Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

86 


 

Q i t ə  

 

Düşmənlə dost ol ki, o da heç zaman 

Düşmənlik tiyğilə vurmasın səni. 

 Dostunu o qədər incitmə ki, o 

Özünə dost etsin sənə düşməni. 

 

Hekayət. 

Tülküyə dedilər: «Yüz dinar alıb bu xəbəri kənd itlərinə 

çatdıra bilərsənmi?» Dedi: «Vallah, yaxşı muzd verirsiniz, 

canımdan keçmək qorxusu olmasaydı, ondan əl çəkməzdim». 

 

Q i t ə  

 

Alçaqdan kəramət ummaq odur ki, 

Gəmini salasan böyük tufana. 

Düşmənə əyilmək mal, mənsəb üçün 

Zərbədir, ölümdür hər mərd insana. 

 

*** 



Hekayət. 

Bir dəvə bir səhrada otlayır və onun kol-kosu ilə 

dolanırdı. Bir tikan koluna rast gəldi; gözəllər zülfü tək 

təravətli, sevimlilər üzü tək məlahətli idi. Boynunu uzatdı ki, 

kolun boynunu üzsün, gördü ortasında bir əfi ilan yatıb, elə 

qıvrılıb ki, başı quyruğuna çatıb. Geri döndü və onu yeməkdən 

əl çəkdi. Kol elə güman etdi ki, dəvənin fikrini dəyişməsi onun 

tikanlarından qorxması, iynələrinin ona batmasıdır. Dəvə bunu 

duyub dedi: «Mənim qorxuma səbəb qonaqçının aşkar tikanı 

deyil, bəlkə də o gizlənmiş qonaqdır, tikanın vuracağı yaradan 

deyil, ilanın dişindəki zəhərdən qorxdum, dərdini çəkməsəy-

dim, qonaqçını bir tikəyə yeyərdim». 

 

 

87 



Q i t ə  

 

Nanəcib adamdan qorxarsa nəcib, 

Canından qorxmur o, hörmətdən qorxur. 

Hər kəs kül üstünə ayaq qoymursa

Altında gizlənən atəşdən qorxur. 

 

*** 

Hekayət. 

Ac-yalavac, bir tikə çörəyə möhtac bir it bir şəhərin 

darvazası ağzında durmuşdu. Birdən gördü ki, bir dəyirmi fətir, 

şəhərdən çıxıb, diyirlənə-diyirlənə  səhraya tərəf gedir. İt onun 

dalınca düşüb qışqırdı: «Ey canımın qidası, ruhumun qüvvəti, 

ayaqlarıma güc, əllərimə qüdrət verən, sən baş alıb hara 

gedirsən? Yolun haradır, məqsədin hara?!» 

Dedi: «Bu çöldə canavarlar və pələnglərin sərkərdələri ilə 

dostluğum var, onların ziyarətinə gedirəm».  İt dedi: «Məni 

qorxutma, nəhəngin kamına, aslanın ağzına getsən də, dalınca 

gələcəyəm». 

 

Q i t ə  



 

Mən haman adamam, ömür boyunca 

Sevgi və arzumla bəzərəm səni, 

Əgər sən dünyanı dolansan, mən də 

Ardınca düşərək gəzərəm səni. 

 

Q i t ə 



 

Onlar ki, çörəkçin candan keçərlər, 

Alçaq adamlardan umarlar çörək. 

Əgər başlarına yüz qapaz dəysə, 

Yenə ac it kimi cumarlar, çörək? 

 



 

88 


Hekayət. 

Bir qurbağa cütündən aralanmış, onun fikrindən dəniz 

kənarında tək dayanmışdı. O, bərk darıxır, dərdini dağıtmaq 

üçün o tərəf-bu tərəfə baxırdı. Birdən suyun içində gözünə bir 

balıq sataşdı. 

 

 



89 

Məsnəvi 

 

O suda bir balıq gördü ki, haman 

Su kimi axaraq keçir durmadan. 

Qayçı tək doğrayır gümüş rəqqası, 

İkiyə bölünür suyun atlası. 

Ya da bir dəyişməz hilala bənzər, 

Sağ-sola hərəkət eyləyib üzər. 

 

Qurbağa onu görcək dostluq etmək xəyalına düşdü. 



Özünün tənhalığından söz saldı, balıqla dost olmaq arzusunu 

bildirdi. Balıq dedi: «Dostlar arasında bir münasibət olmalıdır. 

Əgər belə münasibət yoxsa, onlar necə  həmsöhbət ola bilər? 

Mən dənizin dibində yaşayıram, sən suyun kənarında; mən 

ağzımı açıram su dolur, sən ağzını açırsan səs-küy qopur, sənin 

oxumağın bəlaya qalxandır, səsini eşidən qulağını  tıxayır, 

üzünü görən gözünü qapayır. Mənim gözəlliyim isə başıma 

bəladır,  şəklimi görənlər həsrətlə baxır, özümü görənlərin 

ağzının suyu axır. Göydəki quşlar məni udmaq üçün suya 

batırlar, səhradakı  vəhşilər məni tutmaq üçün can atırlar. 

Ovçular məni ələ keçirmək üçün bəzən ayaq üstə durur, torlar 

qururlar, gah tavada bişirmək üçün bellərini  əyir, hey güc 

vururlar». 

Bunu deyib suyun dibinə daldı, qurbağa isə yenə sahildə 

tək qaldı. 

 

Q i t ə  



 

Xasiyyətcə düz gəlməyən adamlarla oturma, 

Ürəkləri birləşdirən eyni cinsli gövhərdir. 

Cinsi cinslə ya nacinslə yoxlasan, 

Bu, yağla su; osa şirü şəkərdir. 

 

Müqayisə et: biri süd ilə şəkər, o biri su ilə yağ kimidir. 




 

90 


 

 

91 



Hekayət. 

Göyərçinə dedilər-: «Nə üçün ildə ikidən artıq bala çıxara 

bilmirsən, toyuqca da yoxsan?!» Dedi: «Göyərçin balaları ata-

analarının dimdiyindən dolanır, toyuq cücələri isə adamların 

zibilindən.  İki dimdiklə iki baladan artıq dolandırmaq olmaz, 

yarım qalaq zibil ilə gündə min cücə saxlamaq olar». 



 

Q i t ə  

 

İstəsən ki, halal olsun qismətin, 

Bir evdə çox arvad saxlama, aman! 

Çünki bu darısqal, qaranlıq yerdə 

Halalın harama qatışar, inan. 

 

Hekayət. 

Bir sərçə ata evini buraxıb leylək yanında yurd səldı. Ona 

dedilər: «Sənə yaraşmır, belə balaca boyunla elə böyük bir quşa 

qonşu olur, yer tutmaqda, mənzil salmaqda özünü ona tay 

edirsən». Dedi: «Mən də elə bu fikirdəyəm. Ancaq öz fikrimə 

əməl edə bilmirəm. Mənim qonşuluğumda bir ilan yaşayır. Mən 

hər il bala çıxardır, müsibətlə onları böyüdürəm. Qəflətən 

hücum edib balalarımı tutur, bir göz qırpımında hamısını udur. 

Bu il ondan qaçmışam, bu böyük qonşumun  ətəyindən 

yapışmışam. Ümid edirəm, bu, mənim qisasımı ondan alacaq, 

hər il o, mənim balalarımı özünə qida etdiyi kimi, bu il bu onu 

öz balalarına qida edəcəkdir». 

 

Q i t ə 



 

Şirin meşəsində yaşasa tülkü, 

Qurdların dişindən nə qorxusu var? 

Kiçiyin zülmündən qurtarar o kəs 

Ki, böyük adamın yanında yaşar. 



 

92 


Hekayət. 

İtdən soruşdular: «Nə  səbəbə  sənin durduğun qapıya bir 

yolçu yaxınlaşa bilmir, oturduğun astanadan bir dilənçi keçə 

bilmir?» 

Dedi: «Mən acgözlülük və artıq tamahkarlıqdan 

usanmışam, az yeyib qənaət etməkdə  şöhrət qazanmışam, süd 

əvəzinə yalaq, ət əvəzinə sümüklə dolanmışam. Lakin dilənçilər 

tamahkar, acgöz və hərisdirlər, xurcunları bir həftəlik yeməklə 

dolu olduğu halda, hər gələnə əl açarlar, çantasında on günlük 

sursat olduğu halda, hər qapını döyər və ehtiyac üçün əllərində 

çomaq tutarlar. (Odur, harda olsa, onları axtarıb tapıram, ya 

hürüb qorxuduram, ya dişləyib qapıram).» 



 

Q i t ə  

 

Hər kimin ki, ürəyinə ayaq basdı qənaət, 

Acgözlüyün əl-qolunu bağladı o haman gün. 

Harada ki, qənaət öz mətaını döşədi, 

Kasad etdi ehtirasın bazarını büsbütün. 

 

Hekayət. 

Bir tülkü balası anasına dedi: «Mənə bir hiylə öyrət ki, itə 

rast gəlsəm, canımı onun əlindən qurtarım». Anası dedi: 

«Bunun üçün hiylə çoxdur, ancaq ən yaxşısı odur ki, evdə 

oturasan, nə itə rast gələsən, nə canını qurtarmaq üçün hiylə 

axtarasan». 

 

Q i t ə 

 

Düşmən sənə itlik etsə, darıxma, 

Ona qarşı hiylə etmə, aqil ol! 

Min kələkdən faydalıdır həlimlik, 

Nə sülhə, nə davaya sən vermə yol. 

 

 



93 

*** 


 

94 


Hekayət. 

Bir qırmızı arı bir şana hücum edib onu yeməyə başladı. 

O inildəyib dedi: «Bu qədər şirin bal ola-ola məndə nə var ki, 

onu qoyub mənə hücum edirsən?». 

Qırmızı arı dedi: «Əgər o baldırsa, sən bal şanısan, əgər o 

şirindirsə, sən şirinlik kanısan». 

 

Q i t ə  

 

O həqiqət adamına eşq olsun ki, hər zaman 

Quru salam göndərməkdən üz döndərib vəsl istər. 

Fər pərdəsi arxasında əsli görən kimi tez 

Fəri atıb hərarətlə həqiqət və əsl istər. 

 

*** 



Hekayət. 

Gördülər bir qarışqa zorla bir çəyirtkəni çəkib aparır. 

Təəccüb edib dedilər: «Bu qarışqaya baxın, görün bu balaca 

bədənlə bu böyüklükdə gövdəni necə dartıb aparır?!» Qarışqa 

bunu eşidib güldü və dedi: «İgidlər yükü qeyrət və cəsarət zoru 

ilə dartarlar, bədənin böyüklüyu, cüssənin zorbalığı ilə apar-

mazlar». 

 

Q i t ə  



 

Yer-göy aciz qalan yükü 

Çəkə bilməz bu cismü can. 

Eşq əhlindən kömək alıb, 

Hümmət ilə çəkər insan. 

 

*** 



Hekayət. 

Noxtası ayağına dolaşa-dolaşa bir dəvə çöldə otlayırdı. 

Bir siçan onu yiyəsiz görüb tamaha düşdü, noxtasından tutub 

 

95 



yuvasına dartmağa başladı. Dəvə  də  təbiətən üzüyola 

olduğundan, kim noxtasından yapışdısa, onun dalınca getməyə 

adət etdiyindən, siçana müqavimət göstərmədi. Siçanın 

yuvasına çatdıqda balaca bir deşik olduğunu gördü və dedi: 

«Ay korafəhim, bu nə işdir tutdun, bu balaca deşiyə mən necə 

girəcəyəm? Nə bundan sonra sənin evin böyüyəcək, nə mənim 

bədənim kiçiləcək. Mənimlə  sənin dostluğun necə baş tuta 

bilər, mənimlə sənin yoldaşlığın necə davam edə bilər?!» 



 

Q i t ə  

 

Dəvə kimi yol gedirsən hey əcəlin yolunda, 

Dalındasa tamah yükü həddindən artıq çoxdur. 

Yaxşı olar bu yükünü yüngül edib gedəsən, 

Bu yüklərə o darısqal qəbr evində yer yoxdur. 

 

Hekayət. 

Bir qoyun bir arxdan atlandı, quyruğu yuxarı hoppandı. 

Keçi gülüb dedi: «Ayıb yerin görsəndi». Qoyun üzünü geri 

çevirib dedi: «Ay insafsız, mən illər boyu sənin ayıb yerini 

görmüşəm, lakin gülməmişəm, istehza edib ələ salmamışam, 

sən ömründə bircə dəfə  mənim ayıb yerimi görməklə nə üçün 

gülürsən?» 



 

Məsnəvi 

 

Nanəcibin özündə min eyib var

Xalq içində gəzir aydın, aşikar. 

Bir nəcibdə azacıq nöqsan görcək, 

Min lənətlə o şəxsi yad edəcək. 

O hey bundan deyib gələr çox hədə, 

Busa ondan danışmaz bir kəlmə də. 

 

*** 




 

96 


Hekayət. 

Bir öküz öz sürüsü içərisində  ən qüvvətli sayılar və 

başqalarına başçılıq edərdi. Canavar sürüyə daraşanda onun 

buynuzuna rast gələr, geriyə  çəkilməyə  məcbur olardı. Birdən 

ona bədbəxtlik üz verdi, fələk ondan üz döndərdi: buynuzu 

sındı. Bundan sonra hər canavar gələndə qaçıb başqa öküzlərin 

dalına girərdi, səbəbini soruşanda deyərdi: 

 

Rübai 

 

O gündən ki, sərvim getdi, qaldım tək, 

Döyüş meydanında soyudum həmən. 

Məsəl var, deyərlər: vuruş çağında 

Zərbə hərbədəndir, davasa mərddən. 

 

Hekayət. 

Bir dəvə ilə bir dovşan yoldaşlıq edir, bir yerdə yol 

gedirdilər. Bir böyük çaya çatdılar. Çaya birinci dəvə girdi. O, 

çayın ortasına çatanda, su da onun qarnına çatmışdı. Qışqırıb 

dovşana dedi: «Qorxma, gəl, su qarından yuxarı qalxmır». 

Dovşan dedi: «Doğru deyirsən, lakin qarından qarına fərq var. 

Sənin qarnına çatan su mənim başımdan aşar». 



 

Q i t ə  

 

Ey qardaşım, heç kim səni səndən yaxşı tanımaz, 

Tük qədər də sən özünü artıq vermə qələmə. 

Sənə səndən yüksək qiymət versələr də bilmədən, 

Öz həddini yaxşı anla, çox füzulluq eləmə! 

 

Hekayət. 

Bir tavusla bir qarğa bağda rastlaşdılar, bir-birinin hünər 

və eybini görüb fikirləşdilər. Tavus qarğaya dedi: «Sənin 

ayağında olan o qırmızı çəkmə  mənim atlas paltarıma, zərbaft 

 

97 


qanadıma, naxışlı quyruğuma yaraşır (həqiqəqə qalsa, o elə 

əslində  mənim olmuşdur). O vaxt yoxluq gecəsindən varlıq 

gündüzünə  qədəm qoyduqda, biz səhv edib başmaqlarımızı 

dəyişik salmışıq, mən sənin üzüqara çarığını, sən mənim üstü 

qırmızı  çəkməmi geyibsən». Qarğa dedi: «Deyəsən, həqiqət 

bunun tərsinədir. Dəyişiklik düşübsə  də, başqa geyimlərdə 

düşübdür. Sənin yerdə qalan bütün paltarların mənim çəkmələ-

rimə yaraşır. Görünür, yuxulu olduğumuz halda, səhvən sən 

mənim paltarımı geyibsən, mən də sənin paltarını». 

O yaxınlıqda bir bağa oturub onların sözlərinə qulaq asır 

və mubahisələrinə diqqət edirdi. Başını qaldırıb dedi: «Ey əziz 

dostlar və təmiz məxluqlar, bu boş mübahisədən əl çəkin və bu 

yersiz mübadilə haqqında danışmayın... Kimin nəyi var, onunla 

razılaşsın, getsin, rahat yaşamağa başlasın». 



 

Q i t ə  

 

Başqasına, həsəd çəkmək heç ağıldan deyildir, 

Uzaqlaşma bir an belə ağıldan, fərasətdən. 

Xalqdan tamah, həsəd kimi ürəyə dərd gətirər, 

Tamahını kəsib qurtar bu daxili zülmətdən. 

 

Hekayət. 

Bir tülkü bir kaftarın cənginə keçdi. Kaftar tamah dişini 

qıcıyıb, iti dişləri ilə onu sıxmağa başladı. Tülkü qışqırıb dedi: 

«Ey  şir kimi qüvvətli, pələng kimi qüdrətli ağam. Bu yazıq 

quluna rəhmin gəlsin, allaha bax, mənim bu dünyanı  gəzək 

ayağımı burax. Bir də ki, bir dəri bir sümükdən və ya bir kilkə 

tükdən ibarət olan məni yeməkdən sənə  nə olacaq? Nə ürəyin 

dincələcək, nə qarnın doyacaq...». 

Nə  qədər belə söz dedisə, kaftara təsir etmədi. Tülkü 

dedi: «Heç olmasa, mənim yaxşılıqlarımı yadına sal, haqqımı 

itirmə. Məndən nə  qədər dostluq istəyibsən, dostluq etmişəm, 

kömək diləyibsən, kömək göstərmişəm». 



 

98 


Kaftar tülkünün bu yalan sözündən qəzəbləndi, özündən 

çıxdı, ağzını açdı desin ki, «bu nə axmaq sözdür, havaxt və 

harada belə bir iş olubdur?». 

Ağzını açmaqla tülkünün qaçmağı bir oldu. 

 

 

99 



Q i t ə  

 

Xoş dil ilə düşmənindən qurtarmaq baş tutmursa, 

Yaxşıdır ki, vuruşmaqçın başlayasan pis dilə. 

Paslı qıfıl ahəstəcə açılmazsa, yəqin ki, 

Onu daşla sındıraraq son qoyarsan müşkülə. 

 

*** 



Hekayət. 

Bir çaqqal səhər yuxusu vaxtı bir xoruzu tutdu. Xoruz ah-

fəryad edib dedi: «Mən yatanların bançısı, oyaq qalanların 

azançısıyam. Gəl məni öldürməkdən vaz keç, qanımı nahaq 

yerə axıtma». 

 

B e y t 

 

Nə üçün sən mənimlə səbəbsiz vuruşursan, 

İstəyirsən qəlbimdən günahsız tökülsün qan? 

 

Çaqqal dedi: «Mən sənin ölümündən  əl çəkə bilmirəm, 



ancaq xahişindən də keçə bilmirəm. Ona görə bu qərara 

gəlmişəm ki, ixtiyarı  sənə verim, necə istəsən, elə  də edim. 

İstəyirsən bir zərbə ilə canını alım, istəyirsən tikə-tikə doğrayıb 

qazana salım». 

 

Q i t ə  

 

Bir yaramaz şər atarsa sənə, əqlə arxalan, 

Ancaq əqlin tədbirilə dəf olunar şurü şər. 

Yalvarmaqla xilas olmaq fikrinə heç düşmə sən, 

Çünki pisdən qurtaran tək daha pisi rast gələr. 



 

100 


XATİMƏ (SON) 

 

Ürəyimə damır, fikrimdə dolanır ki, bu kitab qurtarana 

oxşamır; xəyal düşünməkdən, qələm işləməkdən yorulmur. 

Lakin yazanın təb güzgüsünü yorğunluq pası basdığından, 

oxucunun mərhəmət  əli onu cilalandırmadığından, burada 

dayanmağı məsləhət bildim. 

 

Ey Cami, aç sözün büsatını sən 



Ki, sözdən daha xoş bir büsat yoxdur. 

Lakin xamuş olub sakitcə otur, 

Əgər bu halətdə bir nişat yoxdur, 

Təbində şadlığın nə mənası var, 

Əgər bu məclisdə qəlbi şad yoxdur. 

 

Burda deyilən  şerlər, nağıl edilən hekayələr başqalarının 



adından deyilməyibsə, bu kitabı yazanın öz fikrinin 

məhsuludur. 

 

Rübai 

 

Cami ki, hər yerdə bir əsər yazsa, 

Heç kəsdən sözü borc almağa getməz. 

Kimin ki, dükanda öz malı çoxdur, 

Özgənin malına dəllallıq etməz. 

 

Mən oxucuların alicənablığına bel bağlayıb ümid edirəm 



ki, bir nöqsan görsələr, mərhəmət göstərib ona göz yumacaqlar, 

rüsvay etmək üçün ağızlarını açıb dillərini işə salmayacaqlar... 



 

Bu kitabın yazılma tarixi haqqında. 

Bu gözəl əsərdə qələm gəzərkən, 

Cami öz təbini sınadı gözəl. 

Bitməkdə tarixin bilmək istəsən, 



 

101 


Səkkiz yüz doxsanın üstə iki gəl! 

Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə