Microsoft Word Tariximizin qanla yaz?lm?s s?hif?l?ri docx



Yüklə 53,23 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü53,23 Kb.
#32667
növüYazı


 

 



Tariximizin qanla yazılmış səhifələri 

  

Rus-İran müharibəsi başa çatdıqdan və 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında 



Türkmənçay kəndində sülh müqaviləsi bağlandıqdan sonra İran Rusiyanın sahiblik hüququnu 

qəbul edərək, Şimali Azərbaycana öz iddialarından əl çəkdi. Bu andan həmin əraziyə İrandan və 

Türkiyədən ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Çarizm erməniləri bu torpaqlara 

köçürməklə imperiyanın cənub sərhədlərində özünə etnik-dini dayaq yaratmaq məqsədi güdürdü. 

Zaqafqaziyada çar hakimiyyətinin davam etdiyi uzun illər  ərzində ermənilər Rusiyaya 

münasibətdə loyallığı saxlamış, onu özlərinin xilaskarı saymışlar. Azərbaycanda erməni əhalisi 

Rusiyanın qanadı altında müsəlmanlara nisbətən imtiyazlar qazanaraq, sürətlə inkişaf etmişdi. 

Rus tədqiqatçısı N.İ.Şavrovun hesablamalarına görə, təkcə 1826-1828-ci illərdə Zaqafqaziyada 

Yelizavetpol və  İrəvan quberniyalarının  ən yaxşı torpaqlarına  İrandan 40000 nəfərdən artıq, 

Türkiyədən 84600 nəfər erməni köçürülmüşdür (/Şavrov N. Novaya uqroza russkomu delu v 

Zakavkazye: predstoyaşaya rasprodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 59)/. 

Azərbaycan torpağına ermənilərin köçürülməsi bütün XIX əsr  ərzində  və XX əsrin  əvvəlində 

davam etmişdir. 1878-1879-cu illər rus-türk müharibəsi dövründə bu proses güclənmişdir. 

Amerika tarixçisi T.Svietoxovski qeyd etmişdir ki, neftli sahələrin icarəsi üzrə 1872-ci il 

hərracında tatarlar (azərbaycanlılar) tərəfindən alınan pay cəmi 5 faiz təşkil etmişdir, halbuki 

erməni sahibkarlar demək olar ki, 10 dəfə çox pay almışlar... 1900-cü ildə Bakı quberniyasının 

ərazisində fəaliyyət göstərən 115 sənaye şirkətinin 29 faizi ermənilərə və yalnız 18 faizi tatarlara 

məxsus olmuşdur.  Şərabçılıq, balıq emalı  və tütünçülük kimi bəzi sahələr rəqabətdə 

azərbaycanlıları üstələyən ermənilərin  əlinə keçmişdi. /Svietoxovskiy T. Russkiy Azerbaydjan 

1905-1920. Xazar 1990. s. 84/. 1911-ci ildə N.İ.Şavrov yazırdı: "İndi Zaqafqaziyada yaşayan 1 

milyon 300 min ermənidən 1 milyondan çoxu bu yerin köklü sakini deyil və bizim tərəfimizdən 

köçürülmüşdür (Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya prodaja 

Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 61)." 

Çar hakimiyyəti erməniləri kütləvi  şəkildə Azərbaycan torpaqlarına köçürməklə 

kifayətlənməyərək, müsəlmanlarla ermənilər arasında  ədavət yaradır, "parçala, hökm sür" 

siyasətinə uyğun olaraq, imperiyanın mənafeyinə xidmət edən erməniləri yerli əhalinin maraqları 

ilə hesablaşmamağa sövq edirdi. 

1905-1907-ci illər birinci rus inqilabı dövründə Azərbaycanda fəhlələrin və  kəndlilərin 

çıxışları geniş vüsət almışdı. Azərbaycanda inqilabi hərəkatın güclənməsindən narahat olan çar 

hökuməti fəhlələri və  kəndliləri inqilabi çıxışlardan yayındırmaq üçün erməni-müsəlman 

ədavətini daha da qızışdırırdı.  

Belə bir siyasətin nəticəsi olaraq, birinci erməni-müsəlman toqquşması 1905-ci il fevralın 

6-da Bakıda baş verdi. Buna bəhanə azərbaycanlı sakinin daşnaklar tərəfindən öldürülməsi idi. 

Polisin və ordunun tam fəaliyyətsizliyi ilə Bakıda 3 gün davam edən qırğın Azərbaycanın başqa 

regionlarına keçdi. Münaqişə  nəticəsində "128 erməni və 158 azərbaycanlı  kəndi dağıdıldı. 

Müxtəlif hesablamalara görə, həlak olanların sayı 3100 nəfərdən 10000 nəfərə qədər olmuşdur" 

(Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar. 1990, s. 86). 

Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin "müsəlmanpərəst" 

mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın Qafqazdakı yeni 

canişini Vorontsov-Daşkov ermənilərlə dostluğun Zaqafqaziyada Rusiyanın hakimiyyətinin əsası 

olması kimi köhnə  ənənəni dirçəltmək və  həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın 

canişini yazırdı: "Mənim siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə 

vəzifələrinə  təyin etmək, hər bir halda erməni icmasını  qıcıqlandırmamaq, Rusiyaya qarşı 

düşmənçiliyi gücləndirməmək lazımdır". (Prizvannıe oteçestvom. Rossiyskie prokurorı. 1722-

1917, Moskva 1996, s. 586). 

Onun ilk tədbirlərindən biri Qriqoryan kilsəsinin əmlakının müsadirəsi haqqında 1903-cü il 

fərmanının ləğv olunmasını çar II Nikolaydan xahiş etmək olmuşdur. Müsəlmanlar üzərində 

nəzarəti saxlamaq üçün o, ermənilərə silah paylamışdır. Çar hakimiyyəti ilə daşnaklar arasında 




 

 



əməkdaşlığın nümunələri heç kim üçün sirr deyildi və  hətta baş nazir P.A.Stolıpin ermənilərə 

rəğbət bəsləməsini Vorontsov-Daşkova irad tutmuşdu (Zeynalov İ.M., Sadıxov D.Ş.,  İstoriya 

Azerbaydjana, Baku, 1994, s. 39).  

Bu vəziyyətdə özlərini qorumaq üçün müxtəlif müsəlman qrupları öz fəaliyyətlərini 

əlaqələndirməyə çalışırdılar. Azərbaycanda ermənilərə qarşı mübarizə üçün siyasi partiyalar 

yaradılmağa başlamışdı: Azərbaycan sosial-federalistlərinin "Qeyrət" partiyası (1905), "Difai" 

(müdafiə) milli partiyası (1906), "Müdafiə" təşkilatı (1907) və sair. 

1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra Rusiyada irtica dövrü başlandı. 

Rusiyada 1917-ci il oktyabr çevrilişi və onun ardınca baş verən qanlı hadisələr Azərbaycan 

əhalisinin böyük hissəsinin rus inqilabının demokratik xarakterinə inamını sarsıtdı. Noyabrın 2-

də Bakı Sovetinin geniş konfransında bolşeviklər sovet hakimiyyətinin elan edilməsinə nail 

oldular. Bakı Sovetinin İcraiyyə Komitəsinin tərkibi seçildi. Onun tərkibinə M.V.Basin, 

N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, M.Ə.Əzizbəyov və başqaları daxil idilər. S.G.Şaumyan 

Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. Tədricən bolşeviklər  şəhərdə hakimiyyəti öz 

əllərinə almağa başladılar. Bolşeviklərin  ən güclü siyasi opponenti müsəlman  əhalisinin  əsas 

kütləsini öz ətrafında birləşdirən "Müsavat" (bərabərlik) partiyası oldu. Müsəlman  əhalisinin 

muxtariyyəti və dirçəlişi uğrunda müsavatçıların mübarizəsi bu partiyanın gücünü aydın başa 

düşən, onun sıralarının tədricən möhkəmlənməsi və birləşməsi meylini görən Bakı Soveti 

rəhbərlərini ciddi narahat edirdi. S.Şaumyan yazırdı: "Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi 

partiya olan, bu inqilab zamanı  təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir 

hakimiyyəti olmayan, inqilabın  əvvəlində heç bir rol oynamayan "Müsavat" ikinci ilin 

başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi" (Şaumyan S.G., İzbrannıe 

proizvedeniye, M., 1958, t.2, s. 257). 

Azərbaycan Demokratik Hərəkatının liderləri belə bir bəyanatla çıxış etdilər ki, rus 

hakimiyyətinin  ən zərərli nəticələrindən biri çarizmin müsəlmanları orduya çağırışdan azad 

etmək siyasəti idi. Monarxiyanın devrildiyi ilk gündən Rusiya müsəlmanları onlara 

vəziyyətlərini qonşuları-xristianlarla bərabərləşdirmək üçün zəruri olan öz hərbi birləşmələrini 

yaratmaq hüququnun verilməsi xahişi ilə müraciətlər edirdilər. A.F.Kerenskinin başçılığı ilə 

müvəqqəti hökumət bu məsələnin həllini hər vasitə ilə ləngidirdi, hətta sonradan razılıq versə də, 

silahlandırmaqdan boyun qaçırmışdı. Birinci Dünya müharibəsindən sonra tərxis edilmiş 

ordunun silahının və geyiminin xeyli hissəsi erməni və gürcü hərbi birləşmələrinə, Bakı 

bolşeviklərinə verildi, eyni zamanda, azərbaycanlılara  əvvəlki kimi silah çatmadı, həm Qafqaz 

cəbhəsinin komandanlığı, həm də Bakı Soveti silah verməkdən imtina etdi (Svietoxovskiy T. 

Russkiy Azerbaydjan, 1905-1920, Xazar, 1990, s. 86).  

Osmanlı imperiyası (Türkiyə) ilə Rusiya imperiyası arasındakı müharibə 1914-cü il 

oktyabrın 29-da başlanmış (rəsmən noyabrın 11-də elan edilmişdir) və 1918-ci il martın 3-də 

Osmanlı imperiyası ilə RSFSR arasında Brest-Litva sülh müqaviləsinin bağlanması ilə başa 

çatmışdı. Brest-Litva müqaviləsinin imzalanması və Rusiyanın Qafqaz cəbhəsinin dağılması rus 

komandanlığını milli əsasda yeni hərbi birləşmələrin yaradılmasına imkan verməyə məcbur etdi. 

1918-ci il yanvarın 13-də "Pravda" qəzeti Lenin və Stalin tərəfindən imzalanmış 13 nömrəli 

fərmanı  dərc etdi. Bu fərman "Qafqaz işləri üzrə komissar S.Şaumyanın" müşahidəsi altında 

müvəqqəti erməni hökumətinin yaradılması məsələsinə aid idi. Fərmanın mənası aydın idi: ruslar 

Brest-Litva müqaviləsində  nəzərdə tutulduğu kimi, öz qoşunlarını  qədim türk şəhərlərindən - 

Qarsdan və Batumdan çıxarılması  ərəfəsində erməniləri silahlandırmaq istəyirdilər. Ermənilər 

1915-ci ildə törətdikləri qırğına görə türklərin intiqam alacağından qorxaraq öz ordu 

birləşmələrini yaratdılar. Bu işdə onlara ingilis, fransız və amerikan konsul və  hərbi 

nümayəndələri böyük kömək göstərdilər. Onlar ilk növbədə rus cəbhəsində olan türk ordusunu 

Mesopotamiyada  İngiltərəyə qarşı  çıxış etməkdən yayındırmaq istəyirdilər. "Antanta"nın 

(İngiltərənin, Fransanın və çar Rusiyasının 1904-1907-ci illərdə yaratdığı  hərbi blok. Sonralar 

Antantaya  İtaliya (1915) və ABŞ da (1917) daxil olmuşdu) Qafqaz cəbhəsində  hərbi döyüş 

fəaliyyətinin canlandırılması planlarına Türkiyəyə qarşı mübarizə üçün müsəlman 



 

 



birləşmələrindən istifadə olunması daxil deyildi. Lakin T.Svietoxovskinin qeyd etdiyi kimi, 

"...ermənilər türk qoşunlarının Zaqafqaziyaya daxil olmasından qorxduqları kimi, azərbaycanlılar 

da ermənilərin silahlanmasından və millətlərarası münasibətlərin kəskinləşməsindən ehtiyat 

etməyə başladılar" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920, Xazar, 1990. s. 87).  

Həmin dövrdə Bakıda vəziyyət kəskinləşməyə başladı.  Şəhərdə  hər cür şayiələr baş alıb 

gedirdi, ərzaq təchizatı praktik olaraq kəsilmişdi, aclıq labüd idi, əhali qorxu içərisində yaşayırdı. 

Belə şəraitdə erməni bolşeviklərlə müsəlman əhali arasında münaqişə Bakıda baş verdi. Bu, qarşı 

duran tərəflər üçün şəhərin  əhəmiyyətini  şərtləndirən bir sıra amillərlə bağlı idi. Birincisi, 

bolşeviklər bütün Zaqafqaziyada öz hakimiyyətlərini möhkəmlətmək üçün Bakıya "dayaq 

məntəqəsi" kimi baxırdılar və onlar Bakının itirilməsinə heç cür yol verə bilməzdilər.  İkincisi, 

Rusiyanın bütün fabrik, zavod sənayesi və  nəqliyyatı Bakı nefti ilə  işləyirdi (İzvestiya 

Bakinskoqo Soveta, 1918, 21 maya). Nəhayət, üçüncüsü, "Bakı türk milli hərəkatının mərkəzi idi 

və bolşeviklər bu mərkəzi ləğv etmək istəyirdilər (Rasulzade M. Azerbaydjanskaya Respublika, 

Baku, 1990, s.33). Zaqafqaziyada bolşevik hakimiyyətinin qalıb-qalmaması məsələsi əsas etibarı 

ilə məhz Bakıda həll edilirdi. 

"Bu dövrdə Bakıda böyük sayda silahlı  dəstələr toplanmışdı: 1) bolşeviklər tərəfindən 

yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya; 2) "Daşnaksütyun" partiyasına tabe olan 4500 piyada 

və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri; 3) ruslardan və slavyanlardan 

ibarət olan beynəlmiləl alayın hissələri; 4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının 

tabe olduqları menşeviklərin və eserlərin silahlı  dəstələri" Suleymanov M., Dni minuvşie... 

Baku-1990, s. 207. Nəticədə 1918-ci il martın  əvvəlində Bakı Sovetinin sərəncamında 20 min 

nəfərlik hərbi qruplaşma toplanmışdı  (İsmaylov G., Qasanov Dj., Qafarov T., İstoriya 

Azerbaydjana. Baku - 1998, s. 8). Mart hadisələri  ərəfəsində Bakıda və onun ətrafında 

azərbaycanlıların heç bir iri hərbi birləşməsi yox idi. Bu faktı Y.Ratqauzer təsdiq edirdi: 

"Şəhərdə hadisələrin  əvvəlində Müsavat partiyasının daimi hərbi hissələri yox idi. Rayonlarda 

olan Müsavat qüvvələri vaxtında  şəhərə  gətirilməmişdi. Belə hesab etmək olardı ki, Müsavat 

partiyasının rəhbərliyi martın 30-da döyüşün başlanmasını gözləmirdi" (Ratqauzer Y., 

Revolyutsiya i qrajdanskaya voyna v Baku, Baku - 1927, s. 145). 

Tarixi sənədlər və baş vermiş hadisələrin mahiyyəti sübut edir ki, məhz bolşeviklər 

ermənilərin yaxından iştirakı ilə mart hadisələrinin təşəbbüskarı  və  təşkilatçısı olmuşlar. 

P.A.Caparidze martın 26-da öz çıxışında demişdi: "Bizim bütün əvvəlki siyasətimiz vaxtı 

udmaqdan ibarət olmuşdur. Biz bilirdik ki, əks-inqilabi qüvvələrlə döyüşə girməli olacağıq və 

buna hazırlaşırdıq". (Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku. Baku - 1927, s. 

141-142.) Öz növbəsində S.Şaumyan martın 15-də Bakı Sovetinin iclasında "Cənubi Qafqazda 

işlərin vəziyyəti" haqqındakı  məruzəsində Azərbaycan millətinin qırğınına başlanmasına 

mahiyyətcə öz "xeyir-duasını" vermiş, sonrakı gün isə  İ.V.Stalinə  məktubunda RSFSR Xalq 

Komissarları Sovetindən xahiş etmişdi ki, "Qafqaz ordusunun hərbi inqilabi komitəsinin 

ehtiyacları üçün 10 milyon rubl pul ayrılsın" (Şaumyan S., İzbrannıe proizvedeniya, t.II, c.265). 

Fevralın 24-də Bakıya general Talışınskinin başçılığı ilə müsəlman diviziyasının qərargahı 

gəldi. General-mayor Mirkazım xan Talışinski rus-yapon müharibəsində Port-Arturun 

qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Sovet hakimiyyətinin qələbəsindən sonra 

könüllü surətdə inqilabın tərəfinə keçmişdi. S.Şaumyanın göstərişi ilə  qərargah üzvləri birbaşa 

Bakı vağzalında həbs edildi. Bu, təkcə Bakıda deyil, Azərbaycanın başqa regionlarında da 

müsəlmanların kəskin narazılığına səbəb oldu. Azərbaycan ziyalılarının nümayəndələri ağır 

nəticələri qabaqcadan görərək, keçirilən mitinqlərdə və yığıncaqlarda əhalini sakitliyə, təzyiq və 

zorakılıq faktlarına qarşı dözümlü olmağa çağırırdılar. 

Lakin Bakı Soveti ilə  şəhərin müsəlman  əhalisi arasında kəskinləşən ziddiyyət silahlı 

qarşıdurmaya çevrilə bilən təhlükəli vəziyyət yaratmışdı. Və belə bir fürsət bolşeviklər 

tərəfindən tapıldı. Belə ki, keçmişdə gənc zabitlər tez-tez bir-birilərinin qarşısında cəsarətləri ilə 

lovğalanırdılar: onlar revolverin barabanında bir güllə saxlayaraq, silahı gicgahlarına tuşlayıb 

tətiyi çəkir və talelərini sınaqdan keçirirdilər. Hacı Zeynalabdin Tağıyevin "Vəhşi diviziya"da 



 

 



(rus ordusunun keçmiş Qafqaz süvari diviziyasının tatar alayı) xidmət edən oğlu Məmmədtağı da 

öz taleyini bu cür sınaqdan keçirmək istəmişdi. Revolver boşa çıxmamış və güllə 18 yaşlı gəncin 

həyatına son qoymuşdu. Bununla bağlı, martın 24-də müsəlman diviziyasının 200 nəfər zabit və 

əsgəri "Evelina" gəmisi ilə Bakıya öz döyüşçü yoldaşlarının dəfnində  iştirak etməyə  gəldi 

(Suleymanov M., Dni minuvşie..., Baku-1990, s. 207). 

Şəhərdə çoxminli erməni hissələrinin olmasına göz yuman bolşeviklər martın 29-da gəmi 

ilə  Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və  əsgərlərini S.Şaumyanın  əmri ilə 

tərksilah etdilər. Bu hadisəyə cavab olaraq müsəlman  əhalisi müsadirə olunmuş silahların 

qaytarılmasını  tələb etdi. Elə bu da, müsəlmanlara qarşı  əsl müharibəyə başlamaq üçün 

əvvəlcədən düşünülmüş  bəhanə oldu. Bakı komissarlarının tarixi oçerklərindəki qeydlər təsdiq 

edir ki, S.Şaumyan və xüsusilə, onun ermənilərdən ibarət yaxın  ətrafı  şəhərin müsəlman 

hissəsinə hücum etmək üçün təkcə  bəhanə gözləmirdi, həm də bu təxribatın təşkilatçısı idi. 

Qeydlərin birində deyilir: "Evelina" gəmisinə "Müsavat"ın Lənkəran  şəhərinə göndərmək 

istədiyi silah yüklənmişdi. Bu, Bakı Soveti tərəfindən qabaqcadan nəzərdə tutulmuşdu. 

Yunkerlər silahlı qüvvələr tərəfindən tərksilah edildilər. Yunkerlərin tərksilah edilməsindən 

sonra "Müsavat" alınmış silahların qaytarılması barədə Bakı Sovetinə ultimatum verdi" 

(ÜQAPPOD Azerb. Resp. f.276, op.2, d.155, l.8). 

Başqa qeyddə deyilir: "Müsavatçılar alınmış silahın qaytarılması haqqında inqilabi 

komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Gərgin 

vəziyyət yarandı. Mağazalar bağlandı.  Şəhərin müsəlman hissələrində silahlı xalq kütlələri 

toplaşdı. Təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu 

(Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s.2, i.155, v.8). Martın 30-da səhər şəhərin müxtəlif 

rayonlarında azərbaycanlıların alınmış silahların qaytarılması tələbi ilə mitinqləri başlandı. Səhər 

tezdən  şəhərin müsəlman hissəsinə hücumlar başlandı. Bu zaman ermənilərə inanıb sakitləşən 

müsəlmanlar hələ yatmışdılar. Hücumları  sırf erməni  əsgərləri həyata keçirirdilər və 

müsəlmanlar baş verənləri  əvvəlcə başa düşə bilmədilər. Hərbi gəmilər  şəhərin müsəlman 

hissəsini mərmi atəşinə tutmuşdular. Bu, rus matroslarını müsəlmanların rus əhalisini qırdığına 

inandıran ermənilərin təxribatı nəticəsində olmuşdu (Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, 

s. 2, i. 155, v. 8). 

Şəhərdə  gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün saat 14-də 

N.Nərimanovun mənzilində M.Ə.Rəsulzadənin iştirakı ilə  təcili müşavirə toplanmış  və buraya 

S.Şaumyan da dəvət edilmişdi. Danışıqlar nəticəsində müsəlman diviziyasından alınmış 

silahların "Hümmət" bolşevik təşkilatı vasitəsilə qaytarılması barədə razılıq  əldə edildi 

(Q.Sultanov.,  İz proşloqo Baku - 1924, s.18). Müşavirədən sonra N.Nərimanov xalqı 

sakitləşdirmək və qəbul olunmuş qərarı bildirmək üçün Təzə Pir məscidində çıxış etdi: "Mənim 

müsəlman qardaşlarım, aldanmayın, araqarışdıranların təxribatına inanmayın. Sovet hakimiyyəti 

kim olur-olsun, onun cavabını verməyə kifayət qədər güclüdür. Onun topları var, onun çoxlu 

silahı və əsgəri var, onun hərbi gəmiləri və döyüş sursatı var. Bəs sizin nəyiniz var? Ən çoxu 5-

10 dənə paslı tüfənginiz, 30-40-a qədər köhnə  sınıq tapançanız var. Siz heç atəş aça da 

bilmirsiniz. Nə intizam var, nə qayda. Bir qədər dözün, hər şey yoluna düşər (M.Suleymanov. 

Dni minuvşie... 1990, s. 208). 

Mart hadisələri bolşevik məqsədlərini güdən "Hümmət" partiyasını narahat edirdi. Onun 

mətbuat orqanı olan "Hümmət" qəzeti bu barədə  qəzəbli məktub dərc etmişdi. Məktubda 

deyilirdi: "Əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı... Biz bolşevik 

kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları 

nəticəsiz qalsın. Biz var qüvvəmizlə müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar 

etməyə çalışacağıq ("Hümmət", 1918). Lakin sonrakı hadisələr göstərdi ki, N.Nərimanov və 

M.Ə.Rəsulzadə S.Şaumyan tərəfindən aldadılmışlar və S.Şaumyan heç də öz vədini yerinə 

yetirməyə hazırlaşmırmış. Bolşeviklər şəhərdə özünü ali hərbi siyasi orqan elan edən Bakı şəhəri 

və onun rayonlarının inqilabi müdafiə komitəsini təşkil etdilər. Onun tərkibinə S.Şaumyan, 

P.Caparidze, Q.Karqanov (Karqanyan), sol eser İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və 



 

 



"Daşnaksütyun" partiyasının Bakı  təşkilatının rəhbəri S.Melik-Yeolqyan daxil idilər (İzvestiya 

Bakinskoqo Soveta, 1918, 11 aprel, s.7). Həmin vaxtda şəhərdə  vəziyyət hər dəqiqə 

gərginləşirdi. Bu şəraitdə  Qırmızı Ordunun süvari dəstələrinə kim tərəfindən atıldığı  məlum 

olmayan təxribatçı atəşlərindən istifadə edən bolşeviklər Bakının dinc azərbaycanlı  əhalisinə 

qarşı genişmiqyaslı  hərbi  əməliyyata başladılar. S.Şaumyanın öz sözləri təsdiq edir ki, 

bolşeviklərə yalnız bəhanə lazım idi: "Biz süvari dəstələrimizə ilk silahlı hücum cəhdindən 

istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərlik silahlı qüvvəmiz, 

"Daşnaksütyun"un da 3-4 min nəfərə yaxın milli birləşməsi var idi və onlar bizim ixtiyarımızda 

idi. Onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verirdi. Lakin bunsuz mümkün 

deyildi. Biz buna şüurlu surətdə gedirdik. Əgər onlar Bakı  şəhərində üstünlük əldə etsəydilər, 

şəhər Azərbaycanın paytaxtı elan edilərdi (S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.265). 

Bakıda azərbaycanlıların qırğını 3 gün davam etdi. Bu müddətdə  şəhərdə görünməmiş 

dəhşətlər törədildi. S.Şaumyan özü etiraf etməyə  məcbur oldu ki, "...vətəndaş müharibəsi 

nəticəsində yoxsul kütlə  və günahsız müsəlmanlar ziyan çəkdilər, belə ki, biz erməni alayının 

köməyinə  əl atmağa məcbur olduq və biz onların xidmətindən imtina edə bilmədik". Bunun 

ardınca qeyd edir ki, "...qələbə elə böyükdür ki, bu, həqiqətin üstünə az kölgə salmır" 

(S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.249-250). 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi 

diqqət yetirilmişdir. 

1918-ci il iyulun 15-də Azərbaycanın xarici işlər naziri M.H.Hacınski Nazirlər  Şurasının 

sədri F.X.Xoyskiyə ərznamə ilə müraciət edərək müsəlmanlara qarşı zorakılıqları təhqiq etmək 

üçün komissiya yaradılmasının zəruri olduğunu yazmışdı: "Artıq dörd aydır ki, Azərbaycan 

ərazisinin müxtəlif hissələri bolşevik adı altında fəaliyyət göstərən və dinc müsəlman əhalisinin 

həyatı  və  əmlakı ilə  vəhşicəsinə  rəftar edən quldur dəstələri, məsuliyyətsiz erməni silahlı 

birləşmələri tərəfindən viran olunur. Eyni zamanda, bu quldur dəstələrinin təşkilatçıları 

tərəfindən göndərilən səhv informasiya sayəsində Avropada tamamilə  əks ictimai rəy yaranır. 

Əhalinin zərərçəkən qruplarının mənafeyi naminə elə bir təşkilat yaratmaq lazımdır ki, bütün 

zorakılıq hallarını  və bu zorakılıqların törədildiyi  şəraiti dəqiq qeydə alsın, günahkarları  və 

onların vurduqları ziyanın məbləğini müəyyən etsin. 

Bu təşkilat fövqəladə istintaq komissiyası xarakteri daşımalıdır, özü də bu komissiyanın 

məlumatları Avropanın başlıca dillərində (rus, fransız, alman və türk dillərində) bəyan olunmalı 

və geniş yayılmalıdır. Bu komissiyanın yaradılmasına dərhal başlamaq lazımdır, çünki 

hadisələrin izi ilə isti-isti istintaq aparmaq, fotoşəkillər çəkmək, digər maddi sübutlar əldə etmək 

mənasında bir çox işləri indi asanlıqla görmək mümkündürsə, sonralar bu iş çətin və hətta qeyri-

mümkün olacaq" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1 s, iş 95, vərəq 

1). 


 

(Ardı var) 



 

 

Rauf Rzayev, 

tarix elmləri namizədi 

 

Azərbaycan.-2009.-31 mart.-S.3. 

 

Yüklə 53,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə