Microsoft Word lalayev text 67. doc



Yüklə 34,67 Kb.

tarix08.07.2018
ölçüsü34,67 Kb.


MUSİQİ DÜNYASI ____________________________________________________2 (67), 2016 

 

7577



 

 

 

 

Əliqismət LALAYEV 

 

AZƏRBAYCAN-ÖZBƏKİSTAN TEATR ƏLAQƏLƏRİ 

TARİXİNDƏN 

 

 

Azərbaycan teatr xadimləri XX əsrin əvvəllərində Orta Asiyada, o cümlədən Özbəkistanda 

peşəkar teatrın və dramaturgiyanın meydana gəlməsində və təşəkkülündə böyük rol oynamışlar.  

Özbəkistan teatr tarixinin görkəmli tədqiqatçısı Məmmədcan Rəhmanov bu barədə yazır: 

«Özbəkistanda Azərbaycan demokratik ədəbiyyatının təsiri, xüsusilə teatr ədəbiyyatında 

görünməkdə idi. Bunu Həmzə  Həkimzadə Niyazi kimi demokratik təməyüllü yazıçılar da hiss 

etməkdə idilər. Bu yol ilə Özbəkistana gələn Azərbaycan teatrının təsiri böyük rol oynadı. 

Azərbaycan teatrı və teatr ədəbiyyatı bu dövrdə Rusiyadakı müsəlman millətləri arasında ən əvvəl 

meydana gəlmişdi. Azərbaycanda professional teatr uğrunda başlanmış  hərəkat ideya cəhətdən 

burjua yolu ilə getmirdi. Əksinə, demokratik istiqamətdə inkişaf edirdi» [1, 64-65]. 

XX  əsrin  əvvəllərində Özbəkistanda səhnə  mədəniyyətinin ilk təşəbbüsçüləri – Zəkirçan 

Fürqət, Mahmud Xoca Behbudi, Abdulla Övlani, Həmzə  Həkimzadə Niyazi və digərləri 

Azərbaycan səhnə xadimləri ilə  əlaqə saxlayır, yazışır, mədəni-maarif işləri haqqında yazdıqları 

məqalələri Bakı mətbuat orqanlarında ardıcıl nəşr etdirirdilər.  Azərbaycan teatr xadimləri də Orta 

Asiya  şəhərlərinə qastrol səfərlərinə  çıxır, yerli həvəskarları öz ətraflarına toplayır, milli 

dramaturgiyamızın ən yaxşı əsərlərini onlarla birlikdə hazırlayıb, tamaşaçılara göstərirdilər. 

Tarixi sənədlərdən məlum olur ki, hələ “1904-cü il, aprel ayının 4-də Daşkənd şəhərində 

«Podpolkovnik Mirzəbekyevin evində yeni müsəlman ziyalıları  tərəfindən 4 pərdəli «Eşqdən 

bəla» komediyası oynanıldı... 

Özbəkistanda birinci dəfə yerli qüvvələr tərəfindən səhnələşdirilmiş «Pədərgüş» pyesi 

tamaşaya qoyulduğu zaman onun rejissoru Ələskər Əskərov (yəqin ki, Ələsgər Ələsgərov nəzərdə 

tutulur-Ə.L.) olmuşdur. Bu əsər Daşkənddə  də oynanıldığı zaman rejissoru həmin  Ələskər 

Əskərov idi. Yerli qüvvələr başqa dillərdən pyes tərcümə edərkən birinci Azərbaycan pyeslərindən 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (67), 2016 

 

7578

başlayıb, «Xor-Xor» komediyasını tərcümə etdilər...” (M.Büzürk Salehov. Özbək teatr tarixi üçün 

materiallar, 1935, s.62-67) [2, 120]. 

1908-ci ildə Daşkənddə özbəkcə nəşr olunan «Asiya» qəzetinin verdiyi bir xəbərə diqqət 

yetirək. Qəzet yazırdı: «Teatr tamaşaları Qafqaz müsəlmanları arasında çoxdan tərəqqi etmişdir. 

Buradan gələn mədaxil müsəlmanların ehtiyaclarına (məktəb, xəstəxana, mədrəsəyə) sərf olunur…  

Bizlərdə  əvvəllər teatrın nə olduğunu düşünmədən, onu bir fahişəxana zənn edirdilər və  bəzi 

mütəassib şəxslər isə hətta bunun əksinə hərəkət edirdilər. Biz rusiyalı müsəlman qardaşlarımızdan 

geri qaldığımızı  təəssüflə  təsdiq etdik. Daşkəndli ziyalı müsəlmanlar idarəmizə  gəlib, aprelin 

axırlarında russki-tatarski şkola faydasına…  birinci «Eşq bəlası», ikinci Qafqaz dilində bir 

pərdəlik vodevil oynayacaqlarını bildirdilər. Oyunun axırında Qafqaz mahnıları oxunacaqdı» [2, 

159]. 


1911-ci ilin mart ayında Novruz bayramı münasibətilə  Səmərqənddəki «Üsuli cədid» 

məktəbində  şagirdlərin xeyrinə özbək, tacik və Azərbaycan dillərində iki pyes oynanılmışdı. 

Bunlardan biri «Axşam səbri xeyir olar», digəri «Xor-xor» idi. Sultanməcid Qənizadənin bu 

məşhur  əsərləri özbək dilinə  tərcümə  və  təbdil edilmişdi. Tamaşanı Mahmud Xoca Behbudi və 

Nəzərqulu Səlimov təşkil etmişdilər; rejissorluq işini Ələsgər Ələsgərov görmüş, xəzinədarlıq işini 

isə Ağalar Axundov aparmışdı. 

Əslən azərbaycanlı olan Ələsgər  Ələsgərov uzun müddət Özbəkistanda yaşamış, 

müəllimlik etmiş, Bakı qəzetlərinin müxbiri olmuşdu. O, Daşkənd, Səmərqənd, Fərqanə, Buxara 

və digər  şəhərlərdə özbək dilində verilən tamaşalara rejissorluq etmişdir. Cəfakeş azərbaycanlı 

ziyalısı olan Ələsgər Ələsgərovun adına Azərbaycan və özbək dövri mətbuatında, Özbəkistan teatr 

tarixinə aid əsərlərdə tez-tez rast olunur. O, özbək teatrının təşəkkülü və inkişafında mühüm rol 

oynayan şəxsiyyətlərdəndir.  

1911-ci ildən başlayaraq özbəkcə verilən tamaşalarda  Ələsgər  Ələsgərovun bir teatr 

təşkilatçısı, rejissor, rəhbər, aktyor, tərcüməçi, tənqidçi kimi adı hörmət və minnətdarlıq hissi ilə 

çəkilir. O, Özbəkistanda Mahmud Xoca Behbudi, Abdulla Övlani, Əbdülqədir Şəkuri, Əbdülvahab 

Muradi və başqaları ilə birlikdə teatr, mədəniyyət, maarif işi yolunda yorulmadan çalışmışdır. 

Ə.Ələsgərovun 1911-1919-cu illərdə Buxara, Səmərqənd, Daşkənd, Əndican, Oş, Xocənd və digər 

şəhərlərdə verilən tamaşaların əksəriyyətinin təşkilatçısı və fəal iştirak edənlərdən biri olmuşdur.  

Özbəkistanın o dövrkü mətbuatı yazırdı: «Möhtərəm Qafqazlı  Ələsgər  Ələsgərov 

cənablarının idarəsi altında  1915-ci il, martın 12-də (Ə.L.) özbək gəncləri «Əski Türkiyə» (Türk 



daramaturqu Rza Zəkinin pyesi – Ə.L.) və «Ac həriflər»i (Ə.Haqverdiyevin komediyası – Ə.L.

(azərbaycanca) müvəffəqiyyətlə oynadılar». «Nəməngan gənclərinə  və möhtərəm  Ələsgər 

cənablarına təşəkkür edirik. Səmərqənddə  də birinci türk dilində qoyulan teatra 3-4 il qabaq 



MUSİQİ DÜNYASI ____________________________________________________2 (67), 2016 

 

7579

Ələsgər cənabları  səbəb olubdur. Türküstanda Ələsgər  əfəndinin teatr qoymadığı  şəhər az qaldı. 

Onlarda da qeyrət edib tamaşa versə yaxşı olar» [2, 396]. 

Özbək mətbuatında  Ələsgər  Ələsgərov haqqında yazılmış bu kimi təşəkkür dolu yazılara 

dəfələrlə rast gəlmək olar. Tanınmış özbək teatrşünası, «Özbək teatrı tarixi» kitabının müəllifi 

M.Rəhmanov  Ələsgər  Ələsgərovun Özbəkistanda teatr sahəsindəki fəaliyyətindən bəhs edərək 

yazır: «Azərbaycan və özbək teatr əlaqələri barədə fikir demək lazım gələrsə, inqilabdan əvvəlki 

yeni özbək teatrının təşkili dövründə daha iki azərbaycanlı rejissor haqqında da danışılmalıdır. 

Bunlardan biri Ələsgər  Ələsgərovdur. O, Səmərqənddə  və Daşkənddə ilk özbək teatrının 

pərdəsinin açılmasına yardım etmişdir. 

İkinci Mirələkbər Talışınskidir. Bunlar Azərbaycan teatrının tanınmış rejissorları deyillər. 

Lakin o illərdə Avropa səhnə qaydalarını yaxşı bilən, teatrda çox çalışıb böyük təcrübə qazanmış 

teatr xadimləri idilər» [1, 66]. 

Mətbuatın yazdığına görə, Ələsgər Ələsgərov 1911-ci il noyabr ayının 19-da Səmərqənddə 

Mirzə Məmməd Axundovun «Nidamət», Sultan Məcid Qənizadənin «Xor-xor» və «Dursunəli və 

ballıbadı» pyeslərini tamaşaya hazırlamışdı. Böyük müvəffəqiyyətlə keçən bu tamaşalara 

azərbaycanlılar və özbəklərlə yanaşı, rus və qeyri millətlərin nümayəndələri də həvəs və maraqla 

baxmışlar.  

Yuxarıda adı hörmətlə çəkilən Mirələkbər bəy Talışınski 1913-cü ildə məsləkdaşı Muxtar 

Vəliyevlə birgə Bakıdan Aşqabada gəlir. Hər iki ziyalı buradakı teatr prosesinə  fəal qoşulur və 

onun inkişafı üçün əllərindən gələni edirlər. Mirələkbər bəy Talışınski yerli həvəskarların iştirakı 

ilə «Yaman qardaş» (müəllif Əli Razi Şəmsizadə – Ə.L.) və «Daşım-daşım» (müəllif Mir Mahmud 

Kazımovski – Ə.L.) vodevillərini hazırlayır, Orta Asiyada, xüsusilə Özbəkistanda xalq teatrının 

inkişafına böyük əmək sərf edir.  

M.Talışınski, Aşqabaddan getdikdən sonra Mərvdə,  Əfqanıstan sərhəddi yaxınlığında, 

Taxtabazarda, Buxarada, Kətəqurqanda, Səmərqənddə, Nəmənkanda, Daşkənddə və Özbəkistanın 

digər  şəhərlərində yerli həvəskarları  ətrafına toplayaraq, məktəb və maarif işləri, yaralı  əsgər 

ailələrinə kömək və digər xeyriyyə  məqsədilə çoxlu tamaşalar göstərmişdir. Tamaşaçılar onun 

hazırlayıb göstərdiyi «Yaman qardaş», «Köhnə Türkiyə», «Axşam səbri xeyir olar», «Daşım-

daşım» və başqa pyeslərin tamaşalarına böyük maraqla baxmışlar. 

1912-ci ilin yanvarında Səmərqənddə «Muzıkalno-dramatiçeskoe obşestvo» zalında 

N.Nərimanovun «Nadir şah» faciəsi Bakıdan gəlmiş artistlər – Əhməd Qəmərlinski və Sidqi 

Ruhulla tərəfindən «Şəkuri» məktəbinin xeyrinə ikinci dəfə oynanılmışdır. Bir neçə gün sonra 

həmin artistlər Kokandda «Kimdir müqəssir»  əsərini və «Dursunəli və ballıbadı» vodevilini 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (67), 2016 

 

7580

oynamışlar. Çarcodakı  Şaraşidzenin sirk teatrında Sidqi Ruhullanın rejissorluğu və  iştirakı ilə 

göstərilən «Nadir şah» pyesinin tamaşası böyük uğur qazanmışdı.  

1915-ci il, martın 13-də Buxarada azərbaycanlı gənclər Talışınskinin rejissorluğu ilə Qars 

və Ərdəhan qaçqınları xeyrinə türk dramaturqu Rza Zəkinin «Köhnə Türkiyə» və M.F.Mustafanın 

«Qatili Kərimə» adlı pyeslərini tamaşaçılara göstərmişlər. Həmin ilin 12 noyabrında Daşkəndin 

Apollo teatrında Ə.Qəmərlinski, Y.Nərimanov və S.Ruhullanın iştirakı ilə (Məcnun – Sidqi, Leyli 

– Y.Nərimanov, Ağacəfər – Sidqi, Dursunəli – Qəmərlinski) göstərilən «Leyli və  Məcnun» və 

«Dursunəli və ballıbadı» tamaşaları güclü təsirə malik olmuşdur.  

Daşkəndin Xivə teatrında həmin artistlərin  şəhər gəncləri ilə birlikdə oynadıqları «Nadir 

şah Əfşar» tamaşası da müvəffəqiyyətlə keçmişdi. «Kolizey» teatrında Ə.Qəmərlinskinin iştirakı 

ilə göstərilən «Məkri zənən», «Ev tərbiyəsinin bir şəkli» tamaşaları da böyük maraqla 

qarşılanmışlar. 

1915-ci ilin noyabr ayının 14-də Daşkəndin «Kolizey» teatrında Hüseynqulu Sarabskinin 

rejissorluğu ilə yerli artistlərdən N.İ.Xocayev, A.Övlani, M.Yunisməhəmmədov, A.Abxarov, 

F.Tahiri, S.Övlani və başqaları öz doğma dillərində A.Qədrinin «Bəxtsiz adaxlı» dramını 

oynayırlar. Azərbaycan artistləri isə H.Sarabskinin «Nadanlıq» və M.M.Kazımovskinin «Həmşəri 

mənzili» pyesini tamaşaçılara göstərirlər. Orenburqda çıxan «Vaxt» qəzeti 13.11.1915-ci il 

sayında  yazırdı ki, tamaşaçılar «Qafqaz artistlərinə fövqəladə hörmət  əlaməti göstərirdilər. 

Onların oynadıqları «Həmşəri mənzili»nin tamaşası zamanı salonda gülüş  səsləri kəsilmirdi. 

Artistləri bir neçə dəfə qızğın alqışlarla səhnəyə qaytardılar».  

1917-ci il, noyabrın 21-də Daşkəndin Apollo teatrında «Gülüstan» truppası Sidqi 

Ruhullanın buraya gəlməsi münasibətilə N.Nərimanovun «Nadir şah»  əsərinin tamaşasını 

göstərmişdir. Nadir şah rolunu Sidqi Ruhulla oynamışdır. 

Özbəkistanda teatr işi təşkilati baxımdan da getdikcə genişlənirdi. 1919-cu il, aprel ayının 

11-də Daşkənd  şəhərində Qafqazın azərbaycanlı  gənclərinin yığıncağı keçirilmişdi.  İştirakçılar 

xalqın mədəniləşməsi və maariflənməsi üçün xeyirli olan məsələləri müzakirə edib bir neçə 

maddədən ibarət tədbirlərin həyata keçirilməsini vacib hesab etmişlər. Üçüncü maddə teatr 

məsələsi olmuşdur. Yığıncağın sədri  İsmayıl Həqqi demişdir ki, teatr qrupu həyatımıza aid 

səhnələrdə əski və yeni şəhərlərlə isbati-vücud etməkdədir. 

Səmərqəndin «Müsəlman-musiqili dram cəmiyyəti»nin 1919-cu il, iyulun 14-də 

«Mehnətkeşlər evi»ndə göstərdiyi «Arşın mal alan» tamaşası  cəmiyyətin nüfuzunu daha da 

artırmışdı. 

1919-cu il may ayında azərbaycanlı müəllim Heydər Əlibəyovun Daşkənddə təşkil etdiyi 

tamaşalar da az əhəmiyyətli olmamışdır. 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (67), 2016 

 

7581

Həmin il avqust ayında Daşkənd şəhər teatrında «Karl Marks» adına dəstə Məmməd Səid 

Ordubadinin «Əndalisin son günləri»  əsərini tamaşaçılara göstəmişdi. Sentyabr ayında 

Nəmənkandakı klubda Əli Nəzminin rejissorluğu ilə  «Şeyda, ya ki həbsdəki inqilabçılar» və 

«Dursunəli və ballıbadı» əsərləri oynanılmışdır.  

Dekabr ayında Daşkənddə  «Şərq azadlığı ittifaqı» tərəfindən təşkil edilmiş böyük 

konsertdə Azərbaycanın teatr və musiqi dəstələri fəal iştirak etmişlər. 1920-ci ilin fevral ayında 

Daşkəndin şuralar teatrında (əvvəllər Kolizey teatrı adlanırdı) azərbaycanlı gənc teatr həvəskarları 

A.Abdullazadə  və R.Məmmədovun iştirakı ilə Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» 

musiqili komediyası müvəffəqiyyətlə göstərilmişdir.  Ə.Ələsgərovun rejissorluğu ilə onların 

göstərdiyi «Kəblə Xudu», «Evliykən subay» və «Bizim kirayənişin özünü öldürdü» əsərlərinin 

tamaşaları da maraqla qarşılanmışdır. 

Göründüyü kimi, XX əsrin  əvvəllərində Özbəkistana qastrol səfərləri edən teatr 

xadimlərimiz, eləcə də orada yaşayan azərbaycanlı teatr həvəskarları bu qardaş ölkədə teatr işinin 

təşəkkülündə  və inkişafında özbək ziyalılarına yaxından kömək göstərmiş, eyni zamanda 

Azərbaycan dramaturgiyasının  ən dəyərli nümunələrini, səhnəsinin  ən gözəl  ənənələrini, güclü 

yaradıcılıq xüsusiyyətlərini geniş yayaraq, xalqımıza və onun sənətinə şöhrət qazandırmışlar.  

 

ƏDƏBİYYAT 

 

1.

 



Raxmanov M. İstoriya uzbekskoqo teatra v 2 t., t I, Taşkent: Fan, 1968, 240 s. 

2.

 



Azərbaycan teatrının salnaməsi. I hissə. (1850-1920). / Toplayanı və tərtib edəni Qulam 

Məmmədli. Bakı: Azərnəşr, 1975, 584 s. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə