1
«Mikroiqtisadiyyat» fənnindən
kollokvium sualları və cavabları
Mövzu 1.
Mikroiqtisadiyyatın predmeti və metodologiyası
1.Mikroiqtisadiyyatın predmeti.
Mikroiqtisadiyyat — insanlar arasında iqtisadi münasibətləri öyrənən və onların
təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarını müəyyən edən iqtisadi nəzəriyyənin
tərkib hissəsidir.
İqtisadi fəaliyyət öz məzmununa görə, mövcud resurslardan istifadə etməklə
tələbatların daha tam ödənilməsinə nail olmaq cəhdi deməkdir. Forma üzrə o, məhdud
resursların idarə edilməsindən ibarət olacaq. Belə idarəetmə davranışdır, onun
məzmun tərəfi resursların qənaətli tətbiqinə dair qərarlar qəbul edilməsindən ibarətdir.
Buna
görə
resursların
rasional
istifadəsi
nəzəriyyəsi
çərçivəsində iqtisadi davranış əsas təhlil obyekti olur.
İqtisadi davranış — qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhdud
resursların bölgüsü və istifadəsi barəsində qərarların qəbul olunmasının prosesidir.
Mikroiqtisadi təhlil ayrı-ayrı iqtisadi subyektlərin (ev təsərrüfatlarının və firmaların)
iqtisadi davranışının göstərilən aspektdə tədqiqatını əhatə edir. Mikroiqtisadi təhlilin
xüsusi əhəmiyyəti ondan ibarətdir ki, mikrosəviyyədə qəbul edilən iqtisadi qərarlar
kumulyativ təbiətə malikdir, yəni onlar bütün təsərrüfat sisteminə birgə təsir göstərir. Buna
görə mikrosəviyyədə iqtisadi davranışın təhlili iqtisadi nəzəriyyənin ən mühüm tərkib
hissəsidir.
İstənilən nəzəriyyənin vəzifəsi real həyatda müşahidə olunan hadisələri izah etməkdən
ibarətdir. Mikroiqtisadi təhlilin vəzifəsi iqtisadi davranışın qanunauyğunluqlarını izah
etməkdən, yəni iqtisadi agentlər tərəfindən qərarlar qəbul olunmasına (seçim edilməsinə)
təsir göstərən amilləri aşkar etməkdən və anlamaqdan ibarətdir. Ayrılıqda götürülmüş hər
bir iqtisadi agent bu seçimi resursların istifadəsinin bu və ya digər variantının məqbulluq
meyarları və bu haqda şəxsi təsəvvürləri əsasında həyata keçirir. Mikroiqtisadiyyatın
vəzifəsi təsərrüfat subyektlərinin iqtisadi davranışını və hərəkətlərinin oxşarlığını müşahidə
edərək, onların iqtisadi qərarlar qəbul etməsinin qanunauyğunluqlarını aşkar etməkdən
ibarətdir. Bu qanunauyğunluqların müəyyən edilməsi bir sıra mühüm suallara cavab
tapmağa imkan verir: istehlakçılar alış haqqında qərarları necə və hansı amillərin təsiri
altında qəbul edirlər? Firmalar məhsul buraxılışının həcmi haqqında qərarlar qəbul
edərkən nəyi əsas götürürlər? İstehsal resurslarının yerləşdirilməsi haqqında qərarlar necə
qəbul edilir?
Mikroiqtisadiyyatın predmeti — iqtisadi agentlərin öz məqsədlərinə nail olmaq
üçün qəbul etdikləri qərarların işlənib hazırlanması və reallaşdırılması prosesidir.
Qərarlar qəbul edilməsi həmişə müəyyən təsərrüfat şəraitində həyata keçirilir.
Qərarlar qəbul edilməsi prosesinin parametrik xarakteristikaları bu şərtlərlə təyin edilir:
iqtisadi agentlərin mövcud alternativlər haqqında məlumatlı olması,
2
agentlərin bu alternativləri qiymətləndirmək və müqayisə etmək qabiliyyəti. Qərarlar qəbul
edilməsi üçün meyarlar da bu şərtlərlə təyin olunur. Bununla əlaqədar, mikroiqtisadi təhlilin
əhatə dairəsi də genişlənir, qərarların qəbul olunması prosesinin öyrənilməsindən əlavə,
onların qəbul edildiyi şərait də tədqiq olunur. İqtisadi agentlər bazar mühitində fəaliyyət
göstərdiyi, bazar qiymətləri həmin agentlərin seçim meyarı qismində çıxış etdiyi üçün bazar
qiymətlərinin formalaşması problemi mikroiqtisadi təhlilin diqqət mərkəzində olur. Buna
görə mikroiqtisadiyyatı çox vaxt qiymətlər nəzəriyyəsi adlandırırlar.
2.
Mikroiqtisadi təhlilin fundamental prinsipləri
Mikroiqtisadiyyatın xüsusiyyəti ondan ibarətdir ki, mikroiqtisadi təhlilin
metodologiyası fərziyyə və ya ehtimal adlandırılan bir sıra prinsiplərə - real həyat
faktlarından çıxarılmış və apriori qəbul edilən məntiqi nəticələrə əsaslanır. İlkin nəzəri
postulatlar kimi qəbul edilən bu fərziyyələr iqtisadi davranış modellərində məntiqi qurmalar
üçün baza kimi xidmət edir. Hər bir fərziyyə ikinci dərəcəli mürəkkəb detallardan
təmizlənmiş həqiqətin sadələşdirilmiş formasıdır. Fərziyyələr davranışın yalnız əsas
xüsusiyyətlərini əks etdirir, yəni reallığa tam uyğun gəlmir. Lakin bu heç də o demək
deyildir ki, fərziyyələr abstrakt xarakter daşıyır. Sadələşdirmələr reallığı təhrif etməməli
və nəticələrin dəyərini azaltmamalıdır.
İqtisadi atomizm prinsipi onu nəzərdə tutur ki, bütün iqtisadi agentlər
məqsədlərin və onların reallaşdırılması üçün üsulların seçimində tam sərbəstdirlər və
onlardan hər birinin davranışı başqalarının davranışından tamamilə tədriç olunub. Başqa
sözlə desək, hər bir iqtisadi agent tərəfindən qərarlar qəbul edilməsi başqalarından asılı
olmayaraq həyata keçirilir, lakin bir agentin qərarları başqa agentin qərarlarına təsir
etmir. Bu halda iqtisadi qanunauyğunluqlar ayrı-ayrı agentlərin qərarlarının ümumi
nəticəsi şəklində təzahür edir.
İqtisadi rasionalizm prinsipinə əsasən, iqtisadi agentlərin əsas davranış
xarakteristikası onların öz məqsəd funksiyasını maksimallaşdırmaq cəhdidır. Bu o
deməkdir ki, rasional davranış — potensial məsrəflərin və xeyirlərin müqayisəsi
əsasında bu məsrəflər və xeyirlər arasında fərq şəklində xalis gəliri maksimallaşdırmaq
cəhdləri ilə əsaslandırılmış qərarlar qəbul edilməsidir. Bu halda iqtisadi atomizm prinsipinə
əsaslanaraq fərz edilir ki, davranışın səmərəliliyi agentin sırf fərdi maraqları ilə bağlıdır.
Mikroiqtisadi nəzəriyyədə xalis gəliri maksimallaşdırmaq cəhdinə iqtisadi agentlərin daxili
davranış prinsipi, onların iqtisadi düşüncə tərzi kimi baxılır.
“Digər şərtlərin bərabər olması” prinsipi o deməkdir ki, tədqiq edilən dəyişənin
təsirinin aşkar edilməsi prosesində modelin bütün başqa dəyişənlərinin dəyişməzliyi
haqqında fərziyyə qəbul edilir. ―Digər şərtlərin bərabər olması‖ (ceterisparibus)
fərziyyəsinin tətbiq edilməsi həqiqətin sadələşdirilməsi formasıdır. Lakin məsələyə belə
yanaşma bizə bir sıra üstünlüklər verir. Bu yanaşma, birincisi, iqtisadi prosesləri
formallaşdırılmış şəkildə təsvir etməyə, ikincisi, davranışı müəyyən edən məhdudlaşdırıcı
şərtləri seçməyə və onların arasında mövcud funksional əlaqələri