79
Tale bu ailənin həyat xalısının bir butasını xoşbəxtlik üs-
tündə toxuyanda, başqa birisini də bədbəxtlik və faciə üstündə
hörmüşdür. Çoxunun bəxtəvər oxuduğu bu ailənin başı üzərində
zamanın kəc rəftarı sayəsində dəfələrlə qara buludlar sıxlaşmış,
ildırımlar çaxmış, ailənin üzvləri faciələrə qərq olmuşlar. Bu
faciələrdən bəlkə də ən dəhşətlisi Ə.Cavadla Şükriyyə xanımın
yeganə qız övladı olan Almasın vaxtsız vəfatı idi.
Bunu kim deyərdi: bir səhər çağı
Tarımar olacaq ömrümün bağı?
Nakam ölmüş qızı Almas Axundzadənin xatirəsinə Ə.Ca-
vadın yazdığı şerlərin hamısını bir yerə toplamaq mümkün olsay-
dı, bu beyti onlara epiqraf vermək olardı. Bu əsərlərdən mənə üçü
məlumdur: “Qızıma”, “Almasım üçün”, “Qızım üçün”. Həyatı
boyu çox ağır sınaqlara məruz qaldığına, dəfələrlə ölümlə üz-üzə
gəldiyinə, bir neçə yol həbs edilib ağır əzab və işgəncələr çək-
diyinə baxmayaraq, cəlladların əli ilə qətlə yetirildiyi son günü
çıxmaq şərtilə, Ə.Cavad yəqin ki, taleyin belə ağır zərbəsinə
məruz qalmamışdı. 1934-cü ilin oktyabrında bir zərif durna öz
qatarından qırılıb şonqar caynağına keçən sayaq, şairimizin
yeganə qızı, üç qardaşın bir bacısı (o vaxt hələ ailənin sonbeşiyi
Yılmaz anadan olmamışdı) gözlərini bu dünyaya əbədilik yumdu.
Ümumiyyətlə, qız övladı bizdə həmişə ailəyə dinclik, bərəkət, ən-
dazəli insani münasibətlər və səmimiyyət gətirən bakirəlik rəmzi,
tanrının şirin payı kimi çox əziz tutulub. İllah da o ailələrdə ki,
dalbadal doğulan oğlan uşaqlarından sonra həsrətlə gözlənə və...
gələ! Adı çəkilən şerlərdən də, görənlərin etirafından da, ailənin
qoruyub saxladığı bəzi şəkillərdən də məlum olur ki, Almas çox
qəşəng və ağıllı bir qızmış. Onun həyatdan belə erkən getməsi,
əlbəttə, ilk növbədə anasının vüqarlı qəddini əymiş, onun sinəsinə
80
heç zaman sağalmayan bir yara vurmuşdu. Şükriyyə xanımın bu
faciədən necə sarsıldığını, nələr çəkdiyini duymaq üçün, ancaq
ana olmaq lazımdır. Ə.Cavadın bu münasibətlə yaşadığı ağır hə-
yəcanlar isə onun səmimi, axıcı kəlamında əbədiləşərək bizə də
gəlib çatmışdır. Bu həyəcanların cövhəri şairin “Qızıma” şerin-
dəki iki misradadır:
Məktəb bacıların gördülər zatən:
Can verən sən idin, canı çıxan mən...
Almasın faciəsinə Ə.Cavad xüsusi geniş bir mərsiyə həsr
etmək istəmişdir. Bu münasibətlə yazdığı şerlərin birində şair
həmin niyyətinə işarə də etmişdir. (Səndən bir yadigar qalacaq
deyə, of... yaza biləydim bircə mərsiyə). “Almasım üçün” adlı
başqa bir şerində isə bu ağır yaradıcılıq niyyətinin icra olundu-
ğunu bildirən belə misralar da var:
Səni illər boyu yad edək deyə,
Qələmlə birləşdik, yazdıq mərsiyə...
Almasın mərsiyəsi onun vəfatından bir il keçdikdən sonra
yazılıb tamamlanmışdı. 10 oktyabr 1935-ci il tarixi ilə qeyd olun-
muş “Qızım üçün” adlı bu mərsiyə faciədən keçən müddətdə ata
qəlbində qövr edən yaralardan, şairin və ailəsinin yaşadığı dərin
hüzndən xəbər verir. Əsərin ekspozisiyasında şifahi xalq ədəbiy-
yatı nümunələrində, aşıq şerində gördüyümüz bir ardıcıllıqla
Almasın müxtəsər həyat tarixçəsi açıqlanır, onun doğulduğu gün-
dən ta on beşinci baharınadək əzizlərinə bəxş etdiyi səadətdən
bəhs olunur. Şerin bu hissəsində misralar həqiqi sevinc duyğuları
ilə aşıb-daşır.
81
Bir gün gəlib çatdı yaşın ikiyə,
Qızıl beşlik atdım boş nəlbəkiyə.
...Səkkizində artıq öyrəndin savad,
Nə qədər sevindi biçarə Cavad!
...On birində güldü ala gözlərin,
Mənə ürək verdi şirin sözlərin.
...On dördündə döndün on dördlük aya,
Artıq gözəlliyin gəlməzdi saya.
...On beşində süzdü tamam sünbülün,
Bəzəndi əndamın, açıldı gülün.
Beləcə şirin, fərəhli günlər, sən demə, Almasın qanlı-qadalı
gələn 16-cı baharı ilə kontrast yaradacaqmış. Elə 16-cı baharında
fələk Almasa dönük çıxır. Mərsiyədən öyrənirik ki, dəhşətli ağrı-
lar içində qovrulan qızın yanaqları solmağa başlayır, ala gözləri-
nin gəncliyə məxsus parıltısı tədriclə yox olur. Neçə-neçə şəhərin
şəfaxanaları, o vaxtın görkəmli həkimləri Alması xilas edə bil-
mirlər. Bu faciə Əhməd Cavadı yandırıb yaxır. O, bayram nüma-
yişinə gedən məktəbli qızlar arasında Almasını görməyəndə bu
dərdə dözə bilmir, çərxi-fələyi acı-acı lənətləyir. Bu faciə şairi o
qədər yandırır ki, şüurlu həyatı boyu həmişə sitayiş etdiyi Allahı-
na da qəzəbi tutur. Şerin bundan sonrakı bir sıra parçalarında
Ə.Cavad Azərbaycan mərsiyə ədəbiyyatının görkəmli nümayən-
dələri Raci, Dəxil, Qümri kimi şairlərin ən yaxşı əsərləri ilə mü-
qayisə oluna biləcək sənətkarlıq nümayiş etdirir. Mərsiyə elə
təsirli, müəllifin ata nəfəsi elə odludur ki, faciənin üstündən az
qala 60 il keçdiyinə baxmayaraq, bu gün də ona biganə qalmaq
mümkün deyil:
Sevdiyin çiçəklər, güllərə yandım,
Gül bənizin döndü küllərə, yandım!
82
...İpəkdən yumşaq, yasəməndən xoş,
O qumral, qıvırcıq tellərə yandım!
Almayan ömründə səadət payı,
Şümşada oxşayan əllərə yandım!
Səni məndən aldı, basdı bağrına,
Bu otsuz, çiçəksiz çöllərə yandım!
Məni yersiz qoydun geniş dünyada,
Verdin əməyimi yellərə, yandım!
Əzizlərini itirənlər üçün dərd bəzən o qədər ağır olur ki,
onun təzyiqinə təklikdə tab gətirə bilmədiyini görən bu cür
fələkzədələr faciəyə öz yaxın adamlarını, qohumlarını, eli-obanı
qatmaqla (onlara müraciətlə) münasibətlərini müəyyən qədər dö-
züm həddinə gətirməyə çalışırlar. Cavadın bu misraları da klassik
mərsiyələrimizdən gələn həmin motivlə bağlıdır.
Acısın halıma ellər ağlasın,
Kamanlar ağlasın, tellər ağlasın,
Qızımı qəhr edən dərmansız dərdə
Bilib-bilmədiyim dillər ağlasın!
Şair öz Almasını məktəb bitirən, yüksək ixtisas alıb xalqına
xidmət edən, övlad böyüdüb elinə əsgər verən Azərbaycan
qadınlarının arasında görməyi arzulayırdı. Ümumiyyətlə, uzun
əsrlərin mürəkkəb tarixi hadisələri fonunda Azərbaycan qadınla-
rının keçdiyi yola, gəlib yetişdiyi ictimai duruma qarşı, digər qə-
ləm sahiblərimiz kimi Ə.Cavad da heç vaxt laqeyd qalmamışdı.
Qadınlara kişilərlə bərabər hüquqlar verildiyi sovet hakimiyyəti-
nin ilk illərində də “təsəttüri nisvan” qadınların örtünməsi – red.
-
məsələsi aktuallığını itirməmişdi. Yeni şüarlara uyğun olaraq icti-
mai həyata atılan fəal qadınlar mürtəce qüvvələr tərəfindən təqib