18
Anar Məmmədov
Bakı Dövlət Universiteti (Azərbaycan)
AZƏRBAYCANDA EKOLOJİ MAHİYYƏTLİ EL ADƏTLƏRİ
Açar sözlər: təbiət, adət, əhali, bayram, heyvan
Məqalədə ekoloji mahiyyətli və çox faydalı el adətlərindən, heyvanlar aləminin qorunma-
sında onların əhəmiyyətindən bəhs olunur.
Yaranması və formalaşma tarixi yüz illiklərlə ölçülən Azərbaycan el adətləri əhalinin
təbiətə münasibətində böyük pozitiv təsir qüvvəsinə malikdir. Təbiətə dair əhalinin adətləri uzun
müddət təcrübədə sınaqdan çıxarıldığı üçün düzgün və faydalı olur. Azərbaycanın el adətləri
göstərir ki, təbiətdə bir sıra bitki və heyvan növlərinin qorunub saxlanması və ya yox edilməsi el
adətləri ilə əlaqədar olmuşdur. Ata-babalarımız zərərli heyvanlara qarşı mübarizə aparmağı sa-
vab, faydalı növləri tələf etməyi isə günah buyurmuşlar. Onlar təbiəti qoruyub saxlamaq üçün
müsəlman dininə bəslənən rəğbətdən də istifadə etmişlər. El adəti kimi formalaşmış bir sıra
tədbirlər İslam dininin adından deyilmiş və geniş təbliğ edilmişdir. Günah sayılan hərəkətlərin
sahibini xalq özü məzəmmətləmiş, bəzən onlara daha ağır cəza tələb etmişdir. Savab hesab edi-
lən iş görənlər hər yerdə alqışlanmışlar. Təbiidir ki, belə şəraitdə hamı savab iş görməyə meylli
olmuşdur.
El adətlərinin təbiətə təsirinə dair əsas nəticə budur ki, adətlərin çoxu təbiət üçün faydalıdır
və onları yaymaq lazımdır, köhnəlmiş adətləri isə əhaliyə açıqlayıb aradan qaldırmaq olar.
Elimizin çoxşaxəli fəaliyyət sahələrinə, zəngin çalarlara, müsbət təsir qüvvəsinə malik adət
və ənənələri əhalinin düşüncəsində silinməz izlər buraxmışdır. Əsrlərlə yaradılaraq qorunub sax-
lanan el adətlərinin təbiətə təsir gücü onun dərin nüfuzedicilik qüvvəsindədir (3;9;10;14;16;19).
Azərbaycanda ekoloji mahiyyətli və çox qədim el adətlərindən biri Novruz bayramıdır.
Yaranma tarixi min illərə gedib çıxan Novruz xalqımıza, doğma yurdumuza xas olan əziz bay-
ramlarımızdandır. Novruz bayramında icra olunan bir sıra mərasimlər (Günəşi çağırmaq, dumanı
qovmaq, qışı yola salma, yazı qarşılama və s.) var ki, onlarda ekoloji fikirlər açıq-aydın duyul-
maqdadır. Bu bayramın gücü onun kütləvi xarakterli olmasındadır. Novruza qədər ağacların dibi
bellənir (şumlanır), quru budaqlarını kəsib odun edirlər; bağların xəzəlini yığıb çürüdürlər; Nov-
ruzda atı, iti, ilanı və başqa heyvanları vurmazlar; Novruzda səməni göyərdərlər, taxıl və tərəvəz
əkini də bu dövrdə başlanır, ot çalmağa tədarük görülür və s. (16;17; 18;19;21). Novruzda bütün
canlılar əzizlənir, hətta ilanı öldürən məzəmmətlənir. Bu, müasir dildə desək, bütün bəşəriyyəti
narahat edən bioloji müxtəlifliyin və onun genetik fondunun qorunub saxlanması deməkdir.
Çoxsaylı tədbirlərin araşdırılması göstərir ki, təbiət ünsürləri barədə əhalinin təsəvvürü
düzgün, adətləri isə faydalı olur (9;10;14;15). Ata-babalarımız zərərli heyvanlarla mübarizə apar-
mağı savab, faydalı növləri tələf etməyi isə günah hesab etmişlər. Dini etiqada görə, günah sa-
yılan hərəkətlərin sahibini xalq özü danlamış, bəzən ona daha ağır cəza tələb etmişdir. Savab he-
sab edilən işlərin səbəbkarları hər yerdə alqışlanmışlar (9;10;13;20;22). Təbiidir ki, belə şəraitdə
hər kəs savab iş görməyə çalışır. Son nəticədə təbiət və onun kompanentləri məhv edilməkdən
qorunur.
Min dörd yüz ildən artıq bir dövrdə islamı qəbul edən azərbaycanlılar müsəlmançılığın
19
əxlaqi və ibrətamiz rəftar formalarını qəbul etməklə təbiətə qayğı göstərən insanlar olublar (19).
Qurani-Kərimdə və digər dini qaynaqlarda təbiətə yalnız müsbət münasibət aşılanır (23). Elə
peyğəmbərimizin bütün fəaliyyəti canlıların qorunmasında bəşəriyyət üçün bir nümunə rolunu
oynayır (22).
El arasında belə bir rəvayət yayılıb ki, Məhəmməd peyğəmbəri düşmənlərdən gizlətmək
üçün dərin bir quyuya sallayıblar. Hörümçək dərhal həmin quyunun ağzına tor çəkib, qur-qur da
onun üstündə yuva tikib, kürt yatmış, quyunu yoxlamağa gələn düşmənlər ona əhəmiyyət vermə-
yib uzaqlaşmışlar. Sözsüz, bu rəvayət faydalı heyvan olan hörümçək və qur-qurun qorunmasına
xidmət edir. Başqa bir rəvayətə görə, peyğəmbərlərdən birini düşmənlər yandıranda bülbül oraya
dimdiyində su daşıyıb tökmüş, sərçə isə quru ot. Bu rəvayət, zərərli quş olan sərçə ilə mübarizə
aparmaq və faydalı quş olan bülbülü qorumaq işində həssas psixoloji təsirə malikdir. El arasında
belə bir fikir də var ki, guya maral, cüyür və ceyran imamların inəyidir; rəvayətə görə, imamlar
düşməndən qaçıb təbiətdə gizlənən vaxtda bu heyvanların südü ilə qidalanmışlar.
Müsəlmançılıqda pişik öldürmək günah sayılır, xalqın inamına görə, kim pişik öldürsə,
bundan böyük zərər çəkər. Hətta deyirlər ki, Məhəmməd peyğəmbər pişiyin belinə əlini çəkdiyi
üçün pişik nə qədər hündürlükdən yerə düşsə də onun kürəyi heç vaxt yerə dəymir. Keçmişdə
siçanlardan qorunmaq üçün pişik başlıca vasitə olduğundan onun qorunması vacib sayılıb. Elə
atalarımızın «Pişikli evdə siçan olmaz» deyimi də yəqin bundan qaynaqlanıb. Belə ki, pişiyin
hətta qoxusu belə kifayətdir ki, o evdə siçan olmasın.
Əhalinin inamına görə, qaranquş, bülbül, leylək, ala sığırçın (murad quşu), anqut və s. quş-
lar müqəddəs sayılır. Hər hansı bir quşun yuvasını dağıtmaq, kürülü balığı və balalı heyvanı
ovlamaq günah hesab edilir. Bunlar qədimliyimizin yazılı nişanəsi, soy-kökümüzün təbiətə mü-
nasibətdə ibrətamiz nümunəsi olan «Avesta» qanunlar toplusunda, «Kitabi-Dədə Qorqud» və s.
tarixi yaddaşlarda da öz əksini tapmışdır (6;8;9;16;17;18;19;20;21). Belə ki, Dədə Qorqud ic-
masında ova çıxan adamlar yaralı, balalı heyvanlara dəyməyib, balıqların kürütökmə vaxtında
suya tor atmayıb və bu kimi müsbət rəftarı ilə təbiətə doğma münasibət bəsləmişlər.
Bir sıra nağıllar, rəvayətlər, atalar sözü və tapmacalar da istər onlar el adından deyilsin,
istərsə də din adından, təbiətin qorunmasında çox əhəmiyyətlidir. Məsələn, «Kəsildi ağaclar,
dağıldı quşlar», «Yüz dərənin qabağını bir təpə kəsər», «At minəndə vərəm olmaz», «Süd verən
inəyi kəsməzlər», «El arasında it qulağı kəsməzlər», «Bülbülə kol dibi qızıl qəfəsdən yaxşıdır»,
«Bəsləsən atlaz olar tut yarpağından», «Bağa bax üzüm olsun, yeməyə üzün olsun», «Davalı
yerdə ot bitməz», «Ağaclı kəndi sel aparmaz», «Barlı ağac kəsilməz», «Şah tut-bal, xar tut-qan»,
«Yaşıllıq abadlığın aynasıdır», «Torpağa tər verən zər götürər» və s. Göründüyü kimi, ataların
sözünə çevrilmiş bu hikmətli kəlamlar əslində təbiətin (heyvanların və bitkilərin) qorunmasına
yönəlmiş bir şüar, bir çağırışdır (2;14).
Bəzi adamlar yarasanı pis tanıyırlar. Ancaq azərbaycanlılar hesab edir ki, hər hansı bir
həyətdə yarasa görünməsi gələcək xoşbəxtliyə işarədir. Quruqurbağası ilə bağlı belə bir fikir
yayılıb ki, guya kim qurbağaya əl vursa, onun əlinə ziyil düşər (təbii ki, belə yanlış fikirlər əha-
linin vəhşi heyvanları pis tanımasından irəli gəlir, amma digər tərəfdən konkret növün qorunma-
sında böyük rol oynayır).
İndi də heyvanların yeməli hesab edilib-edilməməsi adətlərinə nəzər yetirək: Fransada
qurbağa əti ləzzətli hesab edilir. Orada təbii halda yaşayan qurbağa tükəndiyindən, xüsusi qur-
bağa fermaları inkişaf etdirilir. Almaniyada tənək ilbizi delikates kimi yeyilir. Ancaq bizdə bu
20
heyvanların hər ikisi (göl qurbağası və tənək ilbizi) kənd təsərrüfatı üçün zərərli hesab olunur
(3;10;12).
Azərbaycanda dırnaqlı heyvanların 8 növü yayılıb (1). Onlardan çöl donuzunun ətini son
illərə qədər çox adam yemirdi. Ona görə çöl donuzunun təbii ehtiyatı çox yerdə normal halda
qalıb. Bu aydın göstərir ki, təbiətdə çöl donuzunun çox, digər dırnaqlı heyvanların isə az olması
əhalinin həmin heyvanlara münasibətilə bağlıdır (3;9;10). Başqa bir misal, Kür-Araz ovalığının
mərkəzi rayonlarında qur-qur ovlamaq günah sayılır, Lənkəran-Astara bölgəsində isə o, tez-tez
ovlanır. Ona görə Lənkəran-Astarada bu quşlar kolluqların gizli yerlərində, Kür-Araz ovalığında
isə bağlarda, hətta ev toyuqları gecələyən ağaclarda yuva tikirlər.
Maraqlıdır ki, azərbaycanlılar parabizənləri qoruyurlar, hətta kiçik yaşlı uşaqlar parabizəni
görəndə xüsusi nəğmə oxuyub, onu uçurmağa çalışırlar. Bu aydın göstərir ki, parabizənin faydalı
cücü olmasını azərbaycanlılar çox qədimlərdən bilmişlər.
Azərbaycanın quraq rayonlarında qəbir daşları üstündə kasa formalı bir-iki çuxur oymaq
savab hesab edilir. Bu adəti əsasən Mildə, Muğanda və Qobustanda köhnə qəbirlər üstündə
görmək olar. Həmin qəbir daşı «kasalarında» yağış suyu yığılıb bir neçə gün qalır, heyvanlar onu
içir və orada dəfn edilmiş adamın ehsanı hesab edilir (9;10).
Azərbaycanın quraq rayonları (Kür-Araz və Alazan-Həftəran vadisi, Gəncə çölü, Qobus-
tan, Naxçıvan və s.) keçmişdə seyrək meşələrlə örtülü olub. İndi o meşələrin yerində başlıca
olaraq müqəddəs ocaq (pir) hesab edilən tək-tək ağaclar və pöhrəliklər qalıb. Həmən ərazidə
yaşayan yaşlı nəslin təsəvvürünə görə, hər hansı bir ağacın əsas orta budağını kəsmək günahdır.
Azərbaycanda torpağa qaynar su tökən adamı əhali məzəmmətləyir. Bu adət torpağın
mikrofaunasını qorumaq deməkdir.
Elimizin faydalı adətlərilə bərabər yanlış müşahidə və hissiyyatlara əsasən yaranmış adət-
ləri də var. Məsələn, bayquş evləri xaraba qoyan, bədbəxtlik gətirən quş hesab edilir. Halbuki o,
siçanla və digər gəmiricilərlə yemlənən çox faydalı quşdur. Başqa səbəbdən sahibsiz qalmış xa-
rabalıqlar bayquş üçün yaxşı yaşayış yeridir. XVIII əsrdə tüfəng icad edildikdən sonra ovçular
yırtıcı quşları özlərinin rəqibi hesab edib, onlarla mübarizəyə başlayıblar. Lakin, XIX yüzillikdə,
Azərbaycanda isə 1960-cı illərdən sonra məlum oldu ki, yırtıcı quşlar heyvanlar aləminin təbii
seçməsində və təkamülündə fəal iştirak etməklə, təbii sanitar rolu oynamaqla, ekoloji sistemdə
yüksək qənimət səviyyəsi təşkil etməklə, siçanabənzər gəmiriciləri tələf edib onların kütləvi ço-
xalmasının qarşısını almaqla və başqa bioloji xüsusiyyətləri ilə canlı təbiət üçün vacibdir və in-
san üçün faydalıdır. Atalarımız: «Qarğa zibilliyə qonar» deyimini əbəs yerə yaratmamışlar
(2;10;13;14). Məlum olduğu kimi, qarğa yem xarakterinə görə polifaq (müxtəlif tərkibli yem
yeyən) sanitar quşdur. Ona görə qarğanın zibilliyə qonub ərzaq qalıqları axtarması adi haldır. Əs-
lində qarğa sərçəkimilərə aiddir. Yırtıcılara qohum olmasa da yem xarakterinə görə yırtıcılıq et-
diyi vaxtlar da olur. Çalağan da qarğa kimi zibillikdə olan ərzaq qalığı, məhsul tullantısı və leşlə
yemlənməyi xoşlayır. Ona görə bəzi adamlar çalağandan və boz qarğadan iyrənirlər. Lakin çox
təəssüf ki, əhalinin bir qismi yırtıcı quşları hələ də tələf edirlər. Hətta avam adamlar arasında
belə bir fikir var ki, guya kim qarğa və çalağan beyni yesə, o dəli olar (10).
İlanlara və başqa sürünənlərə münasibət köhnəlib. Bəzi adamlar koramalı və başqa
kərtənkələni zəhərli hesab edirlər. Guya ilana zəhər verən məhz kərtənkələdir. El arasında çox
geniş yayılan «İlanın ağına da lənət, qarasına da» deyimi bəlkə də elə bu fikirdən yaranıb.
Doğrudur, ilan kərtənkələdən əmələ gəlib. Onun təkamülündə ayaqlar öz əhəmiyyətini itirdikcə
21
bədən uzanmışdır. Lakin heç bir kərtənkələ heç bir ilana zəhər vermir, verə də bilməz. Onların
hər ikisi həşəratla, siçanlarla və digər gəmiricilərlə yemləndikləri üçün faydalı heyvanlardır.
Onları tələf etməyin heç bir elmi əsası yoxdur. Hətta qorxulu ilan olan gürzəni də tələf etmək
olmaz. Çünki indiki dövrdə ilan zəhərindən bir sıra xəstəlikləri müalicə etmək üçün çox dəyərli
dərmanlar istehsal edilir. Lakin gələcəkdə hansı sağalmaz xəstəliklərin müalicəsində ilan
zəhərindən istifadə ediləcəyini heç kim bilmir (10;12;13;14).
Belə misallar çoxdur və bizim əsas nəticəmiz budur ki, təbiətin qorunması üçün əhəmiy-
yətli olan el adətlərindən faydalı olanlarını hamılıqla yaymaq, zərərli və vaxtı keçənlərini isə
aradan qaldırmaq lazımdır.
ƏDƏBIYYAT:
1. Azərbaycanın heyvanlar aləmi, III - cü cild (onurğalılar) // Bakı, «Elm», 2004, 620 s.
2. Atalar sözü (toplayanı Əbülqasım Hüseynzadə) // Bakı, «Azərnəşr», 1949,1956, 1981, 1986.
3. Əliyeva R.A., Mustafayev Q.T., Hacıyeva S.R. Ekologiyanın əsasları (ali məktəblər üçün dərs vəsaiti)
// Bakı, «BDU nəşriyyatı», 2006, 536 s.
4. Bağırov H. İlham Əliyevin uğurlu ekoloji siyasəti // Bakı, «Şərqi Qərb», 2008, 400 s.
5. Bünyadov Z.M., Məmmədəliyev V.M. Qurani-Kərim // Bakı, «Çıraq», 2004, 680 s.
6. Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2 cilddə, I- ci cild // Bakı, «Yeni Nəşrlər Evi» , 2000.
7. Məmmədəliyev V.M. Quran və elm // Bakı, «Qismət», 2006, 128 s.
8. Məmmədov A.T., Mustafayev Q.T. «Kitabi - Dədə Qorqud» dastanında təbiətə münasibət (birinci
məlumat) // Akademik Abdulla Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş «XXI
əsrdə biologiyanın aktual problemləri» mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı,
BDU, 2010, s. 153-155.
9. Məmmədov A.T., Mustafayev Q.T., Qasımzadə M.Ə. «Avesta» qanunlar toplusunda və «Kitabi - Dədə
Qorqud» dastanında təbiətə münasibət//Bakı, BDU-nun elmi xəbərləri,təbiət elmləri seriyası, 2010, № 2.
10. Mustafayev Q.T. Təbiətin qorunması (dərs vəsati) // Bakı, «ADU nəşriyyatı», 1970, 194 s.
11. Mustafayev Q.T. Ekologiyadan konspekt (dərs vəsati) // Bakı, Ekokomitə, 1993, 204 s.
12. Mustafayev Q.T. İnsanın ekologiyası // Bakı, «BDU nəşriyyatı», 1999, 197 s.
13. Mustafayev Q.T., Məmmədov A.T. Həyat və poeziya // Bakı, «MBM» , 2006, 544 s.
14. Mustafayev Q.T., Məmmədov A.T. Ataların sözü – Xalqın gözü // Bakı, «Təknur», 2008, 303 s.
15. Mustafayev Q.T. Əməl – güzgüdür // Bakı, «Sabah», 2009, 383 s.
16. Mustafaev Q.T., Mamedov A.T. «Gkoloqiə» do gkoloqii v Azerbaydjane (naçalğnıe svedeniə)//
Fundamentalğnıe nauki i praktika, sbornik nauçnıx rabot s materialami trudov 2-oy mejdunarodnoy
telekonferenüii, Tomsk, 2010, tom 1, № 3, s. 40-45.
17. Nəbiyev A. Novruz (toplu) // Bakı, «Yazıçı», 1989, 128 s.
18. Nəbiyev A. İlaxır çərşənbələr //Bakı, «Azərnəşr», 1992, 62 s.
19. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. 2 cilddə, I - ci cild // Bakı, «Çıraq», 2009, 640 s.
20. Qasımzadə F.F. «Avesta»dan bu günədək // Bakı, «Bilik», 1982, 52 s.
21. Qasımzadə F.F. Novruz – bahar bayramı //Bakı, 1989, 62 s.
22. Qüdrətov O., Qüdrətov N. Məhəmməd peyğəmbər: həyatı və kəlamları // Bakı, 1990, 174 s.
23. Paşazadə A. Qafqazda İslam // Bakı, «Azərnəşr»,1991, 242 s.
22
Анар Мамедов
Бакинский Государственный Университет (Азербайджан)
НАРОДНЫЕ ОБЫЧАИ ЭКОЛОГИЧЕСКОГО ХАРАКТЕРА В АЗЕРБАЙДЖАНE
РЕЗЮМЕ
В статье говорится о полезных в экологическом отношении народных обычаях, о значении
этих обычаев в охране животного мира.
Имеющие тысячелетнюю историю азербайджанские народные обычаи обладают огромной
позитивной силой воздействия в отношении природы. Относящиеся к природе обычаи населения
верны и полезны, т.к. прошли длительное испытание на практике. Народные обычаи Азербайджа-
на показывают, что сохранение или исчезновение ряда животных и растений было связано с
народными обычаями. Наши предки боролись против вредных животных, а уничтожение полез-
ных видов считалось грехом. Для защиты природы они использовали и положительное отношение
к мусульманской религии. Сформировавшиеся как народные некоторые обычаи преподносились и
широко пропагандировались под прикрытием Ислама. Народ корил, а иногда и требовал более
жесткого наказания для тех, кто совершал считающиеся грехом поступки в отношении природы.
Естественно, в такой обстановке многие склонялись к благородным поступкам.
Основной вывод по отношению к влиянию народных обычаев на природу заключается в
том, что большинство обычаев полезны для природы и их необходимо распространять, а уже
устаревшие можно разъяснить населению и устранить.
Ключевые слова: природа, обычай, население, праздник, животнoе
Anar Mamedov
Baku State University (Azerbaijan)
NATION’S TRADITIONS WITH ECOLOGICAL ESSENCE IN AZERBAIJAN
SUMMARY
The article deals with the useful nation’s traditions with ecological essence and their importance in
preserving wild nature.
The creation and formation of Azerbaijan nation’s traditions with its hundreds years history have
positive great influence of people towards nature. As the customs of nation towards nature have a long
period of testing experience, they are right and useful. The nation’s traditions of Azerbaijan show that
protection of some kinds of plants and animals or their killing were connected with nation’s customs. Our
ancestors considered to struggle against harmful animals as right action, tut destroying useful kinds assin.
For the protection of nature they also used respect for muslim religion.
Some actions formed as nation’s custom was said bu name of islam and was widely propoganted.
The actions of the owner of sin were blamed by people and sometimes they were sentenced to crime. The
people who did right actions were everywhere praised. And it is natural that in this condition everybody
wanted to do right actions.
The main result about unfluense of nation’s customs towards nature is that the majority of customs
is useful for nature and it is necessary to spread them and old customs mustle explained to people and
eliminate them.
Key words: nature, tradition, people, holiday, animal
23
– Bibliography –
1) Animal world of Azerbaijan, lll volume, (vertebrals)./Baku, “Elm,2004, p.620 (az)
2)Proverbs (collector:Abulgasım Hüseynzadeh) //Baku, “Azernashr”,1949,
1956,1981,1986 (az)
3) Aliyeva R.A.,Mustafayev Q.T., Hacıyeva S.R. “The basis of ekology” (manual for high schools) //
Baku, “Bsu publising”,2006;p.536 (az)
4) Bağırov H. “İ.Aliyev's successful ekological policy” // Baku, “Sharg-Garb”, 2008; p.400 (az)
5) Bünyadov Z.M., Mammadaliyev V.M. “Gurani-Karim” // Baku, “Chirag”,2004; p.680 (az)
6) “Kitabi-Dada Gorgud Ensiklopediya”, II volumes;I volume // Baku, “Yeni Nashrar Evi”, 2000 (az)
7) Mammadaliyev V.M. “Koran and sciense” // Baku, “Gismat”,2006; p.128 (az)
8) Mammadov A.T., Mustafayev G.T. “Attitude towards nature in the saga Kitabi-Dada Gorgud”(First
information). The materials of Republican scientific Conferense dedicated to the 100-th anniversary
of academican Abdullah Garayev on the theme of “The actual problems of biology in XXI century”
// Baku, “Bsu publising”, 2010; pgs.153-155 (az)
9) Mammadov A.T., Mustafayev G.T., Gasimzadeh M.A. “The attitude towards nature in “Avesta” rules
collection and in “Kitabi-Dada Gorgud” saga // Baku, “Scientific news of Bsu”, the series of nature
sciences; 2010; №2 (az)
10) Mustafayev G.T. “Protection of nature” (manual) // Baku,“Asu publication”,1999; p:197 (az)
11) Mustafayev G.T. “Conspect from Ekology” (manual) // Baku, Echocommittee”,1993; p:204 (az)
12) Mustafayev G.T. “ The ekology of human” (manual) // Baku, “Bsu publication”, 1999; p.197(az)
13) Mustafayev G.T., Mammadov A.T. “Life and poetry” // Baku, “MBM”, 2006;p.544(az)
14) Mustafayev G.T., Mammadov A.T. “Proverbs-Public opinion” // Baku, “Taknur”, 2008;p.303(az)
15) Mustafayev G.T. “Action is micror” // Baku, “Sabah”, 2009;p.303 (az)
16) Mustafayev G.T., Mammadov A.T. “Ekology of Azerbaijan”(First information). // Fundamental
sciences and practicl;collection of scientific work with the materials of work
Of the 2-nd international teleconference”, Tomsk, 2010; volume 1; p.p.40-45 (rus)
17) Nabiyev A. “Novruz” (collection) // // Baku, “Yazıchı”, 1989;p.128 (az)
18) Nabiyev A. “The last wednesdays” // // Baku, “Azernashr”, 1992;p.62 (az)
19) Nabiyev A. “Azerbaijan folk literature” in 2 volumes; 1-th volume // Baku, “Chırag”, 2009;p.640 (az)
20) Gasimzadeh F.F. “From Avesta” till today”// Baku, “Bilik”, 1982;p.52 (az)
21) Gasimzadeh F.F. “Novruz-spring holiday”// Baku, “Bilik”, 1989;p.62 (az)
22) Gudratov G., Gudratov N. “Prophet Muhammad”: hiss life and sayigs // Baku, 1970;p.174 (az)
23) Pashazadeh A. “İslam in Caucasus” // Baku, “Azernashr”,1991;p.242 (az)
Dostları ilə paylaş: |