Microsoft Word Babek Agalar Qut



Yüklə 317,53 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü317,53 Kb.
#76985


Babək adının ana dilimizcə izahı 

 

Yazar: Ağalar QUT 



 

Babəkin anasının adı hansı dilcədir? 

Babəkin son sözünün mənası nə olub? 

 

Babəkin  bütün  cazibəsi  –  Onun  susqunluğundadır.  Biz  isə  bilmək 



istəyirik:  Babək  hansı  dilcə  susur?  Daha  doğrusu,  Babəkin  ana  dili  hansı  dil 

olub? 


Avropada  Babək  haqqında  ilk  elmi  məqalənin  (“Babək  –  mənşəyi  və 

meydana  gəlişi”,  1869)  müəllifi  Gustav  L.  Flügel  Cavidanın  Babəklə  ilk 

görüşünü  tarixi  mənbədən  belə  tərcümə  edir:  “O  (Cavidan  –  A.Q.),  onun 

(Babəkin  –  A.Q.)  yoxsul  yaşayışına  və  farsca  aydın  olmayan  ifadələrinə 

baxmayaraq,  dərhal  onda  idrak  kəşf  etdi  və  onun  bütün  iyrəncliklərdə  kəskin 

qavrama  bacarığı  olduğunu  gördü”  (“Alsbald  entdeckte  er  an  demselben,  trotz 

seiner  dürftigen  Lage  und  seines  undeutlichen  Ausdrucks  im  Persischen, 

Verstand und fand ihn bei allem Abstossenden mit scharfem Sinne begabt”) [1, 

s.  540].  İndi  isə  fars  tarixçisi  Səid  Nəfisinin  “Babək”  kitabının  Ə.Azəri 

tərəfindən dilimizə tərcüməsində həmin cümləni oxuyaq: “O (Cavidan – A.Q.) 

gördü ki, Babək dili tutula-tutula danışmağına baxmayaraq, İran dilini yaxşı bilir 

və  zirək,  qanacaqlı  bir  adamdır”  [2,  s.  8].  Burada  alman  müəlliflə  fars 

tarixçisinin tərcümə etdikləri tarixi mənbə bir və eynidir: Məhəmməd ibn İshaq 

ibn  ən-Nədimin  Kitab  əl-Fihrist  adlı  əsəri.  Göründüyü  kimi,  biz  növbəti  dəfə 

tarixi  mənbənin  təhrif  edilməsiylə  üz-üzəyik:  fars  tarixçisi  tarixi  mətnə 

utanmazcasına “Babək İran dilini yaxşı bilir” cümləsini yerləşdiribdir. Elə təkcə 

bu  fakt  –  Babəkin  fars  dilində  aydın  danışa  bilməməsi  –  Onun  fars  olması 

ehtimalını  bəri  başdan  silib  atmağa  bəs  edərdi.  Görünür,  Cavidan  idrak  və 

zəkasına  heyran  olduğu  bu  gənci,  anasına  aylıq  50  dirhəm  göndərməsi 



müqabilində, özüylə Bəzz qalasına aparmağı təklif etməzdən qabaq, Onun farsca 

bilib-bilmədiyini də yoxlamaq istəyib və Onu farsca da danışdırıbdır. 

Mərhum  görkəmli  akademik  Ziya  Bünyadovda  isə  həmin  cümlənin 

tərcüməsi  gözlənilməz  məzmundadır:  “Onun  (Babəkin  –  A.Q.)  danışığı  aydın 

olmayıb çətin anlaşılırdı, özü dələduza oxşayırdı” [3, s. 365]. 

Azərbaycan  rəsmi  tarixi  Babəki  müsəlmanlaşdırır  və  farslaşdırır. 

Yeddicildliyin ikinci cildində oxuyuruq: “...öz müsəlman Həsən adını bəlkə də 

ilk sasani hökmdarı Ərdəşirin atası mobed Papakın adı ilə əvəz etmiş Babəkin...” 

[4, s. 199]. Kimdir axı bu Papak? Adı Pabaq və yaxud Papakan kimi də yazılan 

Papak  eramızın  üçüncü  əsrinin  başlarında,  türkmənşəli  Parfiya  hakimiyyəti 

altında  yaşayan  farsların  İstəxr  şəhərində  yerləşən  Anahit  məbədinin  başçısı 

ikən,  şəhərin  şahı  Qoşirə  qarşı  qiyam  qaldıraraq  onu  öldürür  və  Parfiya 

hökmdarı IV Artabana məktub yazaraq, İstəxrin şahlığını onun oğluna verməyi 

təklif edir. Artaban təklifi qəti olaraq rədd edir. Tezliklə Papak ölür. Bununla da 

Papakın tarixdəki rolu sona çatmış olur. Papakın ölümündən sonra oğlu Artaşir 

(pəhləvicədən qabaqkı orijinal yazılışda Artaxştra) özünü İstəxrin şahı elan edir 

[5,  s.  11-12]  və  sonrakı  dövrdə  Artaban  üzərində  qələbə  çalaraq,  Parfiya 

hakimiyyətinə  son  verir  və  tarixdə  sasanilər  adlandırılan  imperiyanın  əsasını 

qoyur.  İndi  istər-istəməz  sorğu  doğur:  görəsən,  Babək  nə  üçün  özünə  bir 

dövlətin əliqılınclı qurucusu Ardaşirin (Ərdəşir yox!) adını yox, Ardaşirin babası 

və  sülalənin  kötüyü  sayılan  Sas(s)anın  da  adını  yox,  Ardaşirin  Roma  kralını 

cəngdə əsir tutan oğlu və xələfi I Şapurun da adını yox, bir sözlə, Sasan-Papak-

Ardaşir-Şapur  məlum  dörtlüyü  içərisində  məhz  Papakın –  tarixdə bir  cümləlik 

epizodik rolu olan bir ruhaninin adını özünə götürməliydi?! 

Babəkin əsl adının Həsən olması da qətiyyən inandırıcı deyildir. Həsən – 

Məhəmmədin nəvəsi, Əli və Fatimənin oğlu olub, şiə imamların ikincisi sayılır. 

Yönlü həyat sürmədiyi – 47 illik ömrü boyunca yüz dəfədən çox evləndiyi üçün, 

elə  “Mitlaq”  (“Arvadboşayan”)  ayamasıyla  çağrılmasından  da  görünür.  Tarixi 

ədəbiyyatda o, yüngül həyat tərzi sürən və ağıldankəm bir insan kimi göstərilir 



[6,  s.  169].  Hansısa  siyasi-mənəvi  səbəblər  üzündən  699-cu  ildə  zəhərlənərək 

öldürüldüyü  deyilən  Həsənin  adı  ölümündən  cəmi  bir  neçə  onillik  sonra 

Ərdəbildə doğulan bir uşağa (Babək 700-cü illərin sonlarında doğulub) veriləcək 

ad  kimi  seçilməsi  bir  sıra  şübhələr  doğurur.  Hansı  millətdən  olmasından  asılı 

olmayaraq  hansı  valideyn,  onun  ölkəsinə  zorla  soxulan,  əkin  sahələrini,  mal-

mülkünü, hətta ev-eşiyini də mənimsəyən, dilini və dinini dəyişdirməyə çalışan, 

vergini  belə  təhqir  edərək  yığan  düşmənin  adını  körpəsinə  qoyardı?! 

Ümumiyyətlə,  xalqın  həsənlərə  qarşı  tez-tez  üsyana  qalxdığı,  həsənlərin  isə 

üsyanları  yatızdırmaq  üçün  yerlərdə  hərbi  düşərgələr  qurduğu,  bu  həsənlərin 

əlinin  altında  pullu  qulluğa  girmək  məqsədilə  onların  dinini  qəbul  edən  yerli 

satqınların hələ təkəm-seyrək  görüldüyü  məkan  və zamanda öz uşağına  Həsən 

adı  vermək,  özü  də  kənd  yerində,  necə  qarşılanardı?!  749-cu  ildə  xilafətdə 

hakimiyyətə  gələn  və  sonrakı  illərdə  Məhəmmədin  ailə  üzvlərinə  qarşı  qanlı 

düşmənçiliyi  ilə  ad  çıxaran  abbasilər  sülaləsinin  rəhbərliyi  dövründə  kim  öz 

uşağına  Məhəmmədin  nəvəsinin  adını  verərdi?!  Şiəliyə,  daha  doğrusu  onun 

ikinci  imamının  şərəfinə  Ərdəbildə  körpələrə  Həsən  adı  verilə  bilməsi 

ehtimalına  gəldikdə,  Babəkin  doğulduğu  VIII  yüz  illiyin  sonlarında  şiəlik 

tamamlanmış,  imamları  müəyyənləşmiş  və s. bir təlim  olmaq  bir  yana dursun, 

Azərbaycan və İran coğrafiyasında onun hələ heç adını da eşitməmişdilər. 

Ərəbdilli  mənbələrdə  Babəkin  adının  “Həsən”  kimi  yazılışını  görkəmli 

mərhum  filoloq  Qiyasəddin  Qeybullayev  “Əsən”  kimi  analiz  edir.  “Əsən”  – 

dilimizin  unudulmuş  arxaizmlərindən  biri  olub,  mənası  “salamat”  deməkdir. 

Q.Qeybullayevin fikrincə, Əsən adı ərəb əlifbasıyla səhvən hərəkə ilə yazılarsa, 

o, Həsən kimi oxuna bilərdi. 

Bizcə, Həsən adının özü Əsən adının ərəbcələşdirilmiş formasıdır. Ancaq 

bu  ərəbcələşmənin  səbəbi  yazılışda  hərəkə  yanlışı  olmaya  da  bilər;  belə  ki, 

dilimizdə nə üçünsə, bəlkə də elə ərəb dilinin təsiriylə, bir sıra adların qabağına 

“h” səsi artırılır: Al (anası) – Hal (anası), Umay – Humay və b. 




Əsən  adı  Orta  Əsrlər  tarixində  türk  dili  arealında  geniş  yayılmış 

adlarımızdan biri olubdur: Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın 

knyazının  adı  Əsən  Calal,  monqollarda  Esen-Buqa,  Esen-Teymur,  Əsən, 

uyğurlarda Asan, Türküstan hakimi Əsən-Buka [7, s. 185-187]. 

*** 

Bilindiyi  üzrə,  Babəkin  anasının  adı  bizə  Bərumənd  kimi  gəlib  çatıbdır. 



Biz  bu  adı  XIII-XIV  əsrlər  Avropasında,  adı  elmə  məlum  olmayan  müəllif 

tərəfindən üç dilcə – italyan, fars və kuman (qıpçaq) dilincə – yazıldığı, ya da 

üzü  köçürüldüyü  güman  edilən  məşhur  Codex  Cumanicus  (Kumanların  – 

“Qıpçaqların kodeksi”) lüğətində təsadüfən tapdıq. 

Bilindiyi üzrə, dilimizdə -mən və yaxud -man sonluğuyla bitən sözlərimiz 

vardır:  qılman,  şişman,  köçəbə(n)  və  s.  Codex  Cumanicus  lüğəti  bu  quruluşda 

sözlərin  feilin  birinci  şəxsin  təkində  təsrifi  (konyuqasiyası)  nəticəsində 

yarandığını  dəqiqliklə  göstərir.  Ərəbcə  hesab  edilən  və  nökər  mənası  bildirən 

“qılman”  sözü  “qılırman”  (qılır  mən,  qılıram)  şəklinin  “qılman”a  çevrilməsi 

nəticəsində  yaranıbdır.  Görünür,  özlərinə  qılman  (əmr  icraçısı)  deyən  türkdilli 

məmluklardan öyrəniblər ərəblər bu sözü: məmluk ərəbcə kölə, nökər deməkdir. 

“Şişirmən”  (şişir  mən,  şişirəm)  “şişman”a;  “köçürbən”  (köçər  bən,  köçərəm) 

“köçəbə”yə çevrilibdir və s. 

Hunqar  (macar)  alimi  Comes  Céza  Kuun  Codex  Cumanicus  lüğətində 

“salam  berümən  –  salam  verirəm”,  “amanat  berümən  –  əmanət  verirəm”  kimi 

misalları verməklə yanaşı, “berirmən” (verirmən) sözünün qısalaraq “bərümən” 

şəklinə çevrildiyini də açıq göstəribdir [8, s. CXI]. Məşhur Wilhelm Radloff isə 

həmin  lüğətdə  “tanuqluq  bərümən”  kimi  verilən  feilin  “tanıqlıq  bərimən” 

(tanıqlıq berirmən, şahidlik edirəm, təsdiq edirəm) olduğunu yazıbdır [9, s. 71]. 

Beləliklə:  Codex  Cumanicus  lüğətinə  bərümən  kimi  düşən  söz  ana 

dilimizin vermək feilinin I şəxsin təkində təsrifidir və “verirəm” deməkdir. Ad 

kimi  isə  Berümən  (verirmən,  verirəm)  –  verən,  daha  doğrusu,  bar  verən,  pay 

verən  deməkdir.  Bu  söz  dilimizdə  qalmış  olsaydı,  qılman,  şişman,  köçəbə(n) 



kimi  sözlərimizin  cərgəsində  dayanıb,  indiki  fonetikayla  “vermən”,  “verimən” 

və  yaxud  “verəmən”  kimi  səslənəcəkdi.  Farscaya  keçərək  “bərumənd”ə  dönən 

bərümən  sözümüz  elə  farscada  da  bərəkətli,  məhsuldar,  bəhərli  deməkdir. 

Göründüyü kimi, farscada sözün quruluşu azacıq dəyişsə də, özül mənası olduğu 

kimi qalıbdır. 

Beləliklə:  Babəkin  anasının  adı  (Berümən,  Verimən,  Verəmən)  qətiyyən 

fars adı olmayıb, təmiz qıpçaq adıdır. 

*** 


“Babək”  adı  iki  bölükdən  (komponentdən)  ibarətdir:  “baba”  və  “k” 

bölüklərindən. 

Başlayaq baba sözündən. 

Baba  sözünün  kökü  aba  sözüdür,  sonralar  önü  “b”ləşərək  “baba”ya 

çevrilibdir.  “Aba”  sözünün  “baba”laşması  mövzusunda  aşağada  geniş 

danışacağıq. İndilik sözün “aba” kökü üzərində dayanmalıyıq. 

Aba sözü istər indiki danışıq dilimizdə, istər dilimizin keçmişində, istərsə 

də dilimizin tatarca, çuvaşca, başqırdca və başqa bu kimi qohum dialektlərində 

aba, əbə, əpə, apa, ava, abi, abla, abay, apay, abay, apaq və s. kimi formalarda 

tuş gəldiyimiz sözdür. 

İzahlı  lüğətimizi  hazırlayanlar  aba  sözünün  iki  mənasını  –  ata  və  bacı 

mənalarını  göstərib,  habelə  bu  sözün  hörmət  üçün  yaşca  böyük  qadına  da 

deyildiyini  bildiriblər  [10, s.  27].  Əbə  sözünün  mənasını  isə  “mama(ça)”  deyə 

göstərsələr  də  [11,  s.  53],  gündəlik  danışıqda  “əbəjdad”  kimi  deyilən  sözün 

“əbə-əcdad” olduğunu anlaya bilmədiklərindən onu lüğətə salmayıblar. 

Gədəbəy,  Quba,  Ordubad,  Zəngilan  dialektlərində  aba  ata  deməkdir. 

Qubalılar  belə  deyirlər:  “Bizdə  hindi  aba  çox  işdəmiyədü,  ata  diyəduğ.” 

Zəngilanlılar belə deyirlər: “Abam taxıl biçiydi.” Gədəbəylilər deyirlər: “Abam 

bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səŋ.” Cəbrayıl, Qax, Təbriz və Şəmkir 

dialektlərində  isə  aba  ana  deməkdir.  Qaxlılar  belə  deyir:  “Mən  abamı  görmağ 

isti:rəm.” Təbrizlilər belə deyir: “Biz aba di: rux anıya.” Şəki, Qax, Çənbərəkdə 



abay  –  arvad,  xala, bacı  deməkdir  [12,  s.  11].  “Əbə”  sözünü  zəngilanlılar  ata, 

lənkəranlılar  ana,  Böyük  Qarakilsəlilər  isə  nənə  mənasında  işlədirlər  [yenə 

orada,  154].  Cəlilabad,  Lerik,  Yardımlı,  İmişli,  Sabirabad,  Zəngilanda  əbəçi 

mama(ça)  deməkdir:  “Əbəçi  oley  beysavad,  doxdır  olanda  deyeylər  mama” 

(Cəlilabad)  [yenə  orada,  154].  Qərbi  azərbaycanlılar  aba  //  ava  sözünü  ata 

mənasında söyləyirlər: “Ay ava, anam səni çağırır” [13, s. 20]. 

Habelə  dilimizdə  el  arasında  işlənilən,  qadının  qadınlıq  yeri  mənası 

bildirən  “apış  arası” (əbəlik arası)  söz birləşməsi də  var.  Bu söz birləşməsi  də 

izahlı lüğətimizə salınmayıbdır. Abı, Appa, Əpiş kimi kişi adlarımız, bəy, baba, 

əprimək  (qocalmaq)  kimi  sözlərimizin  də  mənşəyində  əbə  ~  aba  ~  apa  ~  əpə 

sözü dayanır. 

Bilgə xaqan və Tonyuquq xaqan abidələrində bir neçə dönüm (dəfə) “apa 

Tarxan” ifadəsinə tuş gəlirik. Görkəmli türkoloq S.E.Malov da buna diqqəti cəlb 

edibdir.  G.J.Ramstedt-in  fikrincə,  “tarxan”  –  müəyyən  imtiyazlarla  istefada  və 

yaxud təqaüddə olan məmurun bəylik, aristokratlıq kimi fəxri statusu, rütbəsi idi 

[14, s. 64]. Yeri gəlmişkən, Babəkin sağ əli sayılan Tarxanın adı, onun şəxsi adı 

yox, statusu və yaxud rütbəsi də ola bilərdi. 

Göltikin və Bilgə xaqan abidələrində bu söz “apam // əpəm Bumın kağan, 

İstəmi Kağan” kimi dönə-dönə qarşımıza çıxır. 

Bundan başqa, skitlərdə yer – bar verən ana kimi torpaq – ilahəsinin adı 

Api ilə əbə ~ aba ~ apa ~ əpə arasında uyğunluq linqvistik baxımdan sözsüzdür. 

Mahmud  Kaşqari  də  aba  sözünün  oğuzlarda  ana,  tibetlilərdə  isə  ata 

mənası bildirdiyini yazıbdır [15, s. 86] 

Dilimizə qohum dialektlərdə də bu sözlə gen-bol tuşlaşırıq. Tatarcada apa 

–  böyük  bacı,  hörmətli  xanım  deməkdir  [16,  s.  29-30].  Çuvaş  dilində  apay 

mənim  anam,  mənim  qaynanam,  ərimin  böyük  bacısı,  nənəm  [17,  s.  51],  api 

anam,  appa  məndən  böyük  bacım  deməkdir  [yenə  orada,  53].  Uyğurcada  apa 

anaya, böyük bacıya və xalaya deyilir [18, s. 14]. Başqırdcada apay bacı və xala 

deməkdir [19,  s. 11].  Qırğızcada aba  əmi,  böyük  qardaş;  apa  ana,  böyük bacı, 



xaladır  [20,  s.  17,  60].  Türkiyəlilərin  abi  (böyük  qardaş),  abla  (böyük  bacı) 

sözləri  də  əbə  ~  aba  ~  apa  ~  əpə  sözünün  variantlarıdır.  Radloff  Krım 

qaraimlərinin  dilində  “əpə”  sözünün  “ana”  mənasında  işlənildiyini  yazır. 

Müəllifin  verdiyi  məlumata  görə,  bu  söz  yaşlı  qadınların  adlarına,  sözgəlişi, 

“Mirəm  əpə”,  “Sar  əpə”  kimi  artırıldıqda  “xala”  mənası  bildirir  [21,  s.  919]. 

Hunqar (macar) dilində də apa ata deməkdir. 

Dilimizin  məşhur  etimoloqu,  ingilis  poliqlotu  Gerard  Clauson  aba 

sözünün  apa  //  əbə  //  əpə  variantlarını  və  aşağadakı  mənalarını  göstərir:  cədd 

(əcdad), baba, nənə, ata, ana, əmi, bibi, yaşca böyük qardaş, yaşca böyük bacı, 

mamaça.  Clauson  yazılı  mənbələrdə  “Oğuz  əbə”,  “əbəm  köməci”  (bizdə 

əməköməci)  ifadələrini  və  Çin  qaynaqlarında  “ali  baş  komandan”  kimi  izah 

edilən “Apa Tarxan” tərkiblərini misal kimi verir [22, s. 5]. 

Aba  (əbə, əpə,  apa) sözünün bir  yandan ana, nənə, bibi, bacı və b. kimi 

qadınlıq  mənaları,  o  biri  yandansa  ata,  baba,  kişi,  qardaş  və  b.  kimi  kişilik 

mənaları  bildirməsi,  necə  deyərlər,  “ikicinsiyyətliliyi”  bayaqdan  gözə  çarpır. 

Bunu izah etməliyik. 

Tarixin,  dünyagörüşün,  eləcə  də  dilin  başlanğıcında,  o  sıradan,  sözlərin 

mənasında feminin (dişi) mərhələnin və prinsipin ilkinliyi qaydasına söykənərək 

belə  deyə  bilirik:  sözlərin,  xüsusilə  də  qohumluq  bildirən  sözlərin  feminin 

mənaları ilkin və daha əski, maskulin (ərkək) mənaları ikinci və gəncdir. Misal 

üçün, etimolojik prototürkcə səviyyəsində kür // hür sözü qadınlıq, dişilik, qızlıq 

bildirərkən, XI yüzillikdə yazılmış Qutadqu Bilikdə artıq ər(ən)lik, alplıq, kişilik 

bildirir.  “Kişi”  sözünün  ilkin  forması  “kisi”  olub,  qadın  mənası  bildirirdi,  o, 

ancaq patriarxatda “kişiləşdi” [22, s. 749]. 

Etimolojik analiz də bunu təsdiq edir. Sözün etimolojik dərinliyinə ən çox 

enən  hunqar  türkoloqu  Hermann Vámbéry olubdur.  O,  əb  sözünün  “ək(mək)”, 

“iki(lik)”, “əkiz” və “əş” (tay, dost, rəfiqə) kimi mənalar bildirdiyini yazır [23, s. 

29-30]. 



Doğrudan  da  “iki”  sözünün  daha  əski  yazılışının  “əki”  olduğuna 

söykənərək  əb  sözünü  əymək  (<  əkmək  <  əgmək),  daha  doğrusu,  üstünə 

qatlamaq  kimi  əymək  (ək  =  iki)  sözü  ilə,  onu  isə  öz  növbəsində  ikiləmək 

(ikiləşdirmək, cütləmək) sözüylə doğma saymaq mümkündür: əb – əy (ək, əg) – 

iki.  Türkməncənin  “abanmaq” (üstünə  əyilmək),  bizim  “hoppanmaq” və  başqa 

bu kimi sözlərimizin kökündə də həmin bu əb kökünün dayanması mümkündür. 

Belədə, əb(ə) – cütlənən, təkdən cütə çevrilən, ikiləşən, başqa sözlə, bar verən 

(berən), daha başqa bir sözlə, doğandır. 

Vámbéry-dən başladığımız yolda bir addım da irəliləyək. Bilindiyi kimi, 

matriarxatik dövrdə ailə matrilokal idi – ər arvadın yanına köçdüyündən uşaqlar 

ananın himayəsində və yiyəliyində olardı; uşaqlar ananın evində böyüyər, onları 

ana böyüdərdi. İndi “ev” kimi tələffüz etdiyimiz sözümüzün əski abidələrimizdə 

“əb”  kimi  yazılmasına  söykənərək,  biz  “əb”  (ev),  “əppək”  (çörək),  “yapmaq” 

(çörək  yapmaq)  sözlərimizi,  habelə  “əmmək”,  “əmcək”,  “am-...”,  “ana” 

sözlərimizi  də  əbə  ~  aba  ~  apa  ~  əpə  kontekstinə  salmaq  tərəfdarıyıq.  İndiki 

dilimizdə  “evlənmək”  kimi  səslənilən  sözümüzün  əslində  “əblənmək”  (qadın 

yiyəsi olmaq) olduğu qənaətindəyik. Uzun yolun kəsəsi, “əbə”nin ilk cinsiyyəti 

qadın olubdur. 

Türkistikadan  xəbərsiz bir  sıra avropalı  dilçilər  əski  yunanca ata  mənası 

bildirən  pappas  (πάππᾱς)  sözünün;  atanın  atası  –  baba  mənası  bildirən  pappos 

(πάππος) sözünün; ata mənası bildirən abba (ἀββᾶ) sözünün; latınca ata mənası 

bildirən  abba(s)  sözünün;  İncildə  allaha  xitabən  söylənilən  “abba”  sözünün; 

katolik  kilsəsi  terminologiyasında  abbat,  Papa  kimi  sözlərin  və  s.  semit  dilləri 

ailəsinin  üzvlərindən  biri  olan  qədim  aramey  dilindən  keçdiyini  güman  edirlər 

(arameycədə aba sözü ata deməkdir). Bu, savadsız və yanlış gümandır. Birincisi, 

aba  sözü  aramey  dilinin  öz sözü  o  səbəbdən  ola  bilməz  ki,  arameycədən  daha 

qədim  dil  olan  sumercədə  kişi,  kişilik,  ata,  qardaş  mənaları  bildirən  pab  sözü 

[24, s. 72]; ata mənası bildirən “pa” sözü [yenə orada, s. 71]; fəxri titul kimi ata, 

elmdə  və  sənətdə  təcrübəli  kişinin  rütbəsi  kimi  ata,  bani,  qoca  kişi  mənaları 



bildirən ab sözü vardı [yenə orada, s. 4]. Dilçilikdə belə faktlar təsadüf sayılmır. 

İkincisi,  dilimizin  məlum  leksikoqraf  və  etimoloqlarından  (M.Kaşğari, 

W.Radloff, H.Vámbéry, A.v.Gabain, E.Sevortyan, G.Clauson və b.) heç biri əbə 

~ aba  ~  apa ~  əpə sözünü və  buradan  yaranan baba sözünü  hansısa  bir dildən 

alınmış  bir  söz  saymayır,  əksinə,  onun  etimologiyasını  türk  dillərinin 

materiallarıyla  izah  edirlər.  Üçüncüsü  və  ən  başlıcası,  bu  söz  arameycədə  və 

eləcə  də  sumercədə,  ardından  ərəbcədə  (əbu  –  ata;  əxi  –  qardaş;  əbəveyn  – 

valideynlər,  əmu  –  əmi),  farscada  (ahıl  –  qoca  kişi),  yunancada  (abba)  və  b. 

dillərdə,  demək  olar  bütün  hallarda,  “kişicinsli”  mənalar  bildirdiyi  halda, 

türkdilli arealda “ikicinsli” olub, ana, nənə, bibi, bacı və b. kimi feminin mənalar 

da bildirməsi, onun bizdən başqalarına keçməsinin başqa bir sübutudur. Sözün 

feminin  (dişi)  semantikası,  yuxarıda  da  dediyimiz  kimi,  həmişə  daha  ilkin  və 

daha əski olduğu üçün. 

*** 


Sözün önünün “b”ləşməsinə gəldikdə. 

Alman paleolinqvisti Richard Fester “Daş dövrünün dili: insanlığın ilk altı 

sözü”  adlı  əsərində  yüzdən  çox  dil  üzərində  axtarışlar  apararaq,  bütün  dünya 

dilləri üçün  altı  ən qədim söz,  daha doğrusu, səs  (arxetip)  müəyyənləşdiribdir. 

Bu  səslərdən  biri  və  birincisi  “ba”  səsidir.  Fester  “ba”  səsinin  tezliklə  “ab” 

formasına  da  çevrildiyini,  buradan  “aba”,  “ama”,  “ana”,  “baba”  sözlərinin, 

“baba”  sözündən  isə  “papa”  və  “mama”  kimi  sözlərin  törədiyini  yazır  [25,  s. 

55].  Bizim  üçün  isə  burada  ən  başlıcası  –  baba  sözünün  aba  sözündən 

yaranmasının  paleolinqvistikanın  qaydalarına  zidd  olmaması,  paleolinqvist 

tərəfindən söylənməsidir. 

Türk  dillərinin  ən  iri  tutumlu  etimologiya  lüğətini  yazan  Ervand 

Sevortyan “apa” və yaxud “aba”nın ancaq kişicinsli mənalar bildirən “baba” və 

yaxud uzun saitlə tələffüz edilən “ba:ba”ya çevrilməsini çox sonrakı – patriarxat 

– dövrün, oğuz-uyğur və müəyyən dərəcədə də qıpçaq məhsulu sayır [26, s. 56]. 

Ancaq bu, yanlışdır. Sözün “p”li (“b”li) forması ta sumercədə “pab” sözü kimi, 



qədim  yunancada  “pappos”  sözü  kimi  artıq  vardı.  Sonralar  kilsənin  rəsmi 

dilində, ilk hecası uzadılaraq söylənilən “Pa:pa” kimi, Avropa dillərində “papa” 

kimi  işlənilən  bir söz dilimizin  XI yüz illikdən sonra oğuzcalaşmasıyla  yarana 

bilməzdi; əksinə, göründüyü kimi, ondan çox-çox qabaq bu söz vardı, məsələn, 

xristian Qafqaz albanlarının dilində [27, s. 99]. 

Ola bilsin, sözün mənasında gedən “kişiləşmə” ilə önünün “b”ləşməsi bir-

birinə  bağlı  hadisələrdir.  Aba,  əbə,  əpə,  apa  sözlərinin  istər  bizim  dilimizdə, 

istərsə dilimizə qohum dialektlərdə “ikicinsiyyətli” olmasına baxmayaraq, “b”li 

variantının – “baba”nın – ancaq “kişicinsli” olması bu ehtimalımızı gücləndirir. 

Dilimizdə  “b”  səsinin  sözlərin  önündən  düşməsiylə  və  yaxud  oraya 

artırılmasıyla  semantik  fərq  yaranmır.  Məsələn,  bolmaq-olmaq,  bermək 

(vermək)-ermək, ülüşmək-bölüşmək və s. Dədə Qor Qut dastanında oxuyuruq: 

“Kafir  dəxi  düşübən  bir  yerdə  aqça  ülüşməkdəydi”  (...bölüşməkdə  idi  –  A.Q.) 

[28, s. D72

3-4

]. Misalları çoxaltmaq mümkündür. 



 İstənilən  halda  “Babək”  adındakı  “baba”  sözünün  kişilik  mənası 

bildirməsi  sözsüzdür;  Babəkin  yaşadığı,  patriarxal  dünyagörüşün  artıq  çoxdan 

oturuşub bərkimiş olduğu dövrdə nə O, özünə feminin məzmunlu ad götürər, nə 

də xalq ona belə ad verərdi. 

*** 

Biz təkrar etmək istəyirik: avropalı türkoloqların heç biri nə “baba”nın, nə 



də  onun  kökü  “aba”nın  (əbənin  və  s.)  başqa  dillərdən  türk  dillərinə  keçdiyini 

söyləyirlər. Beləliklə, biz ana dilimizin ərazilərindəyik. 

Ancaq  burada  bizə  belə  deyilə  bilər:  “Babək  adının  ilk  bölüyü  “baba” 

sözünün kökü “aba” sizin ana dilinizdən başqa dillərə (sumercəyə, arameycəyə, 

ərəbcəyə, əski yunancaya, latıncaya və bəlkə başqa dillərə də) keçmiş olsa belə, 

bu,  çoxdan  tarixin  dərinliyində  qaldığından  Babəkin  ana  dilinin 

müəyyənləşdirilməsi  üçün  disfunksionaldır;  Babək  yaşadığı  dövrdə 

Azərbaycanın  o  vaxtkı  ərazilərində  belə  bir  beynəlxalq  (nostratik)  sözdən  fars 




da, talış da, kürd də, ləzgi də özünə ad düzəldə bilərdi və deməli, Babək adının 

mübahisəliliyinə yenə də son qoymaq mümkün olmur.” İndi nə etməli? 

Belədə, biz adın ikinci bölüyünə – “k” sonluğuna üz tutmalıyıq. 

Dilimizdə  şəkilçilər  hansısa  müstəqil  sözün  qalığıdırlar.  Yüz  illiklər 

ötdükcə söz birləşmələrində sözlər bir-birinə bitişir, ikinci söz ya şəkilçiləşir, ya 

da özündən qabaqda dayanan sözə birləşərək yeni söz görünüşündə müstəqil söz 

yaradırlar.  Dilçilikdə  buna  kontominasiya  (sözlərin  bir-birinə  girib 

qaynaqlanması  nəticəsində  yaranan  daralma,  qısalma,  bitişmə)  adı  verilir.  Biz 

bir  çox  hallarda  indi  şəkilçi  bildiyimiz  sözün  hansı  sözdən  qalma  olduğunu 

kəsdirə bilmirik. Tək-tük hallarda bu, mümkün olmaqdadır. Sözgəlişi, sumercə 

“ne”  sözündən  yaranan  “necə”  sözü  “nə  dəng”  (nə  tək)  sözündən  törəyibdir, 

başqa  sözlə  desək,  “nə”  və  “dəng”  sözlərinin  kontominasiyasından  yaranıbdır: 

nə dəng > nə dəg > nə təg > nə tək > nitək > netək > necə. Bu proses yenə də 

davam edir: bir sıra hallarda, xüsusilə şeirlərdə, “necə” əvəzinə “nec” yazıldığını 

görürük,  məsələn,  “necoldu” kimi.  Ümumiyyətlə,  dildə  permanent  qısalma  adi 

haldır: edəgin > edək; bilməyir > bilmir; yazacağam > yazacam. 

Babək  adı  da kontominasiyadan  (sözlərin  bir-birinə  qaynaqlanmasından) 

yaranan  addır.  “Baba”  sözünə  qaynaqlanıb  “k”  sonluğuna  çevrilən  söz  “dəng” 

sözüdür.  Beləliklə,  biz  indi  adın  ikinci  bölüyü  –  dəng  sözü  üzərində 

dayanmalıyıq. 

“Əsli  və  Kərəm”  dastanımızda  oxuyuruq:  “Ağ  qovaq  qız,  yürü  bəyinin 

dəngi,  Şah  İsmayılın  yarı  Ərəbzəngi,  Leyla  da  bir  zaman  Məcnunun  dəngi, 

Onlara  da  imdad  olan  olmadı”  [29,  s.  29].  “Leyli  və  Məcnun”  dastanımızda 

oxuyuruq:  “Kimsə  ərənlərin  dənginə  yetməz”  [yenə  orada,  s.  256].  M.P.Vaqif 

deyir: “Yarın tər məməsi, sinə haçası, Çin mülkünə vеrməm saçının dəngin.” 

Verilən  misallardan  da  anlanacağı  kimi,  dəng  sözü  əvəzlik,  oxşarlıq, 

tənlik, “kimilik”, “qədər”lik kimi mənalar bildirir. Qazaxıstanın pul vahidi təngə 

sözü; türkiyəlilərin tarazlıq mənasında işlətdikləri dəngə sözü; izahlı lüğətimizdə 

mənası “pul, var-dövlət” deyə göstərilən tanqah sözümüz [30, s. 264] həmin bu 



dəng sözüdür. Dəng (təng) sözü anadangəlmə ana dilimizcədir. Bunu inkar edən 

türkoloq olmayıbdır. Onun çincədən alınma olmasına dair şübhələr də əsassızdır 

[22, s. 511]. 

Bizim  görüşümüzcə,  dəng  sözü  dəgmək  (dəymək,  gedib  çatmaq)  feilinə 

qohumdur.  Tutaq,  kimsə  “O,  buna  dəyməz”  dedikdə,  “O,  bunun  dəngi  (təni) 

deyil,  tutuşdurası  olsaq,  o,  gedib onun  boyuna  və  yaxud  dibinə  çatıb  dəyməz” 

demiş olur. 

Dəng sözündən törəmiş müstəqil leksik vahidlərə gəldikdə isə dəyər, tən, 

tək (kimi), tək (dib) sözləri göstərilə bilər. 

(“Dəng  olmaq”,  “dəng  etmək”  mürəkkəb  feillərində  gördüyümüz, 

diksinmək,  qorxmaq,  heyrətlənmək  kimi  səbəblərdən  yaranan  həyəcan  halını 

bildirən dəng sözüylə, əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözümüz bir-birinə 

qarışdırılmamalıdır.) 

Biz ŋ (ng) sonluqlu dəng sözünün iki yolla kontominasiya edərək müstəqil 

sözlərə çevrildiyini və yaxud şəkilçiləşdiyini müəyyən edə bilirik: 

Bir dəfə sözün  “g”si  düşərək aşağadakı keçid  yaranır: dəng  > dən  >  tən 

(tan)  >  -cən,  -can  >  -cə,  -ca  >  -c  >  -ş.  Bu  qol  üzərində  Baban,  Babac,  Babaş 

quruluşlu adlar yarana bilər. 

O biri dəfə isə sözün “n”si düşərək belə bir keçid yaranır: dəng > dəg > 

dək > tək > -g, -k, -q > ş. Bu qol üzərində isə Babag, Babak, Babaq, Babaş kimi 

adların yaranması mümkündür. 

Belə iki ayrı qoldan, iki ayrı səpkidə gedən qısalma saŋ (sang) sözünün də 

başına gəlib: söz haçalanaraq bir yandan san, sanamaq kimi, o biri yandansa say, 

saymaq kimi müstəqil sözlərə çevrilərək öz yoluna davam edibdir. 

Dəng  sözü  qaynaqlanarkən  onun  “g”si  düşürsə,  o,  ilkin  “tən”  sözünə, 

ardından  da  “n”  şəkilçisinə  çevrilir,  nəticədə  “Baban”  adı  meydana  çıxır.  Bu, 

tarixi qaynaqlarda adın Baban kimi yazılışının səbəbidir: baba tən > Baban. Sırf 

filolojik  baxımdan  “Baban”  da  doğru  variantdır.  Elə  indi  də  danışıq  dilimizdə 

“k”li “axşamadək” formasıyla yanaşı, “n”li “axşamatan və yaxud “axşamacan” 



formaları  işlənilməkdədir.  Bu,  dəng  sözünün  iki  cür  qısala  bilməsindəndir: 

yuxarıda  da  göstərdiyimiz  kimi,  o,  ya  -dək,  -tək  formasında,  ya  da  -tan,  -can 

formasında  qısalır.  Üstəlik,  adın  “Baban”  forması  adda  “baba”  kökünün 

dəyişilməz qalan bölük olduğunu bir də təsdiqləmiş olur. 

Dəng  sözünün  iki  cür  qısala  bilməsinə  başqa  bir  misal  kimi  biz  ərdən 

sözümüzü göstərə bilərik. Əski dilimizdə ərdən bakirə demək idi. Bu sözün də 

etimologiyası  indiyədək  verilməyibdir.  Ərdən  sözü  də  ər  və  dəng  sözlərindən 

yaranıbdır.  Eynilə  “Baban”  adının  yaranmasındakı  kimi  dəng  sözü  ər  sözünə 

bitişərkən  sondakı  “g”  səsini  itirərək  “dən”ə  çevrilib,  buradan  da  ərdən  sözü 

doğulubdur.  Ərdən  (ərtən)  –  indiyədək  yatılmadığı  üçün  ər  kimi  qadın,  kişi 

xeylağı kimi qadın, ər(kək) tək qadın deməkdir. 

Dəng sözünün “n”si düşdükdə isə təg və yaxud tək sözü yaranır, bunlar da 

öz növbəsində “baba” sözünə bitişərkən “g” və yaxud “k”yə çevrilirlər; nəticədə 

“Babag”, “Babaq” və yaxud “Bəbək” kimi adlar meydana çıxır. 

Ərəb dilində gecə, göy, gümüş kimi sözlərimizdəki “g” səsi, qar, qor, qızıl 

kimi  sözlərimizdəki  “q”  səsi,  köp,  keçə,  kəsər  kimi  sözlərimizdəki  “k”  səsi, 

əlifbasında isə bu səsləri bildirən hərflər olmadığından, ərəblər bu adı nə Babag, 

nə  Babaq,  nə  Bəbək,  nə  də  Babək  kimi  yaza  bilərdilər.  Ancaq  iki  cür  yaza 

bilərdilər: ya bizim qar, qor, qızıl kimi sözlərimizdəki “q” səsindən daha qalın, 

“ğ”  səsinə  oxşar  səs  verən  “qaf”  (ق)  hərfiylə,  ya  da  klub,  kart,  kolbasa 

sözlərindəki  “k”  səsindən  daha  yumşaq  səs  verən  “kəf”  (ك)  hərfi  ilə.  Ərəblər 

ikinci variantı seçiblər: adı kəf hərfiylə yazıblar: ﻚﺑﺎﺑ Bu yazılışınsa bir neçə cür 

oxunuşu mümkündür: Babak, Bəbək, Bəbik, Babək və b. Ancaq unutmayaq: bu 

oxunuşlarda  sondakı  hərf  nə  “klub”un  “k”sı,  nə  də  “keçə”nin  “k”sidir. 

Azərbaycan  tarixşünaslığında  bu  adın  nədənsə  “Babək”  kimi  oxunuşuna 

üstünlük verilib, indiyədək elə də qalıb. Bu, düzgün oxunuş deyil. 

Avropa tarix kitablarında adın ilk hecasının uzun oxunduğunu bildirmək 

üçün onu ya Bābek, Ba̱bek və Bâbek kimi, ya da eləcə Papak və yaxud Babak 

kimi  oxuyub  yazırlar.  Bir  sıra  avropalı  müəlliflərdə  bu  adın  ilk  hecasının 



uzadılması  zərurətinə  inam  ərəbcədə  “baba”  sözünün  ilk  hecasının  uzadılaraq 

“baaba”  kimi  səslənməsindən  irəli  gəlir.  Təəssüf,  biz  özümüz  də  “baba” 

sözümüzü  qısa  “a”larla  səsləndirdiyimiz  halda,  “Babək”  adını  uzun  “a”  ilə, 

ərəblər kimi çağırırıq: “Baabək”. Bu, yanlışdır. 

Dədə  Qor  Qut  dastanında  oxuyuruq:  “Baybörə  bəg,  nə  ağlayub 

bozlarsan?”  Baybörə  bəg  aydır:  “Xan  Qazan,  necə  ağlamayayın,  necə 

bozlamayayın?  Oğulda  ortacım  yoq,  qardaşda  qədərim  yoq!  Allah  Taala  məni 

qarğayıbdır.  Bəglər,  tacım-taxtım  içün  ağlaram.  Bir  gün  ola,  düşəm  öləm, 

yerimdə-yurdımda kimsə qalmaya”, - dedi” [28, s. D67

13

-D68



1-4

]. Biz Dastandan 

seçdiyimiz  bu  misalı  “ortaq”  sözümüzün  “ortac”  kimi  də  səslənə  bildiyini 

göstərmək üçün verdik. 

Dədə Qor Qut dastanımızda Dədə, buğanı öldürə bildiyi üçün Dirsə xanın 

oğluna  Buğac  adı  qoyur.  Buğac  adı  buğa  və  dəng  sözlərindən  teorik-filolojik 

baxımdan başlanğıcda Buğag kimi  yaransa da, gündəlik danışıqda Buğaq kimi 

səslənib.  Buğac  ya  da  Buğaq  (Buğag)  –  buğa  kimi,  buğaya  oxşar,  buğa  tək, 

buğaya  tən,  bir  sözlə,  buğa  dəngi  deməkdir.  İndiyədək  anlanmadan  qalan 

“buxaq”  sözümüzün  də  ilkin  forması  “buğaq”dır;  buxaq  sözünün  mənası  – 

insanın  çənəsi  ilə  boğazı  arasındakı  ətin  buğalardakına  oxşar  formada 

sallanmasıdır. Buğac (Buğaq) adı isə Babək adının quruluşca büsbütün eynisidir. 

Biz  Buğac  (Buğaq)  adını  tapmaqla  özlüyündə  Babək  adının  orijinal  formasını 

əldə etmiş olduq: Babaq. 

Babaq  sözü  quruluşunda  dilimizdə  sözlər  çoxdur:  anaq,  ataq  və  b. 

H.Vámbéry  cığataycada  ata  əvəzi  mənası  bildirən  ataq  sözünü  göstərir  [23,  s. 

24].  M.Kaşqarinin  lüğətində  anac  –  ana  kimi  olan,  ana  kimi  sevilib,  hörmət 

edilən; əkəc – böyük bacı kimi sevilib, hörmət edilən; atac – xalqın atası kimi 

davranan deməkdir, məsələn, “atac oğul” [15, s. 52]. 

Nənə-baba  (əcdad)  kultunun  icrası  kimi  bəzən  valideynlər  atalarının, 

analarının,  nənələrinin,  babalarının  adını  körpələrinə  qoyur,  sonra  onları 

əzizləyici formada

 

Ataş, Anaş, Nənəş, Babaş deyə çağırırlar. Əslində bu adlar, 




həmin  sırayla,  Ataq,  Anaq,  Nənək,  Babaq  adlarıdırlar.  Sonralar  Ataş,  Anaş, 

Nənəş,  Babaş  adlarının  özləri  müstəqil  adlara  çevrilərək,  adların  orijinallarını 

(Ataq,  Anaq,  Nənək,  Babaq)  unutdururlar.  Bu  adların  “ş”li  forması  ən  gənc 

forma olduğu kimi, onların nəvaziş və kiçiltmə mənası da ən gənc mənadır. Bu 

sözlər başlanğıcda nəvaziş və kiçiltmə bildirmək məqsədi üçün yaranmayıblar: 

bunu əvəzlik, oxşarlıq, tənlik bildirən dəng sözünün mənası; qədim yazılı abidə 

və  lüğətlərimiz;  və  nəhayət,  sözlərin  tarixi  semantikası  göstərir.  Ataş,  anaş, 

nənəş, babaş kimi adlardakı nəvaziş və kiçiltmə bildirən mənalar – sözlərin əsas 

mənasına  sonradan  qoşulan  ikinci  dərəcəli  belə  mənalar  –  konnotativ  mənalar 

adlandırılır. Beləliklə, indiki Babaş adı nəvaziş və kiçiltmə çalarları bildirsə də, 

Babək  (Babaq)  adında  bu  mənalar  yox  idi.  Bir  də  axı  Babək  adı  nəvaziş  və 

kiçiltmə mənası bildirə bilərdimi, O, nəvaziş ediləcək, kiçildiləcək şəxs idimi?! 

Yuxarıda  bir  neçə  dönüm  gördüyümüz  üzrə,  sözün  əpə,  apa  və  s.  kimi 

“p”li yazılışları da vardır. Bu, Babək adının tarixi qaynaqlarda bəzən Papak kimi 

də  yazılışının  səbəbini  izah  edir.  Başqa  sözlərlə  desək,  adı  Papak  kimi 

səsləndirdikdə,  sözün  nüvəsinə  (apa  ~  aba)  zərər  vurulmadığından,  adın 

məzmununda  dəyişiklik  baş  vermir.  Üstəlik,  sait  səslərin  harmoniyası 

baxımından, “Papak” adı “Babək” kimi oxunan addan daha düzgündür. Ailənin, 

tayfanın,  nəslin  və  s.  başçısının  (matriarxatda  nənənin,  patriarxatda  babanın) 

görünüşcə  də  başqalarından  yekə  və  üstün  görünməsi  üçün  papaq  qoyardılar. 

Hündür  taxtda  oturmağın  da,  yekə  tac,  uzun  şişpapaq  qoymağın  da  və  s. 

psixoloji məqsədi budur. Bu analiz bizə indiyədək izah edilmədən qalan “papaq” 

sözümüzün  də  etimologiyasını  verir:  “papaq”  sözü  “babaq”  sözündən 

yaranıbdır,  o,  ailənin,  tayfanın, nəslin ağsaqqal  yiyəsi  kimi  babanın bəlgəsidir. 

Elə indi də bizim kulturada papaq başı soyuqdan, ya da gündən qoruyan təkcə 

baş geyimi  yox,  həm  də namus,  heysiyyət,  şərəf  rəmzidir.  Görünür, Babəkdən 

qabaq  babaq  (eləcə  də  papaq)  sözü  dilimizdə  olub,  Babək  onu  adlaşdırıbdır. 

Babək  xalqımızın  papağıdır!  Ola  bilsin,  o  dövrdə  xalq  Onu  namus,  heysiyyət, 




şərəf mənasında Papaq kimi də çağırırdı. Beləliklə, Buğac adı kimi, papaq sözü 

də quruluşca Babaq (Babək) adının ən yaxın doğmalarından biridir. 

Bununla Babək adının ikinci bölüyünün də sırf ana dilimizcə olduğu üzə 

çıxmış  oldu.  Eyni  məntiqlə  yaranan  və  eyni  quruluşda  olan  ataq  (atac),  anaq 

(anac),  ortaq  (ortac),  əkəc,  Buğac  kimi  misallardan  görünən  budur:  bu  ad 

xronoloji sırayla Babag, Babaq, Babac, Babaş kimi səslənə bilər. Bu ad o vaxtı 

Babac kimi səslənsəydi, ərəblər onu gim (ج) hərfiylə, Babaş kimi səslənsəydi şin 

(ش) hərfiylə yaza bilərdilər. Kəf (ك) hərfiylə yazıblarsa, deməli, bu ad o dövrdə 

danışıqda Babaq kimi  səslənirdi. Babaq adının  mənası  –  babaya  tən,  baba tək, 

babaya  dəyər,  baba  əvəzi,  baba  kimi,  babaya  oxşar  –  bir  sözlə,  baba  dəngi 

deməkdir. 

“Xürrəmi”  adının  “kürləmə  //  hörləmə  olduğunu,  Babəkin  sözün 

farscadakı  mənasıyla  şad-xürrəm  (şən,  firavan)  yox,  ümumtürk  tarixindən 

tanıdığımız  Uyğu  Şad,  Işbara  Tolos  Şad,  Təkin  Şad,  Börü  Şad  kimi  şad  titulu 

daşıdığını, ancaq bu mənada şadi-xürrəm (xürrəmilərin şadı) olduğunu biz artıq 

yazmışıq.

  Kürləmə-hörləmə  (xürrəmi)  adı  düşmən  –  islamçı  işğalçılar  üçün 

seçilmişdisə və nə qədər söyüşlü, nifrət, ikrah saçan məzmunu varsa, Babaq adı 

düşməni  kürləyənlərə-hörləyənlərə  –  xalqa  ünvanlanmışdı  və  bir  o  qədər 

doğmalıq,  sevgi,  şəfqət  bildirirdi.  Kim  bilir,  bəlkə  də  bu  adı  xalq  özü  Ona 

vermişdi.  Babaq  adı  altında  birləşən  xalq  türkməncənin  əvəzedilməz  sözüylə 

desək, babadaş olur, bütövləşib vahid Papaq altında dayanırdı. 

Babaq  (Babək)  adı  Dədə  Qor  Qut  dastanında  da  yaşayır.  Dastanda 

təpəgözün  öldürdüyü  oğuz  igidlərinin  adları  sadalanır,  onlardan  biri  “Dəmir 

donlu Mamaq”dır: “Dəmür donlı Mamaq” [28, s. D218

12

-219



13

]. Dilimizdə “m” 

başlanğıc səsi deyildir, o, bir qayda olaraq, “b” səsinin dəyişməsidir: bən > mən; 

bin  >  min;  binmək  >  minmək;  boncuq  >  muncuq;  əbə  >  əmə  və  b.  Dastana 

“Mamaq” kimi düşən bu ad əslində “Babaq”dır. 

Habelə, Türkiyə ərazisində “Mamak” toponimi vardır. Mamak – Ankara 

şəhəri yaxınlığında qəsəbədir. 



*** 

Tarixi  məlumata  əsasən,  Babək  edam  edilərkən  son  sözü  “Asanya” 

olubdur  [2,  s.  135].  “Asan”  sözü  farsca  olub,  “qolay,  yüngül”  deməkdir;  “ya” 

sözü  isə  ərəbcə  “ey,  ay”  kimi  çağırış  sözüdür;  belədə,  “asanya”  ağlabatan 

hansısa  məna  bildirmədiyindən,  Babəkin  son  sözü  də  indiyədək  başa 

düşülmədən qalıbdır. Bu sözü – Babəkin son sözünü bir yol da öz sözlərimizlə 

eşitməyə cəhd edək. 

Dədə Qor Qut Dastanında oxuyuruq: “Ordum sağ-əsən degil isə, başuñuza 

çarə  edin,  mən  dəxi  getdim”  [28,  s.  D43

13

-44



1

].  Dastanın  başqa  bir  yerində: 

“Sağ-əsən varub gələsən!” Sağ-əsən – sağ-salamat deməkdir. 

Əhməd  Harami  dastanımızda  oxuyuruq:  “Həzaran  dürlü  ana  alqış  etdi, 

Əsənlədi  qızını,  durdu  getdi”  –  ([Atası]  Onu  minlərlə  dönüm  alqışladı,  Qızına 

salamatlıq  diləyib,  durub  getdi).  Burada  əsənləmək  –  vidalaşarkən  salamatlıq 

diləməkdir.  Dastanın  başqa  bir  yerində  belə  oxuyuruq:  “Şəhənşahə  der:  ey 

bəylər bəyi, sən, Cahan içində olgil daim əsən” – (Şahənşaha deyir: Ey bəylər 

bəyi, sən, Cahan içində ol daim salamat). Başqa bir yerdə: “Gedərəm bən, əsən 

qal  sən,  e  sərvər”.  Əsən  qalmaq  –  salamat  qalmaq  deməkdir.  Dəhnamədə 

(Xətayi) oxuyuruq: “Həm söylə nigar sağ, əsənmi? Оl fitnəli yar sağ, əsənmi? 

Der:  Sağdır,  əsəndir  оl  pəriru...”  Dədə  Qor  Qut  Dastanında  oxuyuruq: 

“Sağmısan-əsənmisən, canım Bamsı!” [28, s. D96

1-2


Əsən  –  salamat;  əsənlik  –  salamatlıq,  səlamət  deməkdir.  Əsən  sözümüz 

izahlı  lüğətə  salınsa  da,  mənası  “sağ,  salamat”  deyə  göstərilibdir  [11,  s.  135]. 

Bu,  yanlışdır.  Əsən  sözünün  mənalarından  biri  “sağ”dırsa,  başqa  sözlə,  sağ 

sözüylə əsən sözü sinonimdirsə, onda sağ-əsən söz birləşməsi nə üçün var; Dədə 

Qor  Qut  dastanında nə  üçün  “Sağmısan,  əsənmisən,  canım  Bamsı!”  soruşulur; 

Xətayi  nə  üçün  “Həm  söylə  nigar  sağ,  əsənmi?”  soruşur;  nə  üçün  “Sağdır, 

əsəndir” cavabını verir? Deməli, əsən sözünün mənası həm də “sağ” yox, təkcə 

“salamat”dır. Sözün kökü əsirgəmək, üstündə əsmək, əski sözlərinin kökləriylə 

birdir. 



Ola bilsin ərəbcə “əsgər”, “əsəs” (gecə qarovulçusu), “əsir” kimi sözlərin 

də kökündə bizim “əs” dayanır. 

Əsənlik sözü hərfən salamatlıq mənası bildirsə də, nənə-babalarımız bir-

birlərinə yaxınlaşarkən salamlaşma sözü kimi əsənlik sözündən istifadə etməyib, 

əksinə,  bir-birlərindən  uzaqlaşıb  ayrılarkən  bir-birlərinə  əsənlik  (salamatlıq) 

arzulayıblar;  bu  isə  “Bax,  ehtiyatlı  ol,  başqalarından  özünü  qoru,  məndən 

uzaqda,  mənsiz  sənə  təhlükə  ola  bilər”  deməkdir.  Ərəblər  isə  əksinə,  bir-

birlərinə yaxınlaşıb görüşərkən bir-birlərinə salamatlıq, səlamət arzulayıblar; bu 

isə  “Bax,  ehtiyatlı  ol,  məndən  özünü  qoru,  məndən  sənə  təhlükə  gələ  bilər” 

deməkdir.  Elə  bu  üzdən  də  onlar  bir-birlərinə  məhz  yaxınlaşarkən  “mən  sənin 

üçün təhlükəsizəm, məndən qorxma, sənə sülhlə yaxınlaşıram!” mənasında bir-

birlərinə  salam  verir,  salamatlıq  arzulayırlar.  Göründüyü  üzrə,  sözlər  arasında 

mənaca  uyğunluq  (səlamət-əsənlik)  bulunsa  da,  dünyagörüş  uyğunluğu  (ərəb-

türk) yoxdur. 

Beləliklə,  əsənlik  bizim  üçün  salamlaşma  sözü  yox,  salamatlaşma 

sözüdür:  biz  “Əsən  ol!”,  “Əsən  qal!”  sözlərini  ancaq  bir-birimizdən  ayrılıb 

gedərkən söyləyə bilərik. Dədə Qor Qut dastanı bizə öz dilimizcə salamatlaşma 

sözünün ən dolğun formasını veribdir: “Yenə görüncə bəg baba, xatun ana, əsən 

qaluñ!” [28, s. D177

2

]. 700 il bundan qabaq Yusif Məddahın yazdığı “Vərqa və 



Gülşah”  poemasında  da  belə  vidalaşılıbdır:  “Yenə  görüncə  əsən  qal!”  – 

(Görüşənədək salamat qal!) 

Babəkin  son  sözünə  gəldikdə,  ərəb  qulağının  “Asanya”  kimi  eşidib 

yazdığı sözü bizim qulağımız “Əsən qal(ın)!” kimi eşidir. 

Babəklə  birlikdə  minlərlə  xürrəmi,  Onun  bir  neçə  ailə  üzvü,  o  sıradan 

anası, qardaşı, uşaqları, xanımı və b. əsir tutulmuşdu. Ancaq Samirə şəhərinə – 

Babəkin  edam  edildiyi  yerə  Onun  qardaşından  başqa  daha  hansı  doğmalarının 

gətirilməsi,  edam  mərasimində  daha kimlərin  iştirak  etməsi  mövzusunda tarixi 

mənbələr  susur.  Babək  son  sözünü  Onunla  birlikdə  əsir  edilib  gətirilmiş 

doğmaları,  ailə  üzvləri  və  uşaqlarına  söyləyə  bilərdi.  O  situasiyada  “Əsən 




qal(ın)!”  Babəkin  dilində  onun  bəlkə  də  göy  üzü  ilə,  diriliklə,  tarixlə  son 

vidalaşması,  dünyaya  “Əlvida!”  deməsi  idi.  Babəkin  adı  Əsən  olubsa,  “Əsən 

qal(ın)!” Onun özünəməxsus söz oyunuyla ənənəvi sağollaşması da ola bilərdi. 

Beləliklə,  Babaq  Şad  Kürləmənin  son  sözünü  biz  1200  il  sonra  belə 

eşidirik: “Əsən qalın!” 

 

 



İstifadə edilən mənbələr 

1.  Gustav  Leberecht  Flügel.  Bâbek,  seine  Abstammung  und  erstes 

Auftreten. Zeitschtift der Deutschen Morgenländischen Gesellshaft. Vol. 23, No. 

4 (1869), pp. 531-542 

2.  Səid  Nəfisi.  Azərbaycan  qəhrəmanı  Babək  Xürrəmdin.  Azərbaycan 

SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960  

3. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Şərq-Qərb, Bakı, 2007 

4.  Azərbaycan  tarixi,  7  cilddə,  II  cild,  III-XIII  əsrin  birinci  rübü,  Bakı, 

Elm, 2007 

5.  Klaus  Schippmann.  Grundzüge  der  Geschichte  des  sasanidischen 

Reiches. Wissenschaftliche Buchgesellschaft, Darmstadt, 1990 

6.  Handwörterbuch  des  Islam.  Herausgegeben  A.J.Wensinck  und 

J.H.Kramers. Leiden E.J.Brill. 1948 

7. Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. 

Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – 1994. 

8.  Comes  Céza  Kuun.  Codex  Cumanicus.  Budapestini.  Editio  Scient. 

Akademiæ Hung. 1880 

9. Wilhelm Radloff. Das türkische Sprachmaterial des Codex Comanicus. 

Nach der Ausgabe des Grafen Kuun (Budapest 1880). St. Pétersbourg, 1887 

10. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı 2006 

11. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı 2006 

12. Azərbaycan dilinin dialektoloji lüğəti: A-Z. Şərq-Qərb, Bakı 2007 




13. Ağbaba şivəsi sözlüyü. Sumqayıt Dövlət Universiteti Azərbaycan dili 

və  dilçilik  kafedrası  Folklorşünaslıq  Elmi-Tədqiqat  laboratoriyası.  Sumqayıt, 

2014. 

14. Ramstedt Gustav John. Alte Türkische und mongolische Titel. 1939 



15.  Mahmud  Kaşgarlı.  Divanü  lûqat-it-türk  tercümesi  I.  Çeviren  Besim 

Atalay. Türk Dil Kurumu Yayınları. Ankara, 1985 

16.  Tatarça-törekçə  süzlək  /  татарско-турецкий  словарь.  М:  Инсан, 

1997 


17. Федотов М.Р. Этимологический словарь чувашского языка. В 2-х 

томах.  Том  I  А  –  РИТĂВАН.  Чувашский  государственный  институт 

гуманитарных наук. Чебоксары – 1996 

18.  Уйгурско-русский  словарь.  Около  33  000  слов.  Издательство 

«советская энциклопедия». Москва – 1968 

19.  Хасамитдинова  Ф.Г.,  Мухтарова  А.М.  Башкирско-русский  и 

русско-башкирский учебный словарь. 7500 слов. Москва, Говорун, 2011. 

20.  Киргизско-русский  словарь.  Кыргызча-орусча  сөздүк.  В  двух 

книгах.  Около  40  000  слов.  /  Сост.  К.  К.  Юдахин.  –  Книга  1  А-К. 

Издательство «советская энциклопедия». Москва 1985 

21.  Радлов  В.  В.,  Опыть  словаря  тюрскихь  наречий.  Томь  первый. 

Часть  1.  Гласные.  Санктпетербургь.  1893.  Dr.  W.  Radloff.  Versuch  eines 

Wörterbuches der Türk-Dialecte. Erster Band. Die Vocale. St. Petersburg, 1893 

22.  Clauson  Sir  Gerard.  An  Etymological  Dictionary  of  Pre-Thirteenth-

Century Turkish. Oxford at the Clarendon Press. 1972 

23.  Hermann  Vámbéry.  Etymologisches  Wörterbuch  der  Turko-

Tatarischen  Sprachen:  Ein  Versuch  zur  Darstellung  des  Familienverhältnisses 

des Turko-Tatarischen Wortschatzes. Leipzig: 1878 

24.  Friedrich  Delitzsch.  Sumerisches  Glossar.  J.C.Hinrichs’sche 

Buchhandlung, Leipzig, 1914 




25.  Richard  Fester.  Sprache  der  Eiszeit.  Die  ersten  sechs  Worte  der 

Menschheit. Herbig Verlagsbuchhandlung, München, Berlin 1980 

26.  Севортян  Э.  В.  Этимологический  словарь  тюркских  языков 

(Общетюркские и межтюркские основы на гласные). Издателство «Наука». 

Москва 1974. 

27.  Bəxtiyar  Tuncay.  Alban  (Qafqaz)  türkcəsi  sözlüyü.  I  cild  A-X. 

“Tuncay Şahverdisoy” Elektron Kitab Yayın Evi. Bakı 2012. səh. 99 

28. Kitabi-Dədə Qorqud: əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004. 

29.  Azərbaycan  dastanları.  Beş  cilddə.  II  cild.  “Lider  nəşriyyat”,  Bakı-

2005 


30. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı 2006 

 

2016-2017, Almaniya 



Yüklə 317,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə