Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
230
Son Tunc dövrünə aid gil qablar üzərində rast gəlinən təsvirlər də 
insanların inancları ilə bağlı müəyyən fikirlər söyləməyə imkan verir. Tədqiqatçı-
ların haqlı olaraq qeyd etdiyi kimi, gil qablar üzərindəki təsvirlər bəzən o qədər 
qarışmışdır ki, onların dekorativ xarakteri simvolik mənasını üstələmişdir. 
Bununla belə, müəyyən nəticələr çıxarmaq mümkündür. Bu baxımdan, gil qablar  
üzərində olan insan təsvirləri diqqəti çəkir. Bu təsvirlər olduqca sxematik, çox 
zaman üçbucaqların və digər həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. 
İnsan təsvirlərinin başı bir-birinin içərisində yerləşdirilmiş konsentrik dairələr, 
şüa ayrılan kiçik dairələr, bəzən isə svastika ilə verilmişdir. Bəzi hallarda insan 
təsvirlərinin başı  həyat ağacının detallarını  əks etdirən işarələrlə tamamlanır. 
Qayaüstü təsvirlərin və gil məmulatı üzərində rast gəlinən rəsmlərin araşdırılması 
göstərir ki, dairə, içərisində nöqtə olan dairə, svastika və bu qəbildən olan digər 
işarələr Günəşi simvolizə etmişdir. 
Gil qablar üzərindəki işarələrin təhlili, Son Tunc dövründə həyat ağacının 
kanonlaşdırılmış  rəsmlərinin mövcud olduğunu göstərmişdir. Qeyd olunduğu 
kimi, həyat ağacı Günəşi simvolizə etmişdir. Araşdırmalar, bu dövrdə Günəşə 
sitayişin geniş yayıldığını göstərir. Ola bilsin ki, bu dövrdə təbiətin canlandırıcısı 
və bərəkətləndiricisi olan Günəş Allahı Xocalı-Gədəbəy tayfalarının panteonunda 
əsas yer tutmuşdur. 
Gil qablar üzərində rast gəlinən təsvirlər də tədqiqatçılar tərəfindən analiz 
edilmişdir. Tədqiqatlar göstərir ki, gil qablar üzərində olan həndəsi bəzəmələr 
dağları, səmanı, Günəşi, yağışı və təbiətin digər atributlarını simvolizə etmişdir. 
Bu rəsmlər məxsus olduqları xalqların kainat haqqında təsəvvürlərini  əks 
etdirməklə, onların zəngin mənəvi aləmə malik olduğunu göstərir. Dövrünə görə 
yüksək inkişaf etmiş iqtisadiyyata və  zəngin mənəvi aləmə malik olan bu 
xalqların formalaşmasında,  şübhəsiz ki, qonşu ölkələrlə iqtisadi-mədəni 
əlaqələrin inkişafı müəyyən rol oynamışdır. Arxeoldoji tapıntılar bu əlaqələrin 
şərqdə Çinə, qərbdə  Мisirə, cənubda  Мesopotamiyaya,  şimalda Qara dəniz 
sahillərinə  qədər uzandığını göstərir. Yaxın  Şərq ölkələri ilə iqtisadi-mədəni 
əlaqələr, mühüm əhəmiyyət daşımışdır. Azərbaycanda Xocalıdan, II Kültəpədən 
və Yurdçu qəbirlərindən aşkar olunan şirli qablar Assuriya ilə iqtisadi-mədəni 
əlaqələrin olduğunu göstərir. Xocalıda 11 №-li kurqandan əldə edilən muncuğun 
üzərində Assur çarı Adadnirarinin adına rast gəlinməsi də bununla bağlıdır. 
Assuriya ilə olan əlaqələr nəticəsində,  şübhəsiz ki, Azərbaycanın qalaya və 
nikelə olan tələbatı da ödənilmişdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi e.ə. I 
minillikdə qalay ticarətində assurlu tacirlər mühüm rol oynamış  və qalayın Ön 
Asiya ölkələrinə Assuriya vasitəsilə yayıldığı  tədqiqatçılar tərəfindən qeyd 
edilmişdir. 
Мetallurgiya və metalişləmənin coşğun inkişafı yalnız xammalın deyil, 
hazır metal əşyaların da mübadilə edilməsi ilə əlamətdar olmuşdur. Yaxın Şərq 
ölkələrindən Azərbaycana gətirilən Ön Asiya tipli xəncərlər buna misal ola bilər. 
Bu tip xəncərlər Qarabağ kurqanlarından, Xanlar kurqanlarından, Culfa 


 
231
nekropolundan, Talış abidələrindən aşkar edilmişdir. Bu xəncərlərin  İran, 
Assuriya və  Мisir mənşəli olduğu qeyd edilmişdir.  Şübhəsiz ki, bu tip silahlar 
Azərbaycana  Мesopotamiyadan, Urmiya hövzəsindən keçməklə yayılmışdır. 
Azərbaycanda yayılan Ön Asiya tipli xəncərlərin tarixi ilə bağlı müxtəlif fikirlər 
irəli sürülmüşdür. Hazırda tədqiqatçılar bu tip silahları e.ə. II minilliyin ortası və 
ikinci yarısı ilə tarixləndirməkdədirlər. 
Xocalı-Gədəbəy tipli xəncərlərin Çində aşkar olunması mədəni əlaqələrin 
birtərəfli olmadığını göstərməkdədir. Xocalı-Gədəbəy mədəniyyəti üçün 
xarakterik olan tunc kəmərlərə Ukrayna abidələrində rast gəlinməsi də, bununla 
bağlıdır. Bu dövrdə Azərbaycandan hazır metal  məmulatı ilə bərabər, şübhəsiz 
ki, xammal da ixrac edilmişdir. Çünki Azərbaycan ərazisi mis, arsen, sürmə və 
polimetal yataqları ilə  zəngin olmuşdur. Bu baxımdan, Naxçıvanda Qarabağlar 
kəndində tapılan bilərzik formalı mis külçələr diqqəti cəlb edir. Cızma xətlərlə 
naxışlanan bu əşyaların bəzisi hədsiz ağırdır.  Əvvəldə qeyd etdiyimiz kimi, 
onların ağırlarından ola bilsin ki, mübadilə vasitəsi kimi istifadə olunmuşdur. 
Qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin inkişaf etdiyini firuzəyi, 
mavi şirlə örtülən pasta muncuqlar da təsdiq edir. Bu tip muncuqların Мisir və 
Мesopotamiyada istehsal olunduğu qeyd edilmişdir.  İqtisadi-mədəni  əlaqələr 
nəticəsində bu tip muncuqlar butun Cənubi Qafqaza və Azərbaycana yayılmışdır. 
Azərbaycan tayfalarının Şərq ölkələri ilə əlaqələrini göstərən tapıntılardan 
biri Cyprea və Dentalium tipli balıqqulağından hazırlanmış 
muncuqlardır.Tədqiqatçılar Cyprea tipli balıqqulağının Hind okeanından,  
Dentalium tiplilərin isə Van hövzəsindən gətirildiyini qeyd etmişlər. Bu 
əşyalardan mübadilə vasitəsi kimi də istifadə olunduğu qeyd edilmişdir.  
Yuxarıda göstərildiyi kimi, Ön Asiya və Aralıq dənizi hövzəsi ilə iqtisadi-
mədəni əlaqələr gil qabların bəzəmə texnikasına da müəyyən təsir göstərmişdir. 
Bütöv olaraq götürüldükdə, demək olar ki, Son Tunc dövründə Azərbaycanda 
formalaşan arxeoloji mədəniyyət qonşu ölkələrlə  sıx iqtisadi-mədəni  əlaqələr 
əsasında inkişaf etmişdir. Bu əlaqələrin mövcudluğu  şəraitində Azərbaycan 
tayfalarının iqtisadi-mədəni inkişafı  Şərq ölkələrinin  əldə etdiyi nailiyyətləri 
mənimsəməklə  zənginləşmiş  və öz növbəsində onların da inkişafına müəyyən 
təsir göstərmişdir. 
NƏTİCƏ 
 
 
 
Azərbaycan dünyanın  ən qədim mədəniyyət mərkəzlərindən biri 
olmuşdur. Azərbaycanda aşkar olunan arxeoloji abidələr  ən qədim dövrlərdən 
başlayaraq müasir dövrədək bu ərazidə baş verən sosial-iqtisadi dəyişiklikləri 
izləməyə imkan verir. Paleolit dövrünə aid abidələrdə, xüsusilə Azıx 
mağarasında aparılan araşdırmalar Azərbaycanın ilk insanların məskən saldığı 
əsas  ərazilərdən biri olduğunu təsdiq edir. Qədim insanların Azərbaycanda 


 
232
məskən salmasını şərtləndirən əsas amillər bu regionun təbii mağaralarla zəngin 
olması və əlverişli təbii-coğrafi şəraitə malik olmasıdır. 
 Azıx mağarasının X-VII təbəqələrində aşkar olunan əmək alətləri Quruçay 
mədəniyyətinin xüsusiyyətlərini və  əmək alətlərinin işlənmə texnikasında 
meydana gələn dəyişikliyi ardıcıllıqla izləməyə imkan verir. Quruçay 
mədəniyyətinin yenilikləri Aşel dövründə inkişaf etdirilmiş, daşdan qoparılmış 
qəlpələrdən istifadə olunmaqla daha təkmil alətlər yaradılmışdır. Bu dövrdə 
insanlar odla tanış olmuş, tikinti vərdişlərinə yiyələnmişlər. Azıx mağarasında 
Aşel təbəqəsinə aid gizlin guşəsində  aşkar olunan ayı  kəllələri və onlar 
üzərindəki cizgilər dini inancların meydana çıxdığını təsdiq edir. 
 
Orta Paleolit dövründə daşın işlənmə texnikasında xeyli dəyişiklik olmuş, 
piramidal nukleuslardan, levallua itiuclularından və nazik bıçaqşəkilli 
lövhələrdən istifadə olunmuşdur. Tağlar mağarasında aparılan araşdırmalar Orta 
Paleolit dövrünün inkişaf mərhələlərini ardıcıllıqla izləməyə imkan vermişdir. 
Tağlar mağarasında əmək alətləri çaxmaqdaşından hazırlanmış, retuşdan istifadə 
olunmuşdur. 
 
Üst Paleolit dövründə daşın işlənmə texnikası daha da təkmilləşmiş, 
prizmatik nukleus və basma retuşdan istifadə olunmuşdur. Bu dövrdə  əmək 
alətlərinin  əksəriyyəti bıçaqşəkilli lövhələrdən hazırlanmışdır.  İnsanlar mağa-
ralarla yanaşı qayaaltı  sığınacaqlardan və qazma tipli evlərdən də istifadə 
etmişlər. Üst Paleolit dövründə  ağıllı insan meydana çıxmış, cəmiyyətin sosial 
inkişafında xeyli dəyişiklik olmuş, qəbilə icması və tayfa formalaşmışdır. 
 
Üst Paleolit dövründə  əmək alətlərinin hazırlanmasında  əldə edilən 
nailiyyətlər  Мezolit dövründə mikrolitlərin istehsalı üçün zəmin yaratmışdır. 
Мezolit dövrü başlıca olaraq Qobustan abidələri  əsasında öyrənilmişdir. Bu 
dövrün mühüm yenilikləri qoşma alətlərin, ox və kamanın tətbiqi idi. Bu dövrdə 
ovçuluq insanların əsas məşğuliyyəti olmuş, mənimsəmə təsərrüfatından istehsal 
təsərrüfatına keçidin əsası qoyulmuşdur. 
 E.ə. VII-VI minillikləri  əhatə edən Neolit dövründə insanlar daşın 
deşilməsi və cilalanması texnikasına, istehsal təsərrüfatına yiyələnmişlər. 
İnsanların istehsal fəaliyyətinin əsas sahəsi əkinçilik və maldarlıq olmuşdur. Bu 
dövrdə insanlar həmçinin dulusçuluq və toxuculuq kimi mühüm istehsal 
sahələrinə də yiyələnmişlər. 
Azərbaycanda Eneolit mədəniyyəti Daş dövrünə nisbətən daha geniş 
öyrənilmişdir. Bu dövrdə mis emalı  mənimsənilmişdir. Aparılan araşdırmalar 
Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. 
Azərbaycanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və  Мesopotamiyanın qədim 
mədəniyyətləri ilə iqtisadi mədəni  əlaqələr  şəraitində inkişaf etmişdir. Eneolit 
mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. 
Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan 
ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya 
hövzəsində yayılan Eneolit dövrünə aid boyalı keramikanın Şimali Ubeydin lokal 


 
233
variantı olması, Urmiya hövzəsinin qədim  əkinçilik mədəniyyətinin 
formalaşmasında  Şimali  Мesopotamiyadan gələn tayfaların müəyyən rol 
oynadığını təsdiq edir. Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə 
Azərbaycan  ərazisinə yayılmışdır. Eneolit mədəniyyətinin erkən mərhələsində 
meydana gələn düzbucaqlı evlər  Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri 
kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit 
dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və 
Göytəpədə rastlanmışdır. Keramika məmulatı  və  əmək alətlərinin bənzərliyi I 
Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil 
olduğunu göstərir. Azərbaycanın Eneolit abidələri xarakterik xüsusiyyətlərinə 
görə başlıca olaraq üç böyük qrupa bölünür. Özünəməxsus təsərrüfat 
kompleksləri və keramika məmulatı ilə  fərqlənən bu qruplar tədqiqatçılar 
tərəfindən  Şomutəpə  mədəniyyəti, Kültəpə  mədəniyyəti və Dalmatəpə 
mədəniyyəti adlandırılmışdır. 
İlk Tunc dövrü abidələrinin öyrənilməsi göstərir ki, e.ə. IV-III 
minilliklərdə Kür-Araz mədəniyyəti Azərbaycanın böyük bir qismini əhatə 
etmişdir. Yaşayış binalarının arxitekturasında və gil məmulatında müəyyən lokal 
xüsusiyyətlərin olmasına baxmayaraq, qeyd etmək olar ki, Azərbaycanda 
məskunlaşan Kür-Araz tayfaları etnik baxımdan bir-birinə yaxın olmuşdur. 
Yazılı məlumatlar az olduğundan, Kür-Araz mədəniyyəti tayfalarının hansı etnik 
qruplara bağlandığını söyləmək çətindir. Bəzi tədqiqatçılar Kür-Araz 
mədəniyyətinin xurritlərə aid olduğunu qeyd etmişdir. Lakin məlum olduğu kimi 
e.ə. III minilliyin sonuna aid qaynaqların saxladığı  məlumata görə e.ə. III-I 
minilliklərdə  Cənubi Azərbaycanda yaşayan  əhali lullubey və kutilərdən ibarət 
olmuşdur. 
Araşdırmalar Kür-Araz mədəniyyətini Azərbaycanın cənubunda yaşayan 
kuti və lullubeylərə aid olduğunu deməyə imkan verir. Arxeoloji araşdırmalar 
göstərir ki, Naxçıvan-Urmiya qrupunun abidələri vahid etnik-mədəni rayon təşkil 
etmişdir. Buna görə  də bu dövrdə kuti və lulubey tayfalarının Azərbaycanın 
müəyyən hissəsində yayıldığını demək olar. Azərbaycan abidələrindən aşkar 
edilən Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar, xüsusilə, nalşəkilli ocaq 
qurğuları, öküz başı formasında hazırlanmış sitayiş  əşyaları, Kür-Araz 
mədəniyyəti tayfaları arasında müəyyən ideoloji birliyin olduğunu sübut edir. 
Araşdırmalar Kür-Araz mədəniyyəti tayfalarının inkişaf etmiş patriarxal 
münasibətlərlə xarakterizə edildiyini göstərir. Şübhəsiz ki, bu istehsal prosesinin 
genişlənməsi və çoxsahəli xarakter alması ilə bağlı olmuşdur. İlk Tunc dövründə 
iqtisadiyyatın inkişafı maldarlığın  əkinçilikdən ayrılmasına və müstəqil istehsal 
sahəsinə çevrilməsinə  gətirib çıxarmışdır. Bu dövrdə  əkinçilikdə qoşqu 
qüvvəsinin tətbiqi,  şumlama  əkinçiliyinin meydana çıxması, köçmə yaylaq 
maldarlığının yaranması, iqtisadiyyatın coşğun inkişafına, cəmiyyətdə sosial 
bərabərsizliyin güclənməsinə  səbəb olmuşdur. Bu dövrün yaşayış yerlərində 
müdafiə divarlarının meydana çıxması, şübhəsiz ki, sosial bərabərsizliyin artması 


 
234
və tayfalararası ziddiyətlərin kəskinləşməsi ilə bağlıdır. Yaşayış yerlərində 
ümumi  ərzaq anbarlarının, ziyarətgahların, qəbilə toplantıları üçün ictimai 
binaların olması göstərir ki, istehsalın təşkili, mülkiyyətin qorunması üçün 
müəyyən ictimai təşkilatlara ehtiyac olmuşdur. Şübhəsiz ki, bu dövrdə cəmiyyəti 
idarə edən müəyyən təşkilatlar-dövlət qurumları mövcud olmuşdur. Ehtimal ki, 
bu dövlətin ilkin forması  hərbi demokratiya olmuş, sonra isə daha da inkişaf 
etmiş idarə forması formalaşmışdır. 
İlk Tunc dövründə iqtisadiyyatın inkişafı sənətkarlığın da təkamülü üçün 
şərait yaratmışdır. Aşkar olunmuş arxeoloji materialların təhlili, bu dövrdə 
sənətkarlığın yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Kür-Araz 
mədəniyyətinin üçüncü mərhələsi dulusçuluğun yüksək inkişaf səviyyəsi ilə 
fərqlənir. Bu dövrdə yaxşı cilalanmış, keyfiyyətli bişirilmiş, bəzən isə qara rəngli 
boya ilə boyanmış gil qablar geniş yayılır. Bu dövrün qabları  həm də yüksək 
sənətkarlıqla icra olunmuş  həndəsi ornamentləri ilə  fərqlənir.  Мetallurgiya və 
metalişləmə sahəsində süni üfürmə  tətbiq olunan metaləritmə kürələri və 
metalişləmə emalatxanaları yaranır. Sənətkarlığın inkişaf səviyyəsi, artıq onun 
müstəqil istehsal sahəsinə ayrılma ərəfəsində olduğunu göstərir.   
           Orta  Tunc  dövründə, başlıca olaraq, Azərbaycanın cənub rayonlarını, 
qismən isə  şimal rayonlarını  əhatə edən, boyalı qablarla xarakterizə edilən 
arxeoloji mədəniyyət yaranır. Bəzi tədqiqatçıların fikrinə görə, boyalı qablar 
Kür- Araz mədəniyyəti  əsasında inkişaf etmişdir. Bizim fikrimizcə,  Kür-Araz 
keramikasından tamamilə fərqlənən boyalı qablar, yeni bir mədəniyyətin ortaya 
çıxdığını göstərir. Boyalı qabların Naxçıvan ərazisində digər rayonlara nisbətən 
daha çox-Erkən Dəmir dövrünədək davam etməsi və bir neçə  mərhələdən 
keçməsi Orta Tunc dövrü boyalı qablarının Naxçıvan  ərazisində meydana 
çıxdığını deməyə imkan verir. Fikrimizcə, boyalı qablar Urmiya hövzəsi, 
Naxçıvan və Şərqi Anadoluda məskunlaşan bir qismi oturaq, digər bir qismi isə 
yarımköçəri həyat sürən tayfalar tərəfindən yaradılmışdır. 
Belə hesab edirik ki, Boyalı qablar mədəniyyəti Orta Tunc dövründə 
Azərbaycanda məskunlaşan qədim tayfalardan birinin iqtisadi və siyasi baxımdan 
güclənməsi ilə bağlı olaraq meydana çıxmışdır. Eneolit dövründə  də Yaxın 
Şərqdə boyalı keramikanın meydana çıxması  məhz belə bir sosial-iqtisadi 
inkişafın nəticəsi olmuşdur.  
İqtisadiyyatın və mədəniyyətin inkişafı Orta Tunc dövründə Azərbaycanın 
cənub rayonlarında, xüsusilə Naxçıvanda şəhər dövlətlərin meydana çıxması ilə 
nəticələnmişdir.  Şəhər dövlətlərin yaranması, iqtisadi-mədəni  əlaqələrin, o 
cümlədən Yaxın  Şərq ölkələri ilə ticarət  əlaqələrinin inkişafı, qalaylı tuncun 
meydana gəlməsinə, bədii metal məmulatı istehsalının artmasına, zərgərliyin 
ortaya çıxmasına səbəb olmuşdur. Qeyd olunduğu kimi, Orta Tunc dövründə 
Azərbaycanın bir hissəsində boyalı qablar yayıldığı halda, digər bir hissəsində
xüsusilə  şimal rayonlarda Kür-Araz mədəniyyəti tayfaları yaşamaqda davam 
etmişdir. Azərbaycanın bu hissəsində yayılan arxeoloji komplekslər boz, ya da 


 
235
qara cilalı  həndəsi bəzəməli keramika ilə xarakterizə olunur. Bəzəmələr bəzən 
cızma, bəzən isə basma texnikası ilə icra edilmişdir. 
Son Tunc və Erkən Dəmir dövründə ortaya çıxan və arxeoloji ədəbiyyatda 
Xocalı-Gədəbəy mədəniyyəti adlandırılan mədəniyyət, boz və qara rəngli cilalı 
keramika ilə xarakterizə edilir. Bu mədəniyyətə aid abidələrin bir qrupu, xüsusilə 
Gəncəçay abidələri ağ inkrustasiyalı qabların olması ilə fərqlənir. Bu texnika ilə 
bəzəmənin iqtisadi-mədəni əlaqələr nəticəsində Aralıq dənizi bölgəsində yerləşən 
ölkələrdən qaynaqlandığı, artıq yuxarıda qeyd  edilmişdir. Qonşu ölkələrlə 
iqtisadi-mədəni  əlaqələrin bu mədəniyyətin inkişafına müəyyən təsir etməsinə 
baxmayaraq, o, yerli zəmin  əsasında inkişaf etmişdir. Tədqiqatçılar Xocalı-
Gədəbəy arxeoloji mədəniyyətinin Kür-Araz mədəniyyəti ilə bağlı olduğunu 
qeyd etmişlər. 
 Araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın  şimalında 
meydana çıxdığını  və e.ə. II minilliyin sonlarına yaxın cənub rayonlara 
yayıldığını göstərir. Bu dövrdə Xocalı-Gədəbəy mədəniyyəti boyalı qabların 
xarakterik olduğu Naxçıvan ərazisində də yayılmış və onu təsiri altına almışdır.  
Tədqiqatçılar aparılan araşdırmalara söykənərək, Xocalı-Gədəbəy 
mədəniyyətində iki, bəzən isə üç tayfa ittifaqının mövcudluğunu qeyd etmişlər. 
Bu zaman ağ inkrustasiyalı keramika ilə seçilən komplekslər xurritlərə, ağac 
kunstrksiyalı  qəbirlər, kremasiya və at dəfnləri ilə seçilən komplekslər isə 
irandillilərə aid edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu abidələrin 
irandillilərə aid edilməsi üçün heç bir əsas yoxdur. Çünki, at dəfnləri və atla bağlı 
inamlar yalnız hind-avropalılar və irandillilər üçün xarakterik olmamışdır. At 
dəfnləri türkdilli xalqlar arasında geniş yayılmış  dəfn ritualıdır. Digər tərəfdən, 
ağac konstruksiyalı  qəbirlərə  Cənubi Qafqazda Orta Tunc dövründə rast 
gəlinməsi, bu tip qəbirlərin e.ə. II minilliyyin sonunda Volqa boyundan yayılması 
haqqında М.N.Poqrebovanın fikirlərini təkzib edir. Ağac konstruksiyalı qəbirlər, 
onların qəbilənin seçilmiş üzvlərinə aid olması  və  qəbilənin böyüklüyü ilə  də 
bağlı ola bilər. Qeyd edək ki, ağac konstruksiyalı  qəbirlər Sibirin türkdilli 
tayfaları arasında olduqca geniş yayılmışdır.  Мəşhur Pazırıq kurqanları buna 
əyani misaldır. Odur ki, М.N.Poqrebovanın irəli sürdüyü fikirlər əsaslı deyildir. 
Araşdırmalar göstərir ki, Aralıq dənizi hövzəsindən Sibirədək yayılmış 
boz rəngli, bəzən isə ağ inkrustasiyalı keramika yalnız ümumi əlamətlərinə görə 
müqayisə edilə bilər. Bu geniş ərazidə yayılan arxeoloji mədəniyyətlər arasında 
heç bir genetik bağlılıq yoxdur. Keramika arxeoloji mədəniyyətin başlıca ünsürü 
olsa da, onun ayrılıqda qarşılaşdırılması tamamilə yalnış ola bilər. Belə ki, 
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc avadanlıq, xüsusilə 
konusvari başlığı olan xəncərlər və digər xarakterik əşyalar onu digər 
mədəniyyətlərdən fərqləndirir. 
Son Tunc dövründə Azərbaycan ərazisində meydana gələn siklop tikintilər 
cəmiyyətin iqtisadi və sosial həyatında böyük irəliləyiş olduğunu göstərir. 
Arxeoloji araşdırmalar bu dövrdə sosial ziddiyətlərin kəskinləşməsi ilə yanaşı, 


 
236
müxtəlif tayfalar arasında etnik və mədəni birləşmə prosesinin getdiyini göstərir. 
Bu prosesdə, ehtimal ki, Assuriya və Urartu kimi dövlətlərin Azərbaycana 
basqınlarına qarşı mübarizənin də müəyyən rolu olmuşdur. Azərbaycan tayfaları 
arasında gedən etnik-mədəni birləşmə prosesi, e.ə. I minilliyin başlanğıcında yeni 
dövlət birliklərinin yaranması ilə nəticələnmişdir.  
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə