Monoqrafiya AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
Elmi Şurasının 2.02.2015-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət
görülmüşdür (2 saylı protokol)
Elmi redaktorlar:
C.M.Mustafayev, tarix üzrə elmlər doktoru
H.N.Həsənov, tarix üzrə fəlsəfə doktoru,
Elm üzrə Dövlət mükafatı laureatı
Rəyçilər:
V.U.Umudlu, tarix üzrə fəlsəfə doktoru,
Elm üzrə Dövlət mükafatı laureatı
R.Y.Niftəliyev, tarix üzrə fəlsəfə doktoru
F.Ə.Tağıyev, tarix üzrə fəlsəfə doktoru
Elçin Teymur oğlu Qarayev.
AZƏRBAYCANIN İRƏVAN BÖLGƏSİNİN TARİXİNDƏN
(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında).
– Bakı: Mütərcim, 2016. – 544
səh.
Monoqrafiya XVII yüzilliyin sonu-XIX yüzilliyin ortalarında
Azərbaycanın İrəvan bölgəsinin tarixinə həsr olunmuşdur. Tədqiqat işində
ilkin mənbələr və arxiv sənədləri əsasında İrəvan bölgəsinin siyasi-iqtisadi
tarixi, tarixi coğrafiyası, əhali və mədəniyyəti haqqında ətraflı məlumat
verilmişdir. Burada bölgənin ərazisi və siyasi sərhədləri müəyyənləş-
dirilmiş, əhalinin etnik, dini, say və sosial tərkibi işıqlandırılmışdır.
Monoqrafiya tarixçi alimlər, şərqşünaslar, müəllimlər, ali məktəb
tələbələləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Q
026
0505040000
189-16
© E.T.Qarayev, 2016
3
GÝRÝÞ
Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin tədqiqi vətən
tarix elminin ən vacib vəzifələrindən biridir. Qeyd etmək lazımdır
ki, Sovet hakimiyyəti illərində (1920-1991) Azərbaycan sovet
tarixçiləri vətənimizin tarixinin öyrənilməsində xeyli uğurlar qa-
zanmış, bu sahədə cild-cild əsərlər nəşr olunmuşdu. Lakin obyektiv
səbəblərdən tariximizin bəzi məqamları birtərəfli, ideoloji tələblərə
uyğun araşdırılmış, saxtalaşdırılmış və əsl tarixi həqiqət xalqımıza
təhrif olunmuş formada çatdırılmışdır. Bu baxımdan Azərbaycan
tarixinin faktlara söykənən obyektiv, hərtərəfli surətdə tədqiqata
böyük ehtiyac vardır.
Xüsusilə, Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin öyrə-
nilməsi tariximizin bir çox qaranlıq məqamlarının işıqlandırılması
baxımından çox əhəmiyyətlidir. Belə bölgələrdən biri Azərbaycanın
qədim və ayrılmaz tərkib hissəsi olan İrəvan bölgəsidir. Bu bölgənin
tarixi Azərbaycan tarixşünaslığında çox az öyrənilmiş sahələrdən
biridir. Bunun bir çox obyektiv səbəbləri vardır. Belə ki, Rusiya
tərəfindən işğal edildikdən sonra çarizmin yeritdiyi siyasət nəticə-
sində bu bölgə Azərbaycandan qopardılaraq tədricən “erməniləşd-
irilmiş” və tarixi saxtalaşdırmalara məruz qalmışdır. İstər rus qaf-
qazşünaslarının əsərlərində, istərsə də sovet tarix elmində hökm
sürən konsepsiyaya görə, İrəvan bölgəsi ermənilərin uydurduqları
“Böyük Ermənistan”ın tərkib hissəsi olduğu göstərilmişdi. Ona görə
də, erməni, eləcə də dünya tarixşünaslığında İrəvan əsasən əzəli
Ermənistan ərazisi kimi qeyd olunmuş və onun tarixi hərtərəfli
təhrif edilmişdir. Azərbaycan sovet tarixşünaslığında isə bu haqda
susulmuş, tariximizi obyektiv tədqiq edənlərə millətçi damğası vu-
rulmuş və Azərbaycanın bu əzəli ərazisi sosializmin “beynəlmiləl”
və “qardaşlıq” prinsipinə əsasən ermənilərə “güzəşt edilmişdi”.
4
Lakin XX yüzilliyin 90-cı illərin əvvəllərində Azərbaycan
dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin
obyektiv şəkildə öyrənilməsi üçün böyük imkanlar yarandı. Bu
baxımdan son dövrlərdə tarixçilərimiz Azərbaycanın tərkib hissəsi
olan İrəvan bölgəsinin tarixinə dair sanballı elmi əsərlər yazılmağa
başlamışlar.
Təqdim olunmuş “Azərbaycanın İrəvan bölgəsinin tarixindən
(XVII yüzilliyin sonu-XIX yüzilliyin ortalarında)” adlı monoqrafiya
Azərbaycanın tərkib hissəsi olan İrəvan bölgəsinin tarixinin
araşdırılmasına həsr edilmişdir. İrəvan bölgəsinin zəngin, çox
mürəkkəb və ziddiyyətlərlə dolu bu dövr tarixinin araşdırılması son
dərəcə əhəmiyyətli və aktual məsələlərdən biridir. Bəhs etdiyimiz
dövr İrəvan bölgəsinin tarixinin ayrıca mövzu kimi öyrənilməsi və
tədqiq edilməsi zəruliliyi bu günkü Azərbaycan dövlətinin düşdüyü
hərbi-siyasi vəziyyətlə də əlaqədar olaraq çox əhəmiyyətlidir. Bu
tarixi dövrün digər əsas xüsusiyyəti onunla bağlıdır ki, Rusiyanın
köməyi ilə Azərbaycanın bu qədim ərazilərində məskunlaşan ermə-
nilər nəinki burada öz dövlətlərini yaratmğa nail olmuş, eyni za-
manda onun tarixini hərtərəfli saxtalaşdırmışlar. Bu azmış kimi
onlar bizə qarşı yeni-yeni torpaq iddiaları sürməkdə davam edirlər.
Monoqrafiya İrəvan bölgəsinin siyasi-iqtisadi tarixini, tarixi
coğrafiyasını, əhalinin etnik, say və dini tərkibini və mədəni hə-
yatını qərəzsiz, obyektiv tədqiqinə həsr edilmişdir. Qeyd etmək
lazımdır ki, son dövrlərdə İrəvan xanlığının siyasi – iqtisadi və
mədəni həyatına dair bir sıra əsərlər meydana çıxsa da, bəhs
etdiyimiz tarixi dövr indiyədək xüsusi tədqiqat obyekti olmamışdır.
Xüsusilə, bölgənin tarixi coğrafiyası və əhalinin etnik və say tər-
kibinin öyrənilməsi Azərbaycan tarixşünaslığında yeni istiqamət-
lərdən biridir. İndiyə qədər ayrı-ayrı əsərlərdə İrəvanın tarixi
coğrafiyasına və əhali məsələsinə ümumi şəkildə toxunulsa da, bu
problem kompleks şəkildə tədqiqat obyektinə çevrilməmişdir. Bəhs
etdiyimiz dövrdə siyasi vəziyyətlə əlaqədar olaraq bölgənin
sərhədləri daim dəyişikliyə məruz qalmış və bir sıra ərazilər ondan
qoparılmışdı. Ona görə də, bir çox ərazilərin İrəvan bölgəsinə
məxsusluğu mübahisəli xarakter daşıyırdı. Bununla əlaqədar olaraq,