Mister hemferin xatiRƏLƏRİ



Yüklə 1,39 Mb.
səhifə3/10
tarix14.04.2018
ölçüsü1,39 Mb.
#38163
1   2   3   4   5   6   7   8   9   10

İKİNCİ FƏSİL


1710-cu ildə MNN məni müsəlmanları parçalamaq üçün gərəkli və əhəmiyyətli mə`lumatlar toplamaq və casusluq etmək məqsədilə Misir, İran, Hicaz və İstambula göndərdi. Məndən başqa doqquz nəfər də tə`yin edildi. Bizi lazım olan miqdarda pul, məxsus mə`lumatlar, dövlət adamları, din alimləri və qəbilə başçılarının adları olan siyahı ilə təchiz etdilər. Heç vaxt unudmaram ki, katib ilə mübahisə edən zaman nazir bizə belə dedi: ”Vaxtınızı faydasız mübahisələrə sərf etməyin. Dövlətimizin gələcəyi sizin bacarığınızdan asılıdır. Bu yolda var gücünüzlə çalışmalısınız”.

İslamın xilafət mərkəzi olan İstambula dəniz vasitəsilə yola düşdüm. Əsl vəzifəmdən əlavə, türk dilini mükəmməl şəkildə öyrənməli idim. Londonda olduğum zaman türk, fars və Qur`an dili olan klassik ərəb dilini öyrənmişdim. Lakin hər bir dili ədəbi qaydada öyrənmək həmin xalqın şifahi ədəbiyyatı və ümumi danışıq dilinə yiyələnməklə tamamilə fərqlənir. Bunun üçün müəyyən bir müddət lazım idi. Müsəlmanların məndən şübhələnməmələri üçün türk dilini bütün incəlikləri ilə öyrənməli idim. Şübhə doğurmamaq üçün lazım olan hər bir şeyə dəqiqliyi ilə riayət edirdim. Müsəlmanlar Məhəmməd peyğəmbər kimi açıqqəlbli, xoşniyyətli və hədsiz dərəcədə qonaqpərvər idilər. Onlar heç vaxt bizim kimi insanlardan şübhələnməzdilər. Osmanlı hökumətinə gəldikdə isə, o zaman onların əks kəşfiyyatla məşğul olan rəsmi bir təşkilatları yox idi.

Çox yorğun bir vəziyyətdə İstambula yetişdim. Adımın Məhəmməd olduğunu söylədim və müsəlmanların ibadətgahı olan məscidə getməyə başladım. Müsəlmanların nizamlı, təmiz və itaətkar olmaları çox xoşuma gəlirdi. Bir müddət öz özümə - bu zavallı insanlarla niyə mübarizə aparıram, məgər İsa Məsih bizə beləmi əmr etmişdir? – deyə düşünürdüm. Lakin tez bir zamanda bu şeytani fikirdən döndüm və öz vəzifəmi ən yüksək səviyyədə yerinə yetirəcəyimə söz verdim.

İstambulda Əhməd Əfəndi adlı yaşlı bir alimlə tanış oldum. Bu şəxsdə olan incəlikləri, səmimiyyət və insanpərvərliyi heç bir xristian keşişində görməmişdim. Bu şəxs gecə-gündüz Məhəmməd peyğəmbərə bənzəməyə çalışırdı. Onun fikrincə, Məhəmməd ən kamil və ən üstün insan idi; hər dəfə onu yad edəndə gözləri yaşarırdı. Xoşbəxtlikdən bir dəfə də olsun, kimliyimi və haralı olduğumu soruşmadı. Mənə Məhəmməd Əfəndi deyə müraciət edirdi. Verdiyim bütün suallara cavab verərək, mənə qarşı hədsiz mehribanlıq göstərirdi. Mən ona İstambula işləmək və Məhəmmədin xəlifəsinin sayəsi altında yaşamaq üçün gəldiyimi bildirmişdim və bu bəhanə ilə də bu şəhərdə qalırdım. Bir gün Əhməd əfəndiyə belə dedim:

Ata-anam ölmüşdür; qohum-qardaşım da yoxdur. Mənə onlardan heç bir miras qalmamışdır. İşləmək istəyirəm; həm dünya, həm də axtirət qazanmaq, Qur`ani-Kərim və din elmlərini öyrənmək üçün İslam Elm Mərkəzlərinə getmək fikrindəyəm.

O, bu sözlərdən çox sevindi. Əhməd əfəndinin dediklərini olduğu kimi yazıram.

“Üç səbəbdən sənə hörmət bəsləmək lazımdır:

Sən müsəlmansan; bütün müsəlmanlar qardaşdırlar.

Sən müsafirsən; Peyğəmbər (s) buyurmuşdur ki, müsafirə qayğı göstərib xidmətində durun.

Sən çalışmaq istəyirsən; hədisdə buyurulur ki, zəhmət çəkib çalışanlar Allahın dostlarıdır”.

Bu sözlər mənim çox xoşuma gəldi. Öz-özümə dedim: ”Xristianlıqda da bu kimi parlaq həqiqətlər olsaydı nə yaxşı olardı!”. Lakin həmişə təəccüb edirdim ki, bu qədər yüksək bir maarifə malik olan bir din, həyatdan bixəbər kimsələrin əlində necə də zəifləyirdi!

Əhməd əfəndiyə Qur`ani-Kərimi öyrənmək istədiyimi bildirdim. Baş üstə, sənə öyrədərəm - dedi. “Fatihə” surəsindən başladıq. Qur`ani-Kərimi oxumağa başlamazdan əvvəl dəstəmaz alır, bu işi mənə də tövsiyə edirdi. Qibləyə tərəf oturub oxuyurduq. Oxuduqlarımızın mə`nalarını da izah edirdi. Bə`zi kəlmələri oxumaqda çox çətinlik çəkirdim. İki ilin ərzində Qur`anı başdan sona qədər oxudum. Müsəlmanların dəstəmaz adlandırdıqları əməl bədənin bə`zi üzvlərini yumaqdan ibarətdir. Müsəlmanlar dəstəmazdan əvvəl dişlərini misvak adlanan bir çubuğun saçaqlı ucu ilə təmizləyirdilər. Mən isə misvakı dişlərimə vuran kimi damağım qanayırdı; bu işi görməyə məcbur idim. Çünki onlar deyirdilər ki, bu əməl bizim Peyğəmbərimizin sünnətidir. Həqiqətən sonralar dişlərim daha qanamadı. İngilislərin ağzından gələn o pis qoxu artıq mənim ağzımda qalmamışdı.

İstambulda olduğum müddət ərzində məsciddə xidmət göstərən Mərvan aldı bir şəxsin evində qalırdım. O, məndən çox az pul alırdı. Daim öz adı ilə öyünərək deyirdi: ”Mərvan, Peyğəmbərimizin səhabələrindən birinin adıdır. Oğlun olsa, adını Mərvan qoyarsan”. Axşam yeməyini Mərvan Əfəndi hazırlayırdı. Cümə günləri işə getmirdim. Həftənin qalan günlərini Xalid adlı birinin yanında günortaya qədər işlədiyim üçün, mənə işçilərinə verdiyi pulun yarısını verirdi. O da öz adı ilə öyünərək, Xalid ibn Vəlid İslamın böyük mücahidlərindən olub. Lakin II xəlifə Ömər ibn Xəttabın onu rəzil etməsi məni çox üzür –deyə dilucu gileylənirdi.

Xalid əxlaqsız və çox əsəbi bir adam idi. Amma nədənsə mənə çox inanırdı. Bəlkə də heç vaxt onun sözündən çıxmadığım üçün mənə belə bir münasibət bəsləyirdi. Təklikdə şəriət qanunlarına əhəmiyyət verməzdi. Ancaq dostlarının yanında bu kimi məsələlərə çox diqqət edərdi. Cümə namazı qılırdı, amma digər əməlləri yerinə yetirdiyini görməmişdim.

İşdən sonra zöhr namazını qılmaq üçün məscidə gələrdim. Əsr namazına qədər məsciddə olardım. Sonra Əhməd Əfəndinin evinə gedib orada iki saat ərzində Qur`ani-Kərimi, ərəb və türk dillərini öyrənirdim. Həftəlik qazancımı ona verirdim. Həqiqətən o hər şeyi çox gözəl öyrədirdi.

Əhməd əfəndi subay olduğumu bilib, qızlarının birini mənə vermək istədi. Mən isə onun bu təklifini qəbul etmədim. O çox israr etdi. Peyğəmbərin bir hədisini misal gətirərək, “evlənməyənlər mənim ümmətimdən deyil” -dedi. Mən bu hadisənin səmimiyyətimizə xələl gətirəcəyini duyub yalandan, məndə cinsi acizlik vardır, -deyə bəhanə gətirdim. Bununla da əlaqələrimizi və dostluğumuzu davam etdirdim. Bir müddət sonra Əhməd əfəndiyə vətənimə dönmək istəyimi bildirdim. O təəssüflənərək, Allah-Taala bu şəhərə din və dünyanı birlikdə vermişdir. Ata-ananın öldüyünü demişdin, qohum-qardaşın isə yoxdur. Məsləhət görürəm ki, daimi yaşayış üçün İstambulu seçəsən. O çox israr etdi, lakin Lodona getmək mənim vəzifə borcum idi. Xilafət mərkəzi haqqında geniş mə`lumat verib, yeni əmrlər almalıydım.

İstambulda olduğum müddətdə hər ay MNN-ə müşahidə etdiyim hadisələrlə əlaqədar mə`lumatlar hazırlayıb göndərirdim.

Hesabatlarımın birində yazmışdım ki, yanında şagirdlik etdiyim usta məni cinsi əlaqəyə məcbur edir, nə edim? Onlar mənə cavab olaraq, belə yazmışdılar: ”Bu iş səni hədəfə çatdırarsa, edə bilərsən”. Cavabı oxuyanda çox əsəbləşdim, sanki dünya başıma fırlandı. Bu kimi hadisələrə İngiltərədə təbii baxıldığını bilirdim. Lakin mənə bu işlərdə əmr olunacağını ağlıma belə gətirməzdim. Nə etməli, suyu son damlasına qədər içmək məcburiyyətindəyəm. Odur ki, susaraq, öz vəzifəmi yerinə yetirdim.

Əhməd əfəndi ilə vidalaşanda gözləri yaşardı: ”Oğlum, Allah-Taala yardımçın olsun! Bir də İstambula qayıtsan, yəqin ki, mənim öldüyümü görərsən; onda məni xatırla, ruhuma bir “Fatihə” surəsi oxu! İnşallah, qiyamət günü Peyğəmbərin hüzurunda görüşərik”. Mən də çox kövrəldim, gözlərim yaşardı. Lakin vəzifə borcu şəxsi hisslərimdən daha üstündür.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə