Mərkəzi Asiyada gedən geosiyasi prosesləri bir qədər ətraflı tədqiq etmək istəyiriksə Rusiya, Çin, abş ilə bərabər digər regional oyunçuların da bölgədə maraqlarına və siyasətinə nəzər salınmalıdır



Yüklə 15 Kb.
tarix07.02.2023
ölçüsü15 Kb.
#100318
sual 32


Sual 32
Mərkəzi Asiyada gedən geosiyasi prosesləri bir qədər ətraflı tədqiq etmək istəyiriksə Rusiya, Çin, ABŞ ilə bərabər digər regional oyunçuların da bölgədə maraqlarına və siyasətinə nəzər salınmalıdır. Türkiyə və İranı bölgədə maraqları, təsir imkanları və özünəməxsus siyasətləri olan regional dövlətlər kimi qəbul edə bilərik.
Türkiyənin Mərkəzi Asiya ilə bağlı xarici siyasətini 1990-cı illərin əvvəllərindən bu günə kimi müxtəlif mərhələlərə ayırmaq olar. SSRİ-nin süqutu ilə Orta Asiyada yaranan geosiyasi boşluq Türkiyə üçün yeni imkanlar hesab olunurdu və türk xarici siyasəti bu imkanlardan yararlanmaq strategiyasını həyata keçirməyə çalışırdı. Türkiyənin sabiq xarici işlər naziri və baş naziri Əhməd Davudoğlunun təbirincə desək “Soyuq müharibə”nin bitməsi ilə Türkiyə üçün yeni beynəlxalq konyuktur formalaşırdı (Stratejik derinlik, Türkiyenin uluslararası konumu. Seh. 74. İstanbul 2004 ). Ankaranın Sovet İttifaqı dağıldıqdan sonra, yəni, 1990 – cı illərin ilk yarısında Mərkəzi Asiya ilə bağlı siyasətinin əsasında Türk amili dayanırdı və bu mərhələni bəzən “eyforiya” dövrü də adlandırırlar. Mərkəzi Asiyanın yeni müstəqilliyini əldə etmiş türk respublikaları ilə eyni etnik kök birliyi Ankarada regional liderliklə bağlı yanlış təsəvvürlər yaratmışdır. Məhz bu mərhələdə (1991-1994) Türkiyə regional maraqlarını təmin etmək üçün bir sıra təşəbbüslərlə çıxış etmişdır. Məsələn, 1992-ci ildə Türk Dilli Dövlət Başçılarının Anakarada zirvə toplantısının keçirilməsi ilə belə zirvə görüşlərinin əsası qoyuldu, türk dövlətləri arasında mədəni əlaqələri təmin etməli olan TÜRKSOY yaradıldı və s. Bununla belə, Türkiyənin Sovet İtiifaqının dağılması ilə yaranan yeni vəziyyətdə strategiyası uğurlu alınmadı və bunun əsas səbəblərini belə sıralamaq olar : 1. Rusiya faktoru 2. İqtisadi resursların məhdudluğu 3. Region dövlətlərinin siyasəti.
1995-ci ildən sonra Ankara regional siyasətində “eyforik, romantik” baxışlardan imtina edərək bu gün də davam edən bölgə dövlətləri ilə praqmatik, iqtisadi faydalılığa əsaslanan münasibətlərə keçid etdi. 2000 –ci illərin əvvəllərində Türkiyədə müşahidə olunan sürətli iqtisadi artım Ankaranın regional siyasətində də fəallaşmasına səbəb oldu. Ümumiyyətlə, Ankaranın regional siyasətinə təsir edən əsas faktorlar kimi bunları qeyd edə bilərik : Son illərdə xeyli böyüyən türk iqtisadiyyatının yeni bazarlar axtarması, enerji təhlükəsizliyi, etnik və dini kimliyə əsaslanan geopolitik maraqlar, Qərblə təzadlı münasibətlər. Xüsusilə enerji təhlükəsizliyi məsələsi Türkiyənin regional siyasətində mühüm rol oynayır. Türkiyənin neftə olan tələbatının 90 %, qaza olan tələbatının isə 100 % - i idxal hesabına təmin olunur. Türkiyə, artan enerji tələbatını təmin etmək və idxal kəmərlərini müxtəlifləşdirmək məsələsində Mərkəzi Asiyanı gələcəkdə əsas təminatçılardan biri kimi görür.

Eyni zamanda Türkiyə Mərkəzi Asiyada çoxtərəfli əməkdaşlığı institutlaşdırmaq istiqamətində də son illərdə bir sıra təşəbbüslər irəli sürmüşdür. Ankaranın bu təşəbbüsləri regionun bəzi dövlətəri (Qazaxstan, Qırğızıstan) tərəfindən də dəstəklənmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq Türkiyəni Mərkəzi Asiyada xüsusi maraqları və müəyyən təsir imkanları olan regional güc mərkəzlərindən biri kimi qəbul edə bilərik.

Mərkəzi Asiyada geosiyasi, iqtsadi maraqları olan və bu maraqlarını reallaşdırmaq üçün fəallıq göstrən regional dövlətlərdən biri də İrandır. Sovet İttifaqının dağılması və bunun nəticəsində Mərkəzi Asiyada beş müstəqil dövlətin meydana çıxması İran üçün müəyyən imkanların və çətinliklərin yaranmasına səbəb oldu. İlk növbədə şimalda SSRİ-nin timsalında, böyük gücün mövcudluğunu başa vurması və yeni yaranan müstəqil dövlətlərin İranla eyni dini, sivilizasiyanı bölüşməsi Tehranda regionun gələcəyi ilə bağlı böyük ümidlər yaratmışdır.

1990-cı illərin əvvəllərində Tehranın regional siyasətinin əsasında dini kimlik faktoru dayanırdı. İran islami kimlik amilindən region dövlətləri üzərində ciddi təsir imkanları əldə edəcəyinə ümid edirdi və bu məqsədlə davamlı siyasət həyata keçirməyə çalışırdı. Bununla belə, İranın islami kimlik amilindən istifadə etmək strategiyası uğursuzluqla nəticələndi. Bu uğursuzluğu şərtləndirən əsas amilləri belə qeyd etmək olar : 1) İranın daxili problemləri. Bu problemlər ölkəni böhran həddinə çatdırıb və digər regionu iqtisadi cəhətdən əsarət altına almaq mümkünlüyünü çətinləşdirir. 2) İranla Mərkəzi Asiya respublikaları arasında dini – məzhəb fərqləri mövcuddur. 3) Mərkəzi Asiyada digər regional və böyük güclərin maraqları, fəaliyyəti, təsiri. 4) Mərkəzi Asiya dövlətləri özləri də çalışır ki, başqa dövlətlərin təsir dairəsinə düşməsin.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, gözləntilərin əksinə olaraq İran regionda islam amilindən geniş və açıq istifadə etməmişdir. Əvəzində, ehtiyat və realizm İranın Mərkəzi Asiyadakı qonşuları ilə bağlı xarici siyasətində determinant rol oynayıb. Eyni zamanda regionun dünyəvi hökumətləri də İranın dini təsirini özlərinə təhlükə kimi görərək ona qarşı müqavimət göstərib.

İran, son illərdə və hazırda regionda strateji maraqlarını təmin etmək üçün bir sıra vasitələrdən istifadə edir. Tehran region dövlətləri ilə iqtisadi – siyasi əməkdaşlığını genişləndirməklə ilk növbədə özünün beynəlxalq təcrid vəziyyətini yüngülləşdirməyə çalışır. Eyni zamanda İran “regionalizm” amilindən yararlanmaqla bögə dövlətləri ilə münasibətlərini dərinləşdirmək siyasətini həyata keçirir. İran Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində institutlaşmış əməkdaşlıq formatına da xüsusi önəm verir. Belə ki, Tehran İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı çərçivəsində bu dövlətlərlə münasibətlərini inkişaf etdirir, həmçinin Şanxay Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq edərək regional proseslərdə iştirakını təmin edir.



İranın Mərkəzi Asiya respublikaları ilə iqtisadi əməkdaşlığını inkişaf etdirmək üçün son illərdə üstünlük verdiyi sahələrdən biri də infrastruktur, enerji layihələrinin reallaşdırılmasıdır. Son 27 ildə Mərkəzi Asiyanı İranla birləşdirən bir çox enerji və dəmiryolu xətti istifadəyə verilmişdir. Ümumiyyətlə, İranın coğrafi yerləşməsi Mərkəzi Asiya dövlətlərinə dünyaya, açıq dənizlərə çıxış üçün unikal imkanlar verir və belə bir imkanı Tehran region dövlətlərinə təklif etməklə həm də özünün iqtisadi, geosiyasi maraqlarını təmin etməyə çalışır.

Bütün bunlarla bərabər, son illərdə İranın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə mənfi təsir edən və Tehranın regional proseslərdə təsirini zəiflədən faktorlar da nəzərdən qaçırılmamalıdır. Bu faktorları qısa olaraq belə sıralamaq olar : Xəzərin hüquqi statusunun müəyyən olunması prosesində İranın vaxtı ilə sərgilədiyi mövqe, Tehranın nüvə silahı əldə etmək strategiyası, ABŞ və digər Qərb dövlətlərinin İrana tətbiq etdiyi sərt siyasi-iqtisadi sanksiyalar, Tehranın regional siyasətində din amilindən imtina etməməsi.
Yüklə 15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə