Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

 
144
təbəqə kifayət qədər yığıldığından bu abidələrdə Orta Tunc dövrünün bütün 
mərhələləri izlənmişdir. Digər yaşayış yerlərində  mədəni təbəqə az yığılmışdır. 
Faktların araşdırılması göstərir ki, bu regionda Orta Tunc dövrünün 
başlanğıcından etibarən, bir qismi oturaq, digər bir qismi köçəri, yaxud 
yarımköçəri həyat sürən tayfalar məskunlaşmışdır. Bu regionda meydana gələn 
Orta Tunc dövrü mədəniyyəti Kür-Araz mədəniyyətindən boyalı qabların 
meydana çıxması  və istifadə edilməsi ilə  fərqlənir. Bu mədəniyyətin Kür-Araz 
mədəniyyətindən törəməsi ilə bağlı  bəzi tədqiqatçıların mülahizələri, fikrimizcə 
doğru deyil. 
 Qarabağ  mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan 
abidələr Мil-Qarabağ düzü, Quruçay və Köndələnçay vadisini əhatə etmişdir. Bu 
qrupa aid abidələrdə qara rəngli cilalı və basma naxışlı keramika üstünlük təşkil 
edir. Azərbaycanın cənub rayonları üçün xarakterik olan boyalı keramika bu 
qrupda az yayılmışdır.  
  Мil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə  qədim yaşayış 
yeri Üzərliktəpədir. Bu abidə  Ağdam  şəhərindən  şərqdə, coğrafi cəhətdən 
əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. 
Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji 
qazıntılar 484 m
2
 sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində 
mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı 
aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə 
xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları  və küllə dolmuşdur. 
İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə 
olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları 
aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş  və gillə 
suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə  həsirlə 
örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba 
qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal 
ərintisi olduğu müəyyən edilmişdir. 
Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə 
edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən «tökməçi evi» kimi xarkterizə 
edilmişdir. 
Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 
qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. 
Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma 
ornamentlərlə naxışlanmışdır. 


 
145
                
 
                             Şəkil 72. Üzərliktəpənin qara cilalı basma  
                                             naxışlı keramikası
 
 
Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə 
seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini 
çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Çiy kərpicdən 
hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun 
giriş qapılarından biri kontrforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və 
ağac örtüklü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur. 
Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır. 
           Evlərin dağılması  və  mədəni təbəqənin yığılması  nəticəsində müdafiə 
divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə 
divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə 
torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir. 
İkinci və üçüncü təbəqənin keramikası K.X.Kuşnaryeva tərəfindən vahid 
kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında 
xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha 
mükəmməl ornamentlə  əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli 
keramikasından tamamilə 
fərqlənən boyalı qablar meydana çıxır. 
K.X.Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında 
yaranan tərəqqi ilə bağlayır. Fikrimizcə, bu heç də doğru deyildir. Üzərliktəpənin 
qara cilalı keramikasından fərqlənən monoxrom boyalı qablar, fikrimizcə, başqa 
bir mədəniyyətin təsirini  əks etdirir və bu haqda aşağıda daha ətraflı  məlumat 
veriləcəkdir. Hazırda isə söyləmək olar ki, bu mədəniyyət Naxçıvan-Urmiya 
hövzəsi boyalı qablarının  şimala doğru irəliləməsinin sübutu olaraq qəbul edilə 


 
146
bilər. Üzərliktəpənin gil məmulatı içərisində boyalı qabların olduqca az (2%) 
olması bunu bir daha təsdiq edir. 
 
                  Şəkil 73. Çinartəpənin Orta Tunc dövrü keramikası 
 
 
Мil-Qarabağ düzünün digər yaşayış yerləri kəşfiyyat xarakterli 
araşdırmalarla öyrənilmişdir. Onlar arasında Rəsultəpə, Çinartəpə, Toxmaxtəpə, 
Ağtəpə  və digər abidələr vardır. H.F.Cəfərov bu abidərdən aşkar olunan 
keramika məmulatını üç qrupa ayırmışdır. Bu yaşayış yerlərinin kompleksində 
qara cilalı basma naxışlı və boyalı keramika məmulatı vardır. 
Qaraköpəktəpədən aşkar olunmuş arxeoloji materialların  əksəriyyəti gil 
məmulatından ibarətdir. Onların çoxu boz və qara cilalı,  ştamp naxışlı qablarla 
təmsil olunmuşdur. Bu təbəqədə aşkar olunan boyalı qablar sayca olduqca azdır. 
Q.S.İsmayılovun fikrincə, bu vəziyyət Quruçay və Göndələnçay vadisinin digər 
Orta Tunc dövrü abidələri üçün də xarakterikdir. 


 
147
Quruçay və Göndələnçay vadisində  Orta  Tunc  dövrünə aid maddi-
mədəniyyət qalıqları Günəştəpə, Xantəpə, Uzuntəpə,  Мeynətəpə,  Şomulutəpə, 
Kültəpə yaşayış yerlərində də aşkar olunmuşdur. Qeyd edildiyi kimi, bu yaşayış 
yerlərinin keramikası boz, ya da qara cilalı basma naxışlı qablarla xarakterizə 
edilir. Azlıqda qalan monoxrom və polixrom boyalı qablar Naxçıvan-Urmiya 
regionunun keramikası ilə bənzərdir. 
 
               Şəkil 74. 30 № - li Borsunlu kurqanının planı və kəsiyi
 
 
 
Bu regionda qəbir abidələri Qarabulaq nekropolunda və Günəştəpə 
yaşayış yerində aşkar olunmuşdur. 
Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ 
sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz 
qaldığından, onun formasını  və  dəfn adətini müəyyən etmək mümkün 
olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara 
aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli 
badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və 
basma ornamentlə naxışlanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə