Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə101/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   97   98   99   100   101   102   103   104   ...   147

 

334 


(Qafiyə)   

Əvvəlinci bu sözlərə maşallah, 

Hardan gətirmisən bu alaşı, kişi! 

Qonu-qonşu bizi görsə gülüşər,  

Ver itə eyləsin taraşı, kişi! 

 

Həsən:  

Xanım əfəndi, hələ təhri canadır,  

Çox uzağı gözlər, bir aya, arvad.  

Bilər, bilməz sözləri sən söyləmə, 

Birdən gedib çatar Talaya, arvad! 

 

Arvad:  

Qışda bunu qovsan qan-tərə batar,. 

Beyqafil ürkərsə kim gəlib tutar? 

Nədən leşin-lüşün sorağı sənə çatar? 

Neçin oldun sevdanda naşı, kişi? 

 

Həsən:  

Arpa versəm əyər dərisin yağlar, 

Əlimdən zara gələr meşələr, dağlar. 

Qoşaram cütə dar daş üstə dağlar, 

Çulunu basdırram malaya, arvad. 

 

Arvad:  

Xanım əfəndinin acığı nəcün tutubdur? 

Bilseydim o bura necə çatıbdır? 

Bəxtəvər adamdı sənə satıbdır, 

Salıbdır başımı bəlaya, kişi. 

 

Həsən:  

Həsən alıb bu möhtəbər öküzü, 

Baxıb bəyənibdir, tutubdur gözü. 

Bərkidib həyəti, ev, mülkümüzü, 

Döndərrik qırağın qalaya, arvad!   




 

335 


Sözünü tamam elədi, bir təhər öküzü itələyib dama saldı. Ar-

vadla  çox  söyüşdülər,  dalaşdılar.  Həsən  əmi  dedi:  Ay  arvad,  bir 

səbrin olsun, dayan. Bir ayı  səbr elə, yaxşı olmasa nə deyirsən de. 

Arvad dedi ki, eybi yoxdur, görək bu zibildən nə çıxacaqdır. 

Həsən  əminin  qardaşı  oğlu  varıymiş,  onunla  bir  yerdə  olur-

muş.  Əmisinin  gəldiyini  görüb  cəld  tövləyə  yüyürür.  Bir  öküzə 

baxdı,  gördü  ki,  əmisi  meyit  alıb  gətirib.  Aldı  görək  əmisinə  nə 

deyir: 


(Qafiyə)  

Başına döndüyüm, atam qardaşı,  

Bu öküzü aldın haradan, əmi? 

Sevda eyliyəndə niyə oldun naşı? 

Başına ağıl qoysun yaradan, əmi. 

 

Əmisi:  

Gedə, Allahı sevərsən, dindirmə məni, 

Hürmə ağzın ilə it haramzada! 

Yığma cinimi başıma itirrəm  səni, 

Dur çıx cəhənnəmə get, haramzada! 

 

Qardaşı oğlu:  

Bizə güləcəkdir qohum, qonşu, hamı, 

Cör nə yaraşığa salıb öküz damı! 

Buna qatlaşarmı boyunduruq, samı, 

Əhdacını qırrıq haradan, əmi? 

 

Əmisi: 

Gedə, bir görginən, dilin çeynəmə! 

Çox dağlar çəkmə sən yazıx sinəmə! 

Yekə-yekə gələtləri eləmə! 

Get quru keçəndə yat, haramzada!  

 

Qardaşı oğlu: 

Abdulla qorxudan ağzını tutur,  




 

336 


Öküzünə dəysin şirə ilə qotur. 

Ya bu öküzü dur gözdən itir, 

Yoxsa gedirəm mən buradan, əmi! 

 

Əmisi:  

Həsən deyər əcəb qurşağın toxdur, 

Yediyin deyəsən çox böyük poxdur. 

Öküzü istəyən ölkədə çoxdur, 

Apar üç tümənə sat, haramzada! 

 

Gədə küsür. Arvad danışmır. Həsən əminin əlacı kəsilir, evdə 



otura bilməyir. Pərt və dilxor halda bir az gəzir, sonra öküzün ya-

nına  gəlir.  Bir  də  içəri  girəndə  görür  ki,  öküz  qılçalarını  uzadıb 

can verir. Aldı görək Həsən əmi nə dedi:  

 

(Qafiyə)  

Bir minnətə gəlib Həsən yanına, 

Qalx ayağa, atam, a sarı öküz! 

Oğul-uşaq yanında şərməndəyəm, 

Sən eylə papağım yuxarı, öküz! 

 

*  *  * 


Məni qoyma belə tənəli sözdə, 

Göy otu tökərəm qabağına yazda. 

Qalxıb böyrə-böyrə gəzginən bozda, 

Qışda verim sənə suxarı, öküz! 

 

*  *  * 


Həsən əmi sənin qulağına deyir: 

Qorxuram dəyməyə səndən bir xeyir! 

Sənin ucbatından oğul-uşax söyür, 

On manatım getdi, tar-marı öküz! 

 



 

337 


Sözünü qurtardı, öküzün canı çıxdı. Dərisini cəld soydu. Belə 

fikir  elədi  ki,  cəhənnəm,  aparıb  gönü  satım,  arvadın  on  manatını 

verim, zəhləmi tökməsin. Yoxsa başımı keçəl eyləyəcək. Bəli, də-

rini götürüb Göynükdə həftə bazarına satmağa apardı.  

Bazara  çatdı,  gördü  Nuxadan  bir  dəstə  dabbax  gəldi.  Onları 

dayandırdı.  

Dedilər: Həsən əmi, nəyin var. Dedi: gönüm. Nuxalılar dedi-

lər aç baxaq. Baxdılar, gördülər ki, gönün üstündə bir tük də yox-

dur. Şirə düşmüş, qotur düşmüş bir dəridir. Dedilər biz bunu alası 

deyilik. Yola düzəldilər. Həsən dedi bir dayanın. 

Aldı görək Həsən əmi nə deyir: 

 

(Qafiyə)    

Başına döndüyüm ustakar başı, 

Mənim bu gönümü alasan, dabbax! 

Gözlərimdən axıdıb qanlı yaşı, 

Hər gələndə bizdə qalasan, dabbax!   

 

Aldı dabbax: 

Aman qardaş, mənə minnət eyləmə, 

Belə minnətlərə baxa bilmərəm! 

Gəl sən bizi tutub yoldan eyləmə, 

Xeyirsiz sevdaya girə bilmərəm! 

 

Həsən:  

Sevərsən Allahı, sındırma məni, 

Sözüm yerə salma, alginən gönü, 

Uzunu uzundur, eni də enli, 

Sanbayıb baxginən bir mala, dabbax. 

 

Aldı dabbax: 

Gönünün yoxdur heç bir nərəsi, 

Tamam cəmdəkdir qollarının arası. 

Bundan çətin olar nəhrə sərəsi, 

Bunu alıb evimi yıxa bilmərəm. 




 

338 


Həsən:    

Həsənəm, qarşında qalmışam məlul, 

İmdadına yetsin Həzrəti Rəsul.   

Heç tapmıram bu sözlərə bir dəlil, 

Nə ola halımı biləsən, dabbax  

 

Aldı dabbax: 

Ustakar başıyam, adımdır Nəzər, 

Öküzünə dəyib mundar bir azar! 

Yoldan etmə məni keçir həftə bazar, 

Ötər bazar sonra çata bilmərəm! 

 

Söz qurtardı, dabbaxlar yenə yola düzəldilər. Amma gördülər 



ki, Həsən əmi çox yalvarır. Dedilər a kişi, neçəyə deyirsən? Dedi, 

ona. Dedilər on nədir. Dedi on pula da. Dabbaxlar bir-birilə pıçıl-

daşdılar. Biri yoldaşına göz eyləyib dedi, a kişi, çıxart pulunu ver 

də. Dabbax başı əlini cibinə saldı, dedi, Həsən əmi aç əlini. Həsən 

əmi əlini açdı. Dabbax kök qara şahılardan çıxardıb bir beş on mis 

şahı  saydı.  Həsən  əmi  dedi  Allah  bərəkət  versin.  Pulu  götürüb 

kəndə qayıtdı. Arvad dedi haraya getmişdin. Dedi öküzün gönünü 

satmağa.  Arvad  soruşdu  ki,  satdınmı?  Həsən  əmi  dedi  ki,  hə. 

Neçəyə?  Ona.  Arvad  dedi  gətir  görək.  Dedi  aç  əlini.  Arvad  əlini 

açdı. Həsən əmi pulları saydı. Bir, iki, doqquz, on. Arvad dedi bu 

nədir. Dedi ondur də. Dedi, a başı batmış gic kişi, bu ki on şahıdır. 

Dedi on şahı, mahı bilmirəm. On pul almışdım, on pula da satdım, 

məndən nə istəyirsən.           

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə