Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

– Ola bilsin ki, indi bütün bunlar sizə iyrənc görünür. Ancaq belə lazımdır. İlk 
günlər üçün sizə lazımdır. 
– İyrənc görünmür. Ancaq mən bunları təkbaşına eləyə bilməzdim. 
Ravik qədəhləri doldurdu. 
– Bunu da için. 
Qadın bu dəfə yavaş-yavaş içdi. 
– İndi bir az yaxşı oldu? 
Qadın onun üzünə baxdı: 
– Nə yaxşı oldu, nə də pis. Heç fərq eləmədi. 
O, qaranlıqdan güclə seçilirdi. Hərdən küçədəki reklamların qırmızı işığı gah 
üzünə, gah da əllərinə düşürdü. 
– Nə qədər ki o, buradadır, heç nə haqda fikirləşə bilmirəm, – dedi. 
Sanitarlar adyalı götürüb, xərəyi çarpayıya yaxın çəkdilər. Sonra meyiti götürüb, 
onun üstünə qoydular. Onlar bunu çox cəld, işgüzarlıqla elədilər. Ravik qadına 
yaxın dayanmışdı ki, birdən huşunu itirər. Sanitarlar meyitin üzünü örtməmiş, 
əyilib kətilin üstündəki madonna fiqurunu götürdü, qadına göstərdi: 
– Deyəsən, sizinkidir. Götürmək istəmirsiniz? 
– Xeyr. 
Ravik fiquru ona uzatsa da, qadın götürmədi. Ravik balaca çamadanı açıb, fiquru 
ora qoydu. 
Sanitarlar meyitin üzünə mələfə çəkdilər, xərəyi götürdülər. Qapı ensiz, dəhliz də 
dar idi. Onlar birtəhər sivişdirmək istədilər, ancaq alınmadı. Xərək ilişirdi. 
– Xərəksiz çıxarmaq lazımdır, – onlardan yaşlısı dilləndi. – Xərəkdə getməyəcək. – 
O, Ravikə baxdı. Ravik də qadına tərəf döndü: 
– Gedək aşağıda gözləyək. 
Qadın başını buladı. 
– Yaxşı, – Ravik sanitarlara tərəf döndü: – Necə lazımdırsa, elə də eləyin. 
25 
Sanitarlardan biri meyitin ayağından, biri də başından yapışıb onu döşəmənin 
üstünə qoydular. Ravik nəsə demək istədi, qadının üzünə baxdı. O heç 
qımıldanmırdı. Ravik də dinmədi. Sanitarlar boş xərəyi apardılar. Təzədən qaranlıq 
otağa qayıdıb, meyiti də araqaranlıq dəhlizə çıxardılar. Pilləkənlərdən keçirmək 
üçün onu çox yuxarı qaldırası oldular. Meyitin ağırlığı onları tərlətmiş, 
pörtdürmüşdü. Ravik onlar aşağı düşənəcən gözlədi, sonra otağa qayıtdı. 
Qadın pəncərənin qabağında dayanıb, çölə baxırdı. Maşını küçədə saxlamışdılar. 
Sanitarlar meyiti elə tulladılar ki, elə bil, çörəkçi peçə çörək atdı, sonra da özləri 
mindilər. Motor uğuldadı, sanki kimsə torpağın altından qışqırdı və maşın döngədə 
gözdən itdi. 
Qadın geri döndü. 
– Gərək, aşağı düşəydiniz… – Ravik dilləndi. – Bunlara nahaq baxdınız. 
– Gedə bilməzdim. Ondan qabaq düşə bilməzdim. Məni başa düşürsünüz? 
– Bəli! Gəlin bir qədəh də için. 
– Xeyr! 
Polislə sanitarlar gələndə Veber işığı yandırmışdı. Meyit çıxandan sonra otaq, elə 
bil, böyümüşdü. Böyümüşdü və sanki, ölmüşdü. Deyərdin, meyit gedib, ölüm isə 


qalıb… 
– Bu mehmanxanada qalacaqsınız? Çox güman ki, qalmazsınız? 
– Xeyr. 
– Buralarda tanışınız var? 
– Xeyr, heç kəsim yoxdur. 
– Başqa mehmanxana yeri bilmirsiniz? Orada qalardınız… 
– Xeyr. 
– Yaxında balaca bir mehmanxana var, özü də buna oxşayır. Təmiz, sakit… Orada 
yer tapmaq olar. «Milan» mehmanxanasıdır… 
– O mehmanxana qalmaq olmaz? Orada… Siz qalan mehmanxanada? 
– «İnternasional»da? 
– Bəli… Mən… ora… Onu heç olmasa, bir az tanıyıram. Tamam yad olmaqdansa, 
bu yaxşıdır… 
– Ora qadın üçün yaxşı deyil. – «Bircə bu çatmırdı! – Ravik ürəyindən keçirdi. – 
Mənimlə bir mehmanxanada… Yox, mən qulluqçu deyiləm. Sonra da… Bəlkə, elə 
bilir, ona borcum var? Hə, belə də olur…» – Məsləhət görmürəm! – Bu sözlər 
istədiyindən kəskin alındı. – Ən yaxşısı «Milan»dır. Xoşunuza gəlməsə, 
dəyişərsiniz. 
Qadın onun üzünə baxdı. Ravikə elə gəldi ki, nə fikirləşdiyini o duydu, ona görə də 
xəcalət çəkdi. Ancaq belə yaxşıdır. Sonralar rahat olmaq üçün bir anlıq xəcalətin 
eybi yoxdur. 
– Yaxşı, – qadın razılaşdı, – düz deyirsiniz. 
Ravik çamadanları düşürtdürüb taksiyə qoydu. «Milan»a bir-iki dəqiqəlik yol idi. 
Ravik bir otaq alıb, qadınla yuxarı qalxdı. İkinci mərtəbədə divarlarına qızılgüllü 
kağız çəkilmiş otaqdır. İçəridə bir çarpayı, şkaf, stol və iki stul qoyulmuşdu. 
– Bəs eləyər? – Ravik soruşdu. 
– Bəli, çox yaxşıdır. 
Ravik qızılgüllü kağızlara baxdı. Bunlar adamı lap vahiməyə salırdı. 
26 
– Deyəsən, həmişə işıqlı olur. İşıqlı, təmiz… 
– Elədir… 
Çamadanları gətirdilər. 
– Bax belə… İndi hər şey qaydasınca oldu. 
– Bəli, təşəkkür edirəm… Çox sağ olun! 
Qadın çarpayıda oturdu. Rəngi avazımışdı. 
– Yatmaq lazımdır. Yata biləcəksiniz? 
– Çalışaram. 
Ravik cibindən uzunsov alümin qutu çıxartdı, silkələyib bir-iki həb götürdü. 
– Yuxu dərmanıdır. Bir stəkan su ilə içərsiniz. İndi içirsiniz? 
– Xeyr, sonra içərəm. 
– Yaxşı, mən gedirəm. Sabahda, birisi gündə dəyərəm. Çalışın ki, tez yatasınız. Bu 
da dəfnetmə bürosunun ünvanı, lazım olar. Ancaq ora getməyin. Özünüz barədə 
düşünün. Gəlib dəyəcəyəm… – Ravik bir anlığa tərəddüd etdi. – Adınız nədir? 
– Madu. Joan Madu. 
– Joan Madu. Yaxşı, yadımda qalar. 


Ravik bilirdi ki, nə yadda saxlayacaq, nə də gəlib dəyəcək. Və bunu bildiyi üçün də 
özünü sındırmaq istəmədi: 
– Yaxşısı budur, yazım, – deyə cibindən resept yazdığı dəftərçəni çıxardı. – 
Buyurun, bəlkə özünüz yazasınız? Bu daha yaxşı olar. 
Qadın dəftərçəni alıb, adını yazdı. Ravik vərəqə baxdı, sonra onu cırıb paltosunun 
qoltuq cibinə qoydu. 
– Tez yatın, – dedi, – sabah hər şey düzələcək. Düzdür, bir az mənasız və gülünc 
görünür, ancaq, əslində, belə lazımdır. İndi sizin üçün ən vacibi yatmaq və bir az 
da vaxt qazanmaqdır. Özünüzü ələ almaq üçün bir az vaxt lazımdır. Bunu başa 
düşürsünüz? 
– Bəli, bilirəm. 
– Həbləri atın, uzanın. 
– Oldu! Təşəkkür edirəm. Çox sağ olun. Heç bilmirəm siz olmasaydınız, nə 
edərdim. Doğrudan, bilmirdim. 
Qadın əlini ona uzatdı. Əli soyuq olsa da, möhkəm idi. «Pis deyil, – Ravik 
ürəyindən keçirdi. – Qətiyyətin ilk əlaməti var». 
Ravik küçəyə çıxdı. Sərin, nəm havanı ciyərlərinə çəkdi. Yenə maşınlar, insanlar, 
tinlərdə dayanan fahişələr, pivəxanalar, bistrolar, tütün, benzin qoxusu, 
gündəngünə 
laxlayan vəfasız həyat… Geri dönüb, binaya baxdı. Bir neçə pəncərədən işıq 
gəlirdi. Qadın indi onlardan hansınınsa qarşısında oturub, gözlərini məchul bir 
nöqtəyə zilləmişdi. Ravik onun adı yazılmış kağızı cibindən çıxarıb cırdı, havaya 
sovurdu. Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim 
unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda 
bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt 
azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir… 
Etual meydanına tərəf getdi. Ora çoxlu adam yığışmışdı. «Zəfər tağı»nın arxa 
tərfində projektorlar yandırılmışdı. Onlar naməlum əsgərin məzarını işıqlandırırdı. 
Məzarın başı üzərindəki mavi, ağ-qırmızı bayrağı külək dalğalandırırdı. 1918-ci il 
sülh müqaviləsinin XX ildönümü idi. 
27 
Səma tutqundu və projetorların gur işığı bayrağın qaramtıl kölgəsini qoynuna alıb, 
ənginlikdə sürünən buludlara çırpırdı. Elə bil, göydən, qaranlığın yavaş-yavaş 
qatılaşdığı yerdən cırıq-cırıq olmuş bir bayraq sallanırdı. Hardasa hərbi orkestr 
çalır, səsi də çox zəif, ölgün çıxırdı. Heç kəs oxumurdu. Hər şey sükuta qərq 
olmuşdu. 
– Sülhə bax! – Ravikin yanında dayanmış bir qadın dilləndi. – Ərim axırıncı 
müharibədə öldü. İndi də növbə oğlumundur. Bu da onların sülhü. Kim, bilir hələ 
nələr olacaq… 
IV 
Çarpayının başından asılmış hərarət cədvəli təzə və boş idi. Təkcə adı yazılmışdı. 
Lüsyen Martine. Büt Şamon, Klavel küçəsi. 
Qızın solğun bənizi yastıqdan güclə seçilirdi. Dünən gecə təşrih olunmuşdu. Ravik 
əyilib ehtiyatla onun ürəyinə qulaq asdı, sonra dikəldi: 
– Bir az yaxşıdır, – dedi, – vurulan qan, deyəsən, balaca bir möcüzə yaratdı. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə