Mister hemferin xatiRƏLƏRİ



Yüklə 1,39 Mb.
səhifə4/10
tarix14.04.2018
ölçüsü1,39 Mb.
#38163
1   2   3   4   5   6   7   8   9   10

ÜÇÜNCÜ FƏSİL


Əməkdaşlarım məndən əvvəl Londona dönərək, MNN-dən yeni əmrlər almışdılar. Doqquz əməkdaşımdan yalnız beş nəfəri geri dönə bilmişdi. Katiblərin dediyinə görə, qalan dörd nəfərdən biri müsəlman olub Misirdə qalmışdı; lakin sirri açmamışdı. İkincisi Rusiyaya gedərək orada qalmışdı; o, əslən Rusiyalı idi və onun Rusiya casusu olduğu güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə tutularaq vəfat etmişdi. Dördüncüsü Yəmənin Cəna şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan əlaqə kəsilmişdi. Nazirlik dörd nəfərin aradan getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir.

Mə`lumatlar katibliyə təqdim edildikdən sonra nəticələri araşdırıb şərh etməkdən ötrü iclas çağırıldı. İclasda mənim mə`lumatlarım tənqid olundu. Lakin ümümi nəticəyə görə üçüncü yerdə idim. Birinci yeri əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi qazanmışdı. Mən türk və ərəb dillərini, Qur`ani-Kərimi və şəriəti mükəmməl şəkildə öyrənmişdim. Lakin Osmanlı dövlətinin zəif nöqtələrini göstərən mə`lumat hazırlaya bilməmişdim. İki saat qədər davam edən iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, mən onlara belə dedim:

Mənim əsl vəzifəm Qur`anı, şəriəti və dili öyrənmək idi. Başqa işlər üçün vaxt tapa bilməmişdim. Ancaq növbəti səfərimdə mütləq sizi razı salacağam.

Katib:


Şübhəsiz sən müvəffəq olacaqsan! Amma sənin birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki mühüm məsələdə məs`uliyyət daşıyırsan:

1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, qarşıdurma yaratmaq üçün onları qruplara bölmək...! Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur!

2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-mərhələ həyata keçirmək.

Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən xüsusi mükafatlara layiq görüləcəksən.

Londonda altı ay qalıb əmim qızı Mariya ilə evləndim. O zaman mənim iyirmi iki, onun isə iyirmi üç yaşı var idi. Mariya orta savadlı, mədəni və çox gözəl bir qız idi. Həyatımın ən unudulmaz anlarını onunla keçirdim. Yoldaşım hamilə idi; onun azad olmasını gözləyirdik ki, elə bu vaxt İraqa getmək əmrini aldım. Övladımın dünyaya gəlməsini gözləyərkən, bu əmrin gəlməsi məni çox sarsıtdı. Ancaq vətənə xidmət üçün verdiyim and, əməkdaşlarımı ötüb keçərək məhşurlaşmaq həvəsi atalıq hisslərimi üstələdi. Buna görə də tərəddüd etmədən əmri qə`bul etdim. Mariya uşağın dünyaya gəlməsi üçün qayıtmağımı istədi; lakin onun sözlərinə əhəmiyyət vermədim. Vidalaşdığımız gün ikimiz də ağladıq. Yoldaşım mənə - əlaqəni kəsmə, mən də sənə qızıl kimi qiymətli, yurdumuzla əlaqədar məktublar yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya bildim. Mariya ilə vidalaşıb son tə`limat almaq üçün nazirliyin binasına getdim.

Artıq altı ay idi ki, İraqın Bəsrə şəhərində idim. Bu şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə idi. Müxtəlif tayfaların məskunlaşdığı Bəsrə şəhərində ərəblər və farslar əksəriyyət təşkil edirdi; burada xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla burada qarşılaşmışdım. Sözə başlarkən, az da olsa sünni və şiələrdən danışmaq yerinə düşərdi. Mənim gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim mə`lumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq üçün tələb olunan yüksək sifətlərə malik bir dahi şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. Ancaq Hüseynin övladlarının Məhəmməd (ə) tərəfindən necə xəlifə tə`yin olunması mənim üçün şübhəlidir. Ona görə ki, Məhəmməd (ə) peyğəmbər idisə, gələcəkdən xəbər verməsi yalnız Allah-Taalanın bildirməsi ilə mümkündür (İsa Məsihin zühur edəcəyini deməsi kimi). Lakin Məhəmmədin peyğəmbərliyi biz xristianlara görə şübhəlidir. Müsəlmanların onun peyğəmbərliyinə dəlil və sübutları çoxdur. Bunlardan biri də Qur`andır; Qur`anı oxudum, həqiqətən çox yüksək bir kitabdır. Hətta Tövrat və İncildən də yüksəkdir. Bəhs olunduğu mövzular, qanunlar, nizamlar, əxlaq və s. çox dolğun şəkildə ifadə olunub. Məhəmməd kimi yazıb-oxumaq bacarmayan bir şəxsin belə bir uca kitabı necə gətirdiyinə heyrət edirəm. Görəsən o, bu cür düşüncə, zəka və əxlaqa necə malik olmuşdur? Məhəmmədin peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün daim araşdırmalar aparırdım. Bir dəfə Londonda keşişlərdən birinə bu mövzu ilə əlaqədar sual verdim. Cavab təəssübkeşlik və qərəzli mövqedən verildiyi üçün qane olmadım. Türkiyədə olduğum müddətdə Əhməd əfəndiyə də bu sualı vermişdim. Lakin o da qənaətbəxş cavab verməmişdi. Məndən şübhələnərək casus olduğumu bilməsinlər deyə, əlavə sual da verə bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. Şübhəsiz o, kitablardan oxuduğumuza görə, Allahın peyğəmbəridir. Lakin mən xristian olduğuma görə, hələ də onun peyğəmbərliyinə iman gətirməmişəm. Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir.

Sünnilər isə peyğəmbərin vəfatından sonra xilafətə Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. Bu ixtilaflar bütün dinlərdə, xüsusən də xristianlıqda çoxdur. Sünnilərin nəzərlərinə görə, xəlifələrin vəfatında sonra xilafət mövzusunda mübahisə aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə müsəlmanlar keçmiş günlərini yox, bu günü fikirləşməlidirlər.

Bir gün MNN-də sünni və şiə ixtilaflarından söz açaraq dedim: “Müsəlmanlar həyatdan bir şey anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan aparıb, birləşərdilər”. Əməkdaşlarımdan biri sözümü kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. Onları birləşdirmək haqqında düşünmək yox! -dedi.

İraq səfərindən əvvəl katib mənə ixtilaflar mövzusunda öz fikirlərini izah edərək dedi: “Cənab Hemfer, unutma ki, Allah-Taala Habil və Qabili yaratdıqdan sonra insanlar arasında təbii ixtilaflar vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları mükəmməl şəkildə öyrənib, topladığın mə`lumatları nazirliyə ötürmək və çalışıb bu ixtilafları qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən böyük xidməti etmiş olarsan. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dünya dövlət-lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflət-dikdən sonra onları asanlıqla məğlub edə bilərik”.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə