Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

Gördü ki, astanada dayanıb, qucağındakı payızgülü dəstəsi qapıya sığmır. Üzünü 
seçmirdi, təkcə kölgəsini və bir də pardaqlanmış gülləri görürdü. 
– Bu, nədir? Elə bil, payızgülü meşəsidir. Allah, sən saxla, bunları haradan 
almısan? 
Joan gülləri birtəhər qapıdan keçirib çarpayının üstünə atdı. Onlar nəm, soyuq idi, 
yarpaqlarından torpaq, payız ətri gəlirdi. 
– Bağışlayıblar. Səni tanıyan gündən hədiyyə almağa başlamışam. 
– Götür bunları. Hələ ölməmişəm ki, gülə bələyirsən. Özü də payızgülünə... 
«İnternasional»ın bu köhnə, vəfalı çarpayısı lap tabuta oxşadı. 
– Yox! – Joan tez gülləri yığışdırıb yerə atdı. – Elə danışma! Heç vaxt! 
Ravik ona baxdı. Necə tanış olduqlarını tamam unutmuşdu. 
– Unut getsin, elə-belə dedim. 
– Bir də belə danışma! Heç elə zarafat da eləmə! Söz ver! – onun dodaqları 
titrəyirdi. 
– Joan... Doğrudan, o, səni belə qorxudur? 
– Hə... Qorxudan da betərdir... Bilmirəm, nədir?! 
Ravik durdu. 
– Bir də elə zarafat eləmərəm, – dedi, – razı qaldın? 
Joan, Ravikin çiyninə söykədiyi başını tərpətdi. 
– Bilmirəm nədir... Heç dözə bilmirəm. Elə bil, qaranlıqdan bir əl uzanıb məni 
özünə tərəf çəkir. Qorxudur... Dəhşətli bir qorxudur, hardasa dayanıb məni 
gözləyir..– Ravikə sığındı.–Qoyma gəlsin! 
Ravik onu bağrına basdı. 
– Qorxma, qoymaram. 
Joan yenə başını tərpətdi. 
– Sənin əlindədir... 
– Hə... – Keti xatırlayan Ravikin səsində qüssə, kinayə var idi. – Bəs necə! Hər şey 
mənim əlimdədir... 
Joan onun qolları arasında qımıldandı: 
91 
– Dünən gəlmişdim... 
Ravik heç təəccüblənmədi: 
– Gəlmişdin? 
– Hə... 
Ravik susdu. Hər şey birdən oldu. Özünü lap uşaq kimi aparmışdı. O «gözləyim, 
ya yox?!» məsələsi nəyə lazım idi? Elə bil, kiminləsə gic-gici bir oyun oynayırsan, 
o isə bunu istəmir. 
– Evdə yox idin... 
– Hə... 
– Bilirəm, hara getdiyini soruşmaq lazım deyil. 
– Hə... 
Joan onun qolları arasından çıxdı. 
– Yuyunmaq istəyirəm. – Onun səsi tamam dəyişdi.–Buz kimiyəm, olar? Bütün 
mehmanxananı oyatmaram ki? 
Ravik gülümsədi: 


– Bir iş tutmaq istəyəndə, qabaqcadan onun nəticəsini soruşma, yoxsa 
eləməyəcəksən. 
Joan onun üzünə baxdı: 
– Belə xırda işlərdə soruşmaq lazımdır. Böyük işlərdə sən deyəndir. 
– O da düzdür. 
Joan vanna otağına keçib suyu açdı. Ravik pəncərənin qabağında oturub, bir qutu 
siqaret çıxardı. Evlərin damı qırmızımtıl işığa boyanmışdı, qar da yağırdı. Küçədən 
bir taksi keçdi. Döşəməyə səpələnmiş payızgülləri işıldayırdı. Divanın üstündə bir 
qəzet var idi, axşam almışdı: Çexoslovakiya sərhədlərində toqquşma... Çində 
döyüş... Ultimatum... haradasa çevriliş olub... Qəzeti götürüb güllərin arasına 
soxdu. 
Joan qayıtdı. Üz-gözündən buğ qalxırdı və döşəmənin üstündə, güllərin arasındaca 
onunla yanaşı oturdu. 
– Dünən gecə hara getmişdin? 
Ravik ona siqaret uzatdı. 
– Doğrudan bilmək istəyirsən? 
– Hə... 
Tərəddüd etdi, sonra: 
– Buradaydım, – dedi, – səni gözləyirdim. Elə bildim, gəlməyəcəksən, çıxıb 
getdim. 
Joan dinmədi, siqareti qaranlıqda közərib söndü. 
– Vəssalam, – Ravik əlavə etdi. 
– İçməyə getmişdin? 
– Hə... 
Joan diqqətlə onun üzünə baxdı: 
– Ravik, doğrudan elə buna görə getmişdin? 
– Hə... 
Joan əlini onun dizinə qoydu. Ravik xalatın üstündən onun əlinin hərarətini hiss 
elədi. Bir Joanın hərarəti idi, bir də xalatın çoxdan tanış olan doğma istisi və birdən 
92 
Ravikə elə gəldi ki, onların ikisi də çoxdan birləşib, Joan da nə vaxtsa keçmişlərdə 
onun həyatında olub, indi təzədən qayıdıb... 
– Ravik, axı mən hər axşam gəlirdim. Gərək, biləydin ki, dünən də gələcəyəm. 
Bəlkə, məni görmək istəməmisən, ona görə çıxıb getmisən? 
– Yox... 
– Əgər məndən xoşun gəlmirsə, açıq de! 
– Elə şey olsa, deyərdim. 
– Demək, elə deyil? 
– Yox, doğrudan, elə deyil. 
– Onda mən xoşbəxtəm. 
Ravik onun üzünə baxdı: 
– Nə dedin? 
– Mən xoşbəxtəm, – Joan təkrar elədi. 
Ravik bir anlığa susdu. 
– Nə dediyini bilirsən? 


– Hə...– Bayırdan süzülən tutqun işıq qadının gözlərində parıldadı. 
– Belə şeyləri, harada gəldi deməzlər, Joan. 
– Mən harada gəldi, demirəm. 
– Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? 
Ravik ayağı ilə payızgüllərini qurdaladı. «Ah, xoşbəxtlik! – ürəyindən keçirdi. – 
Gəncliyin əbədi baharı! Həyatın qızıl hərflərlə yazılan səhifəsi! Ah, xoşbəxtlik! 
İlahi, görəsən, o xoşbəxtlik indi haradadır?». 
– Səninlə başlayıb, səninlə də qurtarır, – Joan dilləndi. – Bunu bilməyə nə var! 
Ravik heç nə demədi. Fikirləşdi ki, görəsən, nə deyir... 
– Hələ bir azdan deyəcəksən ki, məni də sevirsən, – xeyli sonra dilləndi. 
– Hə, sevirəm... 
Ravik yerində qurcalandı. 
– Məni hələ yaxşı tanımırsan axı... 
– Bunun ona nə dəxli? 
– Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. 
– Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq 
olmaz. 
– Kalvados haradadır? 
– Stolun üstündə. Sən durma, özüm gətirirəm. 
Şüşə ilə bir qədəh gətirib yerə, güllərin arasına qoydu. 
– Bilirəm... məni sevmirsən, – dedi. 
– Demək, məndən çox bilirsən. – Joan sərt nəzərlərlə ona baxdı. 
– Sevəcəksən! 
– Yaxşı, gəl elə bunun sağlığına içək. 
– Dayan! – Joan qədəhi doldurub başına çəkdi. Sonra ağzınacan süzüb Ravikə 
uzatdı. Ravik onu alıb bir az ləngidi. Fikirləşdi ki, bunların heç biri həqiqət deyil, 
əriməkdə olan gecənin şirin yuxusudur. Qaranlıqdan gələn sözlər necə düz ola 
bilər? Həqiqət üçün parlaq işıq lazımdır. 
– Sən bunları belə dəqiq haradan bilirsən? 
– Səni sevdiyimdən... 
93 
«Bu sözü lap oyuncağa döndərib,–ürəyindən keçirdi–heç dərinə getmir, elə deyir 
ki, sanki, əlində boş bir nimçə tutub, içindəkinin töküləcəyindən qorxmur. 
Nimçəni, ağlına gələn şeylərlə doldurur, adını da məhəbbət qoyur. Nə qalıb onun 
içinə doldurmasın? Tənhalıq qorxusu, başqa bir «mən»in həyəcanları, aşıb-daşan 
mənlik hissi, xəyal fantaziyasının tutqun güzgüsü... Ancaq bunları dəqiq bilən 
varmı? İndicə dediyim «kiminləsə ömrü başa vurmaq» sözləri dünyanın ən səfeh 
sözləri deyilmi? Çox dərinə getməməkdə, bəlkə, Joan düz eləyir? Mən niyə qışın 
bu uzun geçəsində, ikinci müharibənin qapını kəsdirdiyini bilə-bilə burada oturub 
boşboğaz məktəb müəllimləri kimi söz güləşdirirəm? Niyə gözümü yumub özümü 
bu həyat girdabına atmaq əvəzinə, müqavimət göstərirəm?!» 
– Sən niyə belə müqavimət göstərirsən? – deyə Joan birdən soruşdu. 
– Nə? 
– Niyə belə müqavimət göstərirsən? – Joan təkrar elədi. 
– Müqavimət göstərmirəm... Nəyə müqavimət göstərməliyəm ki? 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə