Məxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı 2010



Yüklə 2,68 Mb.
səhifə3/15
tarix15.03.2018
ölçüsü2,68 Mb.
#32501
1   2   3   4   5   6   7   8   9   ...   15

«OYAN» DEDİLƏR
Yatmış idim qəmdə, gəldi ərənlər,

«Dur görək yerindən, oyan!» dedilər.

Gözüm açıb gördüm cümlə-cahanı,

«Şol duranı Şahi-mərdan!» dedilər


Ərənlər cəm olub bazar etdilər,

Münafiqlər durub həzər etdilər,

Əli babam bizə nəzər etdilər,

Bir kasə mey verib: «İç, qan!» dedilər.


Oyanıb qəflətdən, açdım gözümü,

Ərənlər payinə sürtdüm üzümü,

Oxutdular, haq sözlədim sözümü,

«Səksən min kəlamı bəyan» dedilər.


Ərənlər cəm olub, mundan köçdülər,

Sirat körpüsündən bir-bir keçdilər,

Ol hovzi-kövsərdən şərab içdilər,

İçən şahbazları «Sultan» dedilər.


Məxdumqulu, sözlə bu şirin dildə,

Umudum çox dürur şol duran yolda,

Beş vaxt namazını oxu hər gündə,

«Axirət yoldaşın - iman» dedilər.



UÇDUM, YARANLAR
Bir cümə gecəsi gördüm düşümdə,

Bal vurub, göylərə uçdum, yaranlar.

Pərvaz edib, seyran etdim dünyanı,

Bir abadan yerə düşdüm, yaranlar.


Kəhkəşana çıxıb dürlü səmərlər,

Min dürlü meyvələr, xürrəm şəcərlər,

Narıncı, turuncu, leymun, almalar,

Bir abadan bağa düşdüm yaranlar.


Açılmışdır onda rəngbərəng güllər,

Şurişi-əfğanda şeyda bülbüllər,

Mərmərdən hovuzlu, kövsər tək sular,

Təhəyyür eyləyib, çaşdım, yaranlar.


Ol qara bağlıqda gördüm bir çəmən,

Əcaib tərkibdə gördüm əncümən.

Dövrə girıb, gördüm, oturmuş çiltən,

Salam verib, qolum qucdum, yaranlar.


Hammı avaz edib «Əleyk!» aydılar,

İşarət eyləyib: «Ötgül» dedilər.

Dövrə qurub, cama şərab qoydular,

Mənə yetcək, qolum açdım, yaranlar.


Bilmədim, mənə çox, yoxsa az verdi,

Özgə aləm, başga bir avaz verdi,

Eşq aldı könlümü, dilə söz verdi,

Ayaqdan-ayağa düşdüm, yaranlar.


Məxdumqulu, huşyar oldum, oyandım,

Oyandım, alışdım, tutuşdım, yandım,

Məna bazarında xəyyata döndüm,

Şirin qəzəl donun biçdim, yaranlar.



OLDUM GİRYANA
Suçumu yad edib, üzüm xak edib,

Səhər nalış ilə oldum giryana.

Didədən yaş töküb, sinəm çak edib,

Dəli tək özümü vurdum hər yana.

Könlümü keçirdim cümlə-cahandan,

Nə cahandan, bəlkə əl üzdüm candan,

Xıdırdan, İsadan, Şahi-mərdandan,

Himmət alıb baxdım suyi-asmana.


Asmanın üzündən kəhkəşan keçdi,

Qəfildən üç ərə nəzərim düşdü,

İki yaşıl geymiş, bir səfid puştu,

Gözüm gördü, dilim gəlməz fərmana.


Biri gəlib, əlin köksümə vurdu,

Biri bir tiğ ilən ürəyim yardı,

Ağzıma ağzın qoyub, biri dəm vurdu,

Derlər: «Ərzin degil Şahi-mərdana!»


Bular böylə decək, dilim açıldı,

Qana-qana mey-məhəbbət içildi,

Könlümə yeddi tövr sual keçildi,

Dedim: «Rüxsət olsa, gəlsin zəbana».


İki uzun ərdir, bir qısa qəddir,

Dedilər: «Xoşbəxtdır, yaxşı fürsətdir,

Sözün olsa, soruş, sənə rüxsətdir,

Könlə gələn sözün gəltir bəyana!»


Dedim: «Göydən ağır, yerdən mərd nədir?

Dəryadan bay nədir, daşdan səxt nədir?

Oddan yaxıcı nə, buzdan sərt nədir?

Zəhərdən acıraq nədir bu cana?»


Derlər: «Yaman töhmət ağır asmandan,

Qəhərsiz, yaxşı söz gendir cahandan,


Münafiqin könlü səxt səngistandan,

Əhli-qane bənzər bəhri-ümmana,


Cəbr eyləyən sultan yaxıcı közdən,

Xəsisdən diləmək soyuqdır buzdan,

Cəfaya can etmək zəhər cansuzdan,

Öyüddür bu sözlər, bizdən nişana».


Bular böylə decək, yerimdən durdum,

Qədəm vurdum, əl ətəyə yetirdim,

Məst oldum, sust oldum, özüm itirdim,

Gap-kəlam tapmadım, qaldım heyrana.


Dedilər: «Üç kişi olduq ustadın,

Daim dastan olar aləmdə adın,

Məxdumqulu, vaxtdır, istə muradın...»,

Axmaq açar bu sirri, ya divanə.




BİZƏ SARI
Qülzümdən atlanıb qırx yol keçərəm,

Əgər ki meyl etsə yar bizə sarı,

Qədəm nə ki, qanad taxıb uçaram,

Desə dilbər: «Aşiq, yür bizə sarı!»


Qırx il kəmərbəstə, qulluğa girəm,

Altı gün görmərəm altmış il duram,

Bir gözəl yar ola, canımı verəm,

Camalın ərz edə bir bizə sarı.


Nə elə üzüm var oxşasın aya,

Nə ayrı evim var bənzər saraya,

Ulu tanrım qoymaz betər bəlaya,

Açar dərgahından dər bizə sarı.


Göründü bir kişi dəsti şərablı,

Yeldən canamazlı, sudan mehrablı,

Əyni ağ ridalı, yaşıl niqablı

Uğradı bir əcəb ər bizə sarı.


Yoldaş olub ona yürdüm bir meydan,

Meydan içrə dolub oturmuş mərdan,

Bir eyvan üstündə mənə dörd yerdən

Dedilər: «Əlini ver bizə sarı».


«Hardasan?» deyərək əlim tutdular,

«Fəraqi!» deyərək nərə etdilər,

Bədənimi altmış parə etdilər,

Dedilər: «Mərd olsan, dur bizə sarı».


Məxdumqulu, beş gün işrət sürməyə,

Yer deyildir əylənməyə, gülməyə,

Qərarım yox oturmağa, durmağa,

Ağzın açıb durmuş yer bizə sarı.



SEYRAN İÇİNDƏ
Ey yaranlar, müsəlmanlar,

Bir gecə seyran içində,

Otuz iki kişi gördüm

Ol Şahi-mərdan içində.


Olara verdim salamı,

Sordular sağlıq kəlamı,

Şeyxü seyyid − Mövla Cami,

Ol yeddi sultan içində.


Sultan Veys Pəhlivani,

Həkim Ata Süleymani,

Xoca Yusif Həmədani

Ol şahi-Kənan içində.


Türküstan yiyəsi sərvər,

İmam Kazım, imam Cəfər,

Yəhya ilə Nuh peyğəmbər,

Bəyazid sultan içində.


Gözəl pirlər, gözəl yarlar,

Çəkdilər bu yolda zarlar,

İmam Rza şahi-pirlər,

Neçə gözəl can içində.


Məxdumqulu, sirrim çoxdur,

Mən neyləyim, açan yoxdur,

Ölmək haq, dirilmək haqdır,

Oxudum Quran içində.


DİVANA GƏLDİ
Bir gecə yatırdım, şah Nəqşibəndi −

Bəhaəddin adlı, divana gəldi.

Əsasını alıb düz Buxaradan,

Haq eşqinə məstü məstana gəldi.


Bir neçəsi yarü yaran durdular,

Məclislər uzandı, halqa qurdular.

Nərələr çəkdilər, səmah vurdular,

Sədalar düzüldü, can-cana gəldi.


Qovğa qopdu, rəhmət boyandı düzlər,

Saçıldı qan-yaşlar, açıldı gözlər,

Yığildı dərvişlər, töküldü feyzlər,

Guya dersən axır zamana gəldi.


Oxur olsa, elmi-lədun acıqlı,

Həm divanə, həm bəngi, həm içikli,

Əlində badəsi başdan keçikli,

Sinəmdə qoydular, bir şana gəldi.


Məxdumqulu deyər, Qurana uydum,

Qeybəti dışladım, haramı qoydum,

Qoruya bilmədim, sirrimi dedim,

Saxlaya bilmədim, zəbana gəldi.



BİR NAN GƏTİRDİ
Bir gecə yatırdım, şah Nəqşibəndi

Kərəmi coş edib, bir nan gətirdi,

Sağ əlində gülgün badə şərabı,

Sol əlində tazə büryan gətirdi.


Oyandım uyğudan, qaldım düşümdən,

Heyran qaldım divanənin işindən,

Badəsin nuş edib, getdim huşumdan,

Qəm didədən əşki-giryan gətirdi.


Can xüruşa gəldi yanıb-coşmadan,

Ürəyim mövç urdu dolub-daşmadan,

Bir işarət oldu, ona düşmədim,

Fəhm etmədim, canda ərman gətirdi.


Anlamadım, oldum eşqə xiridar,

Bilmədim, istədim dilbərdən didar,

Eşq dərdinə düşdüm, qaldım giriftar,

Kimsə bu dərd üçün dərman gətirdi.


Məxdumqulu, durdum təvaf etməyə,

Dil fərman vermədi cavab etməyə,

Eşq əhlinin halın xarab etməyə

Ağlın alıb, məsti-heyran gətirdi.



KÜLLAHLI GƏLDİ
Bir gecə yatırdım, bir əhval gördüm,

Bir bölük başları küllahlı gəldi.

Diksinib oyandım, yerimdən durdum,

Əlləri qızıldan əsalı gəldi.


Bir bölük ərənlər dövrəmi alıb,

Al-yaşıl geyinib, əsbabın salıb,

Tutdum birisini əlindən çəkib,

Ləbləri şəkərdən məzəli gəldi.


Bir pəri sallanıb, seyrə çıxıbdır,

Qəmzə ilə qələm qaşın çəkibdir,

Bu canımı eşq oduna yaxıbdır,

Başları qızıldan ciğalı gəldi.


Cəfalar çəkibdir yar diyarında,

Bağda bitən alma ilə narında,

Məxdumqulu, bir pərinin zarında

Hamısının dili sənalı gəldi.



GÖRDÜM
Şükür haqqa, biz də bu yola düşdük,

Keçirdim, bir neçə əyyamı gördüm.

Mərifətin dəryasına yetişdik,

Ariflər sürərlər, yüz gəmi gördüm.


Xıdır seyran edər qüdrət aləmin,

Musa oxur həqiqətin kəlamın,

Yeddi gün almamış tanrı salamın,

Qütbül-Əqtab adlı bədnamı gördüm.


Tazə taban olan ömrüm çırağı,

Qış-xəzanı dəysə, göyərməz bağı,

Göz edib qarşıda bir neçə saqi,

Hər biri oynadır yüz camı gördüm.


Ağladım, yıxıldım, tutdum əlini,

Dörd pişvazı ilə həzrət Əlini,

Səncər xan, Səlim şah, yeddi vəlini,

Bir Zöhrə, on iki imamı gördüm.


Süleymanı gördüm, yatır eyvanda,

Bir neçə qaiblər cəm olmuş onda,

Qülzüm dəryasında, dibsiz ümmanda

Əli, Hatəm salan ləcamı gördüm.


Qarun bu dünyanı aldı mal ilən,

İblis asi oldu, gəlməz yol ilən,

Səmənqan şəhrində batır Zal ilən,

Bir devlə cəng edən Rüstəmi gördüm.


Məxdumqulu, fərman oldu Allahdan,

Yerə enib gəldi ərşi-əladan,

Cəbrayıl gətirmiş ulu dərgahdan,

Məhəmmədə enən kəlamı gördüm.



KƏRƏM İSTƏRƏM
Əvvəl başda, qadir Allah,

Səndən bir kərəm istərəm.

Badam qabaq, alma yanaq,

Bir ziba sənəm istərəm.


Tanrı verməsə, nedəlim,

Baş alıb, hara gedəlim,

Oturub dursun ədalım,

Qaşları qələm istərəm.


Özünə hörmət gətirən,

Ərin xidmətin bitirən,

Qaş-qabaq çatmaz oturan,

Mənalı gülən istərəm.


İyirmi yaş ötdü məndən,

Həzz almadım, dünya, səndən,

Dili şirin, ləbi xəndan,

Qoynuna salan istərəm.


Qul Məxdum, gəldim cahana,

Bir yar vergil ağlı dana,

Düşdüm him bilməz nadana,

Bir qədrim bilən istərəm.



AYRILDIM
Bülbüləm, ahu zar çəkib,

Tazə gülzardan ayrıldım.

Gözdən qanlı yaşım töküb,

Sevdiyim yardan ayrıldım.


Yara yaraşar sürməcə,

Sifətin söylərəm onca,

Ağzı şəkər, ləbi qönçə,

Zülfü qaradan ayrıldım.


Şirin canda yoxdur taqət,

Cəbri onun cana rahət,

Qaşları fitneyi-afət,

Çeşmi-xunxardan ayrıldım.


Ayrıldım qönçə-gülümdən,

Siyah saçı sünbülümdən,

Xoş avazlı bülbülümdən,

Şirin göftardan ayrıldım.


Dəli könlüm arzumanı,

Külli gözəllərin xanı,

Səkkiz cənnətin bostanı,

Bağçalı vardan ayrıldım.


Elləri var toy-düyünlü,

Soyuq sulu, göy çəmənli,

Eli – göylən, adı – Mənli,

Nazlı dildardan ayrıldım.


Məxdumqulu, aşiq məstan,

Bağladım şanına dastan,

Mənzilgahi bağü bostan,

Almalı nardan ayrıldım.



AYIRAN
Şeyxim, sənə düşmandır,

Yarı yardan ayıran.

Sonu sənə peşmandır,

Yarı yardan ayıran.


Atan bağrı daş olsun,

Anan gözü yaş olsun,

Min bəlaya tuş olsun

Yarı yardan ayıran.


Sevgili oğlu ölsün,

Gözünün yaşın silsin,

Məcnun qarğışı alsın

Yarı yardan ayıran.


Məni yandıran yansın,

Yanan çırağı sönsün,

Əhli, övladı ölsün,

Yarı yardan ayıran.


Ölməsin, həm gülməsin,

Bağrı yerdən qalmasın,

Bir züryəti qalmasın

Yarı yardan ayıran.


Məxdumqulu der, gördüm,

Haq işinə can verdim,

Yaradana tapşırdım,

Yarı yardan ayıran.



GÖZƏLSƏN
Gün xəncəri göydən yerə enəndə,

Günə qarşı qardaş ayı, gözəlsən.

Usta Cəfər işi, sincab cübbəsi,

İsfahanda qurulan yayı, gözəlsən.


Saçbağın ucunun simdir eşməsi,

Üstündən yol düşsə, zordur aşması,

Ağzın abi-həyat, zəmzəm çeşməsi,

Eynəl-baqi suyun layı, gözəlsən.


Qızıl desəm qızıl, al desəm alsan,

Hindistanda şəkər, Bulğarda balsan,

Eşq ilən açılan bir tazə gülsən,

Yusif–Züleyxanın tayı, gözəlsən.


Hər kim güclü olsa, ona «pir» derlər,

«Dərdli qulun dərmanını ver» derlər,

«Qovunun yaxşısın çaqqal yer» derlər,

İqballı bəndənin payı, gözəlsən.


Şöhrətin Çin-Maçin, dağlar aşası,

Səni görənlərin ağlı çaşası,

Hindistanın rəngli qızıl şişəsi,

Ətirli çilimin nayı, gözəlsən.


Məxdumqulu xəlqdən sirrin qızləsə,

Verin cəzasını yalan sözləsə,

Əvvəldə, axırda yiyəm gözləsə,

Qərib biçarənin payı, gözəlsən.



GÖZÜM DÜŞDÜ
Şükür, əlhəmdülillah!

Canana gözüm düşdü,

Meyxanada mey içdim,

Məstana gözüm düşdü.


Ey zülfü, saçı ənbər,

Mehrab ki üzün minbər,

Ey ləli-ləbi gövhər –

Ümmana gözüm düşdü.


Ey gözləri həramı,

Gəl seyr eylə yaramı,

Ey könlümün aramı –

İmana gözüm düşdü.


Ey cadu ceyran gözlü,

Ey şəhdi-şəkər sözlü,

Ey şəms-qəmər üzlü –

Tabana gözüm düşdü.


Arzuda gəzər ellər,

Xidmətə gələr qullar,

Tazə açılan güllər –

Bostana gözüm düşdü.


Hər saçları bir sünbül,

Guya ki mənəm bülbül,

Ey cənnət içində gül,

Rizvana gözüm düşdü.


Bu dərdimə sən dərman,

Odunda olam nalan,

Məxdumqulu der, ey can,

Canana gözüm düşdü.



DİILƏYİM
Dərdli dilbər, dilləşərsən, gəl bəri,

Dulluqdur mənim də dərdim, diləyim.

Soraqlaram mən də sən tək bir yarı,

Səni soruşmaqda yoxdur yalanım.


Əgər gənəş salsam tanış-bilişə,

Deyərlər: «Şirin bal yağa garışa»,

Hər səhər əfv üçün çıxsam nalışa,

Əvvəl yarım olar yada salanım.


Qiymətdə bənzərsən dürə, zərə sən,

Tanımaza düşüb, dəymə yerə sən,

Qadir qismət etsə, mənə varasan,

Sənin kimin yardır mənim ölənim.


Hər dilbər ki könlüm öyün yarıdar,

Yatan bəxtim ol yaradan oyadar,

Qarğışım daşları mum tək əridər,

Pür-budaq eyləyər alqış qılanım.


Gözəl görkün göydə gündən kəc deyil,

Gözəl yarın olsa, ömrün puç deyil,

Məxdumqulu, nə baş versə, gec deyil,

Olsa mehribanım, nəzər salanım.



YAR, SƏNDƏN
Bülbülləri yesir edən gül-xəndan,

Görən, xəbər tutarammı, yar, səndən.

Yeddi iqlim mənə görünər zindan,

Görən, xəbər tutarammı, yar, səndən.


İsfəndiyar gözü Rüstəm Zalında,

Şam, Nəcəfdə, Məkkə, Dəməşq elində,

Ərzi-Qarsda, Kərbəlanın çölündə,

Görən, xəbər tutarammı, yar, səndən.


Şərab içib, sərxoş olub, səyrəsəm,

Qanım-canın qıyım-qıyım doğrasam,

Koroğlu tək dağdan-dağa uğrasam,

Görən, xəbər tutarammı, yar, səndən.


Bir gül qoxar gözəl yarın bağında,

Bülbül hücum eylər solü sağında,

Beytullanın Səfa, Mərvə dağında,

Görən, xəbər tutarammı, yar, səndən.


Şeyx Sənan tək eşq oduna qalansam,

Şibli kimin toz-toprağa bulansam,

Kəbə varıb, yeddi kərə dolansam,

Görən, xəbər tutarammı, yar, səndən.


Yusif kimi zindan içrə ağlasam,

Cərcis kimi can yolunda çağlasam,

Yunus kimi haqqa qulluq bağlasam,

Görən, xəbər tutarammı, yar, səndən.


Dua qılıb, əlim göyə qaldırsam,

Gülfərxar tək qızıl üzüm soldursam,

Qopuz alıb, böyük nərə çaldırsam,

Görən, xəbər tutarammı yar, səndən.


İsa kimi xəlvət tutsam səmada,

Idris kimi qulluq etsəm ziyada,


Xıdır İlyas kimi girsəm zülmətə,

Görən, xəbər tutarammı, yar, səndən.


Məxdumqulu, aşiqlərın məstində,

Nərgiz gözü heyran edər dəstində,

Yeddi yerdə, doqquz fələk üstündə,

Görən, xəbər tutarammı, yar, səndən.



UTANMAQ
Aşiqi-əzələm, sonam, mən sənə,

Nə ədəb-ərkan var, eldən utanmaq,

İltifat etmədin hərgiz sən mənə,

Eyləməz bu işi bir qara qalpaq.


Mənim tək eşqində çoxlar sən yarın,

Gündüz giriftarın, gecələr zarın.

Ömrüm paymalındır canım nisarın,

Olsaydı vəslinə bir çarə qılmaq.


Əgər bir heç olsam, sənə gələrəm,

Bir ələngə olsam, qana gələrəm,

Mürdə yüz sal olsam, cana gələrəm,

Olsaydı bəzm içrə bir yada salmaq.


Ahım şərərindən ün salıb odlar,

Vardılar dərgaha eyləyib dadlar,

Əridi, yox oldu cümlə cəmatlar,

Öndən-sona varmı heç böylə olmaq.


Bəndənəm, gər desən: «Nan verən alsın».

Müdam möhtacınam, kan verən alsın.

Gər zövqi-vüsalın can verən alsın,

Yaraşar Firaqa can verib almaq.



HƏR YANA
Yarsızlıqdan yaman iş yox,

Göz salıb gəzsəm hər yana,

Ya yaradan, bir yar vergil,

Çox məşəqqət dəydi cana.


Bir yar ver ki ətli-qanlı,

Könlü gen, köksü meydanlı,

Dil bilən, ağıl-kamallı,

Üzü həm olsun görkana.


Qədir biləndən dış etmə,

Naqədirə yoldaş etmə,

Dil bilməz bəla tuş etmə,

Sadə dil olsun – türkanə.


Kərəmin güclüdür, görgil,

Dersən: «Dua qıl, əl gərgil»,

Nə versən, teziraq vergil,

İxtiyar yoxdur bu cana.


Boyu uzun, pəs olmasın,

Xətdən aşa məs olmasın,

Ağılsız, nakəs olmasın,

Sadədən olsun – türkanə.


Yaxşı əyal ələ gəlməz,

Nadan yaxşı qədrin bilməz,

Əyalsıza müdar olmaz,

Dönsən hökmi-Süleymana.


Dərvişlərə yolsuzluğu,

İgidlərə malsızlığı,

İlahi, əyalsızlığı

Görkəzmə heç müsəlmana.


Məxdumqulu, yansam, bişsəm,

İnanmazlar oda düşsəm,

Həvəsim var, bir qız qucsam,

Desəm sözümü ərkana.



DİLBƏRİN
Könül şəhrinə od saldı,

Vah, neylək, narı dilbərin.

Ətrafımı duman aldı,

Gələndir qəhri dilbərin.


Adam nəsli deyil məgər,

Huri-qulman başın əyər,

Xəndan eylər, bizə dəyər,

Qorxuram, marı dilbərin.


Gövhər, yaqut yar boynunda,

Fələk lərzandır oynunda,

Yetişıbdir yar qoynunda,

Pünhandır narı dilbərin.


Odur aşiqlər atəşi,

Əriyib Məcnunun yaşı,

Kənizidir, həm sirdaşı −

Behiştdə huri dilbərin.


Yandı qoca ürək, yaran,

Xiridarı sən biçarən,

Məxdumqulu − bəxti qaran

Namusu, arı dilbərin.



QARA GÖZLƏRİN
Səbəb oldu yanan cana,

Cəlladdır qara gözlərin.

Yetirməz nurbat-amana,

Cəlladdır qara gözlərin.


Pərim, yalnız-tənha yürmə,

Yaman əhlin üzün görmə,

Siyah qaşa çəkib sürmə,

Afətdir qara gözlərin.


Cəllad gözlər, aman-aman,

Dünya üzün qıldın duman,

Eşq əhlini edin bican,

Rahətdir qara gözlərin.


Məxdumqulu, yar ərmanı,

Ağladar bəşər-qılmanı,

Müsəlmanın din-imanı,

Ümmətdir qara gözlərin.


NEYLƏR YARIM, YA ALLAH
Can coşğuna gəldi, yandım, yarıldım,

Bağışlasan neylər yarım, ya Allah.

Hesabsız sevişdim, evsiz ayrıldım,

Bağışlasan neylər yarım, ya Allah.

Sözləşərdim, sirləşərdim yar ilə,

Ürəyində yar xəyalı var ilə,

İndi lakin ayırdılar zor ilə,

Bağışlasan neylər yarım, ya Allah.


Könül xoşdur yada salıb gəzəndə,

Yadıma salmanda, eşqim qızanda,

Məni qəmdə qoymaz özü fərmanda,

Bağışlasan neylər yarım, ya Allah.


İxlas ilə yar məni der, mən yarı,

Tutuşdu ciyəri, getdi qərarı,

Ol orda ah çəkər, mən burda zarı,

Bağışlasan neylər yarım, ya Allah.


Vardı pünhan-pünhan şirin sözümüz,

Olan işə heyran qaldıq özümüz,

Bir-birə baxmaqdan doymaz gözümüz,

Bağışlasan neylər yarım, ya Allah.


Əlim sənə yetməz ərzim etməyə,

İşimin rəvacı yoxdur bitməyə,

Dilbər dərdi qoymaz məni yatmağa,

Bağışlasan neylər yarım, ya Allah.


Məxdumqulu, dünya köhnə cahandır,

Sevişməklik bu dəsturi-zamandır,

Suçum çox olsa həm, kərəmin kandır,

Bağışlasan neylər yarım, ya Allah.



NARI DİLBƏRİN
Gözüm düşdü seyranımda, qardaşlar,

Kükrəyir damu tək narı dilbərin,

Qıyılmış kaman tək üzündə qaşlar

Görüb-görməyənlər zarı dilbərin.


Ol adəm oğlunun deyil balası,

Qulağı eşitməz aşiq naləsi,

Camalın bir görən heyran qalası,

Hey axır üzündən nuru dilbərin.


Şöləsində günəş təkdir camalı,

Hamıdan üstündür vəsfi-kamalı,

Münəqqəş sifətli zati-camalı -

Misalıdır cənnət-huri dilbərin.


Xoş məclislər qurub gözəl dost ilə,

Yar mənə mey verdi, getdim süst ilə,

Həmlə qıldı mənə yüz min qəsd ilə,

Çaldı məni ilan-marı dilbərin.


Yanında qıldılar söhbəti, sazı,

Çağırın, dinləyin şol dilnəvazı,

«Asi qulum!» deyib gələr avazı

Pərdə ilə bizə sarı dilbərin.


Ol dəm rüxsət verdi, girdim bağına,

Ordan da üz tutdum hicran dağına,

Yel dəyər, dağılar gül yanağına

Ol qara zülfünün tarı dilbərin.


İsrafil sur çalsa yalan cahana,

Can baxmaz yaxşıya, nə də yamana,

Bir saatda qopar axır zamana,

Əgər gələr olsa qəhri dilbərin.


Ürəyimdə yanan hicran közüdür,

Ərkimə qoymayan yarın suzudur,


Qardaşı, qardaşı − yalnız özüdür,

Heç yoxdur rəqibı, yarı dilbərin.


Hər kim onu sevsə, diridir, ölməz,

Cahana özündən qeyri heç gəlməz.

Yeməsi, içməsi, qərarı olmaz

Mənzili, məkanı, darı dilbərin.


Aşiqlər yaş tökər çeşmindən giryan,

Görüncə çərx vurar, dövr edər hər yan,

Məxdumqulu, canım yolunda qurban,

Diləsə canımı, veri dilbərin.



GÖYDƏN ENMƏZ, YARANLAR
Könül pərvaz edib qalxdı yerindən,

Havalanmış, göydən enməz, yaranlar,

Bir xəyala düşmüş, çıxmaz sərindən,

Bu xəyaldan geri dönməz, yaranlar.


Nuş edibdir məhəbbətin qəndindən,

Öyüd almaz zahidlərin pəndindən,

Durdu məkanından, çıxdı bəndindən,

Dolanıb, yerunə qonmaz, yaranlar.


Eşq işini ağıl edən, huş edən,

Ayılarmı eşqə düşüb, coş edən,

Yar əlindən badə alıb nuş edən,

Badə-badə içər, qanmaz, yaranlar.


Bir xətt vardır ol Fatmanın saçında,

Oxudarlar məhşər xəlqin seçəndə,

Bir od vardır aşiqlərin içində,

Bu odlar tək, bəlli, yanmaz, yaranlar.


Məxdumqulu, eşq özündən bad eylər,

Eşq işidir, aşnaları yad eylər,

Tüstüsüz yandırar, yelsiz od eylər,

Bir zəbanə çəksə, sönməz, yaranlar.



DÖNDÜ
Üzü mahi-tabanım,

Gün kimi ayə döndü,

Çərx oldu nərdivanım,

Göy payə-payə döndü.


Bir gün aşiq şövq oldu,

Qəm-qüssəsi yox oldu,

Hər kirpiyin ox oldu,

Qaşların yayə döndü.


Aşığı saldın oda,

Qoydun getdin burada,

Günorta verdin vədə,

Vaxt keçdi, sayə döndü.


Can qalmadı bədəndə,

Yanaram ah edəndə,

Gözüm gəlib-gedəndə,

Hər günüm ayə döndü.


Min sevdam var, bir başım,

Qoydum elim, qardaşım,

Ağlamaqdan göz yaşım

Coşğun bir çayə döndü.


Yarın könlü çağ oldu,

Aşiqlər dustağ oldu,

Dalda yerim dağ oldu,

Düz yerim qaya döndü.


İstərəm gündə-gündə,

Ağlaram tündə-tündə,

Hər zülfünə bir bəndə,

Hu saya-saya döndü.


Dal-budaqlar əyildi,

Köçdü bülbül, dağıldı,


Axar sular soğuldu,

Çöl yerlər çayə döndü.


Dərman olmaz əlaca,

Zad verməzlər möhtaca,

Baylar döndü qəllaca,

Fəqirlər baya döndü.


Məxdumqulu, gəzəndə,

Hələb, Qeysər düzündə,

Gözəl yarın izində

Ömrümüz zayə döndü.



GÜLƏ BƏNZƏR
Ey yaranlar, yaxşı yarın,

Qoynu cənnət, gülə bənzər,

Sözləsə, dürlər saçılar,

Dilləri bülbülə bənzər.


Eşq odu yandırdı bizi,

Sormasınlar məndən sözü,

Yarın gözəl qızıl üzü

Sanki aya-günə bənzər.


Nələr çəkdim dərdi-fəraq,

Yetər desəm, yolum iraq,

Qələm qaşlı, badam qabaq,

Saçları sünbülə bənzər.


Yanan yox dünyada bunca,

Didar görmək yox doyunca,

Dişləri dür, ağzı qönçə,

Beli incə qıla bənzər.


Gözü nərgiz, boyu şümşad,

Kirpikləri misli polad,

Pəri-peykər sərvi-azad,

Dəstə-dəstə gülə bənzər.


Köksündə var qoşa narı,

Ağ üzündə cürə xalı,

Ləblərindən axan balı,

Şəhd ilə şəkərə bənzər.


Məxdumqulu yollar yorub,

Tapammadı yarı sorub,

Döşəyini yola qurub,

Yol tapmayan kora bənzər.



BAŞDAN, DOĞRUSU
Eşit, pərim, aşiq oldum,

Mən ilkin başdan, doğrusu.

Bir görməyə, mail oldum,

Göz ilən qaşdan, doğrusu.


Könlümün xoşgahı sənsən,

Külli aləm şahı sənsən,

Yeddi fələk mahı sənsən,

Sel rəvan yaşdan, doğrusu.


Üzün Züleyxanın görkü,

Fırlanar fələyin çərxi,

Bilinməz adamın fərqi,

Sin ilə daşdan, doğrusu.


Qız alınar kalım ilən,

Adam solar zülüm ilən,

Nəsib edər, ölüm ilən

Dinər təşvişdən, doğrusu.


Dillər yaxşı-yaman saçar,

Hər kişidən dövran keçər,

Namərd igid eybin açar,

Sızdırıb dişdən, doğrusu.


Gündüzlər gün, gecə məhtab,

Dərya ləbi oldur Lübab,

İçər olsa hər kəs şərab,

Qalarmış huşdan, doğrusu.


Qalmaqaldan bəla gələr,

Yaxşı-yaman varı bilər,

Biri ağlar, biri gülər,

Gün çıxar qaşdan, doğrusu.


Qaplan gurlar çay içində,

Qurd yeriyər lay içində,


Qərib olsa bay içində,

Ağarar saçdan, doğrusu.


Gər, Fəraqi, həmrah olsan,

Naçar qalan könül alsan,

Yaxşı ilə deyib-gülsən,

Ayırmaz huşdan, doğrusu.



ÜZÜNDƏN
Ay kimi ruyini gördüm,

Nur saçılar, yar, üzündən.

Bir Məcnunam, dəli oldum,

Nəvayi-cində sazından.


Gəl, sən mənə dövran eylə,

Rəqib könlün viran eylə,

Mənim ilə seyran eylə,

Növbaharda dan üzündən.


Bu işrətli çağ içində,

Boz qoç kimi dağ içində,

Bir bülbülsən bağ içində,

Söz açmaram avazından.


Sən, Fəraqi, bil, qul oldun,

Qulluğunu yeni bildin,

Axırında payın aldın,

Nəsibənin qaş-gözündən.


SİZƏ
Bağ içində bitən güllər,

Qutlu olsun yazlar sizə.

Şəhdi-şəkər, şirin dillər,

Qutlu olsun sözlər sizə.


Yar qaməti lam nişana,

Sünbülləri zərəfşana,

Görkəzmədin yar yaşına,

Ağlar baxar gözlər sizə1.



Eşqİn kİtabın açalıM
Səhər vaxtı, gəlin, dostlar,

Eşqin kitabın açalım.

Hər hürufda neçə söz var,

Ona bir hesab kəsəlim.

Bu dünyada neçə dağ var,

Neçə bostan, neçə bağ var,

Neçə ölü, neçə sağ var,

Ona layiq don biçəlim.


Ulusunu bilməyəndən,

Pirə xidmət qılmayandan,

Sözdən məna almayandan,

Təndə can varkən qaçalım.


Aşiq Fəraq deyər ərzin,

Ruzə, namaz deyən fərzin,

Boynumuzda işbu kərzin,

Can sağkən verib keçəlim.


GÖRDÜNMÜ?
Şəfəq salar gedər zülmət tünündə,

Mənim sahibcamalımnı gördünmü?

Bahar əyyamında, heyhat günündə,

Mənim sahibcamalımı gördünmü?


Ənqa sifət, «haq!» deyibən uçan quş,

Gecələr diridir, gündüzlər bihuş,

Ridalı, cindəli, əyni xirqə puş,

Mənim sahibcamalımı gördünmü?


Qan edibdir fələk bağrım fəraqda,

Əlmüdam gəzərəm, dilim soraqda,

Kəbə ətrafında, Şamda, İraqda

Mənim sahibcamalımı gördünmü?


Hərəmdə, qıpçaqda, Çində-Maçində,

Asmanın üstündə, ərşin içində,

İqlim çevrəsində, fələk bürcündə

Mənim sahibcamalımı gördünmü?


Aşiqlər ahında, Qülzüm dövründə,

Qübbətül-islamda, Ceyhun bəhrində,

Sidrə səhrasında, İsa şəhrində

Mənim sahibcamalımı gördünmü?


Həzrət Əli etcək aləmə davı,

Qafdan Qafa düşdü həzrətin çavı,

Ya iqlim yiyəsi Əhməd Yəsəvi,

Mənim sahibcamalımı gördünmü?


Məskən tutmuş qara dağın burnunda,

Əlinin mülkündə, İsa yerində,

Yerin arxasında, göyün qarnında

Mənim sahibcamalımı gördünmü?


Məxdumqulu çəkər yarın qəmini,

Gəzıb tapa bilməz ruyi-zəmini,

Ya adı Cəbrayıl – haqqın əmini,

Mənim sahibcamalımı gördünmü?



SATAŞDIM
Səhər vaxtı seyran edib gəzərkən,

Əcəb mənzil, əcəb caya sataşdım,

Uğrum bilməz, yoldan-yola azarkən

Xub məkana, xub saraya sataşdım.


Ustasız işlənən, kirişsiz qatılan,

Qiymətsız satılan, əlsiz tutulan,

Əl dəyməz çəkilən, oxsuz atılan,

Çilləsiz qurulan yaya sataşdım.


Neçə dostlar ilən seyranda ikən,

Xətərdən sovuşdum, karvanda ikən,

Candan ümid üzüb, heyranda ikən,

Ulduzdan yol umdum, aya sataşdım.


Könlüm getdi dostlar içən şərbətdə,

Onlar yüz səfada, mən min həsrətdə,

Ayrılıb nalədə, qaldım qürbətdə,

Çeşmədən su içib, çaya sataşdım.


Nə təndə qüvvət var, nə içdə can var,

Bu işdə nə xeyir, nə də ziyan var,

Nə hesab, nə hasib, nə bəlli san var,

Kişi bilməz, nə sevdaya sataşdım.


Başa bağlar divanəlik kəməndin,

Səyridib yetişdim eşqə səməndim,

Al şəraba əl uzatdım, eyməndim,

Durusun içmişlər, laya sataşdım.


Məxdumqulu derlər mənim adımı,

Aləm əl qızdırar görsə odumu,

Ey yaranlar, kimə deyim dadımı,

Başım çıxmaz nə sevdaya sataşdım.



HİNDİSTANDA XƏYALIM
Haqq uğrunda qurbandır,

Canım, dövlətim, malım.

Könül yola rəvandır,

Hindistanda xəyalım.


Ağlar gözüm yaş etdim,

Könül içrə nəxş etdim,

El-günümə bəxş etdim

Zəban içində balım.

Durdum adam sanında,

Qaramatın yanında,

Bir qardaşsız, fanidə

Necə olar əhvalım.


Ol peykəri harayım,

Bəxş qıldım sarayım,

Puş eylədim, gör, ruyim,

Götürüb mən dəsmalım.


Yürdüm cəbr köyündə,

Yandım eşqin öyündə,

Qaldı zəmin teyində

Daim verilən felim.


Canım atəşə saldım,

Nar içində mən qaldım,

Eşqdən yaralı oldum,

Loğman sorammaz halım.


El üzünə gülmüşəm,

Güldüyümü bilmişəm,

Yar önünə gəlmişəm,

Nədir mənim dəlilim.


Fani-cahan içində,

Peykan kaman içində,


Məcnun ümman içində

Qərq olmuş köhnə salım.


Bir pəriyə xiridar,

Bu canım ona nisar,

Dedim yara: «Ərzim var»

Unutmuşam sualım.


Mənli cana od salar,

Odu cismimdə qalar,

Məxdumqulu, utanar,

Mənim sahibcamalım.



NEYLƏYİM, BİÇARƏYƏM
Neyləyim mən, bu fələyin zülmü bilən qalmışam,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.

Badi-saba ərdi gəldi, urdu, canım, ölmüşəm,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.


Mənli xanım alıb getdi cismim içrə canımı,

Sormadan iqbalı fələk yapdı hicran donumu,

Bir nakəsə bəxş eyləmiş fələk Mənli xanımı,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.


Dana olmaz kəsər huşum başdaşımdan ayrılıb,

Ağlım çaşdı-sərim boşdur, gör, huşumdan ayrılıb,

Yalnız qalıb, qan ağlaram, qardaşımdan ayrılıb,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.


Nəsimini dabanından soydular da, qoydular,

Məni aləm rüsva qılıb, iki gözüm oydular,

Eldə-gündə yoxdur üzüm, pünhanımı aydılar,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.


Məxdumqulu, yeddi iqlim zar ilə qan ağlayıb,

Özün qafil eyləyibsən daim pünhan ağlayıb,

Tərk eylədi mali-mülkün gəlib hicran ağlayıb,

Dəydi sərə, getdi huşum, neyləyim, biçarəyəm.



BİÇARƏYƏM
Vətənimdə xan idim,

Xanlara fərman idim,

Dərdlərə dərman idim,

Miskinə dükan idim,

Cansıza mən can idim,

Neylək, indi biçarəyəm.


Gözsüzlərin gözü idim,

Lalların mən sözü idim,

El-günümün üzü idim;

Sevən məşuq nazı idim,

Hatəm Tayın özü idim,

Neylək, indi füqərayam.


İrəm içrə reyhan idim,

Vətəndə zərəfşan idim,

Mərd igidə köhlən idim,

Dağ başında duman idim,

Fəraqi der, aman idim,

İndi viran bir sarayam.



BƏXTİM QARADIR
Bu nə bəla, bu nə həsrət, nə qovğa.

Rəhm edən olmadı, bəxtim qaradır.

Nalə etsəm, ərzim yetməz xudaya,

Rəhm edən olmadı, bəxtim qaradır.


Fələk dost olubdur alagöz ilə,

Dərdimi dinləməz, desəm söz ilə,

Elimi uğratdı dağla, düz ilə,

Rəhm edən olmadı, bəxtim qaradır.


Koroğlu tək qeyrətimdən ayrıldım,

Qocalmışam, qüvvətimdən ayrıldım,

İki didəm − züryətimdən ayrıldım,

Rəhm edən olmadı, bəxtim qaradır.


Şamü səhər yata bilməm farağat,

Ürəyim çırpınar, könül bitaqət,

Kəbəm, qibləm, qardaş oldular vəfat,

Rəhm edən olmadı bəxtim qaradır.


Fələyə düşən ov qaçıb qurtulmaz,

Adəm oğlu çəkən oxu atılmaz,

Tənha ərin ömür adı tutulmaz,

Rəhm edən olmadı, bəxtim qaradır.


Tayım-tuşum hər bir kara bulaşdı,

Dostlar iraq düşdü, hicran dolaşdı,

İxlasım, muradım qəmə ulaşdı,

Rəhm edən olmadı, bəxtim qaradır.


Başıma şum fələk hər gün sürünər,

Yalnız qalan göydə kimə güvənər,

Yamanlar gözümə əziz görünər,

Rəhm edən olmadı, bəxtim qaradır.


Sarvanım yol azdı, dağıldı malım,

İqbalım gec durdu, getdi xəyalım,


Altmışa əzm etdi çoxalan salım,

Rəhm edən olmadı, bəxtim qaradır.


Bu dünya çoxuna bibəyan oldu,

Qərib əlin açdı, quru san oldu,

Namərdlər mərd oldu, elə xan oldu,

Rəhm edən olmadı, bəxtim qaradır.


Ah, neylək, tez ötdü igidlik çağım,

Ağacım qurudu, boş qaldı bağım,

Dumanı sovuldu, əridi dağım,

Rəhm edən olmadı, bəxtim qaradır.


Məxdumqulu, yox huşum, yox qərarım,

Boş qaldı dükanım, dağıldı varım,

Ayaqlara düşdü namusum-arım,

Rəhm edən olmadı, bəxtim qaradır.



ƏCƏB ƏYYAM GƏLMƏDİ
Nadan mənəm, düşdüm fələk toruna,

Çox gözlədim, əcəb əyyam gəlmədi.

Dözəmmirəm indi hicran zoruna,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Qırxa qədəm qoydum, badəm dolmuşdır,

Ondan əfğan çəkib, könlüm qalmışdır,

Niyyət mənə yaman həmrah olmuşdır,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Gəldi qara bəla, eli doladı,

Dəhan açıb, dili ilə yaladı,

Bir it imiş, kimi gördü daladı,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Qəribdə bəxt yoxdur, mərəkə görməz,

Haq sevsə də, iqbalına mal verməz,

At minib çapsa da, cidarlı, getməz,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Niyyəti yamandır, xəsis mal yığar,

Yeyə bilməz, hər dəm iştahın boğar,

Malı haram olar, başından yağar,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Haqq sözümə deyər mollalar qələt,

Yalan sözə verər oldular xələt,

And içdilər, əritdilər, bax, polad,

Çox gözlədim, əcəb əyyam gəlmədi.


Məxdumqulu, dili odlu, od saçar,

Üz görməz, nakəsin eybini açar,

Allah qanad versə, Hindistan uçar,

Çox gözlədim, əcəb əyyam gəlmədi.



ÖTGİL, FƏRAQİ
Əlinə yığıbsan dünya zinətin,

Elinə bəxş edib ötgil, Fəraqi.

Pünhan qılma yaxşı-yaman, sərvətin,

Elinə bəxş edib ötgil, Fəraqi.


Qeyri el zar olub ətrafdan baxsın,

Ceyhun bəhri coşub, Gürgənə axsın,

Sənin gözəl elin qəflətdən çıxsın,

Elinə bəxş edib ötgil, Fəraqi.


Neylərsən, çox namərd xəta eylədi,

Mürüvvət qıldılar, səda eylədi,

Cəm olub, ərənlər fatə eylədi,

Elinə bəxş edib ötgil, Fəraqi.


Ümidvar olma sən xəsis malına,

Vabəstə eyləgil mərdin yoluna,

Cəza vermə, tutmaz, namərd qoluna,

Elinə bəxş edib ötgil, Fəraqi.


Əşk töküb didədən, qılmagil ərman,

Tərk edib vətəni olmagil rəvan,

Mey içib, bəzm edib, qıl canın qurban,

Elinə bəxş edib ötgil, Fəraqi.


De varın, olarsan göftari-süxən,

Lütf eylə elinə, qılmagil pünhan,

Dediyin dür olsun, əcəb cavidan,

Elinə bəxş edib ötgil, Fəraqi.


Sübhü şam könlünü eyləgil xəndan,

Türki, bulğar, parsı olsunlar heyran,

Gül bitirən hər dəm sərvi-xuraman,

Elinə bəxş edib ötgil, Fəraqi.


Ədna olma bir iş gəlsə başına,

Əncümən eyləgil eli dışına,


Dilxah istə, firdövs gələr qaşına,

Elinə bəxş edib ötgil, Fəraqi.


Dilin olsun daim izhari-göftar,

Sərəfrazsan, olmaz sərində azar,

Vəz-züha eyləyib, vurarsan bazar,

Elinə bəxş edib ötgil, Fəraqi.


Mərhəba, alnında «zəyyən əs-səma»,

Firavan elinə kövsəri-aba,

Gözəl dastan vergil elə mərhaba,

Elinə bəxş edib ötgil, Fəraqi.


Alimsənsə miskinləri unutma,

Əfzəl deyib, namərdlərə baş qatma,

Ərk istəyib, əcəb dastanın satma,

Elinə bəxş edib ötgil, Fəraqi.


Elə yağma gəlsə, çıx sən döyüşə,

Koroğlu tək qoru yurdu həmişə,

Bundan qeyri füzun qılma bir işə,

Elinə bəxş edib ötgil, Fəraqi.


Elini eyləgil cahan sərfəraz,

Qolunda olsun qoy daim bəhri-baz,

Qıldığın çox işlər hamısı bəyaz,

Elinə bəxş edib ötgil, Fəraqi.


Bostanın bitirən İrəm nihalı,

Mahi-taban ruyi cənnət misalı,

Siyah zülf «vəl-leyli» qaşı hilalı,

Elinə bəxş edib ötgil, Fəraqi.


Məxdumqulu, indi qoca qalıbsan,

Yaxşılara hər dəm həmra olubsan,

Zəbərdəst ərlərdən fatə alıbsan,

Elinə bəxş edib ötgil, Fəraqi.



QILDI
Ey, a dostlar, fələk cəbri

Başımı mübtəla qıldı.

Ayırdı əziz balamdan,

Ürəyimi yara qıldı.


Ötdü xoşbəxt-xürrəm vəxtim,

Pozuldu qızıldan təxtim,

Yeni bitən bir dərəxtim

Xəzan badı fəna qıldı.


Şum əcələ olmaz çara,

Cəbrindən gəlmişəm zara,

Ürəyimə saldı yara,

Qərib cismim əda qıldı.


İndi bir dəm qərarım yox,

Bu mənzildə durarım yox,

Bu sözdən heç xəbərim yox,

Xəbərsiz binəva qıldı.


Yanıb pərvanə tək hər dəm,

Ürəyimə dolur yüz qəm,

Qəddim xəm, gözlərim pürnəm,

Bu canıma cəfa qıldı.


Qəmindən odlanıb suzan,

Çəkərəm naleyü əfğan,

Fərağında gözüm giryan,

Mən neyləyim, gəda qıldı.


Məxdumqulu çəkər fəryad,

Mənim əhvalıma heyhat!

Fələyin əlindən min dad,

Mənim bəxtim qara qıldı.



GƏLDİ
Bayram gəlin, Xanmənli qız, Canəsən,

Bu dərdlərin2 bəs hansına yanasan,

Çərxi-fələk, hər gün çəpə dönəsən,

Qəlbimın dünyasi virana gəldi.


Üçünün iqbalın batırdın laya,

Ömrümü qəm ilən ötürdün zaya,

Şamü səhər mən əl açdım xudaya,

Asman ahım görüb, giryana gəldi.


Məxdumqulu, əlif belim buruldu,

Damarım dartıldı, qanım duruldu,

Ölüm zərbi üç tərəfdən vuruldu,

Ağılım dağılıb, heyrana gəldi.




İLƏN
Ömrüm ey, gül ömrüm ey,

Solubdur fəğan ilən.

Düşüb atəş üstünə,

Yanıbdır tən can ilən.


Ömrüm, ey qara gözüm,

Kimə dərkardır sözüm,

Göylən içrə bir özüm,

Qalmışam ərman ilən.


Ömrüm, gülşən baharım,

Düşməz əcəb nəzərim,

Məxdumqulu, azarım

Getdi tənü can ilən.




OLDU
Könül verdim bir bivəfa məhbuba,

Çıxdı eldən, dağı cana dərd oldu.

Aşiq der: «Baxmanam indi ol xuba»,

Yol üstündə düşdü, gözüm dörd oldu.


Mənlik ilən etdim işimi zaya,

İqbal eşşəyini batırdım laya,

Ya bir mərdə söykən, ya da xudaya,

Bəndə işi baş tutmadı, ard oldu.


Şikarım tur olub qaçdı səyyaddan,

Gövdə qəmdən doldu, ürək də oddan,

Qorxuram, yar bizi çıxara yaddan,

Ayrı yerdə məskən tutdu, yurd oldu.


Sonam əl vermədi, saldım bazımı,

Laçın qovdu, qarğa aldı qazımı,

Bunca fağırlığa vurdum özümü,

Tülkülənib gəzdim, adım qurd oldu.


Məxdumqulu, ürəyimdə dərd törər,

Kim görübdür, köy itindən qurd törər,

Ey yaranlar, mərd igiddən mərd törər,

Haçan durdu namərd oğlu mərd oldu.



ÇİLİMKEŞ
Haq səni rayinə qoymuş cahanda,

Nə bacarsan elə bunda, çilimkeş.

Divan qurulanda, hesab verəndə,

Cavabın nə olar onda, çilimkeş.


Qüvvətin azaldar, gücün üzdürər,

Keyfin kəllə gəlsə, ağlın azdırar,

Sümüyün sızdırar, ətin qızdırar,

Bir nişana budur səndə, çilimkeş.


Əl götür sən böylə nahaq təlaşdan,

Pulun yanar, canın yanar bu işdən,

Ertə qarnın doldurarlar atəşdən,

Zəhmi çıxmaz, qalar canda çilimkeş.


Orda-burda yaxşılıq yox əyriyə,

Kişi olsan, qədəm qoysan doğruya,

Binamaza, qeybətkeşə, oğruya

Yoldaş olar yavuz gündə çilimkeş.


Məxdumqulu, mövlam candan yaxındır,

Çilim bir şor sudur, tən bir zəmindir,

İman bir tülküdür, gövdə bir hindir,

Tüstüyə dözərmi hində, çilimkeş.



BU DÜNYA
Məşriqdən məğribə dünyanın üzü,

Demə, bizə məlum deyil bu dünya,

Abadı, xarabı, dəryası-düzü,

Yüz qırx altı min ağac yoldur bu dünya.


Bu cahan üzündə işlər peydadır,

Təfərrücdür, tamaşadır, gövdədir,

Qırx altı min ağac sudur, dəryadır,

Yetmiş iki dürlü dildir bu dünya.


Bir əlli min ağac yollar anda var,

Dev-pəri məskəni, qullar anda var,

Daşlar, dağlar, ac arslanlar anda var,

Ol yerdə adamdan çöldür bu dünya.


On iki min ağac cayi-Hindistan,

Altı min ağac yol ərzi-Rumistan,

Dörd min Səklab, Səncab, dörd min Zəngistan,

Sanki keçib varan seldir bu dünya.


Dörd min fərsəx Yəmən, bir min də Bulğar,

Zəmini-yunan həm olar yek həzar,

Min ağac yol dağdır devi-mərdumxor,

Onda keçib varan saldır bu dünya.


Min ağac kilim güş, yek dəsti-yek pa,

Beş min ağac yəcuc, min ağac səhra,

Yeddi min ağac yer cəzirə, dərya,

Min ağac yer yatan maldır bu dünya.


Üç min üç yüz ağac əhli-islamdır,

İraq, Xəzirbaycan, Misirdir, Şamdır,

Xorasan, Fars, Bəzirkuhda tamamdır,

Yox olunca, qalmaqaldır bu dünya.


Məxdumqulu, adın döndü Fərağa,

Fəraq olub, çək özünü qırağa,

Hesab etdim dünya başdan-ayağa,

Üç yüz altmış illik yoldur bu dünya.



ZAMANIDIR
Deyin arsız-namussuza:

Bu gün onun zamanıdır.

Yığsın Qarun kimi mallar,

Xəzinə boş − dövranıdır.


Ah, neyləyim, bəxtim qara,

Qəlbim, bağrım para-para,

Ərzim deyin sevən yara,

Bu dərdimin dərmanıdır.


Çaşdı qızıqlı bazarım,

Artdı gün-gündən azarım,

Kəsməz oldu şol nəzərim,

Alnında dağ dumanıdır.


Yalnız fərzənd ruyin görüb,

Gəlmişəm Xivədən yürüb,

Çöl içindən köhlən sürüb

Gəldim, haqqın fərmanıdır.


Məxdumqulu, dərdin əyan,

Var-yoxunu qıldın bəyan,

Dilini yığ, vardır ziyan,

Ağıl onun heyranıdır.



İNİLDƏR

Ey yaranlar, müsəlmanlar,

Ürəyimdə dərd inildər,

Bir bay oğlunun əlində,

Şətrənc ilə nərd inildər.
Gəlib-getmə bundan namərd,

Ağlın çaşar, olarsan mat,

Bülənd dağda yaxarlar ot,

Quru yanar, sərt inildər,


Qız gördüm türkmən köçündə,

Müşkü ənbər var saçında,

Yaylada, ilxı içində,

Qulan, dayça, at inildər.


Məxdumqulu, sözüm haqdır,

Haq sözə can verən yoxdur,

Qoç igiddə oğul yoxdur —

Ocaq itər, yurd inildər.



VARMI?
Ey yaranlar, müsəlmanlar,

Ağlamayan, gülən varmı?

Yalançı, fani dünyadan,

Gedib geri gələn varmı?


Fələk, kimləri şad etdin,

Kimi qəmdən azad etdin,

Bir neçələri mat etdin,

Səndən razı olan varmı?


Kimi vəfa toxmun əkər,

Kimi əcəl zəxmin çəkər,

Kimi qəmdən azad edər,

Saralmayan, solan varmı?


Bildim bu dünya çağlığın,

Qəm-qəflətdə oyaqlığın,

Xəstə olmadan sağlığın

Qiymətini bilən varmı?


Bu dünya iki qıraqdır,

Biri qara, biri ağdır,

Mənzil iki, yol iraqdır,

Onun fikrin qılan varmı?


Məxdumqulu, gələn keçər,

Bu güzara qonan köçər,

İgidlik çırağı sönər,

Bu sözümdə yalan varmı?


OLMASIN
Ey yaranlar − müsəlmanlar,

Dəli könül coş olmasın.

Yenə bir yaxşı igidə,

Yaman xatın tuş olmasın.


Hər kim alsa haqdan rəhmət,

Gedər qayğı, qalmaz möhnət,

Abad olmaz, durmaz dövlət,

Heç ölkə bibaş olmasın.


Hər kişinin öz züryəti –

Can xoşu, könül qüvvəti,

Artsın cömərdin dövləti,

Muxənnəsdə aş olmasın.


Bir eşq düşsə ər sərinə,

Kökü gedər çox dərinə,

İki sevən bir-birinə

Yaxın olsun, dış olmasın.


El içində özün öyər,

Dil dumanı başdan aşar,

Yağıda nöqsanı dəyər,

Namərdlər yoldaş olmasın.


Sözlə, hey, aşığım, sözlə,

Gəl, qiyamət işin gözlə,

Məxdumqulu, sirrin gizlə,

Hər namərdə faş olmasın.



GÜLÜş İlə
Mehman gələr uzaq yerdən,

Qarşılasan gülüş ilə,

Mərd igidlər keçər sərdən,

Al meydanda döyüş ilə.


Yüyrük yetməz uzağına,

Düşdüm fələk duzağına,

Mənli qızın üzüyünə

Qaşlar qoysam gümüş ilə.


Qız-gəlinlər uz yürüyüb,

Göz gedər bağrın əriyib,

Göldə quba qaz yeriyib,

Su səslənər qamış ilə.


Məxdumqulu, yarıtmadın,

Göz yaşını qurutmadın,

Fərzənd altın arıtmadın,

Keçdi günün söyüş ilə.


İSTƏR
Boş qalıbdır qafil gövdə,

Mərdanə bir sağ can istər;

Ürək-bağrım qılıb para,

Asudeyi-zaman istər.


Leylisindən qaldı Məcnun,

Gözdən töküb ol qanlı xun,

Dağda çəkib cəbri-xütun,

Gülər üzlü taban istər.


Fərhaddır istər Şirini,

Çəkəndir eşqin cəbrini,

Həvalə verib sərini,

Dəm gəlincə dövran istər.


Vamiq Əzranın eşqində,

Dinclik tapmadı köşkündə,

Yaş yerinə qan əşkində,

Sel olubdur, meydan istər.


Züleyxa görüb Yusifı,

Artdı eşqi, yox hesabı,

Üzdən atıbdır niqabı,

Siyah zülfü xəndan istər.


Fəraqi, sözlər dərdini,

Tülkülər atmış qurdunu,

Sevərək türkmən yurdunu,

Yiyə olan bir xan istər.


NARI olmasa

Bağban bu bağı neyləsin,

Bağında narı olmasa,

Atadan oğul olmasın,

Namusu-arı olmasa.
Bülbülə orman bağ olmaz,

Geyikə təpə dağ olmaz,

Bədəv yabıdan yey olmaz,

Məgər rəftarı olmasa.


Şərbət içsən, bala dönər,

Hər bir günü ilə dönər,

Gül tək rəngi külə dönər,

Gözəlin yarı olmasa.


Məxdumqulu, nihan derlər,

Can sevənə canan derlər,

Ol igidə heyvan derlər,

Şirin göftarı olmasa.



ƏYLƏNMƏZ
Ey yaranlar, müsəlmanlar,

Amanatdır, can əylənməz.

Sağlığa yoxdur ixtiyar,

Tut misal, mehman əylənməz.


Kimi səhər durar erdən,

Kimi baş götürməz yerdən,

Şeyda dilli gözəllərdən

Dil gedər zəban əylənməz.


Bülənd dağdan heybət gedər,

Yerlərdən bərəkət gedər,

Rum şəhrindən qüvvət gedər,

Ustada dükan əylənməz.


Əzrayıl yol açar bir gün,

Can şərbətdən içər bir gün,

Ərdən dövran keçər bir gün,

At ölər, meydan əylənməz.


Şəriətdən iraq olma,

Haqq işinə uzaq olma,

Adəm oğlu, qafil olma,

Köç gedər, karvan əylənməz.


Binamaz, uğrarsan qəmə,

Onda dadın yetər kimə,

Burda zor versən çilimə,

Cəsəddə iman əylənməz.


Məxdumqulu, budur iqrar,

Haqq yolunda duran düz ər,

Kimin izində oğul var,

Kimidə nişan əylənməz.



HANI?
Ey yaranlar, müsəlmanlar,

Bizdən əvvəl qardaş hanı?

İki dünyanın sərvəri

Məhəmməd Mustafa hanı?


Əvvəl zindana atılan,

Sonra qul kimi satılan,

Misirdə padişah olan

Ol Yusif peyğəmbər hanı?


Bizim ilə həmdəm olan,

İslam üçün qılınc vuran,

Kərbəlada şəhid olan

Ol Həsən, Hüseyn hanı?


Məkkədə yüz il oynayan,

Cənnətdə gözü qaynayan,

İslam üçün can paylayan

Ol Həmzə pəhlivan hanı?


İki gözləri kor olan,

Yusifındən ayrı qalan,

Qurdlar ilə dava qılan

Ol Yaqub peyğəmbər hanı?


Məxdumqulu çəkər ərman,

Haqdan gəlsə, bizə fərman,

Əcəl gəlsə, yoxdur dərman

Dörd min dörd yüz yaşan hanı?



GETDİ
Bu dünya hiyləgərdir,

Hiyləsin çaldı getdi.

Gümrah etdi neçəni,

Yoldaş tək aldı getdi.


Aqil, fikir et haçan,

Yüz qonan var, yüz köçən,

Taxtı asmandan uçan

Süleyman öldi getdi.


Ya mürüvvətli şahım,

Ümidim, qibləgahım,

Bunca yığdı İbrahim

Neçə nan aldı getdi.


Ciyərin dağlar-dağlar,

Zünnarın bağlar-bağlar,

Neçələr ağlar-ağlar,

Neçələr güldü getdi.


Neçələr gülə dönmüş,

Gül yanmış, külə dönmüş,

Neçələr quma dönmüş,

Neçələr soldu getdi.


Qalarsan gorda bağlı,

Bəlli bir yurda bağlı,

Bihudə, adəm oğlu,

Yığarsan, qaldı getdi.


Axmaqlıq ilən özüm,

Bilməz, sözlərəm sözüm,

Məxdumqulu der, gözüm

Qan-yaşa doldu getdi.



AĞLARAM
Ey yaranlar, puç ömrüm

Keçdi deyib ağlaram.

Getdi ağlım yerindən,

Çaşdı deyib ağlaram.


Gedən dönməz yolundan,

Düşməz yaman felindən,

Dəyanət xalq əlindən

Uçdu deyib ağların.


Hazır bizim zamanda,

Yaman sözlər zəbanda,

Zülüm işlər cahanda

Coşdu deyib ağlaram.


Bu əyyamda bədkarlar,

Yüz dillə aldadarlar,

Hanı neçə dildarlar,

Keçdi deyib ağlaram.


Neçə-neçə tay-tuşlar

Şeytan biliyin başlar,

Üz çevirib qardaşlar,

Qaçdı deyib ağlaram.


Görün fələyin oynun,

Üzər alimin boynun,

Neçə canlar yer qoynun

Qucdu deyib ağlaram.


Məxdumqulu der mərdə,

Dünya bənddir, tən pərdə,

Bir başım sansız dərdə

Düşdü deyib ağlaram.



OLMAZ
Xərin işi xərdir, dostlar,

Min dənəsi atcan olmaz.

Bədəsilə əməl yetsə,

Bilin, əsilzadcan olmaz.

Fani dünyaya inanma,

Altın-gümüşə güvənmə,

Ögeylərə könül vermə –

Bir qardaş züryətcən olmaz.


Çox yolları görsə gözün,

Hər mənanı bilsən özün,

Bir nadana deyən sözün

Əsib gedən yelcən olmaz.


Başın yastığa yetəndə,

Səbrü qərar olmaz səndə,

Gücün-qüvvətin gedəndə,

Oğul-qızın yadcan olmaz.


Məxdumqulu əcəb çağlar,

Kimi gülər, kimi ağlar,

Dürlü meyvə verən bağlar

Sovular, cənnətcən olmaz.



BİR İŞƏ ULAŞDI
Tayım-tuşum, qoç igidlər,

Hər kəs bir işə ulaşdı.

Haq hər kəsə bir yol verdi,

Hər kəs bir borca dalaşdı.


Kimi girdi haq yoluna,

Yaxşılıq düşdü felinə,

Kim qılınc aldı əlinə,

Çaldı, islam dinin açdı.


Nər-bədəvli bəylər, xanlar,

Atlansa, dolar meydanlar,

Sökdü zireh, tökdü qanlar,

Qoçaqlar sərindən keçdi.


Biz istədik, ulu yaran,

Nəsib bizi etdi heyran,

Kimi getdi İran, Turan,

Kim İsfahan, Təvriz aşdı.


Haqqa əyan oldu halım,

Xəlqdə bilən olmaz məlum,

Məxdumqulu, mənim yolum

Ol dostlardan ayrı düşdü.



YARANLAR
Eşq yolun həvəs edib,

Gələn varmı, yaranlar?

Dərdimi bəyan etsəm,

Bilən varmı yaranlar?


Olmuşam məsti-şeyda,

Həzar peşə, səd sevda,

Aləmdə mən tək rüsva

Olan varmı, yaranlar?


Dışım dərd, içim büryan,

Edərəm nalə, giryan,

Mənim tək məsti-heyran

Qalan varmı, yaranlar?


Eşq tuş olsa bir mərdə,

Toz olar, dönər gərdə,

Mənim tək özün dərdə

Salan varmı, yaranlar?


Vardı halım ölümə,

Tab etməyən zülümə,

Ağlamayın halıma,

Gülən varmı, yaranlar?


Məxdumqulu can çəksə,

Rəhm etməzlər, yaş töksə,

Eşqin yolunda yoxsa

Talan varmı, yaranlar?



YERDƏ
Nə işi var ariflərin

İzzət görülməyən yerdə,

Ağlı olan söz açarmı

Növbət verilməyən yerdə.


Ağlı yaxşılar unutmaz,

Quru kolda yarpaq bitməz,

Ağıllı ər məskən tutmaz,

Xülqü sevilməyən yerdə.


Həccə getsən, cara dönər,

Gül açılsa, xara dönər,

Xidmət edən xərə dönər,

Qədri bilinməyən yerdə.


Batil qalan sular axmaz,

Hər naşıdan kərəm çıxmaz,

İt gözləməz, pişik baxmaz,

Süfrə sərilməyən yerdə.


Ev içində xərə dönər,

Müxənnət bir nərə dönər,

Tülkü, şaqqal şirə dönər,

Savaş qurulmayan yerdə.


Fərasət qıl, baxıb ağla,

Qoç igidin sözün haqla,

Məxdumqulu, dilin saxla,

Xəbər sorulmayan yerdə.



MƏRD OLMAZ
Mərd igid mərd ərdən törər,

Namərddən əsla mərd olmaz,

Qurdun gözündə od yanar,

Çaqqal-tülkülər qurd olmaz.


Söyləginən bilən dildən,

Bülbül ayrı düşsə güldən,

Eşit, adam, qardaş eldən

Qeyri mehriban yurd olmaz.


Bu aləm əcaib olsa,

Dünya üzü nurla dolsa,

Ulu tanrı rəhm qılsa

Təndə, canda bir dərd olmaz.


Məxdumqulu, ağlın-huşun,

Axdı gözdən qanlı yaşın,

Daşa dəydi qəmli başın,

Bundan betər fəryad olmaz.



QALMAZLAR
Qəm çəkmə, qərib adam,

Bəylər-şahlar qalmazlar.

Böyük-böyük şəhərlər,

Ağ otaqlar qalmazlar.


Qalsa sözdən qızıl dil,

Can cövhərdir, tən bir gil,

Həzar muğamlı bülbül,

Böyük dağlar qalmazlar.


Bunu kəsibdir ağlım,

Yıxılar yeddi iqlim,

Yer olar büklüm-büklüm,

Ərir, dağlar qalmazlar.


Haqdan yetişsə fərman,

Nə çarə var, nə dərman,

Asiman, gün, ay lərzan,

Həm ulduzlar qalmazlar.


Nə yer qalar, nə yurdlar,

Nə türk qalar, nə kürdlər,

Nə quş qalar, nə qurdlar,

Pərrəndələr qalmazlar.


Nə gərd qalar, nə gərdan,

Nə mərd qalar, nə mərdan,

Fil, zürafə, kərgədan,

Dərrəndələr qalmazlar.


Məxdumqulu, yaş sürən,

Ağır həngamlar quran,

Dalğa-dalğa mövc uran,

Ol dəryalar qalmazlar.



MUĞAM QAŞINDA
Dəhanımdan nar saçılar,

Əfğandır muğam qaşında.

Sözlərəm, sirrim açılar,

Əyandır muğam qaşında.


Əyyam nə halətlər qıldı,

Onca cana səbəb oldu,

Yaxşı ötdü, yaman qaldı,

Dövrandır muğam qaşında.


Nə azarlı qəhbə dünya,

Hansı yerdə qoydu bina?

Həzrəti Süleyman guya

Qılmandır muğam qaşında.


Xan qalmadı xan yerində,

Tən durmayır can yerində,

İsadır Loğman yerində,

Dərmandır muğam qaşında.


Qoca dağlar, qaldır başın,

Tökmə gözdən qanlı yaşın,

Mən olum həmrah-qardaşın,

Peymandır muğam qaşında.


Rüstəmi-Zal gələn zaman,

Verdin ona yüyrək köhlən,

İqbalın son qıldın yaman,

Fəğandır muğam qaşında.


Ulu Marı Şahi-Cahan

Viran oldu, çəkir fəğan,

Məxdumqulu, açsa dəhan,

Zəbandır muğam qaşında.



EYLƏDİ
Qərib könlümün binasın,

Gör, fələk viran eylədi.

Aldırıb əldən namusun,

Qəlbimdə ərman eylədi.


Haqdan bizə dövlət gəlməz,

Ağlar gözüm deyib-gülməz,

Miskinlər yurd qədri bilməz,

Ürəkdə hicran eylədi.


Mərd igid olsun qardaşın,

Olmasa, heç qalmaz başın,

Ayıb tapıb qəlb sirdaşın

Ellərə əyan eylədi.


Adı gərəkdir mərdlərin,

Niyə adı yox qurdların,

Bağça-saraylı yurdların

Yerini meydan eylədi.


Məxdumqulu, ağlın çaşdı,

Adın neçə ellər aşdı,

Maral keçdi, ceyran qaçdı,

Pələnglər seyran eylədi.



OLMASA
Adəm oğlu quru torpaq,

Tən içrə canı olmasa,

Qara dağdan qiymət qaçar,

Seli, dumanı olmasa.


Haqqın lütfü, quşlar uçar,

Kimi araq, şərab içər,

İqbal qalmaz, dövlət köçər,

Elin əzanı olmasa.


Ər igiddə olsa qeyrət,

Başın əyər, olar qüdrət,

Badam qabaq, gözəl surət

Pisdir, kamanı olmasa.


Hər bir igid evdə xandır,

Namərd bacarmaz, zənandır,

Pirlər, sofular nadandır,

Əldə Quranı olmasa.


Uzaqdır biz gedən yollar,

Əcəb dastan yazan qollar,

Qiymət olmaz üzdə xallar,

Yanan Məcnunu olmasa.


Məxdumqulu, arxa yaşar,

Məcnundur, Nəcd dağı aşar,

Ulu el dağılar, çaşar,

Mərd ərdən xanı olmasa.



GEDƏR
Könlüm, ağır tut özünü,

Fani dünya ötər gedər.

Hər kim qədəmin düz qoysa,

Güzərdən bixətər gedər.


Bilsən, xoş göftar açginən,

Bilməsən, əm-səm keçginən,

Söz yarasından qaçginən,

Tiğ yarası bitər gedər.


Əsli yada çəkmə cəfa,

Bədəsildən yoxdur vəfa,

Bir adam olsa nasəfa

Abırını tökər gedər.


Yoldaş olsan kişi ilə,

Qulluq eylər başı ilə,

İşə girsən naşı ilə

Dağa-daşa atar gedər.


Məxdumqulu, getsən bundan,

Xeyir-şər sorarlar səndən,

Şirin can ayrılsa təndən,

Qum-toprağa batar gedər.



OLDUN
Fələk, fələk, zalım fələk,

Gözdə nurum alar oldun,

Onca canlar edib həlak,

Zindanına salar oldun.


Fələk, fələk, qıya baxıb,

Can alarsan xəncər soxub,

Onca canı oda yaxıb,

Amma özün qalar oldun.


Fələk, sənin namərd qurdun

Viran etdi gözəl yurdum,

Artırıb başımda dərdim,

Qəzəb edib, alar oldun.


Məxdumqulu, yesir quşun,

Zindandan qaldırmaz başın,

Fələk vurubdur qardaşın,

Qəhər edib gələr oldun.



MƏRD İLƏNİ

Əsil ərdə qalmaz ərman,

Döyüş qılsa mərd iləni.

Hicran bəxtim qıldı viran,

Elim ilən, yurd iləni.
Fələk təzə güllər yolar,

Bülbülün səbrini alar,

Qaya düşüb orda qalar,

Axmasa sel sərt iləni.


Əcəl əlindən qurtarmaz,

Həmrah deyib, ər götürməz,

Pələngə ziyan gətirməz,

Yüz min çaqqal, qurd iləni.


Fələk başım qıldı bəndi,

Yumruldu iqbalım bəndi,

Eşqim söndü, bəxtim sındı,

Məxdumqulu, dərd iləni.


QALMADI
Zalim fələyin əlindən,

Aşiqlərdə ad qalmadı,

Qara zəminin felindən

Uzaq ömür, zat qalmadı.


Fələk saldı bu təşvişi,

Afətdir hər tutan işi,

Dağıldı ərlər gənəşi,

Ulu cəmaət qalmadı.


Fələk nə gün başa saldı,

Ürək yağım, nurum aldı,

Elat əhli alim oldu,

Bizə nəsihət qalmadı.


Fələk, eyləmə bəhanə,

Zülm eylədin gəda, xana,

Açıq könül yox mehmana,

Pirlərə hörmət qalmadı.


Dağımda bənd qaldı sellər,

Getdi huşum, əyri bellər,

Məxdumqulu deyər, ellər,

İzimdə züryət qalmadı.



NƏ İŞ GƏLƏR BAŞIMIZA
Ey yaranlar, bilmək olmaz,

Nə iş gələr başımıza,

Görün bu qəhbə fələyi,

Ağı qatar aşımıza.


Əcəl gələr, ağzın açar,

İncə beli torpaq qucar,

Gülüb gələn ağlar keçər,

Rəhm etməz göz yaşımıza.


Güvənmə bəxtə, iqbala,

Dolanar yüz min xəyala,

İxtiyar yox pula, mala,

Dünya bənzər düşümüzə.


Fələk bizə əyri baxıb,

Əl uzadıb, əfsun oxub,

Orta yerdə danə töküb,

Tor qurubdur yaşımıza.


Məxdumqulu, getsən bundan

Haqq-hesab sorarlar səndən,

Şirin can ayrılsa təndən

Qurd daraşar leşimizə.



LƏRZANƏDİR
Ey yaranlar, gözəl ömrüm

Qocaldıqca lərzanədir.

Gündən-günə artar dərdim,

Dərman istər, pərvanədir.


Aşiq yansa ol yar üçün,

Margir getsə şahmar üçün,

Qoçaqlar namus-ar üçün

Ata minər, mərdanədir.


Nə əcəb dövranlar sürən,

Yaxşı-yaman − varın görən,

Bizlər ilə həmrah yürən

Ağsaqqallar, bax, danadır.


Məxdumqulu, əlli yaşın,

Qəmdir, qayğıdır sirdaşın,

Qafil olma, qaldır başın,

Qocalıq bir bəhanədir.


NƏZƏR SALMAZ
Mənim bu yanan canıma

İsa, Loğman nəzər salmaz.

Verdiyim bu fərmanıma

Ol Süleyman nəzər salmaz.


Uğradım, düşmədim mərdə,

Tülkü daim yemdir qurda,

Başım düşdü çıxmaz dərdə,

Ulu Sübhan nəzər salmaz.


İki didəm qərqdir xuna,

Ərz elədim mən Qaruna,

Mənim kimi bir Məcnuna,

Atəş-suzan nəzər salmaz.


Düşdüm iraq yollarıma,

Kəlam aldım qollarıma,

Dəşt içində mallarıma

Qarun gəlib nəzər salmaz.


Nə səbəbdir, düşdüm dilə,

Cəfa çəkdim əyri ilə,

Mənim tək quruyan çölə,

Bəhri-Ceyhun nəzər salmaz.


Eşq meyini içdim qana,

Səzavar oldum Məcnuna,

Mənim kimi bir mərdana,

Şahi-mərdan nəzər salmaz.


Özüm qalmışam heyrana,

Uğrayıb mən Dağıstana,

Eşq oduna yanan cana,

Xosrov-Şirin nəzər salmaz.


Dedim dayanıb zəbana,

Güvənirəm ol dəhana,


Mənim kimi natəvana

Bir natəvan nəzər salmaz.


Xakistərəm, bir digərəm,

Atəşdən, bax, xakistərəm,

Bu cahana sərbəsərəm,

Amma cahan nəzər salmaz.


Zəhər qatıldı balıma,

Nuh nəbi minmiş salıma,

Məxdumqulu, bu halıma

Qaib ərən nəzər salmaz.



OLDUM
Ey yaranlar, xəlayiqlər,

Mərd igidi tapar oldum.

Bəxt sınayıb, bu fanidə

İqbalımı çapar oldum.


Qəflətdə ötmüşdür günüm,

Eşq oduna yanıb tənim,

El gözündən canü tənim

Torpaq ilən yapar oldum.


Sınayıb mən bu baxtımı,

Viran qılıb öz taxtımı,

Bu dəşt üzrə Qıratımı

Koroğlu tək təpər oldum.


Düşmüşəm dünya küyünə,

Qısdı, neyləyim, öyünə,

Dostlar, bu gün yar ruyinə

Müşki-ənbər səpər oldum.


Gəzib cahanın üstündə,

Fələyin zalim qəsdində,

Qalmışam ayaq altında,

Yamanlara səfər oldum.


Bu dünyada Nəmrud kimi,

Ol dünyada sirat kimi,

Ol İskəndər, Cəmşid kimi,

Gözdə yaşım tökər oldum.


Cahanda var neçə bablar,

Camalı ay tək sahiblər,

Savaş qılıb ağır tüplər,

Rüstəm Zal tək pozar oldum.


Bülbüləm, qaldım gülümdən,

Sarvanam, düşdüm elimdən,


Neylim, indi bu dilimdən

Ağır bəla tapar oldum.


Faninı mən gözə almam,

Yaxşılara həmra olmam,

Onca zaman özüm bilməm,

Hər yanda mən yürür oldum.


Bilmirəm hardadır yarım,

Bağımda bitən ənarım,

Göyləndə ol xallı yarım

El-ulusdan sorar oldum.


Keçib mən duzəx, siratın,

Minmişəm behiştin atın,

Məxdumqulu, yar surətin,

Katib kimi yazar oldum.


SEL QALMAZ
Altmış başlı, ala qarlı dağlardan,

Duman köçər, yağmur keçər, sel qalmaz.

Şeyda bülbül məskən tutan bağlardan,

Xəzan vurar, yarpaq qaçar, gül qalmaz.


Hər kim içsə ol şərabdan, ol camdan,

Ürək coşar, hər söz gələr zəbandan,

Gələn keçər bu yalançı cahandan,

Xoca, seyit, bəy, padişah, qul qalmaz.


Cana dəysə qocalığın zəhəri,

Xarab olar könül – gövdə şəhəri,

Əldən getsə igidliyin baharı,

Qüvvət qaçar, diz əyilər, bel qalmaz.


Bir namərdin çox minnətli aşından,

Əl uzatma, geri çəkil qaşından,

Elsiz qalan bülənd dağlar başından,

Ağac bitər, caddə itər, yol qalmaz.


Məxdumqulu, bu cahanda kim olar,

Ol məkana gedən gəlməz, güm olar,

Görər gözün, görklü bədən qum olar,

Dəhan gedər, dəndan düşər, dil qalmaz.



BAĞ BUDAĞI
Bağban fələk, harda qaldın,

Saralıbdır bağ budağı.

Dəryaların selin aldın,

Torpaq qıldın qoca dağı.


Fəsadı hacı eylədin,

Qulları xoca eylədin,

Ömrümü qoca eylədin,

Getdi igidliyin çağı.


Yetişgil haqqın əmini,

Fələk tutar öz dəmini,

Doldurubsan bu zəmini

Leş iləni solu-sağı.


Batar, doğar cahan ayı,

Fələk duzəx qılmış cayı,

Kimsələrə verməz payı,

Kimə vermiş at-ulağı.


Gəldim fələk otağına,

Atdı yanar ocağına,

Mən miskinin ayağına,

Qurar oldu ol duzağı.


Cahanı yandırdı odun,

Qaçar oldu yaxın-yadın,

Məxdumqulu, sənin adın,

Olsun indi qoy Fəraqi.



BATDI, YARANLAR

Dörd min dörd yüz yaşlı Loğman həkim də

Başı qara quma batdı, yaranlar.

Qara atlı, ağır gürzlü Rüstəm də

Əcəl cilovından tutdu, yaranlar.
Yusifın arzusu aqub yanında,

Sevgisi bağrında, dərdi canında,

Kimin qədri vardır çərxin yanında,

Yusifi qul edib satdı, yaranlar.


Aləmə hökm edən İskəndər sultan,

Əcəl tədbirinə tapmadı dərman,

Taxtını yel çəkən hökmi-Süleyman,

Dünyada qalmadı, ötdü yaranlar.


Üç yüz on üç mürsəl, qalmadı biri,

Hanı Asif − Süleymanın vəziri?

Hanı haq rəsulu, haqqın öz şiri,

Qara yer hamısın uddu, yaranlar.


Məxdumqulu deyər, qafil oturma,

Qılca canı uzun qəmə batırma,

Bu dünyanı həsrət ilə ötürmə,

Bir fəsil dövrandır, ötdü, yaranlar.



HEY
Qismət ola, gedəm uzaq yollara,

Nəsib qoymaz, gedər yolum bağlar, hey.

Heyran-Məcnun olub, çıxam çöllərə

Varıb, məskən tutam sizi, dağlar, hey.


Oyun ilə gəncliyimin dəmindən,

Ötdüm, gəldim kamilliyin çəmindən,

Könlüm lərzan oldu dünya qəmindən,

Tutdu sinəm çalın-çarpaz dağlar, hey.


Yavaş-yavaş gəncliyimin rayından,

Yetib gəldim kamilliyin payından,

Batdı başım, çıxa bilməm layından,

Yada düşər ötüb keçən çağlar, hey.


Cavanlıqda dörd tərəfə axışan,

Cahillikdən hər bir işə qarışan,

Aciz qalıb, qocalığa yetişən

Öz-özündən dərd edibən ağlar, hey.


Məna anla Məxdumqulu sözündən,

Fikrə düşər, yaşlar axar gözündən,

Həmmə zatlar təğyir tapar özündən,

Ya rəb, yıxılmazmı böyük dağlar, hey.


Yalan dünya

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə