36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə
götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan
Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət
qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini
təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən
müvafiq sənədlər.
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni
nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza
rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə,
notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya
qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb
olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının
müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə
baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
M a d d ə 37. Vizaların rəsmiləşdirilməsi qaydası
37.1. Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı
ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və
konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir.
37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.
37.3. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər.
37.4. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət
rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik
nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra
hakimiyyəti
orqanının,
Azərbaycan
Respublikasının xarici
ölkələrdəki
diplomatik
nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər
kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
37.5. Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir.
37.6. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə
müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri
təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və
ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü
ərzində baxılır.
37.7. Vizanın verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin
tamlığı diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən yoxlanıldıqdan sonra həmin
məlumatlar dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminə daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
37.8. Viza verilməsi məsələsinə baxılarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
məlumatların düzgünlüyü və tamlığı yoxlanılır, “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları ilə müqayisələr aparılır,
razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən
asılı olaraq qəbul edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
37.9. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya
konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə alınması təmin edilir.
37.10. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi
haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə imtinanı doğuran
səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
37.11. Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol
verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
məhkəməyə şikayət edə bilərlər.
M a d d ə 38. Turistlərə verilən elektron vizalar
38.1. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza
ala bilərlər.
38.2. Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən
və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya
yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə
bilərlər.
38.3. Elektron vizanın alınması üçün Azərbaycan Respublikasında akkreditasiyadan
keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında
yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəkilinin və səfərin
turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm
yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi
obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir.
Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada
ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən