MiRZƏ ƏLƏKBƏr sabiR 1862-1911 HƏyati, yaradiciliğI



Yüklə 61,64 Kb.
tarix30.10.2018
ölçüsü61,64 Kb.
#76713

MİRZƏ ƏLƏKBƏR SABİR

(1862-1911



HƏYATI, YARADICILIĞI

Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

Mirzə Ələkbər “Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 30 may 1862-ci il tarixdə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxıda anadan olmuşdur. Ələkbər kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanmışdı. Lakin o dövrün mollaxana məktəblərinin sərt recimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı «Tutdum orucu irəmazanda» şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.

Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənmiş, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərmişdir. Ustad Seyid Əzim Şirvani gənc Ələkbərin istiqamətləndirilməsi və həvəsləndirilməsində, bədii zövqünün inkişaf etdirilməsində mühüm rol oynamışdır. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) «Xəmsə»sini öz şagirdinə bağışlaması Sabirin istedad və qabiliyyətinə olan inamının ifadəsi idi. Bütün bunlar Sabirin bədii yaradıcılıq yolunu seçməsinə ciddi təsir göstərmişdir. Buna görə də baqqallıq edən atasının ciddi səylərinə baxmayaraq, gənc Sabir ruhani, yaxud tacir deyil, satirik şair kimi yetişib formalaşmışdır. O, hələ məktəbli ikən şeirlər yazmış, Sədi Şirazinin «Gülüstan» əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə etmişdir.

Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlada səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynamışdır.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurmuşdur. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlmişdir. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşamış, hətta sabun bişirib satmağa məcbur olmuşdur. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirmişdir. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməmişdir. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi «Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm» sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.

Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirmişdir. Yerli yaradıcı qüvvələrdən Ağəli bəy Əfəndizadə Naseh (1850-1913) və Məhəmməd Tərrahla birlikdə təşkil etdikləri kiçik ədəbi məclis Şamaxıda maarifçilik və ədəbiyyatın inkişafında mühüm addıma çevrilmişdir. Məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli (1863-1920) və Həsən bəy Zərdabi (1842-1911) ilə tanış olması onun ədəbi dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərmişdir. Tiflisdə 1903-cü ildən nəşrə başlayan «Şərqi-Rus» qəzetində mənzum təbriknaməsinin dərc olunması onu bir daha sənət və mətbuat aləminə bağlamışdır. «Həyat» qəzetində 1905-ci ildə çap olunan məşhur «Beynəlmiləl» şeiri artıq Sabirin yetkin dünyagörüşündən və xüsusi bədii istedadından xəbər verir. 1906-cı ildən Cəlil Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə Tiflisdə nəşr olunan «Molla Nəsrəddin» curnalı onun yaradıcılığında satiranın meydanının genişlənməsinə, Mirzə Cəlillə məslək dostluğunun formalaşmasına səbəb olmuşdur.

Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu almışdır. Bundan az sonra onun Şamaxıda açdığı «Ümid» adlı ibtidai məktəbdə təxminən 60 nəfərə qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanmışdır. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.

Ailəsini yaşatmaq üçün iş yeri tapmaq məqsədi ilə 1910-cu ilin əvvəllərində Bakıya gələn M.Ə.Sabir əvvəlcə «Zənbur» curnalı redaksiyasında, sonra isə Balaxanı məktəbində çalışmışdır. Bakıda çıxan «Günəş» və «Həqiqət» qəzetləri redaksiyasındakı fəaliyyəti, xüsusən «Günəş» qəzetinə əlavə kimi nəşr edilən «Palanduz» adlı həftəlik gülüş səhifəsində «Çuvalduz», «Nizədar» imzaları ilə öz şeirlərini dərc etdirməsi Sabirin yeni mühitdə tanınmasında müstəsna rol oynamışdır. Bundan başqa o, Balaxanıda neft fəhlələri üçün təşkil olunmuş «Nur» kitabxanasının fəal oxucusuna çevrilmiş, işçilərin ağır həyatı və məişəti ilə maraqlanmışdır.

Qaraciyər xəstəliyinə tutulan M.Ə.Sabir 1910-cu ilin sentyabr-noyabr aylarında Bakıda müalicə olunmuş, xəstəliyinə əlac olmadığı üçün Şamaxıya qayıtmışdır. Tiflisə gedib məslək dostu C.Məmmədquluzadənin köməyi ilə müayinədən keçmək və müalicə olunmaq qərarına gəlmişdir. Bundan xəbər tutan C.Məmmədquluzadə Kəhrizlidən Tiflisə, o zaman «Molla Nəsrəddin» curnalını idarə edən Məmmədəli Sidqiyə (1888-1956) aşağıdakı məzmunda məktub göndərmişdir: «Sabir bu yaxınlarda müalicə üçün Tiflisə gələcək. Onu redaksiyada saxla, istirahətinə çalış. Müalicəsinə hər cəhətdən diqqət et. Tiflisin məşhur professor və həkimlərinə göstər… Hər barədə ondan muğayat ol… Nə lazım olsa mənə xəbər ver».

Sabir 4 fevral 1911-ci ildən mart ayının axırlarına qədər Tiflisdə Mirzə Cəlilə məxsus evdə yaşayıb müalicə olunmuşdur. C. Məmmədquluzadənin səyi nəticəsində tanınmış həkimlər xəstə şairi müayinədən keçirmiş, cərrahiyyə əməliyyatı aparılması zərurətini nəzərinə çatdırmışlar. Lakin M.Ə.Sabir buna razı olmadığı üçün Şamaxıya qayıtmışdır. O, dostu Abbas Səhhətə göndərdiyi məktubunda Mirzə Cəlilin və Həmidə xanımın ona göstərdiyi qayğıdan dərin minnətdarlıq duyğusu ilə söz açaraq yazmışdır: «Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilirsən, mənə nə qədər ehtiram edirlər! Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar. Öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim… Doktorları cəm edib, konsultasiya (məsləhət) yapdılar».

«Molla Nəsrəddin» jurnalı M.Ə.Sabirin müalicəsinin təşkilinə və ailəsinə kömək üçün oxuculara müraciətnamə ünvanlamışdır. Dövrünün maarifçi ziyalıları «Molla Nəsrəddin»in müraciətinə cavab olaraq ianə toplanmasına səfərbər olmuşlar. Lakin müalicə üçün görülən tədbirlər müsbət nəticə verməmişdir. Cərrahiyyə aparılması üçün 8 iyul 1911-ci ildə Bakıya gələn şair dərdinə əlac olmadığı üçün geri qayıtmağa məcbur olmuşdur. Aşağıdakı misralar həmin günlərin əhvali-ruhiyyəsinin nəticəsidir:

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.

Böyük satirik şair M.Ə.Sabir 12 iyul 1911-ci ildə Şamaxıda vəfat etmiş, «Yeddi günbəz» qəbristanlığında dəfn olunmuşdur.

Vəfatından bir il sonra, 1912-ci ildə Abbas Səhhət və Mahmud bəy Mahmudbəyovun təşəbbüsü və köməyi ilə M.Ə.Sabirin şeirləri «Hophopnamə» adı ilə kitab halında nəşr edilmişdir. Həmin kitab bir qədər təkmilləşdirilərək 1913-cü ildə yenidən çapdan buraxılmışdır. Bundan sonra əsərləri XX əsr boyu «Hophopnamə» adı ilə dəfələrlə böyük tiracla nəşr edilmiş, Avropa və Şərq xalqlarının dillərinə çevrilmişdir.

M.Ə.Sabirin xatirəsinin əbədiləşdirilməsinə həmişə diqqət yetirilmişdir. Bakı şəhərində adına kitabxana təsis edilmiş (1919), Bakıda (1922) və Şamaxıda (1962) heykəli ucaldılmışdır. Azərbaycan rayonlarından biri, müxtəlif şəhərlərdəki küçələr, texnikum və məktəblər onun adını daşıyır. Anadan olmasının 100 illik yubileyi 1962-ci ildə böyük təntənə ilə qeyd olunmuşdur.

Mirzə Ələkbər Sabir bədii yaradıcılığa çox erkən, hələ Şamaxıda ibtidai məktəbdə oxuyarkən müəllimi, görkəmli şair Seyid Əzim Şirvaninin təsiri ilə başlamışdır. İlk şeirləri əsasən klassik lirika ənənələri əsasında qələmə alınmışdır. Bütövlükdə isə M.Ə.Sabirin yaradıcılığı çoxcəhətlidir. O, ədəbi fəaliyyəti dövründə dini mərsiyələr, lirik şeirlər, satiralar yazmış, tərcüməçiliklə məşğul olmuşdur. Sabirin felyetonları və məqalələri də vardır.

Şairin mərsiyələrindən az bir qismi bizə gəlib çatmışdır. Bu mərsiyələrdə əsasən Kərbəla müsibətləri, dini şəxsiyyətlər və hadisələr haqqında düşüncələr öz əksini tapmışdır. Bundan başqa, görkəmli maarifçi ziyalı Həsən bəy Zərdabinin, İranda «qanuni-əsasi» – konstitusiya qəbul edilməsinə nail olmuş Müzəffərəddin şahın, Şamaxı şəhərinin nüfuzlu və varlı şəxsi Hacı Məcid Əfəndinin vəfatı münasibətilə də M.Ə.Sabir düşündürücü mərsiyələr yazmışdır. Şairin bu istiqamətdə yazılmış mərsiyələrində bəzi ictimai motivlər, milli ideyalar da ifadə olunmuşdur. Hətta M.Ə.Sabir həmin qəbildən olan mərsiyələrindən birini «Növheyi-milli» adlandırmışdır.

Mirzə Ələkbər Sabirin yaradıcılığında lirik şeirlərin xüsusi yeri vardır. Şair həyatının demək olar ki, bütün mərhələlərində satira ilə yanaşı lirik şeirlər də yazmışdır. Lirika Sabirin yaradıcılığının xüsusi bir qolunu, müstəqil bir istiqamətini təşkil edir.

Lirika baxımından Mirzə Ələkbər Sabirin əsərlərini əsasən üç qismə ayırmaq olar: klassik üslubda yazılmış qəzəllər, ictimai-siyasi şeirlər və uşaq şeiri nümunələri.

M.Ə.Sabirin dövrümüzə qədər gəlib çatmış qəzəllərində özünəqədərki klassik poeziyanın və müəllimi S.Ə.Şirvaninin təsiri hiss olunur. Orta əsr lirik poeziyasından alınmış bədii təsvir və ifadə vasitələri, Leyli və Məcnun kimi klassik ədəbiyyat qəhrəmanlarının yad edilməsi bu qəzəllərin əksəriyyəti üçün səciyyəvidir:

Şərü hər muyidə min aşiqi-nalanın var,

Məgər, ey şux ki, bir cismdə min canın var?

Hər mərəz çarəsini eyləmək asandı, təbib,

Mərəzi-eşqə nə tədbir, nə fərmanın var.

Sabira, qərq edər axır səni bu seyli-bəla,

Olma qafil belə kim, dideyi-giryanın var.

Bununla belə, «İstəsən könlüm kimi zülfi pərişan olmasın», «Ey dil, amandı, sirrimi biganə bilməsin» kimi qəzəllərində M.Ə.Sabirin özünəməxsus təsvir və ifadə vasitələri, fikir və mətləbləri də az deyildir. Bütövlükdə qəzəllər M.Ə.Sabirin bədii istedadını qabarıq surətdə nəzərə çarpdırır.

Yaradıcılığında özünəməxsus yeri olan ictimai-siyasi şeirlərdə cəmiyyət həyatında gedən ictimai proseslərin, baş verən siyasi-tarixi hadisələrin doğurduğu təəssüratlar, oyatdığı fikirlər və düşüncələr öz əksini tapmışdır.

Klassik poeziyada geniş yayılmış fəxriyyə janrını XX əsrin əvvəllərində Sabir təzədən dirçəltmiş və yeni motivlərlə zənginləşdirmişdir. Şairin 26 avqust 1907-ci ildə «Molla Nəsrəddin» curnalında dərc olunmuş məşhur «Fəxriyyə» şeiri Azərbaycan poeziyası tarixində bu canrın yeni və bənzərsiz nümunəsidir. Əgər klassik ədəbiyyatda fəxriyyələr əsasən hökmdarlar haqqında yazılırdısa, M.Ə.Sabirin «Fəxriyyə» adlı şeiri xalqın və vətənin taleyinə həsr olunmuş, burada milli və dini birlik ideyası öz əksini tapmışdır. Şair millətimizin «öz qövmümüzün başına əngəlkələf» olmasının səbəblərini araşdırmış, səhvləri, yanlışlıqları təhlildən keçirmiş, var gücü ilə bunlardan ibrət dərsi almağa, dindaxili ayrıseçkiliyə son qoymağa, milli birliyə çağırmışdır.

M.Ə.Sabirin 1910-cu ildə «Yeni füyuzat» curnalında dərc olunmuş «Ruhum» şeirində şairin azadlıq idealı öz əksini tapmışdır. Həyatının ən sıxıntılı günlərində, maddi çətinliklər və xəstəlik dövründə yazılmış bu şeirdəki «Yanma sən də mənim tək narə», yaxud «Bir səfa bulmadıq bu aləmdə» kimi misralar Sabirin mövcud cəmiyyətə tənqidi münasibətini, ictimai etirazlarını ifadə edir. Lakin bütün çətinlikləri dəf edərək millətinin dirçəlişinə dürlü xidmətlər göstərmiş vətəndaş şair ölməz sənətinin əbədiyyət qazanacağına inanır. Şeirdən görünür ki, Sabir azadlıq idealına bütün ruhu ilə bağlıdır. Azadlıq günəşinin doğacağına dərin inam duyğuları ifadə edən «Ruhum» şeiri humanist şairin vəsiyyətnaməsi təsiri bağışlayır:

Mən gedərsəm, var olsun amalım!

Yaşasın Şəhriyari-hürriyyət!

Yaşasın Şəhriyari-hürriyyət!

Mən gedərsəm, var olsun amalım!

«Dindirir əsr bizi» şeiri Sabirin milli dirçəliş andı kimi səslənir:

Dindirir əsr bizi, dinməyiriz,

Açılan toplara diksinməyiriz,

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz!

Mirzə Ələkbər Sabirin uşaq şeirləri Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil olan dəyərli sənət nümunələridir. «Hər işin ibtidası tərbiyədir» qənaətinə möhkəm inam bəsləyən Sabir uşaqlar üçün yazılmış şeirlərində yeni nəsli məktəbə getməyə, elm və təhsil almağa həvəsləndirməyə səy göstərmişdir. Şairin fikrincə «tərbiyyət elmsiz deyildir məqbul». Ona görə də M.Ə.Sabir ilk növbədə elmin, məktəbin mahiyyətini, faydasını gənc nəslə çatdırmağa çalışmışdır:

Məktəbdə var şərafət,

Dəftərdə var lətafət.

Cari olur qələmdən

Şirin-şirin hekayət.

Yaxud:

Elm öyrən, imtahan ver,



Öz fəzlini nişan ver.

Qədrin bil elmü fənnin,

Elmin yolunda can ver.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

XX əsrin əvvəllərində yazılmış «Uşaq və buz», «Yaz günləri», «Məktəbə təğrib», «Ağacların bəhsi», «Cütçü», «Yalançı çoban» kimi qiymətli şeirləri ilə M.Ə.Sabir Azərbaycan uşaq şeirinin qüdrətli yaradıcılarından biri olduğunu sübut edir.

M.Ə.Sabir Firdovsinin «Şahnamə» dastanından bir parçanı Azərbaycan dilinə tərcümə etmiş, İ.A.Krılovun eyniadlı təmsilinin motivi əsasında «Qarğa və tülkü» adlı mənalı bir təmsil yaratmışdır. Şairin «Hörümçək və ipəkqurdu» təmsilində, «Ağacların bəhsi» alleqorik şeirində, «Camış və sel», «Molla Nəsrəddin və oğru», «İskəndər və fəqir» mənzum hekayələrində yeni nəsil üçün faydalı və ibrətamiz olan mənalı mətləblər ifadə olunmuşdur.

Mirzə Ələkbər Sabir ilk satirik şeirini hələ məktəbli ikən, 8 yaşında söyləmişdir:

Tutdum orucu irəmazanda,

Qaldı iki gözüm qazanda,

Mollam da döyür yazı yazanda…

Bu şeir parçası həm də M.Ə.Sabirdə satirik təfəkkürün ilk cücərtisi, toxumu kimi də müəyyən əhəmiyyətə malikdir.

Az sonra görkəmli şair S.Ə.Şirvaninin dərs dediyi Şamaxı şəhər məktəbində təhsil alarkən yazılmış şeir dəftərini atası cırdığı üçün onun ilk qələm təcrübələri bizə gəlib çata bilməmişdir. Lakin müşahidələr göstərir ki, o hələ «Molla Nəsrəddin» curnalının nəşrinə qədər də ara-sıra satirik şeirlər qələmə almışdır. Məsələn, «Tanrı hər yerdə pulu bir ürəyi səxtə verir» misrası ilə başlayan satirik şeir XIX əsrin 90-cı illərinin ortalarında meydana çıxmışdır. Yaxud, Sabirin «Bir məclisdə on iki kişinin söhbəti» satirik şeiri 10 fevral 1906-cı ildə Bakıda nəşr edilən «Həyat» qəzetində dərc olunmuşdur. Bununla belə, M.Ə.Sabirin satira yaradıcılığı ilə ardıcıl məşğul olmasında «Molla Nəsrəddin» curnalı həlledici rol oynamışdır. Şairin satiralarının böyük əksəriyyəti «Molla Nəsrəddin» curnalı vasitəsilə geniş dairədə yayılmış, ona böyük şöhrət qazandırmışdır.

Heç tərəddüd etmədən demək olar ki, Mirzə Ələkbər Sabir Azərbaycan satirik şeirinin ən qüdrətli yaradıcısıdır. O, özünəqədərki ədəbiyyatda mövcud olan satirik ənənələri yeni forma və məzmunla, təzə ideyalarla zənginləşdirib, satirik şeiri xüsusi inkişaf mərhələsinə çatdırmışdır. Müasiri və məslək dostu Abbas Səhhətin sözləri ilə desək, Sabir «köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir daha dönüb o uçurumu geriyə atılmağa kimsədə cürət qalmadı».

XX əsrin əvvəllərinin mürəkkəb siyasi-tarixi hadisələri M.Ə.Sabirin satira yolunu seçməsində mühüm rol oynamışdır. Məhz bu dövrdə xalqın həyatı, taleyi, oyanışı və dirçəlişi mövzusunun ön mövqeyə çıxması şairin satirik şeir yaradıcılığının əsas təkanverici qüvvəsinə çevrilmişdir. Xüsusən, Rusiyada baş vermiş 1905-ci il inqilabının, Cənubi Azərbaycandakı Məşrutə hərəkatının yaratdığı demokratik ab-hava M.Ə.Sabirin də Vətən və millət, milli oyanış və tərəqqi barəsində təsirli satirik şeirlər yazmasına münbit şərait yaratmışdır. Özünün də bəyan etdiyi kimi, o heç vaxt, hətta ən çətin məqamlarda belə mənsub olduğu xalqa haqq sözü deməkdən çəkinməmişdir:

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dayana bilmirəm.

…Derlər utan, heç kəsə bir söz demə –

Haq sözü derkən utana bilmirəm!…

Neyləməli, göz görür, əqlim kəsir,

Mən günəşi göydə dana bilmirəm.

M.Ə.Sabirin satirik şeirləri hər şeydən əvvəl Azərbaycan xalqının konkret tarixi şəraitdəki ərzi-halının bədii ifadəsindən ibarətdir. Yaşadığı dövrün Azərbaycan üçün yaratdığı sosial-siyasi çətinliklər, mənsub olduğu xalqın əksəriyyətinin mədəni və ictimai geriliyindən doğan ciddi problemlər, mövhumat və cəhalət əleyhinə barışmaz mübarizə, qadın azadlığı məsələsi Sabirin satira yaradıcılığının əsas mövzularını təşkil edir. M.Ə.Sabirin başlıca amalı çətin və mürəkkəb vəziyyətin əsas səbəbkarı olan üsuli-idarəni, recimi dağıtmaq, xalqı qəflət yuxusundan oyatmaq, gözlərini açmaq, ona öz hüquqlarını başa salmaqdan ibarətdir. «Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə», «Ayılma», «Bizə nə», «Kim nə deyər bizdə olan qeyrətə», «Yaşamaq istər ürək», «Adətimiz daş idi dəva günü», «Qoyma, gəldi», «Adəmi adəm eyləyən paradır» və s. kimi satirik şeirlərində ilk növbədə cəhalət və geriliyin, sinfi fərqlərin acı təzahürləri göz önünə gətirilmişdir. Bu qəbildən olan satirik şeirlər şairin bütün yönləri ilə göstərdiyi məşəqqətli vəziyyətdə yaşamağın mümkünsüzlüyünü ortaya qoyur:

Açsan gözünü rəncü məşəqqət görəcəksən,

Millətdə qəm, ümmətdə küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrət görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat qal dala, laylay!

Yaxud:

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!



Nə də tərpənməyir üstündəki yorğan, ölübə!

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,

Dəbərişməz də, veribdir, deyəsən, can ölübə!

…Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Əslində, bu şeirlərdəki «xab et», «ayılma», «ölübə» kimi ifadələrlə şair insanları mənəvi əsarətdən xilas olmağa, ayılmağa, özünü dərk etməyə, haqlarını başa düşməyə çağırır.

Mövcud vəziyyətdən çıxış yolu kimi Sabirin satiralarında məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə dəvət motivi ön mövqeyə çəkilmişdir. Bu məqamda şairin seçdiyi oyanmış qəhrəman «Qanma!» əmrinə «Qabili-imkanmı olur qanmamaq?» cavabını verə bilir:

– Görmə! – Baş üstə yumaram gözlərim.

– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.

– Bir söz eşitmə! – Qulağım bağlaram.

Gülmə! – Pəkey, şamü səhər ağlaram.

Qanma! – Bacarmam! Məni məzur tut,

Böyləcə təklifi-məalı unut!

Qabili-imkanmı olur qanmamaq?

Məcməri-nar içrə olub yanmamaq?!

Milli oyanışa nail olmağın yolunu şair elmə və təhsilə yiyələnməkdə, özünüdərketmədə, dünya işlərindən baş çıxarmaqda görür. Ona görədir ki, M.Ə.Sabirin yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. Şərti olaraq bu tip şeirləri maarifçi satirik şeirlər adlandırmaq olar. «Bilməm nə görübdür bizim oğlan oxumaqdan», «Neçin məktəbə rəğbətim olmayır», «Uşaqdır», «Uçitellər», «Müəllimlər syezdi», «Oxutmuram, əl çəkin», «Ürəfa marşı» və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünüdərkin isbatı kimi öz dövrü üçün çox aktual olan məsələlərdən söz açılmışdır:

Yıxdın evimi, eylədin övladını saye,

İş keçdi məhəldən.

Mən anlamazam elm nədir, ya ki, sənaye,

Zarəm bu əməldən!

…Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardan əl çək!

Yazmaq, oxumaq başına əngəl-kələf oldu,

Əşardan əl çək!

Sabir dolayı yolla məktəbin milli oyanışın, dirçəliş və tərəqqinin əsas hərəkətverici qüvvəsi olduğu qənaətindədir. Şairin yaradıcılığındakı cəhalət, mövhumat və fanatizmə qarşı kəskin mübarizə nəticə etibarilə köhnə həyat tərzindən və gerilikdən xilas olmaq, yeniləşməyə meyl etmək qayəsini izləyir. Cahil mollaların, mənəvi əsarətin əsas baiskarları olan yalançı din xadimlərinin tənqidi baxımından Sabir mollanəsrəddinçi şairlərin hamısından irəlidədir. Şair savadsız, köhnəpərəst, şəxsi mənafelərini üstün tutan qondarma din təmsilçilərini sadəcə tənqid etməklə kifayətlənmir, sona qədər ifşa etmək üçün onların iç üzünü, mənfur niyyətlərini böyük cəsarətlə açıb göstərir. Sabir hətta xalqdan uzaq düşən belə üzdəniraq bəndələrin yeri gəldikdə yad ölkələrin maraqlarını həyata keçirən misyonerlərlə də həmrəy ola biləcəklərini yada salır:

Mollalar, taleyiniz oldu əcəb yar bu gün,

Misyonerlər də bizə çıxdı həmvar bu gün!

O ki məktəbləri məhv etmək idi niyyətimiz,

Yox idi əldə və lakin ona bir qüdrətimiz.

Məktəb artdıqca azalmaqda idi sənətimiz.

Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,

Arkadaşlar, sevinin, oldu rəva hacətimiz!

Bununla belə, yalançı, ikiüzlü, riyakar din xadimlərinə barışmaz münasibət bəsləyən, M.Ə.Sabir ateist, dinsiz deyildir. O, islam dininə inanan, ehtiram göstərən, lakin bu dindən xalqın əleyhinə bir vasitə kimi istifadə edənlərə qənim kəsilən vətəndaş, Azərbaycan şairidir. Sabir «A şirvanlılar» şeirində islam dini içərisində bölücülüyün, sünnü- şiə ayrıseçkiliyinin də əleyhinə olduğunu, islamın bütövlüyünü qoruyub saxlamağa tərəfdar çıxdığını, özünün müqəddəs Qurana qail olduğunu açıq-aşkar bəyan etmişdir:

Əşhədü billahi əliyyül əzim,

Sahibi imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanəm, a şirvanlılar!

Şiəyəm, əmma nə bu əşkalədən,

Sünnüyəm, əmmə na bu əmsalədən,

Sufiyəm, əmma nə bu əbdalədən,

Haqsevən insanəm, a şirvanlılar!

Ümməti-mərhuməvü məğfur ilə,

Əmrdəyəm taəti-məzbur ilə,

Kürfümə hökm eyləməyin zor ilə

Qaili-Qur’anəm, a şirvanlılar!

«A şirvanlılar» şeirinin ruhunda M.Ə.Sabirin özünü onu yalandan dinsiz adlandıranlardan müdafiə etməsi niyyəti də duyulur.

M.Ə.Sabirin yaradıcılığı milli olduğu qədər də bəşəridir. Şair kasıb, məktəbdən uzaq salınmış, cəhalət girdabına düçar edilmiş, hüquqları əlindən alınmış həmvətənlərinə haqlarını anlatmaqla ilk növbədə mənsub olduğu Azərbaycan xalqının, sonra isə eyni taleli digər xalqların istiqlalına da xidmət etmişdir. Onun adı dünya ədəbiyyatında insan haqları uğrunda mübarizə aparan, əsarət əleyhinə çıxan görkəmli sənətkarlarla bir sırada çəkilməyə layiqdir. M.Ə.Sabirin 6 yanvar 1908-ci ildə «Molla Nəsrəddin» jurnalında dərc olunmuş «Daş qəlbli insanları neylərdin, ilahi» satirasında geniş mənada insanlığın taleyi dərindən təhlil edilir. Şair burada bütövlükdə göz yaşları dərya olan məzlumların tərəfdarı olduğunu, zalımlara və ümumiyyətlə zalımlığa, haqsızlığa qarşı çıxdığını böyük vətəndaşlıq cəsarəti ilə ifadə etmişdir:

Bir dövrdə kim, silqü səfa qalmayacaqmış,

Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış,

Dəryaları, ümmanları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,

Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, –

Dildadeyi irfanları neylərdin, ilahi?!

Satirada irəli sürülən suallar Azərbaycanda olduğu kimi, türk-müsəlman aləmində və digər məmləkətlərdə də aktual səslənir, dolğun, ədalətli cavabını axtarır.

Sabirin satirası özünəməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malikdir. Şair satirik tipin dilindən danışmağı, onu öz xarakterinə və cəmiyyətdəki mövqeyinə görə təbii dillə danışdırmağı, bu yolla tipin daxili aləmini açmağı bacarır. O, böyük məharətlə qələmə aldığı tiplərin aydın, dolğun portretini yaratmışdır. Sabir satirada bədii portret ustasıdır.

Dudkeş kimi bir papaq başında,

Ağ tükləri bəllidir qaşında.

Gərçi qocadır – babam yaşında,

Xortdandı, xoxandı, qoyma gəldi!

Kirdarı yamandı, qoyma gəldi!

Yaxud:

Ömr ötüşüb, baş ağarıb un kimi,



Diş tökülüb, saqqal olub yun kimi,

Sinə çöküb, bel bükülüb nun kimi,

Gərçi olubsan qoca meymun kimi.

Tez götürüb tiryakını at, kişi!

Qəlyanını cağla, xoruldat, kişi!

Satirada dialoqdan yerli-yerində istifadə baxımından da Sabirin satirası fərqlənir. «Əhvalpürsanlıq» şeiri satirada dialoqa ən mükəmməl nümunədir. Dialoqlar isə öz növbəsində şairin satiralarına sücet əlamətləri gətirir. M.Ə.Sabir Azərbaycan ədəbiyyatında sücetli satirik şeirin ilk yaradıcısıdır. Onun süjetli satira nümunələri satirik məzmuna malik olan mənzum hekayələrdən fərqli xüsusiyyətlərə malikdir. Mənzum hekayələrdə epik təsvir, nağılvarilik, Sabirin sücetli satiralarında isə canlı mükalimə əsasında ifadə olunan əhvalatlar və münasibətlər əsasdır.

Əsasən lirik poeziya üçün xas olan əruz vəznini Sabir satirik şeir üçün də doğmalaşdırmışdır. Şairin yaradıcılığında əruz vəzninin əsas bəhrlərinin hamısında dəyərli satira nümunələri yaradılmışdır. Azərbaycan poeziyasında satira dilinin ən zəngin və bənzərsiz nümunələrini yaratmaq M.Ə.Sabirə müyəssər olmuşdur.

Sabir milli satirik şeirimizə ilk dəfə olaraq taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab və s. kimi janrları gətirmişdir.

NEYLƏRDİN, İLAHİ” SATİRASI

Gerilik, ətaləti kəskin tənqid edən bu əsərdə sənətkarın təəssüf hissi ilə yanaşı, inkişaf, tərəqqi arzusu öz əksini tapmışdır. Allaha müraciətlə yazılmış əsərdə zülmə, haqsızlığa etiraz edən sənətkar məzlumların göz yaşının dərya olmasından, ədalətsizliyə dözən insanların ətalətindən söz açır.

“Sabir öz dövründəki ədalətsizliyi görür, bir ovuc istismarçılara səadət bəxş edən quruluşun dözülməz qanunlarına qarşı üsyan edirdi. Onun üsyanı çox kəskin və konkret idi:

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --

Bilməm belə dövranları neylərdin, ilahi!

 

Məzlumların göz yaşı dərya olacaqmış, --



Dəryaları, ümmanları neylərdin, ilahi?

 

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --



Ahuləri, ceyranları neylərdin, ilahi?!

 

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --



Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

 

İş rəncbərin, güc öküzün, yer özününkü, --



Bəyzadələri, xanları neylərdin, ilahi?!

 

Bu zülmə, haqsızlığa dözənlərin səbrinə Sabir dözə bilmirdi. O, satiralarında xalqı ayılmağa çağırırdı. “Səbr eylə” şeiri bu cəhətdən çox səciyyəvidir. Bu şeir qurtuluş üçün konkret yollar göstərir:



Yetərkən zalimin zülmü sənə , dövri-qəzadan bil!
Çatarkən amirin zəcri, onu seyri-səmadan bil
Özün öz iczinə bais olurkən, masəvadan bil!
Bu məşumiyyəti biganədən gör, aşinadan bil!
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Şairin fikri aydındır; o, zülmə dözməməyə , ayılmağa, mübarizə cəbhəsinə atılmağa çağırırdı. (C.Hacıyev)

“Neylərdin, ilahi?” satirasında ...məzlumların göz yaşlarınan yaranan dəryaları görüb fəryad qoparan Sabir yanıqlı misralardan sonra gözlənilmədən satiraya keçir. .. Bu gözlənilməz keçidlər ondan doğur ki, Sabir qəzəblənib tənqid hədəfinin üzərinə şiddətli hücuma keçdiyi vaxt bəzən onun incə şair qəlbi riqqətə gəlir. Zavallı insanların məruz qaldığı faciələrdən kədərə qapılıb. Fəryad qopardığı zaman mürtəcelərin qarşısında özünü sındırmamaq üçün oxucunun gözləmədiyi halda qəhqəhə ilə gülür. Bəzən isə qəhqəhə ilə güldüyü vaxt daxilindəki dərdlər qövr edir, o bu zaman gzlənilmədən hıçqırır, fəryad qoparır. “ (A.Zamanov)
Yüklə 61,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə