MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7809
Tərlan SEYİDOV
FƏRHAD BƏDƏLBƏYLİ
Həyat və yaradıcılıq yolu
SSRİ-nin və Azərbaycanın xalq
artisti, Beynəlxalq müsabiqələr və Dövlət
mükafatı laurearı, “Şərəf” ordeni kavaleri,
professor Fərhad Bədəlbəyli – dünyanın
bir çox ölkələrində adı yaxşı tanınan bir
ifaçı, bir neçə nəsil pianoçular yetişdirmiş
müəllim; Bakı Musiqi Akademiyasının
rektoru, Azərbaycanın musiqi xadimləri
birliyinin sədri, ictimai xadimdir. Milli
musiqi incəsənətinin dönüş məqamı bu
görkəmli musiqiçinin adı ilə bağlıdır.
Hər bir incəsənət tarixində təcrübələr bolluğundan sonra zaman keçdikcə yaradıcı nəticələr
və mədəni dəyərlərin yaranması dövrü gəlir ki, bu dövrdə bir çox keçmiş sənətkarların axtarışları
və nailiyyətləri daha tam və dolğun öz əksini tapmış olur. Belə zaman kəsiyi – incəsənətin inkişafı
yollarının zirvəsini təşkil edir: bu dövrdən çox asanlıqla keçmiş şərh olunur və gələcək mənzərə
açılmış olur.
Belə mərhələli dövrlərdə sənətkarların yaradıcılığı geniş məşhurluq əldə edir, öz
hüdudlarından, vətəninin sərhədlərindən kənara çıxaraq ümummilli əhəmiyyət kəsb etməyə
başlayır. Bu, əsas etibari ilə milli mədəniyyətin gözəl ənənələrinin aparıcı dünya incəsənəti
ənənələri ilə uzlaşması nəticəsində baş verir.
Azərbaycanın ifacılıq mədəniyyətində 60-70-ci illər məhz belə dövrlərdən idi ki, bu dövr
görkəmli pianoçu F.Bədəlbəylinin sənəti ilə bağlı idi. Onun çoxşaxəli yaradıcı, ifaçı, pedaqoji və
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7810
musiqili-ictimai fəaliyyəti Azərbaycan pianizminin inkişafında xüsusi rol oynamışdır və öz ölkəsi
hüdudlarından çox kənara çıxaraq beynəlxalq nüfuz əldə etmişdir.
Hələ o uzaq 1967 – 1968-ci illərdə 20 yaşlı gəncin istedadı nüfuzlu beynəlxalq
müsabiqələrdə öz parlaq təzahürünü tapdı. Bu, bir növ hesabat məqamı olub milli ifaçılıq sənətinin
dünya səhnəsində gələcək uğurlarının başlanğıcını qoydu.
1967-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq müsabiqədə F.Bədəlbəylinin uğurlu
çıxışından sonra F.Əmirovun dediyi sözlər buna parlaq nümunədir. “Gənc istedadlı pianoçunun
nailiyyəti şəxsi nailiyyətdən kənara çıxır. Bu, Azərbaycan ifaçılıq məktəbinin ilk beynəlxalq uğuru
idi ki, bizim həmyerlimizin parlaq sənəti “vizit kartı” oldu. Gənc musiqiçi Nizaminin dağları fəth
etmiş Fərhadı kimi Azərbaycan pianizmini dünyada tanıtdı”. [1] Q.Qarayevin sözlərini də yada
salmamaq mümkün deyil. Artıq bir il sonra, 1968-ci ildə Lissabonada keçirilən Beynəlxalq
müsabiqədə F.Bədəlbəylinin zəfərli qələbəsindən sonra Q.Qarayev demişdir: “F.Bədəlbəylinin
Lissabonda məsuliyyətli yarışda qazandığı qələbə bütöv Azərbaycan musiqi mədəniyyəti üçün əsil
bayram idi. Bu gün artıq biz deyə bilərik ki, Bakı “fortepiano əyaləti” kimi fəaliyyətinə son
qoymuşdur”. [2]
F.Bədəlbəylinin ifaçılıq və pedaqoji sənəti sayəsində yeni şəraitdə Azərbaycanın ictimai
həyatında dinləyicilərin bədii tərbiyəsində dünya və milli fortepiano klassikasının
məşhurlaşmasında, həm də professional pianizmin inkişafında fortepianonun rolu həddindən çox
artmışdı. Onun ifa zamanı orijinal sənəti, hüdudsuz virtuoz imkanları və nəhayət bəlkə də milli
köklərdən irəli gələn ehtiraslı, coşğun artist temperamenti dinləyici kütləsini fəth edir.
F.Bədəlbəylinin ifaçılıq sənəti gənc pianoçuları beynəlxalq arenalarda öz güclərini
sınamağa ruhlandırmışdır. Yeni laureatlar 7 illik fasilədən sonra, 70-ci illərin ortalarında peyda
olur və indiyə qədər onların sıraları artmaqda davam edir.
Belə böyük rezonansa səbəb olan ilk uğurlarına F.Bədəlbəyli hansı yollarla nail olmuşdur?
Hələ uşaq ikən, Bülbül adına orta ixtisas musiqi məktəbində A.Kələntərdən təhsil alarkən istedadı
ilə özünə diqqət çəkməyi bacarmışdı. Artıq o zaman o, öz gözəl fitri istedadı ilə, uşaqlıqdan kənar
inadcıl işgüzarlığı, ciddiliyi və qarşıya qoyulmuş məqsədlərə nail olması ilə fərqlənirdi. Fərhad il
ildən öz yaşıdlarını qabaqlayaraq qeyri-adi sürətlə inkişaf edirdi. Bir sözlə, o, məsuliyyətlə
konservatoriya mərhələsinə çox yaxşı hazırlaşmışdı.
“Mənə professor M.R.Brennerin sinifində oxumaq səadəti nəsib oldu. Bizim sinifimizdə
həmişə yüksək tələbkarlıq, tələbələr arasında ciddi intizam atmosferi səmimi və xeyirxah
münasibətlərlə uzlaşırdı. Bütün bunların fövqündə müəllimin yüksək nüfuzu durardı. Mayor
Rafailoviç Brennerin mənim üçün etdiklərini qiymətləndirməmək qeyri-mümkündür. O, öz
yetirmələrinə peşəkarlıq vərdişləri aşılamaqla yanaşı müstəqil düşünməyi, mülahizələr aparmaq
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7811
hisslərini tərbiyə edir, onların yaradıcılıq fantaziyasını formalaşdırır, sonra isə bütün cəhətləri
düzgün qiymətləndirməyi bacarırdı. Bu keyfiyyətlər mənə müsabiqələrə hazırlıq mərhələsində çox
kömək etdi. Müəllimim mənə qələbəyə inam, inadkarlıq hissləri aşılamışdı”.
Əlbəttə ki, həm məktəb, həm də xüsusi ilə konservatoriya illərində F.Bədəlbəyli piano
sənətinin sirrlərini metodik və ardıcıllıqla mənimsəmiş, virtuoz vərdişləri daha da dərinləşdirmiş,
çox cəsarətlə yeni-yeni fortepiano repertuarlarına müraciət etmişdir. Xüsusilə qeyd etmək
lazımdır ki, hələ gənc yaşlarından, həm valideynlərinin, həm də müəllimlərinin sayəsində o,
məhdud professional sferada qapanmırdı. Təssüflər olsun ki, indiki zamanda gənc müsuqiçilərin
təlim-tərbiyəsi son dərəcə məhdud xarakter daşıyır. Tələbə sanki, sözün əsl mənasında seçilmiş
alətə buxovlanır və onun ətrafında hər hansı bir vakuum yaranır. Bax, elə bu məsələdə də
F.Bədəlbəylinin ətrafında əlverişli, münasib atmosfer yaranmışdır.
O, 1947-ci il dekabrın 27-də, məşhur rejissor, respublikanın xalq artisti Şəmsi
Bədəlbəylinin ailəsində anadan olmuşdur. Gənc musiqiçinin yetişməsində onun əmisi – bəstəkar
və dirijor, respublikanın xalq artisti Əfrasiyab Bədəlbəylinin də az zəhməti olmayıb. Yaradıcı
musiqiçi kimi təşəkkül tapmasında, görkəmli dirijor, maestro Niyazinin rolu əvəzsizdir. Fərhadın
sözləri ilə desək, onların daimi ünsiyyəti və müştərək çıxışları onun üçün əsl bədii dərketmə
məktəbi olmuşdur.
Müəllimləri, valideynləri gənc Fərhadın müxtəlif sənət sahələrində marağını təqdir edirdi.
Kitab onun ən yaxşı dostu idi, bu və ya digər əsəri estradaya çıxaranda pianoçu əsərin müəllifi
haqda, onun dövrü və üslubu haqda müxtəlif mənbələrlə tanış olurdu. Gənc Fərhad qədim dünya
tarixi ilə ciddi maraqlanır, hətta arxeoloq olmaq arzusu ilə yaşayırdı. Moskvaya, Leninqrada
(Sankt-Peterburqa) səfərlər onun üçün sadəcə əyləncə və istirahət günləri deyildi. Ermitaja, Rus
muzeyinə, Tretyakov qalereyasına, Puşkin adına muzeyə estetik “səyahətlər” onun yaddaşına
parlaq, unundulmaz təəssüratlarla həkk olurdu.
Belə mənəvi “tamahkarlıq” musiqiçinin müstəqil dəst-xəttinin, fərdi yaradıcılıq yolunun
formalaşmasına təsir göstərirdi. Bu cəhət özünü repertuar seçimində, bəstəkarlıq təşəbbüslərində,
nəhayət pianoçuluq təcrübəsində də büruzə verir: Fərhad daha fəal konsert proqramları ilə çıxış
etməyə başlayır. Daha sonra istedadlı ifaçı üçün vacib hesab edilən müsabiqələr mərhələsi gəlir.
İlk sınaq o qədər də uğurlu olmur – I kurs tələbəsi üçün Marqarita Lonq adına Beynəlxalq
müsabiqənin seçmə mərhələsində daha təcrübəli namizədlərlə rəqabət aparmaq, əlbəttə ki, çətin
idi.
Lakin artıq bu dövr üçün Bədəlbəylinin xarakteri mətanətli və belə desək döyüşkən əhval-
ruhiyyəli olur. Öz qüvvəsinə, bacarığına inanan Fərhad, müəllimi M.R.Brennerin rəhbərliyi ilə
yeni müsabiqələrə hazırlaşırdı. Qarşıya yeni məqsəd qoyulmuşdu: Qrades-Kralova şəhərində
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7812
keçirilən Smetana adına Beynəlxalq müsabiqədə qalib gəlmək. Fərhad bu müsabiqəyə müəllimi ilə
Pyarnu şəhərində (Estoniya) gərgin iş rejimində düz 5 ay hazırlaşmışdır. Böyük zəhmət bu dəfə öz
bəhrəsini verdi: 1967-ci ildə 20 yaşlı musiqiçi nüfuzlu müsabiqənin laureatı adına layiq görüldü.
“Lyudova demokratiya” qəzeti F.Bədəlbəylinin “orijinal ifa tərzini, vulkanik texnikasını və “çılğın
ehtirasını” xüsusi qeyd etdi. III mükafatla yanaşı, azərbaycanlı pianoçu Smetana əsərinin ən yaxşı
ifası üçün də xüsusi mükafata layiq görüldü. Artıq o zaman Bədəlbəyli bir çox mütəxəssisləri
qeyri-adi üslübu ilə heyran etmişdir ki, bu da Smetananın miniatürlərinin ifasında (“Çex rəqsləri”,
prelüdlər, Polka formasında “Çexiya haqqında xatirələr”, “3 poetik polka”, “Toy səhnəcikləri”) öz
əksini tapmışdır.
Lakin əlbəttə ki,1968-ci il gənc musiqiçinin yaradılıq yolunda həllədici mərhələ oldu. Daha
sonra Fərhad Lissabona, Viana da Mota adına Beynəlxalq müsabiqəyə yola düşdü. Bu müsabiqə
olduqca mürəkkəb bir sənət yarışı idi. Yaradıcılıq fərdiliyini aşkarlamağa imkan verən rəngarəng
proqram həmişə Lissabon yarışına çoxlu sayda musiqiçilər – fəal konsert ifaçılarını, eləcə də,
başqa müsabiqələrdə laureat olmuş pianoçuları cəlb edir. Müsabiqənin 4 mərhələsində Bax,
Motsart, Bethoven, Şopen, List, Raxmaninov, Skryabin, Debüssi və başqa bəstəkarların əsərləri
çalınır. Müsabiqənin proqramına mütləq portuqaliyalı bəstəkarın əsəri daxil edilməli idi: həmin il
bu əsər Viana da Motanın Balladası oldu. Finalçılar solo proqramla çıxış etməli idilər. Yekun
turda fortepiano və orkestr üçün konsert ifa edilirdi. Artıq bu siyahı gənc pianoçuların qarşısına
qoyulan ciddi tələbləri nümayiş etdirirdi. 1968-ci il müsabiqəsində ABŞ, İspaniya, Braziliya,
Kanada və başqa ölkələrdən gəlmiş 50-yə yaxın ifaçı iştirak edirdi. Lissabon müsabiqəsinin
nüfuzunu qeyd etmək üçün burada yüksək mükafatlar almış keçmiş sovet pianoçularının adlarını
çəkmək kifayətdir: Naum Ştarkman, Qleb Akselrod, Vladimir Kraynev.
Və budur: 1968-ci ildə onların siyahısına 2 nəfərin adı da əlavə edildi: nüfuzlu münsiflər
heyəti I mukafatı Viktoriya Postnikovaya və Fərhad Bədəlbəyliyə verdi.
Qara Qarayev yazırdı: “Lissabon yarışması kimi, belə çətin müsabiqələrdə çıxış etmək
ifaçılardan yüksək ifa tərzindən savayı iradə, artistizm tələb edir. Bizim gənc həmyerlimiz göstərdi
ki, o, bütün bu keyfiyyətlərə malikdir. F.Bədəlbəyli layiqli qələbə qazanmışdır və mən şübhə
etmirəm ki, qarşıda onu yeni yaradıcılıq uğurları gözləyir”. [2]
Lissabon müsabiqəsinin isti izləri ilə, o dövrdə münsiflər heyətinin üzvlərindən biri,
Moskva Konservatoriyasının professoru, SSRİ-nin Xalq artisti Yakov Zak qeyd edirdi:
“Müsabiqənin qalibi F.Bədəlbəyli dinləyiciləri gözəl ifa tərzi, dəqiq, qeyri-adi keyfiyyətə malik
səs texnikası ilə heyran etdi. Şopenin si-bemol minor sonatası, Bethovenin mi minor sonatası,
Ravelin sonatinası, Debüssinin etüdləri, Sen-Sansın II konserti onun ifaçılıq təfsirində gənclik
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7813
təravəti, səmimiliyi, çılğın ehtirası ilə diqqəti cəlb edir. Azərbaycanlı pianoçunun parlaq istedadı
hələ çox şeylər vəd edir”. [3]
F.Bədəlbəylinin sənəti haqqında Moskva konservatoriyasının digər professoru, görkəmli
pianoçu SSRİ-nin xalq artisti Yakov Fliyerin də söylədiklərini misal çəkək: “Seçim turlarında
mən, F.Bədəlbəylini 2 dəfə dinləmişəm. Smetana adına Beynəlxalq müsabiqədə onun qazandığı
nailiyyət məni çox sevindirdi. Belə ki, burada o, III mükafata və klassik çex bəstəkarının əsərinin
ən yaxşı ifasına görə xüsusi mükafata layiq görüldü. Lissabon müsabiqəsində F.Bədəlbəyli bir
daha təsdiq etdi ki, onun ilk uğuru (Smetana adına müsabiqədə qazanmış olduğu laureat adı
nəzərdə tutulur – red.) [6] heç də təsadüfi deyildi. Bu parlaq qələbə F.Bədəlbəylini dünyanın
istedadlı gənc pianoçuları sırasına daxil etdi”. [7]
Sonrakı illər ən nikbin ümidləri doğruldur. Müsabiqədə böyük uğur qazanan Fərhad gərgin
iş rejimini zəiflətmir. M.R.Brennerin rəhbərliyi ilə yüksək səviyyəli məktəbin özülündə onun və
digər azərbaycan pianoçularının dünyagörüşləri cəsarətlə inkişaf edirdi. Məhz M.R.Brennerin
sinfində Fərhad ən müxtəlif və mürəkkəb yaradıcılıq məsələlərinin müstəqil həllinə nail olur və əsl
“döyüşçü” kimi formalaşır.
Fərhad Bədəlbəyli müasir pianoçuluq Olimpində möhkəm yer tutur. Müsabiqədə qazandığı
qələbələr ona böyük konsert estradasına yol açır, yorulmaz yaradıçılıq axtarışlarına ilham verir. Bu
mənada F.Bədəlbəyli gənc həmkarları üçün gözəl nümunədir. F.Bədəlbəylinin hazırki qastrol
səfərləri dünyanın bir çox ölkələrindən keçir. Və hər yerdə artistin çıxışları auditoriyanın “isti”
münasibəti ilə qarşılanır.
Bu uğurlar müəyyən mənada pianoçunun şəxsiyyətindəki səmimilik, ünsiyyət bacarığı ilə
şərtlənir – sanki onu dinləyicilərlə hər zaman yaranmış möcüzəli cərəyan bağlayır.
Xarici mətbuatda musiqiçinin çıxışlarına həsr olunmuş heç olmasa 2 rəyi nəzərdən keçirək.
Portuqaliyanın “Premeyro Janeyro” qəzetinin tənqidçisi yazır: “Viana da Mota” adına IV
Beynəlxalq müsabiqəsinin laureatı F.Bədəlbəylinin konserti oldu. Bələdiyyə teatrının zalı ağzına
kimi dolu idi. Hamı səbirsizliklə pianoçu ilə görüşü gözləyirdi. Musiqiçi ümidləri doğrultdu. Bir
daha şahidi olduq ki, Rusiyanın fortepiano məktəbi necə güclüdür. Bədəlbəyli incə musiqi
duyumunu, cilalanmış texnikanı, hərarətli ehtirası özündə birləşdirən, əla, yüksək səviyyəli
ifaçıdır. Haydnın sonatası bütün detalları, zərgər dəqiqliyi ilə, çox incə ifa olundu. Şuman
valehedici səsləndi. Poeziya və ehtiras, lirika və faciə bütün bu cəhətlər pianoçunun ifasında
mövcud idi. Konsertin II hissəsində ifaçılıq sənətinin yeni keyfiyyətləri üzə cıxdı. Şostakoviçin
monumental prelüd və fuqası dinləyicini geniş nəfəsi ilə heyran edərək, hərarətli alqışlarla
qarşılandı, Raxmaninovun etüd-lövhəsi isə Bədəlbəylinin əsl virtuoz olduğunu göstərdi...”.[4]
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7814
Bu isə Belqradda çıxan “Borba” qəzetindəki rəydən bir fraqment: “Əvvəllər Yuqoslaviya
musiqi sevərlərinə məlum olmayan F.Bədəlbəylinin çıxışı bizim üçün əsl kəşf oldu. Fortepianonun
aydın, gözəl səsi, kamil pianoçuluq məharəti, müasir musiqinin həssaslıqla duyulması, ritm hissi –
Gerşvinin fortepiano konsertinin təfsirində diqqəti cəlb etdi. Sanki, orkestrin özü bu istedadlı
pianoçudan bir çox nüanslar əks edirdi”. [5]
Bu və ya digər fikirlərdə rəyçilər azərbaycan pianoçusunun təmtəraqlı virtuoz ifasını xüsusi
qeyd edirlər. Bu da, məhz belədir. Həm bərq vuran passajların şəbəkəsi, həm oktava fakturasının
genişliyi, həm kəskin qarşıdurmaların dinamikası, həm effektli sıçrayışlar – bütün bunlar
Bədəlbəylidə çox təsirli səslənir, ən əsası isə onun interpretator konsepsiyalarının ümumi bədii
bitkinliyində çox harmonik vəhdət təşkil edir. Lakin özlüyündə fortepianonun coşğunluğu, hətta
ən yüksək ifa tonusunda belə ifaçının diqqətini cəlb etmir. Texnika, konstruktiv cəhətlər obrazlar
quruluşu axarında sədaqətli yardım göstərmiş olur. Heç bu da, əslində dinləyicilərlə qarşılıqlı
münasibəti yaratmır. O zaman bizə elə gəlir ki, birinci növbədə Bədəlbəylinin təbiətdən gələn
artistizmindən söhbət açmaq lazımdır.
Ümumiyyətlə “artistizm” sözü qeyri-müəyyən anlam daşıyır və bu terminin dəqiq təyinini
bəlkə də heç kəs verə bilməz. Lakin buna baxmayaraq, çox qəribədir ki, hamı çox gözəl başa
düşür ki, söhbət nədən gedir. F.Bədəlbəylinin musiqi ilə məşğul olma tərzi səs ifadəsinin təbiiliyi
ilə, konstruktiv aydınlığı ilə, instrumental nitqin məntiqliyi ilə diqqəti cəlb edir. Onun bütün
çıxışlarında dramaturji formanı, bədii təfəkkürün konsepsiyasını, artistizm genişliyini, yaradıcılıq
fantaziyasının zənginliyini aydın görmək olar.
Bədəlbəylinin ifasında Şumanın “Karnaval”, “Noveletta”, yaxud “Simfonik etüdlər”,
Raxmaninovun İkinci konsertini (xüsusilə ikinci hissə), Şopenin saysız-hesabsız əsərlərini, o
cümlədən si-bemol minor sonatasını dinləyərkən belə qənaətə gəlmək olar ki, ona daha çox,
romantik coşğunluq, həyəcanlı çarpışmalar və səmimi poetikliklə dolu olan musiqi yaxındır.
Müəyyən mənada, bu, məhz belədir, buna əsaslanaraq, pianoçunu “fortepianonun şairi”
adlandırırlar. Şubert və Mendelsonun musiqisində o, hədsiz dərəcədə liriklik aşkar edir, onun
təfsirində Listin şərh edilməsində səmimi, patetik hisslər, Skryabin, yaxud Raxmaninovun
miniatürləri isə təsirli, emosional ruh yüksəkliyi ilə boldur... Şopenə gəldikdə isə, o, kəmiyyət
etibarilə artistin proqramlarında ən aparıcı yerlərdən birini tutur. Hətta mənə elə gəlir ki, onun çox
sevdiyi Prokofyevdə belə, ön plana məftunedici lirika çıxır, halbuki o, Prokofyevin bir çox
səhifələrindəki motorlu tokkatalılığı da öz əlində olduqca inamlı tərzdə tutub saxlayır. Buna
baxmayaraq, zəriflik, incəlik, aristokratik “nərmə-naziklik” pianoçunun xarakterinə uyğun deyil.
Bədəlbəyli, özünün məharəti və qığılcım saçan pianizmi ilə iri konturlara, dolğun, işıqlı rəng
çalarlarına üstünlük verir.
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7815
Bütün romantik fikirlərə baxmayaraq, Bədəlbəyli özünü Bax, Haydn, Bethoven irsinin
dərin şərhçisi kimi tanıtmışdır. Onun ən yaxşı nailiyyətləri sırasına Haydnın fa major sonatasının
interpretasiyasını aid etmək olar. Burada o, həm birinci hissənin şəffaflığı, həm ikinci hissənin
yumşaq poetikliyi, həm də sevinc ifadə edən final üçün dəqiq boyalar tapır və hər yerdə dramaturji
tənasüblük göstərərək, musiqini işıqlı və səmimiyyətlə zənginləşdirir. Motsartın re minor konserti
də onda inandırıcı səslənir. Zaman ötdükcə pianoçunun repertuarında Bethoven musiqisi
əhəmiyyətli yer tutmağa başlayır. Özü də o, dahi bəstəkarın sonata yaradıcılığının müxtəlif
mərhələlərini dərindən mənimsəyir. Pianoçu erkən əsərlərdə – Birinci, Beşinci, Altıncı, Səkkizinci
sonatalarda özünü inamla hiss edir, Bethovenin son dövrə aid İyirmi yeddinci və Otuz birinci
sonatalarında bədii yetkinlik nümayiş etdirir, dərin fəlsəfi məzmunu üzə çıxarır. Sarsılmaz pianoçu
iradəsi, güclü dramatizm – artistin yaradıcı təbiətinə xas olan cizgilər olub, Bethoven sonatalarının
şərhində öz parlaq ifadəsini tapır. Çox güman ki, indi Bethoven əsərlərinin məna dərinliyini dərk
edərək, məhz burada pianoçunun daxili aləminin transformasiyası xüsusi bir qüvvə ilə sezilir.
Beləliklə, Vyana klassiklərinin musiqisinə münasibətdə də, Bələdbəyli öz yaradıcı
təbiətinin emosional xüsusiyyətlərini qoruyub saxlayır. Burada da onun daxili ehtirası, parlaq
ifadəliliyə cəhd göstərməsi, musiqi axınının sərbəstliyinə meylliliyi üzə çıxır. Onun çalğısı
cəlbedici hərarət, səmimi hisslərin genişliyi ilə maraq doğurur. Lakin əgər gənclik çağlarında onun
üçün emosional səciyyəvi idisə, indi qıvraqlığı qoruyaraq o, belə demək mümkünsə, heç əvvəldən
düşünmədən, musiqi axınına dəqiq şəkildə nəzarət edir, onu zəruri tənasüblər istiqamətində tutub
saxlayır. Bununla belə, coşğun pafos – Bədəlbəylinin dəst-xəttinin ayrılmaz xüsusiyyətidir.
Nəhayət, artistin diqqət yetirdiyi daimi sahələrdən biri də XX əsrin musiqisi və onun
dəyərli nümunələridir. Burada, şübhəsiz ki, Prokofyevin əsərlərini qeyd etmək lazımdır. İfaçıya
onun qalibiyyətli dinamika ilə qığılcım saçan “əzələli” ritmlərlə zəngin musiqisi, fəal, sırf
tokkatalı hərəkətlər çox yaxındır. Bədəlbəyli etiraf edərək, deyir: “Elə bəstəkar vardır ki, onu ifa
etmək mənim üçün hər zaman böyük zövq bəxş edir. Bu, Sergey Prokofyevdir. Prokofyevdə alət
duyumu özünün çox gözəl ifadəsini tapmışdır. O, böyük sənətkardır, onun pianizmi özündə
dövrümüzün emosional nəbzini ehtiva edir. Prokofyev öz qüvvətli, möhkəm ritmi, “müəmmalı”
musiqi obrazları, instrumental tokkatalılığı, nəhayət, öz təmkinli, bir qədər də lirik və yığcamlığı
ilə mənə yaxındır” və pianoçu Prokofyev musiqisində olan bütün bu gözəlliyi və əzəməti konsert
səhnəsində gerçəkləşdirməyə nail olur. “Ötəri anlar”, “Xəyal”, “Sarkazmlar”, Üçüncü, Altıncı və
Səkkizinci sonatalardakı melodik özünəməxsusluğu o, ritmik tərkiblərin kəskinliyi ilə
uzlaşdırmağı bacarır. Pianoçunun həm bizim ölkədə, həm də xaricdə dəfələrlə ifa etdiyi
Prokofyevin fortepiano və orkestr üçün Birinci konsertinin interpretasiyası zamanı amiranə
imperativlik, iri həcmlilik daha aydın hiss edilir.
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7816
O, Şostakoviçin sanballı re minor Prelüd və fuqasını böyük vüsətlə ifa edir; onun ifasında
səslənən B.Bartokun sonatası ekspressiv dinamizm ilə donub qalmış dolğunluğun qəribə bir
ahənglə uzlaşmasını nümayiş etdirir; Gerşvin və Vaqif Mustafazadənin konsertlərini, caz üslubunu
gözəl duyaraq, böyük şövqlə ifa edir.
Gördüyümüz kimi, Bədəlbəylinin repertuar diapazonu kifayət qədər inandırıcı təsir
bağışlayır və onun çoxcəhətliliyində hansısa bir dayaq nöqtələrini müəyyənləşdirmək çətindir.
Pianoçu özü bu barədə bir dəfə belə qeyd etmişdir: “Məndə repertuar problemi yoxdur. Bu o
demək deyil ki, mən hər şey ifa edirəm – xeyr, lakin buna baxmayaraq, bəzi pianoçuların hər şeyi
ifa etməsinə bəzən qibtə edirəm. Mənim nəzərimcə, bir musiqiçi kimi mənim estetik mahiyyətimi
daha yaxşı ifadə edən əsərləri daha çox ifa edirəm. Lakin bu və ya digər proqram seçimi zamanı
tək öz şəxsi maraqları deyil, dinləyici auditoriyasının tələblərini də nəzərə almaq lazımdır.
Konsert dinləyiciləri hökmən cəlb etməlidir”.
Bəli, Fərhad Bədəlbəyli üçün zalın cavab reaksiyası olduqca vacibdir. O, belə deyək,
qapalı, “laboratoriya” pianoçulardan deyil. Bəlkə elə bu səbəbdən o, müasirləri olduğu
bəstəkarların yeni əsərlərini seçərkən bu qədər ciddidir? Milli fortepiano yaradıcılığında onu Qara
Qarayev prelüdlərinin üçüncü və dördüncü dəftərindəki prelüdlərin fəlsəfi mahiyyəti, F.Əmirov və
E.Nəzirovanın “Ərəb mövzularına konsert”in milli çalarları, T.Quliyevin pianoçu üçün xüsusi
olaraq işlədiyi Ləzginkanın coşğunluğu cəlb edir.
Öz artistik individuallığı ilə səslənən əsər seçimi zamanı prinsiplərinə sadiq qalaraq,
Bədəlbəyli iri həcmli əsərlərə meylliliyini aşkar edir və burada bədii təfəkkürün genişliyini,
artistik vüsət, yaradıcılıq fantaziyasının zənginliyini nümayiş etdirir.
Bədəlbəylinin solo çıxışları çox vaxt sonata silsilələrindən təşkil olunur. Məsələn, onun ən
yaxşı proqramlarından biri özündə Haydn, Bethoven, Prokofyevin sonatalarını və Ravelin
sonatinasını cəm etmişdir. Bu əsərlərin hər birində sənətkarın yetkin fərdiliyi, onun “itilənmiş”
pianizmi, ən əsası isə, dünya fortepiano musiqisinin şah əsərlərinin musiqi məzmununun ifadəsi
zamanı ruh yüksəkliyi hiss olunmuşdur. Lakin Haydn, Motsart, Bethoven, Brams, Qriq, Sen-Sans,
Raxmaninov, Prokofyev, Gerşvinin fortepiano konsertlərinin ifasında onun iri həcmli əsərlərə olan
meylliliyi daha aydın surətdə özünü göstərir. Bu konsertlərdən çoxunun ifası zamanı solistin
yaradıcı tərəfdaşları arasında SSRİ xalq artisti Niyazi, V.Dudarova, V.Fedoseyev, respublikanın
xalq artisti R. Abdullayev, məşhur xarici ölkə dirijorları Alfred Xeller (ABŞ), Hikmət Şimşək və
Güner Aykal (Türkiyə), V.Sinayski və V.Mixnovski kimi dirijorlar olmuşlar.
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7817
F.Bədəlbəylinin ansambl ifaçılığını xüsusi qeyd etmək lazımdır – bu sahə onun ən çox
sevdiyi ifaçılıq fəaliyyətidir. Hələ 1974-cü ildə o, qədim musiqi ansamblının yaradıcısı və rəhbəri
olur, bu ansamblın repertuarına Bax, Hendel, Teleman, Perqolezi və başqa bəstəkarların əsərləri
daxil idi. Sonrakı illərdə o, həmçinin kamera-instrumental musiqi ifaçılığına da tez-tez müraciət
etmişdir. Lakin sözsüz ki, Bədəlbəylinin ansambl karyerasının ən yüksək zirvəsi onun opera
ulduzları ilə çıxışları olmuşdur. 1982-ci ildə o, SSRİ xalq artisti Bella Rudenko ilə parlaq duetdə
çıxış edir. XVIII-XX əsrlərin opera və romans musiqisinin şedevrlərindən təşkil olunmuş üç
konsert proqramının ifası Amerika, Avropa və Asiyanın müxtəlif şəhərlərində baş tutmuş, sonralar
Bakıda və Moskvada təkrarlanmışdır. Daha sonra – 80-ci illər Bakı, Moskva, Leninqrad, Kiyevdə
görkəmli Azərbaycan musiqiçisi Rauf Atakişiyev ilə yaradıcılıq əməkdaşlığı baş tutur, onların
ifasında rus bəstəkarlarının vokal lirikası səslənir. Son illər F.Bədəlbəyli Azərbaycan operasının
ulduzları Fidan və Xuraman Qasımovalarla çıxış edir. Tənqidçilər onun təkcə müşayiətçi kimi
deyil, məhz həmmüəllif kimi son dərəcə gözəl, çox nəfis ustalığını qeyd edirlər. F.Bədəlbəylinin
Arif Manaflı (violin), Eldar İsgəndərov və Rasim Abdullayevlə (violonçel) duetləri həmçinin
diqqətəlayiqdir.
Peterburq musiqişünası və pianoçusu L.Gekkelin fikrincə müasir ifaçılıq fəaliyyəti yeni
müasir spesifik qarışığa malik ifaçı şəxsiyyətlərin yaranması ilə təzahür olur: təşkilatçı, konsert
proqramlarının rejissoru. Hələ 70-ci illərdə Qara Qarayevin IV dəftər prelüdlərinin
interpretasiyasının dramaturji həllində F.Bədəlbəyli bu cür rejissor işi ilə çıxış etmişdir. Bəstəkarın
öz razılığı ilə onun ifasında ayrı-ayrı pyeslər fasiləsiz növbələşir. Hər prelüdün sonuncu səsini
saxlayaraq pianoçu sanki dinləyicini gələcək musiqi dalğasına kökləyir. Bununla pyeslərin
axıcılığına, fasiləsizliyinə nail olur.
Fərhad Bədəlbəyli Qara Qarayevin fortepiano yaradıcılığının parlaq təfsirçisi kimi ən
yüksək ifaçılıq nailiyyətləri əldə etmişdir. F.Bədəlbəylinin interpretasiyasında bu silsilənin digər
ifaçılarında tez-tez təsadüf olunan çətinliyə dözməzlik, yaxud şərhin “akademik”
interpretasiyasının mübaliğəli soyuqluğu yoxdur. Onun ifasında hisslərin dolğunluğu, eyni
zamanda – məzmunlu başlanğıc mövcuddur ki, bu da pianoçuya emosiyaları “aşmağa” imkan
vermir. Bu, bir-birinə zidd olan cəhətlərin çarpışması onların üzvi bədii sintezi ilə nəticələnərək,
silsilənin bitkin dramaturji xəttinin təşkilinə səbəb olur.
Bədəlbəylinin Vaqif Mustafazadənin fortepiano konsertinin ifasına münasibəti də fərdidir.
Pianoçu əsərə özünün solo improvizasiyasını daxil edərək, bununla klassik konsertin qədim
ifaçılıq ənənələrini dirçəldir. Özü də hazırki məcrada solo improvizasiya öz mahiyyəti etibarilə
xalq-instrumental sənətinin kökləri ilə sıx bağlıdır.
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7818
F.Bədəlbəylinin interpretasiyasında Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və
orkestr üçün Ərəb mövzularına Konsertinin interpretasiyası böyük şöhrət tapmışdır.
F.Bədəlbəylinin ifasında bu ekspressiv musiqi, romantik əhval-ruhiyyə və lirik obrazlılıq
özünəməxsus inkişafını tapır. Bu cəhətlər dinamik cəhətdən gərgin inkişafın təntənəli və əzəmətli
apofeoz ilə qarşılaşdırılmasında, mərd, iradəli obrazların muğam improvizasiyası ilə
növbələşməsində, pianoçuya xas emosional səmimiliklə ifadə olunan milli səslənmə koloritində,
əsasən də fortepianoda instrumental ifaçılıq illüziyasının canlandırılmasında özünü göstərir.
İsmayıl Hacıbəyovun “Vatto ruhlu eskizlər”ində Bədəlbəyli XVII əsrin sonu-XVIII əsrin
əvvəllərində yaşayıb-yaratmış fransız rəssamının bədii obrazını üslub cəhətdən məksimal dərəcədə
yaratmağa müvəffəq olmuşdur. Pyeslərin səslənməsini həmin dövrün musiqisinə
yaxınlaşdırmaqla, ifaçı bu məşhur rəssamın sənət əsərlərinə xas olan spesifik janrvariliyi, bəzən
kədər, bəzən isə kinayəni ifadə edə bilir. F.Bədəlbəyli İ.Hacıbəyovun digər əsərinə – Üzeyir
Hacıbəyovun xalq çalğı alətləri orkestri üçün eyni adlı əsərinin fortepiano və orkestr üçün
transkripsiyası olan “Cəngi”yə də həyat vəsiqəsi vermişdir.
Pianoçunun geniş repertuarı sənətdə həyata keçirdiyi interpretasiyaların hər dəfə
yenilənməsinə şövq edir. Öz repertuarına yeni əsərlər, xüsusilə yeni müəlliflərin əsərlərini daxil
etməklə, Bədəlbəyli sanki həmin əsər üçün “köklənir”, bu musiqi üçün uzlaşdırılmış pianoçu
üsulları tətbiq edir. Yüksək professional mədəniyyət, azad texniki imkanlar müxtəlif fortepiano
ədəbiyyatına müraciət etməyə imkan yaradır: qərbi avropa barokkosundan – Hendel, Bax – demək
olar bütün xarici və rus klassik musiqisindən müasir bəstəkarların son əsərlərinə qədər, onlar
içərisində Azərbaycan bəstəkarının əsərləri əhəmiyyətli yer tutur.
O, hər zaman daha çox və ən əsası dinləyici təbəqəsi üçün ifa etməyə can atır. F.Bədəlbəyli
solo konsertlər, simfonik konsertlər verir, kamera-ansamblı gecələrində çıxış edir və nəhayət
ifaçılıq fəaliyyətli ilə pedaqoji fəaliyyəti çox müvəffəqiyyətlə uzlaşdırır. Belə vəhdət yeni pianoçu
nəslinə səciyyəvidir.
Pianoçu milli mədəniyyətin quruculuğuna bir pedaqoq kimi də əhəmiyyətli töhfələr verir.
Artıq xeyli ildir ki, o, Bakı Musiqi Akademiyasında dərs deyir. Musiqiçi belə deyir: “Müəllimliyi
mən sırf bədii bir proses kimi qiymətləndirirəm və pedaqoji və konsert həyatını bir-birindən
ayırmıram. Görkəmli pianoçuların fəaliyyəti pedaqogika və ifaçılığın qarşılıqlı təsirinin
səmərəliliyini tam mənada təsdiq edir”. O, çoxsaylı istedadlı ifaçı yetişdirmişdir – onların arasında
respublika, regional və beynəlxalq müsabiqələr laureatı vardır. Müəllimləri M.R.Brenner
(Peterburq xətti), Y.Zak və Y.Fliyerdən (Moskva xətti) əxz etdiyi ifaçılıq və pedaqoji təcrübə onun
tədris üsulunun metodik prinsiplərinin əsasını təşkil edir. “Aydın, mütəşəkkil dramaturji plan, səs
mədəniyyəti və üslubun akademik şəkildə ardıcıllaşması – Fərhad Bədəlbəyli pedaqogikasının
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7819
“təməl daşı”dır”. (A.Hüseynova) (137). [6] Professor Fərhad Bədəlbəylinin pedaqoji fəaliyyətinin
kulminasiya nöqtəsi təbii ki, iki gözəl pianoçunun - onun məktəbinin yetirmələri olan beynəlxalq
müsabiqələr laureatları, respublikanın əməkdar artisti Murad Adıgözəlzadə və Murad Hüseynovun
ifaçılıq sənətidir. Onlar öz müəllimlərinin amalını ləyaqətlə davam etdirərək, konsert
fəaliyyətlərini pedaqoji iş ilə uzlaşdırırlar.
Fərhad Bədəlbəyli “musiqi xadimləri” kateqoriyasına mənsubdur. Sürətlə inkişaf edən
hazırki dövrdə, köhnənin keçmişə qovuşduğu bir zamanda, yeninin isə hələ təşəkkül tapmadığı bir
anda o, baş verən proseslərdə iştirakını kəskin şəkildə duyur. Və yəqin ki, daha vacibi
aşağıdakılardan ibarətdir – F.Bədəlbəyli doğma mədəniyyətin taleyinə məsuliyyətini tam olaraq
dərk edir. Azərbaycan musiqisinin gələcəyinə həsr olunmuş məqalə, müsahibə, kütləvi çıxışlarında
o, Azərbaycan musiqisinin XX əsrdə əldə etdiyi nailiyyətləri itirmək təhlükəsindən xəbərdar edir.
F.Bədəlbəyli daima dahi Üzeyir bəyin nəsihətlərini xatırladaraq, milli çərçivələrdə
qapanmayaraq, dünya, Avropa mədəniyyəti ilə əlaqələri qorumağın, genişləndirməyin vacibliyini
xüsusi qeyd edir. O, heç vaxt xoşagəlməz faktların, meyllərin sadəcə sadalanması ilə
kifayətlənmir. F.Bədəlbəyli hər hansı bir problemə toxunanda, istər mədəniyyətimizin ağır maddi
vəziyyətini, istər musiqi kadrlarının ölkədən çıxıb getməsini, istərsə də konsert salonlarının
boşluğunu vurğulayanda – həmişə böhran vəziyyətdən çıxış yollarını təklif edir. Özü də o, sadəcə
təkliflərlə çıxış etmir, dediklərini praktiki cəhətdən həyata keçirir.
Azərbaycan musiqi incəsənətinin gələcək inkişafında əlbəttə ki, onun estitik baxışları
böyük rol oynayır. 80-cı illərin sonu Azərbaycan mədəniyyətində əmələ gəlmiş vəziyyəti şərh
edərkən F.Bədəlbəyli qeyd edir: “Məsələ ondadır ki, bu gün bizim mədəniyyətimizdə çox təhlükəli
fikirlər hökm sürür ki, milli mənbələrə olan qayıdış qapalı dairəyə çevrilə bilər. Insanların öz
doğma dilinə, mədəniyyətinə, milli ənənələrinə olan marağı bütləşdirilə bilər. Özünə qapanma,
milliyinin təhrifi əyalətçiliyə, hətta mən deyərdim ki, bəsitliyə gətirib çıxarır. (7)
İstər-istəməz tariximiz yada düşür. Professional musiqi sənətimizin ilk çağlarında
Ü.Hacıbəyli ənənəvi Azərbaycan incəsənətinin dünya musiqi klassikasının nailiyyətləri əsasında
professional musiqi yaradıcılığının inkişafı yollarında mühafizəkar (konservator) fikirlərlə
mübarizə aparırdı.
F.Bədəlbəyli söyləyir: “Üzeyir Hacıbəylinin böyüklüyü milli musiqini yalnız yeni pilləyə
yüksəltməsi ilə sona çatmır, o, milli musiqini ümumbəşəri formalarla birləşdirmişdir. Məhz
bundan sonra Azərbaycan musiqisi dünya səhnəsinə çıxmışdır”.
Fərhad Bədəlbəylinin həmçinin müasir pianoçuluq məsələlərinə dair fikri də yerinə düşür:
“Məlum olduğu kimi, musiqi tarixi həm də ifaçılıq sənətinin qanunları üzrə inkişaf edir. XIX
əsrdə bir qayda-qanun üzrə, XX əsrdə isə tamamilə ayrıları əsasında ifa edirlər. Yəqin ki, XXI
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7820
əsrdə inkişaf daha yeni şəkildə davam edəcək... yeni üsul meydana çıxacaq: maksimum
professionalizm şəraitində minimum emosiyalar... Moskva konservatoriyasında bizi tamamilə ayrı
cür öyrədirdilər. O zamanlar “əsərin bütün dramaturgiyasını təkcə ağılla deyil, həm də ürəklə
yaşamaq tələb olunurdu”.
Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarına dair görüşlərini
respublikanın musiqi xadimləri ittifaqına və 1991-ci ildən Bakı Musiqi Akademiyasında rəhbərlik
etdiyi andan bəri həyata keçirməyə başlamışdır. Respublika üçün ağır illərdə, əhəmiyyətli siyasi
dəyişikliklər dövründə ali musiqi məktəbinə rəhbərlik edən Bədəlbəyli, tez bir zamanda və uğurla
qəbul planını təhsis edir və bununla da ixtisasların daha müntəzəm bölgüsünü tənzimləyir. Xalq
çalğı alətlərində muğam ifaçılığı kimi xüsusi fənn daxil edir, yeni kafedralar yaradır – “Dirijorluq
və orkestrləşdirmə”, “Orqan və klavesin”, “İncəsənət tarixi və nəzəriyyəsi”. Musiqi
Akademiyasının elm sahəsi də möhkəmlənir. Respublikada professional musiqi təhsilinin banisi
Üzeyir Hacıbəylinin ənənələrinə sadiq qalaraq, F.Bədəlbəyli Azərbaycan xalq musiqisinin
əsaslarının öyrənilməsi üzrə iki elmi laboratoriya açır. Onun rəhbərliyi altında praktik musiqi
pedaqogikası və təhsil metodikası sahələrində elmi fikir inkişafını tapır. Bakı Musiqi Akademiyası
nəzdindəki məktəb-studiyada yaradılan bir sıra tədqiqi və təcrübi-eksperimental iş nəticəsində
musiqi məktəbləri və texnikumlarının təlim-tərbiyə prosesində tətbiq olunan faydalı metodik
vəsaitlər və tövsiyələr meydana çıxır. Bunların içərisində Fərhad Bədəlbəylinin mənimlə birgə
həmmüəllif olduğu “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf
proqramı”nın tərtibi xüsusilə fərqlənir.
Fortepiano fakültəsində dərs alan tələbə-pianoçunun formalaşmasında F.Bədəlbəyli ən çox
“əsasların əsası” sayılan pianizmə xüsusi diqqət ayırır. Bu, ən əsas texnika üzrə yoxlama
tələblərində Çerni, Kramer və Klementinin təlimatlı etüdlərinin, Mendelsonun “Sözsüz
mahnılar”ında və Fildin noktürnlərində səs ifadəliliyinin aşkar edilməsi üçün F.Bədəlbəylinin
tətbiq etdiyi göstərişlərdə öz əksini tapır. Bu məqsədlər həyata keçirilərkən təhsil alan hər bir
pianoçunun “lakmus kağızı” kimi nöqsanlı və layiqli cəhətləri aşkarlanır. Müəllim, məhz bunları
nəzərə alaraq tələbə ilə gələcək iş prosesini qurur. Həmçinin müasir milli fortepiano musiqisinin
ifasında yoxlama sorğular vacib xarakter daşıyır.
Milli pianoçu sənətinin inkişafında F.Bədəlbəylinin rəhbərliyi ilə təşkil etdiyi yarışlar
xüsusi diqqət çəkir.
Öz səviyyəsinə (yüksək səviyyəli 49 iştirakçı), yaş həddinə (25 yaşa qədər) görə ən yaxşı
pianoçu adı ilə 1996-cı ildə keçirilən Respublika müsabiqəsini qeyd etmək olar. Artıq
müsabiqənin adı onun yüksək tələblərindən xəbər verir. Hər ifaçı həm klassik, həm də müasir
repertuarda özünü tam və hərtərəfli göstərməli idi. Müsabiqənin repertuarı virtuoz texniki sənəti,
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7821
geniş ifaçı palitrasını, müxtəlif əsərlərin və müxtəlif ölkə bəstəkarlıq məktəbi üslublarını aşkara
çıxarırdı. Burada çıxış edən ifaçıların tərkibi müsabiqənin yüksək professional səviyyəsi haqqında
fikir söyləməyə imkan verir ki, onlar içərisində keçmiş illərin respublika müsabiqələrinin
laureatları, hətta Beynəlxalq müsabiqələrin iştirakçıları var idi. Professor R.Quliyevin sədrliyi ilə
münsiflər heyəti birinci yer üçün 2 mükafatı təcrübə keçən assistent Yuri Sayutkinə və BMA-nın
V kurs tələbəsi Murad Adıgözəlzadəyə verir (hər ikisi professor F.Bədəlbəylinin sinfi).
1999-u ildə F.Bədəlbəyli daha bir müsabiqəni – “İlin yaxşı konsertmeysteri ” – təşkil edir
və keçirir. Müsabiqədə konsertmeyster ustalığı kafedrasının tələbələri ilə yanaşı Bülbül adına orta
ixtisas musiqi məktəbinin və Bakı musiqi kollecinin tələbələri də iştirak etmişlər. Çıxış edənlərin
qarşısında yüksək tələblərə baxmayaraq müsabiqə çox yüksək yaradıcı mərhələdə keçərək
istedadlı pianoçu konsertmeysterləri aşkar etmiş oldu. 1999-cu ilin ən yaxşı konsertmeysteri adına
Tamilla Quliyeva layiq görüldü (professor N.İbrahimbəyovun sinfi).
Və nəhayət, 2007-ci ildə ilk Azərbaycan pianoçusu xalq artisti, professor Kövkəb
Səfərəlibəyovanın anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən I Respublika müsabiqəsi
geniş ictimai rezonansa səbəb oldu. Yarısı məktəb-studiyanın şagirdləri və keçmiş yetirmələri olan
17 iştirakçı içərisində müsabiqə yeni istedadlı gənc pianoçuları aşkar etdi. F.Bədəlbəylinin sədrliyi
etdiyi nüfuzlu münsiflər heyəti laureat adını BMA-nın tələbələri Ayan Salahovaya və Zakir
Əsədova (O.Abasquliyev və Ş.Behbudovanın sinfi) təqdim etdilər. III mükafat L.M.Rostropoviç
adına musiqi məktəbinin şagirdi Z.Yusifliyə və BMA-nın nəzdində məktəb-studiyanın şagirdləri
Fəqan Həsənli və Nərgiz Kəngərliyə verildi. Müsabiqəyə onları professorlar O.Abasquliyev,
T.Seyidov, müəllimlər M.Tuayeva və A.Əliyeva çalışdırmışdılar.
Yeni, maraqlı musiqi layihələrində F.Bədəlbəylinin fəal iştirakını xüsusi qeyd etmək
lazımdır. Bunların içərisində dünya musiqi təcrübəsində analoqu olmayan elmi-ifaçılıq
konfransları və müsabiqələrini misal göstərmək olar. Artıq 35 ildən çoxdur ki, F.Bədəlbəyli
mənimlə birgə bu musiqi layihələrini əvvəlcə Respublika, sonra isə beynəlxalq səviyyədə həyata
keçirir.
Müsahibələrin birində Fərhad Bədəlbəyli aşağıdakıları söyləmişdir: “Hesab edirəm ki, hər
bir kəs vicdanla çalışsa, biz öz mənəvi həyatımızın yeniləşməsi və yaxşılaşdırılmasında çox
şeylərə nail olacağıq”. Fərhad Bədəlbəyli öz işini maksimal dərəcədə yerinə yetirir və inanır ki,
Azərbaycan incəsənətinin gələcəyi onun uzun əsrlər boyu davam edən şərəfli ənənələrinə layiq
olacaqdır.
Onun professional və musiqili-ictimai fəaliyyəti son illər ərzində yeni, beynəlxalq dərəcəyə
yüksəlmişdir. Hər ilin yay ayında Qəbələ şəhərində keçirilən Beynəlxalq klassik musiqi
festivalında bədii rəhbər və solist kimi böyük yaradıcılıq fəaliyyəti buna parlaq misalıdır. Festival
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7822
Heydər Əliyev fondunun təşəbbüsü və Azərbaycan mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə
təşkil olunmuşdur.
Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş orkestr və solistlər iştirak edir:
Londonun kral filarmonik orkestri, “Ranaana” İsrail simfonik orkestri, Yuri Başmetin rəhbərliyi
ilə “Yeni Rusiya” Dövlət simfonik orkestri, Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan dövlət
simfonik orkestri, Slaven filarmoniyasının “Tartini” kvarteti və başqaları.
Solo ifaçılar-dünya ulduzları: Denis Matsuyev, Boris Beryuzovski, Anna Samuil, Oksana
Yablonskaya, Vadim Repin, Alyona Bayeva, Dmitri Yablonski, Fərhad Bədəlbəyli, Murad
Adıgözəlzadə, Vyaçeslav Voynarovski, Şlomo Mints, Sergey Leyferkus, Masimiliano Pisaniya və
başqaları.
Hər iki ildən bir festival çərçivəsində beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Qəbələ
festivalı və müsabiqəsinin iştirakçıları avropa, rus və azərbaycan musiqisini ifa edirlər. Dünya
şöhrətli musiqiçilər ustad dərsləri keçirirlər.
Qəbələ festivalı dünya musiqi həyatında mühüm hadisəyə çevrilmişdir. Dünyanın aparıcı
televiziya kanallarından biri olan “Euronews”da onun ətraflı işıqlandırılması Azərbaycan musiqisi,
ənənələri və mədəniyyətinə artan böyük maraqdan bəhs edir.
Bu isə musiqiçi, ifaçı, təşkilatçı və ictimai xadim F.Bədəlbəylinin əsas məqsədlərindən
biridir. O, tez-tez bu sözləri təkrarlayır: ”Bizim incəsənətimiz, gənc istedadlarımız,
mədəniyyətimiz əldə silaha çevrilməlidir, biz məhz belə silahlarla mübarizə apararaq çox şeylərə
nail ola bilərik”. Mədəniyyət “cəbhəsində” gedən bu mübarizə bir an belə səngimək bilmir. Bu
mübarizə bəzən bir çox siyasi aksiyalardan daha əhəmiyyətli və vacibdir.
2016-cı ilin yazında F.Bədəlbəylinin ABŞ-na olan qastrol səfərləri bir daha bunları sübut
edir. Florida ştatının müxtəlif şəhərlərində tam anşlaq keçən 17 konsert nəinkı böyük musiqili,
həm də böyük siyasi rezonans əldə etmişdir.
Bütün çıxışlarında F.Bədəlbəyli Ş.Prokofyevin I konserti ilə birgə müasir rus bəstəkarı
Aleksandr Çaykovskinin xüsusi Qəbələ festivalı üçün yazılmış və ilk dəfə 2012-ci ildə
F.Bədəlbəyli, Y.Başmet, S.Paşazadə və Dmitri Yablonski tərəfindən ifa edilən “Xocalıya həsr
edilmiş Rekviem” əsərini daxil etmişdir.
Amerika qastrol səfərlərinin təşkilatçıları ilə uzun sürən danışıqlardan sonra F.Bədəldəyli
Yerusəlim simfonik orkestrin müşayiəti ilə səslənən “Xocalıya həsr edilmiş rekviyem”dən əvvəl
azərbaycan xalqının faciəsi haqqında müəyyən məlumatların verilməsinə nail olmuşdur və ABŞ-
da yaşayan insanlar bu haqda məlumatlanmışlar.
Heydər Əliyevin söylədiyi “Bu amansız və qəddar soyqırım bəşəriyyətin dəhşətli
faciələrindən biridir” – sözləri amerika musiqi mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur ki,
MUSİQİ DÜNYASI ____________________________________________________3 (72), 2017
7823
bu da F.Bədəlbəylinin böyük xidmətlərindən biridir. Bu, mədəniyyət “cəbhəsində”
qəhrəmanlıqdır. Amerika qastrol səfərlərindən sonra – yenə doğma Bakı şəhərində, rəhbərlik
etdiyi BMA-da çıxışlar və yenə növbəti Qəbələ festivalı və müsabiqəsinə hazırlıq, yenə rektor,
təşkilatçı, ifaçı və müəllim kimi fasiləsiz çalışmalar.
Fərhad Bədəlbəyli Azərbaycanın bədii həyatında xüsusi yer tutur. Artıq erkən gənclik
dövründə F.Bədəlbəyli milli incəsənətimizə yol açanlardan biri kimi daxil olmuşdur ki, məhz o,
pianoçuların nüfuzlu beynəlxalq müsabiqələrində laureat adı almış ilk azərbaycan musiqiçisi
olmuşdur. Lakin bu, başlanğıc, istinad nöqtəsi idi. Sonra çox sürətli yaradıcı yüksəliş baş verir ki,
bura da zəngin zəkalı F.Bədəlbəyli şəxsiyyətin yeni-yeni imkanları aşkarlanır və meydana çıxırdı.
O, bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsidir və onun fəaliyyətində
yaradıcılıq və təşkilatçılıq işi, maarifçilik və pedaqogika bir-biri ilə sıx vəhdət təşkil edir. Onun
yaradıcılıq coşğusu, inadkarlığı, məqsədyönlülüyü gənc nəslə mənsub musiqiçilər üçün bariz
nümunədir.
Dostları ilə paylaş: |