7
Xronoloji baxımdan bu monoqrafiya Sovet-Türkiyə münasibətlərinin 30-cu
illərin sonundan başlayaraq 1953-cü ilə qədərki dövrünü əhatə edir. Osmanlı
imperatorluğu ilə çar Rusiyasının, SSRİ ilə Türkiyənin bütövlükdə 500 ildən artıq
olan münasibətləri fonunda öyrənilən xronoloji çərçivə ilk baxışda qısa görünə
bilər. Lakin iki ölkənin münasibətlərində müharibə və xüsusilə ondan sonrakı
dövrdə baş verən hadisələr öz siyasi məzmununa, beynəlxalq münasibətlərdə
yerinə, soyuq müharibə erasının başlanmasında roluna, özündən sonrakı dövrlərə
göstərdiyi təsirə görə Sovet-Türkiyə münasibətlərində əhəmiyyətli yer tutur.
Birinci Dünya müharibəsindən sonra Sovet Rusiyası ilə Türkiyə arasında
münasibətlərin bünövrəsmi Lenin və Atatürk qoymuşdular. Həmin dövrdə məğlub
blokun içindən çıxan yeni Türkiyə ilə qalib Antantanın məğlub üzvü olan Rusiya
arasında dostluq münasibətlərinin qurulması zamanın tələbi idi. Əlbəttə, bu
münasibətlərin qurulmasında yaranmış beynəlxalq vəziyyətlə yanaşı, tərəflərin öz
milli, ideoloji və sinfi maraqları da mühüm rol oynayırdı. Bütün Qərb ölkələrinə,
qalib Atlantaya qarşı inqilabi mübarizəyə başlamış Türkiyə üçün Sovet Rusiyası
ilə münasibətlər həyati əhəmiyyətə malik idi. Sovet Rusiyası isə Qərbdə sosialist
inqilabının qələbəsinə ümidini itirdikdən sonra Şərqə üz çevirmişdi və Sovetlərin
düşmənlərinə qarşı anti-imperialist müharibə aparan Türkiyəyə bolşevik
eksperimentləri üçün əlverişli ölkə kimi baxırdı. Birinci Dünya müharibəsindən
sonra hər iki ölkəni təhdid edən qalib ölkələrə qarşı mübarizədə maraqların
eyniliyinə baxmayaraq Sovet Rusiyasının Mustafa Kamal paşanın simasında
Türkiyə üçün bolşevik lideri hazırlamaq planları baş tutmadı. Antantaya qarşı
mübarizədə sinfi maraqlara deyil, xalqın milli iradəsinə dayanan Atatürk Rusiya
ilə yaxınlıq etsə də, bolşevik ideyalanın ölkəyə buraxmadı. Görünür, elə bunun
nəticəsi idi ki, Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin İstanbulu azad
edib kamalçılara deyil, daha sol türklərə verilməsini tövsiyə edirdi. Sovet Rusiyası
ilə münasibətlərə ciddi əhəmiyyət verən Atatürk xarici siyasət məsələlərində Qərb
orientasiyasına daha böyük maraq göstərirdi. Boğazlar məsələsinin müzakirə edil-
diyi Lozanna konfransında Türkiyənin Qərblə əməkdaşlıq siyasəti rəsmi kurs
olaraq təsdiqləndi. Sovet Rusiyasının ciddi cəhdlərinə baxmayaraq Türkiyə
Boğazlar məsələsində 1923-cü ildə Qərb ölkələrinə bir sıra güzəştlərə getməli
oldu. Lakin Qərblə başlanan bu əməkdaşlıq 1936-cı ildə Montrye konfransında öz
nəticələrini verdi. Türkiyə Lozannada itirdiklərini Montryedə geri qaytardı və
Boğazlar üzərində tam nəzarətini, suveren hüquqlarını bərpa edə bildi. Bu,
Atatürkün Qərbə yönəlik siyasətinin ən mühüm nəticəsi idi.
Birinci Dünya müharibəsindəki məğlubiyyətdən dərs alan Türkiyə İkinci
Dünya müharibəsində son dərəcə ağıllı və ehtiyatlı bir siyasəti zərgər dəqiqliyi ilə
həyata keçirə bildi. Ölkəni idarə edən siyasətçilər, türk diplomatiyası hər tərəfdən
hərbi əməliyyatlarla əhatə olunmuş Türkiyəni müharibədən itkisiz çıxara bildilər.
Bu, Türkiyənin xarici
8
siyasətinin mühüm uğuru idi. Böyük dövlətlər arasındakı ziddiyyətlərdən
yararlanan Türkiyə İkinci Dünya müharibəsində neytral bir
siyasətə üstünlük
verdi. Lakin müttəfiqlərin, o cümlədən Sovet İttifaqı rəhbərliyinin də müharibənin
ağır dövründə etiraf etdiyi kimi Türkiyənin neytrallığı müttəfiqlərin maraqlarına
uyğun neytrallıq idi. Türkiyənin İkinci Dünya müharibəsi dövründə yeritdiyi
siyasəti dəyərləndirən ABŞ alimi U.Bouen haqlı olaraq onu "tərəfli, fəqət
savaşmayan ölkə" adlandırır.
Həyatının son illərində Atatürk öz varislərinə "şimaldan gələcək təhlükəyə
qarşı diqqətli olunuz" deyə vəsiyyət etmişdi. Bu vəsiyyətin həyatiliyi çox keçmədi
ki, öz təsdiqini tapdı. Türkiyəyə qarşı Sovet iddiaları dünya müharibəsinin ilk
aylarında meydana çıxdı. 1939-1940-cı illərdə Türkiyəyə münasibətdə faşist
Almaniyası ilə həyata keçirmək istədiklərini SSRİ sonralar müttəfiqlərlə birlikdə
həyata keçirmək niyyətində idi. Lakin ABŞ və xüsusilə Ankara ilə müttəfiqlik
münasibətlərində olan Böyük Britaniya buna getmədilər. Nəticədə Türkiyə Qərb-
Şərq qarşıdurmasının ilk mübarizə meydanına çevrildi. Hələ 1944-cü ilin
noyabrından SSRİ-də Boğazlara birgə nəzarətin bir sıra variantlarını özündə əks
etdirən müxtəlif təkliflər hazırlanmağa başlandı. 1945-ci ilin martında iyirmi il
qüvvədə olan dostluq və neytrallıq haqqında Sovet-Türk müqaviləsi ləğv edildi.
Onun ardınca SSRİ-nin Türkiyənin ərazi bütövlüyü və suveren hüquqlarına qarşı
yönəlmiş tələbləri irəli sürüldü. Bütün bunlar az sonra soyuq müharibənin Stalin
dövrünü səciyyələndirən əsəb savaşının başlanmasına gətirib çıxardı. Oxuculara
təqdim edilən bu monoqrafiyanın əsas süjeti də məhz həmin savaşın tüğyan etdiyi
1945-1953-cü illərin dramatik hadisələri üzərində qurulmuşdur.
Müharibə başa çatan kimi Sovet tələbləri ilə üzləşən Türkiyə soyuq
müharibənin həyacanını, əsəb gərginliyini və xarici təhlükənin bütün qorxusunu
yaşayan ilk ölkə oldu. Məhz bu qorxunun təsiri altında o, Böyük Britaniya
təhlükəsizlik sisteminə, ABŞ-la sıx tərəfdaşlığa daha çox meyl etməyə başladı.
Türkiyənin Trümen doktrinasının subyektinə çevrilməsi, Marşall planı üzrə
yardımların alınmasına cəhd göstərməsi, müxtəlif regional bloklara can atması və
nəticə etibarı ilə NATO-ya daxil olması Sovet təhdidinin bilavasitə yekunu idi. Bu
problemi araşdıran zaman diplomatik yazışmalarda, gizli arayışlarda, dövlət
başçıları və siyasi xadimlərin danışıqlarında "əsəb müharibəsi", güc nümayişi,
hədə-qorxu ilə diz çökdürmək, təbliğat kompaniyası ilə psixoz vəziyyət yaratmaq,
iqtisadi çətinliklər vasitəsi ilə ölkəni daxildən çökdürmək va s. ifadələrə tez-tez
rast gəlmək olur. Bunlar məhz soyuq müharibənin arsenalına daxil olan mübarizə
formaları idi.
Bütün bunlarla yanaşı, Türkiyə siyasi dairələrinin Sovet təhlükəsini mövcud
olduğundan daha artıq dərəcədə şişirtməsi, bu təhlükənin yaratdığı "əlverişli
şəraitdə" Qərbə siyasi və hərbi inteqrasiya prosesini