Microsoft Word Документ Microsoft Office Word 97 2003 doc



Yüklə 29,6 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü29,6 Kb.
#51225
növüYazı


Mədətoğlu Ə. 

 

“Çox istəyirəm ki, hərb himnimizi də yazım” 

 

"Üzeyir bəyin bünövrəsini qoyduğu bəstəkarlıq 

məktəbinin bənnası Qara Qarayev oldu" 

 

Həmsöhbətim tanınmış bəstəkar, Musiqi Akademiyasının müəllimi, Dövlət 

Himnimizi bərpa etmiş Aydın  Əzim Kərimoğludur -Aydın müəllim, xoş gördük, 

necəsiniz?  

- Sağ olun, hamı kimi çalışıram ki, mən də bu zamanla dil tapıb yaşayım. 

- Aydın müəllim, biz bir xoş  təsadüfdən görüşdük, açığı çox arayıb-

axtarmışdım, haralardaydınız, niyə görsənmirdiniz?  

- Mən o qədər də uzaqda deyildim, qardaş məmləkətdə, Türkiyədə idim. Bir 

səyahətə çıxmışdım. 1995-ci ildə iş elə gətirdi ki, orada da təsadüf nəticəsində məni 

Mersin universitetinə dəvət etdilər və təklif olundu ki, bu universitetdə bəstəkarlıq 

fakültəsini yaradım. Mən də razılıq verdim. Düşündüm ki, bir ilə  işləri yoluna 

qoyub, vətənə qayıdaram. Amma bir də onda baxıb gördüm ki, artıq 10 il keçib. 

Fakültə də yaranıb, onun üçün lazım olan xeyli işlər də görülüb, ilk məzunlarım da 

var. Onlardan dörd nəfəri dövlət Konservatoriyasına bəstəkarlıq kafedrasında 

simfoniya sinfini, biri isə fortopiano sinfini bitirdi. Yəni bir az da konkret desəm 

mən nəzəri cəhətdən lazım ola işləri də gördüm, praktiki olaraq tələbələrim də bu 

gün Türkiyənin musiqi aləmində öz sözünü deməkdədir. Mən orada ürəkdən 

işlədim, amma fikrim yenə Azərbaycanda idi. Səmimi deyəcəm, təhsil aldığım 

Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının məzunu və Qara Qarayevin 

tələbəsi kimi Türkiyədə çox vicdanla hər iki böyük bəstəkarımızın adına layiq 

işləməyə çalışdım. Sevinirəm ki, orada qazandığım uğurlar hər kəs tərəfindən 

dəyərləndirildi. Məni Vətən çəkirdi. Bu gün Türkiyədəki tələbələrimlə  əlaqə 

saxlasam da, burda da qayıdandan sonra çox hörmətli Arif Məlikovun məni işlə 

təmin etməsi ürəyimcə oldu, necə deyərlər unudulmadığımı hiss etdim. 

 -  Aydın müəllim, hər bir sənət adamı, o cümlədən də  bəstəkar həm öz 

müəllimi ilə, həm də yaratdığı əsərlərlə tanınır. Yəni kimin tələbəsi olduğu, nəyə əl 

atdığı  cəmiyyətin diqqətində olur. Bu mənada sizin keçdiyiniz yol mənim üçün

eləcə də oxucularımız üçün maraqlıdı. 

-  Əvvəla mən Qara Qarayevin sonuncu tələbələrindən biriyəm, necə 

deyərlər sonbeşiyəm. Onu da deyim ki, Qara Qarayev Üzeyir Hacıbəyovun 

bünövrəsini qoyduğu məktəbin bənnasıdı. Onun yaratdığı bəstəkarlıq məktəbi təkcə 

sovet dönəmində deyil, bu günün özündə də dünyanın hər yerində qəbul olunur və 

tanınır. Çünki Q.Qarayev dünyanın iki-üç ən böyük bəstəkarlarından biridir ki, o 

həm bəstəkar kimi, həm də pedaqoq kimi çox yüksək mərtəbəni qazanıb. Hər bir 

sənətdə  fərd olaraq sənətinin biricisi, yaradıcısı olmaq mümkündü, amma onun 

müəllimi olmaq, artıq bu ikinci dahilik, ikinci böyüklükdür. Q.Qarayev də  həm 

bəstəkar kimi, həm də müəllim kimi çox uca bir zirvədə dayanır. Mənim bəxtimə 

Asəf Zeynallı adına musiqi məktəbində Xəyyam Mirzəzadədən, Konservatoriyada 

isə Qara Qarayevdən dərs almaq xoşbəxtliyi düşüb. Onu da deyim ki, Üzeyir 

Hacıbəyovun xidmətləri o qədər böyükdür ki, hələ bundan sonra on-on beş əsrə də 

gedib çatacaq. Qara Qarayev, Fikrət  Əmirov, Soltan Hacıbəyli, Tofiq Quliyev, 

Cahangir Cahangirov və digərləri Üzeyir bəyin məktəbinin davamçıları  və 

yaşadanlarıdırlar. Təəssüf ki, Qara Qaryevlə onun yaratdığı məktəb bitsə də, digər 

bəstəkarlarımız Arif Məlikov, Xəyyam Mirzəzadə  və başqaları o məktəbin ikinci 

bir həyatını yaratdılar. Və bu gün də  həmin məktəb öz fəaliyyətini davam 



etdirməkdədir. Qara Qarayevin yaratdığı  bəstəkarlıq məktəbi özünün ənənələri ilə 

bütün ondan sonrakı dövrlər üçün birmənalı  qəbul olunmaq haqqı qazandı. Və 

sevinirəm ki, mən də o məktəbin məzunu olmuşam. 

 - Siz öncə qeyd etdiniz ki, Türkiyədə bəstəkarlıq məktəbini yaradıb, onun 

nəzəriyyəsini tələbələrizə öyrətdiniz. Yəni, həyatınızda təkcə yazıb-yaratmaq yox, 

həm də öyrətmək mərhələsi də müəyyən yer tutur.. 

- Bəli, bu doğrudan da məsuliyyətli və çətin bir işdi. Böyük Qara Qarayev 

həmişə deyirdi ki, siz oxuyub məktəbi qutaracaq, diplom da alacaqsınız, ancaq əsil 

məktəb həyatın özüdü. Siz o məktəbin dərslərini kamil öyrənə bilsəniz, onda 

həyatda uğurlar qazana biləcəksiniz və böyük ustadım bunun ardınca onu da 

vurğulayırdı ki, mən bağbanam siz isə meyvə tinkləri. Onu becərdikcən qurumuş 

budaqlarını  kəsdikcə  mən sevinirəm, barını görəndə daha da xoşbəxt oluram. 

Amma o tink quruyanda, bar verməyəndə ürəyim ağrayır, təəssüflənirəm. Çalışmaq 

lazımdır ki, əkib-becərdiyinin barın görəsən. Bu mənada mən də  həm Türkiyədə, 

həm də bu gün çalışdığım kafedrada hər bir öyrənciyə həmin o sevgiylə, o istəklə 

yanaşıram.  

   - Aydın müəllim, mən sizi daha çox bu gün bizim şövqə gətirən, az qala döyüşə 

çağıran himnimizin bərpacısı kimi tanımışam. Ümumiyyətlə yaradıcılıq yolunuz 

barəsində nə deyə bilərsiniz? 

- Mənim həyatımın  ən maraqlı,  ən gözəl anlarından biri də böyük Üzeyir 

bəylə təmasda olmağımdı. Sovet dönəmində biz "Azadlıq" radiosuna gizli də olsa 

qulaq asırdıq. Mən həmin radioda Üzeyir bəyin yazdığı Cümhuriyyət himnin bir 

neçə  dəfə  eşitmişdim. Rəhmətlik Yusif Səmədoğlunun təhriki ilə  mən arxivə üz 

tutdum. Arxivdə Üzeyir bəyin  əsərinin yalnız melodiyaları, cizgiləri qalmışdı. 

Böyük həvəslə son dərəcə diqqətlə çalışıb həmin eskizlər üzərində himnimizi bərpa 

etdim və bundan da qürur duyuram. O ki, qaldı yaradıcılığa mən xeyli mahnılar, 

simfonik  əsərlər müəllifiyəm. Simfonik əsərlərim sovet dönəmində SSRİ 

Bəstəkarlar İttifaqının Plenumunda, eləcə də dünyanın bir çox möhtəşəm zallarında 

və  tədbirlərində  səslənib. Daha çox isə teatr, eləcə  də kinofilmlər üçün musiqilər 

yazmışam.  

   - Aydın müəllim, sirr deyilsə daha çox hansı sənət adamları ilə işləməyə üstünlük 

vermisiniz?  

   - Unudulmaz rejissorumuz Hüseynağa Atakişiyevlə 60-dan çox tamaşaya musiqi 

yazmışam, onlardan üçü beynəlxalq festivallarda birinci yer tutub. Bunlar Şandor 

Petefinin (bu Macar festivalı idi) "Pələng və kaftar", Brextin "Arturo Uinin 

karyerası" və Raço Sayananın "Ustalar" (Bolqar festivalı)  əsərləri idi. Sonra 

"Romeo və Cülyetta"ya musiqi yazmışam, hətta Şəki teatrı üçün yazdığım musiqi, 

bu gün Rusiyanın mədəniyyət naziri olan Şvıdkoy Moskva qostrolundan sonra 

"Pravda" qəzetində yazdığı məqalənin böyük bir hissəsini də mənim musiqimə həsr 

etmişdi. Bu həmin dövr üçün çox böyük qiymət idi. O cümlədən çox böyük 

rejissorumuz olan Mehdi Məmmədovun hazırladığı Hüseyn Cavidin "İblis" 

tamaşasına musiqi yazdım və bu tamaşa dövlət mükafatı aldı. Və bir faktı da deyim 

ki, bu gün hamının sevdiyi Brillant Dadaşova mənim həmin musiqimdə Çingənənin 

mahnısını ifa edibdi. Mənim son dərəcə yaxın dostum olmuş  rəhmətlik Vaqif 

Mustafazadə mahnılarımın  ən gözəl ifaçılarından idi. Onunla birlikdə oxumuşduq 

Asəf Zeynallıda. Mən Əhməd Cavadın "Bayrağım" şerinə xor və solist ifası üçün 

simfonik  əsər də yazmışam. Bu da bundan öncəki qurultayda səslənibdi. Çox 

istəyirəm ki, hərb himnin də yazım, ancaq bunun üçün hələlik elə bir uğurlu söz 

mətni tapa bilmirəm. Ümumiyyətlə məqsədim dövlətin simvolları ilə bağlı mahnılar 

yazmaqdı. Bir şeyi də əlavə edim ki, bu gün Türkiyədə hakimiyyətdə olan baş nazir 

Ərdoğan  İstanbulun meri olanda mənə müraciət etdi və  mən onun sifarişi ilə 

"Mehmetlər" marşlarını yazdım. Bu gün də həmin marşlar Türkiyədə ifa olunur və 




buna görə çox məmnunam. Və qürur duyuram ki, həmin 6-7 marş Türkiyədə 

simfonik orkestrin ifasında səslənir. 

 - Aydın müəllim, siz şairlərdən kimlərin yaradıcılığına müraciət edirsiniz? 

- Daha çox Aşıq  Ələsgərin, Nəsiminin, Füzuli, Hüseyn Cavidin, Abbas 

Tufarqanlının sözlərinə tez-tez üz tuturam. Mən hazır şer mətninə musiqi yazıram. 

Musiqini hazırlayıb, şeri axtarmağı xoşlamıram. Yəni mən bu yolu tutmuşam. Bu 

günkü  şairlərimizdən Dilsuz Mustafayevin şerlərinə  də müraciət etmişəm. Elə ilk 

mahnımı da onun şerinə yazmışam, bu da onun ilk mahnısı idi. Həmin vaxtlar bir 

yerdə işləyirdik. Mahnı "El içində bir yar sevdim" adlanır. Onu Brillant Dadaşova 

oxuyub. Mənim mahnılarımı Flora xanım, Akif İslamzadə ifa ediblər. Rəhman 

Əlizadənin sözlərinə də mahnılar yazmışam. Özü də mən mahnını yazandan sonra 

onu hər müğənniyə vermirəm. Mütləq o ifanın sahibini axtarıb tapıram, sonra 

mahnı ortalığa çıxır. Ümumiyyətlə isə Flora xanımla, Mübariz Tağıyevlə  işləmək 

çox xoşdur. Aşıq Ələsgərin sözlərinə böyük bir əsər yazmışam, lakin orkestrdə ud 

və saz ifaçıları, yəni mənim ürəyim istədiyi səviyyədə hələlik tapa bilmədiyimdən 

bu  əsərin də ifası  hələ öz vaxtını, məqamını gözləyir. Təsəvvür edin ki, mən 

Hüseyn Cavidin "İblis"də "Sərməsti eşq ol..." misraları ilə başlayan mahnısını özüm 

oxumuşam. Çünki o səsə uyğun ifaçı tapa bilmədim. Ola bilsin ki, bu mənim şəxsi 

problemimdi. Hər səsi bəyənmirəm. 

- Aydın müəllim, bir məqama da toxunmaq istərdim. Bu gün qəribə bir 

mühit yaranıb, necə deyərlər az qala bütün müğənnilər həm mahnının mətnini, həm 

musiqisini yazır, həm də ifa edirlər. Biz sözlə musiqi mədəniyyətimizdə bir şou 

yaşanır. 

- Burada qorxulu heç nə yoxdur. Dünyanın hər yerində bu cür proseslər baş 

verib. Zaman özü hər  şeyi  ələkdən keçirib. Nə yaxşıdırsa, nə  dəyərlidisə o 

yaddaşda, tarixdə qalır. O ki, qaldı  həvəskar bəstəkarlara bu sovet dönəmində  də 

olubdu və bu gün də həmin həvəskarların bir çox gözəl mahnıları ifa olunmaqdadır. 

Professonal bəstəkarların yaradıcılığında qüsurların olması isə bağışlanmaz haldır. 

Çünki onlar bu sənətin nəzəriyyəsini də bilirlər, texnikasını da. Onların nöqsana yol 

verməyə haqqı çatmır. Mənim çoxlu mahnılarım var, hələki ifaçılarını axtarıram. 

Ümumiyyətlə bu gün hay-küy salanların bir gün gələcək ki, "barıtı" qurtaracaq. 

Çünki onlar bu günlə, bazarla yaşayırlar.  Əsil sənət isə qalacaq. Ona görə  də 

narahat olmağa dəyməz. Bircə zövqümüzü korlayırlar. Bax, bu bağışlanmaz haldır. 

Çünki Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin mahnılarının 

yanında bu cür "bəstəçilik" çox ömür sürməz. 

- Aydın müəllim, son olaraq bir məsələyə  də münasibətinizi öyrənmək 

istərdim. Çoxsaylı  əsərlərin müəllifi, bəstələri ölkənin hüdudlarından kənarda 

səslənən bir bəstəkarın gözdən iraq olması, az-az aranıb axtarılması sizə necə təsir 

bağışlayır? 

- Doğrusu mən bu cür yanaşma ilə razılaşmıram. Türkiyədə olanda da məni 

buradakı dostlarım, musiqi biliciləri arayıb-axtarıblar, indi də axtarırlar. Təsadüfi 

deyil ki, Vətənə dönən kimi Arif Məlikov məni işlə  təmin etdi. Bunun özü mənə 

olan böyük bir diqqətdi. Mənim əsas vəzifəm tələbələrimə bildiklərimi öyrətmək və 

yaradıcılığımla məşğul olmaqdır. Qalanları isə  hər kəsin öz insafına. Bu mənada 

sizə də minnətdaram ki, məni redaksiyanıza dəvət edib, həmsöhbət oldunuz. 

İnanıram ki, dediklərim hər kəs tərəfindən anlayışla qarşılanacaq.   



 

Ədalət.- 2008.-  25 yanvar.-  S. 4. 

 

Yüklə 29,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə