Microsoft Word 79 azərbaycanda xanəNDƏLİk səNƏTİNİN İNKİŞaf xüsusiYYƏTLƏRİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü3,48 Mb.
#56725


      RAST MÜZİKOLOJİ DERGİSİ 

       Uluslararası Müzikoloji Dergisi 

www.rastmd.com

Doi:10.12975/rastmd.2016.04.02.00079

1217

AZƏRBAYCANDA XANƏNDƏLİK SƏNƏTİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 

Əhsən Əhmədov

1

ÖZET

Xanəndəlik  sənəti  qədim  ustad  ənənələrinə  əsaslanan  bir  sənətdir.  Xanəndələr 

ustadlarından  muğamın  sirlərini  öyrənərək,  ənənələrini  davam  və  inkişaf  etdirirlər  və 

özünəməxsus xüsusiyyətlərlə zənginləşdirirlər. Xanəndələr - klassik ənənələrə əsaslanan muğam 

ifaçısı  olub,  musiqi  mədəniyyətini  öz  yaradıcılıq  -  ifaçılıq  fəaliyyəti  ilə  zənginləşdirmişdir. 

Xanəndələrin  sazanda  dəstələrinin  müşayiətilə  ifa  edərək  yaratdıqları  muğamlar  nadir  sənət 

nümunələri  kimi  milli  musiqi  xəzinəsinə  daxil  olmuşdur.  Eyni  zamanda,  xanəndələr  –  öz 

biliklərini və ənənələrini gələcək nəsillərə ötürən ustad, müəllimdir, Azərbaycan bəstəkarlarının 

operalarında  və  vokal-instrumental  əsərlərində  əsas  partiyalarda  çıxış  edən  konsert  və  opera 

ifaçısıdır.  Xanəndə    kadrlarının  hazırlanması,  konsertlərdə  və  muğam  operalarında  çıxış  edən 

xanəndələrin yetişməsində Azərbaycanın ustad xanəndələrinin əməyi qeyd olunmalıdır.  

Açar sözlər: muğam, xanəndə, ənənələr, konsert, opera

РАЗВИТИЕ ИСКУССТВА ХАНЕНДЕ В АЗЕРБАЙДЖАНЕ 

Ахсан Ахмедов 

РЕЗЮМЕ 

Искусство  ханенде,  основанно  на  традициях  пения  древних  мастеров.  Обучаясь 

секретам    исполнительского  мастерства  мугама,  ханенде  хранят  и  развивают  традиции  

азербайджанского  мугама    и  обогащают  своими  оригинальными  интерпретациями. 

Ханенде  –  певцы,  исполнители  мугамов  классической  традиции,  которые  обогатили 

музыкальное  искусство  своими  творческой-исполнительской  деятельностью.  Созданные 

ханенде  в  сопровождении  музыкального  ансамбля  вокально-инструментальные  мугамы  

являются  уникальными  произведениями    искусства  и  вошли  в  сокровищницу 

национальногомузыкального  искусства.  В  то  же  время,  ханенде  –  мастер,  педагог, 

который передает свои знания и традиции будущему поколению, концертный и оперный 

исполнитель, выступающий на сцене, исполняющий основные партии во многих операх и 

вокально-инструментальных  произведениях  Азербайджанских  композиторов.  Следует 

отметить важную роль мастеров  мугама в обучении певцов, выступающих на концертах 

и в мугамных операх,  продолжателей древних традиций искусства мугама.  



Ключевые слова: мугам, ханенде, традиции, концерт, опера

1

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 




Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri 

1218


THE DEVELOPMENT OF ART SINGERS IN AZERBAIJANI

AhsanAhmadov

ABSTRACT

The art singers, based on tradition of singing the ancient masters. Learning the secrets

of mastery mugham singers keep and develop the traditions of Azerbaijani mugam and enrich

their original interpretations. Singers - mugham performers of classical traditions that have

enriched the musical art of their creative-performing activities. Singers accompanied by musical

ensemble vocal and instrumental mugam is a unique work of art and the treasury of national

music art. At the same time, the singers - master teacher who conveys his knowledge and

tradition to future generations, a concert and opera singer, performing on stage, performing

major parties in many operas and vocal and instrumental works by Azerbaijani composers. It

should be noted an important role of masters of mugham in the training of singers, performing

in concerts and in mugham operas, successors to the ancient traditions of the art of mugham.

Keywords: mugham, singer, traditions, concert, opera

GİRİŞ 

Muğam  –  Azərbaycan  xalqının  musiqi  irsinin  zəngin  sərvətidir.  Müasir  dövrdə 

Azərbaycanda  muğam  sənəti  yüksək  səviyyədə  inkişaf  etdirilir.  Görkəmli  muğam  ifaçılarının 

yaradıcılıq irsi qorunur və dünya miqyasında təbliğ olunur. Azərbaycan xanəndələrinin ifaçılıq 

sahəsindəki  nailiyyətlərini  musiqi  mədəniyyətinin  əlamətdar  hadisələri  kimi  qeyd  etməliyik. 

Muğam ifaçılığı və muğam  yaradıcılığının vəhdətdə tədqiq olunması vacibdir. Digər tərəfdən, 

musiqi  sənətində  yeni  yollar  açmış  ustad  sənətkarların  yaradıcılıq  fəaliyyətinin  öyrənilməsi 

zəruridir  və  onların  tarixi  rolunun  qiymətləndirilməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

baxımdan  müasir  dövrdə  xanəndəlik  sənətinin  müxtəlif  cəhətlərdən  –  ifaçılıq,  yaradıcılıq, 

pedaqoji  sahələrdə  tədqiqi,  onların  Azərbaycan  şifahi  ənənəli  professional  musiqi 

mədəniyyətinin  inkişafındakı  rolunun  öyrənilməsi  müasir  musiqişünaslıqda  aktual 

məsələlərdəndir. 

Xanəndəlik sənətinin inkişafında dövrləşmə - cəmiyyətin mədəni-ictimai həyatı ilə bağlı 

olaraq  aparıla  bilər.  Azərbaycan  xanəndəlik  sənətinin  inkişafında  hər  bir  tarixi-siyasi  dövr 

özünəməxsus cəhətlərlə əlamətdar olmuşdur. Elmi ədəbiyyata, tarixi faktlara, ədəbi mənbələrə, 

o  cümlədən,  muğam  ifaçılarının  fəaliyyətinə  əsaslanaraq,  xanəndəlik  sənətinin  tarixi  inkişaf 

yolunun dövrləşməsini bu şəkildə aparmaq olar: I. Qədim dövrdən başlayaraq, erkən orta əsrlər 

(X əsrə qədər) dövrünə qədər – xanəndəlik sənətinin yaranması ilə bağlı ilkin məlumat; II. Orta 

əsrlər, X-XVII əsrlər – Şərq İntibahı dövrü, klassik poeziyanın və muğam sənətinin inkişafı; III. 

XVIII  –  XIX  əsrlər  –  Azərbaycanın  ayrı-ayrı  bölgələrində  muğam  məktəblərinin  meydana 

gəlməsi, Azərbaycan tarının yaranması; IV. XX əsr və XXI əsrin ilk onillikləri, hazırkı dövrə 

qədər - xanəndəlik sənətinin yüksək inkişaf dövrü. 

Xanəndəlik – muğam ifaçılığı sənətinin yaranmasının I dövrü qədim dövrlərdən başlanır 

və muğamın bir janr kimi formalaşmasına - X əsrə qədər davam edir, buraya İslamaqədərki və 

İslamdan  sonrakı  erkən  orta  əsrlər  dövrünü  də  aid  edə  bilərik.  Həmin  dövrdə  xanəndəlik 

sənətinin  yaranması  ilə  bağlı  tarixi  və  elmi  mənbələrdən  məlumat  alırıq.  Son  onilliklərdə 

aparılmış  bir  sıra  tədqiqatlarda  arxeoloji  qazıntılar  nəticəsində  üzə  çıxarılmış  mənbələrdə 

xanəndəlik sənətinin qədim köklərə malik olduğundan xəbər verilir (1). Bu dövrdə şifahi ənənəli 

musiqidə  xalq  musiqisi,  aşıq  və  muğam  sənəti    kimi  təbəqələşmə  əmələ  gəlmiş,  aşıq  



Əhmədov Ə.                                         Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016),  s. 1217-1224 

1219


yaradıcılığı və  muğam ifaçılığı xanəndə sənəti şifahi ənənəli musiqinin peşəkar sahələri kimi, 

ustad ənənələri əsasında formalaşmışdır.  

Musiqişünas-alim  R.Zöhrabov  “Muğam”  kitabında  şifahi  ənənəli  Azərbaycan 

musiqisinin üç təbəqədən ibarət olduğunu göstərmişdir: “xalq (mahnı və rəqs musiqisi janrları), 

xalq-professional  (aşıq  musiqi  yaradıcılığı)  və  sırf  şifahi-professional  musiqi  janrları  (muğam 

dəstgahları, kiçik formalı muğamlar, zərbi-muğamlar, rənglər və təsniflər)”(1, 6). Bu təbəqələri 

səciyyələndirən alim yazır ki, “...xalq musiqi növləri və şifahi ənənəyə əsaslanan professional 

musiqi janrları bütün dövrlərdə bir-birilə çox sıx əlaqədədir. Öz kökləri ilə gedib qədim dövrlərə 

çatan xalq musiqi yaradıcılığı şifahi ənənəyə əsaslanan professional musiqi sənətinin yaranması 

və getdikcə inkişafı üçün faydalı zəmin olmuşdur” (1, 5).  

Bu  baxımdan  yanaşsaq,  qeyd  etməliyik  ki,  yuxarıda  göstərilən  hər  bir  yaradıcılıq 

təbəqəsinin özünəməxsus ifaçılıq ənənələri, musiqi irsi, tətbiqi sahələri əsrlər boyu formalaşmış, 

bir-birinə qarşılıqlı surətdə təsir edərək, təkmilləşmiş və  bizim günlərə çatmışdır. Buna görə də 

ifaçılıq sahələrinin köklərini qədim dövrlərdə aramaq lazımdır. Belə ki, xalq arasından çıxmış, 

xalq musiqisi üzərində yetişmiş, istedadlı insanlar musiqini özünə peşə seçərək, aşıq, xanəndə 

və ya instrumental ifaçı kimi fəaliyyət göstərmişlər. Onların formalaşdırdıqları ifaçılıq üslubları 

və  ənənələri  yaddaş  vasitəsilə  gələcək  nəsillərə  ötürülərək  təkmilləşmişdir.  Elmi  ədəbiyyatda 

müxtəlif  dövrlərdə  xanəndəlik  –  müğənnilik  sənətinin  formalaşması,  onların  yaradıcılıq 

məhsulu  olan  muğamların,  təsniflərin  meydana  gəlməsi  və  inkişafı  ilə  bağlı  məlumata  rast 

gəlinir. 

Muğamın  bir  janr  kimi  formalaşması  prosesi  X-XII  əsrlərə  aid  edilsə  də,  ifaçılıq-

yaradıcılıq  kökləri  həmin  dövrə  qədər  tədriclə  yetişmişdir  və  bu  prosesdə  dinin  də  təsiri  az 

olmamışdır.  Qədim  dövrlərdən  cəmiyyətin  musiqi  həyatında  xalq  mahnı  və  rəqsləri,  aşıq 

yaradıcılığı,  dini  musiqi  və  saray  musiqisindən  ibarət  təbəqələrdə  öz  əksini  tapmışdır.  Tarixi 

inkişaf  mərhələlərində  bunlar  müəyyən  təkamülə  məruz  qalmış,  bir-birinə  qarşılıqlı  təsir 

göstərərək,  şifahi  ənənəli  musiqi  mədəniyyətinin  özünəməxsus  xüsusiyyətlərə  malik  sahələri 

kimi inkişaf edib, bizim günlərə çatmışlar və bu proses bu gün də davam etdirilir. 

Xanəndəlik sənətinin təşəkkülünün II dövrü orta əsrlərə aid olub, X əsrdən başlayaraq, 

klassik  poeziyanın  və  muğam  sənətinin  inkişafı  ilə  səciyyələnir.  Elmi  ədəbiyyatda  “Şərq 

intibahı” adlandırılan orta əsrlər dövrü bəşər tarixinə bir sıra mütəfəkkir şair və filosofları bəxş 

etmişdir.  

Şərq  aləmində  orta  əsrlər  dövründə  muğam  ifaçılığı  sənəti  böyük  şəhərlərdə  saray 

mədəniyyəti  kimi  çiçəklənmə  dövrünü  yaşayıb.  Muğamın  bir janr  kimi  formalaşması,  muğam 

ənənələrinin, terminologiyanın yaranması, muğam tərkiblərinin sistemləşməsi bu dövrə aiddir. 

Xanəndəlik  -  saray  musiqiçisi  kimi  xarakterizə  olunaraq,  musiqi  mədəniyyətinin  inkişafında 

mühüm  rol  oynamağa  başlamış,  muğam  ifaçılığı  sənəti  şifahi  ənənəli  professional  musiqinin 

yüksək inkişaf etmiş təbəqəsini təşkil etmişdir.  

Klassik  poeziyanın  və  muğam  sənətinin  inkişafı  dövrü  kimi    mədəniyyət  tarixinin 

xüsusi  bir  mərhələsi  olan  Orta  əsrlər  dövrünün  əsas  ifaçılıq  xüsusiyyətləri  haqqında  məlumat 

Şərqin  böyük  şairlərinin  yaratdığı  klassik  poeziya  nümunələrində  və  Şərq  aləminin  görkəmli 

ensiklopedik  alimlərinin  risalələrində  bizə  gəlib  çatmışdır.  Bu  dövr  haqqında  məlumat  verən 

əsas ədəbi və elmi mənbələr kimi “Qabusnamə” (Keykavus, XI əsr) əsərini, Nizami Gəncəvi, 

Məhsəti Gəncəvi, Xaqani Şirvani (XII əsr), İmadəddin Nəsimi (XIII-XIV əsrlər), Şah İsmayıl 

Xətai  (XIV  əsr),  Füzuli  (XVI  əsr)  kimi  şairlərin  poeziyasını,    Səfiəddin  Urməvi  (XIII  əsr), 




Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri 

1220


Əbdülqadir  Marağayi  (XIV-XV  əsrlər),  Fətullah  Şirvani  (XV  əsr),  Mirzə  bəy  (XVII  əsr)  və 

başqa musiqişünas-alimlərin elmi əsərlərini qeyd edə bilərik. 

Məhz bu dövrdə muğam bir janr kimi formalaşmış, Şərq musiqi təfəkkürünün ən yüksək 

forması kimi inkişaf edərək, şifahi ənənəli professional musiqinin mərkəzi janrına çevrilmişdir. 

Orta  əsrlərdə  muğam  ifaçılığı  ilə  yanaşı,  musiqinin  tədqiqinə  həsr  olunmuş  risalələr 

yaranmışdır. Həmin dövrə aid ədəbi və elmi mənbələrdə xanəndəlik sənəti ilə bağlı məlumat öz 

əksini tapmışdır (2).  

Xanəndəlik  sənətinin  tarixi  inkişafının  III  dövrü  XVIII  –  XIX  əsrləri  əhatə  edir.  Bu 

dövrün  əsas  hadisələri  Azərbaycanın  ayrı-ayrı  bölgələrində  –  Qarabağ,  Abşeron,  Şirvan  və  s., 

muğam  ifaçılığı  ənənələrini  yaşadan  muğam  mühitlərinin  və  muğam  məktəblərinin  meydana 

gəlməsi  ilə  bağlıdır  (3).  Həmçinin,  XIX  əsrdə  böyük  tarzən  Mirzə  Sadıq  Əsəd  oğlunun 

yaradıcılıq  fəaliyyəti  -  Azərbaycan  tarının  yaranması  muğam  sənətinin  inkişafının  yeni 

mərhələsi  olmuşdur.  Bu  dövrdə  Azərbaycan  muğamının  inkişafı,  ifaçılıq  ənənələrinin 

ötürülməsinin  genişlənməsi,  xanəndəlik  sənətinin  yeni  mərhələyə  qədəm  qoyması  müşahidə 

olunur.  Görkəmli  şair  və  yazıçıların,  alimlərin  və  muğam  bilicilərinin  –  Seyid  Əzim  Şirvani,  

Xurşidbanu  Natəvan,  Mir  Möhsün  Nəvvab  və  b.  yaradıcılığı,  müxtəlif  bölgələrdə  fəaliyyət 

göstərən  poeziya  və  musiqi  məclisləri,  muğam  məktəbləri  bu  dövrün  əlamətdar  hadisələridir. 

Xanəndələrin ənənəvi fəaliyyət sahələri – toy məclisləri ilə yanaşı, onların yaxından iştirakı ilə 

keçirilən poeziya və musiqi məclisləri muğam ifaçılığının inkişafında böyük rol oynamışdır.  

Azərbaycanda muğam ifaçılığı məsələlərini araşdırarkən XIX əsrə kimi xanəndələr və 

məktəblər  haqqında  geniş  məlumata  rast  gəlmirik.  Lakin  adı  çəkilən  dövrdən  başlayaraq 

xanəndəlik  sənəti  özünün  yeni  mərhələsinə  qədəm  qoyur,  artıq  xanəndələr  özləri  də  müxtəlif 

təbəqələrə  bölünür.  Musiqi  mədəniyyətində  xanəndə  -  sənətkar,  ustad,    yaradıcı-ifaçı  kimi 

önəmli yer tutmağa başlayır. 

XIX  əsrin  I  yarısında  Azərbaycanda  xanəndəlik  sənətinin  yüksəliş  dövrü  başlandı.  İlk 

dövrdə,  bu  Azərbaycanın  müxtəlif  şəhərlərinin  adı  ilə  bağlı  idi.  Bu  şəhərlər  arasında  Şuşa, 

Şamaxı daha sonralar isə Bakı xüsusi yer tuturdu. Adını çəkdiyimiz şəhərlər arasında Şuşanın 

öz payı var. Çünki xanəndəlik sənətinin, daha doğrusu musiqi sənətinin inkişafı məhz bu şəhərin 

adı ilə bağlıdır desək, yanılmarıq. Ümumiyyətlə, Qarabağ xanəndəlik məktəbi bütün zamanlarda 

digər məktəblərə nisbətən daha böyük tarixə malik olub, Azərbaycan xanəndəlik sənətində öz 

sözünü demiş yüzlərlə böyük xanədənin beşiyi olmuşdur. 

Bu dövrdə böyük şəhərlərdə musiqi məclislərin təşkil olunması ilə muğam dəstgahları 

təkmilləşdirilir,  müxtəlif  şöbə  və  guşələrlə  zənginləşdirilir,  yeni  yaradılan  təsnif  və  rənglər 

səsləndirilirdi. Çox zaman yaradıcılığa başlayan musiqiçilər burada ustad sənətkarlardan xeyir-

dua alırdılar. Bu məclislər muğam sənətini inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün 

əsl ustadlıq məktəbinə çevrilmişdi.  

XIX  əsrin  II  yarısında  muğam  ifaçılığını  tədris  edən  məktəblər  meydana  gəlməyə 

başladı  ki,  bunlar  dini  mahiyyət  daşıyırdı.  Xarrat  Qulu  dini  mərasimlərdə  iştirak  etmək  üçün 

gözəl  səsi  olan  gəncləri  öz  məktəbinə  cəlb  edir,  onlara  muğamatı  və  oxumaq  qaydalarını 

öyrədirdi.  Lakin  inkarolunmaz  bir  faktdır  ki,  bu  məktəb  sonradan  muğam  tədris  edən  musiqi 

məktəblərinə  nümunə  olmuşdur.  Qarabağın  ən  görkəmli  xanəndələri  Hacı  Hüsü,  Məşədi  İsi, 

Şahnaz  Abbas,  Əbdülbaği  Zülalov  (Bülbülcan),  Keştazlı  Həşim,  Keçəçi  oğlu  Məhəmməd, 

Cabbar  Qaryağdı  oğlu  və  məşhur  tarzən  Sadıqcan  həmin  məktəbin  yetişdirmələridir  (4). 

Beləliklə,  Xarrat  Qulunun  məktəbinə  Qarabağ  muğam  ifaçılığı  məktəbinin  inkişaf  tarixində 

mühüm bir mərhələ kimi baxmaq lazımdır. 



Əhmədov Ə.                                         Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016),  s. 1217-1224 

1221


XX  əsrə  qədərki  dövrdə  xanəndəlik  sənətinin  inkişafından    söhbət  açarkən  əsas 

diqqətimizi  iki  amilə  yönəltməliyik.  Bu  dövrdə  muğam  ifaçılığının  -    xanəndəliyin  inkişafına 

musiqi  məclisləri  və  musiqi  məktəblərinin  rolunu  vurğulamalıyıq.  Məhz  bu  məclislər  və 

məktəblər  XX  əsrin  əvvəllərində  muğam  ifaçılığı  sənətinin  qızıl  dövrünü  yaşamasına  səbəb 

olmuşdur.  

Muğam  ifaçılığı  sənətinin  IV  inkişaf  mərhələsi  XX  əsr  və  XXI  əsrin  ilk  onillikləri, 

hazırkı  dövrə  qədər  -  xanəndəlik  sənətinin  yüksək  inkişaf  dövrü  kimi  xarakterizə  oluna  bilər. 

Nəzərə  almalıyıq  ki,  xanəndələr  xalqın  nümayəndələri  olaraq,  cəmiyyətin  həyatında  yaxından 

iştirak  etmişlər.  Dövrün  ictimai-siyasi  hadisələri  onlardan  yan  keçməmişdir,  həm  tarixi-siyasi, 

həm də ictimai-mədəni hadisələr musiqi mədəniyyətinin mühüm bir qolu olan muğam sənətinin 

inkişafına təsir göstərmişdir. 

XX əsri tarixi-siyasi hadisələrə əsaslanaraq, bir neçə mərhələyə bölmək olar. XX əsrdə 

Azərbaycan  cəmiyyətində  dörd  ictimai  formasiya  özünü  göstərir:  rus  imperiyası  dövrü, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrü,  Sovet  dövrü  və  müstəqil  Azərbaycan  Respublikası 

dövrü.  Hər  bir  dövrün  özünəməxsusluğu,  mədəniyyətin  inkişafına  müsbət  və  mənfi  cəhətləri 

qeyd  olunmaqla,  deməliyik  ki,  muğam  ifaçılığı  sənəti  əvvəlki  dövrlərdə  əldə  etdiyi  ənənələri 

davam etdirərək,  inkişaf etmiş, yeni nailiyyətlər əldə etmişdir.  

Birinci mərhələ - Rus imperiyası dövrü, XIX əsrdən başlayaraq, XX əsrin əvvəllərinə - 

1917-ci  ilə  kimi  davam  edən,  çarizmin  hökmranlığı  dövrü;  I  Dünya  müharibəsi  illəri  (1914-

1919).  Bu  dövrdə  Azərbaycan  musiqi  mədəniyyəti  üçün  yeni  bir  mərhələ  -  Azərbaycan 

operasının yaranması (1908) və bəstəkarlıq məktəbinin təməlinin qoyulması kimi əlamətdar bir 

hadisə ilə başlamışdır. Azərbaycanın şifahi ənənəli musiqi ifaçılığında, o cümlədən, xanəndəlik 

sənətində yeni yüksəliş dövrü müşahidə olunur.  

XX  əsrin  əvvəlləri  muğam  ifaçılarının  fəaliyyət  sahələrinin  genişlənməsi,  repertuarın 

zənginləşməsi,  muğam  janrlarının  inkişafı  -  dəstgahlar,  kiçik  həcmli  muğamlar,  zərbi-

muğamlar,  təsnif  və  rənglərin  yeni  nümunələrinin  meydana  gəlməsi  müşahidə  olunur. 

Xanəndələrin Azərbaycanda və xarici ölkələrdə fəaliyyət dairəsi genişlənir. Əvvəlki dövrlərdəki 

kimi  xanəndələr  toylar  və  məclislərdə  fəaliyyət  göstərməsi  ilə  yanaşı,  xanəndəlik  sənətində 

konsert  ifaçısı,  opera  ifaçısı  kimi  yeni  sahələr  meydana  gəlir;  qrammofon  vallarında 

xanəndələrin  səsyazmaları  meydana  gəlir,  onların  xarici  ölkələrə  səfərləri  yaddaqalan  faktlar 

kimi musiqi tarixinə daxil olmuşdur.  

Xanəndəlik  sənətinin  inkişafından  danışarkən,  milli musiqiçilərin qrammafon  vallarını 

xüsusi qeyd etmək lazımdır. Çünki klassik xanəndələrin səslərini qoruyub yaşadan qrammafon 

valları xalqımızın mədəni sərvətləridir. Bu vallar Azərbaycan musiqisinin təbliğində və dünya 

miqyasında tanınmasında müstəsna rol oynamışdır. Muğamların və xalq musiqisi nümunələrinin 

qrammafon vallarına yazılması onların elmi surətdə öyrənilməsinə də yollar açmışdır. 

Bu  dövrdə  yaranmış  Azərbaycan  musiqi  tarixində  ilk  opera  olan  Üzeyir  Hacıbəylinin 

“Leyli  və  Məcnun”  (1908)  operası,  ondan  sonra  yaranmış  “Əsli  və  Kərəm”,  “Şah  Abbas  və 

Xurşidbanu”,  digər  muğam  operaları,  həmin  dövrdə  meydana  gəlmiş  Zülfüqar  Hacıbəyovun 

“Aşıq Qərib” və Müslüm Maqomayevin “Şah İsmayıl” muğam operaları xanəndələrin ifası üçün 

nəzərdə  tutulmuşdu.  Bu  da  xanəndə  sənətində  yeni  bir  istiqamətin  –  opera  ifaçılığının 

formalaşmasına  təkan  verdi.  Hal-hazırda  da  xanəndəlik  sənətinin  tədrisində  opera  hazırlığı 

mühüm əhəmiyyət kəsb edir və bunun sayəsində adı çəkilən muğam operalarında ifaçı nəsilləri 

yetişdirilir.  




Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri 

1222


XX əsrdə musiqi mədəniyyətinin və o cümlədən, xanəndəlik sənətinin inkişafının ikinci 

mühüm mərhələsi - Azərbaycan Xalq Cümhuriyyəti dövrü - 1918-ci ildən (28 may) – 1920-ci 

ilə  (28  aprel)  kimi;  çarizm  devrildikdən  sonra  (1917)  xalqların  müstəqillik  uğrunda 

mübarizəsinin genişlənməsi nəticəsində yaranmışdır. Bu dövr həm bəstəkarlıq, həm də ifaçılıq 

sənətinə yeni dövrə uyğun - müstəqillik, türkçülük, qəhrəmanlıq kimi mövzuların daxil olması 

ilə səciyyələnir.   

Belə  bir  zamanda  xanəndə  təkcə  insanları  əyləndirən,  xoş  ovqat  yaradan  artist  deyil, 

eyni zamanda şəxsiyyət olmalı, öz ölkəsinin siması, səsi də olmalıdır. Sevindirici haldır ki, az 

tədqiq olunmasına baxmayaraq, bu dövrdə yaşayıb yaradan xanəndələrimiz təkcə öz maraqlarını 

güdməmiş,  özlərini  əsl  Azərbaycan    vətəndaşı  kimi,  cümhuriyyəti  yaradan  insanlarla  çiyin-

çiyinə çalışmışlar.  

1918-ci  ilin  sonlarında  Qafqaz  İslam  Ordusu  tərəfindən  Bakının  erməni-bolşevik 

qüvvələrindən azad olunmasından sonra yenidən paytaxtda “Türk gecələri”, “Şərq konsertləri” 

təşkil  olunmağa  başlandı.  Azərbaycan  milli  musiqisinin,  xüsusən  xanəndəlik  sənətinin 

inkişafında bu gecələrin xüsusi rolu olmuşdur.  

XX  əsrdə  üçüncü  mərhələ  -  Sovet  dövrüdür  -  1920-ci  ildən  (28  aprel)  başlanır. 

Azərbaycan  Sovet  Respublikasının  yaranması  və  Rusiyanın  başçılığı  altında  SSRİ    -  Sovet 

Sosialist Respublikaları İttifaqının tərkibində yaşamasını əhatə edən bu dövr 1991-ci ilə kimi – 

SSRİ-nin  dağılmasına  kimi  davam  etmişdir.  Bu  dövr  özlüyündə  bir  neçə  mərhələyə  bölünür: 

1920-30-cu illər  - cəmiyyətin bütün sahələr üzrə yenidən qurulması,  yeni mədəniyyət və təhsil 

sisteminin  qurulması;  II  Dünya  müharibəsi  və  Böyük  Vətən  müharibəsi  illəri  (1941-1945);  

1950-60-cı  illər  –  mədəniyyətin  inkişafı;  1970-80-cı  illər  -  Azərbaycan  mədəniyyətinin 

inkişafının yeni mərhələsidir. Hər bir dövrdə baş verən ictimai-mədəni hadisələrlə bağlı olaraq, 

musiqi  mədəniyyətində  mövzu,  janr  və  ifadə  vasitələri  baxımından  yeniləşmə  özünü  göstərir. 

Xanəndəlik sənətində də təkmilləşmə və inkişaf özünü büruzə verir 

Bu dövrün ilk illərində - 1920-ci illərdə yeni sovet ideologiyasının təsiri altında muğam 

ifaçılığı  sənətinə  müəyyən  qədər  mənfi  münasibət  özünü  göstərsə  də,  mütərəqqi  musiqi 

xadimlərinin  –  Üzeyir  Hacıbəylinin  başçılığı  ilə    bəstəkarların  və  muğam  ifaçılarının  səyləri 

nəticəsində  muğam  sənəti  həm  musiqi  mədəniyyətində,  həm  də  xalqın  həyatında  öz 

əhəmiyyətini qoruyub saxlaya bilmişdir.  

Bu  dövrdə  xanəndəlik  və  muğam  ifaçılığı  sənətində  əvvəlki  dövrlərin  nailiyyətləri 

üzərində  fəaliyyət  sahələrinin  davam  etdirilməsi  ilə  yanaşı,  təhsil  sistemində  müəllim  kimi 

fəaliyyəti qeyd olunmalıdır. Musiqi təhsili sisteminin bir qolu kimi,  muğam ifaçılığı sənətinin 

üç pillədən ibarət olan tədrisinin əsası qoyulmuşdur: - uşaq musiqi məktəblərində, orta ixtisas 

musiqi  məktəblərində,  ali  musiqi  məktəblərində  muğam  -  xanəndəlik  və  xalq  çalğı  alətləri 

ifaçılığı tədris olunmağa başlamışdır.  

XX  əsrin  30-40-cı  illərində  artıq  Azərbaycan  xanəndələri  təkcə  yerli  konsert  və  teatr 

səhnəsində  deyil,  ümumittifaq  səhnələrində  görünürdülər.  Onların  fəaliyyəti  keşmiş  SSRİ 

başçıları tərəfindən yüksək qiymtələndirilirdi. İkinci dünya müharibəsi zamanı onlar ön cəbhədə 

əsgərlərə konsertlər verir, onları ruhlandırırdılar. Sovet dövründə toy və ziyafətlərə getmək bir 

qədər məqbul sayılmadığına görə onlar daha çox səhnədə, radioda çıxışlar edir, vallara səslərini 

yazdırırdılar. 

Elmi  sahədə  folklorşünaslığın  inkişaf  etdirilməsi  istiqamətində  muğam  ifaçılarının  – 

görkəmli  xanəndələrin  və  tarzənlərin  iştirakı  ilə  not  yazıları  və  səs  yazıları  irsi  meydana 

gəlmişdir. Muğam ifaçılığı xüsusi tədqiqat obyektinə çevrilmişdir, görkəmli xanəndələr və xalq 



Əhmədov Ə.                                         Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016),  s. 1217-1224 

1223


çalğı  alətləri  ifaçıları  haqqında  elmi  və  publisistik  əsərlər  -  monoqrafiyalar  və  məqalələr  nəşr 

edilmişdir.  Həmçinin,  muğam  ifaçılarının  elmi  tədqiqata  marağı  artaraq,  onların  kitabları  və 

məqalələri çap olunur. Bu sahənin sonrakı illərdə daha da genişləndiyini müşahidə edirik.  

Müharibə  zamanı  (1941-1945)  və  müharibədən  sonrakı  dövrlərdə  milli  musiqi 

ifaçılarımız ağır şəraitdə ölkənin hər yerinə səfərlər edir, konsertlər verirdilər. Onlar hökumətin 

təşkil etdiyi bütün tədbirlərdə iştirak edirdilər. Maraqlı bir fakt da diqqətimizi cəlb edir – Cənubi 

Azərbaycan  inqilabı  zamanı  musiqiçilərimiz  Təbrizdə  və  bir  sıra  böyük  şəhərlərdə  çıxışlar 

etmişlər (5). 

XX  əsrin  ikinci  yarısında  muğam  ifaçılığımızdan  danışarkən  aşağıdakı  məqamlara 

diqqət yetirməliyik. 

-  XX  əsrin  əvvəllərində  üçlük  şəklində  çıxış  edən  xanəndələrimiz  artıq  xalq  çalğı 

ansambllarının  müşayiəti  ilə  konsertlərdə  görünməyə  başladılar.  Bunların  arasında 

Azərbaycanda  Əhməd  Bakıxanov,  Baba  Salahov,  Əhsən  Dadaşov  adına  xalq  çalğı  alətləri 

ansamblları, “Humayun” ansamblını xüsusi  qeyd edə bilərik. 

-  1956-cı  ildə  Azərbaycan  televiziyasının  işə  düşməsi  ilə  sənət  xalqa  bir  az  da 

yaxınlaşdırılmış  oldu.  1926-cı  ildə  Azərbaycan  radiosunun  xalqın  həyatında  oynadığı  rolu 

televiziya  görə  bilirdi.  Məhz  onun  vasitəsi  ilə  insanlar  sevdikləri  sənətkarların  ifalarını  həm 

görür, həm də eşidirdilər. Beləliklə, Respublikanın ən ucqar bölgələrində yaşayan əhali üçün də 

sənət nümunələrinin eşidilməsi əlçatan oldu. 

XX  əsrdə  dördüncü  tarixi  dövr  -  Müstəqil  Azərbaycan  Respublikası  dövrü  –  1991-ci 

ildən  (18  oktyabr)  hazırkı  dövrə  qədər.  Bu  dövrün  ərəfəsində  və  əvvəllərində  xalqın  milli 

azadlıq  mübarizəsi  yüksək  vüsət  almış,  1990-cı  il  20  yanvar  hadisələri    xalqın  müstəqillik 

uğrunda mübarizəsinin yüksək nöqtəsi kimi tarixə daxil olmuşdur.  

1993-cü ildən Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına 

başçılıq etməsilə ölkə siyasi, iqtisadi, mədəniyyət   və s. sahələr üzrə yüksəliş dövrünə qədəm 

qoymuşdur.  Azərbaycan  beynəlxalq  aləmdə  müstəqil  daxili  və  xarici  siyasət  yeridən  güclü 

dövlət  kimi  tanınmışdır.  Bu  dövr,  həmçinin,  musiqi  mədəniyyətinin  yüksəlişi,  beynəlxalq 

əlaqələrinin genişləndirilməsi ilə əlamətdardır.  

Ölkəmizin  müstəqillik  dövründə  Qarabağda  baş  verən  faciəvi  hadisələr  bütün 

cəmiyyətdə olduğu kimi, mədəniyyətdən, bilavasitə muğam ifaçılarının yaradıcılığından da yan 

keçməmişdir.  Qədim  ənənələrə  malik  Qarabağ  muğam  ifaçılığı  məktəbinin  ənənələrinin 

davamçıları  olan  xanəndələrin  fəaliyyəti,  Azərbaycan  muğamının  mühüm  bir  qolu  kimi 

Qarabağın musiqi ənənələrini yaşatmağa və dünyada təbliğ etməyə yönəlmişdir. Bu istiqamətdə 

dövlətin  apardığı  siyasətdə  Qarabağlı  muğam  ifaçıları,  xüsusilə  xanəndələr  öz  sənətləri  ilə 

mühüm  rol  oynayır,  Qarabağ  muğam  ifaçılığı  ənənələrinin  Azərbaycan  musiqi 

mədəniyyətindəki rolunu və əhəmiyyətini beynəlxalq miqyasda təbliğ edirlər.  

XXI  əsrin  başlanğıcı  –  muğamın  yeni  intibah  dövrü,  beynəlxalq  muğam  layihələrinin 

həyata  keçirilməsi,  xanəndələrin  beynəlxalq  arenada  fəaliyyətinin    genişlənməsi  dövrü  kimi 

xarakterizə  oluna  bilər.  XXI  əsrin    əvvəllərindən  Heydər  Əliyev  Fondunun  fəaliyyəti  birbaşa 

Azərbaycan muğamının qorunmasının, yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin təmin 

edilməsinə  yönəldilmişdir. Bu  istiqamətdə  görülən  bütün  işlər  bilavasitə  xanəndələrin  və  xalq 

çalğı  alətləri  ifaçılarının  milli  musiqi  mədəniyyətinin  inkişafındakı  rolunu  artırmaqla, 

Azərbaycan muğam sənətinin dünya məkanında təbliğini və yayılmasını reallaşdırmışdır. 



Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri 

1224


SONUÇ

Beləliklə,  XX  əsrdən  başlayaraq,  xüsusilə  XX  əsrin  II  yarısından  və  XXI  əsrin 

əvvəllərində xanəndələrin fəaliyyət sahəsi çox genişlənmişdir. Xanəndələr həm muğam ifaçısı – 

ansamblın  solisti,  həm  operanın  solisti,  həm  də  müəllim  kimi  tanınırlar,  muğam  sənətinin  və 

bəstəkar  yaradıcılığının  inkişafında  mühüm  rol  oynayırlar.  Müasir  dövrdə  bütövlükdə 

xanəndəlik  sənətinin,  həmçinin,  ayrı-ayrı  Azərbaycan  xanəndələrinin  yaradıcılığının 

öyrənilməsi musiqişünaslıqda həlli vacib məsələlərdən biri kimi diqqəti cəlb edir. 

KAYNAKLAR

1.

 Hüseyni Ə. Orkestrin ulu babası. “Ədəbiyyat və incəsənət” qəz. Bakı,  1976, 7 



avqust, s.4.

2.

Səfərova Z. Azərbaycanın musiqi elmi. XIII-XX əsrlər. Bakı, 1996. s.213. 



3.

Zöhrabov R. Muğam. Bakı, 1991. s.42 

4.

F.Şuşinski. Musiqiçinin düşüncələri B.,1995, s.65. 



5.

Əliyeva F. Azərbaycan musiqisinin cənub səhifəsi. “Musiqi dünyası” jurnalı, № 



3-4 (33), 2007, s.98.

Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə