Microsoft Word Imad?ddin N?simi h?yat? docx doc



Yüklə 80.11 Kb.

tarix06.10.2018
ölçüsü80.11 Kb.


İmadəddin Nəsimi həyatı 

və yaradıcılğı 

 

 

 Seyid  Əli Seyid Məhəmməd oğlu 



İmaməddin Nəsimi (1369, Şamaxı-1417, 

Hələb) - Azərbaycan  şairi, mütəfəkkir. 

"İmadəddin Nəsimi" adı ilə  məşhurdur.  İlk 

təhsilini  Şamaxıda almış, dövrün elmlərini, 

dinlərin tarixini, məntiq, riyaziyyat və 

astronomiyanı öyrənmişdir. 

10-cu  əsrdə Bağdadda dara çəkilmiş  Həllac Mənsur Huseyninin 

sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü 

ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış 

hürufi təşkilatları ilə  əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah 

Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ 

edən  şerlər yazmağa başlamış  və bu vaxtdan etibarən Nəiminin 

təxəllüsü ilə  həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul 

etmişdir. 

1394-cü ildə 

Nəimi edam edildikdən sonra onun 

"Vəsiyyətnamə"sinə  əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya 

(Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana 

salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada 

həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və 

ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. 

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. 

Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, 

ictimai,  əxlaqi mövzularında  əsərlər yazmış, Azərbaycan  ədəbiyyatı 

tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. 

O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi 

fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində 

söyləmişdir. 

Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və  ədəbi 

dilinin inkişafında mühüm bir mərhələdir. 




Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin 

tarixi inkişafını öyrənmək baxımından da müstəsna  əhəmiyyətə 

malikdir. Nəsimi Azərbaycan  şerinin  şəkli xüsusiyyətlərinin 

təkmilləşməsində çox mühüm rol oynamış,  əruz vəzninin bəhrlərini 

Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. 

O, 3 dildə gözəl müləmmələr yazmışdır. 

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, 

mürəbbe və  tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları  bədii 

quruluş  və  məzmunca oricinal və qiymətlidir. Rübailərində 

hürufiliyin müddəaları,  şairin fəlsəfi görüşləri, Həyat və Kainat 

haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. 

Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, 

Kiçik Asiya və Suriyada, eləcə  də Orta Asiyada və uyğurlar 

içərisində geniş  şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı 

əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, 

Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir 

göstərmişdir. 

Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına 

(türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. 

Şairin  əsərləri  əlyazma  şəklində geniş yayılmışdır. Həmin 

əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında 

saxlanılır. 

Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri 

yazılmışdır. YUNESKO-nun qərarı ilə  Nəsiminin anadan olmasının 

600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və 

Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox 

ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. 

Bakı rayolnlarından birinə Nəsiminin adı verilmiş, Bakıda heykəli 

(heykəltaraşlar T.Məmmədov, İ.Zeynalov) ucaldılmışdır.Azərbaycan 

EA Dilçilik İnstitutu Nəsiminin adınadır. 

Nəsimi poeziyasında libas dəyişgənlik və ötərilik simvoludur, 

dünyəvi yalanın, bir-birini fasiləsiz  əvəzləyən oyun və aldanışların 

təzahür elementidir, fantastik emo-sionallığa malik bədii işarədir. 



Əgərçi belə olmasaydı, Nəsimi dünyanı da al və yaşıl geyimli rəsm 

etməzdi ki? Hərçənd... hər geyinməyin də bir soyunmağı var axı? 

    İnsan dünyaya lüt gəlir və yalnız sonradan geyinir. Geyinib də 

soyuqdan qorunur, abıra minir, ictimailəşir, sosial varlıq statusu alır, 

mədəniyyətlə tənzimlənən əlaqələr sisteminə daxil olur. Əks təqdirdə 

cəmiyyət onu qəbul etməyəcək.  İctimai məkanda çılpaq görünməyi 

mədəniyyət normaya sığmayan tüfah bir iş sayır... və buna bilmərrə 

qadağa qoyur. Cəmiyyət içrə çılpaq bədən söyüşdən də betərdi: Hamı 

ona nümayişkaranə  şəkildə ikrahla yanaşır. Halbuki bu bədəndən 

hamıda var. Geyim insanın təbiətdən mədəniyyətə  qədər getdiyi 

yolun əyani görükdürücüsüdür. Mədəniyyətə rəsmən elan edilməmiş 

vəsiqə “geyim” adlanır. Haradasa belə demək mümkündür ki, 

mədəniyyət geyimdən, geyinmək prosesinin və  şakərinin özündən 

başlanır. Bunların hamısı düz... və mübahisəsiz. Lakin bir məsələni 

heç cürə unutmaq olmaz. Yəni insannın geyinmək tələbatı 

maskalanmaq, məxfiləşmək, gizli qalmaq istəyi kimi də yozulmağa 

caiz. Geyim bədənin maskasıdır: çünki bədən üz kimi mimika ilə 

qoruna bilmir. Bu baxımdan çılpaq bədən aldatmaq iqtidarında deyil. 

Ona görə  də geyim bədən defektlərinin,qüsurlarının örtüyüdür, 

maskasıdır. “Soyunmaq” isə içəridə olanı üzə çıxarmaq, birbaşa gözə 

görünməyəni faş eləmək, sirri aşkarlamaq, maskanı tullamaq, örtüyü 

atmaq mənalarını da özündə ehtiva etməyə qabil bir anlam. 

Müsəlman  Şərqinin düşünərlərindən bəziləri hətta adi insan dərisini 

də geyim, maska qismində görməyə meyilli idilər. Seyid İmaməddin 

Nəsimi bütün ömrü boyu özündən sıçramaq, ayrılmaq, qopmaq 

arzusunda bulunmuşdu... və burada qəribə heç nə yox.  

Çünki  hal əhli üçün bu, xarakterik bir ovqat. Özündən çıxıb, 

kənarlaşıb özünə baxmaq, öz gözlərindən öz içinə boylanmaq, 

dərinin altına varıb öz bədəninə tam şəkildə nüfuz eləmək, orada 

rahatlanmaq, “ərimək”, “qərq olmaq” marağı, istəyi hal əhlindən ötrü 

həmişə dadlı bir intellektual oyuna bərabər sayılıb. Bu tövr virtual 

cəhdlərdən usanan Nəbati məyuslaşıb da demirdi ki, “yetdi ömrün 

axirə, sən bir Nəbati bilmədin, kimdi bu gözdən baxan, ya dildə bu 

güya nədir?” Virtual dünyanın plastik görkəmi insanın öz içinə 




səyahətinin, gəzintisinin inikasıdır. Kamil insanın özünü bütöv, 

harmonik varlıq kimi dərk etməsinin yolu burdan keçir. Virtual 

gerçəklik insanın iç dünyasının gerçəkliyidir. Təbii ki, bu gerçəkliyi 

də öz içində  kəşf etmiş insan üçün artıq sirri bəyanə  gəlməyən heç 

bir nəsnə qalmır. 

  Mən çox fikirləşmişəm: görəsən necə olub ki, dərinin soyulması 

kimi son dərəcə işgəncəli bir cəza tədbiri məhz Nəsimi şəxsiyyəti ilə 

bağlı aktuallaşıb? Nəsimini edam etməyə ayrı bir üsul tapılmırdı 

bəyəm? Niyə Misir sultanı Əlmüəyyəd hərlənib, fırlanıb elə bu sadist 

cəza formasının üstündə dayanıb? Əgər Nəsiminin dilini kəssəydilər, 

qurğuşunu əridib boğazına töksəydilər, deyərdim ki, yeri var. Çünki 

o, məhz “ənəlhəq” söyləyən dilinin ucbatından kafir, mülhüd 

adlandırılıb. Bəs onda “dərisi soyulsun” hökmünü nə ayağa yazmaq 

mümkün? Belə bir edam üsulu haradan gəlib düşüb fitva verənin 

beyninə? Bəlkə dövr, zəmanə mifləşmək, mifə çevrilmək astanasında 

bulunanda  əfsanəvi ölümə urcah edilmiş sakral qurban ideyasını 

gerçəkləşdirməyə  tələsir? Olsun ki, mən yanılmıram. Lakin bu, 

“dərisi soyulmaq” həqiqətinin yalnız kulturoloji və  nəzəri tərifidir, 

onun mifopoetik kontekstə gömdürülməsidir. Amma mənim belə bir 

gümanım da var ki, Nəsiminin özü bu müdhiş edam hökmünün 

təhrikçisi olub. Gümanım öz yerində... və təbii ki, mübahisə obyekti 

ola bilər. Ancaq bununla yanaşı  mən haradasa tam əminəm ki, 

Nəsimi öz karmasından xəbərdar idi və şüurlu surətdə ömrünün fəci 

sonluğuna doğru gedirdi. O, bundan nə inciyirdi, nə də peşmançılıq 

çəkirdi. Əks təqdirdə yazmazdı ki: 

                              

      «Yığıldı şeyxü şabilər ki, yəni soyalar məni 

       Muradim bu idi həqdən, irişdim mən bu gün kamə». 

      

 Dərisinin soyulması Nəsimi üçün sakral arzunu gerçəkləşdirib ali 



mətləbə varmaq, kama çatmaq deməkdir, dünya sirrinə güzgü tutub 

onu aşkarlamaq deməkdir, özünü bəşəri bir qurban kimi anlamaq, 

dərk etmək deməkdir, faş olub bəyana gəlmək, bəyanı özündə 

görükdürmək deməkdir, qələbə simvoluna çevrilmək deməkdir. Gör 




nəmənədir ki, bu cür əcayib-qərayib bir nişanə  Nəsimiyə  hətta 

xoşdur, hərçənd bu nişanənin özündə bir nişansızlıq əlaməti mövcud. 

Bu xüsusda bir neçə Nəsimi beyti: 

                                                         

   «Soydular, çıxardılar başdan ayağa pustumu, 

   Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır. 

   Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil

   Cümlədə ayinəyəm pünhanə, xoşdur yaxşıdır. 

   Mənsur oldum, çün bu gün aləmdə faş oldum sizə 

   Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır». 

      

Soyulmaq Nəsimidən ötrü libasların dəyişdirilməsindən başqa bir 



şey deyil, bir surətin digəri ilə  əvəzlənməsidir. Çünki mahiyyətdə 

bütün mənaların surəti eynidir, məğzi, cövhəri birdir: 

  

 «Çü birdir sürətü məni sənin zatində ey arif, 



   Çıxardım surəti-kisvət, yenidən geydim uş camə» 

   


   Yəni, hansı paltarda, geyimdə, surətdə olursan ol, fərq eləməz, 

həyat özünün say-sız-hesabsız, rəngli və  rəngsiz təzahür 

formalarında  əbədidir, məkanca hüdudsuz, zamanca sonsuzdur. 

Aləmdə  nə varsa, növbələşib yaşayır. Növbələşmək daimilik 

əlamətidir, varlığın  əbədi qalmasının  şərtidir. Bu daimilik içrə 

dəyişən bir tək geyimdir, libasdır, növbəsini gözləyən tükənməz 

təzahürlərin formasıdır. Söylədiyim fikirlərin kontekstində 

mümkündür ki, insanın dərisinə  də ötərgi bir libas qismində 

yanaşılsın. Bu əsnada digər bir məsələni də inmformativ bilib qeyd 

etmək  məqbul: arxaik mədəniyyətlərdə “dərisi soyulmaq”, “qabıq 

qoymaq” uzunömürlülük və müdriklik, çox zaman isə əbədi olumun 

nişanəsi sayılırdı. O canlı ki, qabığını dəyişdirdi, yaşamaq üçün yeni 

bioenerji qazanmış hesab olunurdu. Məqamın ayrı bir aspektini də 

vurğulamaq, məncə, vacib və  gərəkli: məgər barama soyulub da 

kəpənək şəklində zühur eləmir? İmaməddin Nəsimi də öz ömrünü elə 

yaşamışdı ki, axır sərəncamda o, barama kimi cildini, libasını 




dəyişib, qabığından çıxıb kəpənəyə çevrilməliydi. Hələ “yer ilə göy 

bina olmazdan əqdəm” bu, Nəsiminin tale cədvəlinin, alın yazısının 

mərkəzi hadisəsi kimi götürülmüşdü. Göylərdə cızılmış bu proqramı, 

əlbəttə, yaxşı, ya pis icra etmək olardı, amma pozmaq yox. Nəsimi də 

bu sakral sifarişi  əla bir üslubda yerinə yetirdi, soyulub 

“kəpənəkləşdi”, cismindən və canından qurtulub sirri bəyana gətirdi, 

özündən qopdu, ilahi dünyaya vardı. Görünür, Nəsimidən ötrü 

dərisinin soyulması heç də hüzn və  kədərlə ilişikli bir olay deyildi, 

sadəcə tale dönəmi, mütləq bir olacaq, formanı, libası  dəyişib 

özündən çıxmaq, başqalaşmaq mərasimi idi, “bəndi həsar içindən” 

sıçrayıb dünyanın digər ölçülərində var olamaq, yaşamaq cəhdi idi: 

  

      «Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən, 



       Olma məlul, ayıtma kim, bəndü həsar içindəyəm». 

    


  Bu  sayaq  faktların qarşısında, qənşərində özünü “tilsimi-

pünhan”, “əzəli sirr” adlandıran bir adamın dərisinin soyulması ilə 

bağlı bütün fəci motivlər artıq arxa plana keçir. İş bu ki, baxım 

bucağını  təsəvvüfün və hürufiliyin rəmzi bildirmələrindən azacıq 

yana çöndərib Nəsiminin deyimlərinin məntiq müstəvisinə tuşladıqda 

onun dərisinin soyulması “tilsimi-pünhan”ın aşkar edilməsi, “əzəli 

sirr”in məkan içrə, konkret olaraq meydanda, bəyana gətirilməsi kimi 

görükür. “Başını top eyləgil, gir vəh-dətin meydanına” və ya “Başını 

top eyləgil, meydanə gir mərdanə  sən” deyən Nəsiminin ifadə 

tərzindən, misrasının arxitektonik və ritmik quruluşundan gizli bir 

üsyan, azman güc, qaytansız ehtiras, saymazyana dəliqanlılıq fışqırır. 

O, sanki hamını özü əleyhinə qaldırıb tufan qoparmaq, mübarizə, 

qarşıdurum, dünyəvi mübahisə təhrik etmək istəyi ilə söz püskürür; 

hətta yeri gəldikcə fələyə də, taleyə də öcəşir ki, bəlkə onlardan bir 

tutarlı cavab eşidə: 

 

 



«Bu dərin məani gör ki, bəyan qılır Nəsimi, 

 Fələyin dili tutuldu bu ulu bəyan içində». 




    

  Lakin fələyin lallığı qənşərində “anəstunarən” deyib də hayqıran, 

coşan Nəsiminin emosional durumu, ovqatı və yaşantılarının təbiəti, 

mən cə, onunla izah edilir ki, çox böyük enerji potensialına malik 

bu adam heç cürə bir yerdə  qərar tutub aram ola bilmirdi, gəzərgi 

həyat sürdüyündən köç havasını heç vədə beynindən çıxarmırdı: 

 

«Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə» 



     

 Və ya: 


        

 «Bu nə bərgüzidə candır ki, gəzər bu can içində» 

  

Yaxud: 


             

 «Bu canı tərk edib keçdim cahandan» 

   

Və hətta: 



            

 «Məkansız oldu Nəsimi, məkanı yoxdur anın, 

  Məkana sığmayan ol biməkan məkanı nedər!». 

      


Yəni məkandan bilmərrə imtina və  hər cür köçün, səfərin sonu. 

Təbii ki, burada qəribə, təəccüblü, gözlənilməz heç nə yox. Çünki 

orta  əsrlər müsəlman  Şərqinin poeziya dünyası sufi ideyalarına 

ürcah. Ötəri bir paralel. Məgər Sənai də  Nəsimi deyəni demirdi ki, 

“cism və canda mənzil tutma gəl, biri ikrah doğurur, o biri sevgi, hər 

ikisini tərk elə, nə onda ol, nə bunda”. Beytdə laməkan ideyasının 

dominantlığı şəksizdir. Bəs belə olan surətdə bu məsələni Nəsimi ilə 

bağlı  məxsusi qabartmağına dəyərmi? Elə bilirəm ki, dəyər. Çünki 

bu, Sənaidən ötrü yalnız mənəvi imperativdir, ruhla ilişikli oyundur, 

intellektual macəradır. Nəsimi isə buna həqiqət, reallıq, həyat 

məqsədi kimi baxır, bütün varlığı ilə  məkansızlığa can atır və öz 

məkansızlığından az qala bir ayin yaradır, onu kulta çevirir. 




Məkansız olduğuna Nəsimi bir şair kimi yox, bir insan kimi inanır... 

və  hətta bunun sübutuna çalışır. Mənim fikrim budur ki, Nəsiminin 

laməkan kulturoloji ideyasına münasibəti də onun karması ilə diktə 

edilir. Hətta  şairin təxəllüs seçimi də, mən elə düşünürəm ki, onun 

karmasının birbaşa təsiri ilə gerçəkləşmişdir. Çünki “Nəsimi” 

təxəllüsünün mənası ilə şairin ideyaları və tale yazısı arasında qəribə 

bir  əlaqə, bağlantı  aşkarlanır. Azərbaycan  ədəbiyyatşünaslığında 

qəbul edilmiş  rəsmi bilgi ondan ibarətdir ki, «Nəsimi» təxəllüsü 

«Nəimi» sözünə  həmahəng səsləndiyinə görə,  şair Seyid Əli 

tərəfindən bəyənilib. Seyid Əli, yəni  İmadəddin Nəsimi,  Şərq 

mədəniyyəti ənənələrinə rəğmən Ustadına kəc baxmayıb və Nəimiyə 

bəslədiyi sevgisini, öz sədaqəti ilə birgə  təxəllüsündə  də 

rəmzləşdirib. Şübhəm yoxdur ki, bu, bir həqiqətdir. Ancaq mən onda 

da bir “əmma” buldum. “Nəimi” «cənnət adamı», «cənnətməkan» 

deməkdir. Quranda zikr edilən iki cənnət bağından birinin adı 

Nəimdir. Hürufiliyin pərvərdigarı, ustad Fəzlullahın təxəllüsü də 

buradan gəlir. «Nəsimi» təxəllüsü isə «nəsim» sözündən alınmadır. 

Ərəb dilində «nəsim» kəlməsi ilə  səba yeli, səhər mehi bildirilir. 

«Nəsimi» deyəndə  səhər mehi içrə yaşayan, kökü, şəcərəsi səhər 

mehinə bağlı olan adam başa düşülür. Və bundan əlavə önəmli 

sayılacaq başqa bir çalar: müsəlman mədəniyyəti  şəbəkəsində insan 

ruhunun təbiəti meh kimi, hava axını kimi təsəvvürə  gətirilir. 

«Nəimi» və «Nəsimi» təxəllüsləri bir-birinə  həmqafiyə, lakin onlar 

arasındakı  məna fərqi böyük, haradasa lap ziddiyyətli: biri konkret 

təsvirə malik məkanla bağlı, digərinin isə məkanı bulunmaz. Nəsimi 

məhz bu məqamda Nəimi ilə qütbləşir və  hətta onu “üstələyir”: 

“nəsimi”, “nəimi” konkretliyindən daha geniş, uca və  əlçatmazdır. 

Həqiqətən, o, yalnız yeldir ki, nə məkana sığar, nə bəyana gələr, nə 

yeri məlum olar, nə  də görkəmi. Qısası, problemin məğzı ondan 

ibarətdir ki, Nəsimi timsalında şəxsiyyət ilə təxəllüs eyniləşib, qəribə 

şəkildə bir-birinə nüfuz edib psixoloji fenomen yaradır: təxəllüs 

“böyüyüb” nəsimiliyə çevrilir və  şairi öz içində  “əridir”. Nəsimi 

ömrünün dolanbaclarından boylandıqda görürsən ki, şair sanki 

bilərəkdən həyatını öz təxəllüsünün bəraətinə  həsr eləyir. Bəlkə elə 




buna görədir ki, Nəsimi bir yerdə lövbər salıb uzun müddət qalmağı 

heç cürə bacarmayıb, məkana, bəyana sığmadığını söyləyə-söyləyə 

səba yeli, sübh mehi kimi cümlə cahanı dolaşır. Yəni belə şey olurmu 

heç? Möcüzəmi, ilahi? Doğrudan da təəccüblənməyə bilmirsən: 

təxəllüs hürufi şairinin ideyalarının, poeziyasının və  həyatının 

paradıqmasıdır, cədvəlidir, bir növ onun şəxsi lövhi-məhfuzudur. 

Qəribədir, təxəllüs  şairdə yox, şair təxəllüsündə yaşayır. Belə bir 

təxəllüsün seçilməsi adi təsadüfdür, zərurətdur,  şairin özü ilə 

intellektual oyunudur, sonucda Nəsimidən öc alacaq fələyin qurduğu 

tələdir, ya nədir? Bəlkə karma dedikləri elə bu? Dəqiq söyləmək 

çətindir. Hər halda bir məsələ gün kimi aydındır: təxəllüs şair Seyid 

Əlinin sakral həyatının nişanəsidir, verbal bildiricisidir, onun ilahi 

dünya ilə birbaşa  əlaqəsinin təminatçısı  və  mənəvi, ruhi ömrünün 

simvoludur: 

 

«Meraca çıxdı ruhi Nəsimi Buraq ilən» 



      

Həqqən ki, Nəsimi bütün ömrü boyu özünü səhər nəsimi, səba 

yeli, yaranış mehi bilib: heçdən zühur edib, qəfil gəlib, qəfildən də 

heç olub gedib. Onun üçün merac bəyana gəlməyən şəffaf çılpaqlığa 

ürcah formasız və  çəkisiz ruhun meracıdır. Bu baxımdan həyatda 

«nəsimi» olmaq elə meracda zamansız və fasiləsiz bulunmaq 

deməkdir. Məhz buradaca yazı-fantaziyanın tamam yeni və haradasa 

gözlənilməz bir dönümü. Əcəba, Nəsiminin “kəpənəkliyi də bu səbəb 

üzünə yozulmazmı? Nədən “Fəzl ilə  həqqə çatmış olan” Nəsimi 

özünü “pərvaneyi-nicat”, yəni, “nicat pərvanəsi, nicat kəpənəyi” 

adlandıra? kəpənək nəsimin, mehin vizual dəlaləti ola bilməzmi? 

Bəlkə kəpənək səhər nəsiminin, sübhdəm mehinin məkan içrə zühur 

formasıdır, bəyanda görükmək tərzidir? Yenə birbaşa cavabı 

olmayan suallar. Təbii ki, əsas məsələ  nə sualdır, nə cavab: əsas 

məsələ suala qədər cızılan yoldur ki, müəyyən intellektual cəhdin və 

mürəkkəb  əqli prosesin dolanbac gərdişinin qrafik siluetini 

aşkarlayır. Bu suallar, filoloji fantaziyanın ideyası ilə birgə, məndə o 

zaman yarandı ki, təsadüfən  İmadəddin Nəsiminin “kəpənək” və 




“tapdim” rədifli iki şerini oxudum... və  məlumum oldu ki, söhbət 

burada da geyimdən gedir. Sən demə, “kəpənək” farslarda yapıncı 

kimi mənalandırılır. Nəsimi  şerlərinin kontekstində  də “kəpənək” 

sözü məhz “yapıncı” anlamında işlədilir: 

  

«Kəpənək geymişəm, əndişədən  azad olubam,  



       Üşümək müşkülünü eylədi asan kəpənək». 

     


 Heç  şübhəsiz ki, kəpənək burada çoban həyatının, dağlı 

güzəranının rəmz səviyyəsinə yüksəldilmiş fakturasıdır, gerçək 

yaşantıların suggestiv ifadəçisidir, özünəməxsus bildiricidir, 

eyhamdır. Lakin soruşmağa yeri var ki, Nəsiminin yapıncı 

geyməsindən xeyir ola? Bu məqamın da öz tarixi sübut-dəlili 

mövcuddur. Nəsiminin belə qiyafəyə düşməsinin səbəbi ustadı 

Fəzlullah Nəiminin müridlərinə, yəni xələflərinə, başqa sözlə desəm, 

şagirdlərinə ithafən yazıb göndərdiyi “vəsiyyətnamə” əsərindən bəlli 

olan bir xəbərdarlıq ucbatına aşkarlanır: «Öz geyiminizi xarici 

ğörünüşünüzü dəyişin,  şirvanlı  və  dağlı  camaatının  şəklinə salın.  

Möhkəm və  əlçatmaz  ucqarlara gedin. Bu işi olduqca tez edin ki, 

hələ ordudan arxanızca heç kim gəlməmiş  və  tələfata uğramamış 

getmiş olasınız.  Əlbəttə,  əlbəttə, getməkdə  tələsin. Uzaq dağlıq 

yerlərə (saçmalar mənimdir – A.T.) çəkilin». “Vəsiyyətnamə”nin 

yazılma tarixi 1394-cü ildir ki, həmin ili də  Nəsimi çox güman, 

Bakıda keçirib. Görünür, “Vəsiyyətnamə”nin həyəcanlı bildirişi, 

müdhiş xəbərdarlığı Nəsimini hələ Bakıda ikən haqlayır və o, Ustad 

sözünə asi olmadan səfər  əziyyətinə qatlaşıb ucqar bir dağ  kəndinə 

pənah aparır. Nəsiminin «qeyri bir tayfadanam, bu kəpənək 

fəxrimdir» misrasına istinadan mümkündür deyəsən ki, o, Bakıdan 

Gürcüstana, daha başqa yerə yox, gedib məhz oranın dağ 

bölgələrində müəyyən müddət yaşayır. Hürufi şairinin sonradan 

Türkiyəyə, Anadolu və Bursaya səfər etməsi üçün bu, ən  əlverişli 

variant idi. Gərçi belə olmasaydı, Nəsimi əndişədən dərddən, qəmdən 

qurtulub da qeyri bir tayfa içində  kəpənək geyməzdi ki? Üşümək 

müşkülü də soyuq dağ yerinin müşkülüdü,  şəksiz. Mən onu da 

güman etmirəm ki, Nəsimi müsəlmanlar arasında özünün özgə bir 



tayfadan olduğunu  məxsusi vurğulayaydı. Ehtimalım budur ki, 

Nəsimi bu ifadəni gürcü xaç-pərəstlərini nəzərdə tutaraq işlədib. Hər 

nə isə, kəpənək tarixinə müvafiq düşmüş bir fakt. Öylə bir fakt ki, 

təfsiri-şərhi-hali Nəsimi üçün olduqca önəmli. Çünki bəzi gizli 

mətləblərin də üstünə  işıq salmağa qabil. Məsələn, Nəsimi niyə 

yazmalıydı ki, “kəpənək geydiyimə kimsələr eyb eyləməsin” və ya 

“kəpənək geydiyimi, xacə, eyib tutma mənə”? Ola bilsin Fəzlullahın 

müridləri cərgəsində elələri tapılıb ki, Nəsiminin ucqarlara 

çəkilməsinə pis baxıblar, yapıncı geyinib dağlarda qaçağa dönməsini 

qorxaqlıq, xəyanət  əlaməti kimi qiymətləndiriblər, onu bu fərari 

hərəkətinə görə suçlandırıblar, məzəmmət ediblər. Sözsüz ki, bunu 

mən belə duydum. Bir başqasının ayrı bir nəticəyə  gəlməsi də 

mümkün. Hər halda XIV yüzilin gündəlik həyat və ya olay 

gerçəklərini bütün xırda-para cizgiləriylə birgə dəqiqləşdirib, diskret 

kadrları bir yerə  yığıb tam panoram yaratmaq imkanı cuzi, əksərən 

isə  sıfra bərabər. Bir də axı  Nəsimi təkcə öz məişət yaşantılarına 

bağlanıb qalan bir kimsə deyil. O, çox asanlıqla adi məişət gerçəkləri 

içərisindən “sıçrayıb” mənəvi, ruhi aləmə “atıla bilir” və 

qarşıdurumları ortaq məxrəcə  gətirib onları sanki sehrbaz əfsunu, 

sehrbaz təlqini ilə bir-birinə calaşdırır. Buna timsal kəpənək: 

 

    «Mərifət əhlinə gəldi kəpənək ətləsi-xas, 



     Nə rəvadır ki, geyə cahilü nadan kəpənək. 

     Ey Nəsimi, yeri get, xirqə ərənlər donudur, 

     Geymədi münkir anı, sandı ki, zindan kəpənək». 

      


Və ya 

  

 «Kəpənək içrə sənin vəslini, canan, tapdım, 



   Xaliqin lütfünü bu xirqədə hər an tapdım. 

   Nə bilirsən, kəpənəkdə nələri tapdım mən, 

    Bütün istəklərimi birbəbir ondan tapdım». 

      



 Xatırlatdığım beytlərdən aşkar görünür ki, kəpənək artıq burada 

Nəsimi həyatının bəzi tarixi məqamlarına aydınlıq gətirən,  şairin 

emosional yaşantılarına vizual görk olan faktoloji predmet deyil, 

onun fikir dünyasının, hüruhi fəlsəfəsinin lakonik modelidir, plastik 

obrazıdır, vurğuladığı sakral mənaların bildiricisidir, simvoludur. 

Kəpənək təkcə  üşümək müşkülünü aradan götürən geyim yox, həm 

də Nəsimi poeziyasının çoxsaylı eyhamlarından biridir. Təcüblüdür, 

necə olur ki, məkana və  bəyana sığmayan  şair bütün istəklərini 

kəpənək içrə tapdığını söyləyir? Bunlar nə deməkdi, yahu? Bir çoban 

yapıncısı bir dünyadan artıq olarmı heç? Olar, əgər insana və aləmə 

Nəsimi fəhmi ilə yanaşılsa. Bu qaranlıq müəmmadan Nəsimi fikrinin 

nuruna çıxmaq üçün gərək öncə “kəpənək” sözünün semantik 

çənbərində gizlənmiş məxfi və sakral mənalar aşkarlana. Əvvəla onu 

ərz eləyim ki, öz arxitektonik quruluşuna və orfoepiyasına görə 

“kəpənək” xalis türk sözüdür, türkün özününküdür; həm pərvanəni 

bildirər, həm də yapıncını. Farslarda isə bu söz yalnız çoban geyimi, 

çoban kürkü mənasında işlədilər: onlar bu kürkün niyə  kəpənək 

olduğunu bilməzlər. Görünür, ilk dəfə məhz türklər yapıncının canlı 

kəpənəyə oxşarlığını duyuban çoban kürkünə  kəpənək demişlər, 

yoxsa iki müxtəlif anlam bir sözdə qoşalaşmazdı ki? Ol səbəbdan də 

mənim ehtimalım belədir: farslar bu sözü türk dilindən götürüblər və 

mahiyyətə varmadan onun ancaq bir mənasını saxlayıblar. 

Mahiyyətsə budur ki, çoban kürkü canlı kəpənəyin cansız materiyada 

predmetləşmiş formasıdır, bilmərrə onun bənzəridir. Yapıncının da 

sanki iki “qanadı” var, sağı soluna müsavidir, birətərdir, bütövdür, 

tamdır, ideal harmoniya obrazıdır, eynən  əsl kəpənək kimi. Bu 

məqamda yapıncı-kəpənək  İmadəddin Nəsimidən ötrü artıq fəlsəfi 

eyham statusu alır, onun birucu kosmosa bağlanan fikirlərinin qrafik 

rəsmini görükdürən fakturaya çevrilir: “İkilik pərdəsindən keçib 

birlik bacasından baxan insan gizli sirləri görə bilər. Gizli sirləri 

anlayan isə Allahdır”. Kəpənəyin (pərvanənin) tən, bir-birini 

güzgüvari şəkildə  əks etdirən qanadları ikilik pərdəsi, “əlif” hərfinə 

bənzər bədəni birlik bacası kimi yozula bilməzmi? Heç bir qırıq da 

şübhəm yoxdur ki, hürufi Nəsimi elə belə  də edib. Nəsimi üçün 




kəpənək onun fəlsəfi ideyaları müstəvisində  cızılan dünya 

konsepsiyasının obyektiv vizual görkəmidir, gerçək aləm içrə ikiliyin 

əyani surətdə vəhdətə gəlməsinin, cütün təkə plastik çevriminin canlı 

nümunə formasıdır. Odur ki, Nəsiminin fəlsəfi paradiqmasına 

düzülmüş biliklər kəpənək geyinən, yəni ikilik pərdəsindən 

(qanadından) keçib birlik bacasından (boğazından) boylanan şəxsi 

tanrı saymağa Allah kimi qəbul etməyə rüsxət verir. Çünki cüt 

uyuşqan şəkildə formasını dəyişib tək olur. Bu mənada «kəpənəkpuş 

Nəsimi» ifadəsi ilə hürufi şairi özünün Allaha döndüyünü, Allah 

olduğunu, Allah kimi zühur etdiyini bildirir: 

 

«Kəpənəkpuş Nəsimini edib Fəzlillah, 



                Onda həm cənnəti, həm huriyi-qılman tapdım» 

  

 Beləliklə, Nəsimi fikirlərini bir yerə toplayıb da bu qənaətə 



gəlmək mümkündür ki, hürufilərin simvolik bildirmələr sistemi 

içində  kəpənək müqəddəs geyim kimi qavranılır. Bu sistem 

çərçivəsində  kəpənək insanın sakral dünya ilə  əlaqələndiricisidir, 

özünə  məxsus bir mediatordur, ötürücüdür, iki cahanın rəmzi-

modelidir, mikrokainatdır.  

 

Məndə sığar iki cahan 

 

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, 



Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 

 

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün, 



Kəs sözunü və əbsəm ol, şərhu bəyanə sığmazam. 

 

Kövnü məkandır ayətim, zati dürür bidayətim, 



Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. 

 

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş, 



Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. 


 

Surətə baxu mənini surət içində tanı kim, 

Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. 

 

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm, 



Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. 

 

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, 



Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. 

 

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, 



Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. 

 

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, 



Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. 

 

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, 



Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə