Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   10   ...   37

__________________Milli Kitabxana_________________________ 
38 
 
NOBEL MÜKAFATI 
 
Nobel mükafatı.... Yazdı qəzetlər,  
Ucaldı bu adla kiminsə adı.  
Oslodan, Parisdən, Madridə qədər  
Nobel şərəfinə tərif yazıldı. 
 
Dayan, tərifmi burdaca saxla!  
Məst olma böhtanlar xülyasında sən.  
Geri dön, tarixi bir an varaqla,  
Gör onu həqiqət aynasında sən. 
 
Kimindir o qızıl, kimindir o var,  
Niyə tərifində bundan deyilmir?!  
Gözlər qamaşdıran o parıltılar  
Babamın gözünün nuru deyilmi?! 
 
Gör kimin evinin daşı, divarı  
Soyulub kim üçün cəh-cəlal oldu.  
Sorulub Bakının şah damarları  
Nobel banklarında kapital oldu. 
 
Tarix hökm elədi, qaranquş kimi  
Bahara səslədik bu elləri biz.  
Sapanda qoyulan qara daş kimi  
Atdıq yurdumuzdan nobelləri biz. 
 
Tarix haqqımızı qaytardı geri,  
Sorulan qanımız qayıtmaz artıq.  
Bizi səsləyəndə döyüş illəri  
Ayılıb gördük ki, gec ayılmışıq... 
 
Bir günlük varımı qaytarsan bir an  
Yurdumda min yeni şəhər yaranar.  
Çıxarsan neftimi sandıqlarından  
Alpın ətəyində Xəzər yaranar... 
 
Demirəm dayandır mükafatını,  
Deyirəm çıxarma bunu yadından;  
Kimin alın təri, ürək qanını  
Mükafat verirsən kimin adından! 
1960 


__________________Milli Kitabxana_________________________ 
39 
 
 
ƏLVİDA, DAĞLAR! 
 
Bəlkə bu yerlərə bir də gəlmədim,  
Duman, salamat qal, dağ, salamat qal.  
Dalımca su səpir yoxsa buludlar? – 
Leysan, salamat qal, yağ, salamat qal! 
 
Qıy vuran qartallar yox oldu çəndə,  
Nərgizlər saraldı şehli çəməndə.  
Ey qaragöz pəri, dalımca sən də  
Boylan, salamat qal, bax, salamat qal! 
 
Gəldim, qarşıladı güllər-çiçəklər,  
Gedirəm, əl edir boz biçənəklər.  
Nidamı çaylara dedi küləklər:  
Bulan, salamat qal, ax - salamat qal! 
 
Dağların pələngi, şiri də sənsən,  
Şairi də sənsən, şeiri də sənsən.  
Varı, bərəkəti, xeyri də sənsən – 
Çoban, salamat qal, sağ-salamat qal! 
 
Senryabr 1962 


__________________Milli Kitabxana_________________________ 
40 
 
GÖY GÖL 
  
Çiskinli bir gündə gəldim bu yerə,  
Dumanda görünməz - dumandı Göy göl.  
Tənha qayalara, lal meşələrə  
Zülmət gecələrdə hayandı Göy göl. 
 
Bir səhər gördüm ki, durulub yatır,  
Kəpəzin dibində burulub yatır.  
Qovulan ceyran tək yorulub yatır,  
Daş atdım, diksinib oyandı Göy göl. 
 
Döşünü qayıqlar düymə tək bəzər,  
Dedim bu görkəmlə Xəzörə bənzər – 
Qızını yaylağa köçürüb Xəzər;  
Baxdı, cilvələndi, nazlandı Göy göl. 
 
Yel əsdi, yarpaqlar suya töküldü,  
Göy çitə tünd sarı güllər tikildi...  
Buludla ağladı, günəşlə güldü,  
Deyəsən bir kövrək insandı Göy göl... 
 
Sentyabr, 1964 
 
 


__________________Milli Kitabxana_________________________ 
41 
 
NAMƏLÜM QƏHRƏMAN 
 
Sən dəniz qoynunda, dəzgah dalında  
Tarlada, zavodda... hər yerdə varsan.  
Şöhrət paylananda, ad paylananda  
Nə şöhrət umarsan, nə ad umarsan. 
 
Səninçün meyarı şöhrətin, şanın  
Nə medal, nə də ki, tərif- yazıdır.  
Sənin aləmində hər qəhrəmanlıq  
Bəlkə də ən adi iş normasıdır. 
 
Demirsən yolunda xalqın, vətənin...  
Demirsən. Sanmayaq Fikrin donubdur,  
Bu hisslər qanınla yeriyib sənin 
Qəlbinə, beyninə həkk olunubdur. 
 
Haray da salmazsan düşsən dara sən;  
Özgənin dərdinə dərman əlində...  
"Can-can" demədiyin adamlara sən  
Canını verərsən yeri gələndə. 
 
Əlindən zəmilar, bağlar boy alır;  
Şöhrətin işindir, söhbətin deyil.  
Neçə mərtəbəli, neçə boyalı  
Çıxışlar, vədələr adətin deyil. 
 
Bəs niyə az görür səni şeirimiz?  
Əlini sıxmırıq bir iftixarla.  
Arayıb seçirik adamları biz  
Bəzən də toz basmış siyahılarla. 
 
Şair, ürəyini bircə anlığa  
Bu adi adamlar yolunda yandır.  
Ən böyük qəhrəman, qəhrəmanlığa  
Əvəz istəməyən, pay ummayandır... 
  
1964 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
42 
 
DEYİRLƏR ŞEİR OXUNMUR 
 
... Fikirlər dolanır başımda min-min,  
Göreü doğrudanmı oxunmur şeir?  
Görən doğrudanmı insan qəlbinin  
İncə hisslərinə toxunmur şeir? 
 
Şair nə gərəkdir oxucu yoxsa?  
Beyinlər, ürəklər pas atıb, nədir?  
Şeirimiz öz fikir donunu yoxsa,  
İndi "son modada" geyinməlidir? 
 
Bir insan bilirəm hər nəğməni mən,  
Nəğmə də insanla bir doğulubdur.  
Ürəkdə sevinci, qəmi kəşf edən  
İlk səyyah bəlkə də nəğmə olubdur. 
 
Nəğməni körpə tək böyüdüb insan,  
Nəğmə ana olub - ovunmuşuq biz.  
Dərdin, ehtiyacın tufanlarından  
Azmı nəğmələrlə qorunmuşuq biz?! 
 
Sellər uyudubdur laylalarımız,  
Çöllər uyudubdur holavarımız.  
Odlu şeirlərlə suvarıb bəzən  
Qəzəb qılıncını babalarımız. 
 
Ötən müharibə yadımda qalır:  
Onda qələmlər də səfərbər idi.  
Hər şair yurdumun bir generalı,  
Hər şeir yurdumun bir əsgəriydi. 
 
Vətən nəğmələri olmasa bir an  
Könüldə gül açıb yaz ola bilməz.  
Nəğməsi olmayan, şeiri olmayan  
Bir xalqın tarixi yazıla bilməz! 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə