Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

 
154
əlverişli  ərazilərdə salınmışdır.  İkinci qrup abidələr strateji cəhətdən və ticarət 
baxımından əlverişli mövqelərdə salınmışdır ki, bu da Orta Tunc dövründə ticarət 
əlaqələrinin insanların həyatında böyük rol oynadığını göstərir. Belə abidələr 
sırasına  Şahtaxtı  və  Qızılburun yaşayış yerləri aid edilə bilər. Qeyd etmək 
lazımdır ki, Qızılburun və  Şahtaxtı  ərazisi indi də beynəlxalq ticarət yollarının 
qovşağında olmaqla böyük əhəmiyyət daşımaqdadır.  Şübhəsiz ki, ərazinin 
əlverişli coğrafi mövqeyi qədim dövrlərdən insanların diqqətini cəlb etmişdir. 
Quruçay və Köndələnçay vadisinin abidələri də oturaq və yarımköçəri 
həyat üçün əlverişli ərazilərdə salınmışdır. Bu yaşayış yerləri başlıca olaraq, su 
mənbələrinin, bulaqların yaxınlığında yerləşmişdir. Onların bəzisində az da olsa 
mədəni təbəqə yığılmış, digərlərində isə heç yığılmamışdır. Sonuncular sırasına 
Naxçıvanda yerləşən Quyuludağ, Kərki, Kükü, Ağsal, Qazançı və digər abidələri 
də aid etmək olar. 
Orta Tunc dövrü abidələrinin tədqiqi bu dövrdə Azərbaycanda  əhalinin 
oturaq və yarımköçəri həyat sürən tayfalardan ibarət olduğunu göstərir. 
Azərbaycanın cənub-şərq və şimal-şərqində yerləşən abidələrdə Orta Tunc dövrü 
təbəqəsinin az yığılması, yaxud heç yığılmaması tayfaların köçəri həyat tərzi ilə 
bağlı olmuşdur. Azərbaycanın bu rayonlarının maldarlıq üçün əlverişli olması 
buna müəyyən dərəcədə şərait yaratmışdır. Şimal-şərqi Azərbaycanda Orta Tunc 
dövrü abidələrinə az rast gəlinməsi də ehtimal ki, bununla bağlıdır. 
Orta Tunc dövrü iqtisadiyyatın sürətli inkişafı  və tayfalararası 
münasibətlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bu dövrə aid yaşayış 
yerlərinin  ətrafında müdafiə divarlarının çəkilməsi də bununla bağlıdır. Belə 
müdafiə divarları II Kültəpə, Qaraköpəktəpə, Üzərliktəpə, Göytəpə yaşayış 
yerlərində aydın  şəkildə izlənmişdir. Bu dövrdə meydana çıxan, düşünülmüş 
planla inşa edilmiş yaşayış yerlərinin bir qrupu V.H.Əliyev tərəfindən ilkin 
şəhərlər kimi xarakterizə edilmişdir. Bu baxımdan II Kültəpə xüsusi diqqətə 
layiqdir. 
II Kültəpə yaşayış yeri Narınqala və onu əhatə edən yaşayış məskənindən 
ibarət olmaqla iki hissəyə bölünür. Narınqala yaşayış yerinin mərkəzində 
yerləşir. O, dördkünc bürc və kontrfoslarla möhkəmləndirilmiş möhtəşəm  
müdafiə divarı ilə  əhatə edilmişdir. Yaşayış yerinin bu quruluşu cəmiyyətdə 
meydana gələn ictimai bərabərsizliklə bağlı olmuşdur.  Əsilzadə, varlı ailələr 
Narınqalada, istehsalla məşğul olan əhali isə  kənarda yaşamışdır. Ola bilsin ki, 
təhlükəli zamanlarda əhali Narınqalaya toplaşaraq, müdafiə olunmuşdur. 
Yaşayış yerində  aşkar olunmuş binaların tədqiqi göstərir ki, onlar bir-
birindən müəyyən məsafələrdə tikilmiş, bəzən düz, bəzən isə  əyri küçələrlə 
ayrılmışdır. Qala divarının yaxınlığında, bir neçə yerdə küçələrdə daş döşəmənin 
qalıqları aşkar edilmişdir. 
Yaşayış yerində aşkar olunan 2, 3, 4 otaqlı evlər, ehtimal ki, varlı, əsilzadə 
ailələrə mənsub olmuşdur. 


 
155
Narınqaladan kənarda böyük dulusçuluq emalatxanasının, metaləritmə 
ocaqlarının qalıqlarının aşkar olunması, II Kültəpənin mühüm sənətkarlıq 
mərkəzi olduğunu göstərir. Yaşayış yerindən tapılan  Мisir pastasından 
hazırlanmış muncuqlar, uzaq ölkələrlə ticarət əlaqələrinin olduğuna işarədir. 
Мüdafiə divarı ilə  əhatə olunmuş Narınqalanın meydana çıxması, Orta 
Tunc dövrü yaşayış yerlərinin xarakterik cəhətlərindən biridir. Lakin yaşayış 
yerlərinin hamısı geniş  tədqiqatlarla öyrənilmədiyindən,  ətraflı fikir söyləmək 
mümkün deyilidir. Narınqalanın mövcudluğu, cəmiyyətdə sosial bərabərsizliyin 
dərinləşdiyini, tayfa başçılarının müdafiə olunan binalarda yaşadığını göstərir. 
II Kültəpə yaşayış yerində  aşkar olunan müdafiə divarı çay daşlarından 
hörülmüş, arası kiçik daşlarla doldurulmuşdur. Çiy kərpiclər bir neçə  sıra 
düzülərək, gil məhlulla möhkəmləndirilmişdir. 
Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüləri 32 x 32 x 14; 38 x 38 x 
12; 40 x40 x 15;  44 x 44 x 12 sm-dir. Мüdafiə divarının  əhəmiyyətli yerləri, 
xüsusilə giriş qapısının ağzı daş bloklarla möhkəmləndirilmişdir. Narınqalanın 
divarı ümumi planda beşkünc formalı olub küncləri dəyirmiləşdirilmişdir . 
Qaraköpəktəpə yaşayış yerinin müdafiə divarı da eyni texnika ilə 
tikilmişdir. Divar yanlarda iri qaya parçalarından hörülmüş, onların arasına isə 
kiçik həcmli daşlar doldurularaq, gil məhlulu ilə bərkidilmişdir. 
Göytəpə  və Üzərliktəpədə müdafiə divarı çiy kərpiclə tikilmişdir. 
Üzərliktəpənin müdafiə divarı daha yaxşı qaldığından, divardakı  kərpiclərin 
ölçülərini tam müəyyən etmək mümkün olmuşdur. Onlar 38 x 38 x8; 40 x 40 x 8;  
42 x 42 x 8; 46 x 46 x 8; 48 x 48 x 8 sm ölçülərindədir. Kvadrat formalı kərpiclər 
7 sıra düzülərək, gil məhlulu ilə bərkidilmişdir. 
Orta Tunc dövrü yaşayış yerlərində  aşkar olunan yaşayış binaları 
dördkünc formalıdır. Lakin onlar tikinti texnikasına görə bir-birindən fərqlə-
nirlər. Naxçıvan-Urmiya qrupunun yaşayış binaları II Kültəpədə daha yaxşı 
öyrənilmişdir. Onlar daş  təməl üzərində tikilmiş  kərpic binalardan ibarətdir. 
Binaların döşəməsi gillə suvanmış, bəzi hallarda kərpiclə örtülmüşdür. Bəzi 
binaların içərisində  təsərrüfat quyuları olmuşdur. Binaların bəzisinin içərisində 
soba tipli ocaqların olduğu müəyyən edilmişdir. 
II Kültəpədəki çoxotaqlı binalardan birinin içərisində daş büt və ortasında 
novu olan daş blok aşkar edilmişdir. Bu binanın içərisində aşkar olunan arxeoloji 
materiallar, onu ziyarətgah kimi xarakterizə etməyə imkan vermişdir. Digər 
binaların daxili quruluşu ilə bağlı ətraflı məlumat yoxdur. 
Üzərliktəpədə aşkar olunan dördkünc planlı evlər tikinti texnikasına görə 
fərqlənir. Ağacdan qurulan bu evlərin divarları qalın çubuqlardan düzəldilmiş və 
gillə suvanmışdır. Evin torpaq döşəməsi həsirlə örtülmüşdür. Araşdırmalar 
göstərir ki, bu tip evlərdən Üzərliktəpədə uzun müddət istifadə olunmuşdur. 
Azərbaycanın Orta Tunc dövrü abidələrinin tədqiqi göstərir ki, Naxçıvan-
Urmiya qrupunun abidələri daha aydın stratiqrafiyaya malik olmaqla, bu dövrün 
bütün mərhələlərini ardıcıllıqla özündə  əks etdirir. Bu regionda əhalinin uzun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə