Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   15   16   17   18   19   20   21   22   23

Mən qalmışam yana-yana,

Ana, Tiflis bağlarında.

 

Əyninə geyib qırmızı



Eşq oduna salıb bizi,

O xoca Qəhrəmanın qızı,

Ana, Tiflis bağlarında.

Əyninə geyinib ağı

Sinəm üstə çəkib dağı,

Qəribin çeşmi çırağı,

Ana, Tiflis bağlarında.

 

Tiflisin məhəllələri – 1921-24-cü illər Tiflis 12 məhəlləyə (rayonlara) bölünmüşdü. I məhəllə –



Saburtalo, Vake, Vardisuban, Vera, Kür çayına kimi enişlik; II məhəllə – keçmiş David (indiki Besik)

küçəsinin ərazisi – Rustaveli prospektinə və Mədətov adasına qədər; III məhəllə – Sololak, Puşkin

küçəsi ilə Mədətov adasına qədər; IV məhəllə – Yerusəlim (indiki Rijinaşvili küçəsinin ərazisi, Kürə

qədər); V məhəllə – Xarpux, Ortacala, Krtsanis bağları, şərq tərəfdən şəhərin sonunadək uzanırdı; VI

məhəllə – Naftulluq, Şavsopel ilə, Kaxet yolunun ərazisi; VII məhəllə – Avlabar; VIII məhəllə – Riğe

(Çaylaq), Çuğuret və Mədətovun adası; IX məhəllə – Kukiya, Qorki və Jores küçəsinə qədər; X

məhəllə – Borjom və Abastuman küçələrinin ərazisi; XI məhəllə – bütün Nadzaladev; XII məhəllə -

bütün Didube.

Topxana – II İrakli meydanının qərb tərəfində yerləşirdi. Elə burdan Topxana küçəsi də başlayırdı. Bu

topxanada silah saxlanılırdı.

Tatar meydanında dükanlar və traktir. 1900-cü illərin fotosu

 

Traktir – alman sözüdür, yeməkxana deməkdir. Ötən əsrin 30-cu illərinin əvvəllərində İrəvan meydanı



yaxınlığında «Palçıqlı küçə»də Pol Matas adlı bir şəxs kiçik və dar evdə mehmanxana açmışdır ki,

qonaqlar burda gecələmiş və nahar edə bilmişlər. Jan Fransua Qamba da burada gecələmişdir.

Matasın bu traktir-mehmanxanasında 1829-cu ildə Tiflisə gələn A.S.Puşkin gecələməli olmuşdur.

Riğedə (Çaylaqda) o dövrlər Qafqazda məşhur olan kolonist Zelsmanın traktiri yerləşirdi. O vaxtlar

Tiflisin karvansaralarında bu cür traktirlər mövcud idi. Həmin traktirlərin divarlarından saz asılardı.

Yerli aşıqlar ilə İrandan gələn aşıqlar arasında deyişmələr olurdu.

Urdvarxana – Bəzzazxananın Sion küçəsinin şimal-şərq tərəfində olan (Sion tərəfdə) hissəsidir.

Mamisa Berzenişvilinin fikrincə, «urdvar» sözü hansısa parça növünün mənasını ifadə edirdi.

Urdvarxana bazarı – Urdvarxana yaxınlığında ticarət cərgəsi.

Vake – Tiflisin bu geniş məhəlləsi öz adını olduğu yerin xüsusiyyətinə görə almışdır. Vake şimal-

şərqdən Varaz dərəsi, şimaldan Vera çayı, cənubdan və cənub-qərbdən yüksəkliklərlə əhatə olunur.

Tiflisin 1906-cı il planında dərənin yuxarısında yalnız Tavad-Aznaur Gimnaziyasının binası (indiki

Tiflis Dövlət Universitetin əsas korpusu) qeyd edilmişdir. Vake məhəlləsi 1907-ci ildə Tiflisə

birləşdirilmişdir.

1946-cı ildə Vakedə Qələbə parkı salınmışdır.

Varazisxev (Varaz dərəsi) – Veranın sağ hissəsində çay və vadi. Bu çay Sənan dağından baş alaraq

Heyvanat parkı yaxınlığında Vera çayı ilə birləşir. Bu dərə 1957-ci ildə Vakenin bilavasitə



Qəhrəmanlar meydanı ilə birləşdirilməsi məqsədi ilə xüsusi olaraq doldurulmuşdur.

 

 



Vera çayı üzərində sonuncui körpü

 

Vera – Vera çayının aşağı hissəsində Vera kəndi var idi və bu da Qabaşvililərin əlində idi. Şahzadə



Vaxuştinin verdiyi məlumata görə, Vera əvvəllər Skviret adlanıb. Vera çayının mənsəbindən demək

olar ki, Elbakidze yoxuşuna qədər ərazini birləşdirir. Diğom karvan yolu Veradan keçirmiş, bu yol

indiki Qəhrəmanlar meydanından köhnə Vera körpüsü ilə çaydan keçirdi. Bu məhəllədən ikinci yol –

Sğnet yolu keçirdi. Ötən əsrin 80-ci illərində burada tikililər inşa olundu. Ötən əsrin sonunda isə artıq

şəhər evləri Vakenin sərhədlərinə, Varaz dərəsinə qədər genişləndi.

Vera bağı – Əvvəllər burada Mavi Monastırdan tutmuş Vera çayının Kür çayına qovuşduğu yerədək

meyvə bağları, üzümlüklər və bostanlar olub. Sonralar bağın bir hissəsi qəbiristanlıq olub. 1898-ci

ildə şəhər tikintisi Vera məhəlləsini əhatə edəndə, şəhər bələdiyyə idarəsi qəbiristanlığı ləğv etmiş və

orda bağ, indiki Vera bağını salmışdır.

Vera körpüsü – Qəhrəmanlar meydanının yenidən qurulmasından öncə bizə qədər mövcud olan Tiflis

körpülərindən biridir. Onu XVII əsrin ortalarında Tiflis zərraflarının ağsaqqalı Xoca Behbud

saldırmışdır. Bu körpünü şahzadə Vaxuşti də xatırlayır. Körpünün taleyi Qəhrəmanlar meydanının

yenidən qurulması ilə həll edilmişdir.

 

 



Vera çayı üzərində gədim körpü

Kürün üzərində olan, sonralar Elbakidze körpüsü adlanan körpü də Vera körpüsü adlandırılmışdır.

Uzunluğu 10 metrə qədər olan Vera körpüsü müasir tələbləri ödəmədiyindən 1951-ci ildə onun

yerində yeni üç aşırımlı Elbakidze körpüsü inşa edilmişdir.

Virana bağ (Oxer bağ) – Kürün sağ sahilində Ortacala SES-i yaxınlığında, indiki Qorqasal küçəsində

olub.


Vorontsov körpüsü – on səkkizinci əsrin 30-cu illərində Tiflisdə yalnız yeganə Metex körpüsü

mövcud idi ki, bu da Kürün üzbəüz olan tərəflərinin bir-biri ilə əlaqəsini nəzərə çarpacaq dərəcədə

çətinləşdirirdi. Kukiya, Çuğuret, Almanlar qəsəbəsi (indiki Ağmaşenebeli prospektinin həndəvərləri)

şəhərin mərkəzi məhəllələrindən təcrid olunmuşdu. Onlar arasında əlaqə uzun müddət idi ki, kənardan

daxil olan yollar ilə həyata keçirilirdi. 40-cı illərdə bu günkü Saarbrüken körpüsünün yerində

müvəqqəti ağac körpüsü salırdılar ki, onu da vaxtaşırı olaraq Kür aparmışdır.

1830-cu illərin sonunda əsaslı körpünün layihəsi işlənib hazırlandı. Çar hökuməti körpünün

tikintisinin maliyyələşdirilməsinə rədd cavabı verdiyindən bu layihə həyata keçirilmədi. 1840-cı

illərdə Qafqazda çarın canişini M.Vorontsovun tapşırığı ilə memar C.Skudiyer körpünün layihəsini

tərtib etdi. Bu tikili Kürün əsas məcrası və onun sağ qolu üzərində böyük və kiçik iki körpüdən ibarət

idi. 1848-ci ildə başlanmış tikinti müxtəlif səbəblərə görə, fasilələrə məruz qalırdı (İcarədarlar

dəyişilirdi, 1849-cu ildə daşmış Kür ağac körpüsünü aparmışdır. 1851-ci ildə məbədin tikintisi

zamanı körpünün müəllifi və görülən işlərin rəhbəri memar Skudiyer həlak oldu). 1851-ci ildə böyük

körpünün layihəsini mühəndis S.Bliks işləyib hazırladı. O, ağac milləri kərpicli kəmərlə əvəz etdi.

İşin başında ilk mühəndis - hidravlik K.Baqrationi (Baqration-Muxranski) durdu. Mixail (bugünkü

Saarbrüken) adına böyük körpünün təntənəli açılışı 1854-cü ilin aprelində oldu.




Mixail körpüsünə tiflislilər qeyri-rəsmi olaraq Vorontsovun adını vermişdilər. Belə ki, general

M.Vorontsov onun tikintisində fəal iştirak etmişdir. Bundan sonra bu günkü Saarbrüken meydanında

1867-ci il martın 25-də Mixail Vorontsovun iki metrlik hündürlüyündə tuncdan tökülmüş heykəli

ucaldılmışdır. (Layihənin müəllifləri prof. Pimenov və rəssam Kreytan). Körpü o qədər dar idi ki,

onu 1884-cü ildə yenidən saldılar. Bu körpünün konstruksiyası öz zamanında müəyyən texniki maraq

doğururdu. 32 metrlik aşırımda yonulmuş daşlar əhənglə hörülmüşdü. Təkəm-seyrək yerlərdə qurğu

dəmir dirəklərlə bərkidilmişdi. Körpü indi də mövcuddur. Onun altından sahilyanı maqistral yol

gedir.


Böyük Vorontsov körpüsü 1961-ci ildə əsaslı şəkildə dəyişdirildi (mühəndis Q.Karsivadze,

memarlar Q.Melkadze, Ş.Qavlaşvili). Yeni körpünün tikintisi zamanı köhnə aşırımlardan istifadə

olunmuş, 5 sütunlu konstruksiya və tağlar qorunub saxlanılmışdır.

Vorontsov bağları – Avlabar ferması belə də adlanırdı.

 

 

Vorontsov meydanında Vorontsovun abidəsi.



1890-cu illərin fotosu

 

Vorontsov meydanı – İndiki Saarbrüken meydanı.



Vorontsov küçəsi – İndiki Qorqasal küçəsi və bu küçənin indiki Saarbrüken körpüsü istiqamətində

sahilyanı küçənin davamı belə adlanırdı.

Xalanxala – 300 araqviyalı bağı, keçmiş Ortacala bağı yaxınlığında yer, əvvəllər bu bağ Kürün

qolları arasında yerləşən ada idi.

Xarpux (Seyidabad) – Hamamlar məhəlləsi ilə Ortacala arasında, Tabor dağının ətəyində, 18-ci əsrin

sonu, 19-cu əsrin əvvəllərində Xarpux adlı bir balaca kənd əmələ gəldi. 19-cu əsrin əvvəllərində

ləzgilər tərəfindən qaçqın düşmüş Salasqur kəndinin sakinləri burda məskunlaşdılar. 1811-ci ildə

Xarpux Tiflis qəzasına daxil edilmişdir. 1819-cu ildə mülki qubernator Xoven rəsmi olaraq baş

sərdar A.Yermolovdan Xarpuxun Tiflisə birləşdirilməsini xahiş etmişdir. O, A.Yermolova məlumat

verilirdi ki, Xarpuxda yaramazlar, müxtəlif millətlərin nümayəndələri olan, pasportsuz şübhəli

şəxslər, mal ilə yüklənmiş qaçaqmalçılar sığınacaq tapırdılar. Xaricdən gələn qaçaqmalçılara o

vaxtlar elə Xovenin özü də rast gəlmişdir. A. Yermolov Xovenlə razılaşmış və onun 1819-cu il 15

mart tarixli əmri ilə Xarpux rəsmi olaraq Tiflisin tərkib hissəsi hesab edilmişdir. Həmin dövrlər

Xarpuxun əhalisi cəmi 33 ailə (143 nəfər) idi. Rəsmi protokola baxmayaraq bir müddət Xarpux kənd

kimi qalmışdır. Yalnız ötən əsrin 60-cı illərində burada şəhər həyatı bərqərar olur və müvafiq

tikintilər aparılır.

Qrişaşvili küçəsinin yaxınlığındakı yüksəklikdə 1853-cü ildə kərpiclə əsası qoyulmuş minarəli

müqəddəs Nikolay yunan kilsəsi tikilmişdir.

Bu məhəllədə müsəlman qəbiristanlığı yaxınlığında T. Kvirkveliyanın yazdığına görə, kiçik tikili

divar və yaxud ziyarətgaha çevrilmiş ikonalı daş var imiş. Tiflislilərin inandığına görə bu ikona

zökəm, tumovu müalicə edə bilib. Və ora zökəmə yoluxmuş uşaqları gətirirlərmiş. Xarpuxda böyüyüb

boya-başa çatmış şair İosef Qrişaşvili yazırdı: «Xarpux (və ya Xarbux) qədim erməni dilində zökəm

deməkdir. Xarpuxun üst yanında Şindis kəndi yolunun başlanğıcında qayalıqda, bu gün də kiçik

xarabalıqlar mövcuddur ki, onu da, Zökəm ikonası adlandırırlar».

Məşhur gürcü rəssamı Uça Caparidze isə bu adın mənasını başqa cür izah etmişdir: xər - farsca eşşək



deməkdir. O vaxtlar Tiflisə gələn dəvə, at, eşşək karvanı bu yerlərdə dayanacaq tapırmış. Bu variant

reallıq baxımından daha inandırıcıdır.

Xarrazxana – Suğaxana, Çitazxana – Xarrazların (ayaqqabı tikənlərin, postalçıların) sıralandığı yer.

Rastabazarın (Çarşı) şərq tərəfində, çağdaş Leselidze küçəsi ərazisində yerləşirdi. Kiçik və Böyük

xarrazxana mövcud idi.

Xaşçılar cərgəsi – Tatar (Qorqasal) meydanı yaxınlığında yerlişirdi, 1762-ci il «Nasğidoba»

kitabında xatırlanır.

Xıdır Nəbi (Sup Sarkis) məbədi – Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində, indiki Qrişaşvili

küçəsinin başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi yerdə yerləşirdi. 1950-ci illərdə Şah Abbas

məscidi ilə birlikdə bir neçə kilsə də, o cümlədən Xıdır Nəbi məbədi də uçurulmuşdur. Həmin

kilsənin yerində ikimərtəbəli bina tikilmişdir. İndi də məbədin yan divarı və zirzəmisi qorunub

saxlanılmışdır. Hazırda bu binada qadın məsləhətxanası, stomatoloji poliklinika və yaşayış evləri

yerləşir.

Abdulla Şaiq öz xatirələrində yazır:

«Qafqaz və bəzi Şərq xalqları arasında belə bir əfsanə dolaşmaqda idi ki, guya Xızr adlı bir

peyğəmbər var, o həmişə diridir. Ona bəzi yerdə Xızr Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük

dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman «Ya Xızr!» – deyə onu köməyə çağırırdılar.

Tiflisdə Xıdır Nəbi daha çox məşhur idi. Hətta Sup Sarkis küçəsində Xıdır Nəbi adında ayrıca bir

kilsə var idi. İldə bir dəfə fevralın üçüncü həftəsində cümə axşamı o kilsənin günü idi. Çərşənbə

axşamı gürcü, erməni və azərbaycanlı arvadlar niyyət edir, buğdanı qovurub kirkirədə üyüdür, sonra

onu böyük bir qaba töküb şərbət ilə isladırdılar. Səhərəçən qalıb quruyurdu. Buna qovut deyirdilər.

Nəzir edən şəxslər hazırladıqları qovutu Xıdır Nəbi kilsəsində dilənçilərə paylayırdılar. Deyərdilər

ki, guya kimin nəziri qəbul olubsa, çərşənbə gecəsi Xıdır Nəbi gəlib o qovutdan ya bir az yeyər, ya

barmaqlarını üstünə basıb gedərmiş».

Xocanın hamamı – Tiflis qalası hüdudlarında yerləşən «Qala hamamı»nı şəhərlilər «Xocanın

hamamı» da adlandırırdılar. İ.Qrişaşvili şahzadə Teymuraza istinad edərək bu barədə yazırdı:

«Bu Qala hamamını, eləcə də xədım Xoca Ağa Məhəmməd şah Qacarın hamamı adlandırırdılar. O,

Tiflisi alarkən (1795-ci ildə) bu hamama girərək, «Tiflisin gözəlliyinə heyran olur, bir an belə

bulanmayan, müalicəvi müqəddəs su onun xoşuna gəlir. Lakin düçar olduğu xəstəlikdən müalicə oluna

bilmədiyinə görə hirslənmiş və elə bu hamamların da yerlə yeksan edilməsini əmr etmişdir».

Xoşaqala – Savkis çayının sağ sahilində, dağda yerləşən qaladır. Məşhur rus tarixçisi S.Kişmişov

yazır: «Narınqala ilə üzbəüz, elə Savkis yarğanının sağ sahilində, qayalı dağın yüksəkliyində digər

bir qala - Xoşaqala tikilmişdi. O, Koda kəndindən, Xatis-Teletdən keçərək Krtsanis bağına doğru

gələn kəsə yolu qoruyurdu».

Xudatovun meşəsi – Kürün sol sahilindəki yamacda salınan yaşıl zolaq bu günə qədər belə adlanır.

1893-cü il şəhər məclisinin üzvü, həkim Niko Xudatovun təşəbbüsü ilə xəzinə torpağında

Nadzaladev hüdudlarında meşə salınmasına başlanılmışdır. Tiflislilər bu meşəyə elə həmin vaxtdan

Xudatovun adını vermişlər.

Yeni bağ – İndiki Azadlıq meydanındakı Puşkin adına bağçanın qədim adı. Bu bağ 1892-ci ildə

salınmışdır.

Yəhudilər məhəlləsi – Başqa adı da olub – Petxain. Petxain kilsəsi ilə Petxain pilləkanı arasındakı

məhəllə. Bu məhəllədə əsasən yəhudilər yaşayırdı.

Yovşanlıq (Avşniani) – Yovşanlıq olan yerin adıdır. Dilimizdəki «yovşan» sözündən düzəlib. Yovşan



çoxillik bitkidir. Tiflisin şimal-şərq hissəsində, Tiflis gölü həndəvərlərindəki ərazi belə adlanır.

Hazırda bu ərazi əkin sahələri və həyətyanı sahələrdir.

Yulğunluq – İlquniani – başqa adı Avlabar gölü. Hazırda onu Tiflis dənizi örtmüşdür. Calalıqda bitən

koldur. Bu toponim dilimizdə işlənən yulğun sözündən düzəlib. Yulğun kolları göl ətrafı calalarda

bitir. A.Makaşvili özünün nəbatat sözlüyündə də onu bu cür izah edir.

Zemmel – Tbilisidə, Rustaveli meydanı yaxınlığında yer. Bu ad alman farmasevtinin soyadı ilə

əlaqədardır. Onun keçmiş aptekinin binası bu gün də Rustaveli abidəsi ilə üzbəüz, indiki Kostava

küçəsi və Elbakidze yoxuşunun küncündə yerləşir.

Zərbxana (Zərrafxana) – Kürün sağ sahilində, Sion küçəsində çarlar sarayının cənubundan bir az aralı

indiki İrakli meydanı yaxınlığında yerləşirdi. Kürün sahilində qoyulmuş lövhədən məlum olur ki, bu

yerdə sikkə (tetri) kəsilirdi, Sınaq palatası – Zərrafxana var idi. Zərrafxana 1678-ci ilin «Nasğidoba»

kitabında xatırlanır. Akademik İohan Anton Qildenştedt də onu görmüşdür. 1795-ci ildə Ağa

Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı dağıdılmışdır. Elə həmin yerdə Zərraflar küçəsi də

olub.


VIII əsrdə ərəblərin istilası zamanı Tiflis zərbxanasında ərəblər tərəfindən ərəb sikkələri ilə yanaşı

Tiflis dirhəmi deyilən sikkə də kəsilmiş və dövriyyəyə buraxılmışdır. Bu Tiflis dirhəmləri təkcə

Qafqazda deyil, eləcə də onun hüdudlarından kənarda da istifadə olunurdu.

Çar XII Georginin ölümündən əvvəlki vaxtlarda zərbxana gürcü pulunun son sikkələrini kəsmişdir.

Platon İoseliani yazır: «Çar Georgi dövründə gümüş abbasılıq, iki abbasılıq və bir pul vahidi

kəsilirdi. Əmək haqqını tələb edən ləzgilərə görə çarın təhriki ilə gümüş badya və kuzələrdən 700

tümənlik sikkə kəsilmişdir».

XIX əsrin əvvəllərində Tiflisdə rus-gürcü emblemli xırda pul kəsilmişdir. 1802-ci ilədək Tiflis

zərbxanasında bir daha heç bir şey kəsilməmişdir. Elə bu il avqustun 25-də Tiflisin yeni

zərbxanasının açılması barəsində əmr verilmişdir. Müəyyən hazırlıq işləri aparıldıqdan sonra,

nəhayət 1804-cü ildə işə başlanmışdır. Zərbxana çarın keçmiş daş hamamında yerləşdirilmişdi. 1831-

ci ilin iyulunda yağan güclü yağışlar zamanı zərbxananın köhnə binası tamamilə sarsılmış və onun

tavanı uçmuşdur. Zərbxananın qurğu və avadanlıqları elə onun yaxınlığında yerləşən qədim Şah

Abbas məscidinə aparılmışdır. Tiflis zərbxanası mövcud olduğu müddətdə (1804-1834-cü illər)

1804-1810-cu illərdə mis sikkələr kəsilmişdir. 1804-1834-cü illər ərzində isə üç növ gümüş sikkələr

kəsilmişdir. 1834-cü ildə Tiflis zərbxanası öz fəaliyyətini dayandırmış və rus pulu dövriyyəyə

buraxılmışdır.

Zərgərxana – Zərgərlər bazarı, zərgər dükanlarının cərgəsi belə adlanırdı. Tiflisdə zərgərlərin

dükanları indiki Versxli küçəsində yerləşirdi. Halbuki, zərgərlərin ayrı-ayrı emalatxanaları başqa

məhəllələrdə də mövcud idi.

 

 

 



 

 

 



 

 

 




 

BABA YADİGARI

 

Bu qədim Tiflisin qədimliyində,



Bu qədim Tiflisin qədəmliyində,

Bir tanış iz vardır,

Babam izidir.

 

Bu qədim Tiflisin qoca yaşında,



Bu qədim Tiflisin öz yaddaşında,

Bir doğma söz vardır,

Babam sözüdür.

 

Bu qədim Tiflisin öz nəğməsində,



Bu qədim Tiflisin zümzüməsində,

Bir layla çalınır,

Babam sazıdır.

 

Bu qədim Tiflisin əzəlliyində,



Bu qədim Tiflisin özəlliyində,

Bir əzəl, özəllik var,

Babam özüdür.

 

 




QƏDİM TİFLİS NAĞILI

 

Biri vardı, biri yoxdu,



Dünyada olanlar çoxdu...

Tiflis qala-qəsr idi,

Qala qəsr Tiflis idi,

Tiflis bir ulus idi,

Öz gözəllikləri olmuş

Özəl Tiflisliliyində.

Öz özəllikləri olmuş

Gözəl ulusluğunda,

Fatehlərə sinə gərmiş

Əyilməmiş, məğrur durmuş

Narınqala, Ana qala,

Qoruyucu, Qorçi qala,

Qala, İsgəndər qalası

Yaddaşda, dildə qalası,

Məscid minarələrindən

Azan səsi ucalardı.

Bir zamanlar türk camesi,

Şah Abbas məscidi vardı.

Bürcləri də üzbəüz

Ana, İstanbul, Təbriz.

Ön və arxa bürcləri,

Şaxtaxtı ondan biri.

Abbasabad, Sərdarabad,

Mirzəabad, Seyidabad,

Bu Tiflisi abad etmiş,

Hər tərəfi cala örtmüş:

Ortacala, Dirsicala,

Neftcala, Əncirli cala,

Bağcala, İlanlı cala,

Bir yanda Dovşan calası,

Bir yanda Bülbül calası.

Bağlar olmuş solu, sağı.

Tiflis, Ortacala bağı,

Seyidabad, Vera bağı,

Viranə bağ, Behbud bağı,

Yeni bağ, Qeybulla bağı.

Bir yanda Tatar meydanı,

Bir yanda Təbriz meydanı,

Meydanlar meydanı Meydan.

Fətəli qəbri, Yerbatan.




Sokakları var yan-yana,

Evləri də xana-xana,

Alafxana, Bəzzazxana,

Bazarxana, Aşbazxana,

Siracxana, Qəssabxana,

Urduvarxana, Gorxana,

Kababxana, Çitazxana,

Xarrazxana, Hovuzxana,

Zərrafxana, Dabbağxana,

Hər məhlədə bir çayxana.

Çuğureti, çuxur yeri,

Körpüləri bəzər Kürü.

Şeytanbazar, Şəkər dağı,

Aləm olub Kür qırağı.

Xarpux, Hamamlar məhləsi,

Xıdır Nəbinin kilsəsi,

Qaynar sulu hamamları

Tiflisin fəxri, vüqarı.

Mirzə Fətəli, Nəriman,

Xanəndə Seyid, Səttarxan,

Bakıxanov, Mirzə Şəfi,

Cəlil, Şaiq çoxdur səfi

Bu yerlərdə ad-san alıb,

Xalqının qeydinə qalıb.

Dağıstan, Gümüşün yolu,

Karvan keçib, yükü dolu.

Qoçoğlu suyu, Dəvə yolu,

Lilo yolu, Lilə yolu

Karvansara yaxın-yaxın,

Karvan gəlib axın-axın,

Qapılara gəlincə,

Birinin adı Gəncə,

Biri qapılar qapısı,

Biri də Kocor qapısı.

Eşqin butasını içdi,

Qərib Tiflis bağlarında.

Sənan Xumarın axtardı,

Qədim Tiflis dağlarında.

Bu Tiflisin öz yaşında,

Hər daşında, yaddaşında,

Tarixlərin izi vardır,

Deyilməmiş sözü vardır.

Bir vardı, biri yoxdu,



Dünyada olanlar çoxdu.

Tiflis qala-qəsr idi,

Qala-qəsr Tiflis idi.

Mirzə MƏMMƏDOĞLU



Content

Mirzə Məmmədoğlu

QƏDİM TİFLİSİN İŞIQLANAN ZÜLMƏTİ

QƏDİM TİFLİS NAĞILI

Document Outline

  • Mirzə Məmmədoğlu
  • QƏDİM TİFLİSİN İŞIQLANAN ZÜLMƏTİ
  • QƏDİM TİFLİS NAĞILI

Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə