Microsoft Word 266-iiig[1]. doc



Yüklə 113,91 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü113,91 Kb.
#21565


 

 

 



 

 

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında 



 

AZƏRBAYCAN RESPUBLĐKASININ 

Q A N U N U 

 

Maddə 1. Qanunun təyinatı 



 

Bu  Qanun  Azərbaycan  Respublikasında  qeyri-dövlət  (özəl)  mühafizə 

fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun 

hüquqi  əsaslarını,  prinsip  və  vəzifələrini,  habelə  qeyri-dövlət  (özəl)  mühafizə 

fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən 

edir. 


 

Maddə 2. Əsas anlayışlar  

 

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 



 

2.0.1.  qeyri-dövlət  (özəl)  mühafizə  fəaliyyəti  (bundan  sonra  “özəl 

mühafizə  fəaliyyəti”)  -  qeyri-dövlət  (özəl)  mühafizə  müəssisəsi  və  ya  hüquqi 

şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin 

hüquqa  zidd  qəsdlərdən  qorunması  məqsədilə  bu  Qanunun  5-ci  maddəsində 

nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi;  

 

2.0.2.  qeyri-dövlət  (özəl)  mühafizə  müəssisəsi  (bundan  sonra  “özəl 



mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında 

bu  Qanunun  5-ci  maddəsində  nəzərdə  tutulan  mühafizə  xidmətlərini  göstərən, 

müvafiq  qaydada  dövlət  qeydiyyatından  keçmiş  və  müvafiq  icra  hakimiyyəti 

orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs; 

 

2.0.3.  hüquqi  şəxsin  mühafizə  bölməsi  -  hüquqi  şəxsin  öz  mühafizəsini 



təmin  etmək  məqsədilə  tərkibində  yaradılan,  müvafiq  icra  hakimiyyəti 

orqanından alınmış xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən struktur 

qurumu;  

 

2.0.4.  mühafizəçi  -  xüsusi  hazırlıq keçmiş,  bu  Qanunla  müəyyən  edilmiş 



qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində 

əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı;  

 



 

 



 

2.0.5.  mühafizə  olunan  obyekt  -  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi 

şəxsin  mühafizə  bölməsi  tərəfindən  hüquqa  zidd  qəsdlərdən  mühafizə  edilən 

daşınmaz  (binalar,  tikililər,  qurğular,  ərazilər  və  s.)  və  burada  yerləşən  daşınar 

əmlak (nəqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.); 

 

2.0.6.  buraxılış  rejimi  -  şəxslərin  və  ya  nəqliyyat  vasitələrinin  mühafizə 



olunan  obyektə  nəzarətsiz  girişi  (çıxışı),  habelə  bu  obyektə  əmlakın  nəzarətsiz 

gətirilməsi  və  ya  bu  obyektdən  əmlakın  nəzarətsiz  çıxarılması  imkanlarını 

istisna edən qayda və tədbirlərin məcmusu; 

 

2.0.7.  obyektdaxili  rejim  -  mühafizə  olunan  obyektin  hüdudlarında 



müəyyən edilən qayda və tədbirlərin məcmusu. 

 

Maddə 3. Özəl mühafizə fəaliyyəti haqqında qanunvericilik  



 

Özəl 


mühafizə 

fəaliyyəti 

haqqında 

qanunvericilik 

Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının 

digər  normativ  hüquqi  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

Maddə 4. Özəl mühafizə fəaliyyətinin prinsipləri  



 

4.1.  Özəl  mühafizə  fəaliyyəti  qanunçuluq,  humanizm,  insan  və  vətəndaş 

hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir. 

 

4.2.  Özəl  mühafizə  fəaliyyəti  dövlət  orqanları,  o  cümlədən  hüquq- 



mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq 

və azadlıqlarını pozmamalıdır. 

 

Maddə 5. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar 



göstərilən mühafizə xidmətlərinin növləri 

 

5.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı 



mühafizə xidmətləri göstərilə bilər: 

 

5.1.1. mühafizə olunan obyektlərin qorunması; 



 

5.1.2.  mühafizə  olunan  obyektlərdə  buraxılış  və  obyektdaxili  rejimlərin 

təmin edilməsi; 

 

5.1.3.  mühafizə  olunan  obyektlərdə  təhlükəsizlik  siqnalizasiyası 



avadanlıqlarının  layihələşdirilməsi,  quraşdırılması  və  istismarı  ilə  əlaqədar 

texniki xidmətlərin göstərilməsi; 

 



 

 



 

5.1.4.  hüquqa  zidd  qəsdlərdən  mühafizə  məsələləri  ilə  bağlı  fiziki  və 

hüquqi şəxslərə tövsiyələrin hazırlanması.  

 

5.2.  Özəl  mühafizə  müəssisələri  və  hüquqi  şəxslərin  mühafizə  bölmələri 



tərəfindən bu Qanunla nəzərdə tutulmayan  mühafizə xidmətlərinin göstərilməsi 

qadağandır.  

 

Maddə 6. Özəl mühafizə fəaliyyətinin xüsusiyyətləri  



 

6.1.  Bu  Qanunun  5-ci  maddəsində  göstərilən  mühafizə  xidmətləri  yalnız 

bu  məqsədlə  təsis  edilmiş,  müvafiq  xüsusi  razılıq  (lisenziya)  almış  özəl 

mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi  tərəfindən  həyata 

keçirilə bilər.  

 

6.2.  Özəl  mühafizə  fəaliyyəti  dövlət  mühafizəsi  obyektlərinə,  siyahısı 



müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  və  dövlət  orqanları 

tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir. 

 

6.3.  Özəl  mühafizə  fəaliyyətində  fiziki  şəxslərin  həyat  və  sağlamlığına, 



ətraf  mühitə  zərər  vurmayan  texniki  və  digər  vasitələrdən,  operativ  radio  və 

telefon  rabitəsindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  istifadə  etməyə 

icazə verilir.  

 

Maddə 7. Özəl mühafizə müəssisəsi  



 

7.1.  Özəl  mühafizə  müəssisəsi  qanunvericiliyə  müvafiq  olaraq  hüquqi 

şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə 

fəaliyyətini  həyata  keçirmək  üçün  xüsusi  razılıq  (lisenziya)  əsasında  fəaliyyət 

göstərir. 

 

7.2. Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə 



məşğul ola bilməz.  

 

7.3.  Özəl  mühafizə  müəssisəsi  mühafizə  xidmətlərinin  göstərilməsi  üçün 



fiziki  və  ya  hüquqi  şəxslərlə  mülki  qanunvericiliklə  və  bu  Qanunla  müəyyən 

edilmiş qaydada yazılı formada müqavilə bağlamalıdır. 

 

7.4.  Mühafizə  xidmətlərinin  göstərilməsi  ilə  əlaqədar  özəl  mühafizə 



müəssisəsi  ilə  fiziki  və  ya  hüquqi  şəxs  arasında  bağlanan  müqavilədə 

aşağıdakılar göstərilməlidir: 

 

7.4.1.  tərəflər  haqqında  məlumatlar,  o  cümlədən  özəl  mühafizə 



müəssisəsinə verilmiş xüsusi razılığın (lisenziyanın) nömrəsi və verildiyi tarix; 

 



 

 



 

7.4.2.  özəl  mühafizə  müəssisəsi  tərəfindən  göstəriləcək  mühafizə 

xidmətlərinin növləri; 

 

7.4.3. tərəflərin hüquq və vəzifələri; 



 

7.4.4. göstərilən mühafizə xidmətlərinin qiyməti; 

 

7.4.5. müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət; 



 

7.4.6. müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.  

 

7.5.  Müqavilə,  onun  icrası  ilə  bağlı  materiallar  və  digər  sənədlər  özəl 



mühafizə  müəssisəsi  tərəfindən  müqavilənin  qüvvədə  olduğu,  lakin  3  ildən  az 

olmayan müddətdə saxlanılmalıdır.  

 

7.6. Özəl mühafizə müəssisəsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun 



9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir. 

 

Maddə 8. Hüquqi şəxsin mühafizə bölməsi 



 

8.1. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının 

ərazisində  yerləşən  hüquqi  şəxslər  öz  mühafizəsini  təmin  etmək  məqsədilə 

xüsusi razılıq (lisenziya) əsasında mühafizə bölməsi yarada bilər.  

 

8.2.  Mühafizə  bölməsi  yaradan  hüquqi  şəxs  aşağıdakılar  göstərilməklə 



bölmənin Əsasnaməsini hazırlamalı və təsdiq etməlidir:  

 

8.2.1. mühafizə bölməsinin hüquqi şəxsin strukturunda yeri; 



 

8.2.2.  mühafizə  bölməsi  tərəfindən  göstəriləcək  mühafizə  xidmətlərinin 

növləri; 

 

8.2.3. mühafizə bölməsinin quruluşu və idarəçilik sistemi; 



 

8.2.4.  mühafizə  bölməsinin  rəhbərinin  hüquq  və  vəzifələri,  onun  hüquqi 

şəxsin digər vəzifəli şəxsləri ilə tabeçilik münasibətləri; 

8.2.5. bölmənin mühafizəçilərinin hüquq və vəzifələri; 

 

8.2.6. mühafizə bölməsinin fəaliyyətinə xitam verilməsinin qaydası. 



 

8.3.  Hüquqi  şəxsin  mühafizə  bölməsi  yalnız  tərkibində  olduğu  hüquqi 

şəxsə məxsus obyektlərin mühafizəsi üzrə xidmətlər göstərə bilər. 

 

8.4.  Hüquqi  şəxsin  mühafizə  bölməsinə  mühafizəçi  vəzifəsinə  qəbul  bu 



Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir. 


 

 



 

 

Maddə 9. Mühafizəçiyə münasibətdə irəli sürülən tələblər 



 

9.1.  Mühafizəçi  vəzifəsinə  20  yaşına  çatmış,  mühafizəçilər  üçün  xüsusi 

hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. 

Şəxs  özəl  mühafizə  müəssisəsinə  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsinə 

mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 

3  gün  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  müəyyən  olunmuş 

qaydada məlumat verilməlidir. 

 

9.2.  Mühafizəçilərin,  habelə  özəl  mühafizə  müəssisələrinin  və  hüquqi 



şəxslərin  mühafizə  bölmələri  rəhbərlərinin  xüsusi  hazırlıq,  təkmilləşdirmə  və 

ixtisas  artırma  kursları  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq  edilən  dövlət  təhsil  müəssisələri  və  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış 

təhsil  müəssisələri  tərəfindən  həyata  keçirilir.  Kursların  proqramının  və  ixtisas 

tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

 

9.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  mühafizəçinin  özəl 



mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul 

edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən 

keçirilir. 

 

9.4. Aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz: 



 

9.4.1.  ruhi  xəstəlik,  alkoqolizm,  narkomanlığa  düçar  olmaması  barədə 

müvafiq tibbi rəy təqdim etməyən şəxslər;  

 

9.4.2.  fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət  qabiliyyətliliyi 



məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər; 

 

9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş 



şəxslər  (qadınlar,  habelə  qanuni  əsaslarla  müddətli  həqiqi  hərbi  xidmətə 

çağırışdan  möhlət  hüququ  olanlar  və  ya  müddətli  həqiqi  hərbi  xidmətə 

çağırışdan azad edilənlər istisna olmaqla); 

 

9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər; 



 

9.4.5.  qəsdən  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməkdə  ittiham  olunan 

və  ya  qəsdən  ağır və  ya  xüsusilə  ağır  cinayət  törətməyə  görə əvvəllər  məhkum 

olunmuş şəxslər. 

 

9.5.  Özəl  mühafizə müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsinin 



rəhbəri  vəzifəsinə  bu  Qanunla  mühafizəçilər  üçün  nəzərdə  tutulmuş  tələblərə 


 

 



 

cavab verən, ali təhsilli, bu vəzifənin icra edilməsi üçün nəzərdə tutulmuş xüsusi 

hazırlıq kurslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təyin oluna 

bilər. 


 

Maddə 10. Mühafizəçinin hüquq və vəzifələri  

 

10.1.  Mühafizəçi  mühafizə  etdiyi  obyektin  təhlükəsizliyinin  təmin 



edilməsi məqsədilə aşağıdakı hüquqlara malikdir: 

 

10.1.1.  mühafizə  olunan  obyektin  işçilərindən  və  digər  şəxslərdən 



buraxılış rejiminə və obyektdaxili rejimə riayət olunmasını tələb etmək; 

 

10.1.2.  mühafizə  olunan  obyektlərə  giriş  və  çıxış  zamanı  Azərbaycan 



Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  fiziki  şəxsləri 

(xidməti  vəzifələrini  icra  edən  hüquq-mühafizə  və  digər  dövlət  orqanlarının 

əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini texniki 

vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək; 

 

10.1.3.  mühafizə  olunan  obyektlərdə  hüquqa  zidd  hərəkətlər  törətmiş 



şəxslər  mühafizəçinin  qanuni  tələblərinə  tabe  olmadıqları  və  ya  fiziki  qüvvə 

işlətdikləri  hallarda  həmin  şəxsləri  fiziki  qüvvə  tətbiq  etməklə  hadisə  yerində 

saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək; 

 

10.1.4.  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi 



tərəfindən  xidməti  istifadə  üçün  verilmiş  xüsusi  vasitələri  mühafizə  olunan 

obyektlərin  hüdudlarında  saxlamaq,  gəzdirmək  və  qanunla  müəyyən  edilmiş 

qaydada və hallarda təyinatı üzrə istifadə etmək. 

 

10.2. Mühafizəçinin vəzifələri aşağıdakılardır: 



 

10.2.1.  mühafizə  olunan  obyektlərə  münasibətdə  hüquq  pozuntusu  baş 

verdikdə  onun  baş  vermə  vaxtı,  yeri,  halları,  hüquq  pozuntusu  törədən  şəxsin 

saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin 

əsaslandırılması,  hüquq  pozuntusunun  qarşısının  alınması  və  mühafizə  olunan 

obyektin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  görülmüş  tədbirlər  barədə 

özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərini 

yazılı surətdə məlumatlandırmaq;  

 

10.2.2. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu 



barədə  dərhal  müvafiq  icra  hakimiyyəti  orqanına  və  prokurorluq  orqanlarına 

məlumat vermək;  

 

10.2.3.  cinayət  və  ya  inzibati  xətanın  əlamətləri  olan  əməl  törədildiyi 



halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; 

 



 

 



 

10.2.4. cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya 

istintaq  orqanının  əməkdaşları  hadisə  yerinə  gələnədək  cinayətin  izlərinin  və 

sübut mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması, həmin 

orqanlara  ibtidai  araşdırma  ilə  əlaqədar  bütün  zəruri  yardımın  göstərilməsi, 

şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi;  

 

10.2.5.  xüsusi  vasitəni  və  ya  mühafizəçi  vəsiqəsini  itirdikdə  dərhal 



müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; 

 

10.2.6.  tutduğu  vəzifədən  azad  edildikdə  istifadəsində  olan  xüsusi 



vasitələri,  mühafizəçi  vəsiqəsini  və  geyim  formasını  özəl  mühafizə 

müəssisəsinin  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsinin  rəhbərinə  təhvil 

vermək.  

 

10.3.  Mühafizəçi  tərəfindən  şəxslərin  hüquq  və  azadlıqlarının  pozulması 



qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

 

Maddə  11.  Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirən  şəxslərə  qarşı 



qadağalar 

 

11.1.  Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirən  şəxslərə  aşağıdakılar 



qadağan edilir: 

 

11.1.1.  törədilmiş  və  ya  hazırlanan  cinayətlər  haqqında  məlumatları 



hüquq-mühafizə orqanlarından gizlətmək; 

 

11.1.2.  əməliyyat-axtarış  tədbirlərini,  habelə  qanunvericiliklə  dövlət 



orqanlarının  səlahiyyətlərinə  aid  edilmiş  digər  tədbirləri  həyata  keçirmək,  bu 

Qanunla nəzərdə tutulmayan digər mühafizə xidmətləri göstərmək; 

 

11.1.3.  özünü  prokurorluq,  daxili  işlər,  milli  təhlükəsizlik,  fövqəladə 



hallar,  ədliyyə,  vergi,  gömrük  və  ya  digər  dövlət  orqanlarının  əməkdaşı  kimi 

təqdim  etmək,  həmin  orqanların,  habelə  Silahlı  Qüvvələrin  və  başqa  silahlı 

birləşmələrin  xüsusi  və  ya  hərbi  geyim  forması,  fərqlənmə  nişanları  və  digər 

simvollarından istifadə etmək; 

 

11.1.4.  hüquq-mühafizə  və  digər  dövlət  orqanları  əməkdaşlarının  qanuni 



səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək; 

 

11.1.5.  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi 



tərəfindən  xidməti  istifadə  üçün  verilmiş  xüsusi  vasitələri  mühafizə  olunan 

obyektin hüdudlarından kənara çıxarmaq; 

 

11.1.6.  mühafizəçinin  geyim  formasını  mühafizə  olunan  obyektin 



hüdudlarından kənarda daşımaq; 


 

 



 

 

11.1.7.  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi 



tərəfindən  xidməti  istifadə  üçün  verilmiş  xüsusi  vasitələri  istifadə  etmək  üçün 

kənar şəxslərə vermək; 

 

11.1.8.  mühafizə  olunan  obyektlərdə  hüquqi  şəxsin  müvafiq  vəzifəli 



şəxslərinin,  habelə  mühafizə  olunan  obyektlərin  mülkiyyətçiləri  və  ya  qanuni 

sahiblərinin  yazılı  icazəsi  olmadan  video  və  audioyazı,  foto  və  kino  çəkiliş 

aparmaq; 

 

11.1.9.  özəl  mühafizə  fəaliyyəti  ilə  əlaqədar  malik  olduqları  şəxsi,  ailə, 



peşə,  kommersiya,  bank  və  s.  sirr  təşkil  edən  məlumatları,  habelə  belə 

məlumatları  əks  etdirən sənədləri  yaymaq,  satmaq,  başqasına vermək,  onlardan 

mühafizə xidmətləri  göstərilən fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd və 

ya digər şəxslərin maraqlarına uyğun istifadə etmək; 

 

11.1.10. dövlət qulluğunda olmaq; 



 

11.1.11. işlədiyi özəl mühafizə müəssisəsi hər hansı digər kommersiya və 

ya  qeyri-kommersiya  təşkilatına  mühafizə  xidmətləri  göstərirsə,  həmin 

kommersiya  və  ya  qeyri-kommersiya  təşkilatında  mühafizə  fəaliyyəti  ilə  bağlı 

olmayan vəzifə tutmaq; 

 

11.1.12.  fiziki  şəxslərin  hüquq  və  azadlıqlarına  qəsd  edən,  onların 



həyatını,  sağlamlığını,  şərəf  və  ləyaqətini,  əmlakını  və  qanuni  mənafelərini 

təhlükə altına alan hərəkətlərə yol vermək. 

 

11.2. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq-mühafizə 



orqanları əməkdaşlarının hüquqi statusu şamil edilmir. Özəl mühafizə fəaliyyəti 

göstərən şəxslər tərəfindən bu Qanunun 11.1-ci maddəsində göstərilən əməllərin 

törədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

 

Maddə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi  



 

12.1.  Özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi 

mühafizəçiləri  geyim  forması  və  müvafiq  mühafizəçi  vəsiqəsi  ilə  təmin 

etməlidir. 

 

12.2.  Mühafizəçilərin  geyim  formaları  Azərbaycan  Respublikasının 



Silahlı  Qüvvələri  və  başqa  silahlı  birləşmələrin,  prokurorluq,  daxili  işlər,  milli 

təhlükəsizlik,  fövqəladə  hallar,  ədliyyə,  vergi,  gömrük  və  digər  dövlət 

orqanlarının  xüsusi  və  ya  hərbi  geyim  formalarından  aşkar  və  aydın  şəkildə 

seçilməlidir. Mühafizəçinin geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq 

icra hakimiyyəti orqanı ilə razılaşdırılır. 

 



 

 



 

12.3.  Özəl  mühafizə  müəssisəsi  və  hüquqi  şəxsin  mühafizə  bölməsinin 

mühafizəçisinin  geyim  formasının  üzərində  həmin  müəssisənin  tam  adı,  fərdi 

qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir.  

 

Maddə  13.  Özəl  mühafizə  fəaliyyətinin  həyata  keçirilməsində  fiziki 



qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları  

 

13.1.  Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirərkən  mühafizəçilərə  yalnız 



mühafizə  olunan  obyektlərin  hüdudlarında  bu  Qanunla  və  Azərbaycan 

Respublikasının  digər  normativ  hüquqi  aktları  ilə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada  fiziki  qüvvənin,  habelə  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin 

mühafizə  bölməsi  tərəfindən  xidməti  istifadə  üçün  verilmiş  xüsusi  vasitələrin 

tətbiqinə icazə verilir.  

 

13.2.  Bu  Qanunun  tələblərinə  uyğun  olaraq  fiziki  qüvvənin  və  ya  xüsusi 



vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. 

 

13.3. Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı 



şərtlərə riayət etməlidir: 

 

13.3.1. insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət 



və  ya  zəruri  müdafiə  vəziyyətində,  bütün  digər  təsir  imkanlarından  istifadə 

lazımi  nəticə  vermədikdə,  hüquq  pozuntusunun  xarakterindən  və  ictimai 

təhlükəlilik  dərəcəsindən  və  ya  onu törədənin şəxsiyyətindən  asılı olaraq  tətbiq 

edilməlidir; 

 

13.3.2.  öz  xidməti  vəzifələrini  icra  etməsi  və  fiziki  qüvvə  və  ya  xüsusi 



vasitə  tətbiq  etmək  niyyəti  barədə  buraxılış  və  obyektdaxili  rejim  qaydalarını 

pozan şəxslərə xəbərdarlıq etməlidir;  

 

13.3.3.  hüquq  pozuntusunun  xarakterindən  və  ictimai  təhlükəlilik 



dərəcəsindən,  eləcə  də  ona  göstərilən  müqavimətin  dərəcəsindən  asılı  olaraq 

vurulan zərərin minimal olmasına cəhd etməlidir; 

 

13.3.4.  bədən  xəsarəti  alan  şəxslərə  ilkin  tibbi  yardımın  göstərilməsini 



təmin etməlidir; 

 

13.3.5. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu 



barədə  dərhal  müvafiq  icra  hakimiyyəti  orqanına  və  prokurorluq  orqanlarına 

məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə 

bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır. 

 

13.4. Mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın 



edildiyi,  o  cümlədən  silahlı  müqavimət  göstərildiyi  hallar  istisna  olmaqla 

qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, yaxud digər fiziki və 




 

 

10



 

ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya kənar 

şəxslərin  zərər  çəkə  biləcəyi  yerlərdə  fiziki  qüvvənin  və  ya  xüsusi  vasitələrin 

tətbiqi qadağandır. 

 

13.5.  Fiziki  qüvvənin  və  ya  xüsusi  vasitələrin  tətbiq  edildiyi  hər  bir  hal 



barədə  mühafizəçi tərəfindən təqdim  olunmuş  məlumat  əsasında özəl  mühafizə 

müəssisəsinin  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsinin  rəhbəri  xidməti 

yoxlama aparmalı və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun 

olub-olmaması  barədə  müvafiq  rəy  hazırlamalıdır.  Fiziki  qüvvə  və  ya  xüsusi 

vasitənin  tətbiqinin  qanunauyğun  olub-olmaması  barədə  müvafiq  rəy  özəl 

mühafizə  müəssisəsinin  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsinin  rəhbəri 

tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına və prokurorluq 

orqanlarına təqdim olunur. 

 

13.6. Mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət 



hədlərini,  habelə  cinayət  (inzibati  xəta)  törətmiş  şəxsin  tutulması  üçün  zəruri 

olan  tədbirlərin  həddini  aşaraq  fiziki  qüvvə  və  ya  xüsusi  vasitə  tətbiq  etməsi 

qanunvericiliyə  müvafiq  olaraq  cinayət,  inzibati,  mülki-hüquqi  və  intizam 

məsuliyyətinə səbəb olur. 

 

13.7.  Özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi 



tərəfindən  xüsusi  vasitələr  onların  mühafizəsini,  təhlükəsizliyini  təmin  edən  və 

kənar  şəxslər  tərəfindən  ələ  keçirilməsini  istisna  edən  şəraitdə  qanunvericiliklə 

müəyyən edilmiş qaydada saxlanılmalıdır.  

 

Maddə 14. Özəl mühafizə fəaliyyətində fiziki qüvvənin tətbiqi 



 

Mühafizə  olunan  obyektlərə  qəsd  edən  cinayət  əməlləri  və  ya  inzibati 

xətaların  qarşısını  almaq,  bu  əməlləri  törədən  şəxsləri  saxlamaq,  eləcə  də  öz 

qanuni  tələblərinə  müqaviməti  aradan  qaldırmaq  üçün  mühafizəçi  ona  həvalə 

olunmuş  vəzifələrin  icrasını  başqa  üsullarla  təmin  edə  bilmədikdə  fiziki  qüvvə 

tətbiq edə bilər. 

 

Maddə 15. Özəl mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi 



 

15.1.  Xüsusi  vasitələr  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin 

mühafizə  bölməsi  tərəfindən  yalnız  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

verilmiş  xüsusi  vasitənin  əldə  olunması,  saxlanılması  və  ondan  təyinatı  üzrə 

istifadə  edilməsi  hüququnu  təsdiq  edən  şəhadətnaməyə  əsasən  əldə  oluna, 

saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilə bilər.  

 

15.2.  Özəl  mühafizə  müəssisələri  və  ya  hüquqi  şəxslərin  mühafizə 



bölmələri  tərəfindən  əldə  oluna,  saxlanıla  və  təyinatı  üzrə  istifadə  edilə  bilən 

xüsusi vasitələrin siyahısı, habelə xüsusi vasitənin özəl mühafizə müəssisəsi və 

ya  hüquqi  şəxsin  mühafizə  bölməsi  tərəfindən  əldə  olunması,  saxlanılması  və 



 

 

11



 

ondan  təyinatı  üzrə  istifadə  edilməsi  üçün  mühafizəçilərə  verilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

 

15.3. Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda tətbiq 



oluna bilər: 

 

15.3.1.  mühafizəçilərin  həyat  və  sağlamlığına  real  təhlükə  törədən 



basqınları dəf etdikdə; 

 

15.3.2.  mühafizə  olunan  obyektə  və  ya  mühafizəçilərə  bir  qrup  şəxs 



tərəfindən  və  ya  silah,  yaxud  silah  qismində  istifadə  edilən  əşyalar  tətbiq 

edilməklə  törədilən  hücumun  qarşısını  alarkən,  belə  hücumun  qarşısını  digər 

üsullarla almaq mümkün olmadıqda;  

 

15.3.3. fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət 



törədən  zaman  yaxalanan  şəxslər  qaçmağa  cəhd  göstərdikdə  və  ya  silahlı 

müqavimət göstərəcəyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda həmin 

şəxslər saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda; 

 

15.3.4.  saxlanılan  şəxslər  mühafizəçinin  xidməti  otağına  və  ya  hüquq-



mühafizə orqanına gətirilərkən müqavimət göstərdikdə; 

 

15.3.5.  mühafizəçinin  qanuni  tələblərini  yerinə  yetirməyən  nəqliyyat 



vasitəsinin sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda; 

 

15.3.6.  mühafizəçinin  xüsusi  vasitələrini  ələ  keçirmək  cəhdinin  qarşısını 



aldıqda. 

 

Maddə  16.  Özəl  mühafizə  fəaliyyətində  texniki  vasitələrdən  istifadə 



edilməsi  

 

16.1.  Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirərkən  texniki  və  digər 



vasitələrdən istifadə insanların hüquq və azadlıqlarını pozmamalı, onların həyat 

və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamalıdır. 

 

16.2. Mühafizə olunan obyektlərdə texniki vasitələrdən istifadə mühafizə 



olunan  obyektlərin  mülkiyyətçilərinin  və  ya  hüquqi  şəxsin  müvafiq  vəzifəli 

şəxslərinin yazılı razılığı ilə həyata keçirilir. 

 

16.3.  Özəl  mühafizə  fəaliyyətini  həyata  keçirərkən  gizli  qaydada 



informasiya  alınması  üçün  nəzərdə  tutulmuş,  bu  məqsədlə  uyğunlaşdırılmış  və 

ya proqramlaşdırılmış texniki vasitələrdən istifadə olunması qadağandır.  

 

Maddə 17. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi 



razılıq (lisenziya) 


 

 

12



 

 

17.1.  Özəl  mühafizə  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  razılıq 



(lisenziya)  bu  Qanun  və  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi 

aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

 

17.2.  Xüsusi  razılıq  (lisenziya)  olmadan  özəl  mühafizə  fəaliyyətinin 



həyata  keçirilməsi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş qaydada məsuliyyətə səbəb olur. 

 

17.3.  Azərbaycan  Respublikasının  ərazisində  xarici  hüquqi  şəxslər  və  ya 



əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  təsis  edilmiş  hüquqi 

şəxslər,  o  cümlədən  birbaşa  və  ya  dolayı  yolla  xarici  kapitalın  iştirakı  ilə 

yaradılmış hüquqi şəxslər, habelə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər özəl 

mühafizə  müəssisəsi  yarada,  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin 

mühafizə  bölməsinə  rəhbərlik  edə,  mühafizəçi  qismində  fəaliyyət  göstərə 

bilməz. 


 

17.4.  Bu  Qanunun  17.3-cü  maddəsində  göstərilən  hüquqi  şəxslər  öz 

mühafizəsini təmin etmək məqsədilə mühafizə bölməsi yarada bilər. 

 

17.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin 



mühafizəçilərinin ümumi  say  həddi  müvafiq icra  hakimiyyəti  orqanı tərəfindən 

təsdiq olunur. 

 

17.6.  Özəl  mühafizə  fəaliyyətində  bu  Qanunun  və  Azərbaycan 



Respublikasının  digər  qanunvericilik  aktlarının  müddəalarının  pozulması  özəl 

mühafizə  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  verilmiş  xüsusi  razılığın 

(lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır.  

 

Maddə  18.  Özəl  mühafizə  fəaliyyəti  göstərən  şəxslərin  sosial  və 



hüquqi müdafiəsi 

 

Mühafizəçilərin  xidməti  vəzifələrinin  icrası  zamanı  həlak  olması,  bədən 



xəsarəti  alması,  sağlamlığına  digər  zərərin  dəyməsi  halları  işəgötürənin  vəsaiti 

hesabına icbari sığorta olunmalıdır.  

 

Maddə 19. Özəl mühafizə müəssisəsinin dövlət orqanları ilə qarşılıqlı 



əlaqələri 

 

19.1. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri 



ictimai  təhlükəsizliyin  və  ictimai  qaydanın  qorunması,  milli  təhlükəsizliyin 

təmin  edilməsi,  mülkiyyətin  mühafizəsi  və  digər  sahələrdə  dövlət  orqanları  ilə 

əməkdaşlıq edirlər. 

 



 

 

13



 

19.2.  Özəl  mühafizə  müəssisələri  və  hüquqi  şəxslərin  mühafizə 

bölmələrinin  dövlət  orqanları  ilə  qarşılıqlı  əlaqələri  və  fəaliyyətlərinin 

koordinasiyası onların arasında bağlanmış müqavilə əsasında qarşılıqlı məlumat 

mübadiləsi, birgə və ya razılaşdırılmış tədbirlər formasında həyata keçirilə bilər. 

 

Maddə 20. Özəl mühafizə fəaliyyətinə nəzarət 



 

20.1.  Azərbaycan  Respublikasının  ərazisində  özəl  mühafizə  fəaliyyətinə, 

eləcə  də  bu  fəaliyyət  çərçivəsində  xüsusi  vasitələrin  dövriyyəsinə  nəzarət 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir.  

 

20.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri 



özəl  mühafizə  fəaliyyətinə  nəzarəti  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanının  verdiyi  yazılı  sorğulara  əsasən  müvafiq  sənədləri,  yazılı  və  şifahi 

məlumatları həmin orqana təqdim etməlidirlər. 

 

20.3.  Bu  Qanunun  10.2.1  və  13.5-ci  maddələrində  nəzərdə  tutulmuş 



məlumatlar,  rəylər  və  digər  zəruri  sənədlər  özəl  mühafizə  müəssisəsi  və  ya 

hüquqi şəxsin mühafizə bölməsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə 

razılaşdırılmış qaydada sənədləşdirilməli və 3 il ərzində saxlanılmalıdır. 

 

Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət 



 

Bu  Qanunun  tələblərinin  pozulmasına  görə  fiziki  və  hüquqi  şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

 

 

Đlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 10 aprel 2007-ci il 



№ 266-IIIQ 

Yüklə 113,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə