Mirvarid Dilbazi -100



Yüklə 126,03 Kb.

tarix13.11.2017
ölçüsü126,03 Kb.


Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi 

S.Vurğun adına Mərkəzi Kitabxana 

Metodika – biblioqrafiya şöbəsi 

 

 

 

 

 



 

Mirvarid Dilbazi - 100 

 

 



 

 

 



 

 

 



Sumqayıt - 2012 

 

 




Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq 

şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur. 

Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun 

yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun 

misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq 

duyğularının yüksək poetik ifadəsidir.  

Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 

illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara 

alıram:  

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar 

Birliyinin təkliflərini nəzərə almaqla, Mirvarid Dilbazinin 100 illik yubileyinə dair 

tədbirlər planı hazırlayıb həyata keçirsin.  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri 

həll etsin. 

 

 

İlham Əliyev  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 may 2012-ci il. 

 

 

 

 

 

 

 

 

 


      Mirvarid Dilbazi - 100

 

Dilbazilər XX əsrdə 

Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. 

Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa 

"Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" 

kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa 

Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında 

məlumat qələmə alınıb. Xalq şairi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" 

xatirələr kitabında (Bəhruz Dilbazinin sponsorluğu ilə nəşr olunub) yazıb: "17, 18 və 19-

cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir. Ziyalı nəsli 

təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidi 

təxəllüsün oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib. Nəslimizdə 

müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları 

olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını 

unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. 

Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı. Sinfi 

mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq 

nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət 

vəkili Arif Rəhimzadənin anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə 

qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb elmləri doktoru Nəcməddin 

Hacıyev (Dilbazi), bir xalq aktrisası - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş 

iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin 

müəllifi Yaqut Dilbazi çıxmışdır. Bunların da hərəsinin faciəli bir həyatı olmuşdur". 

(İqtisad elmləri doktoru, professor Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad 

Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir).  



 

 

 

 

 

 

 

 

 

 

 


Mirvarid Dilbazi - 100

 

Həyat yolundan sətirlər 

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Musagöy kəndinin 

yaylaq yerlərindən olan Ağqayada  əsilzadə Dilbazilər mühitində - Paşa bəyin ailəsində 

dünyaya göz açmışdı. Atasını erkən itirmiş M.Dilbazi Daş Salahlıda babası Mustafa 

ağanın mülkündə, Damcılının, Göyəzənin  ətəklərində, Qazaxın ulu yurd yerləri olan 

Dilican yaylaqlarında,  əsrarəngiz təbiətin qoynunda böyümüşdü. Böyüdüyü məişət və 

mədəni mühit, tərbiyə aldığı doğmaların  şəxsi nümunəsi və tövsiyələri onun bütöv və 

tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olmuşdur. M.Paşa qızı Daş 

Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlamışdır. 1920-ci ildə Mədinə 

xanım Qiyasbəyli onu, başqa yeniyetmə  qızlarla bərabər Bakıya - darülmüəllimata 

gətirmişdir. M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, 

N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı  səmimi 

fikirlər qələmə almışdır. "Bizim müəllimlərimiz" adlı yazının  əvvəlində oxuyuruq: 

Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı  vətənpərvərlər idilər. 

Burada hər  şey  şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə  qız və  oğlan 

seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nərimanov arvadı 

Gülsüm xanımla vaxt tapıb məktəbimizə  gəlirdi. Hamımız onların başına toplaşırdıq. 

Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə 

keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə  gələcək haqqında elə  şirin 

danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. Nərimanov özü də 

buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən 

gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, 

ən maraqlı insanlarından biri idi. Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda 

doktor Nərimanovun  ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay 

gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci 

ildə  Nərimanovun ölüm xəbərini eşitdik. Bacısı Yaqut Dilbazi (politoloq Vəfa 

Quluzadənin anası) ilə burada dövrün ziyalı qadınları olmuş M.Qiyasbəyli, Ş.Əfəndizadə, 

B.Köçərli kimi müəllimlərdən dərs almış, nəzarətləri altında həyata hazırlanmış Mirvarid 

Dilbazi Qızlar Seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində 

çalışaraq bacarıqlı müəllim kimi tanınmışdır. 1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki 

rus məktəbinə dəyişdirilən M.Dilbazi ali təhsil almaq arzusu ilə yaşamışdır. Hər iki bacı 

APİ-yə qəbul olunmuş, lakin maddi sıxıntıya görə böyük bacı Yaqut Paşa qızı 19 nömrəli 

məktəbdə işləmiş, kiçik bacının ali təhsil almasına şərait yaratmışdır. Sonralar "Bənövşələr 

üstündə göz yaşları" kitabında M.Dilbazi yazacaq: 1929-cu ildə Ali Pedaqoji İnstitutun 

ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim də burada 

oxuyurdular. Müəllimlərdən  Ə.Nazim,  Ə.Sultanlı, B.Çobanzadə yadımdadır.  Əli 

Sultanlının qərb,  Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri yadımdadır. 26 

yaşından dul qalmış analarını Bakıya gətirən 2 müəllim bacı o dövrün ağrı-acısını 

yaşamışdır: "Bacım Yaqutla mən bir "ləğv" olunmuşların qalqısı idik. Odur ki, bizim 

haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər.  Şükür ki, pis söz də deyən 

yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim 

haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın 

köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin 



pəncəsindən qurtara bilmədik. Çünki var-yoxumuz babamın evində qalmışdı. İçərişəhərdə 

məşhur folklorçu Əbülqasım Hüseynzadənin evində 9-10 kv. m. ölçüsündə bir otağımız 

vardı. Bu otaqda bir dəmir kravat, bir kiçik divan, bir qarğı kitab rəfi, bir kiçik yemək 

stolundan başqa bir şey yox idi. Biz iki bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli 

ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı. O illər ölkədə hər şey 

qıt, bəlkə də yox idi. Geyim-geçim üçün hökumət qızıl mağazası açmışdı. Biz iki bacı da 

seminariyadan aldığımız iki qızıl medalı  və anamızın  əldə olan-qalan qızıl ziynətlərini 

verib oradan bir-iki dəst paltarlıq parça aldıq". 1932-ci ildə ali məktəbi bitirən Mirvarid 

Dilbazi Qubaya işə göndərilmiş, 2 il Quba Partiya Məktəbində çalışmışdır. Bakıya qayıdan 

Dilbazi "Şərq qadını" jurnalında  ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Onu jurnala 

redaktor təyin etmək istəyirlər, şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-

1938) Dövlət Muzeyində baş elmi işçi və  şöbə müdiri işləmişdir. Bir neçə ay Moskva 

yaxınlığındakı Moleyevka deyilən yerdə  ədəbi kurslarda olması onun sənət, dünya 

ədəbiyyatı haqqında məlumatını genişləndirmişdir. Beləliklə, o, muzeydəki işdən çıxıb 

bədii yaradıcılıqla məşğul olmuşdur. M.Dilbazi sovet dövründə iki dəfə  "Şərəf nişanı" 

ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə  fərqlənməyə görə" medalları ilə  təltif 

edilmişdi. Mirvarid Dilbazi "xalq şairi" fəxri adını 67 yaşında almışdır. 1979-cu ildə 

Ukraynada Azərbaycan  ədəbiyyat və incəsənəti ongünlüyündə  iştirak edərkən onun 

çıxışları çox hərarətlə qarşılanmışdır. MK katibi Azərbaycan KP MK-nın birinci katibi 

Heydər Əliyevə bu barədə məlumat vermiş, Azərbaycan KP MK bürosunda ona bu fəxri 

adın verilməsi məsələsi həll olunmuşdur. Ümummilli lider Heydər  Əliyev sonralar 

Mirvarid xanımın yubileyində bilavasitə  iştirak etmiş, xalq şairini böyük hörmət və 

ehtiramla təbrik etmişdir. M.Dilbazi 2001-ci il iyulun 12-də dünyasını dəyişdi.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Mirvarid Dilbazi - 100

 

Ədəbi irsi haqqında 

Mirvarid Dilbazinin ilk mətbu  şeiri 1927-ci ildə  işıq üzü görmüş "Qadınların 

hürriyyəti" olub. İlk kitabı - "Bizim səsimiz" 1934-cü ildə  nəşr edilib. Sonrakı illərdə 

"Vətən eşqi", "Xatirələr", "Bahardan məktub", "Nağıllar", "Gülbahar", "Lalənin ağacları" 

kitabları çapdan buraxılıb. Şairin "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemaları, 

"Göyçək Fatma", "Muğanda bahar" uşaq pyesləri və s. əsərləri oxucu auditoriyası 

qazanmış sənət nümunələridir. 1967-1968-ci illərdə Mirvarid xanımın iki cilddə, 1982-83-

cü illərdə üç cilddə "Seçilmiş əsərləri" böyük tirajla buraxılıb. "Poeziyasında quru, adamı 

utandıracaq bir misra belə" olmayan (Məmməd Namaz) Mirvarid Dilbazi həm də 

nəğməkar şair idi. Bəstəkar Ağabacı Rzayeva onun "Çoban Qara", "Evimizə gəlin gəlir", 

"Anam yadıma düşdü", "Laylay", "Azərbaycan elləri"  şeirlərinə dillər  əzbəri olan, 

könülləri oxşayan mahnılar bəstələmişdir. M.Dilbazi dünya və türk xalqları 

ədəbiyyatlarından etdiyi tərcümələrlə  də tanınmışdı. Akademik Bəkir Nəbiyev onun 

müasirləri olan qadın sənətçilər arasında mövqeyini belə  dəyərləndirib: "Gözəllik 

daşıyıcılarının və gözəlliyi yaradanların bu qvardiyasına başçılıq etmək  şərəfi istedadlı 

xalq şairi Mirvarid Dilbaziyə nəsib olmuşdur". 

Mirvarid Dilbazi 1928-ci ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində 

keçirilən məclislərdə  iştirak etmişdir. Azərbaycan bədii fikrinin görkəmli nümayəndələri 

ilə görüşlər, söhbətlər sonradan həmin  ədəbi  şəxsiyyətləri səciyyələndirən xatirə 

cizgilərinə çevrilmişdir. Bu baxımdan nəcib, həyalı, mötəbər A.Şaiq, xalqın sonsuz 

məhəbbətini qazanmış S.Vurğun, başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş 

münasibəti göstərən S.Rüstəm, çox sadə, səmimi, saf xilqətli M.Müşfiq, okeanda inci 

axtaranlara oxşayan M.Hüseyn, sözün əsl mənasında ziyalı Y.V.Çəmənzəminli, "Xalq 

işinə çox lazımlı, müsbət bir şəxsiyyət" (S.Vurğun) olan M.İbrahimov, xalq ənənə  və 

adətlərini bilən S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli, tədbirli, mədəni R.Rza, 

yoldaşlıq və dostluqda möhkəm və dönməz O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi 

təmizliyin nümunəsi  Ə.Vəliyev haqqında xatirələr ürəklə, məhəbbətlə, səmimiyyətlə 

qələmə alınmışdır. Mirvarid Paşa qızı ömrü boyu kimsədən təmənna ummamış, kimsəyə 

yük olmamışdır. Bircə həmdərdi qələm olmuşdur. Bütün dərdlərini, kədər və sevinclərini 

qələmlə demiş şair xalqımızın qələbəsini görmək arzusu ilə yaşayırdı. M.Dilbazi uşaqlıq 

illərini xatırladığı şeirlərinin birində yazıb: 

Avey dağım, mən zirvəndə itəydim

Bir gül olub daş sinəndə bitəydim... 

Ağrılı-acılı həyat yolu keçmiş xalq şairi bütün varlığı ilə Vətənə, elə-obaya bağlı idi. 

Vaxtilə  Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid xanıma sonralar qızlar bənövşə 

açılanda bahar ərməğanı göndərmişdilər: "...dəftər vərəqləri arasında qurumuş bir cüt 

bənövşəni görəndə onların üstünə göz yaşlarım töküldü. Bənövşələr üstə ilk göz yaşlarım 

altı yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü..."  



 


Mirvarid Dilbazi - 100

 

 

                                      

Kitabları 

                    Müharibəyə qədər işıq üzü görən kitabları 

 



Bizim səsimiz 1934 

 



İlk bahar 1937 

Müharibə mövzusuna həsr olunmuş kitabları 

 



Döyüş mahnıları 1941 

 



Kamal 1942 

 



Ağarzayev 1942 

 



Neft 1942 

 



Vətən eşqi 1942 

 



Qoçaq ataların qoçaq övladlarına 1942 

 



Xatirələr 1945 

Sonrakı dövrlərdə çap olunan kitabları 

 



Sənətkarın xəyalı 1948 

 



"Seçilmiş şerlər" 1957 

 



Məhəbbət bizimlə qoşa doğulur. Bakı: Gənclik, 1959, 227 s. 

 



Şerlər. Bakı: Azərnəşr, 1962, 22 s. 

 



Xatirələr olan yerdə 1964 

 



Həyat lövhələri 1967 

 



Bənövşələr üşüyəndə 1970 

 



Ana qanadı (şeirlər, poemalar və hekayələr). Bakı: Gənclik, 1972, 489 s. 

 



Yasəmən fəsli 1976 

 



Dağ çiçəyi. Bakı: Gənclik, 1977, 320 s. 

 



Seçilmiş əsərləri (üç cilddə) 1981-1983. Bakı: Yazıçı, I cild, 324 s.; II cild, 336 s.; 

III cild, 218 s. 

 

Qar çiçəkləri (şeirlər, poemalar, pyeslər). BakıI Gənclik, 1984, 280 s. 



 

Durnalar ötüşəndə. Bakı: Yazıçı, 1989, 272 s. 



 

Çiçəkdən-çiçəyə. Bakı: Gənclik, 1991, 287 s. 



 

Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 278 s. 



 

 

 

 

 


Uşaqlar üçün yazdığı kitablar 

 



Nağıllar 1940 

 



Şeirlər 1951 

 



Kiçik dostlarıma 1956 

 



Gülbahar 1957 

 



Yaz gəlir (Bahar nəğmələri) 1968 

 



Lalənin ağacları 1970 

 



Abşeron bağlarında (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün). Bakı: Gənclik, 

1984, 96 s. 



 

Rus dilində əsərləri 

 



Вспоминаю вас (стихи). Баку: Азернешр, 1964, 51 стр. 

 



Яблоневая ветка. Москва: Художественная литература, 1965, 151 стр. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


Mirvarid Dilbazi - 100

 

M.Dilbazi yaddaşlarda 

Vətənin vüqarı olan dağın sinəsində bir gül olmaq istəyi ilə yaşayan şair haqqında 

tanınmış tədqiqatçı-publisist İsmayıl Umudlu ("Dilbazilər" tarixi-bioqrafik araşdırmasının 

müəllifi. Bakı, 2007, 392 s.) yazır: "Doxsan yaşı haqlamağa bircə ili qalmışdı Mirvarid 

xanımın. Hələ dünənə  qədər  şirin bir Qazax ləhcəsi ilə danışdığı  ətirli sözünü-söhbətini 

televiziyadan eşidir, yorulmadan onun danışdıqlarını sonadək dinləyirdik. Onunla mətbuat 

müsahibələrini - yeni bir mətləbi özümüz üçün kəşf etmək inamı ilə səbirlə   oxuyurduq. 

Ömrünün son çağlarına qədər şeir dünyasından da ayrılmadı Mirvarid xanım. Ara-sıra lirik 

şeir ərməğanını oxucularına çatdırmağı da unutmurdu.  

...Mirvarid ana böyüklüyündə sadəliyini dünyadan köçərkən də gözlədi. Fəxri 

xiyaban istəmədi. Onu vəsiyyətinə  əsasən Dağlıq qəbiristanlıqda anası Cavahir xanımın, 

sevgili bacısı Yaqut xanımın yanında torpağa tapşırdıq...". Filologiya elmləri doktoru, 

professor, yazıçı-dramaturq Aqşin Babayev M.Dilbazinin yaşadığı binanın qarşısında 

xatirə lövhəsi vurularkən demişdir: "Mirvarid Dilbazi dünyasını  dəyişib, ancaq o, ikinci 

həyatını yaşayır. O, əbədi sənəti ilə hər birimizin qəlbində silinməz izlər qoyub". 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


Mirvarid Dilbazi - 100

 

Ədəbiyyat və Mədəniyyət xadimləri, 

qələm dostları və oxucuları M.Dilbazi haqqında 

1. M.Dilbazi ilhamını xalqdan, onun mənalı keçmişindən, səadətli bu günündən və daha 

parlaq gələcəyindən alan böyük istedad sahibidir. 

                                                                                               B.Nəbiyev 

2. Olduqca şad və fərəhli bir ürəklə deyə bilərik ki, balaca Məhsətimiz-Mirvarid Dilbazi 

son əsərlərində şeirdən gözlədiyimiz gözəllik nümunələrini verməyə başlamışdır.Onun 

yaratdığı insan obrazlarıolduqca məzmunlu, mənalı və dolğundur. 

                                                                                               M.S.Ordubadi 

3. Mirvarid Dilbazinin kitablarını vərəqləyən oxucu həmişə incə ruhlu səmimi bir şair, 

ağıllı, nəcib, təvazökar bir müsahib, qayğıkeş və zəhmətsevər bir insanla üz-üzə gəlir. 

                                                                                               Ə.Cəmil                                             

4. Mirvarid Dilbazi sözün geniş mənasında beynəlmiləlçi, vətənpərvər, dostluğun 

nəğməkarıdır. 

                                                                                               Ə.Vəliyev      

5. Mirvarid Dilbazinin şeirlərindəki hərarət, təsir onlardakı dərin səmimiyyətin nəticəsidir. 

                                                                                                H.Orucəli 

6. M.Dilbazinin şəxsiyyəti ilə yaradıcılıq amalı, fərdi insan keyfiyyətləri ilə sənət aləmi 

arasında mənalı bir ahəngdarlıq duyulmaqdadır. 

                                                                                                 M.Əlioğlu 

7. Hansı üfüqlərə ucalsan da sən yenə yerin cazibə qüvvəsində qalırsan. Sənin poeziyanı 

doğma torpaqdan, onun zəngin tarixindən, qələbələr dolu müasir həyatından ayrı təsəvvür 

etmək olmaz.                                                                            N.Xəzri     

8. Dilbazi çox incə həyat müşahidələrindən dərin məna çıxaran, bədii ümumiləşdirmələr 

yoluyla gedən şairədir. Emosional məharəti onun şeirlərinin birinci zinətidir. 

                                                                                             Q.Qasımzadə    

9.  O, bütün həyatını ədəbiyyata həsr edən, fikrini-qəmini böyük bacı bildiyi poeziya ilə 

bölüşüb təsəlli tapan mehriban ana ürəkli şair, titrək şair qəlbli anadır. 

                                                                                            M.İbrahim      



Mirvarid Dilbazi - 100

 

Mirvarid Dilbazinin həyat və fəaliyyətinin 

əsas tarixləri 

1912-ci il 10 avqust – Qazax rayonunun Musagöy kəndində anadan olmuşdur. 

1921-ci il    -  Bakı qız seminariyasına daxil olmuşdur. 

1927-ci il    -  Bakı dəmir yolu məktəbində müəllim vəzifəsində işləmişdir. 

1929-cu il    -  Azərbaycan Dövlət Pedaqoji institutunun ədəbiyyat-ictimaiyyət fakültəsinə 

daxil olmuşdur. 



1932-ci il     -  Quba partiya məktəbinə ədəbiyyat müəllimi təyin olunmuş, “Bolşevik 

Zeynəb” poemasını yazmışdır. 



1934-cü il   -   “Bizim səsimiz” adlı ilk şeirlər kitabını nəşr etdirmişdir. 

1935-1938-ci illər – Azərbaycan SSR Elmlər Akademiyasının əlyazmaları fondunda şöbə 

müdiri vəzifəsində işləmişdir. ”İlk bahar” adlı şeirlər məcmuəsini çap etdirmişdir. 



1939-cu il  -  “Şərəf nişanı”ordeni ilə təltif olunmuş, Bakı Sovetinə deputat seçilmişdir. 

“Sasunlu David” dastanını dilimizə tərcümə etmişdir. 



1940-cı il  -  Kiçik yaşlı uşaqlara “Bahardan məktub”adlı kitabını təqdim etmişdir. 

1941-ci il  -  “Mahnılar”, “Neft” rus dilində isə “Nağıllar” və “Şeirlər”kitablarını çap 

etdirmişdir. 



1942-ci il   - “Qoçaq ataların qoçaq övladları”, “Vətən eşqi”, “Döyüş mahnıları”, “Kamal” 

kitablarını oxuculara təqdim etmişdir. 



1944-cü il  -  “Qafqazın müdafiəsi üçün” medalı ilə təltif olunmuşdur. 

1945-ci il  -  1941-45-ci illər Böyük Vətən müharibəsi dövründə “Əmək igidliyinə 

görə”medalına layiq görülmüşdür. “Xatirələr” kitabını çap etdirmişdir. 



1946-cı il   -  “Bahar” və Günəşin eşqi” kitablarını çapdan buraxmışdır. 

1947-ci il  - Azərnəşr rus dilində “Şeirlər”məcmuəsini çapdan buraxmışdır. 

1951-ci il  - “Şeirlər” və “Mənim nənəm”(rus dilində) kitabları çapdan çıxmışdır. 

1952-ci il  - Kiçik yaşlı uşaqlara “Qardaşlar”kitabını təqdim etmişdir. 

1956-57-ci illər – “Balaca dostlarıma” və “Seçilmiş şeirlər” çapdan çıxmışdır. 


1959-cu il  - M.Dilbazi ikinci dəfə “Şərəf nişanı” ordeninə layiq görülmüşdür. 

1962-ci il  -  Şairin kitabxanası seriyasından “Şeirlər” məcmuəsi nəşr edilmişdir. 

1967-ci il -  Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri ada layiq görülmüşdür. 

1968-ci il – “Qabaqcıl Maarif Xadimi”fəxri ada layiq görülmüşdür. 

1970-ci il – “Şərəfli əməyə görə”, “Lenin yubiley medalı”na layiq görülmüşdür. 

1972-ci il – “Ana qadını” kitabı çapdan çıxmışdır. 

1977-ci il  - “Dağ çiçəyi” və “Partizan Aliyə”kitabları nəşr edilmişdir. 

1982-ci il -  “Qırmızı Əmək Bayrağı”ordeni ilə təltif edilmişdir. 

 2001-ci il 12 iyul -  Vəfat etmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


Mirvarid Dilbazi - 100

 

Kitabxanalarda təbliği 

 

Qeyd etmək lazımdır ki, Mirvarid Dilbazinin çoxşaxəli zəngin irsinin geniş oxucu 

kütləsinə çatdırılması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar 

qarşısında təxirəsalınmaz vəzifələr durur. Bunun həyata keçirilməsi üçün ilk növbədə 

geniş və məzmunlu tədbirlər planı işlənib hazırlanmalıdır. 

 

Mirvarid Dilbazinin bütün əsərlərinin və onun haqqında nəşr olunmuş kitabların, eləcə 



də dövri mətbuat materiallarının çoxsaylı oxuculara çatdırılması üçün bütün kitabxanalar, 

xüsusən də MKS-lər əyani və şifahi təbliğatın: kitab sərgilərindən, kitabxana 

plakatlarından, stendlərdən, söhbətlərdən, oxucu konfranslarından, sual-cavablardan

biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s. vasitələrdən məqsədə uyğun 

şəkildə istifadə etməlidirlər. 

 

Əyani təbliğat daha geniş oxucu kütləsinin sistemli şəkildə əhatə edə bilir və onların 



mütaliəsinə müsbət təsir göstərir. Kitab sərgiləri və kitabxana plakatları 15-20 gündən tez 

dəyişdirilmir. Həmin müddətdə ona mümkün qədər çox oxucu baxa bilir. Sərgilərdə kitab, 

yaxud onların üz qabıqları nümayiş etdirilməli və bununla yanaşı, yeri gəldikcə, 

illüstrasiya materiallarından, sitatlardan da istifadə olunmalıdır. Kitabxanalarda “Mirvarid 

Dilbazi -100”, “Xalq şairi”, “Uşaqların sevimlisi” və s. başlıqlar altında kitab sərgiləri, 

kitabxana plakatları, məruzələr və mühazirələr təşkil etmək olar. 

 

“Mirvarid Dilbazi-100” başlıqlı kitab sərgisinin təxmini sxemini veririk. 



 

 



 

              2   



 



                                    5 

                             6 

                                           

 

1.



 

Başlıq:  

“Mirvarid Dilbazi -100” 

 



2.

 

Mirvarid Dilbazinin şəkli. 

 

3.

 

Mirvarid Dilbazinin seçilmiş əsərləri. 



4.

 

Sərgidə veriləcək sitatlar: 

1. M.Dilbazi ilhamını xalqdan, onun mənalı keçmişindən, səadətli bu günündən və daha 

parlaq gələcəyindən alan böyük istedad sahibidir. 



                                                                                               B.Nəbiyev 

2. Dilbazi çox incə həyat müşahidələrindən dərin məna çıxaran, bədii ümumiləşdirmələr 

yoluyla gedən şairədir. Emosional məharəti onun şeirlərinin birinci zinətidir. 

                                                                                             Q.Qasımzadə    



5.

 Haqqında kitablarda: 

Ə.Əhmədova. Bu ellərə vurulmuşam. Bakı: Yazıçı, 1978, 79 s. 

H.Həmidova. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər. Bakı: M.F.Axundov 

kitabxanasının nəşriyyatı, 1990, 130 s. 

B.Nəbiyev. Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 282 s. 



6.

  Haqqında dövri mətbuatda 

 

 

 



 

 



Şairin zəngin yaradıcılığını geniş kütlələrə çatdırmaq üçün sual – cavab gecəsindən də 

istifadə etmək məqsədə uygundur: 

1. M.Dilbazi nə vaxt və harada anadan olmuşdur? 

2. M.Dilbazi Bakı qızlar seminariyasına nə vaxt daxil olmuşdur? 

3. M.Dilbazinin ilk şeirlər kitabı hansıdır və neçənci ildə nəşr edilmişdir? 

               4. Hansı kitabları müharibə dövründə yazılmışdır? 

               5. Kiçik yaşlı uşaqlar üçün hansı kitabları vardı? 

               6. İlk mətbu şeiri hansıdır?  

               7. M.Dilbazi hansı vəzifələrdə işləmişdir? və s. 

Kütləvi – şifahi işin ən təsirli və geniş yayılmış metodlarından söhbəti, mühazirəni, 

konfrans və seminarları da göstərmək olar. “Çiçək ətirli, yaz təravətli”, “Gözəlliyin 

poeziyası” və s.adlı söhbət, mühazirə keçirmək olar. Söhbətləri qrup ilə və ayrı-ayrı 

şəxslərlə keçirmək olar.  

Oxucu konfransı keçirilərkən mövzu tam əhatə olunmalıdır. Kitabxanaçı konfransın 

keçirilməsi üçün qabaqcadan ayrıca plan tərtib etməlidir. Planda keçiriləcək tədbirin adı, 

giriş sözü və cıxış edənlərin adları göstərilməlidir.Tədbirdən əvvəl elan və dəvətnamə 

hazırlanır. Konfransın maraqlı keçməsi üçün ziyalılar cəlb edilməlidir. Ilk növbədə 

kitabxanaçı tədbirin mövzusu üzrə məlumat verməlidir. “Gözəlliyin poeziyası” adlı oxucu 

konfransının mövzuları: 

1.

 

Mirvarid Dilbazinin həyat və yaradıcılığı. 



2.

 

M.Dilbazi yaradıcılığında Böyük Vətən müharibəsi. 



3.

 

“Məhsəti” poeması haqqında. 



4.

 

Uşaqların və gənclərin sevimli sənətkarı. 



5.

 

M.Dilbazi yaradıcılığında ana məhəbbəti və s. 



Oxucular arasında Mirvarid Dilbazinin şeirləri üzrə şeir müsabiqəsinin keçirilməsi 

məqsədəuyğundur. Şeir müsabiqəsinin keçirilməsi üçün  kitabxanaçı əvvəlcədən şeirləri 

tapmalı və oxucular arasında bölməlidir. Ən yaxşı söyləyən oxucu müdiriyyət tərəfindən 

mükafatlandırılmalıdır.  

 

 



Oxucular arasında bədii ədəbiyyatı təbliğ etməyin ən geniş yayılmış şifahi üsulu kitab 

müzakirəsi, oxucu konfransı, ədəbi-bədii gecədir. “Məhəbbət bizimlə qoşa doğulur” və s. 

adlarda ədəbi-bədii gecə keçirmək olar. Ədəbi-bədii gecəyə ədəbiyyat müəllimləri, qələm 

yoldaşları dəvət oluna bilər. Tədbir iki hissəli olmalıdır. Birinci hissədə Mirvarid 

Dilbazinin həyat və yaradıcılığı haqqında məruzə olmalı, çıxışlar dinlənilməlidir. Tədbirin 

ikinci hissəsində isə onun şeirlərindən parçalar söylənilməli, səhnəciklər göstərilməli, 

mahnılar səslənməlidir.  

Ədəbi-bədii gecənin keçirilməsinə kömək məqsədilə hazırladığımız ssenarini təqdim 

edirik. 

(Aparıcılar zala daxil olur və tədbir iştirakçılarını salamlayır) 

I Aparıcı:  Keçmiş Xanlıqlar adlanan indiki Musaköy Qazaxın mənzərəli, gözəl 

kəndlərindən biri. Yazda nərgizlərin, lalələrin, bənövşələrin, ağ, çəhrayı, mavi, narıncı 

çiçəklərlə  bəzənmiş meşə  ağaclarının,  əlvan buludların, aylı gecələrin, işıqlı sübh 

göylərinin rəngi bir-birinə qarışıb möcüzəli gözəllik yaradan bu kənddə Mirvarid 

Dilbazinin uşaqlıq illəri keçmişdir. 

II Aparıcı:  Təbiətlə onun ünsiyyəti də buradan başlamışdır. Mirvarid Dilbazi şairlər 

nəslindəndir. Onun Vaqifin müasiri olan babalarından Hacı  Rəhim ağa və  Əbdürrəhman 

ağa Dilbazilər dövrün alim, fazil adamları olmuşlar. 

I Aparıcı: M.Dilbazi ədəbi fəaliyyətə gənc yaşlarından başlamışdır. Onun azadlığa çıxmış 

Azərbaycan qadınının səsi eşidilən ilk şeirləri müxtəlif qəzet və jurnallarda çap olunurdu. 

M.Dilbazi birinci kitabını “Bizim səsimiz”adlandırmışdı. Burada şairənin 20-ci illərin 

axırlarında yazılmış Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, 

“Qurtuluş”,”Qadın” kimi şeirlərinə rast gəlmək olurdu. 

I Aparıcı:    Oxucunun ifasında “Müdrilklik” şeirini dinləyək. 

 

Oxucu:     Ona dərd söyləsən danışma uzun,  

Yazılı kitabdır onunçün üzün. 

Oxuyar fikrini o bir baxışda, 

Bilər bahardasan, ya da ki, qışda. 

 

Duyar qəhərlənmiş tutqun səsindən, 



Gözündə kipriyin titrəməsindən. 

Qayğısız ötənlər olmuş yanından, 

Tək çıxa bilmirsən dərd ümmanından. 

 

Təbiət insanı yaratmayıb tək, 



İnsanı insana göndərib kömək. 

Sən varkən, onunçün söz nəyə gərək! 

O sözsüz oxuyur canlı kitabı. 

İnsan iztirabı, insan əzabı 

Onda əks etməsə göz nəyə gərək? 



Çapmır o hər yana söz səməndini, 

Bir sözlə, yüz sözün açır bəndini... 

 

Ömürdən bizlərə verilən illər, 



Mənasız keçməsin qoy heç bir anın. 

Böyüdək vətənə müdriknəsillər, 

Müdriklər elidir Azərbaycanım! 

 

I Aparıcı:  M.Dilbazinin Böyük Vətən müharibəsi mövzusuna həsr etdiyi əsərlərin dili 

sadə, axıcı, rəvandır. Sanki şairə bunları yazarkən”nəfəsini belə dərməmiş”, sözünü 

birnəfəsə deyib qurtarmışdır. Bütün bunlar M.Dilbazinin böyük müvəffəqiyyətidir. Axı, 

müəyyən tarixi hadisələrlə əlaqədar olaraq yazılmış əsərlər bəzən bir müddətdən sonra 

unudulur. Yalnız həqiqi sənətkar qələmindən çıxan və duyularaq yazılan əsərlər həmişə 

oxunaqlı olur, sevilir və yaşayır. 

 

II Aparıcı: Böyük Vətən müharibəsi illərində M.Dilbazi xalqımızın tarixi keçmişinə həsr 

etdiyi “Məhsəti”adlı poemasını yazıb çap etdirdi. Poemada şahların zülmü, Məhsətinin 

başına gətirilən  dözülməz əzablar, onunla Nizami  arasındakı möhkəm dostluq 

əlaqələrinin təsviri real şəkildə əks etdirilmişdir.  

 

I Aparıcı: “Məhsəti”poemasından Məhsəti ilə Xətib oğlunun dialoqundan bir parça 

 

(Qoca gedir, Məhsəti dalğın, pəncərə önündə dalınca baxıb deyir)  

 

Məhsəti: -  Şahların daş-qaşla dolanda tacı, 

Çoxalır millətin yoxsulu, acı. 

 

Bu anda Xətib oğlu qapıdan girir. Oxu, yayı, yapıncını bir yana atıb, əlini Məhsətinin 

çiyninə qoyur. 

 

Xətib oğlu: - Şairəm, gözəlim, bu hal nə haldır, 

Yenə bu nə fikir, bu nə xəyaldır? 

Dalmısan dünyanın dərd ümmanına... 

Şairəm, and olsun sənin canına, 

Sənsiz yetim olar kişi vüqarım. 

Sənsiz darıxmışam, mənim nigarım! 



(Xətib oğlu onun əllərini öpür) 

Bu incə, bu zərif şair əlləri 

Bəzəyib ömrümdən keçən illəri. 

Sənsiz heç olmasın mənim bir anım! 

 

Məhsəti: - Sən də xoş gəlmisən, mənim sultanım! 

Məni viran edər sənsizlik qəmi, 

Səninlə abaddır könlüm aləmi. 

Gəldi qapımıza yoxsul, ixtiyar, 

Altı şəhid olmuş əsgər atası. 

Gəlib, burda bizə gətirdi pənah. 




Onu öz gözünlə görsəydin hərgah. 

Əgər eşitsəydin çəkdiyi ahı, 

Mənim tək, tüstüsüz yanardın sən də. 

Özümü unutdum o ah çəkəndə. 

Verdim mən mehrimə düşən bağları, 

Həm o torpaqları ona hədiyyə. 

Xətrinə dəyməsin, bu sənsiz oldu, 

Mənim bəxşeyişim bir parça torpaq, 

Onun bəxşeyişi altı oğuldu 

Yurda, vətənə. 

 

Xətib oğlu: - Mənim varım, yoxum sənə halaldır, 

Var-dövlət can deyil adicə maldır. 

Mənim mələyim! 

Sənindir bu canım, çarpan ürəyim. 

 

II Aparıcı: Mirvarid xanım bir qadın, bir ana, bir müəllim kimi uşaqları sevir, hələ 

müharibədən əvvəl də ara-sıra onlar üçün əsərlər yazırdı. Onun uşaqlar üçün yazdığı 

“Bahardan məktub” adlı kitabı 1940-cı ildə nəşr olunmuşdu. 

  

I Aparıcı:  M.Dilbazinin “Mənim nənəm” şeirindəki məktəbli qızın sevincinə səbəb onun 

işgüzarlığından doğan qürur hissidir: 

     Çay qaynadıb, süfrə açıb, 

Eləyirəm ona kömək. 

        Məndən kiçik bacımım da, 

Paltarını geydirirəm. 

Qardaşımın əl-üzünü 

    Yuyub, onu yedirdirəm. 

       Çünki bizdən əvvəl durub, 

Atam, anam gedir işə. 

Evdə qoca nənəmizə, 

      Köməkçiyəm mən həmişə. 

 

 



 II 

Aparıcı: Şeiri oxuyan balaca məktəblilərin özlərini bu işgüzar qıza oxşadacaqlarına, 

evdə kiçik bacı və qardaşlarına, qoca nənə və babalarına kömək edəcəklərinə inanırsan. 

Çünki burada şairə”belə et”demir, necə etmək lazım gəldiyini göstərir. 

 

I Aparıcı: Mirvarid Dilbazi həm də təbiət vurğunudur. O ölkəmizin bir çox yerlərini 

gəzmiş, ana torpağın füsunkar gözəlliklərindən ilhama gəlib bir sıra gözəl əsərlər 

yaratmışdır. M.Dilbazinin Vətən məhəbbəti mövzusunda yazdığı şeirlər adicə təbiət 

lövhələri deyil, eyni zamanda həlim təbiətli ananın, mürəkkəb hadisələrə nüfuz edən insan 

- əsgərin, vətəndaş şairənin həyata baxışını əks etdirən parçalardır.  

 

II Aparıcı: Torpağa bax, iqlimə bax, təbiətə bax! 

                    Fəsilləri bir-birinə qovuşduraraq, 

                   Qar üstünə ətir saçır, gül üstünə qar, 



                   Xəzəllərin arasından boylanır bahar. 

Burada Vətənimizin rəngarəng təbiəti, təkraredilməz gözəlliyi bir rəssam məharəti ilə 

kağıza köçürülüb. 

Oxucunun ifasında “Kəndimiz yadıma düşdü” şeirni dinləyək: 

Qar çiçəyi qarı deşdi, 

Yadıma kəndimiz düşdü: 

Bizim səfalı kəndimiz, 

Bahar havalı kəndimiz. 

 

Fikrim uçdu Avey dağa, 



Ordan bənövşə yığmağa... 

Əlimdə şehli dəstələr 

Endim”Damcılı”bulağa. 

Ayrılmışdım gör nə vaxtdan 

Mən bu eldən, bu torpaqdan 

Anam su içən bulaqdan. 

 

Dayandım orda bir qədər, 



Acı, şirin xatirələr 

Hər yandan qılınc çəkdilər, 

Qanımı, qansız tökdülər... 

 

Durub burdan yavaş-yavaş 



Vəlixana qalxdım birbaş. 

İlk qədəm basdığım yerlər, 

Anamın ilk laylasına 

İlk qulaq asdığım yerlər 

Məni məndən elə aldı, 

Təzə fikirlərə saldı. 

 

Baxdım-baxdım...burdan bizə 



Həsrəti qalan dağlara, 

Sinəmdə qövr etdi yara... 

 

II Aparıcı: M.Dilbazinin poeziyası incə, saf səsi ilə çoxdan ürəklərə yol tapıb, xalqımızın 

mənəvi sərvətinə çevrilmişdir. Bu sərvət milyonlarla oxucunu daxilən zənginləşdirir, 

duyğularına xoş bir sığal çəkir, onları qanadlandırır. Bu xəzinədə Vətən məhəbbəti, yüksək 

əxlaqi sifətlər olan bir ürəyin ehtirasları, öz balasını oxşayan bir ananın titrək nəvazişləri 

görünür. 

 

 I Aparıcı:  M.Dilbazi gənc nəslimizə məhz belə bir poeziya bəxş etmişdir. Onun əsərləri 



daima dilimizdə yaşayacaqdır. 

 

 



SON 


İstifadə olunmuş ədəbiyyat siyahısı: 

 



 

Əhmədova Ə. Bu ellərə vurulmuşam. – B.: Yazıçı, 1978.- 79 s. 

 

Həmidova H. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər.- B.: M.F.Axundov 



kitabxanasının nəşriyyatı, 1990.- 130 s. 

 



Nəbiyev B. Ədəbi düşüncələr.- B.: Yazıçı, 1984.- 282 s. 

 



Son mənzil: (Xalq şairi Mirvarid Dilbazi ilə vida mərasimi)//Azərbaycan qəzeti.- 

2001.- 13 iyul.- S.3. 

 



 



 www.google.az 

 



 www.adam.az 

 

 



 

 

 



 

 

 



Document Outline

  • Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
  • S.Vurğun adına Mərkəzi Kitabxana
  • Metodika – biblioqrafiya şöbəsi
  •       Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100
  • Mirvarid Dilbazi - 100



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə