Miratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani



Yüklə 307,66 Kb.
səhifə4/7
tarix26.09.2017
ölçüsü307,66 Kb.
#1932
1   2   3   4   5   6   7
Oğul, bir şeyi görüb onu bilmək üçün soruşmaqda tələsmə. Bir gün Loğman gördü ki, Davud əleyhissalam dəmirləri öz əliylə buraraq zireh düzəldir. Loğman ondan bu barədə soruşmaq istədikdə hikmətli olduğundan susdu. Davud zirehi düzəldib, geydi və dedi: Döyüş üçün yaxşı zirehdir. Loğman dedi: Susmaq hikmətdir. Lakin onun sahibi çox azdır.  
Oğul, müstəhəbb işləri çalış xəlvətdə gör. Çünki riyakarlıq xəlvətdən uzaqdır. Camaat arasında olarkən “La ilahə illallah” zikrinə məşğul ol ki, o, həm ən üstün zikirlərdən sayılır.  həm də aşkarda zikr edilərkən dodaqlar tərpənmədiyinə görə başqalarının diqqətini cəlb eləməz və heç bir şey gözə çarpmaz. Buna görə ona “gizlin zikr” deyiblər və onun fəziləti aşkarda deyilən zikrlərdən yetmiş dəfə artıqdır.  Zikrlər çoxdur və hər birinində özünəməxsus faydaları var ki, bu barədə müfəssəl yazılmış kitablara müraciət elə.  Oğul, bu zikri də “La ilahə illallah, la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim və səlləllahu əla Mühəmmədin və alihit-tahirin” çox təkrar elə ki, onun şeytanları uzaqlaşdırmaqda böyük təsiri var.  Oğul, çalış bütün duaları və əməlləri ömründə bir dəfə oxuyasan və yerinə yetirəsən. Çünki əməllərin də özünəməxsus təsirləri var ki, onların hamısını yerinə yetirməklə qiyamətdə Allahın fəzl və kəramətinə nail ola bilərsən. Bəziləri ibadət və duaları meyvəli bağa bənzədib demişlər ki, insan ora daxil olduqdan sonra onun bütün meyvələrindən dadmaq istədiyi kimi yaxşı olar ibadət və duaların da mənəvi təsirlərindən heç olmasa bir dəfə istifadə olunsun.  
Oğul, Qurani Kərimdən hər gün xüsusən səhər vaxtları bir miqdar oxumalı, onun mənalarında düşünməli, ədəb və əxlaqi nöqtələrə diqqət yetirməli və bəzi ayələrin mənalarında müşküllə qarşıladıqda, (o ayə haqqında) imamlardan rəvayət edilən təfsirlərə müraciət etməlisən.  
Oğul, bacardıqca həmişə təharətli (yəni dəstəmazlı) ol ki, bu şeytanı dəf etmək üçün möminin silahıdır, qəbir əzabının qarşısını alır,  hacətlərin qəbul olmasına səbəb olar,  ömrü uzadar,  ruzini çoxaldar,  insanın qədr-qiyamətini, məqamını ucaldar  və bədənə sağlamlıq gətirər, ruhiyəni qaldırar və hafizəni  gücləndirər. 
Hədisdə gəlib ki, dəstəmaz almaq imanın yarısıdır. Mömin dəstəmazlı olduğu müddətdə mələklər onu mühafizə edərlər,  dəstəmazlı ölərsə şəhid sayılar.  Hər kim gecə dəstəmaz alıb yatarsa bütün gecəni ibadət etmiş kimidir. 
Hər kim gecə dəstəmaz alıb, yatağına daxil olarsa, yatağı ona məscid olar.  Mömin yatandan sonra ruhu Allahın yanına gedər. Mütəal Allah özü onu qarşılayar və ona bərəkət və rəhmət əta edər. Buna görədə dəstəmazsız yatmaq məsləhət deyil. 
Oğul, şeytanın vəsvəsəsi zamanı Mütəal Allahdan kömək istəyib, bu zikri “Əuzu billahi minəş-şəytanir-rəcim”  və “Bismillahir-rəhmanir-rəhim, aməntu billahi və rusulihi  muxlisən ləhud-din” duasını səmimi qəlbdən zikr elə.  
Oğul, vacib namazları öz (əvvəl) vaxtlarında qıl ki, belə daha fəzilətlidir və hökm insanın boynundan tez götürülər, zehni azad, bədəni rahat və fikri cəm olar. O cür ki, məlumdur namaz qəbul olunmamış heç bir əməl nəticə verməz. Bəs oğul, namazı öz vaxtında qıl və onu tez yerinə yetirib rahat ol ki, o cürə inşaəllah ruzinin də çoxalmasına səbəb olar. 
Oğul, gecə və gündüzün nafilə namazlarını hətta adi və yüngül tutsanda vaxtlı-vaxtında qıl. Nafilələr vacib namazları mükəmməlləşdirir.  
Bunu sənə öz təcrübəmdən deyirəm ki, gecə nafilələrinin ruzinin çoxalmasında və günorta nafilələrinin isə insanın işinin rast gətirməsində təsiri vardır. Sən əsla və heç vaxt onları tərk eləmə və demə ki, bunlar insanın vaxtını alan bir şeylərdir. Əksinə nafilələr insanın işlərini tənzimləyir. Elmi öyrənirsən ki, ona əməl edəsən və o, əməl müqəddimədir. Bu cür fikirlərlə özünü aldatmağın yeri yoxdur. Oğul, bacardıqca vacib namazları məsciddə camaat ilə qıl, istər sən pişnamaz olasan, istər başqa bir şəxs. Camaat namazının fəziləti çox böyükdür, onu belə rahat əldən vermə. 
Namazlardan sonra Həzrət Fatimə (ə.s)-in təsbihini zikr etməkdə və səcdəyi-şükrü yerinə yetirməkdə ciddi ol.  
Oğul, hər hansı bir çətinliyə düşdükdə səcdəyi-şükr niyyəti ilə alnını yerə qoyub (düz) Cəbrayılın Yusifə öyrətdiyi və Yusif onu oxuyub quyudan nicat tapdığı dua-nı “Allahummə inni əsəlukə bi ənnə ləkəl həmdu, la ilahə illa əntəl mənnanu, bədius-səmavati vəl ərzi, zül cəlali vəl ikram, ən tusəlliyə əla Məhəmmədin və ali Məhəmməd və ən təcələ li mimma ənə fi hi fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsibu  və min həysu la əhtəsibu, əsəlukə bi mənnikəl əzimi və ehsanikəl qədim” sonra üzünün sağ tərəfini yerə  qoyub Yusifin onu oxumaqla zindandan nicat tapdığı duanı “Allahummə in kanət zünubi qəd əxləqət vəchi indəkə fələn tərfəə li iləykə sovtən, və lən təsticibə li dəvətən fə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Məhəmmə-din və Əliyyin və Fatimətə vəl Həsəni vəl Hüseyni vəl əimməti ələyhimus-salam illa ma fərrəctə ənni”  və sonra isə sol tərəfini yerə qoyub, Cəbrayılın Yaqub peyğəmbərə öyrətdiyi və Yaqub peyğəmbər onu oxuduqdan sonra Allahın onun gözlərinə şəfa verdiyi və iki oğlu-nu özünə qaytardığı duanı “Ya mən la yələmu əhədun kəyfə huvə və həysu və qudrətəhu illa huvə, ya mən səddəl həvaə bəssəmai və kəbəsəl ərzə ələl mai vəxtarə linəfsihi əhsənəl əsmai, itini biravhin minkə və fərəcin min indik” zikr elə.  
Oğul, hər ayın birinci və son pəncşənbələrini və orta on günlərindəki birinci çərşənbəni oruc tut ki, bütün ruzigarın orucuna bərabərdir. 
Oğul, gündə “İxlas” surəsini üç dəfə oxu ki, bütün Quranı xətm eləməyə bərabərdir.  Tarixdə belə gəlib ki, Salman (r.ə) iftixarla “mən bütün ruzigarı oruc tutub, gecələri yatmayıb ibadət edirəm və gündə bütün Quranı xətm edirəm” dediyi vaxt Ömər onun bu sözünü qəbul eləmədi. O vaxt Salman Peyğəmbərin yanında Ömərə belə dedi: Hər ay üç gün oruc tuturam, gecələr dəstəmaz alıb yatıram və hər gün üç dəfə “İxlas” surəsini oxuyuram. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də onun sözünü qəbul və təsdiq elədi.  
Oğul, müstəhəb oruc tutmuş halda əgər möminlərdən birinin evinə qonaq ya yolun düşərsə və o da səni süfrə arxasına dəvət edərsə təklifini qəbul edib, orucunu aç. Lakin nə bunu ona bildir və nə orucu açmağınla ona minnət qoy. Bu işinə xatir Allah sənin üçün bir ilin orucunu yazar. 
Oğul, hər gün vaxtının bir hissəsini hədis, moizə və nəsihətlərə həsr et ki, qəlbi diriltməkdə və nəfsi-əmmarəni tüğyandan saxlamaqda onun çox böyük təsiri var. Oğul, (Allah səni şərdən saxlasın) yemək zamanı ifrat eləmə ki, çox yemək tənbəllik, süstlük gətirər və qəlbi öldürər.  Hədislərdə deyilib ki, insan qarnının dolu vaxtı şeytana lap çox yaxın olar. Mütəal Allahın ən xoşu gəlmədiyi şey dolu qarındır.  Möminin qəlbinə çox yemək kimi zərərli bir şey yoxdur.  Qarnının üçdən birini su üçün, üçdən birini nəfəs üçün və üçdən birinə də yemək üçün yer saxla. Həm rahat olarsan həm də ruhiyyə və bədən üçün daha münasibdir. 
Belə sanma ki, güc-qüvvət çox yeməklədir. Əksinə o yaxşı həzmlədir və bəllidir ki, yaxşı həzm çox yeyəndə yox az yeyəndə baş verir. Mədə qazana bənzəyir ki, hər vaxt boş yer onda çox olarsa yemək həm tez həm də yaxşı bişər. Doyandan sonra və iştahın olmayan vaxt bir şey yemə. Çünki o səni qarın köpməsinə (ki, qarın köpməsidə çox xəstəliklərə səbəbdir) və istiklik xəstəliyinə və həmaqət “anlamazlıq” xəstəliyinə düçar edər.  
Oğul, çox yatmaqdan özünü gözlə ki, qiymətli ömrün fənaya gedər. Bundan məqsədim özünlə şəriətdə olmayan üslublarla (yoqlar kimi) mübarizə eləmək deyil. Mən sənə o yollardan istifadə etməyi qəti qadağan edirəm. Çünki elə işlər xüsusən bu müqəddəs şəhər (Qum) kimi normal havası və təbiəti olmayan yerlərdə insanın sinir sistemini pozar. Məqsədim, normal yatmağın və həddən artıq ifrata yol verməməyindir. Oğul, gülməyin həddini riayət elə ki, hədislər əsasən çox gülmək qəlbi öldürər,  adamın abırını aparar və imansız edər.  Belə vaxtı sənə başını aşağı salıb diqqətini barmaqlarının ucuna yönəltməyi məsləhət görürəm. Və kəffarə üçün “Allahummə la təmqutni” zikrini deyə bilərsən.  
Lakin əxlaqın xüsusiyyətlərindən olan az miqdarda gülmək yaxşıdır və bəyənilir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gülüşü təbəssüm idi. Çox gülməyi qadağan etdiyim kimi  çox zarafatı da sənə qadağan eləyirəm.  Çox zarafat adamın abırını, imanını aparır, mürüvvətini  azaldar və düşmənçilik gətirər.  Lakin az zarafat yaxşı və müstəhəbdir.  İmamlarımız həm özləri belə edərdilər həm də başqalarına məsləhət buyurardılar və deyərdilər ki, bu iş mömin qardaşın ürəyini sevindirmək üçündür.  Oğul, mömin bir kimsənin öldürülməsinə heç vaxt razı olma ki, İmam Rza əleyhissalam buyurub: “Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”.  Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir. 
“Bəqərə” surəsi, ayə 190: “Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib “İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. “Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”. 
Oğul, qeybət və böhtandan uzaq ol ki, hesab-kitabdan saleh əməlləri silib yerini şər əməllərlə doldurar. Çünki sənin xeyr əməllərin qeybətini etdiyin, yaxud böhtan dediyin kimsənin kitabına, onun şər əməlləri isə sənin kitabına köçürülər və ondan sonra sən, həm əli boş qalarsan, həm də başqasının günahlarının yükünü daşıyarsan.  
Oğul, həsəddən özünü qoru ki, həsəd eləyən şəxsin əməlləri Allah dərgahına getməz və öz sahibini əzaba salar. Bu dünyada onu həsəd və həsrət yandırar, axirətdə isə Allahın əzabına düçar olar. 
Bu barədə Şeytanın Adəm peyğəmbərə həsəd  etdikdən sonra əzaba düçar olması sənə kifayət edər. O cümlədən Yusifə qardaşlarının həsəd  etdikdən sonra zəlil kimi onun qarşısında xəcalətli olub ona möhtac olmalarını misal çəkmək olar. Hədisdə var ki, həsəd edən şəxsə səbr  etməyin hökmən sənə nicat verər. Necə ki, Yusif peyğəmbərin Allahdan qorxub zinaya yaxın düşmə-məsi onu necə ali məqamlara çatdırdı. Buna dəlil 
Allahın bu kəlamıdır: “Yusuf dedi: Ey mənim pərvərdigarım! Zindan mənim üçün bu arvadların məni təhrik etdikləri şeydən daha əzizdir. Əgər sən onların məkrlərini məndən uzaqlaşdırmasan onda mən onlara tərəf meyl edərəm və cahillərdən olaram. Allah onun duasını qəbul edib o arvadların hiylələrini ondan uzaqlaşdırdı. Həqiqətən o Allah bütün dua edənlərin səsini eşidəndir və hər şeydən ona pənah aparanın halına agahdır”.  
Heç vaxt yalan danışma ki, Mütəal Allahın yalan danışan kimsəyə qəzəbi tutar və onu xalq içində zəlil edər. Yalançının xalq içində qədri-qiyməti olmaz, onun nə gördüyü işinə və nə danışdığı sözünə etimad eləməzlər. Hətta məsləhət olan yerdə də (tövriyə) yalan danışmamağın gərəkdir (amma həqiqətdə o, yalan deyil). Çünki biz dəfələrlə təcrübə edib görmüşük ki, qurtuluş və nicat düz danışmaqdadır  və çox olub ki, adamlar ən çətin şəraitlərdə düz danışdıqlarına görə nicat tapıblar. Bu, sədaqət və düzlüyün xüsusiyyət-lərindəndir. Heç vaxt başqasına yalan danışmağı öyrətmə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Başqalarını yalana öyrətməyin ki, sizə də yalan danışarlar. Yəqub peyğəmbərin övladları qurdun adam yediyini bilmirdilər. Lakin Yəqub bunu öyrətdikdən sonra onlar belə yalana əl atdılar”  
Heç vaxt giriftar ya müsibətə düçar olmuş bir kimsəyə gülüb tənə vurma. Belə şəxsin əməlləri qəbul olunmaz. Üstəlik, onun başına gələn müsibət mümkündür sənin də başına gəlsin.  
Oğul, qəsavəti-qəlbə mübtəla olmaqdan özünü gözlə ki, lap çox məzəmmət olunan sifətlərdəndir. Sənə yazmağı söz verdiyim “Ədəb” kitabının axırında qəlbə qəsavət gətirən şeyləri ola bilsin qeyd edəm.  
Oğul, (Allah sənə nəfsinə qalib gəlməkdə gömək olsun) təkəbbür və (yersiz) qürurdan çox uzaq ol. Mən şəxsi təcrübəmdən deyirəm, Mütəal Allah həmişə təkəbbürlü adamı zəlil edər və burnunu ovar. Doğrusu qürurlandığım hər bir şeydən həmişə Allah ümidimi kəsmiş və məni məyus etmişdir. Çoxları olub ki, hər bir şeyə qürurlanarkən Allah onları ağla gəlməz, qəribə yollarla zəlil edibdir. Hədislərdə deyilib ki, Allah təkəbbürlü, məğrurcasına yeriyən kimsəni özünə düşmən bilər.  Hər kim yer üzərində təkəbbürlə və saymazyana yeriyərsə ona yer, yerin altındakılar və göydəkilər lənət edərlər. 
Təkəbbürlü şəxs yer və göylərin sahibi olan Allahın düşmənidir.  Oğul, səndən nə gizlədim təkəbbür, saymazyanalıq və dikbaşlıq səfehliyin əlamətləridir. Çünki aqil insan nədən yarandığını, axırda nə olacağını və hal-hazırda nə daşıdığını dərk edərsə onun təkəbbürlüyü səfehlikdir. Bu səbəbdəndir ki, imamlarımız bəni-adəmin əvvəli nütfə, axırı meyit və yaşadığı dövrdə isə qarnında nəcis daşıdığı halda təkəbbür etməsinə təəccüb etmişlər.  Hətta hədislərdə deyilib ki, nəcisin yaradılmasının səbəbi insanın təkəbbür etməsinin qarşısını almaq üçündür.  
Oğul, nəfsini təkəbbür, qürur və buna oxşar sifətlərdən qoru ki, hədislərdə var: Hər kim öz bər-bəzəkli paltarlarını geyib qürurlanarsa behiştin ətri onun burnuna yetişməyəcəkdir,  Allah onun qəbrini cəhənnəm atəşi ilə doldurar və Qaruna yoldaş olar. Çünki Qarun, birinci kəsdir ki, qüruruna görə Allah onu öz evilə birgə torpağın altına çəkdi. Həmçinin, başqalarının  sənə ehtiram əlaməti olaraq ayaq üstə durduğu halda sənin əyləşməyin təkəbbürlüyün əlamətlərindəndir. Hədisdə deyilib hər kim cəhənnəm əhlini görmək istəsə ətrafındakıların ayaq üstə durduğu halda mütəkəbbiranə oturmuş adama baxsın.  
Məsum imamlarımız təkəbbürün əlacı üçün yollar göstərmişlər, məsələn” o yamaqlı paltarlar və cırıq (yaxud köhnə) ayaqqabı geymək, surəti torpağa sürtmək (səcdə), çiyində yük götürüb bazardan evə aparmaq, ulaq minmək, keçi sağmaq, yoxsullarla birgə əyləşmək  və sair (lakin hal-hazırda indiki zamana uyğun olmalıdır). Mütəal Allah bəzilərinin təkəbbürünə görə əlindən çox böyük nemətləri almışdır. Hətta Yusif peyğəmbərin o hərəkət və rəftarından sonra onun nəslindən peyğəmbər-lik götürülmüşdür.  Bunların ən dəhşətlisi Mütəal Allahın Şeytanın təkəbbür edib Adəmə səcdə etmədi-yinə görə öz yanından (ən böyük nemət) qovmasıdır.  
Oğul, özünü təkəbbürdən saxla, himayət et. Hətta təkəbbürün zərərlərindən uzaq olub, qurtulasan. Oğul, təvazökar ol ki, dünya və axirətdə xeyirə çatasan. Hədisdə deyilib ki, təvazökarlıq insanın məqamını yüksəldər,  ona şərəf gətirər, hikmətə  yol açar, cisim və ruhunda Allahdan qorxu və həya  toxumlarını səpər. 
Tam, həqiqi şərəf yalnız Allaha xatir təvazö edənlərdə nöqsansız qala bilər. Mütəal Allah təvazökar bəndə ilə mələklərə fəxr edər. Hər bir insanın boynu bir mələk əlindədir ki, təkəbbürlük etdiyi vaxt onun boynunu yerə sarı çəkib, deyər: “təvazö et, Allah səni endirsin”, təvazö etdiyi vaxt isə onun yuxarı doğru çəkib deyər: “başını qaldır, Allah səni yüksəltsin (məqamı-nı) və bu təvazökarlığına görə səni heç vaxt alçaltma-sın”.  Mütəal Allahın Musanı özü ilə danışmağa nəsib etməsinin səbəbi onun təvazökarlığına görə idi. Musa öz nəfsini ən aşağı saydığına görə Allah onun zəmanəsindən ən yüksək məqamı ona əta etmişdir və insanlar arasında  Allaha ən yaxın olanlar təvazö edən kəslərdir.  
Oğul, məxluqatdan heç bir şeyi kiçik sanıb, ona alçaq nəzərlərlə baxma ki, bu, Allahın məqamına toxunmaqdır. Bir dəfə Nuh peyğəmbər xəstəliyə düçar olmuş bir itin yanından ötərkən bu nəcür itdir dediyi vaxt it dilə gəlib dedi: “Ya Nuh mənim Allahım məni bu cür yaradıbdır, əgər qadirsənsə məni dəyişib, gözəl et”. Nuh peyğəmbər dediyi sözə peşman olub, qırx il ağladı. Allah onun adını Nuh qoyub (ağlayıb çox növhə edən, halbuki əvvəl onun adı Əbdülcabbar idi) buyurdu: ey Nuh nə vaxta qədər növhə edəcəksən? Mən səni bağışladım. Həmçinin, Musa peyğəmbərə Mütəal Allah vəhy etdi ki,  mənimlə münacat etməyə gələndə özündən aşağı bir kimsəni də özünlə gətirərsən. Musanın hər şeydən əli üzüldükdən sonra, axırda xəstəliyə düçar olmuş bir iti özü ilə apardı. Lakin yolda Musa onu da azad edib, aparmadı. Mütəal Allah ilə münacat edərkən Allah and içib buyurdu: Əgər iti gətirsəydi, onu peyğəmbərlər silsiləsindən silərdim. Oğul, sən özünü hətta xəstə və murdar itdən də yaxşı hesab etmə. Bəzi ariflərin dediyinə görə nə qədər ki, bəndə özünü xalq içində bir başqasından yaxşı güman edirsə, o bəndə təkəbbürlüdür.
Oğul, tamahkar olma ki, cəddimiz Adəm peyğəmbər belə behiştdə bütün nemətlərdən istifadə edə biləcəyi halda qadağan olunmuş “buğda”ya tamah saldığına görə behiştdən çıxarıldı.  
Tamahkarlıq haqqında hətta Şeytanın da nəsihət-ləri vardır. Onun Nuh peyğəmbərə olan nəsihətlərindən biri belədir:  “Heç vaxt naməhrəm qadınla xəlvət bir yerdə tək qalma ki, belə halda mən orada hazır olaram və qəlbinə vəsvəsə etməklə səni təhrik edib zinaya mübtəla edərəm.  
Oğul, heç vaxt xudpəsənd olma ki, dinə-imana afət və böyük bir bəladır, saleh əməlləri heç edər və səni həlakətə salar. Bir dəfə İsa peyğəmbər öz müridlərindən biri ilə sudan keçməli olurlar. İsa “bismillah” deyib, suyun üzəri ilə getməyə başlayır. O da İsanın ardınca sidq ürəkdən “bismillah” deyib yola düşür. Gedərkən birdən ürəyindən belə bir fikir keçir:- İsada suyun üzərində yeriyir məndə, daha onun məndən nəyi artıqdır? (onun mənə olan fəziləti nədir? Bu söz ürəyindən keçən kimi suya batır və İsadan kömək istəyir. Həzrət İsa tez özünü yetirib onu sudan çıxarır. Sonra İsa ondan suya batmağının səbəbini soruşduqda öz ürəyindən keçəni İsaya söyləyir. Həzrət İsa ona deyir ki, sən özünü layiq olmadığın bir məqamda gördüyün üçün Allahın sənə qəzəbi tutdu. Bu fikrinə görə tez tövbə et. O, tövbə etdikdən sonra Mütəal Allah onu əvvəlki mərtəbəsinə qaytarır.  
Oğul, (Allah səni şərdən saxlasın) nəfsində xudpə-səndliyə yol vermə və heç vaxt həddini aşma. 
Oğul, məbadə riyaya mübtəla olasan ki, mötəbər hədislərə görə bu, Allaha şərik qoşmaqdır. Hədisdə var, hər kəs əməllərini Allahdan qeyrisi üçün görərsə Allah qiyamət günü əməlini öz əlinə tapşırar.  Riyakarı qiyamət günü dörd ad ilə çağırıb deyərlər: -Ey günahkar, ey kafir, ey xain, ey ziyankar, əməllərin batildir və savabı da heç. Bu gün sənə qurtuluş yoxdur və əməllərini kimə xatir edirdinsə savabını da ondan tələb et.  Bundan əlavə, hədislərdə belə gəlib ki, bəndənin Allah üçün sidq ürəklə gördüyü az əməlini Allah qiymət verib artırar və onun başqalarına görə min bir zəhmətlə gecələri oyaq qalıb gördüyü saysız əməllərini isə Allah qiymətsiz bir şey kimi eşidənlə-rin gözündə azaldar. 
Həmçinin ağıl da zahirdə Allah üçün, batində isə hər hansı bir bəndəyə göstərmək məqsədilə görülən əməli bəyənmir və çox pis bir iş bilir. İnsanın başqa bir insana, yaxud özündən zəif və hətta bit-birə, ağcaqanad və milçək kimi xırda həşəratların zərərindən özünü qoruya bilməyən və onların sorub çəkdiklərini, geri qaytarmaqda aciz olan məxluqatın hər hansı birinə ibadət etmək heç də aqilanə bir iş deyildir. 
Oğul, Mütəal Allahın rəhməti çox genişdir. Elə buna görədə (günahkar olsanda) heç vaxt onun rəhmət və fəzlindən naümid olma. Həmçinin qəzəbi də çox şiddətlidir ki, heç vaxt nəyəsə arxayın olma. Çünki bu iki sifət Mütəal Allahı qəzəbləndirən kəbirə günah-lardandır  ikisi də Allahı saymayıb, ona aşağı nəzərlə baxmağa ehtiramsızlığa gətirib çıxarar. Mən bəzi adamların şahidiyəm ki, Şeytan onları cürbəcür günahlara sövq etməklə kifayətlənməyib hətta vəsvəsə ilə də aldadıb, Allahın rəhmətindən məyus və nəticədə tövbə etməkdən də naümid etmişdir. Onlar bu halda həm Allahın rəhmətindən məyus və günahları məhv edib paklayan tövbədən məhrum olmaqla iki böyük günaha mübtəla olmuşlar. Oğul, hər zaman Şeytan vəsvəsə edib, səni günaha salarsa tez tövbə edib Allaha yalvar ki, bu sənin günahının bağışlanmasına səbəb olar. Tam ciddiyyətlə edilən tövbə günahı məhv edib paklayar.
Oğul, gərək bu işdə çox dəqiq olub daim  tövbə etməlisən. Bəndənin hər vaxt günah və xəta, bəzən də üstün sayılan işləri tərk etməsi mümkündür.
Oğul, bil ki, tövbə yalnız istiğfar (əstəğfirullah) demək deyil. İstiğfarla yanaşı günah Mütəal Allahı məsxərə etməkdir. Mükəmməl tövbə məsumların dediyinə görə altı şərtdən ibarətdir: keçmiş günahlardan peşman olmaq, qəti qərara gəlib birdə o günahları etməmək, yediyin camaatın haqqını özlərinə qaytarmaq və halallıq almaq, zülmlə aldığın şeyləri öz sahiblərinə qaytarmaq, vacib əməllərin qəzasını yerinə yetirmək, haram və günahdan əmələ gəlmiş bədənindəki əti oruc və ibadətin ağrı-acısıyla dərin sümüyə yapışana qədər əritməli və yerinə təzəsi gəlməli, öz bədənin məsiyətin şirinliyinə öyrətdiyin kimi, ibadətin də zəhmətinə dözüb, onun çətinliyini bədəninə dadızdırmalısan. Bun-dan sonra əstəğfirullahın mənası var və mükəmməl tövbə budur.  Əslində bizim əqidəmizə görə Həzrət Peyğəmbərin bərəkətilə müsəlman ümməti keçmiş günahlarına peşman, gələcəkdə bir daha o günahları etməməyi qərar alıb, istiğfar etdikdən sonra Allahın əzabı onlara şamil olmayacaqdır.  Lakin islamdan qabaqkı keçmiş millətlərin dini hökmlərini açıqlayan hədislər göstərir ki, onlara nazil olan hökmlər son dərəcə ağır və çətin imiş. Həzrət Əli əleyhissalamdan rəvayət edilmiş geniş şərhli bir hədisdə Həzrət Mütəal Allahın Peyğəmbərin bərəkətinə islam ümmətinə etdiyi böyük minnəti “Bəqərə” surəsinin 286-cı ayəsinin təfsirində belə bəyan etmişdir: “Mütəal Allah Öz peyğəmbərinə (meracda) buyurdu: Keçmiş ümmətlərin üzərinə qoyduğum ağır hökmləri sənin ümmətindən götürdüm... Hər vaxt günah etdikdə günahlarını onların qapılarına yazardım, tövbələrini qəbul edərkən onlara ən dadlı yeməkləri haram edərdim. Lakin onu sənin ümmətindən götürdüm, etdikləri günahları isə özüm ilə onların arasında gizli saxlayaram və onların üzərinə qalın pərdələr çəkərəm. Tövbələrini də onlara ləziz yeməkləri haram və hər hansı bir cəzaya mübtəla etmədən qəbul edərəm. Keçmiş ümmətlərdə hər kim bir günah etsəydi yüz, səksən və ya əlli il tövbə edəndən sonra dünyada da ona bir cəza verməmiş tövbəsini qəbul etməzdim və bu da ağır hökmlərdən birisidir ki, sənin ümmətinin üzərindən götürdüm. Sənin ümmətindən hər kim iyirmi, otuz, qırx, yaxud yüz il günah etdikdən sonra tövbə edib, bir an peşman olarsa mən onun bütün günahlarını bağışlayaram”.  
Mütəal Allah doğrudanda tövbəni bu ümmət üçün Peyğəmbərin kəramətinə xatir asanlaşdırmışdır. Hətta rəvayət olunur ki, günahkar bir şəxs doxsan doqquz nəfər adamı nahaq yerə öldürmüşdü. O, bir müddət keçəndən sonra öz etdiklərinə peşman olub, tövbə etmək üçün bir abidin yanına gəlir və etdiyi cinayətləri ona söyləyir. Abid ona deyir: sənin tövbən qəbul olmaz, sənin tövbə ilə nə işin var?! Şəxs bunu eşidən kimi cumub abidi öldürür. Bir müddətdən sonra o, bir alimin yanına gəlib, məsələni ona açır. Alim ona deyir get filan yerə, orada bir peyğəmbər ya bir alim olmalıdır ki, onun yanında tövbə edə bilərsən. O, həmin yerə gedərkən yolda əcəli çatıb ölür. Rəhmət mələkləri ilə qəzəb mələkləri onun ruhunu almaq üçün yerə enirlər. Lakin rəhmət mələkləri deyirlər ki, biz onun ruhunu almalıyıq. Çünki o tövbə etməyə gedirdi. Əzab mələkləri isə deyirlər, biz onun ruhunu almalıyıq. Çünki hələ tövbə etməyibdir. Mütəal Allah yeri ölçün, görün o, hansı tərəfə yaxındır - deyə mələklərə vəhy etdi. Onlar yeri ölçüb, gördülər ki, bir qarış ya bir az çox tövbə yerinə tərəf yaxındır. Ondan sonra onun ruhunu rəhmət mələkləri aldılar. Başqa bir rəvayətdə deyilir ki, tövbə tərəfə düşən hissə çox olduğundan Allah tez yerə əmr edir və yerin həmin hissəsi çəkilib bir yerə yığılır. Nəhayətdə bu tərəfin ölçüsü o biri tərəfinkindən az gəlir. Gör Mütəal Allahın bəndəsinə etdiyi lütf və rəhməti nə qədər böyükdür və necə zərif və mehribanlıqla rəftar edir. 

Yüklə 307,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə