Ağ Ev
Mətbuat Katibliyi
Press-reliz
06 iyul, 2016-cı il
Ramazan Bayramı münasibətilə Prezidentin bəyanatı.
Yeni ayın görünməsi ilə Birləşmiş Ştatlarda və dünyanın müxtəlif yerlərində Ramazan
Bayramını qeyd edən hər bir kəsə Mişel və mən ən səmimi arzularımızı çatdırırıq.
Amerikalı müsəlmanlar üçün Ramazan ayı 30 gün oruc tutmaqla keçmişə nəzər salmaq və
minnətdarlıq, mərhəmət, səxavətlilik kimi dəyərləri daha da gücləndirmək üçün bir fürsətdir.
Dünyanın müxtəlif yerlərində bu əlamətdar hadisə qonşularda və evlərdə günün erkən
saatlarından başlayır, ailə üzvləri ibadət və bayram şənliklərini qeyd etmək üçün ən yeni
libaslarını geyinirlər. Evlər bəzək əşyaları və fənərlərlə bəzədilir. Hədiyyələr hazırlanır və
balaca uşaqlara vermək üçün ayrılmış pullar zərflərin içərisinə qoyulur. Hər şeydən əvvəl
Ramazan, sevdiklərinlə bir araya gəlib bayramı qeyd etmək üçün bir imkandır.
Amerikalı müsəlmanlar da bizim millətimiz kimi müxtəlifdirlər – qara dərili, ağ dərili, latın
amerikalılar, asiyalılar və ərəblər. Ölkənin müxtəlif yerlərində qeyd olunan Ramazan Bayramı
bizə müxtəlif mənşəli insanların birlikdə qurduğu qürurlu tariximizi, dini etiqad azadlığı və
vətəndaş azadlıqları tariximizi, eləcə də innovasiya və əzmkarlıq tariximizi xatırladır.
Amerikalı müsəlmanların ölkəmizin daha da güclənməsi istiqamətində verdikləri töhfə
olmasaydı, bu irs də formalaşa bilməzdi.
Bu ötən ay ərzində ölkəmizin və bütün dünyanın üzləşdiyi bir sıra çətinliklər və mənasız yerə
baş verən zorakılıqlar bizim ürəklərimizi sarsıtmış, canımızı üzmüşdür. Ramazan ayı ərzində
Orlando, İstanbul, Dəkkə, Bağdad və Mədinədə həyatlarını itirmiş və əksəriyyəti müsəlman
olan yüzlərlə günahsız insanın ruhuna dualar edirik.
Burada, bizim vətənimizdə də amerikalı müsəlmanlara qarşı olan hücumların artdığını
müşahidə etdik. Heç kəs ibadət etdiyi məkanda əsla qorxmamalı və yaxud özünü təhlükədə
hesab etməməlidir. Amerikalıların bir çoxu yaşadıqları icmalarda ehtiyacı olanlara könüllü
şəkildə köməklik göstərməklə və hətta amerikalı müsəlman olan həmkarları ilə birlikdə bir
neçə gün oruc tutmaqla Ramazan ayının təcrübəsini birlikdə paylaşmışlar. Ədavətin yaratdığı
təhlükələrə baxmayaraq məhz bizim amerikan dəyərlərimiz və gücümüz bizə həmrəy şəkildə
bir araya gəlməyə və bir-birimizi müdafiə etməyə imkan verdi, bütün bunlar isə bizim
Dövlətimizi daha da gücləndirir və təhlükəsiz edir.
Yarandığı dövrdən etibarən amerikalı müsəlmanlar bizim Amerika ailəmizin bir hissəsi
olmuşlar. Bu Ramazan ayında biz ölkənin müxtəlif yerlərində yaşayan amerikalı
müsəlmanların, o cümlədən Ramazan ayında son mənzilə yola saldığımız ən tanınmış, Xalq
Çempionumuz olan Məhəmməd Əlinin verdiyi töhfəni qeyd etməklə amerikalı müsəlmanları
mövhumatçılıq və ksenofobiyadan müdafiə etmək istiqamətində mübarizəmizi davam etdiririk.
Bu ay Mişel və mən, Ramazan Bayramı münasibətilə Ağ Evdə keçiriləcək tədbirə ev sahibliyi
edəcəyik və ölkəmizin müxtəlif yerlərindən gələcək amerikalılarla birlikdə bayramı qeyd
etməyi səbirsizliklə gözləyirik.
Ailəmiz adından sizi və ailə üzvlərinizi təbrik edirəm, Ramazan Bayramınız mübarək!