Milli istiqlal şairi Əhməd Cavad



Yüklə 67,44 Kb.

tarix21.12.2017
ölçüsü67,44 Kb.


 

Əhməd Cavad – 125 



Repressiya – 80 

Milli istiqlal şairi Əhməd Cavad 

( həyatı, mühiti, ədəbi-estetik və ictimai-siyasi görüşlərinə dair

1

        Görkəmli  Azərbaycan  şairi  və  ictimai  xadimi,  milli  Dövlət  Himni  mətninin  müəllifi  Əhməd  Cavad  – 

Cavad Məhəmmədəli oğlu Axundzadənin anadan olmasının 125 ili tamam olur. Əhməd Cavad Azərbaycan 

dövlətçiliyi və ədəbiyyatı tarixində istiqlal şairlərimizdən biri kimi şərəfli yer tutur. 

        Əhməd 

Cavad 


M.F.Axundzadə, 

H.Zərdabi, 

M.Ə.Rəsulzadə, 

Ə.Topçubaşov, 

İ.Kaspiralı, 

C.Məmmədquluzadə,  M.Ə.Sabir,  M.Hadi,  H.Cavid  və  başqaları  ilə  başlayan  Azərbaycan  milli  ideyası  və 

türkçülük  məfkurəsinin  davamçısıdır.  Onun  adı  milli  azadlıq  və  istiqlal  ideyaları  ilə  möhkəm  bağlıdır.  Bu 

baxımdan  Respublika  prezidenti  cənab  İlham  Əliyevin  2012-ci  ildə  görkəmli  sənətkarın  anadan  olmasının 

120  illiyi  münasibətilə  verdiyi  Sərəncam,  şairin  dövlət  səviyyəsində  yubileyinin  keçirilməsi  tarixi 

əhəmiyyətə  malikdir.  Sərəncamda  Əhməd  Cavad  görkəmli  şair,  maarifçi  və  ictimai  xadim,  Azərbaycan 

poeziyasında yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal uğrunda mübariz, yaradıcılığı dövrün 

ictimai-siyasi mənzərəsini dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.  

        Əhməd  Cavaddan  danışmaq  onun  Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Rusiya  və  ümumən,  Şərq  və 

Avropa  ədəbi-ictimai  mühiti  ilə  bağlılığından  danışmaq  deməkdir.  Biz  çalışacağıq  ki,  Ə.Cavadı    bütün 

yönləri  ilə  deyil,  daha  çox  mahiyyəti  üzrə  bəlgələyək.  Onsuz  da  Əhməd  Cavad  haqqında  akademik  Bəkir 

Nəbiyev,  professor  Nazif  Qəhrəmanlı  (Ələkbərli),  professor  Əli  Saləddin,  professor  Təyyar  Salamoğlu  və 

başqaları  kitab,  monoqrafiya,  Ə.Ağayev,  Y.Qarayev,  T.Mahmud,  Y.İsmayılov,  A.Abbas,  R.Həsənov, 

N.Axundzadə, S.Gəncəli, M.Aslan, N.Yaqublu, A.Əliyeva, S.Sərxanlı, B.Əhmədov, A.Şəfizadə, K.Muradov, 

A.Şərifov, Ə.Əfəndiyev, A.Turan və başqaları məqalə yazıb, söz deyib, – onları təkrarlamağa lüzum yoxdur.  

      Ə.Cavadın  kimliyi  –  nəsil-nəcabəti  bir  tərəfdən  Gəncə  qəzası,  Şəmkir  nahiyəsi,  Seyfəli  köyü,  digər 

tərəfdən  Cənubi  Azərbaycanla...  bağlıdır.  Elə  buradaca  bütöv  Azərbaycan  ideyasını  təsəvvür  etmək  çətin 

deyil. 


        Ə.Cavad  təhsilini  mollaxanada,  Gəncə  müsəlman  ruhani  məktəbində,  Ali  Pedaqoji  İnstitutda  alıb.  Bir 

tərəfdən dini, digər tərəfdən dünyəvi biliklərə yiyələnib. Hətta onun İranda təhsil alması barəsində ehtimallar 

da mövcuddur, fakt isə yoxdur.  

       Ə.Cavadın  ailə  mənsubiyyəti    bir  tərəfdən  İranla,  Cənubi    Azərbaycanla,  digər  tərəfdən  Gürcüstanla 

əlaqəlidir. Babaları köklü-rişəli, tacir və ziyalı mühiti ilə bağlı olub. Bu isə o deməkdir ki, onun zahiri və 

daxili  məzmununda  bir  kübarlıq,  duruşunda  və  yerişində  bir  ağayanalıq,  təmkin  və  ləyaqət    olub.  Bunu 

jurnalist Hüseyn Şərif də xatirələrində bəlgələyir... 

        Ə.Cavad 1915-ci ildə Süleyman bəyin qızı Şükriyyə xanımla tanış olub, 1917-ci  ildə onunla evlənib. 

Niyazi, Aydın və Yılmaz  adlı övladları olub.  Şükriyyə xanım Batumda, gimnaziyada oxuyub, fəqət təhsili 

yarımçıq  qalıb,  ərini  “xalq  düşməni”  kimi  ifşa  etmədiyinə  görə  7  il  Qazaxıstanda  sürgün  həyatı  keçirib. 

(1937,  20  oktyabrdan).  Atası  Süleyman  bəy  Tulumbazadə  –  Bejanidze  rus,  ərəb,  fars,  türk  dillərini  bilib, 

Batumda  sosial-demokrat  hərəkatında  fəal  iştirakına    görə  çar  hökuməti  tərəfindən  Krıma  sürgün  edilib. 

Oradan Bakıya gələ bilib, Musa Nağıyevin köməyi ilə məktəbə müəllim düzəlib. 

Ə.Cavadın peşə mənsubiyyəti: Şair Qafqaz şeyxülislamı M.Pişnamazzadəyə imtahan verib, türk və fars 

dili  müəllimi  ixtisasına  yiyələnib,  N.Nərimanov  adına  tüxnikumda  dərs  deyib,  Gəncədə,  Qubada  müəllim  

işləyib,  Kənd  Təsərrüfatı  İnstitutunda  kafedra  müdiri,  dosent,  professor  vəzifəsində  çalışıb,  Gəncə  Dövlət 

Dram Teatrında ədəbi hissə müdiri olub, maarifçilik edib.  

                                                           

1

 AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş 



11  may  2017-ci  il  tarixli  yığıncaqda  oxunmuş  məruzənin  mətnidir.  Məruzə  akademik  B.Nəbiyev,  professor 

N.Qəhrəmanlı və başqalarının kitab və məqalələri əsasında hazırlanmışdır – Müəllif 




 

      Ə.Cavadı əhatə edən ictimai-siyasi mühit necə olub? Müsavat partiyası, Gəncə təşkilatının 1920-ci illərə 

qədərki  fəaliyyəti,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  milli  mübarizəsinin  Gəncə  mühiti,  Birinci  Dünya 

müharibəsi ərəfəsi Rusiyada və Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi, müharibənin başlanması, rus-

erməni  təxribatları,  xalqın  təşkilatlanması,  Gəncədə  “Difai”,  “Müdafiə”,  “Aləmi-mərkəziyyə”  kimi  milli-

siyasi təşkilatların yaranması, ermənilərin Anadoluya dolması, türk kəndlərində qırğınların törədilməsi, türk 

hökumətinin  onları yeni yaşayış yerlərinə köçürmələri, türklərin qaçqın həyatı, Batumda qaçqınlara yardım 

komitəsinin  yaradılması,  Ə.Cavadın    türk  qaçqınlarına  kömək  cəmiyyətini  təşkil  etməsi–  bütün  bunlar 



Ə.Cavadı ictimai-siyasi və ədəbi-mədəni mühitə gətirib çıxaran  amillər olub. 

        Ə.Cavad və Gəncə mühiti.  Şair 1906-cı ildə, 14 yaşında dilboz atın belində anası ilə birlikdə Gəncəyə 

gəlib...  “Gəldim  Gəncəyə”  şeirini  yazıb.  Gəncə  Milli  Komitəsi  və  gənclik  təşkilatının  işində  iştirak  edən 

Ə.Cavad türk əsirlərinə qayğı və kömək göstərib. Rus ordusunun Türkiyəni ərazi işğalları ilə hədələdiyi bir 

şəraitdə “Açıq söz” qəzeti üçün repartajlar hazırlayıb, çarizmin Qarsdakı, Ərdahandakı mövqeyini pisləyib, 

Türkiyənin  tərəfdarı  kimi  çıxış  edib.  Hətta  ADR-in  Gürcüstanda,  Dağıstanda  fövqəladə  və  səlahiyyətli 

nümayəndəsi  kimi  diplomatik  işlər  görüb.  Ə.Cavad  1920-ci  illərin  əvvəllərinə  qədər,  əsasən,  Gəncədə, 

Batumda, Tiflisdə yaşayıb. O illərdə də Bakıya köçüb. Ədəbi dərnəklərdə iştirak edib. 

        Ə.Cavad  Bakıda:  1919-cu  ildə  “Yaşıl  yarpaq”,  1925-ci  ildə  “Ədəbiyyat  cəmiyyəti”  təsis  edilib. 

Səmədağa  Ağamalıoğlunun  evində  “Ədəbiyyat  cəmiyyəti”nin  təsis  yığıncağı  keçirilib  (1925,  fevral).  Sədr 

B.Talıblı,  müavin  T.Şahbazi,  katib  isə  Ə.Cavad  seçilib.  Cəmiyyətin  yaranmasında  əsas  rolu  hümmətçi 

kommunistlər oynayıb. Yığıncağın hesabatı “Ədəbi parçalar”da çap edilib.  

        “Ədəbiyyat  cəmiyyəti”ndə  7  dərnək  fəaliyyət  göstərib.  Ə.Cavad  Şərq  ədəbiyyatı  dərnəyinin  rəhbəri 

olub. Onun  çalışdığı ədəbi dərnəklər, əsasən, xalq ədəbiyyatı, rus ədəbiyyatı, Şərq ədəbiyyatı və tənqid olub. 

Cəmiyyət Ə. Cavadin   təşkilatçılığı ilə M.Füzulinin 400 illik yubileyini keçirib... Şair  giriş nitqi söyləyib, 

“Füzuli” şeirini çap etdirib. Ə. Cavada Füzuli təsiri  Abdulla Surdan gəlib. Tofiq Fikrətin də təsiri olub. 



      Ədəbi-estetik görüşləri: Əhməd Cavad ilk ədəbi düşüncələrə tənqidçi- ədəbiyyatşünas Abdulla Sur Tofiq 

və  fəlsəfi-müdrik  şeirimizin  ustadı  Hüseyn  Cavid  vasitəsilə  yiyələnib.  Onlar  Ə.Cavada  Gəncədə  ruhani 

seminariyasında  dərs  deyiblər.  Deməli,  şairin  romantik,  türkçü,  dinçi  görüşləri    o  vaxtdan  formalaşıb. 

Ə.Cavad 1910-cu ildən, 18 yaşından tolstoyçuluq əhval-ruhiyyəsinə yiyələnib. Yəni ümumi bəşəri məhəbbət, 

bərabərlik duyğusunu ifadə edib. Lev Tolstoyun “Ilyas və onun arvadı” adlı bir hekayəsini dilimizə çevirib 

(”Səda”, /1911/),  bəzi  məqalələri ilə tanış  olub.  1913-cü  ildən  başlayaraq  rus  poeziyasında  K.  Bolmant,  A. 

Belı, A.Blok kimi simvolistlər görünüb. “Azərbaycanda isə simvolizmin dəyərli nümunələrini Əhməd Cavad 

yaradırdı”  (Professor  N.  Qəhrəmanlı).  Ə.Cavad  hind  şairi  R.Taqorun  da  yaradıcılığını  öyrənməyə  səy 

göstərib...  

        Hüseyn  Cavid  və  Əhməd  Cavad:  Onun  Hüseyn  Cavidlə  tanışlığı  Gəncədən,  məktəbi-ruhaniyyədən 

başlayıb. 1909-11-ci illərdə Cavid ona dərs deyib. 1912-ci ildə Ə.Cavadın  müəllimi Abdulla Sur dünyasını 

dəyişib.  Bu  münasibətlə  H.Cavid  məqalə  yazıb,  məqalənin  içərisində  isə  Ə.Cavadın  şeirindən  parça 

verib...Ə.Cavad isə H.Cavid və Ö.F.Nemanzadəni müdafiə edən məqalələrlə mətbuatda çıxış edib. H.Cavid 

və Ə.Cavad “Ədəbiyyat cəmiyyəti”nin fəal üzvləri olub.  

        H.Cavidlə Ə.Cavad yaradıcılığının  oxşar poetik xüsusiyyətlərindən yazıblar. Düz 1930-cu illərə qədər. 

Ə.Nazim  “Cavad-Cavid  ədəbiyyatı”  ifadəsini  işlədib.  Halbuki  onların  fərdi  üslubu  başqa-başqadır... 

Professor  N.Qəhrəmanlı:  ”Cavid  romantikdirsə,  Cavad  həm  də  reallıq  aşiqidir.  Caviddə  fikir  lirik 

qəhrəmandan göylərə yüksəlirsə, Cavadda mənəvi fikir özünə, çıxış nöqtəsinə qayıdır”. Və sair...  

        Əli  Nazim  ”Yeni  Azərbaycan  ədəbiyyyatı”  məqaləsində  H.Cavid  və  Ə.Cavadı  bugünkü  Azərbaycan 

burjuaziyasının  tipik  müəssisləri”  adlandırıb.  (Professor  N.  Qəhrəmanlı).  M.Quliyev  onu  B.Pilnyakla, 

M.Hüseyn  Çolpanla  müqayisə  edib.  M.Quliyev  “cavadçılıq”  “pilnyakçılığ”ın  doğma  bacısıdır”  –  deyib. 

Pilnyak  da,  Ə.Cavad  da,  –  hər ikisi represiya  qurbanı  olub...  O, “kamalçılıqda”,  “gürcü  millətçiliyi”ndə də  

ittiham edilib. 



      Ə.  Cavad  və  mətbuat:  Sənətkar  1914-cü  ildə,    22  yaşında  “Açıq  söz”  qəzetinin  müxbiri  olub.  Qəzetdə 

məqalə  və  şeirlər  dərc  etdirib.  Şairi  bu  qəzetə  yaxınlaşdıran  M.Ə.Rəsulzadə  və  onun  milli  ideyaları  olub. 

“Tərcüman”–  “Fikirdə,  dildə  və  işdə  birlik”,    “Açıq söz”  –  isə  “Türkləşmək,  islamlaşmaq,  müasirləşmək”  



 

devizini əsas götürüb. Bu da Əhməd Cavadı müsavat ideyalarına, türkçülüyə, turançılığa yaxınlaşdıran daha 



bir  ədəbi-estetik  və  siyasi  qaynaqdır.  Ümumiyyətlə,                Ə.Cavadın  çıxış  və  məqalələri,  əsasən,  “İqbal”, 

“Şəlalə”, “Açıq söz”, “Azərbaycan”, “Maarif və mədniyyət”, “Arı”, “Maarif işçisi” kimi mətbuat orqanları 

ilə bağlı olub. 

        Şeir yaradıcılığ: Ə.Cavad 1910-cu ildə bədii yaradıclığa başlayıb. 1916-cı ildə ilk kitabı olan “Qoşma” 

“Açıq söz” qəzetinin idarəsi tərəfindən nəşr edilib. 1919-cu ildə isə  şairin “Dalğa” toplusu   çap olunub.  

      Əhməd  Cavad  bədii  yaradıcılıq  metodu  etibarilə  romantik  ruhlu  (ideyalı,  təxəyyüllü)  realistdir.  O,  

romantik, simolist, dekadent, realist şeirlər müəllifi kimi tanınıb. Şairin bədii dili xalq dili, xalq kaloritinə,  

aşıq şeiri üslubuna, ənənələrinə əsaslanıb. M.Ə.Rəsulzadə yazırdı ki, “Ə.Cavad daha ziyadə heca vəzni ilə 

lirik parçalar yazır və bu lirizmə eyni zamanda milli və siyasi həyəcan qatırdı”.  Şairin poeziyasında lirizm, 

bədbin və nikbin rənglər, fərdi və ictimai duyğular birləşib. 

      Mövzuları ana, Azərbaycan, azadlıq, istiqlal, bayraq, milli ordu, 28 Mayıs, ay, ulduz, təbiət, məhəbbət, 



gözəllik, ələm və kədər olub. Ə.Cavadın bu günkü Azərbaycan birliyi və siyasi idealının, ruhi yaşantılarının 

simvolları, ümumən, Ay və Göygöldür.  

      Əhməd Cavad 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı 

olub.  M.Ə.Rəsulzadə  onun  yaradıcılığına  yüksək  qiymət  verib:  “Milli  qurtuluş  hərəkatının,  Azərbaycan 

ruhunun  həssas  tellərinə  təsir  dərəcəsini  əks  etdirən  milli  şair  Əhməd  Cavadın  28  May  İstiqlal  günü 

münasibətilə hürriyyət pərisinə müraciət etdiyi “Nədən yarandın” parçası son dərəcə lirikdir”. Ə.Cavad  milli 

Dövlət Himnimizin mətnini yazıb. Onun şeirlərində kədər, ələm sızıltıları da var. Başa düşüləndir. Doğma 

balası  dünyasını    dəyişib,  cümhuriyyət  devrilib,  hakimiyyət  bolşeviklərə  keçib,  müsavatçılar,  ittihadçılar, 

sosialistlər  etibarsız  sayılıb,  təqiblər  güclənib.  Ə.Cavad  fatalizmə,  qaçılmazlığa  haqq  verib.  Marksist 

tənqidçilər bu səbəbdən onu “subyektivizmdə”, “həyatdan narazılıqda” təqsirləndirib. 

      Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. (Bu, C.Cabbarlı və A.İldırıma 

da  aiddir).  Onun  1918-ci  illər  şeirləri,  əsasən,  azadlığa,  ilk  Azərbaycan  Respublikasının  uğurlarına  həsr 

edilib.  Azərbaycan  və  ana  mövzusu  ilk  dəfə  Ə.Cavadın  şəxsində  işlənib.  Sonra  bu  mövzunu  Ə.Cənnəti, 

Ə.Müznib, Ə.Yusif, C.Cabbarlı, M. Şəhriyar,  M. Müşfiq, S.Vurğun və başqaları davam etdirib. 

        Müasirlik  mövzusunda    “At  bu  çadranı”,  “Bəs  biz  qardaş  deyilmiyik”,  “Ləzgi  qızları”,    “Axşamlar”,  

sosializm  mövzusunda  “Oktyabr”,  “Qızıl  əsgər  nəğməsi”,  “1  may  bayramı”,  “Moskva  poeması”  və  başqa 

şeirlərini yazıb. Partiyanın, zamanın  sifarişi ilə inqilab, sosial-siyasi mövzulara da müraciət edib.  

       Ə.Cavad, əsasən, heca, qismən əruz vəznlərində yazıb-yaradıb. Poeziyasının əsas janrları qoşma, gəraylı, 

müxəmməs, həcv, epiqram, taziyanə və başqaları olub.  Əhməd Cavad poeziyasında   Şərq modernizminin  

təsirləri  də aydın görünüb. 

       Əhməd  Cavad  və  slavyan  ədəbiyyatı:  Sənətkar  rus  klassiklərini  yaxından  oxuyub.  Xüsusilə,  onlardan  

tərcümələr  edib.  A.Puşkinin  “Kapitan  qızı”,  “Tunc  atlı”,    İ.Turgenevin  “Atalar  və  oğullar”,  V.Kinin  “O 

tayda”,  M.Qorkinin  “Mənim  darülfünunum”,  “Çocuqluq”,  T.Şevçenkonun  “Kobzar”,  “İşçi  qadın”/?/ 

əsərlərini dilimizə çevirib... Azərnəşrdə redaktor olarkən tərcümə işi ilə daha ardıcıl məşğul olub. 



       Ə.Cavad  və  gürcü  ədəbiyyatı:  Şair  gürcü  dilini  bilib.  1929-cu  ildə  nümayəndə  heyəti: 

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı və M.Müşfiqlə birlikdə Gürcüstana gedib. 1934-

1936-cı  illərdə  də  Azərbaycan  Yazıçılar  ittifaqının  ezamiyyəti  ilə  orada  olub.  Gürcüstanın  gözəllikləri, 

Acarıstan və Abxaziyanın  əhalisi, həyat və  məişətindən geniş bəhs edib. 1915-1916- cı illərdə “Açıq söz” 

qəzetində ”Acara məktubları” silsiləsini çap etdirib. “Pələng dərisi geymiş pəhləvan” əsərini dilimizə çevirib. 

Ə.Cavad və  dünya ədəbiyyatı: Şairin tərcüməyə marağı  1920-ci illərin sonlarından başlayıb. Dünya 

ədəbiyyatı ilə təması, əsasən, tərcümə vasitəsilə olub. Geniş tərcüməçilik fəaliyyəti Azərnəşrə aiddir. 1930-

cu  illərdə  rus  və  dünya  ədəbiyyatından  çoxlu  tərcümə  edib.  Mənbələrə  görə  onun  1928–1937-ci  illərdə 

ardıcıl  tərcümə  kitabları  nəşr  olunub.  Ə.Cavad  V.Şekspirin  ”Otello”  pyesini  mənzum  formada,  (Haşım 

Vəzirov, Cəfər Cabbarlı, Xəlil İbrahim və H.Səbrinin tərcümələri də olub), “Romeo və Cülyetta”nı mənsur 

şəkildə dilimizə çevirib. Hətta “Yuli Sezarın” tərcüməsi üçün müqaviləsi də olub. Şair K.Hamsunun “Aclıq”, 

B.Kinin “O tayda”, Koninin “Od uğrunda mübarizə”, F.Rablenin “Qarqantua və Pantakruel”, Ş.Rustavelinin 

“Pələng dərisi geymiş pəhləvan” əsərlərini Azərbaycan dilinə çevirib. 




 

        Ə.Cavad  və  türk  ədəbiyyatı:  Sənətkar  Azərbaycan  Cümhuriyyəti  ilə  Türkiyə  arasında  ilk  əlaqə 

yaradanlardan  biri  olub,  1918-ci  ildə  Bakıya  gələn  türk  ordusunu  salamlayıb.  Onların  şərəfinə  “Türk 

ordusuna”,  “Bismillah”  şeirlərini  yazıb...  O,  Müsavat  MK  və  Gəncə  şəhər  şöbəsi  adından  Ələkbər 

Rəfibəylinin  ölümü  münasibətilə  nitq  söyləyib,    İ.Kaspiralıya  məqalə  yazıb,  ölümünə  şeir  həsr  edib,  onu 

yüksək  qiymətləndirib.  Yaradıcılığının  ana  xətti  türkçülük,  dil,  din  həmrəyliyi  olub.  “İstanbul”  şeirinin  də 

müəllifidir. 

Ə.Cavad  1912-ci  ildə,  20  yaşında  türk  ordusuna  gedib,  könüllü  dəstəyə  qəbul  olunub.  Bolqarlara 

qarşı hərbi əməliyyatlarda iştirak edib. 1912-13-cü illərdə Balkan müharibəsində olub. 1916-1918-ci illərdə 

Türkiyədə yaşayıb. 

 1923-cü  ilin  əvvəllərində    Seyid  Hüseyn,  Xəlil  İbrahim,  Cəfər  Cabbarlı  və  Əhməd  Cavad  həbs 

olunub. Guya müsavatçıların Türkiyəyə keçməsinə yardımçı olublar. 

Ə.Cavad  1928-ci  ildə,  36  yaşında  Türkiyə  mətbuatında,  “İstiqlal  uğrunda”  məcmuəsində  10-15 

şeirini  dərc  etdirib.  Bu  jurnalda  Gültəkin,  Ümgülsüm  və  Sənanın    da  şeirləri  çap  olunub...  Latın  dilinə 

keçməyin təşəbbüskarı da olub.  “Yeni türk əlifbaçılarına” şeirini yazıb.  

        Mücadiləçi  1929-cu  ili  daha  gərgin  keçirib.  Həmin  ildə  onun  əleyhinə  “Cavadın  yolu”  məqaləsi  dərc 

olunub. Bu səbəbdən ”Şiddətli protesto edirəm”, “İzah” məqalələrini yazıb. Sənətkar 1928-29-cu illərdə, 36-

37  yaşlarında  “pantürkizm”də  günahlandırılıb.  Xırda  burjua  yazıçısı,  fitnə  və  təxribat  dövrünün 

nümayəndəsi  kimi  qiymətləndirilib.  O,  bolşevizmin  Türkiyəyə,  türkçülüyə,  türk  birliyinə  hücum  əlaməti 

olaraq “Türkiyə casusu” da adlandırlıb. 

      Demək  olar  ki,  bütün  marksist  tənqidçilər  Əhməd  Cavadı  günahlandırıb.  (M.Quliyev,  M.K.Ələkbərli, 

H.Zeynallı, M.Hüseyn, Ə.Nazim və başqaları). Ə.Nazim onu “Müsavatın saray şairi”, “burjua-qolçomaq və 

mülkədar ədəbiyyatının nümayəndəsi” adlandırıb. H.Cavidə “mürtəce millətçi”, Ə.Cavada isə  “müsavatçı” 

damğası vurulub. 

       İstiqlal mübarizinin ölüm yeri indiyə qədər bilinməyib... Narginmi?.. Bullamı?.. Qum adasımı?.. Böyük 



şormu?..Kim bilir... 

F.Köçərli, Ələkbər və Xudadat Rəfibəylilər, M.Hadi və A.Səhhəti əslində bolşevizmin ilk dalğası məhv 

edib. H.Cavid yaradıcılığı isə “idealist romantizm”, “subyektiv sənət tələqqisi” (görüşü) kimi dəyərləndirilib. 

1937-ci  ildə  onlara  saxta  ittiham  irəli  sürülüb.  H.Cavid  və  Ə.Cavad  guya  əksinqilabi  təşkilatın  üzvü  olub. 

Dörd şəxs, H.Cavid, S.Mumtaz, S.Hüseyn və Ə.Cavad heç kimin adını pisliyə çəkməyib.  

1937-ci ilin mart ayında, 45 yaşında Ə.Cavad Yazıçılar ittifaqının üzvlüyündən azad edilib. May ayında 

həbs olunub. Bir sıra görkəmli ziyalımızın məhkum nömrəsi 12493 olub, 24-cü Əhməd Cavad. Şairin arxiv-

istintaq  işinin  nömrəsi  956702  olub.  12493/24  nömrəli  iş  qovluğunda  əllə  yazılmış  protokollar,  şahid 

ifadələri,  hökm,  arayış,  çıxarış,  məktub,  zəmanət,  rus  makinasında  necə  gəldi  yazılmış  “Göygöl”  şeiri 

saxlanıb. Ə.Cavad “Göygöl” şeiri ilə bərabər, “Kür” şeirinə görə də ittiham edilib.  

Evini axtarış zamanı əmlak siyahısında M.Ə.Rəsulzadənin şəkli, Kautskinin, Buxarinin kitabları, H. 

Zeynallı və V. Xuluflunun bəzi əsərləri, “Türk sözü” qəzeti, ”Dalğa” kitabçası, 3 qeyd dəftəri, 15 müxtəlif 

məktub göstərilir. Şəxsi işindəki arayış bildirir ki, onlar məhv edilib. Şükriyyə xanımın qızıl bəzəkləri, 7 qızıl 

beşlik müsadirə olunub. Sonra da yoxa çıxıb. 12493/24 nömrəli iş 3 iyun 1937-ci ildə açılıb, 25 sentyabrda 

bağlanıb.  İlk  istintaq  5  iyunda  Dövlət  Təhlükəsizlik  Komitəsinin  əməkdaşı  general  Ağasəlim  Atakişiyev 

tərəfindən  aparılıb.  12  oktyabrda  hökm  oxunub.  Oktyabrın  12-dən  13-nə  keçən  gecə  şair  güllələnib.  4P–

014316 nömrəli qərardadda cinayət işinin dayandırıldığı bildirilir.  

1956-cı  ildə  bəraət  alıb.  Zəmanəti  Hüseyn  Musayev,  Aleksandr  Tuqanov,  Hüsü  Mamayev,  aktyor 

Ağahüseyn Cavadov verib. 1958-ci ildə sovet dövründə ilk şeirlər kitabı nəşr edilib. 

        Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  Ə.Cəfəroğlu,  A.İldırım  və  bir  çox  başqaları  vaxtilə 

Türkiyədə  sığınacaq  tapmışdı.  “Yeni  Qafqasiya”,  “Azər-türk”,  “Odlu  yurd”,  “Bildiriş”  kimi  orqanlar 

Türkiyədə çap olunmuşdu. 

       Ə.Cavadın da milli müstəqillik illərindəki ilk kitabı (“Sən ağlama, mən ağlaram”) Türkiyədə  nəşr edilib 

(1991).  Azərbaycan  Kültür  Mərkəzinin  fəalı  Sərvət  Gürcan,  Egey  Universitetinin  professöru  İrfan  Murad 

Yıldırım,  Bakı  Avrasiya  Universitetinin  professoru  Seyfəddin  Altaylı  Ə.Cavad  irsi  ilə  bağlı    araşdırmalar 



 

aparıb.  Filosof-tənqidçi  Asif  Əfəndiyev  deyib:  “Azərbaycan  bütövlükdə  türk  dünyasının  düşünən  beyni  və 



ürəyi,  Türkiyə  isə  onun  sinəsi  və  kürəyidir”.  Yeri  gəlmişkən,  X.  R.  Ulutürkün  “Heydər  Dədə–Atatürk” 

şeirindəki dəmir sətirlər də nə qədər qürurlu, çağdaş səslənir: 

                                Sədərək körpüsünə qanadlandı bir səhər, 

                                Üç addımda Türkiyə...Hər çınqılı bir gövhər. 

                                Azərbaycan – Türkiyə!... Daş qala, qoşa səngər! 

                                Bütün qasırğalara birləşməklə sinə gər! 

                                Bu birlik qarşısında düşmən tük salacaq, tük! 

                                Qucur iki sahili – Heydər Dədə, Atatürk! 

                                Ümid körpüsü üstə dayanıbdır inamla 

                                Dədə Heydər – Ata Türk!..  

Ə.Cavad  haqqında  kitab,  monoqrafiya,  dissertasiya  və  məqalələr  yazılıb.  Bu  gün  də  yazılır. 

Ə.Ağayev, B.Nəbiyev, Y.Qarayev, N.Ələkbərli, Ə.Saləddin, Y.İsmayılov, T.Mahmud, A.Abbas, R.Həsənov, 

N.Axundzadə,  S.Gəncəli,  M.Aslan,  A.Əliyeva,  N.Yaqublu,  S.Sərxanlı,  B.Əhmədov,  A.Şərifzadə, 

K.Muradov,  A.Şərifov,  Ə.Əfəndiyev,  T.Salamoğlu,  A.Turan  və  başqaları  qiymətli  kitab  və  məqalələrin 

müəllifidir.  

      Ə.Cavadın 1991-ci ildə Türkiyədə “Sən ağlama, mən ağlaram” şeirlər kitabı, 1992-ci ildə Azərbaycanda 

ikicildliyi,    2005-ci  ildə  prezident  sərəncamı  əsasında  seçilmiş  əsərləri  çap  olunub.  1992-ci  ildə  şairin  100 

illiyi, 2012-ci ildə 120 illiyi qeyd edilib, yubileyinin keçirilməsi haqqında cənab İ.H.Əliyev Sərəncam verib 

(2012). 

Bolşevizmə,  sinfi  mübarizəyə  xidmət  tarixin  arxivinə  qayıdır...  Milli  mübarizəyə,  istiqlala  xidmət 

tarixin şərəfli yaddaşına, çağdaşlığa dönür. Ə.Cavad ömrü milli dövlətçiliyimizin və ədəbiyyatımızın tarixi 

yaddaşında yol gedir... Şairin yaratdığı ədəbi-ictimai və estetik ənənələr bu günün yaddaşına, gəncliyin şüur 



və məfkurəsinə ötürülür... Ə.Cavad ömrü xatirələrdə, xalqımızın rəşadətli tarixində yaşayır... 

                                                                                  Əlizadə  Əsgərli   

                                                                      AMEA Nizami adına Ədəbiyyat 

                                                                       İnstitutunun baş elmi işçisi,  

                                                                       filologiya elmləri doktoru 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə