Microsoft Word Sosial-siyasi №1, 2011. doc



Yüklə 87,07 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü87,07 Kb.
#27710


 

 

88



 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1      

 

Sosial-siyasi elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 342; 321; 323 

PARLAMENT NƏZARƏTİNİN NƏZƏRİ ƏSASLARINA DAİR 

 

Q.S.ƏLİBƏYLİ 

Bakı Dövlət Universiteti  

G_alibeyli@Yahoo.com 

 

Məqalədə qeyd edilir ki,  parlament nəzarətinin nəzəri əsaslarını xalq hakimiyyəti və 



hakimiyyətlərin bölünməsi prinsipindən irəli gələn müddəalar təşkil edir. Belə ki, qanunverici-

lik hakimiyyətini həyata keçirən parlament xalq təmsilçiliyi (nümayəndəliyi) əsasında forma-

laşdığı üçün həm də icra hakimiyyətini tarazlaşdıran və çəkindirən başlıca vasitə kimi  fəaliy-

yət göstərməli, bunun üçün zəruri olan hüquqi mexanizm və səlahiyyətlərə malik olmalıdır.  

 

Açar sözlər: qanunvericilik hakimiyyət, icra hakimiyyəti, parlament nəzarəti, xalq 

hakimiyyəti, xalq təmsilçiliyi, hakimiyyətlərin bölünməsi 

 

Nəzarət müasir parlamentlərin qanunvericiliklə yanaşı  əsas funksiyala-



rından biridir. Demək olar ki, bütün müasir parlamentlər bu və ya digər dərə-

cədə başqa  dövlət orqanlarının, ilk növbədə icra hakimiyyəti orqanlarının 

fəaliyyətinə  nəzarət funksiyasına və  həmin funksiyanın həyata keçirilməsi 

üçün zəruri olan səlahiyyətlərə malikdirlər.  

Müasir parlamentlərin nəzarət funksiyasının nəzəri əsaslarını xalq haki-

miyyəti və parlamentin təbiəti, bu orqanın dövlət orqanları sistemində  yeri və 

rolu barədə hakimiyyətlərin bölünməsi prinsipindən irəli gələn müddəalar 

təşkil edir.  

Parlament nəzarətinin bu təbiəti ilə bağlı bəzi məsələlərə ümumi şəkildə 

XVII-XVIII əsrlərdə C.Lokk, J.J.Russo, Ş.Monteskye və digər mütəfəkkirlərin 

əsərlərində xalq suverenliyi və hakimiyyətlər bölgüsü baxımından qanunveri-

cilik və icra hakimiyyəti orqanlarının qarşılıqlı münasibətləri kontekstində 

toxunulmuşdur.  

Ş.Monteskye «Qanunların ruhu haqqında»  əsərində qeyd edirdi ki, nü-

mayəndəli məclis (yəni parlament) qanunları yaratmaq və  həmin qanunlara 

yaxşı riayət olunmasına nəzarət etmək üçün seçilməlidir; həmin işləri nüma-

yəndəli məclis çox yaxşı yerinə yetirə bilər. O, daha sonra yazırdı ki, azad 

dövlətdə qanunvericilik hakimiyyət yaratdığı qanunların necə icra olunmasına 

baxmaq hüququna malikdir və baxmalıdır (11, 293-296). 

J.J.Russo «İctimai müqavilə» əsərində hesab edirdi ki, dövlətin yaradıl-




 

 

89



ması zamanı ictimai müqavilə  nəticəsində bir tərəfdən qanun, digər tərəfdən 

isə həmin qanunu yaradan orqan kimi çıxış edən ümumi iradə də formalaşdırı-

lır. Bu ümumi iradəni realizə edən orqan isə qabaqcadan görünməmiş hallar 

baş verdikdə çağırılan fövqəladə yığıncaqlar və qanuna əsasən müəyyən gündə 

və müəyyən formada çığırılan müntəzəm yığıncaqlardır. O, belə yığıncaqlara 

bütün xalqın çağırılmasını təklif edirdi ki, bunun da nəticəsində bütün xalqın 

iradəsini ifadə edən orqan dövlətdə üstün olur. Ona görə  də suverenin haki-

miyyətindən kənara çıxmağa daim can atan hökumət hakimiyyətini dayandır-

mağın ən sadə üsulu onu  bütün xalqın nəzarəti altına almaqdır. Belə ki, xalqın 

suveren orqan kimi yığışdığı  təqdirdə hökumətin hər cür yurisdiksiyasına 

xitam verilir (12, 35, 80).  

Göründüyü kimi, J.J.Russo xalqın qanunverici orqan tərəfindən həyata 

keçirilən ali hakimiyyətinin vahidliyi ideyasını  əsaslandırır ki, bu da öz 

növbəsində qanunverici hakimiyyətin icra hakimiyyəti üzərində  nəzarətini 

şərtləndirir. Hüquq ədəbiyyatında söylənilmiş belə bir fikri əsaslı saymaq olar 

ki, bu ideyalar müasir dualist və parlamentli idarəetmə formalarının  əsasını 

təşkil edir (7,  510). 

Müasir anlamda xalq hakimiyyəti bütün hakimiyyətin xalqa məxsuslu-

ğunu və  həmin hakimiyyətin xalq tərəfindən öz suveren iradəsinə  və köklü 

maraqlarına tam uyğun olaraq sərbəst həyata keçirilməsi deməkdir. Xalq 

hakimiyyəti dövlət hakimiyyətinin xalq tərəfindən təşkil edilməsi, 

legitimləşdirilməsi və ona nəzarət edilməsini nəzərdə tutur (6, 131). Xalq 

hakimiyyəti bilavasitə referendum yolu ilə  və ya nümayəndəli demokratiya 

vasitəsilə  həyata keçirilir. Nümayəndəli demokratiyanın  əsas formalarından 

biri isə parlamentdir.  

Parlamentin əsas xüsusiyyəti onun nümayəndəli təbiətidir, xalqın təmsil-

çiliyinə əsaslanmasıdır. Yəni parlament bütün xalqın maraqlarının və iradəsi-

nin təmsilçisi kimi çıxış edir. Klassik fransız hüquqşünas alimi Dyuqinin qeyd 

etdiyi kimi, parlament millətin təmsilçilik orqanıdır. (4, 416). Müasir elmi ədə-

biyyatda xalq nümayəndəliyi konsepsiyası  aşağıdakı prinsiplərin məcmusu 

kimi şərh olunur: 1) xalq nümayəndəliyi konstitusiya ilə təsis olunur; 2) suver-

enliyin daşıyıcısı kimi xalq parlamentə onun adından qanunvericilik hakimiy-

yətini həyata keçirmək səlahiyyəti verir; 3) qanunvericilik hakimiyyətini həya-

ta keçirmək məqsədilə xalq öz nümayəndələrini parlamentə seçir; 4) parlament 

üzvləri yalnız onları seçən şəxsləri deyil, bütün xalqı təmsil edirlər və buna görə 

də seçicilərdən asılı deyil və onlar tərəfindən geri çağırıla bilməzlər (7, 512). 

Parlament bilavasitə xalq tərəfindən seçilən nümayəndəli orqan kimi 

xalqı  təmsil edir, xalqa məxsus olan dövlət hakimiyyətinin bir hissəsini – 

qanunvericilik hakimiyyətini həyata keçirir. Başqa sözlə, parlament xalq 

tərəfindən seçilməklə dövlət hakimiyyətinin yeganə  mənbəyi olan xalqdan 

onun iradəsini təmsil və ifadə etmək və  həmin iradəyə  əsaslanaraq qanunlar 

qəbul etmək yolu ilə qanunvericilik hakimiyyətini həyata keçirməyə mandat 




 

 

90



alır. Bu mandat bütövlükdə dövlət hakimiyyətinin deyil, yalnız onun bir hissə-

sinin həyata keçirilməsini nəzərdə tutur. Belə ki, parlament digər hakimiyyət 

orqanlarının səlahiyyətlərinə aid olan məsələləri həll edə bilməz, hərəkətləri 

həyata keçirə bilməz.  

Lakin xalqı təmsil edən və onun iradəsini ifadə edən orqan olmaq etiba-

rilə parlament qəbul etdiyi qanunların həyata keçirilməsi ilə məşğul olan digər 

dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə, yəni digər hakimiyyətlərin necə 

həyata keçirilməsinə biganə qala bilməz. Ona görə də, parlamentin digər haki-

miyyət orqanlarının, ilk növbədə icra hakimiyyətinin həyata keçirilməsinə nəza-

rət funksiyası xalq hakimiyyətinin real təmin olunması baxımından zəruridir. Bu 

funksiya xalq suverenliyinin mahiyyəti və xalq hakimiyyətinin təbiətindən, 

qanunvericilik hakimiyyəti orqanının nümayəndəli xarakterindən irəli gəlir. 

Beləliklə, müasir parlament xalqın suveren iradəsinin ifadə edən ali 

nümayəndəli orqan kimi, qanunvericilik hakimiyyətini həyata keçirir, yəni ən 

mühüm ictimai münasibətləri başlıca olaraq qanunların qəbulu yolu ilə 

nizamlayır, digər dövlət orqanlarını formalaşdırır və ya onların formalaşdırıl-

masında iştirak edir, icra hakimiyyəti orqanlarının, bəzi hallarda isə digər döv-

lət orqanlarının, habelə bir sıra ali vəzifəli şəxslərin fəaliyyətinə nəzarət edir. 

Başqa sözlə, qanunvericilik hakimiyyətinin nümayəndəli xarakteri xal-

qın mandatı əsasında parlamentin qəbul etdiyi qanunların yerinə yetirilməsinə 

onun nəzarət etmək hüququnu şərtləndirir. Parlamentin icra hakimiyyəti 

orqanlarının fəaliyyətinə nəzarət hüququnun olmaması xalqın iradəsinə əsasla-

nan və onun mənafelərini ifadə edən qanunların qismən, yalnız icra hakimiy-

yətinin maraqlarına uyğun olan hissədə yerinə yetirilməsinə  gətirib çıxara 

bilər. Bu da öz növbəsində icra hakimiyyətinin xalqın iradəsindən kənara 

çıxması və xalq hakimiyyətinin real təmin olunmamağı ilə nəticələnə bilər. 

Şərh olunan məsələyə bu baxımdan yanaşmaqla parlament nəzarəti icra 

hakimiyyəti üzərində bütün cəmiyyətin ictimai nəzarətinin bir forması kimi də 

qiymətləndirilə bilər. Rus alimi B.N.Çiçerin vaxtilə parlament nəzarətini xalq 

hakimiyyəti ideyasından irəli gələn ictimai nəzarətin forması kimi şərh edirdi. 

Onun fikrincə xalq nümayəndəliyinin dövlətə  gətirdiyi fayda ictimai rəyin 

sərbəst təzahürü ilə  məhdudlaşmır.  İctimai rəyin xalqın iradəsinin ifadəsinə 

çevrilməsi, vətəndaşların dövlətin idarə olunmasında iştirakı daha mühümdür. 

Hökumət təkcə ictimai rəyi eşitmir, həm də onunla hesablaşır. Bu üsulla 

cəmiyyətin dövlət idarəetməsi üzərində  həqiqi nəzarəti müəyyən olunur və 

belə nəzarət çox faydalıdır. Hakimiyyət onu çəkindirən vasitələrlə daha az üz-

üzə gələrsə, insan təbiəti ilə qırılmaz şəkildə bağlı olan şəxsi baxışlar ictimai 

işlərin idarə olunmasında daha asan təzahür edər.  İdarə edənlərə  nəzarəti 

həyata keçirən və hamının maraqlarını  təmsil edən məclisin hüquqları bu 

bəlaya qarşı ən yaxşı əks vasitədir (18, s. 40-41). 

Qeyd etmək lazımdır ki, siyasi-hüquqi ədəbiyyatda parlament nəzarəti-

nin zəruriliyi nəzəri cəhətdən həm də parlamentin aliliyi prinsipi ilə də əlaqə-




 

 

91



ləndirilir.  Əsasən XVIII əsrin siyasi-hüquqi doktrinalarında formalaşmış 

parlamentin suverenliyi və ya parlamentin aliliyi prinsipi xalq hakimiyyətinin 

real təmin olunması, parlamentin nümayəndəli  xarakteri və hakimiyyətlərin 

bölünməsi nəzəriyyəsi  ilə əlaqədardır. 

C.Lokk «İdarəetmə haqqında iki traktat» əsərində xalqın iradəsinin ifa-

dəçisi kimi qanunvericilik hakimiyyətinin aliliyini, icra hakimiyyətinin qanun-

vericilik hakimiyyəti qarşısında hesabat verməsi və sonuncunun iradəsi ilə 

dəyişdirilə bilməsini siyasi cəhətdən əsaslandıraraq qeyd edirdi ki, öz əsasına 

söykənən və öz təbiətinə uyğun fəaliyyət göstərən konstitusion dövlətdə yalnız 

bir ali hakimiyyət olmalıdır ki, bu da məhz qanunvericilik hakimiyyətidir, 

qalan bütün hakimiyyətlər ona tabe olmalıdır. O, hesab edirdi ki, qanunlar 

daimi və sabit qüvvəyə malik olduqları üçün, onların fasiləsiz icra olunmasına 

və bu icraya nəzarət olunmasına ehtiyac yaranır; ona görə  də qanunların 

icrasına nəzarət edən hakimiyyətin daimi mövcudluğu zəruridir (9, 344-347). 

Alman filosofu İ.Kanta görə xalqın birləşmiş iradəsini ifadə etdiyi üçün 

qanunvericilik hakimiyyətinin aliliyi ideyası qəbul edilməlidir (5, 234). 

Parlamentin aliliyi Böyük Britaniyada və parlamentli respublikaların bir 

çoxunda geniş yayılmışdır. İngilis hüquq doktrinasına görə parlamentin aliliyi 

prinsipinin mahiyyətini xalq tərəfindən seçilən səlahiyyətli nümayəndəli orqan 

olmaq etibarilə parlament qanunların yaradılması, təsdiq edilməsi, onlara əlavə 

və dəyişikliklər edilməsi, onların ləğv edilməsi, bərpa olunması, şərh edilməsi 

məsələlərində suveren, məhdudiyyətsiz və nəzarət edilməz hakimiyyətə malik 

olması təşkil edir.  

Klassik ingilis hüquqşünas alimi A.V.Daysinin fikrincə parlamentin ali-

liyi prinsipi onu göstərir ki, parlament bütün mümkün qanunları qəbul etmək 

və  ləğv etmək hüququna malikdir; parlamentin qanunvericilik aktlarını poz-

maq və ya icra etməmək hüququ qanunla heç kim və heç bir təsisat üçün tanın-

mır (3, 29). Digər ingilis alimləri də parlamentin aliliyi prinsipini oxşar şəkildə 

izah edirlər. Məsələn, E.Ueyd və Q.Filips hesab edir ki, parlamentin aliliyi 

aşağıdakıları nəzərdə tutur: 

1) qanunvericiliyin aliliyi (yəni parlamentdən başqa heç kim qanunlar 

qəbul etmək hüququna malik olmamalıdır; qanunlar isə öz hüquqi qüvvəsinə 

görə hakimiyyət orqanlarının istənilən digər normativ-hüquqi aktlarından üs-

tün olmalıdır); 

2) dövlət büdcəsini təsdiq etmək və vergiləri müəyyənləşdirmək hüququ; 

3) hökumətin parlament qarşısında kollektiv məsuliyyəti; 

4) hakimləri təyin etmək hüququ; 

5) rəqabət aparan digər oxşar hakimiyyətin olmaması (15, 70). 

Başqa sözlə, parlamentin aliliyi prinsipi parlamentin qeyri-məhdud 

qanunvericilik hakimiyyətinə və parlamentin hakimiyyətinə bərabər hər hansı 

digər qanunvericilik hakimiyyətinin olmamağına, eyni zamanda parlamentin 

ali hakimiyyətini məhdudlaşdıran hüquqi məhdudiyyətlərin yoxluğuna əsasla-




 

 

92



nır. Müasir ingilis tədqiqatçısı P.Bromxedin qeyd etdiyi kimi, qanunvericilik 

aktlarının məzmununa münasibətdə heç bir konstitusiya məhdudiyyəti, hər 

hansı qanunun qəbuluna heç bir maneə mövcud deyil (2, 199). 

Beləliklə, parlamentin aliliyi prinsipinə müasir yanaşmaya görə parla-

ment bütün xalqı təmsil edən ali nümayəndəli orqan kimi heç bir məhdudiyyət 

olmadan qanunvericilik hakimiyyətini  həyata keçirir, xalqın iradəsini qanun-

vericilik şəklində ifadə edərək ictimai həyatın daha mühüm tərəflərinə aid olan 

normaları müəyyən edir, hökuməti formalaşdırır, hökumətin siyasətini müəy-

yən edir və hökumətin parlament qarşısında ciddi siyasi məsuliyyəti əsasında 

onun fəaliyyətinə nəzarət edir. 

Parlamentin aliliyi prinsipi müasir rus hüquq nəzəriyyəçi alimlərinin 

bəziləri tərəfindən parlament (qanunvericilik) hakimiyyətinin aliliyi kimi 

qəbul olunur. Məsələn, rus alimi L.İ. Spiridonov hesab edir ki, parlamentarizm 

prinsipi ölkədə parlament hakimiyyətinin aliliyini təmin edir; belə ki, yalnız 

parlament xalqdan dövlət hakimiyyətinin daşıyıcısı olmaq mandatını əldə edir 

(14, 71-72). Hüquqşünas alimlərdən V.N.Xropanyuk və M.N.Marçenko da 

onunla eyni mövqedən çıxış edirlər. V.N.Xropanyuka görə qanunvericilik 

hakimiyyəti alidir, lakin bu, mütləq xarakter daşımır (17, 84). M.N.Marçenko 

hesab edir ki, hakimiyyətlərin bölünməsinin ümumi postulatları arasında 

qanunvericilik hakimiyyətin aliliyi xüsusi qeyd olunmalıdır; bu, digər haki-

miyyətlərin nisbi müstəqilliyinə  və mövcud fəaliyyət hədlərinə baxmayaraq 

daim saxlanılır (10, 306). Azərbaycanın hüquq ədəbiyyatında da qeyd olunur 

ki, hakimiyyətlər bölgüsü konsepsiyasına müvafiq olaraq dövlət hakimiyyəti 

budaqları arasında birincilik qanunvericilik hakimiyyətə məxsusdur. Hakimiy-

yətin icra və məhkəmə budaqlarının öz fəaliyyət sahəsi olsa da onlar qanunun 

adından və onun icrası naminə fəaliyyət göstərirlər (1, 312). 

Qanunvericilik hakimiyyətinin aliliyi haqqında danışarkən bir məsələni 

qeyd etməyi vacib sayırıq. Qanunvericilik hakimiyyətinin aliliyi heç də onun 

digər hakimiyyətlərə nisbətən mütləq üstünlüyü demək deyildir. Hakimiyyət-

lərin bölünməsi nəzəriyyəsi heç bir hakimiyyətin mütləq üstünlüyü fikri ilə bir 

araya sığmır; bu nəzəriyyə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin 

bir-birinə münasibətdə  bərabərliyinə  əsaslanır. Buna görə  də, hər hansı bir 

hakimiyyətin mütləq üstünlüyünün qəbul edilməsi hakimiyyətlər arasında 

tarazlığın pozulmasına gətirib çıxarır ki, bu da qeyd etdiyimiz kimi hakimiy-

yətlərin bölünməsi nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. 

Fikrimizcə, qanunvericilik hakimiyyətin aliliyi prinsipini belə başa düş-

mək lazımdır ki, dövlət hakimiyyətinin yeganə mənbəyi olan xalq tərəfindən 

formalaşdırılan nümayəndəli orqan olmaq etibarilə parlament xalqın iradəsinin 

ifadə olunmasında və bu iradəyə əsaslanan qərarların qəbul olunmasında digər 

hakimiyyət orqanlarına nisbətən üstünlüyə malikdir. Yəni parlamentin aliliyi 

ilk növbədə onun qanunvericilik hakimiyyəti həyata keçirməkdə üstün hüquq-

lara malik olması ilə əlaqədardır.  




 

 

93



Yuxarıda qeyd etdiyimiz kimi, parlamentin aliliyi əsasən ingilis hüquq 

doktrinasında və parlamentli respublika idarəetmə formasına malik bir sıra öl-

kələrdə geniş yayılmışdır. Prezidentli və yarımprezidentli respublikaların hü-

quq sistemində bu prinsip ya ümumiyyətlə qəbul olunmur, yaxud da qanunve-

ricilik hakimiyyətinin yalnız parlament tərəfindən həyata keçirilməsi şəklində 

qəbul olunur.  

Şərh olunanlara əsasən parlamentin (və yaxud qanunvericilik hakimiyyə-

tinin) aliliyi prinsipinin parlament nəzarətinin nəzəri  əsası kimi qəbul olun-

masını  məqsədəuyğun hesab etmirik. Parlamentin aliliyi prinsipi mahiyyət 

etibarilə xalq hakimiyyətindən və qanunverici orqanın nümayəndəli təbiətin-

dən irəli gəldiyi üçün parlament nəzarətini  əsaslandırmaq üçün ümumnəzəri 

baxımdan müstəqil əhəmiyyətə malik deyil. Fikrimizcə, bu prinsip ümumnəzə-

ri baxımından parlament nəzarətinin xalq hakimiyyətinin təbiəti və parlamen-

tin nümayəndəli (təmsilçi)  xarakteri ilə  şərtlənməsini bir daha təsdiq edir. 

Eyni zamanda ayrı-ayrı ölkələrin hüquq doktrinasında parlamentin aliliyi 

prinsipinin qəbul edildiyi və bunun da həmin ölkələrdə parlament nəzarətinin 

təşkili və hüquqi nizamlanması  xüsusiyyətlərinə müəyyən təsir göstərdiyi 

nəzərə alınmalıdır.   

Belə ki, parlamentin aliliyi prinsipi qəbul olunan ölkələrdə (qeyd 

olunduğu kimi bu ölkələrin sırasına ilk növbədə parlamentli monarxiyalar və 

parlamentli respublikalar aiddir) parlament nəzarətinin əhatə dairəsi və həmin 

sahədə qanunvericilik hakimiyyəti orqanının səlahiyyətləri daha geniş, həyata 

keçirilmə formaları daha müxtəlifdir. Parlamentin aliliyinin qəbul olunmadığı 

ölkələrdə isə (buraya ilk növbədə prezidentli və yarımprezidentli respublikalar 

aiddir) parlament nəzarətinin  əhatə dairəsi, həyata keçirilmə formaları  və bu 

sahədə parlamentin səlahiyyətləri nisbətən məhdud xarakter daşıyır. Başqa 

sözlə,  parlament nəzarətinin əhatə dairəsi və təsiri idarəetmə formasından və 

dövlət hakimiyyətinin təşkili mexanizmdən asılı olaraq müxtəlif ola bilər. 

Parlament nəzarətinin zəruriliyi nəzəri baxımdan həmçinin hakimiyyət-

lərin bölünməsi prinsipinin müddəaları ilə də şərtlənir. Hakimiyyətlərin bölün-

məsi ideyası öz ilkin köklərini antik dövrlərdən götürür. Təbii-hüquq nəzəriy-

yələrinin meydana çıxması ilə əlaqədar olaraq hakimiyyətlərin bölünməsi ide-

yası da xeyli inkişaf etdirilmiş və mükəmməl hüquqi-siyasi təlim kimi forma-

laşmışdır. Hakimiyyətlərin bölünməsinin müasir nəzəriyyəsinin  əsasları 

C.Lokk və Ş.Monteskye tərəfindən qoyulmuşdur. 

C.Lokk hesab edirdi ki, əsas insan hüquqlarının təmin edilməsi məqsə-

dilə siyasi hakimiyyəti məhdudlaşdırmaq və müəyyən çərçivəyə salmaq 

lazımdır ki, buna da nail olmağın mühüm vasitələrindən biri hakimiyyətlərin 

bölünməsidir, yəni icra hakimiyyəti qanunvericilik hakimiyyətindən ayrılmalı, 

qanunvericilərin özləri isə müəyyən etdikləri qanunlara tabe olmalıdırlar. Daha 

sonra o, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı əlaqə və 

təsiri prinsiplərini hazırlamış  və hakimiyyətlərin bölünməsi mexanizmində 




 

 

94



qanunvericilik hakimiyyətinə üstünlük vermişdir; qalan hakimiyyətlər qanun-

vericilik hakimiyyətinə münasibətdə tabe vəziyyətdədirlər, lakin passiv olma-

yıb ona aktiv təsir göstərirlər.  

Ş.Monteskye isə hakimiyyətlərin bölünməsi mexanizmində qarşılıqlı 

tarazlaşdırma və çəkindirmə sisteminin müəyyən edilməsini məntiqi cəhətdən 

tamamlayaraq başa çatdırmışdır. O, hesab edirdi ki, hakimiyyətlər özlərinə 

məxsus hüquqi vasitələrlə dövlət vəzifələrini müstəqil həll etməli, hansısa bir 

idarə  tərəfindən ali hakimiyyət səlahiyyətlərinin mənimsənilməsi imkanını 

aradan qaldıraraq bir-birini tarazlaşdırmaları üçün onların qarşılıqlı münasibət-

ləri dəqiq  müəyyən edilməlidir. Belə ki, … hökumət idarəetmə fəaliyyəti ilə 

bağlı parlamentə hesabat verməli, qanunverici orqan qanunların icrasına nəza-

rət etməlidir. 

Göründüyü kimi, klassik yanaşmaya görə, hakimiyyətlərin bölünməsi 

prinsipi ona əsaslanır ki, dövlətin normal fəaliyyət prosesini təmin etmək üçün 

bir-birinə münasibətdə nisbi müstəqilliyə malik olan 3 hakimiyyət mövcud 

olmalıdır – qanunvericilik, icra və məhkəmə hakimiyyətləri. Bu hakimiyyətlər 

biri digərinə tabe olmayıb  bərabərdirlər və heç bir hakimiyyət mütləq 

üstünlüyə malik deyil. Hər üç hakimiyyət eyni bir mərkəzdən idarə oluna 

bilməz və onların hər biri dövlətin ayrıca strukturları vasitəsilə  həyata 

keçirilməlidir. Belə ki, qanunvericilik hakimiyyətini xalq tərəfindən seçilən  

parlament, icra hakimiyyətini hökumət, məhkəmə hakimiyyətini isə müstəqil 

məhkəmələrlə  həyata keçirməlidir. Hər üç hakimiyyət öz səlahiyyətləri 

çərçivəsində müstəqildir qarşılıqlı  əlaqədə  fəaliyyət göstərir. Qanunvericilik, 

icra və məhkəmə hakimiyyətləri hüquqla məhdudlaşır və hər hansı hakimiyyə-

tin özbaşınalıqlarının və qanunsuz hərəkətlərinin qarşısının alınması üçün on-

lar arasında qarşılıqlı tarazlaşdırma və çəkindirmə sistemi mövcud olmalıdır. 

Qeyd etmək lazımdır ki, hakimiyyətlərin bölünməsi prinsipi dövlət haki-

miyyətinin mahiyyəti, onun təşkilinin üsul və formaları, dövlət orqanlarının 

qarşılıqlı təsir mexanizmi, siyasi sistemin fəaliyyəti haqqında təlimin hazırlan-

masına, suverenlik, demokratiya, xalq nümayəndəliyi, parlamentarizm proble-

mi və konstitusiya hüququnun digər prinsipial məsələlərinin tədqiqinə böyük 

təsir göstərmişdir. Bu prinsip dövlət-hüquqi təcrübə baxımından ilk dəfə ABŞ 

Konstitusiyasında tətbiq olunmuşdur. Müasir dövrdə hakimiyyətlərin bölün-

məsi bir sıra konstitusiyalarda bilavasitə  təsbit olunur, əksər dövlətlərdə isə 

dövlət hakimiyyətinin təşkilinin  əsas prinsipi kimi götürülür. Lakin hər bir 

dövlətdə bu prinsipin tətbiqinin müəyyən özünəməxsus xüsusiyyətləri vardır. 

Alman tədqiqatçısı Hessenin qeyd etdiyi kimi, hakimiyyətlərin bölünməsi 

prinsipi heç bir yerdə təmiz şəkildə tətbiq edilməmişdir (16, 276-277).  

Bütövlükdə hakimiyyətlərin bölünməsi müasir demokratik dövlətin mü-

hüm  əlamətlərindən olub qanunvericilik, icra və  məhkəmə hakimiyyətlərinin 

bir  əldə  cəmləşməsi, bir mərkəzdən idarə olunmasını istisna edir, müxtəlif 

dövlət orqanlarının funksiya, səlahiyyət və  məsuliyyətlərini dəqiq müəyyən 




 

 

95



etmək, dövlət orqanlarının konstitusiya əsasında bir-birlərinə nəzarət imkanla-

rını təmin etmək və hakimiyyətdən sui-istifadə ilə səmərəli mübarizə aparmaq 

zərurəti ilə şərtlənir (13, 16) 

Bu baxımdan yanaşdıqda hakimiyyətlər bölgüsü prinsipi obyektiv olaraq 

nümayəndəli qanunvericilik hakimiyyət orqanının icra hakimiyyəti üzərində 

nəzarəti həyata keçirmək funksiyasını  şərtləndirir. Yəni qanunvericilik 

hakimiyyətini həyata keçirən parlament xalq təmsilçiliyi (nümayəndəliyi) 

əsasında formalaşdığı üçün həm də icra hakimiyyətini tarazlaşdıran və çəkin-

dirən başlıca vasitə kimi  fəaliyyət göstərməli, bunun üçün zəruri olan hüquqi 

mexanizm və  səlahiyyətlərə malik olmalıdır.  İcra hakimiyyətinin tarazlaşdır-

maq və  çəkindirmək sahəsində parlamentin əsas vasitəsi isə  nəzarət 

fəaliyyətidir. Məhz nəzarət fəaliyyətinin köməyi ilə parlament icra hakimiyyəti 

orqanlarını qanunsuz hərəkətlərdən çəkindirir və son nəticədə qanunvericilik 

və icra hakimiyyətləri arasında tarazlıq əldə olunur. 

Nəzərə almaq lazımdır ki, hakimiyyətlər bölgüsü prinsipi parlament 

nəzarətinin müəyyən hüdudlar daxilində həyata keçirilməsini şərtləndirir. Yəni 

parlament nəzarəti qeyri-məhdud xarakter daşımır və yalnız müəyyən hüdud-

larda həyata keçirilə bilər. Parlament nəzarətinin həyata keçirilməsinin hüdud-

ları ilk növbədə icra və məhkəmə hakimiyyəti orqanlarının  səlahiyyətləri ilə 

məhdudlaşır ki, qanunvericilik hakimiyyəti heç bir halda həmin səlahiyyətlərə 

müdaxilə edə bilməz. 

Parlament nəzarətinin mahiyyətinə aid müasir elmi ədəbiyyatda nəzəri 

cəhətdən parlament nəzarətini  şərtləndirən başqa bir amil haqqında da qeyd 

olunur. Hesab olunur ki, parlament nəzarəti həmçinin qanunvericilik hakimiy-

yətinin özünümüdafiə xüsusiyyətlərindən irəli gəlir (8). 

Fikrimizcə, parlament nəzarətinin nəzəri  əsaslarına dair sonuncu fikir 

mübahisəli xarakter daşıyır. Belə ki, doğrudan da hər bir hakimiyyət özünü-

müdafiə mexanizminə malikdir və bu mexanizm müəyyən səlahiyyətlər vasitə-

silə reallaşır. Həmin mexanizm və onları reallaşdıran səlahiyyətlər digər haki-

miyyətlərin sui-istifadəsinin və müdaxiləsinin qarşısını almağa yönəldilib. 

Parlament nəzarəti özünümüdafiə sahəsində qanunvericilik hakimiyyət orqanı-

nın imkanında olan əsas hüquqi mexanizmdir. Qanunvericilik hakimiyyət 

orqanı ilk növbədə parlament nəzarətinin vasitəsilə özünü icra hakimiyyətinin 

onun səlahiyyətlərinə müdaxiləsindən və sui-istifadəsindən qoruya bilir. Həm 

də bu zaman parlament nəzarətinin gedişində hər hansı pozuntu, sui-istifadə və 

müdaxilə halları, habelə belə hallara yol aça biləcək başqa amillər aşkara 

çıxarıldıqda digər müdafiə mexanizmləri də işə düşə bilər. 

Lakin hakimiyyətlərin bölünməsi kontekstindən yanaşdıqda hakimiyyət-

lərin özünümüdafiə mexanizmləri və həmin mexanizmləri reallaşdırmaq üçün 

zəruri olan səlahiyyətlər qarşılıqlı tarazlaşdırma və çəkindirmə vasitələrindən 

başqa bir şey deyil. Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericilik hakimiyyət  

məhz parlament nəzarəti vasitəsilə icra hakimiyyətini tarazlaşdırır, onu qanun-




 

 

96



suz hərəkətlərdən və sui-istifadə hallarından çəkindirir və bununla da özünü-

müdafiəni həyata keçirir. Yəni qanunvericilik hakimiyyətin özünümüdafiə 

xüsusiyyəti müstəqil  şəkildə deyil, hakimiyyətlərin bölünməsi çərçivəsində, 

qarşılıqlı tarazlaşdırma və  çəkindirmə mexanizmləri vasitəsilə reallaşır. Ona 

görə  də özünümüdafiə xüsusiyyətinin parlament nəzarətinin müstəqil nəzəri 

əsası kimi qəbul olunması məqsədəuyğun hesab oluna bilməz.  

Beləliklə, yuxarıda  şərh olunanları ümumiləşdirərək aşağıdakıları qeyd 

etmək olar: 

Birincisi, parlament nəzarətinin nəzəri  əsaslarını xalq hakimiyyəti 

konsepsiyası, bundan irəli gələn parlamentin nümayəndəli (təmsilçi) xarakteri 

və hakimiyyətlərin bölünməsi prinsipi təşkil edir. Məhz xalq hakimiyyətinin 

və hakimiyyətlər bölünməsinin real tətbiqi parlament nəzarətinin mahiyyətinin 

və köklərinin araşdırılması üçün kifayət qədər nəzəri  əsaslar yaradır. Başqa 

sözlə, parlament nəzarətinin mahiyyəti və  əhəmiyyəti ilk növbədə xalq 

hakimiyyəti və hakimiyyətlər bölgüsü prinsipi vasitəsilə izah oluna bilər. Bu 

baxımdan parlament nəzarəti mahiyyət etibarilə icra hakimiyyəti üzərində 

bütün cəmiyyətin ictimai nəzarətinin forması, icra hakimiyyətinin fəaliyyətin-

də aşkarlığının təmin edilmə üsullarından biri, onu siyasi məsuliyyətsizlikdən, 

qanunsuz və ölçülüb-biçilməmiş hərəkətlərdən çəkindirən başlıca tarazlaşdırıcı 

vasitə kimi çıxış edir. 

İkincisi, xalq hakimiyyəti və hakimiyyətlərin bölünməsi ilə  şərtlənən 

parlament nəzarəti eyni zamanda onlara və ümumiyyətlə bütün dövlət 

mexanizminin demokratikliyinin səviyyəsinə  də əks təsir göstərə bilir. Parla-

ment nəzarətinin bütövlükdə dövlət mexanizminin demokratikliyinin səviyyə-

sinə  təsiri hər  şeydən  əvvəl belə bir amillə müəyyən olunur ki, nümayəndəli 

hakimiyyət orqanı tərəfindən icra hakimiyyətinin fəaliyyətinə daimi və təsirli 

nəzarətin həyata keçirilməsi icra hakimiyyəti orqanlarının öz hərəkətlərinə 

görə  məsuliyyət hissini artırır və bununla da onların işinin keyfiyyətcə 

yaxşılaşmasına gətirib çıxarır. İcra hakimiyyəti orqanlarının öz funksiyalarını 

layiqincə  həyata keçirmələri, vəzifələrini məsuliyyətlə yerinə yetirmələri və 

qanunları lazımi qaydada icra etmələri isə öz növbəsində demokratiyanın daha 

da möhkəmlənməsinə, xalq hakimiyyətinin real təmin olunmasına, siyasi 

proseslərdə və dövlətin idarə olunmasında xalqın öz rolunu daha dərindən dərk 

etməsinə, dövlət hakimiyyətinin həyata keçirilməsinə  və  qərarların qəbuluna 

təsir imkanlarının artmasına səbəb olur. 

Üçüncüsü, parlament nəzarətinin həyata keçirilmə hüdudları hakimiyyət-

lərin bölünməsi prinsipinin tələbləri ilə  məhdudlaşır. Yəni qanunverici orqan 

parlament nəzarətini həyata keçirərkən icra və məhkəmə hakimiyyəti orqanla-

rının  səlahiyyətlərinə müdaxilə və ya onları əvəz edə bilməz. Parlament nəza-

rətinin inkişaf səviyyəsi və səmərəliliyi isə idarəetmə formasından, bütün döv-

lət mexanizminin demokratikliyinin səviyyəsindən, nümayəndəli hakimiyyət 

orqanlarının dövlətin hüquq sistemindəki yeri və rolundan, habelə  vətəndaş 




 

 

97



cəmiyyətinin inkişafından birbaşa asılıdır. Belə ki, parlamentli respublikalarda 

nümayəndəli qanunverici orqanın icra hakimiyyətinin fəaliyyətinə nəzarəti öz-

özlüyündə prezidentli respublikalara nisbətən daha təbii və səmərəli prosesdir. 

Buna görə  də prezidentli respublikalarda güclü parlament nəzarətinin olması 

parlamentli respublikalara nisbətən daha mühüm əhəmiyyət kəsb edir. 

 

ƏDƏBİYYAT 

1.  Şükürov N.H. Azərbaycan Respublikasının Milli Məclisi qanunverici orqan kimi // 

Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal, Bakı, 2007, 

№2 (10), s. 32-40 

2.  Бромхед П. Эволюция британской конституции. М.: Просвещение, 1978, 318 c. 

3.  Дайси А. Основы государственного права Англии. С.-Петербургь; 1891, 281 c. 

4.  Дюги Л. Конституционное право. М., 1908 

5.  Кант И. Сочинения. В 6-т и т. т.IV, Ч .2, М.: Просвещение, 1965, 262 c. 

6.  Козлова Е.И., Кутафин О.Е. Конституционное право России. Учебник. М.: СПАРК, 

2002, 193 c.     

7.  Конституционное  (государственное)  право  зарубежных  стран.Общая  часть: 

Учебник для вузов / Рук. авт. колл.  отв. ред. Б.А.Страшун. М.: СПАРК, 2005, 321 c.  

8.  Корнилаева  А.А.  Теория  парламентского  контроля  в  контексте  принципа  разделе-

ния властей. Автореф. дис. ... канд. юрид. наук. Уфа, 2002        

9.  Локк Дж. Сочинения. В 3 т., Т. 3. М.: Заруб. лит-ра, 1988 

10.  Марченко М.Н. Проблемы теории государства и права: Учебник. М.: Юрист, 2006, 215 c.  

11.  Монтескье Ш. Избранные произведения. М.: Заруб. лит-ра. 1955, 312 c.  

12.  Руссо Ж.-Ж. Об общественном договоре. М.: Заруб. лит-ра, 1938, 185 c. 

13.  Современный парламент: теория, мировой опыт, российская практика. М.: СПАРК, 

2005, 182 c. 

14.  Спиридонов Л.И. Теория государства и права. М.: Наука, 1996, 218 c. 

15.  Уэйд Е., Филипс Г. Конституционное право. М.: Наука, 1950, 186 c. 

16.  Хессе К. Основы конституционного строя ФРГ.М.: Просвещение, 1981 

17.  Хропанюк В.Н. Теория государства и права. М.: Наука, 2001, c. 401 

18.  Чичерин Б.Н. О народном представительстве. – М.: Наука, 1899, 216 c.  

 

О ТЕОРЕТИЧЕСКИХ ОСНОВАХ ПАРЛАМЕНТСКОГО КОНТРОЛЯ 

 

Г.С.АЛИБЕЙЛИ 

 

РЕЗЮМЕ 

 

В  статье  подчеркивается,  что  парламентский  контроль  теоретически  исходит  из 



идеи  народовластия  и  принципа  разделение  властей.  Парламент  как  законодательный 

орган  формируется  на  основе  народного  представительства  и,  поэтому  должен 

действовать  как  противовес,  сдерживающий  и  уравновешивающий  исполнительной 

власти,  имеющий  в  своем  распоряжении  необходимые  юридические  механизмы  и 

полномочия. 

 

Ключевые  слова:  законодательная  власть,  исполнительная  власть,  парла-

ментский контроль, народовластие, народное представительство, разделение властей 

 



 

 

98



ON THE THEORETICAL BASIS OF THE PARLIAMENTARY CONTROL 

 

G.S.ALIBAYLI 

 

SUMMARY 

 

The article stresses that parliamentary control is theoretically based on the idea of 

democracy and the principle of separation of powers. The parliament as a legislative body is 

formed on the basis of popular representation, and therefore must act as a counterweight 

checking and balancing executive power that has at its disposal the necessary legal 

mechanisms and powers. 



 

Keywords: legislative power, executive power, parliamentary control, democracy, 

separation of powers, popular representation 



 

 

 

 

Yüklə 87,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə