Microsoft Word Elmi mecmue 17



Yüklə 434,21 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü434,21 Kb.
#76477


Yâsîn ve Mülk sûrelerinin mukayeseli bir incelemesi 

1

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 17 


 İYUN (HAZİRAN) 2012 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

23

 



 

QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİ ÇƏRÇİVƏSİNDƏ İNSAN İRADƏSİ  

 

i.f.d. Adilə TAHİROVA 

Bakı Dövlət Universitetinin  

İslam elmləri kafedrasının müəllimi 

 

 



Keywords: fate and divine decree (qada and qadar), will (irada), power (qudra), 

acquisition (kasb), creation (khalq), justice (adl). 



Ключевые слова: судьба,  воля, могущество, создание, справедливость. 

Açar sözlər: Qəza və qədər, iradə, qüdrət, kəsb, xəlqu-l əfal, ədl. 

 

Dini araşdırmalar sahəsindəki klassik ənənəyə sadiq qalaraq qısaca da olsa qəza 



və qədərin lüğəvi və termin mənasını, sonra Qurani-Kərim və hədislərdəki anlamını 

izah etməklə yanaşı  məsələyə  məntiq, psixologiya, pedaqogika və digər sahələrin 

nöqteyi-nəzərindən diqqət yetirərək fərqli bir yanaşma tərzini ortaya qoymağa 

çalışacayıq. Çünki qəza və qədər məsələsi insan zehnini ta qədim dövrlərdən etibarən 

məşğul etdiyi üçün mövzu ilə  əlaqəli düşüncə tarixində çox fikirlər söylənmiş, çox 

izahlar irəli sürülmüşdür. Lakin indiyə qədər bu məsələ tam həllini tapmadığı üçün 

hələ də tədqiqat obyekti olaraq qalır.  

Qədər lüğətdə bir şeyin hüdudu, miqdarı, ölçüsü, qiyməti mənalarına gəlir.

1

 



Qurani-Kərimdə Fəcr 89/16, Mursəlat 77/23, Ənam 6/91, Maidə 5/34, Ənbiya 21/87, 

Rad 13/8, 26, Ənkəbut 29/62, Bələd 90/5, Qəmər 54/49, Furqan 25/2 ayələrində bu 

söz istifadə olunur. Qur’ani-Kərimdə sinonim və yaxın mənalı sayılan qədər, təqdir 

və miqdar sözləri 17 ayədə, müxtəlif feil formaları ilə  də 25 yerdə Allaha nisbət 

edilir.

2

 Bu Qur’ani sözlər termin mənasından çox “hesablanmış və ölçülmüş şəkildə 



yaradıb idarə etmə” kimi lüğət mənalarında istifadə olunur.

3

 Allah hər şeyi yaratmış 



və hər şeyə bir ölçü qoymuşdur. Bəzi alimlərin fikrinə görə qədər, kainatın ümumi 

                                                 

1

 İbn Mənzur, Lisanu-l arab, qədəra maddəsi. 



2

  Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, Tehran 1372, səh. 662. 

3

  Fəzlurrəhman, Ana konularıyla Kuran, Ankara 1993, səh. 56. 




i.f.d. Adilə TAHİROVA  

24

qanunları,  əşyanın varlığını davam etdirmə  və yox olması qanunlarıdır. Quranda 



keçən qədər sözü və törəmələri çox keçsə də bunların heç biri imanla əlaqəli deyil.

4

  



Məsələnin tarixi arxaplanına gəldikdə isə Yunan filosoflarından etibarən bu 

mövzu müzakirə mövzusu olmuşdur. Epikür kimi bəziləri insan azaddır və buna görə 

qədər yoxdur demişlər. Yəhudi dini təfəkküründə  də müzakirələr qədər, cəbr və 

ixtiyar məsələləri  ətrafında cərəyan etmişdir. Qarailər cəbr və  qədərçilik  əqidəsinə 

meyl etmişlər. Rəbailər isə azad iradə  və ixtiyara üstünlük verən bir fikri 

mənimsəmişlər.  Şərq xristianlığında isə ümumi təmayül insan iradəsinin azadlığına 

inanma istiqamətindədir. Pelagiusa görə  bəndənin yaxşı  və pis feilləri qarşısında 

məsuliyyətinə inanması zəruridir. Əks təqdirdə əxlaq qanunları böyük bir təhlükəyə 

məruz qalar. Şərq kilsəsinin ən böyük teoloqlarından birisi olan Yuhanna əd-Diməşqi 

din fəlsəfəçiləri arasında insanın düşündükdən sonra vardığı qərara bağlı olaraq sırf 

öz iradə və ixtiyarı ilə ortaya çıxan ixtiyarı feilləri ilə insanın zorla və ya xarici bir 

təsir altında işlədiyi iztirari (qeyri-ixtiyari) feillərini bir-birindən ayıran ilk filosof 

olaraq bilinir. Yaqubilər isə  Cəbriyyə fikrinə meyl etmişdir. Yeni Avropa 

filosoflarından Spinoza iradə azadlığını tamamilə inkar etmişdir. Leybnitsin də buna 

bənzər cəbr fikri vardır. Kant isə iradə azadlığı üçün digərlərindən fərqli  əxlaq 

qanununa istinad edən yeni bir əsas qoymuşdur.

5

 

Məsələnin  İslamda inkişaf tarixinə  gəldikdə isə müzakirələr ilk mərhələdə bu 



fikirlərə gətirib çıxarmışdır. Birincisi Allaha qədəri nisbət etmək ki, buradakı qədər 

Onun məxluqatından hasil olacaq işləri  əzəli elmiylə bilməsi mənasındadır.  İkinci 

olaraq Allahın bəndələrin işlərinə aid əzəli elminin cəbrə  gətirib çıxarmadığı, icbar 

və iztirar (məcburiyyət) mənalarına da gəlmədiyi,  şərrin dəstəklənməsi və Allaha 

həvalə edilməsi yönündə istifadəsinin doğru olmadığı düşüncəsi ortaya çıxmışdır. 

İkinci mərhələyə  gəldikdə bu mərhələdə  əqli münaqişələr müsəlmanlardan bir 

qrupun mənimsədiyi və xalqa izah etməyə başladığı bir məzhəb halına gəlmişdir. 

Qədər məsələsinin ortaya çıxış səbəblərini xarici səbəbə- şərq xristianlığına bağlayan 

Von Kremer, Nallino, De Boer, Joseph Schacht kimi şərqşünas alimlər Yuhanna əd-

Diməşqi və  tələbəsi Theodor Əbu Qurranın təsiri ilə izah edirlər. Məbəd  əl-

Cühəninin  İslamda başlatdığı  qədər məsələsi  ətrafındakı müzakirələrin  Əbu Yunus 

Sənseveyhdən aldığı da söylənilir.

6

  İkinci qrupun fikrincə bu müzakirələr Quran 



                                                 

4

  Hüseyin Atay, Kurana göre araştırmalar, Ankara 1997, səh. 19. 



5

  İrfan Əbdülhəmid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul 1994, səh. 270-271. 

6

  İrfan Əbdülhəmid, İslamda itikadi mezhepler ve akaid esasları, səh. 280-283. 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

25

ayələrindən və İslam alimlərinin fikir yürütmələrindən qaynaqlanan daxili səbəblərə 



dayanır.  

Cəbr və ixtiyar məsələsi  əsasən iki məsələni tədqiq edir. Birincisi Allahın hər 

şeyi əhatə edən iradəsiylə insan iradəsi arasındakı münasibət, ikincisi Allahın mütləq 

qüdrəti ilə insan qüdrəti arasındakı münasibətdir. Əslində buna üçüncü bir məsələni 

də əlavə etmək mümkündür. Bu da Allahın mütləq elminin insanın əməllərinə təsiri 

məsələsidir.  

İslam düşüncə tarixində  qəza və  qədərlə  əlaqəli üç əsas mövqeyə rast gəlmək 

mümkündür. Bunlardan biri insanın öz əməlləri üzərində heç bir rolunun olmadığını 

düşünən Cəbriyyə, digəri insanı öz feilinin xaliqi hesab edən Mötəzilənin fikirləridir. 

Digər mövqe isə bu iki uc nöqtələrdəki fikirləri uzlaşdırmağa çalışan  Əhli-sünnə 

(xüsusilə Maturidilik) ilə Şiə (İmamiyyə) məktəbinin nümayəndələrinin düşüncəsini 

əhatə edir. Təbii olaraq eyni məktəbdən olan alimlər arasında belə mövcud olan 

təfərrüat fərqlərini, izah müxtəlifliyini bir tərəfə qoysaq kəlam tarixindəki fikirlər 

əsasən bunlardan ibarətdir.  

Mötəziləyə görə qəza-xəbər vermə və bildirmə, qədər isə bəyan mənasına gəlib 

yaratma mənasına gəlməz. Çünki bu, insanın qüsurlarına və arzularına görə meydana 

gələn feillərinin və onların məsuliyyətinin Allaha isnad edilməsini lüzumlu edir ki, 

bu qəbul edilə bilməz. Mötəziləyə görə insan tam iradə azadlığına sahib olmaqla öz 

feillərinin yaradıcısıdır.

7

 Allah ancaq yaxşını diləyər, pisi istəməz (iradə etməz). 



Mötəziləyə görə pisi istəmək qəbihdir. Allahdan belə bir feil meydan gələ bilməz.

8

 



Mötəzilənin insanın feillərini azad bir şəkildə meydana gətirməsi fikri kəlam 

ədəbiyyatında təfviz olaraq adlandırılır. 

Əhli-sünnədən sələfiyyə bu mövzuya toxunmur. Əşəriyyə isə Allahın iradəsini 

əsas alaraq qəza və  qədəri izah edir. Mövzu iman-küfr məsələsi ilə belə izah edilə 

bilər. İman Allahın bir nemətidir, bunu fəzlindən verir, kafiri tərk etməsi isə insanda 

üsyan etmə gücünü yaratması ilədir. Onların küfrdə qalmaları  məcburi olmayıb 

diləsələr iman edə bilərlər. Əşərilər Allahın iradəsinin hər şeyi əhatə etdiyini, insanın 

feillərinin də Allahın hüdudsuz iradəsi çərçivəsində olduğunu irəli sürürlər. Buna 

görə onların əl-cəbru-l-mutavassıt (orta cəbr) anlayışını mənimsədikləri qəbul edilir.

9

 



Maturidiyyəyə  gəlincə bu məktəbin fikrini küfr-iman misalı ilə belə izah edə 

bilərik. Maturidiliyə görə isə insan cüzi iradəyə sahibdir. Allah insandan küfrü onun 

                                                 

7

  Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, Qahirə 1996, səh. 332. 



8

  Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, səh. 317. 

9

  Taftazani, Şərhu-l-əqaid, İstanbul 1999, səh. 37. 




i.f.d. Adilə TAHİROVA  

26

ixtiyarı  və istəyi ilə imana gücü olmaqla birlikdə diləyər. Məsiyət (Allah üsyan, 



günah) və  şərin iki yönü vardır. O, bir yönü ilə Allaha nisbət edilir. Bunlar  Onun 

yaratması ilədir. O, mülkündə dilədiyini edər. Amma bu feillər başqa bir yönü ilə 

insana nisbət edilir. O, insanın kəsb və ixtiyarı ilə meydana gəlir. Maturidiyə görə 

insanın ixtiyari feilləri ortaya çıxan alternativlərdən birini seçərək iktisab etməyə əzm 

etməsidir. Bu isə bir qəsd və ixtiyara bağlı olaraq Allahın onda ikinci növ qüdrəti (əl-

qüdrətu-l-muyəssirə) yaratmasıyla meydana gəlir.

10

 

Şiəliyə  gəlincə  qəza –qətilik, qədər isə ölçü və miqdar kimi lüğətdə  ələ alınır. 



Qədər əşyanın ölçüsü, qəza isə baş verməsidir. Burada İmamiyyənin qəza və qədər 

məsələsinin də yer verildiyi ədl prinsipindən bəhs etmək yerinə düşər. Allahın ədaləti 

üç yerə bölünür: 1. Təkvini  işlərdə (kainatın yaradılışında) olan ədalət. Allah hər 

hansı bir məxluqa onun istedad və bacarığı  qədər verir. Heç vaxt icad etmə 

məqamında qabiliyyəti gözardı etmir. 2. Təşrii ədalət. Allah peyğəmbər göndərərək 

şəriət qanunları  təyin edərək doğru yola hidayət edir. İnsanın gücü yetmədiyi ilə 

məsul (mükəlləf) tutmur. İlahi təkliflər insanın  əməl edərək nəticəsinə çatmaq 

məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət gətirmir. Buna görə 

də ilahi hikmət bu təkliflərin mükəlləf  şəxslərin bacarıq və qüdrəti ilə mütənasib 

olmasını tələb edir, çünki itaət etməyə imkan olmayan təklif boşluqdan ibarətdir. 3. 



Cəzalandırma məqamında  ədalət: Allah heç vaxt mükafatlandırmaq vəya cəza 

vermək baxımından möminlə kafiri eyni tutmaz. Allah hər bir insana bacarıq və 

qabiliyyətinə görə mükafat və ya cəza verər. Allah peyğəmbər göndərməmiş 

insanları  məsul tutmaz. Nəticə etibarilə  İmamiyyəyə görə insan ixtiyar və iradəyə 

sahib varlıq olaraq yaradılmışdır. Allahın qəzası insanın öz iradə və gücü ilə bu və ya 

başqa feili yerinə yetirmək istədikdə Allahın onu gerçəkləşdirməsidir. Feil hər ikisinə 

aid edilmişdir. İnsanın əməllərində nə təfviz, nə də cəbr var. İnsan əməllərini təfvizlə 

cəbr arası bir mövqedə yerinə yetirir.

11

 Görüldüyü kimi Maturidiyyə ilə  İmamiyyə 



arasında bu mövqe baxımından bənzərlik vardır. 

İradə bir davranışı seçərək həyata keçirmə gücünü bildirir. Rağib əl-İsfahaninin 

ifadəsilə, “nəfsin yerinə yetirilməsinə hökm etdiyi bir işi həyata keçirməyi istəməsi 

və ona yönəlməsi” deməkdir. Psixologiyada isə düşüncənin ortaya qoyduğu bir 

məqsədə (hədəfə) doğru getmə  hərəkəti olaraq tərif edilir. Məqsəd təsəvvürü, 

düşünmə, mühakimə, qərar və icra iradəli bir davranışın  əsas mərhələlərini təşkil 

                                                 

10

  Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, İstanbul 1997, səh. 285-286. 



11

 Cəfər Sübhani, Şiə əqidələrinin əsasları, Tehran 2001, səh. 83-101. 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

27

edir. Günümüzdə psixoloqlar bunu motivasiya, əzm, qəsd və niyyət mərhələlərinə 



ayırır. İradənin azad xarakter daşıması üçün birincisi yalnız motivasiyaların nəticəsi 

olmayıb bunlardan birini seçən “mənin” qərarı olması  və ikincisi isə xarakterdən 

meydana gələn bir qərar olmayıb əksinə irsi və qazanılmış xarakterin qatı çərçivəsini 

sındırıb şüurlu formada xarakteri dəyişdirə bilmə qabiliyyətinə sahib azad bir qərar 

olması lazımdır. Zərurətlərə bağlı olmayan saf bir iradə azadlığının psixofizik 

baxımdan var olduğunu söyləmək asan deyil.

12

 Deməli insan özünü qərarlarında azad 



qəbul edib “mənə” bağladığı müddətcə azad iradəyə sahibdir. 

Kəlam  ədəbiyyatında iradə  bəzən ixtiyar, məşiət, qəsd,  əzm kimi sözlərlə  də 

ifadə edilmişdir.  İradə,  şüurlu formada seçmə gücü olub insanı davranışlarına görə 

məsul hala gətirir. İradə insanı əmələ yönəldən və feilin həyata keçməsində önəmli 

rol oynayan bir funksiya daşıyır. Qurani-Kərimdə iradə həm Allaha, həm də insana 

nisbət edilərək 142 yerdə fərqli formalarda qeyd edilmişdir.

13

  

Qüdrət  də iradə ilə  əlaqəli termin olub bir varlığın hər hansı bir feili yerinə 



yetirmə  və ya tərk etmə iradəsiylə  vəsflənməsidir. Kəlam  əsərlərində insan qüdrəti 

“istitaət” olaraq keçir. Xüsusilə Əhli-Sünnəyə görə Allahın canlı varlıqlarda yaratdığı 

bir araz olub ixtiyari feillər üçün istifadə edilir. Eyni termini ifadə etmək üçün 

istitaət, qüvvət, taqət və başqa adlar da istifadə olunur. Cəbriyyəyə görə insanın heç 

bir şeyə gücü yoxdur. İnsana feilləri ağacın meyvə verməsi, suyun axması, günəşin 

çıxması misallarında olduğu kimi nisbət edilir. Feillər cəbri olduğu üçün cəza və 

mükafat da, təklif də  cəbrdir. Mötəziləyə görə insan güc sahibidir. İnsanın istitaəti 

onun bədən sağlamlığına sahib olmasıdır.  İnsanın feillərinin meydana gəlməsini 

təmin edən güc, yəni istitaət insanda feildən əvvəl (qablə-l-fil) vardır. Allah insanın 

feillərinin yaradıcısı deyil. Xeyir və  şərri insan özü yaradır. Buna görə  də öz 

etdiklərinə görə  cəza və mükafat alır. Maturidilərə  gəlincə iki cür istitaət vardır. 1. 

Fiziki orqanların sağlam olması, bu feildən  əvvəl olan istitaətdir. 2. Görülən işin 

əxlaqi dəyər qazanması halı. Bu istitaət feillə birlikdədir (məa-l-fi’l). İkinci qisimdə 

yer verilmiş istitaət Allah tərəfindən yaradılır.  Əşərilərə görə isə istitaət insanın 

özündə olmayan bir arazdır. Feillə birlikdə olub feil meydana gəldikdən sonra yox 

olur. Yəni bu, yaradılmış bir qüdrətdir.

14

  

                                                 



12

  Von Asterin İradə hürriyyəti adlı  məruzəsindən (Saim Yepremdən nəqlən,  İrade hürriyeti ve 



İmam Matüridi, səh. 125-127). 

13

  Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, səh. 414-417. 



14

  Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, səh. 175-227. 




i.f.d. Adilə TAHİROVA  

28

Mövzu ilə əlaqəli terminlərdən digəri xəlqu-l-əfal ifadəsinə gəldikdə Cəbriyyəyə 



görə insanın iradə  və qüdrəti yoxdur, demək insan feillərini də yarada bilməz. 

Mötəziləyə görə insan güc sahibi olub Allahın insanda yaratdığı bir qüdrətlə öz 

feillərini azad bir şəkildə yaradır. Maturidilərə görə isə insanın feillərini yoxluqdan 

varlığa çıxaran Allahdır. Bununla birlikdə feillər insana şamil edilir. Çünki insan 

istəyərək, gücünü və iradəsini sərf edərək ixtiyari feillərini yerinə yetirir. Əşərilərə 

görə insanın feilləri Allah tərəfindən yaradılır. Dəlillərdən biri kimi işlərin hər zaman 

insanın istədiyi kimi cərəyan etmədiyi göstərilir.  Əgər insan öz ixtiyarı ilə feilinin 

mucidi (yaradıcısı) olsaydı feilinin bütün təfərrüatlarını bilməliydi.  İnsan üçün bu 

mümkün deyil. Bundan başqa insan öz qüdrət və ixtiyarı ilə feilinin yaradıcısı 

olsaydı o feili tərk etmək və yerinə yetirmək imkanına sahib olardı. Feilin yerinə 

yetirilməsini tərkinə  tərcih edənə ehtiyac vardır. Bu da insan cinsindən ola bilməz, 

əks təqdirdə təsəlsül meydana gələr.

15

  



Mövzu ilə  əlaqəli başqa bir terminə olan kəsb isə rizq aramaq və istəmək 

mənalarına gəlib fayda əldə etməyə  və  zərəri aradan qaldırmağa yönələn feildir. 

Allahın feili kəsb adlandırılmaz. Çünki O, mənfəət əldə etmək və zərər dəf etməkdən 

uzaqdır. İstilahi mənada bu termini ilk istifadə edənin Əbu Hənifə olduğu ifadə edilir. 

Mötəzilə  kəsbi qəbul etmir. İzah tərzlərində  fərq olmaqla birlikdə Maturidiyyə  və 

Əşəriyyə  kəsbi qəbul edir. Maturidi məktəbində  kəsb insanın iradə  və qüdrəti ilə 

əlaqəli olub insanın ixtiyari feillərinə kəsb deyilir. Allahın feili isə kəsb deyil, xəlq və 

yaratma adlanır. Kəsb insana, yaratma isə Allaha aiddir. Feil yaratma yönündən 

Allahın, fayda təmin edib zərəri dəf etmə yönündən isə insanındır.  İnsan, iradə  və 

qüdrətini isitfadə edərək Allah tərəfindən yaradılan feili özünə  kəsb edir. Əşəri 

kəlamında kəsb böyük yer tutsa da açıq deyil.

16

 



İslam düşüncə məktəblərinin mövzu ilə əlaqəli fikirlərini müqayisə baxımından 

təhlil edərkən  Əşərinin kəsbi “hadis qüdrətin məqdura təalluqu” mənasında 

istifadəsinə müqabil, Maturidi, bu kəlməni “bəndənin bir şeyi ixtiyar etməsi” kimi 

anlayır. Feillər yaradılmaları baxımından Allahın feili, qəsd və ixtiyarı yönündən isə 

insanların feilləridir. Maturidinin feil anlayışında iradə və qüdrət məfhumları birlikdə 

nəzərdə tutulur. Qulun feili olduğuna görə iradəsi də vardır. Bu iradə bir qəsd, seçim 

və ixtiyardır. O halda onu yerinə yetirəcək gücü də vardır.  Əşəriyə görə isə bu 

mənadakı iradə belə Allah tərəfindən yaradılmışdılr. Maturidi isə bunu sadəcə qula 

                                                 

15

 Cürcani, Şərhu-l-məvaqıf, VI cild, Daru-l kutubi-l ilmiyyə, Beyrut 1998, səh.  68-89 (iradə və qüdrət 



bəhsləri). 

16

  Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, səh. 215. 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

29

nisbət etməklə yetinmişdir. Sonrakı dövrlərdə “cüzi iradə” olaraq adlandırılmışdır. 



Maturidi məsələni psixoloji baxımından həll etməyə çalışan bir nəzəriyyə irəli 

sürmüşdür. İnsanın özünü azad hiss etdiyi müddətcə iradə hürriyyətinə sahib olduğu 

fikri və davranışın mərhələlərinin təhlili maraq doğuran bir nəzəriyyədir. Bundan 

başqa Mötəzilənin insanın həqiqi feili vardır, o halda qüdrəti də vardır məntiqini 

Maturididə  də görmək mümkündür. Mütləq mənada qüdrətin Allah tərəfindən 

yaradıldığı fikrində isə  Əşəri və Mötəzilə ilə eyni fikri bölüşür. Qüdrətin Allah 

tərəfindən bir nemət olaraq verildiyi fikrini isə Əşəri ilə paylaşır.

 

 



Cəbriyyənin bir məzhəb kimi ortaya çıxmasına səbəb olan amillərdən biri 

Qurani-Kərimdə bir çox yerdə qeyd edildiyi kimi Allahın özünü mütləq fail olaraq 

ifadə etməsidir. Təkvir 81/29, Hadid 57/22, Tövbə 9/51, Həcc 22/18, Nisa 4/52, Ali-

İmran 3/26-27, Ənam 6/125, Bəqərə 2/253 və başqa ayələrdə Allahın mütləq gücü, 

iradəsi və elmi vurğulanır. Əgər cəbr anlayışı doğru olsaydı, Ənam surəsinin 6/53 və 

65-ci ayələrində, Casiyə surəsinin 45/22-ci ayəsi və Kəhf surəsinin 18/7-ci ayəsində 

ifadə edildiyi kimi insanın dünyaya gəliş səbəbi olan imtahana ehtiyac qalmazdı.  

Bu ayələri oxuyarkən Qurani-Kərimin bəzən ritorik tərzinin də olduğu unudularaq 

sadəcə literal (ləfzi) bir şəkildə kontekstindən qoparılaraq oxunmamalı və hərtərəfli bir 

yanaşma tərzini seçərək Qurani-Kərimin digər ayələrində qeyd edilən insana verilən 

davranış sərbəstliyi və yüklənən məsuliyyət bir tərəfə qoyulmamalıdır. Əqli baxımdan 

insan iradəsinin nə üçün önəm kəsb etdiyinə nəzər salaq. İnsanın əməlləri üzərində heç 

bir rolu olmadığı təqdirdə bu dünyada gördüyü işlərə görə axirətdə savab və ya cəza 

verilməsi izah edilə bilməz. Çünki insan əməllərini cəbr altında yerinə yetirməyə 

məcbur, heç bir iradə sərbəstliyi və azadlığı olmayan bir varlıq kimi görülərsə yüklənən 

dini mükəlləfiyyətlər, məsuliyyətlər,  əmrlər və qadağalar bir məna kəsb etməzdi. 

Qurani-Kərimdə bir çox əmr, qadağa və tövsiyələrin verilməsi insanın məsuliyyət 

daşıdığına və bu əməlləri yerinə yetirmə  və ya uzaqlaşma seçiminə sahib bir varlıq 

kimi qəbul edildiyini göstərir. Çünki əmr və qadağalarda tələb vardır. Tələb isə qüdrət 

və ixtiyara əsaslanır. Bundan başqa vəd və vəidin (mükafat və cəza) səbəbi olan savab 

və iqab da batil olar. Eyni zamanda peyğəmbərlərin göndərilməsinin mənası qalmaz. 

Çünki bu, bir dəvətdir. Dəvətdə isə ixtiyar olmalıdır.  

Eyni zamanda cəzalandırma və mükafatlandırmanın da məna daşıması insanın 

müəyyən gücə sahib olduğuna bağlıdır. Əgər mövzuya psixoloji baxımdan yanaşsaq 

məmnuniyyət və peşmanlıq duyğuları haqqında düşünmək lazım gələcək. Görülən 

işin nəticəsində məmnun qalmayan bir insanın peşman olması başqa cür də davrana 

biləcəyinə  dəlalət edir. Digər bir ifadə ilə həmin insanın başqa seçim imkanının da 

olduğunu göstərir. Məmnuniyyət duyğusu üçün də eynisini söyləmək mümkündür. 




i.f.d. Adilə TAHİROVA  

30

Yəni bir insan etdiyi hərəkətdən məmnun qaldıqda başqa  əməli deyil məhz bunu 



seçdiyinə sevinər. Hər iki duyğu halı da insanın seçmədə bir payı olduğunu göstərir. 

Məhz bu pay insan azadlığıdır.

17

  

Nəticə etibarilə Qurani-Kərimdə Allahın mütləq hökmranlığını vurğulayan ayələrlə 



yanaşı bəndənin məsuliyyətini də ifadə edən ayələr vardır. ər-Rad 13/11, Taha 20/81-82, 

İbrahim 14/7 ayələrindən isə göründüyü kimi insanlar yaxşıya doğru dəyişmədikcə Allah 

da onların vəziyyətini dəyişdirməz, rəhmət göstərməz. Yəni ilahi iradənin vurğulandığı 

ayələrdə belə insanın davranışlarından məsul olduğuna və ilahi ədalətə yer verilir. 

Bundan başqa insana doğru və yanlışın peyğəmbər vasitəsiylə göstərildiyi və onlardan 

hər hansı birini seçmə azadlığının olduğu isə Müddəssir 74/38, Nəcm 53/38-41, Zümər 

39/41, 51, Fussilət 41/46, Şura 42/30, Rum 30/41, 44, İnsan 76/3 ayələrində bildirilir. 

Eyni zamanda yaxşı  iş görməsinin insanın lehinə, pisi seçməsinin isə  əleyhinə olduğu 

ifadə edilir. Demək ayələrə  nəzər salarkən Qurani-Kərimin üslubu və ayələrin keçdiyi 

konteksti bir kənara qoymaq və sadəcə bu düşüncələrdən birinə  dəlalət edən ayələri 

diqqətə almaq yanlış nəticələrə gətirib çıxara bilər. 

Bəzən etiqadi fikirlərin populyarlaşmasında siyasət amilinin də rolunu izləmək 

mümkündür. Belə ki, cəbri düşüncəni sistematik şəkildə ilk dəfə  Əməvi iqtidarı 

müdafiə etmişdir.

18

 Haqsızlıqların qanuniləşdirilməsi üçün və kütlələrin üsyan 



etməsinin qarşısını almaq üçün irəli sürülmüş bu ideya sonradan bir təsəlli 

teologiyasının başlanğıcını qoymuşdur.

19

 

Lakin insan azadlığından bəhs edərkən bunun mütləq deyil, nisbi xarakter 



daşıdığını ifadə etmək lazımdır. Elə ana bətnindəki körpənin vəziyyətindən başlasaq 

hələ dünyaya gəlmədən onun sağlam və ya xəstə olmasına, uzun və ya qısa boylu 

olmasına, gözəl və ya çirkin olmasına, ağıllı olmasına təsir edən yaşadıqları yerlərin 

inkişaf edib etməməsi, yoxsul və ya varlı olması, iqlim və təbiət şərtləri kimi bir çox 

amil vardır.  İnsanın azadlıq və seçim imkanına sahib olmasını  qəbul etmək onun 

iradəsinin Allah tərəfindən müəyyən olunmuş qanunlar çərçivəsində meydana gələn 

təbiət hadisələrinin və ya aid olduğu cəmiyyətin təsirində qalmadığı  mənasına 

gəlmir.


20

 Azadlıq, bütün bu təsirə baxmayaraq insanın təbiət, tarix, cəmiyyət və öz 

mənliyinin mümkün təsirinə qarşı dirənmə, qarşı  çıxma və bunları  aşma gücüdür. 

İnsanın seçimini təyin edən və ya seçiminə  təsir edən bir çox faktor vardır. Ailə, 

                                                 

17

  Necati Öner, İnsan hürriyeti, Ankara 1995, səh. 30. 



18

  İrfan Abdülhamid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul 1994, səh. 284-285. 

19

  İlhami Gülər, Allahın ahlakiliyi sorunu, Ankara 1998, səh. 79, 128-129. 



20

  Necati Öner, İnsan hürriyeti, səh. 140. 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

31

məktəb, dostlar, içində yaşadığı  cəmiyyət, adət, ənənə, əqidə kimi faktorlar insanın 



seçiminə  təsir edən başlıca amillər arasındadır. Bunları üç qismə ayırmaq 

mümkündür:  İnsanın  ətraf mühiti, irsiyyət, tərbiyə.

21

  İnsan sosial bir varlıqdır.  



Həyatda qarşılaşdığı insanlarla qohumluq və ya dostluq münasibətləri varsa bu təsir 

daha güclü olur. Məsələyə  bəzi ayələrin işığında baxsaq bir çox yerdə insanın 

ətrafındakılara diqqət edərək yanlış insanları dost seçməməsi tövsiyə edilir. (Ali-

İmran 3/100, 149, Nisa 4/ 140, Həcc 22/25, Mümtəhinə 60/1, Nisa 4/139, Maidə 

5/51) Bundan başqa Qurani-Kərimdə insanın mühitini aşa bilmə gücünün olduğu da 

vurğulanmışdır. (Təhrim 66/10-12) İrsiyyət faktoru haqqında genlərin insanın xarici 

görünüşü, sağlamlığı  və  hətta xarakteri haqqında valideynlərdən və digər 

qohumlardan nəsildən nəslə ötürülən məlumat daşıdığını söyləmək mümkündür.

22

  

Bundan başqa Qurani-Kərimdə insana təsir edən varlıqların olduğu da bildirilir. 



Hər insanın bir mələk, bir də  şeytan olmaqla iki yoldaşı vardır. Qur’ani-Kərim 

birincisinə  “şahid”, ikincisinə “saiq” (sövq edən) demişdir. (Qaf 50/21) Ancaq 

şeytanın vəsvəsəsini dinləyib dinləməmə insanın seçiminə qalmışdır. Bundan başqa 

insanı doğruluğa, yaxşılığa səsləyən mələklərin də olduğunu qeyd etmək lazımdır. 

Mələklərin bu dünyada insanlar üçün dua etdikləri  əl-Mu’min 40/7-9 və  əş-Şura 

42/5-ci ayələrdə ifadə edilir. əl-Əhzab 33/43-cü ayədə isə onların dualarının nəticəsi 

olaraq saleh bəndələrin hər növ qaranlıqdan aydınlığa çıxarıldığı bildirilir.

 

 



Nəticə olaraq insanın mütləq mənada geniş bir iradə  və qüdrətə sahib olan və 

Allahın heç bir şəkildə  təsiri olmadığı feilləri olduğunu söyləmənin mümkün 

olmadığı kimi, insanın məcbur bir varlıq kimi əməlləri üzərində heç bir rolu 

olmadığını düşünmək də yanlış  nəticələrə  gətirib çıxara bilər. Bu eyni zamanda 

Qurani-Kərimin məzmununa zidd bir fikir olardı. Demək ki, feil, üzərində yaratma 

baxımından Allahın, qərar verib seçmə  və yönəlmə baxımından da insanın rolu 

vardır. Lakin hər nə qədər həyatını planlayıb o plan üzrə hərəkət etməyə çalışan bir 

insan belə olsa hesablaya bilmədiyi, planlarına mane olacaq hadisə və səbəblərin ola 

biləcəyini və bu hədəflərin bir risk daşıdığını da anlayır. Bütün işlər hər zaman 

insanın istədiyi, xəyal etdiyi, qərar verdiyi və planladığı şəkildə alınmır və bəlkə də 

qədərin ilahi yönünü burda axtarmaq lazımdır. Bunu da qeyd etməliyik ki, qəza və 

qədərin və bunun bir parçası olan insan iradəsinin bütün yönləriylə izahını 

psixologiya, pedaqogika, genetik mühəndislik, məntiq və digər sahələrdə axtarmağa 

                                                 

21

    Çiğdem Dikeçligil, Birey, kişilik, toplum, Aile yazıları, Ankara 1991, s. 3-4; Feriha (Balkış) 



Baymur, Genel psikoloji, İstanbul 2004, səh. 226-240. 

22

  M. Əli əl-Bər, Kurani-Kerim ve modern tıbba göre insanın yaratılışı, Ankara 1996, səh. 53. 




i.f.d. Adilə TAHİROVA  

32

çalışsaq da davranışların meydana gəlişi və insan iradəsi haqqında müəyyən 



məqamdan sonra cavablardan çox cavablana bilməyən suallarla qarşılaşdıq. Bəlkə də 

“qədəri” kodlaşdırılmış  məlumatlardan ibarət olan gen xəritəsində  və ya daha kəşf 

olunmayan və bizim bilmədiyimiz başqa aspektlərdə axtarmaq lazımdır. Bütün 

bunlar  “qədərin bir sirr olduğu” hədisinin də anlamına zəmin təşkil edir. Lakin 

qədərin əsrarəngiz və açıqlaya bilmədiyimiz yönünü bir kənara qoysaq faktiki olaraq 

bu məsələnin sadəcə nəzəri bir problemdən ibarət olduğunu ifadə etməliyik. Hər bir 

insan real həyatda faktiki olaraq hansısa bir hərəkəti, feili yerinə yetirərkən bunun 

üzərində çox düşünmür. Başqa bir ifadəylə insan özünü azad hiss etdiyi müddətcə 

azaddır ifadəsi reallığa daha uyğun görünür. Hərəkətlərimizə görə  məsuliyyət 

daşıdığımızı  və pis əməllərimizə görə cavab verəcəyimizi, yaxşı davranışlarımıza 

görə isə mükafat alacağımızı bilərək feillərimizi həyata keçirmək, amma bununla 

birlikdə hər şeyin sadəcə bizim əlimizdə olmadığının da fərqində olmaq bu məsələ ilə 

əlaqəli reallığa və nəssə (dini mətnlər) uyğun bir nəticə sayıla bilər. 

 

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.



 

Cafer Sadık Yaran, Kötülük ve teodise, Ankara 1997 

2.

 

Cəfər Sübhani, Şiə əqidələrinin əsasları, Tehran 2001 



3.

 

Cürcani, Şərhu-l-məvaqıf, VI cild, Beyrut 1998 



4.

 

Çiğdem Dikeçligil, Birey, kişilik, toplum, Aile yazıları, Ankara 1991 



5.

 

Əhmədi Numan ZəkiQəza və qədər, 1381, nəşr olunduğu yer yoxdur 



6.

 

Feriha (Balkış) Baymur, Genel psikoloji, İstanbul 2004 



7.

 

Fəzlurrəhman, Ana konularıyla Kuran, Ankara 1993 



8.

 

Hüseyin Atay, Kurana göre araştırmalar, Ankara 1997 



9.

 

İbn Mənzur, Lisanu-l arabi-l-muhit, Beyrut, tarixsiz. 



10.

 

İlhami Gülər, Allahın ahlakiliyi sorunu, Ankara 1998 



11.

 

İrfan Abdülhamid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul 



1994 

12.


 

Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, Qahirə 1996 

13.

 

M.  Əli  əl-Bər,  Kurani-Kerim ve modern tıbba göre insanın yaratılışı, 



Ankara 1996 

14.


 

Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, Tehran 1372 

15.

 

 Necati Öner, İnsan hürriyeti, Ankara 1995 



16.

 

 Taftazani, Şərhu-l-əqaid, İstanbul 1999 




Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi 

33

The problem of fate and divine decree (qada and qadar): 



The assessment of the human will 

SUMMARY 

 

The article underlines the importance and the historical background of the problem 



of fate. In sum we focus our attention on the question of free will. Human will is an im-

portant aspect of this question. The article attempts to explain the fundamental character 

of  will (irada), power (qudra), acquisition (kasb) and creation (khalq). This issue gener-

ates a great deal of debate among theologians of different schools and philosophers. We 

cannot discuss this problem without considering other aspects of will; especially affect of 

divine will to human’s action. Both divine and human will’s research is necessary to gain 

a full picture of the situation. The structure of human will is complex and this article il-

luminates factors affecting human’s actions. Researchers remain in the dark about all as-

pects of this problem and it has not solid solution till now. 

 

 

Проблема свободной воли в рамках проблемы судьбы 

РЕЗЮМЕ 

 

В статье подчеркивается важность проблемы судьбы. Основное внимание в 



статье  уделено  свободе  воли.  Человеческая  воля  является  важным  аспектом 

этого вопроса. В статье объясняется фундаментальный характер судьбы, воли, 



всемогущества  и  создания.  Этот  вопрос  порождает  много  споров  среди 

теологов различных школ и философов. Мы не можем обсуждать эту проблему 

без  учета  других  аспектов  воли,  особенно  влияния  божественной  воли  к 

человеческим  деяниям.  Исследование  божественной  и  человеческой  воли 

является  необходимым,  чтобы  получить  полное  представление  о  ситуации. 

Структура человеческой воли сложна и эта статья освещает факторы влияющие 

человеческим  деяниям.  Ученые  не  до  конца  изучили  всех  аспектов  этой 

проблемы и этот вопрос до сих пор не имеет твердого решения. 

 

Çapa tövsiyə edən: i.f.d. A.M. Şirinov 



Bu məqalə BDU (2011-2012 tədris ili üçün)  

“Universitetdaxili 50+50 qrant proqramı” layihəsinə əsasən yazılmışdır. 



 

Yüklə 434,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə