt yunanların ilk cəhdləri abstraksiyalar üzərində qalmayaraq, həm də dünya hadisələrinin saysız-hesabsız materialı üzərinə keçdiyindən predmeti empirik təkcələr dənizində davamlı ölçünün, ümuminin dərkindən, nizamsız təsadüflərin sonsuz çoxluğunda zərurətin, qanunun öyrənilməsindən ibarət olan hər cür biliyi, deməli, öz məzmununu özünün seyrində, öz içərisini və çölünü qavramasında, təbiətdə, ruhda və insan qəlbində hasil edən biliyi fəlsəfə adlandırmağa başladılar.

Qeyd. Təcrübə prinsipi son dərəcə önəmli olan elə bir müddəanı özünə daxil edir ki, hər hansı bir məzmunun qəbul və etiraf olunması üçün insanın özünün bunda iştirakı tələb olunur; daha aydın desək, tələb olunur ki, insan özü əmin oduğu bir məzmun tapsın; o, təcrübənin məzmununu ya özünün dış, xarici hisslərilə, ya da həmçinin özünün dərin ruhu ilə, özünüdərki ilə qəbul eləsin və tanısın.

Bu, həmin o prinsipdir ki, hazırda etiqad, inanc, bilavasitə bilik, xarici və özəlliklə də özünün içdən gələn xəbər, yaxud vəhy adı almışdır.

O elmlər ki, bu yolla fəlsəfə adını almışlar, yuxarıda göstərilən prinsipə uyğun olaraq biz onları ilkin başlanğıclarına görə empirik elmlər adlandırırıq. Önəmlisi odur ki, onların məqsədləri və əldə etdikləri sonuc var olan haqqında ümumi müddəalar, nəzəriyyələr, düşüncələr, qanunlardır. Belə ki, məsələn, Nyuton öz fizikasını təbiət fəlsəfəsi adlandırdı. Quqo Qrotsiy isə xalqların bir-birinə münasibətdə davranışını müqayisə etmək əsasında və adi mühakimələrin köməyilə bir nəzəriyyə yaratdı ki, bu, beynəlxalq dövlət hüququ adını aldı. İngilislərdə fəlsəfənin bu adı indiyə qədər öz anlamını saxlamışdır və orada Nyutonu böyük filosof kimi tərənnüm edirlər. Hətta maqnetik alətləri, yaxud termometri, barometri və i. a. fəlsəfi alətlər adlandırırlar. Biz, əlbəttə, bununla ilgili qeyd etməliyik ki, ağacın, dəmirin və s. birləşməsi deyil, yalnız təfəkkür fəlsəfənin aləti sayılmalıdır.* Özəlliklə siyasi iqtisadın yaranmasında yeni dövrə borclu olan elmi fəlsəfə adlandırırlar. Biz onu sadəcə rasional dövlət təsərrüfatı haqqında elm** adlandırırıq.
-------------------------------

* Tomsonun nəşr etdirdiyi jurnal da "Fəlsəfənin kanalları, yaxud kimya, mineralogiya, mexanika, təbiət tarixi, kənd təsərrüfatı və incəsənət jurnalı adlanır. Burada adları çəkilən bilik sahələrindən oxucu nəyin fəlsəfə adlandırıldığını özü də təsəvvür edə bilər. Yeni çıxan kitablar haqqında elanlar arasında bu yaxınlarda mənim bir ingilis qəzetində belə bir başlıq gözümə dəydi: "Fəlsəfi prinsiplər əsasında saçların tökülməsinin qarşısının alınması". Bu ad altında, görünür, kimyəvi, fizioloji və i. a. prinsiplər nəzərdə tutulur.


** İngilis dövlət xadimləri hətta kütləvi çıxışlarında ümumi politekonomik prinsipləri göstərmək üçün "fəlsəfi başlanğıc" ifadəsindən istifadə edirlər.Parlamentin iclasında (1825-ci il, 2 fevral) Bruqem öz çıxışında belə bildirmişdi: "dövlət adamlarına layiq və azad ticarətin fəlsəfi başlanğıclarını – belə ki, bunun fəlsəfi başlanğıc olduğu şübhə doğurmur – qəbul etməklə əlahəzrətləri parlamenti təbrik etdi" və s. Lakin müxalifətin təkcə bu nümayəndəsi belə danışmadı. Hər il həmin ayda dəniz ticarəti cəmiyyətinin birinci naziri qraf Liverpulun sədrliyi və onun yanında əyləşən dövlət katibi Kanninqin və ordu general-xəzinədarı ser Çarlz Lonqun iştirakı ilə keçirilən banketdə öz ünvanına deyilən tosta cavab olaraq dövlət katibi Kanninq demişdi: "İndi elə bir yeni dövr başlanmışdır ki, artıq nazirlər dərin fəlsəfənin müdrik qaydalarını bu ölkənin idarə olunmasına tətbiq edə bilərlər". İngilis fəlsəfəsinin alman fəlsəfəsindən necə fərqlənməsindən asılı olmayaraq, bu söz (fəlsəfə – A. T.) bəzən gülməli, yaxud təhqiramiz ifadə kimi işlədilsə də, hər halda İngiltərənin dövlət xadimlərinin ona hörmət bəslədiyini görmək sevindiricidir.

---------------------------------------------------------------



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə