“Milli Məclis”. 2010.№3 S. 68-71. Azərbaycan ali təHSİLİNİn yeni İNKİŞaf məRHƏLƏSİ: realliqlar, problemləR, TƏKLİFLƏR



Yüklə 169,98 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü169,98 Kb.
#54157


“Milli Məclis”.-2010.-№3-4.-S.68-71.

AZƏRBAYCAN ALI TƏHSİLİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ:

REALLIQLAR, PROBLEMLƏR, TƏKLİFLƏR

Əhməd Vəliyev

Millət vəkili, professor

Hər  bir  ölkənin  təhsil  sisteminin  durumu  həmin  ölkənin  dayanıqlı  və  ardıcıl  inkişafını  təmin  edən  əsas

amillərdən biridir. Təhsilin keyfiyyəti və onun hamı üçün əlçatan olması bütün dünya ölkələrinin təhsil siyasətinin

əsas  prioritetinə  çevrilib.  Əsas  zənginliyi  insan  kapitalı  hesabına  formalaşan  inkişaf  etmiş  ölkələr  hələ  də  təhsil

sistemlərində islahatlar aparırlar. Təcrübələr bölüşür, inteqrasiya üçün yeni üsullar axtarılır. Müstəqillik əldə etmiş

Azərbaycan dünyada gedən bu proseslərdən heç vəchlə geri qala bilməzdi. Sovetlər İttifaqı süquta uğradıqdan sonra

Azərbaycan təhsilinin qarşısında iki mühüm problem dayanırdı: yeni qanunvericilik bazası yaratmaq və islahatlara

təkan vermək.

Ölkəmizdə təhsil sahəsində islahatlar 1999-cu ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən

"Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat  Proqramı" təsdiq  olunduqdan  sonra  başlanılmışdır.  Həmin

proqrama  uyğun  ali  təhsildə  də  struktur  dəyişiklikləri  aparılmış,  təhsil  müəssisələrinə  müstəqillik  və  geniş

səlahiyyətlər  verilmiş,  bir  sıra  ali  məktəblər  öz  fəaliyyətlərini  özünüidarəetmə  prinsipi  əsasında  qurmuşdur.

Ümummilli liderimizin uzaqgörən siyasəti özünü çox gözlətmədi. Elə həmin ilin 19 iyununda 29 Avropa ölkəsinin

təhsil  nazirləri  "Vahid  Avropa  təhsil  məkanı"nın  yaradılması  məqsədilə  "Boloniya  Bəyannaməsi"  adlı  məşhur

sənədi imzaladılar. Bu sənədin də əsas qayəsini təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlərin verilməsi

təşkil edir.

Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulmuş  və bununla da faktiki olaraq ali təhsildə aparılacaq

islahatların istiqaməti müəyyənləşdirilmişdir.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  2009-cu  il  22  may  tarixli  sərəncamı  ilə

"2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində  islahatlar  üzrə  Dövlət  Proqramı"  təsdiq

edilmişdir.  Dövlət  Proqramının  əsas  məqsədi  ölkənin  ali  təhsilinin  Avropa  təhsil  məkanına  inteqrasiyası,  onun

məzmununun  Boloniya  prosesinin  prinsiplərinə  uyğun  qurulması,  cəlbedici  və  rəqabət  qabiliyyətliliyinin  təmin

edilməsi,  ölkə  iqtisadiyyatının  inkişaf  tələblərinə  uyğun  ali  təhsilli  kadrlara  yaranan  tələbatın  ödənilməsi,  habelə

informasiya  cəmiyyətinin  və  biliklərə  əsaslanan  iqtisadiyyatın  tələblərinə  uyğun  olaraq  kadr  potensialının

yaradılması,  əhalinin  müasir  tələblərə  cavab  verən  ali  təhsil  almaq  imkanlarının  təmin  edilməsi  üçün  iqtisadi  və

sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Boloniya  prosesi  Avropa  Dövlətləri  ailəsinə  qoşulmuş  Azərbaycan  üçün  sosial,  siyasi  və  mədəni

səviyyələrdə böyük əhəmiyyət kəsb edir. Bu proses ali məktəblərdə, əmək bazarında və ictimai sektorda islahatlar

aparılmasına,  ali  məktəblərin  maliyyələşmə  sisteminin  modernləşməsi  və  onların  maliyyə  dayanıqlığının

artırılmasına  təsir  göstərir.  Bu  prosesdə  Azərbaycan  təkcə  öz  təhsil  sistemini  Boloniya  standartlarına

uyğunlaşdırmır,  həm də  öz  milli  adətlərini  Avropa  ali  təhsil  məkanında  birgə  ünsiyyət  dilinə  köçürür.  Bu  məsələ

artıq  hər  bir  Azərbaycan  vətəndaşını  maraqlandırır.  Azərbaycanın  bu  prosesə  qoşulmasına  qloballaşma

prizmasından baxmaq lazımdır. Bu prosesdə Azərbaycana təsir edən 3 qlobal tendensiyanın adını çəkmək istərdim.

Birincisi, beynəlxalq akademik mobillikdir. Kompyuter şəbəkəsi vasitəsilə külli miqdarda informasiya əldə

etmək  mümkündür.  Buna  baxmayaraq,  biliklər  hələ  də  ənənəvi  metodla  planeti  dolaşır.  Bu  tələbə  və  müəllim

yerdəyişmələri,  akademik  proqramlar,  təhsil  standartları və  metodlarının  mübadiləsi  vasitəsilə  baş  verir.  Ənənəvi

cəmiyyətdə olduğu kimi, indinin özündə də insanlar əsas informasiya və bilik daşıyıcıları kimi qalırlar. Azərbaycan

informasiya  cəmiyyətinin  dəyərlərindən  kənarda  qala  bilmədiyi  kimi,  dünyanı  ağuşuna  alan  bu  prosesdən  də

kənarda qala bilməz.

İkincisi,  müasir  dünyada  bilik  istehsalın  əsas  hərəkətverici  qüvvəsinə  çevrilir.  Hər  bir  ölkənin

iqtisadiyyatının  rəqabətə  davamlı və  dayanıqlı  olması üçün  həmin  ölkə  iqtisadiyyatı  öz  bilik  potensialının,  kadr

bazarının,  innovasiyaların,  həmçinin  təhsilə  ayrılan  investisiyaların  açıq  və  beynəlmiləl  olmasını qarşıya  məqsəd

qoymalıdır.  Boloniya prosesi bilik iqtisadiyyatı hesabına ölkələr arasında yaranan fərqləri  aradan qaldıra  və geniş

imkanlar aça bilər.

Üçüncüsü,  bu  proses  ən  qiymətli  milli  dəyəri  -  insan  kapitalını  formalaşdırır.  Amerika  iqtisadçısı Nobel

mükafatı laureatı Qeri Bekker tərəfindən ötən əsrin 60-cı illərində elmi terminologiyaya gətirilmiş  bu anlayış artıq

keyfiyyətli  ali  təhsilin  sinoniminə  çevrilib.  Bu  baxımdan  ölkənin  malik  olduğu  təbii  sərvətlərin  insan  kapitalına

çevrilməsi  ali  təhsil  qarşısında  duran  müstəsna  əhəmiyyətə  malik  əsas  vəzifədir.  İnsan  kapitalına  investisiya

qoyuluşu dedikdə təhsilə xərclənən vəsait nəzərdə tutulur. Məhz bu, özündə bilik, bacarıq və vərdişləri ehtiva edən

ixtisaslaşmış  fəaliyyəti  təmin  edir.  Burada  dahi  Hüseyn  Cavidin  indiki  dövrlə  səsləşən  məşhur  bir  kəlamı  yada

düşür: "Elmdən edilən istifadə yalnız mənəviyyata münhəsir deyil, maddiyyat ilə də münasibətdar olmalıdır".

Ölkə üçün yerli səviyyədə mütəxəssis hazırlanması naminə bütün mümkün imkanlardan (maddi və mənəvi)

istifadə  olunur.  Azərbaycanın  istedadlı  övladlarının  dünyanın  aparıcı  ölkələrinin  ali  məktəblərində  təhsillərini



davam  etdirmələrinə  dövlət  səviyyəsində  şərait  yaradılır.  Möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  sərəncamı ilə

təsdiq  olunmuş  "2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı"

olduqca böyük əhəmiyyət kəsb edir. Bu proqramın əhəmiyyəti ilə bağlı maraqlı bir misala müraciət etmək istərdim.

Türkiyə universitetlərinin beynəlxalq səviyyədə akkreditasiya prosesi 1999-2000-ci illərdə başlayıb. Qardaş ölkədə

ilk  akreditasiyadan  keçən  universitet  Ortadoğu  Texniki  Universiteti  oldu.  Bu  ali  məktəbdə  çalışan  müəllim

heyətinin  70%-ni  Avropa  və  ABŞ  universitetlərində  təhsil  görmüş  şəxslər  təşkil  edirlər.  Təhsilin  keyfiyyətinin

beynəlxalq səviyyədə  qiymətləndirilməsində  həmin  heyətin  müstəsna  rolu  olmuş-dur.  Bu  mənada  dövlət  hesabına

xarici  ölkələrin  ali  məktəblərinə  təhsil  almağa  göndərilən  Azərbaycan  gənclərinin  gələcəkdə  ölkəmiz  üçün  insan

kapitalının formalaşmasında əvəzsiz əhəmiyyəti var.

Azərbaycan  təhsilinə  dünya  səviyyəsində  diqqətin  artırılması istiqamətində  görülən  çox  önəmli  tarixi  bir

hadisəni diqqətə çatdırmaq istərdim. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı

səfiri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  30  ölkənin  200-dək  təhsil  ekspertinin  iştirak  etdiyi

"Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda Bakı şəhərində keçirilən savadlılıq, xüsusən də yaşlıların təhsili

problemlərinə müasir yanaşma-ları ifadə edən YUNESKO-nun regional konfransı təhsil tariximizdə mühüm hadisə

olmaqla  bərabər,  dünyada  Azərbaycanın  qabaqcıl  təhsil  tendensiyalarını  dəstəkləyən  ölkə  imicini  daha  da

yüksəltmişdir.

Ölkəmizdə təhsil sahəsində aparılan çoxşaxəli islahatlar ali təhsil sistemində yeni maliyyə mexanizmlərinin

tətbiqindən  yan  keçə  bilməzdi.  Bu  baxımdan  ali  təhsil  müəssisələrində  yeni  maliyyələşmə  mexanizminin  tətbiq

edilməsi  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  2010-cu  il  fevralın  10-da  imzaladığı  fərmanın  olduqca

böyük  əhəmiyyəti  var.  Bu  fərman  dövlət  büdcəsinin  vəsaiti  hesabına  dövlət  sifarişi ilə  ali  təhsil  müəssisələrində

kadr  hazırlığının  adambaşına  maliyyələşmə  prinsipi  əsasında  həyata  keçirilməsinə  imkan  verir.  Adambaşına

maliyyələşmə  hər  bir  tələbəyə  ayrılan  vəsaitin  daha  səmərəli  xərclənməsinə  və  tələbə  mobilliyinə  geniş  meydan

açacaq. Hər bir tələbə maliyyə müstəqilliyinə və sərbəstliyə nail olacaq. Həmin fərmanda xarici ölkələrin müvafiq

sahədə  qabaqcıl  təcrübələrinin  öyrənilməsi  də  nəzərdə  tutulur.  Dünyanın  aparıcı  ölkələrində  hər  tələbəyə  düşən

vəsait bizim tələbələrlə müqayisədə çox yüksəkdir. Müqayisəli təhlillər adambaşına maliyyələşmədə mühüm dönüş

ola bilər. Bu, həm də ali məktəblərin infrastrukturunun yaxşılaşmasına möhkəm zəmin yaradar.

Mükəmməl  təhsil  qanunvericiliyi  həyat  səviyyəsinin  yüksəlməsinə,  ictimai  birliyə  və  həmrəyliyə,  sosial

ədalətsizliyin təzahürlərinin minimum səviyyəyə endirilməsinə istiqamətlənmiş müasir dövlətin atributudur.

Möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyev  tərəfindən  qəbul  olunmuş  islahat  proqramları  və  digər

sənədlərdə cəmlənən ideyalar və müasir baxışlar "Təhsil haqqında" Qanunun yazılmasında önəmli rol oynamışdır.

Hal-hazırda  "Ali  təhsil  haqqında"  qanun  layihəsi  hazırlanır.  Əminliklə  demək  olar  ki,  Azərbaycanda  təhsil

sahəsində  indiyədək  aparılan  islahatlar  ali  təhsil  haqqında  mütərəqqi  bir  qanun  layihəsinin  hazırlanmasına  zəmin

yaradır.

Təhlillərimizin  nəticəsi  olaraq,  aşağıdakı  mühüm  məsələlərin  qanun  layihəsində  öz  əksini  tapması

məqsədəuyğun olardı.

-  Dünyanın  aparıcı  ölkələrində  -  dövlət  hesabına  təhsil  almış  məzunların  vətənə  dönərək  təhsil

müəssisələrində işləməsi Azərbaycanda təhsilin ən böyük problemi olan kadr çatışmazlığının aradan qaldırılmasına

köməklik göstərə bilər.

-  Ölkə  başçısının  sərəncamı  ilə  2010/2011-ci  tədris  ilindən  başlayaraq  mülkiyyət  formasından  asılı

olmayaraq,  ali  təhsil  müəssisələrində  dövlət  büdcəsinin  vəsaiti  hesabına  adambaşına  maliyyələşdirmə  dövlət

sifarişi əsasında  həyata  keçiriləcəkdir.  Düşünərəm ki,  Azərbaycanda  bazar  iqtisadiyyatı şəraitində  əmək bazarının

tələbatına  uyğun  hansı  ixtisaslara  daha  çox  ehtiyac  olduğunu  müəyyənləşdirən  bir  qurum  hələlik

formalaşmadığından yüksək ixtisaslı mütəxəssislərə, istər dövlət və istərsə də özəl sektorda böyük ehtiyac olduğunu

nəzərə alaraq ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil

almaq  hüququ  qazanan  abituriyentlər  içərisindən  heç  bir  ixtisasa  fərq  qoymadan  ən  yüksək  bal  toplayanların

mülkiyyət  formasından  asılı  olmayaraq,  ali  təhsil  müəssisəsində  dövlət  hesabına  təhsil  almaları  daha

məqsədəuyğundur.  Belə  ki,  ən  qabiliyyətlilərin  dövlət  tərəfindən  maliyyələşdirilməsi  öz  bəhrəsini  verəcək.  Onlar

yüksək səviyyəli mütəxəssislər kimi gələcək fəaliyyətləri ilə onlara qoyulan sərmayəni bu və ya digər formada geri

qaytarmış olurlar. Bu dünya təcrübəsində də tətbiq edilir. Belə yanaşma ali məktəblərin arasında sağlam rəqabətin

formalaşmasına səbəb ola bilər.

- Ali məktəblərin maliyyələşməsi təkcə dövlət büdcəsi və tələbə vəsaitləri hesabına deyil, həm də müsabiqə

əsasında dövlət tərəfindən elmi tədqiqatlara ayrılan vəsaitlər hesabına olmalıdır.

- Dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən elmi dərəcələrə müəyyən məbləğlərdə vəsait ödənilir.

Bu vəsait elmi dərəcəyə görə verildiyindən alim harada işləməsindən asılı olmayaraq, onu almalıdır.

-  Hal-hazırda  ali  məktəblərimizin  professor-müəllim  heyətinin  tərkibini  xeyli  sayda  yaşlı  insanlar  təşkil

edir.  Bu  amil  universitetlərdə  təhsilin  keyfiyyətinə  təsirsiz  ötüşmür.  Belə  ki,  professor-müəllim  heyətinin  yaşca

qoca  olması  tədrisin  müasir  səviyyədə  qurulmasına,  səviyyəli  kadr  hazırlığına  öz  mənfi  təsirini  göstərir.

Təqaüdlərin  az  olması ucbatından  onlar  universitetlə  vidalaşmaq  istəmirlər.  Bu  kateqoriyadan  olan  alimlərimizin

əməkhaqqı  saxlanılmaqla  onların  auditoriyadan  uzaqlaşdırılması  və  kafedralarda  məsləhətçi  kimi  çalışmalarını

təmin etmək çıxış yollarından biri kimi nəzərdən keçirilə bilər.




Fikrimizcə, yeni hazırlanan "Ali təhsil haqqında" qanun layihəsində  qeyd  olunan  təkliflər  nəzərə  alınarsa,

ölkənin təhsil sisteminə, elminə, ziyalılarına, gənclərinə göstərilən diqqət və qayğıya yeni bir tövhə olar.



Yüklə 169,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə